“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
18 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

O TAYLI-BU TAYLI TARİXİMİZ: 1813-2013

O TAYLI-BU TAYLI TARİXİMİZ: 1813-2013

Türkmənçay müqaviləsi (1828)

A+ | A-

İkinci Rusiya-İran müharibəsi (1826-1828). Türkmənçay müqaviləsi ilə Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsinin başa çatması...

Şimali Azərbaycan

 
19 iyul 1826 – İran qoşunları Araz çayını keçərək Rusiyanın nəzarətində olan Şimali Azərbaycan torpaqlarına daxil olub, ikinci Rusiya-İran müharibəsi (1826-1828) başlanıb. Müharibənin ilk günlərdə rusların hərbi qərargahı yerləşən Şuşa qalasını mühasirəyə alan şahzadə Abbas Mirzənin qoşunları sonradan geri çəkilməyə başladı. İran Rusiya ilə 1804-1813-cü illər müharibəsindəki məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, növbəti məğlubiyyətə doğru gedirdi. Bunun hesabı isə Azərbaycan torpaqları hesabına ödənilirdi.
 
27 iyul 1826 – Gəncədə çar Rusiyasının müstəmləkəçiliyi əleyhinə güclü üsyan baş verib. Bu, Gəncə xanlığının 1804-cü ildə Rusiya tərəfindən işğalından sonra çar üsul-idarəsinə qarşı ilk kütləvi çıxış idi. Bu arada Rusiya ordusu artıq Naxçıvan və İrəvan xanlıqları uğrunda İranla müharibə aparırdı. Üsyan rus qoşunları tərəfindən amansızlıqla yatırılıb.
 
3 sentyabr 1826 - Şahzadə Abbas Mirzənin qoşunları Şəmkir döyüşündə ruslara məğlub olub.
 
13 sentyabr 1826 – İkinci Rusiya-İran müharibəsinin gedişinə əhəmiyyətli dərəcədə təsir edən Gəncə döyüşü olub. İran qoşunlarının bu döyüşdə ağır məğlubiyyətə uğraması müharibənin taleyini faktiki olaraq həll edib. Bu arada Gəncədə Rusiya işğalçılığı əleyhinə üsyan qalxsa da, ruslar üsyanı yatırdılar.
 
20 sentyabr 1827 – Rusiya-İran müharibəsi gedişində general İvan Paskeviçin başçılıq etdiyi rus qoşunları İrəvan xanlığının strateji əhəmiyyətli Sərdərabad qalasını ələ keçiriblər. Qərbi Azərbaycanda qədim türk məskənlərindən olan Sərdarabad Ermənistan sovetləşəndən sonra eyniadlı rayonun mərkəzi olub, 1935-ci ildə Ermənistan SSR-in Hoktemberyan (Oktyabr) rayonu adlandırılıb.
 
1 oktyabr 1827 – Rusiya qoşunları İranla müharibə (1826-1828) gedişində İrəvan qalasını ələ keçiriblər. İrəvanın işğal olunmasında erməni əhalisi, Eçmiədzin kilsəsi ruslara hər cür yardım göstərmişdilər. İrəvanın ələ keçirilməsinə görə Rusiya çarı general Paskeviçə "Qraf Erivanski" titulu vermişdi. İrəvanın süqutu müharibənin müqəddəratı faktiki olaraq həll etdi.
 

20 mart 1828 - Çar I Nikolay Türkmənçay müqaviləsini (10 fevral 1828) təsdiq edib və Rusiyaya birləşdirilmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti”nin yaradılması barədə fərman verib.

Şimali Azərbaycan ərazisində altı əyalət – Talış, Şirvan, Şəki, Qarabağ, Bakı və Quba əyalətləri, Yelizavetpol dairəsi, Car-Balakən vilayəti (1830) və iki distansiya: Qazax və Şəmşəddil distansiyaları yaradıldı. Naxçıvan və İrəvan - əzəli Azərbaycan torpaqları- “Erməni vilayəti”nin tərkibinə daxil edildi.

Rusiyanın Qafqaz hakimi qraf Paskeviçin tapşırığı ilə “Erməni vilayəti”ndə aparılan siyahıyaalmada 1828-ci ilin sonunda ərazidə 81749 müsəlman və 25131 erməni qeydə alınmışdı. Bu arada İrandan və Türkiyədən bölgəyə erməni əhalisinin köçürülməsi başlanmışdı. “Erməni vilayəti” 1840-cı ildə İrəvan qəzası adlandırılaraq Tiflis -İmereti quberniyasının tərkibinə daxil edildi. 1849-cu ildə isə İrəvan quberniyası (1917-ci ilədək) təşkil edildi.

26 aprel 1828 - İranla müharibədən qalib çıxaraq Azərbaycanın şimalını özünə birləşdirən Rusiya Qafqazdakı ikinci rəqibinə - Osmanlı dövlətinə savaş elan edib. Müharibə bir il sonra (Ədirnə sülhü, 1829) Rusiyanın nisbi üstünlüyü ilə başa çatdı. Müharibənin nəticəsi kimi Şərqi Anadoludakı ermənilərin bir hissəsi Cənubi Qafqaza - İrəvan xanlığına və Gürcüstana köçürüldü.

22 iyun 1828 - Rus qoşunları Qars qalasını ələ keçiriblər. Qarsı tutduqdan sonra ruslar Ahalsıx üzərinə hərəkət etdilər.
 
9 avqust 1828 - Rus qoşunları Ahalsıxı ələ keçirdilər. Avqustun sonlarına qədər rus qoşunu Bəyazid qalası, Torpaqqala və Diadil sədləri ilə birlikdə bütün Bəyazid paşalığını ələ keçirdi. 1828-ci il hərbi kompaniyasının sonuna yaxın rus qoşunu Ərzurumun 90 kilometrliyində yerləşirdi. Qara dəniz sahillərində türklər Anapa və Potidən sıxışdırılıb çıxarıldı.
 
1 may 1829 - Ahalsıx altında Sursqab kəndi yaxınlığında ruslar türk qoşunlarını məğlub edib. 1829-cu il iyununda Soğanlıq rayonunda döyüş baş verdi.
 
Yay 1829 - Hərbi əməliyyatların gedişində rus qoşunu Ərzurumu ələ keçirdi və Trapezund üzərinə hücuma hazırlaşmağa başladı. Balkan hərbi əməliyyat meydanında isə rus qoşunu Balkan dağlarından keçərək Ədirnəni ələ keçirdi və İstanbula yaxınlaşdı. Sultan sülhə məcbur oldu. 1829-cu il sentyabrın 2-də (14-də) Ədirnədə bağlanan sülh müqaviləsinə görə, Türkiyə şimalda Qara dənizin bütün Şərq sahillərini və Ahalsıx paşalığının ərazisinin bir hissəsini Rusiyaya güzəştə getdi.

* * *

Cənubi Azərbaycan

20 aprel 1827 - İranla müharibə gedişində Azərbaycanın cənubuna doğru irəliləyən rus qoşunları Araz çayı üzərindəki Xudəfərin körpüsünü (Cəbrayıl rayonu ərazisində) tutublar. Strateji əhəmiyyətli körpünün ələ keçirilməsi rus qoşunlarının cənubdan Naxçıvan xanlığına hücumlarına imkan yaratdı.  

26 may 1827 - Cənubi Azərbaycan torpaqlarına doğru irəliləyən rus qoşunları Naxçıvanı işğal ediblər. Bundan sonra Rusiya ordusu İrəvan xanlığını, ardınca isə Təbriz, Urmiya və Ərdəbili də ələ keçirdi. 

13 oktyabr 1827 – Cənubi Azərbaycan torpaqlarına daxil olan rus qoşunları Təbrizi ələ keçiriblər. Bunun ardınca general İvan Paskeviçin qoşunları Ərdəbil və Urmiyanı da işğal etdilər. Ruslar işğalın coğrafiysını genişləndirməklə gələcək sülh müqaviləsində maksimum üstünlük əldə etmək niyyəti güdürdülər.

26 aprel 1828 - İranla müharibədən qalib çıxaraq Azərbaycanın şimalını özünə birləşdirən Rusiya Qafqazdakı ikinci rəqibinə - Osmanlı dövlətinə savaş elan edib. Müharibə bir il sonra (Ədirnə sülhü, 1829) Rusiyanın nisbi üstünlüyü ilə başa çatdı. Müharibənin nəticəsi kimi Şərqi Anadoludakı ermənilərin bir hissəsi Cənubi Qafqaza - İrəvan xanlığına və Gürcüstana köçürüldü. 

28 yanvar 1828 – Çar Rusiyasının qoşunları Cənubi Azərbaycanın Urmiya şəhərini işğal ediblər. Bunun ardınca general İvan Paskeviçin başçılıq etdiyi rus qoşunları Ərdəbili də ələ keçirdi. Fevralın 10-da İran Rusiya ilə təslimçi sülh (Türkmənçay müqaviləsi) imzalamağa məcbur oldu.

8 fevral 1828 – Rusiya qoşunları Ərdəbil şəhərini ələ keçiriblər. İşğal nəticəsində şəhərin bir çox tarixi-mədəni inciləri yağmalanmış, o cümlədən Şeyx Səfi məqbərəsindən 166 qədim əlyazma Sankt-Peterburqa aparılmışdı.

10 fevral 1828 – Rusiya ilə İran arasında ikinci müharibənin (1826-1828) yekunlarına əsasən,Türkmənçay sülh müqaviləsi bağlanıb. Təbrizin 50 km-dəki Türkmənçay kəndində Rusiya tərəfdən general İvan Paskeviç, İran tərəfdən isə şahzadə Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib. Türkmənçay müqaviləsi ilə Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatıb.

Türkmənçay müqaviləsində İrandan erməni əhalisinin Rusiya imperiyasının yeni torpaqlarına (İrəvan, Naxçıvan, Qarabağ və s.) köçməsi, İranın Rusiyaya təzminat (20 mln.rubl) ödəməsi, Rusiya donanmasının Xəzərdə şəriksiz hakim olması və rus tacirlərin İranda ticarət güzəştləri əldə etməsi barədə maddələr də vardı.

 

11 fevral 1829 – Rusiya imperiyasının Tehrandakı səfiri, şair Aleksandr Qriboyedov qətlə yetirilib. Türkmənçay müqaviləsindən sonra İrandan erməni əhalisinin Azərbaycan torpaqlarına köçürülməsində iştirak edən Qriboyedov həmin müqavilənin birinci ildönümündə bir qrup dindarın Rusiya səfirliyinə basqını zamanı öldürülmüşdü. Bu hadisədən sonra İran şahı Rusiya ilə münasibətləri sahmanlamaq üçün üzrxahlıq olaraq Peterburqa böyük miqdarda qızıl və daş-qaş göndərdi.

 

baxılıb: 1230 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR