“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
18 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

O TAYLI-BU TAYLI TARİXİMİZ: 1813-2013

O TAYLI-BU TAYLI TARİXİMİZ: 1813-2013

1890-cı illər

A+ | A-

1894 - Bakıda ilk kütləvi qiraətxana təşkil edilib... 2 avqust 1898 – Azərbaycan kinosunun yarandığı gündür...

Şimali Azərbaycan

 

1890-1893 - İngilis sahibkarları  A.Ukqard və İ.Bliss Ucarda, Yelizavetpolda, Kürdəmirdə biyan kökü emal edən zavodlar tikdiriblər.

 

5 may 1892 - İstiqlal şairi Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə, 1892-1937) Şəmkir bölgəsinin Seyfəli kəndində doğulub. Azərbaycanın Dövlət himninin (“Azərbaycan marşı”, 1918) sözlərinin müəllifidir. Ədib həmçinin filoloq ("Türk dilinin morfologiyası və sintaksisi" kitab) və tərcüməçi olub, V.Şekspirin «Otello», «Romeo və Cülyetta» pyeslərini, Ş.Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» poemasını dilimizə çevirib. 1937-ci ildə antisovet fəaliyyətində ittiham olunaraq güllələnib.

 

2 iyul 1892 – Yazıçı, pedaqoq, ictimai xadim Tağı Şahbazi Simurğ(1892-1937) Bakıda anadan olub. Xarkov (Ukrayna) darülfünunin əvvəlcə fizika-riyaziyyat, sonra  tibb şöbəsində təhsil alıb. 1919-cu ildə Bakıya qayıdaraq maarif və mədəniyyət sahəsində işləmişdir. 1920-1930-cu illərdə Azərbaycan xalq maarif komissarının müavini, "Maarif və mədəniyyət" jurnalının redaktoru,  Mərkəzi İcraiyyə Komitəsinin katibi, Azərbaycan Dövlət Universitetinin rektoru, xalq səhiyyə komissarının müavini vəzifələrində çalışmışdır. Bədii yaradıcılığa gənc yaşlarından başlayıb. Povest və hekayələrində dini fanatizm, mənəviyyat problemlərini təsvir edib. Sovet dövrü əsərlərində yeni həyat quruculuğu, qadın azadlığı mövzuları əsas yer tutur. «Ağanın kənizi» (1926), «Azadlıq üçün cinayət» (1928), «Aldanmış ümid» (1926), «Əzab qorxusu» (1926), «Seçilmiş əsərləri» (1983) və s. kitabların müəllifidir.

 

1894 - Bakıda B.M.Mahmudbəyov, S.Qəniyev və Ə.Cəfərzadənin yaxından iştirakı ilə Nəriman Nərimanov tərəfindən ilk kütləvi rus-Azərbaycan qiraətxanası təşkil edilib. 

 

1896 - Bakı-Batum neft kəməri tikintisinin başlanması.

 

1896-1897 - Bakıda ilk sosial-demokrat dərnəklər yaradılmışdır.

 

2 yanvar 1897 - Görkəmli alim və ictimai xadim Əziz Məmmədkərim oğlu Əliyev (1897-1962) İrəvanda anadan olmuşdur. Professor Ə.Əliyev 1930-cu illərdə Azərbaycan Tibb İnstitutunun və Azərbaycan Dövlət Universitetinin rektoru işləyib, respublikanın səhiyyə naziri (xalq komissarı) olub. 1940-cı illərdə Rusiya Federasiyasının Dağıstan vilayətinə rəhbərlik edib, 1950-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi olub.

 

2 avqust 1898 – Azərbaycan kinosunun yarandığı gündür. Həmin gün Bakıda Azərbaycan kinematoqrafının istehsalı olan ilk qısametrajli, səssiz film (“İlişdin”) nümayiş olunub. Prezident Heydər Əliyevin “Azərbaycan kinosu gününün təsis edilməsi haqqında” 2000-ci il 18 dekabr tarixli sərəncamına əsasən, 2 avqust Azərbaycan kinosu günü kimi qeyd olunur.

 

25 yanvar 1899 – Azərbaycanın ilk hüquq professoru, ictimai xadimMustafa Vəkilov (1899-1943) anadan olub. Mustafa Vəkilov 1919-cu ildə Xalq Cümhuriyyəti hökumətinin göndərişilə Sorbonna (Paris) Universitetinin hüquq fakültəsinə daxil olub. Təhsilini bitirdikdən sonra Azərbaycana qayıdıb, hüquq sahəsi üzrə milli kadrların hazırlanmasında fəal rol oynayıb. Stalin repressiyalarının qurbanı olub.

 

1899 – “Simens-Qalake” səhmdar cəmiyyəti və neft sənayeçiləri birlikdə “Elektriçeskaya sila” səhmdar cəmiyyətini təsis ediblər.

* * *

Cənubi Azərbaycan

 

1890-cı illərindən başlayaraq Rusiya sənayesinin ucuz xammala tələbatı İranda, o cümlədən Cənubi Azərbaycanda taxıl, düyü, pambıq istehsalında ciddi irəliləyiş yaratdı. Əsasən Urmiyada istehsal olunan tütün Təbriz və digər şəhərlərdə emal edilirdi. Bu dövrdə Cənubi Azərbaycanda əsas sənətkarlıq sahələrindən biri xalçaçılıq idi. Təbrizdə, Xalxalda və bəzi başqa şəhərlərdə istehsal edilən yun və ipək yaylıqlar, şal, yun, ipək, pambıq parçalar və digər toxuculuq məhsulları İranın başqa əyalətlərinə və digər ölkələrə ixrac olunurdu.

 

26 avqust 1892 – Cənubi Azərbaycanda milli hərəkat liderlərindən Seyid Cəfər Pişəvəri (1892-1947) Xalxal mahalının Zeyvə kəndində anadan olub. 1945-ci il dekabrın 12-də 21 Azər hərəkatının qələbəsindən sonra fəaliyyətə başlamış Cənubi Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri Azərbaycan Milli Hökumətinin baş naziri təyin edilib. Sovet İttifaqı sol təmayüllü Pişəvəri hökumətinə dəstək vəd etsə də, bunu etməyib. II Dünya müharibəsinin başa çatması ilə sovet qoşunları Cənubi Azərbaycanı (İranı) tərk etdikdən sonra İran şah rejimi Pişəvəri hərəkatını dağıdıb. Sovet Azərbaycanına mühacirət edən Pişəvəri 1947-cı il iyunun 12-də burada müəmmalı şəkildə həlak olub.

 

15 may 1899 - Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 1899 - 9.11.1973) Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Bir sıra filmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.

 

baxılıb: 1185 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR