“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
18 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

O TAYLI-BU TAYLI TARİXİMİZ: 1813-2013

O TAYLI-BU TAYLI TARİXİMİZ: 1813-2013

1980-ci illər

A+ | A-

20 fevral 1988 - Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni deputatları bölgənin Ermənistana verilməsi barədə qərar qəbul ediblər. Qarabağ münaqişəsi başlanıb... İran İslam inqilabında Azərbaycan türklərinin və onların lideri ayətullah Şəriət Mədarinin mühüm rolu olmuşdu. Amma ilk günlərdən Xomeyni və Şəriət Mədari arasında mübahisə meydana çıxdı...

 

Şimali Azərbaycan

 

1980, 15 mart – SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı iləAzərbaycan SSR-in "Lenin" ordeni ilə təltif edilməsi. 

 

1980, 22 iyul – Zaqatalada Beynəlxalq “Dostluq” tələbə düşərgəsinin açılması.

 

20 oktyabr 1981 – Mingəçevirdə Azərbaycan iqtisadiyyatının ən böyük müəssisələrindən biri, ölkə energetikasının flaqmanı“Azərbaycan” istilik elektrik stansiyası (İES) istifadəyə verilib. İnşası 1974-cü ildə başlanan elektrik stansiyası Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün ən möhtəşəm tikintisidir. “Azərbaycan” İES Qafqazda ən böyük istilik elektrik stansiyasıdır. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2004-cü ildən etibarən 20 oktyabr - “Azərbaycanda energetiklərin peşə bayramı günü” kimi qeyd olunur.

 

1982, 15 yanvar – Şuşada şair Molla Pənah Vaqifin məqbərəsinin açılması.

 

1982, 26 oktyabr – H.Cavidin cənazəsinin qalıqlarının İrkutsk vilayətindən gətirilib Naxçıvanda dəfn edilməsi.

 

22 noyabr 1982 - Heydər Əliyev SSR-nin ali rəhbərliyinə - Sov.İKP MK Siyasi Bürosuna üzv (1978-ci ildən Siyasi Büro üzvlüyünə namizəd idi) seçilib, eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini təyin edilib. Sovet İttifaqı tarixində ilk dəfə olaraq belə yüksək posta müsəlman-türk respublikasının nümayəndəsi yüksəlmişdi.

 

1982, 2 dekabr – Kamran Bağırovun Azərbaycan KP MK-nın Birinci katibi seçilməsi.

 

1983, 28 iyul – Qroznı-Bakı neft kəmərinin istifadəyə verilməsi.

 

1984, 10 fevral – Yevlax-Balakən dəmiryol xəttinin işə düşməsi.

 

1985 – Bakı-Şevçenko (indiki Aktau) bərə yolunun açılması.

 

1985, 30 avqust – Bakı Dərin dəniz Özülləri zavodunun işə düşməsi.

 

1985, dekabr – Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin “1986-1990-cı illərdə Bakı şəhər təsərrüfatının daha da inkişaf etdirilməsi haqqında” qərarının verilməsi.

 

1985, 31 dekabr – Bakı metrosunun “Elmlər Akademiyası”, “İnşaatçılar”, “XI Qızıl Ordu meydanı” (indiki “20 yanvar”) və “Əcəmi”stansiyalarının istifadəyə verilməsi.

 

1987, iyun – On cildlik “Azərbaycan Sovet Ensiklopediyası”nın nəşrinin başa çatması.

 

25 iyun 1987 – Sov.İKP MK-nın plenumu “yenidənqurma” (“perestroyka”) haqqında qərar qəbul edib. Baş katib Mixail Qorbaçovun elan etdiyi yeniləşmə kursu, ilk növbədə, sosial-iqtisadi islahatları nəzərdə tutsa da, tezliklə siyasi və ideoloji sahəni də əhatə etdi. Sovet İttifaqında (o cümlədən Azərbaycanda) söz azadlığı, aşkarlıq, milli hərəkatlar prosesi başlandı. “Yenidənqurma” siyasəti dörd sonra SSRİ-nin süqutu ilə nəticələndi.

 

21 oktyabr 1987 – Heydər Əliyev Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun təzyiqi ilə SSRİ rəhbərliyindən istefa verib. Sov.İKP MK-nın plenumunda Heydər Əliyevin partiyanın ali orqanından - Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən istefası qəbul olunub. Ertəsi gün Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən istefa verdi. Bununla bağlı qərarda Heydər Əliyevin “səhhətinə görə pensiyaya çıxması ilə əlaqədar” istefa verdiyi qeyd edilmişdi. Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılmasından dərhal sonra ermənilər Qarabağ avantürasına start verdilər.

 

1987, oktyabr – Yerevanda “Qarabağ Komitəsi”nin ilk açıq milli-şovinist mitinqinin keçirilməsi.

 

18 noyabr 1987 - SSRİ rəhbəri M.Qorbaçovun müşavirlərindən olan akademik A.Aqanbekyan Fransanın «Humanite» qəzetinə müsahibəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırıb. O, məsələ barədə təklifini SSRİ rəhbərliyinə təqdim etdiyini və «yenidənqurma və demokratiya şəraitində məsələnin müsbət həll olunacağına» ümidvar olduğunu bildirib. Bu bəyanatdan sonra ermənilərin Qarabağ avantürasına start verildi.

 

25 yanvar 1988 – Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin kütləvi şəkildə deportasiyası başlanıb. Azərbaycanlı qaçqınların ilk dəstəsi respublikamıza pənah gətirib. 

 

12 fevral 1988 - Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) ermənilərin ilk separatçılıq çıxışları başlayıb. DQMV-nin mərkəzi Stepanakert (Xankəndi) şəhərində vilayət partiya komitəsinin binası qarşısında "miatsum" (Ermənistana “birləşmə”) şüarı altında mitinq keçirilib. Bu hadisələrə faktiki hazır olmayan Azərbaycanın o vaxtkı rəhbərliyi isə Bakıda yaşayan erməniləri teleefirə çıxararaq onların separatçılarla həmrəy olmadıqları barədə bəyanatlarını səsləndirdi.

 

1988, 19 fevral – Yerevanda ilk “antitürk mitinqi”nin keçirilməsi.

 

1988, 19 fevral – Ermənilərin Dağlıq Qarabağa təcavüzü ilə əlaqədar Bakıda ilk etiraz mitinqinin keçirilməsi.

 

20 fevral 1988 - Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin erməni deputatları qeyri-legitim növbədənkənar sessiya çağıraraq "Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında" qərar qəbul ediblər. Bu barədə SSRİ Ali Sovetinə müraciət qəbul olunub. DQMV-nin Xalq Deputatları Sovetinin mandatı 1988-ci ilin yanvarında bitmişdi və ermənilərin qəbul etdiyi qərar qeyri-legitim idi. Bu hadisə Qarabağ konfliktinin başlanğıcı hesab olunur.

 

22 fevral 1988 – Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində başlanan Dağlıq Qarabağ münaqişəsində ilk toqquşmabaş verib. Erməni millətçiləri Əsgəran qəsəbəsi yaxınlığında Ağdam rayonundan olan iki azərbaycanlı gənci qətlə yetiriblər. Həmin gün Bakıda ermənilərin Qarabağa iddialarına etiraz olaraq mitinq keçirilib. Bu arada Ermənistanın Qafan rayonundan azərbaycanlıların kütləvi deportasiyası başlanıb.

 

27 fevral 1988 - Sumqayıtda erməni ekstremistlərin təşkilatçılığıvə bir qrup kriminal elementin iştirakı ilə kütləvi təxribat - erməni əhalinin evlərinə basqınlar törədilib. Eduard Qriqoryanın başçılıq etdiyi basqın və iğtişaşlarda, rəsmi məlumatlara görə, 32 nəfər öldürülmüşdü. Onların bir neçəsini Qriqoryan üzü qətlə yetirmişdi. Lakın məhkəmə Qriqoryana 12 il iş verdi və o, SSRİ dağılandan sonra azadlığa çıxdı. Dəstənin azərbaycanlı üzvlərindən bir nəfərə (Əhməd Əhmədov) ölüm hökmü kəsildi. Moskvadan gələn istintaq qrupu hadisənin mahiyyətini ört-basdır etdi. «Sumqayıt hadisəsi» SSRİ xüsusi xidmət orqanlarındakı ermənilər tərəfindən hazırlanmışdı və dünyaya azərbaycanlıların vandalizmi kimi tanıdıldı. Bu təxribatdan sonra ermənilər azərbaycanlılarla bir yerdə yaşamağın qeyri-mümkün olduğunu bəyan etməyə və Qarabağdakı separatçılığa haqq qazandırmağa başladılar.

 

24 mart 1988 - Sov.İKP MK və SSRİ Nazirlər Soveti “1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında” qərar qəbul edib. Qərara əsasən, Dağlıq Qarabağın sosial-iqtisadi məsələləri Azərbaycanın səlahiyyətindən alınaraq ittifaq hökumətinə verilib. 

 

21 may 1988 - SSRİ rəhbərliyi Azərbaycan və Ermənistan arasında münaqişəni sahmanlamaq üçün hər iki respublikanın rəhbərlərini dəyişdirib. Ermənistan KP MK-nın plenumunda 1-ci katib Karen Dəmirçyan (1974-cü ildən respublikanın rəhbəri idi), Azərbaycan KP MK-nın plenumunda isə Kamran Bağırov (1983-cü ildən respublikaya rəhbərlik edirdi) vəzifələrindən kənarlaşdırılıb. Azərbaycan KP MK-nın 1-ci katibi postuna Ədbürrəhman Vəzirov seçilib.

 

18 iyul 1988 – SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş geniş iclası keçirilib. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri Mixail Qorbaçovun sədrlik etdiyi iclasda Azərbaycan və Ermənistanın siyasi rəhbərliyi, hər iki respublikanın SSRİ Ali Sovetindəki deputatları iştirak ediblər. Gərgin mübahisələrlə keçən iclasda "Dağlıq Qarabağ barəsində məsələyə dair" SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı qəbul olunub. Sənəddə Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağı ilhaq etmək barədə qərarının yolverilməz olduğu və onun ləğv edilməsinin zəruriliyi vurğulansa da, Yerevan bu çağırışı saya salmadı.

 

17 noyabr 1988 - Bakıdakı Lenin (indiki Azadlıq) meydanındaermənilərin Qarabağ iddialarına və azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq fasiləsiz mitinqlərbaşlayıb. Dekabrın 4-dək davam edən mitinqlərə 1 milyonadək insan toplaşırdı. Bu, SSRİ-də ən böyük kütləvi çıxışlar idi və Azərbaycanın tarixinə milli dirçəliş aksiyaları kimi düşdü. İlk dəfə həmin mitinqlərdə meydanda Azərbaycanın üçrəngli bayrağı qaldırılmışdı. 1992-ci ildə 17 noyabr Milli Dirçəliş Günü elan edildi.

 

1988, 24 noyabr – Bakı, Naxçıvan və Gəncə şəhərində xüsusi vəziyyət və komendant saatının tətbiq edilməsi.

 

27-29 noyabr 1988 - Ermənistan SSR-in Qafan, Quqark, Spitak və Stepanavan şəhərlərində azərbaycanlıların deportasiyası terror və qətllərlə müşayiət olunub. Erməni silahlı dəstələri tərəfindən 33 azərbaycanlı qətlə yetirilib. Bu hadisədən sonra Ermənistandakı azərbaycanlı əhalinin kütləvi köçü son mərhələyə qədəm qoyub. 1988-ci ilin dekabrda Ermənistandan Azərbaycana 100 mindən çox (ümumilikdə 1988-1989-cu illərdə 220 minədək) soydaşımız pənah gətirdi.

 

11 dekabr 1988 - Ermənistandakı zəlzələdən (7 dekabr) sonra bu ölkəyə ilk yardım edənlərdən biri Azərbaycan olub. Lakin erməni tərəfi Azərbaycan təyyarəsini qəbul etməyib. Leninakan (Gümrü) hava limanında dispetçerlər tərəfindən yanlış istiqamətləndirilən «İl-76» təyyarəsi dağa dəyərək partlayıb, 63 nəfər xilasedici (ehtiyatda olan hərbçi) və 9 ekipaj üzvü həlak olub. Bir nəfər xilas olsa da, ömürlük şikəst qalıb. Buna rəğmən Azərbaycandan Ermənistana qatarla humanitar yardım və 150 nəfər inşaatçı göndərildi. Dağıdıcı zəlzələ (25 minədək adam ölmüşdü) ilə dünyanın diqqətini özünə cəlb edən Ermənistan azərbaycanlıların deporatasiyasını başa çatdırdı, dünya isə bunu «görmədi».

 

12 yanvar 1989 – SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiq edilməsi haqqında” fərman verib. Fərmana əsasən, Dağlıq Qarabağın Azərbaycan tərkibində muxtar vilayət statusu saxlanılmaqla bölgədə birbaşa Moskvaya tabe olan “Xüsusi İdarə Komitəsi” yaradıldı. Moskvanın qərarı guya münaqişənin səngiməsinə yönəlmişdi. Gerçəkdə isə Arkadi Volskinin rəhbərlik etdiyi “komitə” Dağlıq Qarabağın Azərbaycanın suverenliyindən çıxarılmasına xidmət edirdi. Əhalinin geniş etiraz çıxışlarından sonra “Xüsusi İdarə Komitəsi” 1989-cu ilin noyabrında Bakının formal tabeçiliyində olan Təşkilat Komitəsi ilə əvəzləndi.

 

26 mart 1989 – SSRİ-də alternativlik şəraitində ilk seçkilərkeçirilib. SSRİ Xalq Deputatları Qurultayının 2250 deputat (ərazi, milli-ərazi seçki dairələri və ictimai təşkilatlar üzrə 750 nəfər) yeri uğrunda 10 min namizəd mübarizə aparıb. Bu, Azərbaycanda da ilk alternativ əsaslı seçki idi. Buna qədər sovet seçkiləri “1 mandat - 1 namizəd” prinsipi ilə keçirilirdi.

 

16 iyul 1989 – Bakıda yarıgizli şəraitdə Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı keçirilib. Bu, Azərbaycanda Qarabağ hadisələri ilə başlanan milli xalq hərəkatının qismən təşkilatlanması idi. Əbülfəz Elçibəy Xalq Cəbhəsinin sədri seçilib. AXC-nin 16 nəfərdən ibarət İdarə Heyətinə isə kifayət qədər fərqli baxışlı şəxslər seçilmişdi və tezliklə təşkilatda parçalanmalar başlandı.

 

23 sentyabr 1989 – Azərbaycan SSR Ali Soveti “Azərbaycan SSR-nin dövlət suverenliyi haqqında” Konstitusiya qanunu qəbul edib. Sənəddə ilk dəfə belə bir məqam əksini tapmışdı ki, ittifaq (SSRİ) səviyyəsində qəbul olunmuş hər hansı qanunvericilik aktı Azərbaycanın suverenliyinə xələl gətirərsə, onun respublika ərazisində qüvvəsi dayandırılacaq. Lakin bu, daha çox bəyannamə səciyyəli sənəd idi. Analoji aktlar SSRİ-nin digər subyektləri tərəfindən də qəbul edilmişdi.

 

1989, 1 dekabr – Ermənistan SSR Ali Sovetinin “Ermənistan SSR-i və Dağlıq Qarabağı birləşdirmək haqqında” qanuna zidd qərar qəbul etməsi.

 

1989, 30 dekabr – Tarixi Gəncə adının özünə qaytarılması.

 

31 dekabr 1989 - Naxçıvan Muxtar Respublikasında minlərlə insanSSRİ-İran (Azərbaycan-İran) sərhədində aksiya keçirərək sərhəd dirəklərini sökməyə başlayıb. Onilliklər ərzində bir-birindən ayrı düşmüş şimallı-cənublu azərbaycanlılar Araz çayı üzərində qovuşublar. Bu hadisə Azərbaycan tarixinə “sərhəd hərəkatı” – milli həmrəylik aksiyası kimi düşdü. Azərbaycan parlamentin qərarı (25 dekabr 1991) ilə 31 dekabrDünya Azərbaycanlıların Həmrəyliyi Günü elan olundu.

 

Cənubi Azərbaycan

 

1979-cu ilin dekabrında referendum yolu ilə qəbul olunan İran İslam Respublikasının Konstitusiyasında Ayətullah Xomeyni üçün xüsusi bir hakimiyyət məqamı - bütün hakimiyyət orqanlarının fövqündə dayanan «ali rəhbər» («vilayət-e fəqih») statusu təsbit edildi. Beləliklə, Xomeyni faktik olaraq ölkənin bütün icra və məhkəmə orqanlarının fəaliyyətini istiqamətləndirmək hüququna malik oldu. Ən yüksək rütbəli hakimlər və hərbi rəhbərlər, Ali Milli Müdafiə Şurasının üzvləri, hətta ümumxalq səsverməsi ilə seçilən prezidentin namizədliyi onun tərəfindən təsdiq olunmalıydı.12 nəfərdən ibarət Nəzarətçilər Şurası («Şura-ye Nigahban») üzvləri Xomeyni tərəfindən təyin olunurdu. Nəzarət Şurasının vəzifəsi isə məclisin qəbul etdiyi qanunların islam dininin müddəalarına və konstitusiyaya uyğun olub-olmadığını müəyyənləşdirməkdən ibarətdir.

1980-ci ilin yanvarında prezident seçkiləri keçirildi və doktor Bəni Sədr İranın ilk prezidenti oldu. O, Sarbonna Universitetində iqtisad elmləri üzrə təhsil almış və hələ 1960-cı illərdən etibarən Xomeyniyə yaxın olan bir şəxs idi.

1980-ci il martın 14-də və mayın 9-da isə Məclisə iki dövrədə seçkilər keçirildi. Seçkilərdə rejimin yeni partiyası olan, din adamlarının və mollaların dəstəklədiyi Cümhuriyyətçi İslam Partiyası çox böyük üstünlük qazandı. Məclisin sədri Məhəmməd Əli Rəcai oldu. Az keçmədi ki, Bəni Sədri dəstəkləyən mərkəzçi qüvvələr ilə M.Ə.Rəcainin başçılıq etdiyi radikal sağçı və dinçilər arasında mübarizə başlandı.

Mübarizə öz kəskinliyini 1980-ci ilin sentyabrında başlayan İran-İraq müharibəsi dövründə xüsusilə göstərmişdi. Prezident Bəni Sədr bir iqtisadçı kimi boş şüarlar söyləmək yerinə iqtisadi tədbirlərin həyata keçirilməsini istəyirdisə, M.Ə.Rəcai bir sıra həyəcanlı şüarlar söyləməkdən o yana gedə bilmirdi. Halbuki, həmin dövrdə neftdən gələn vəsaitlər xeyli azalmış, işsizlik artmış və inflyasiya 50%-ə qalxmışdı.

Bu mübarizədə kommunist tudəçilər dinçiləri, dolayısı ilə Rəcaini, radikal islamçı «Xalq mücahidləri» isə Bəni Sədri dəstəkləyirdilər.

1981-ci ilin martından başlayaraq Bəni Sədr-Rəcai mübarizəsi hər iki şəxsin tərəfdarlarının küçə toqquşmalarına gətirib çıxardı. Məsələnin ciddiliyinə görə Xomeyni əvvəlcə O, Bəni Sədrə arxa durdu və martın 16-da bəyan etdi ki, Bəni Sədr silahlı qüvvələrin baş komandanı təyin olunur. Təbiidir ki, bu, prezident üçün çox böyük dəstək idi. Məclis isə Rəcainin tərəfində oldu. Məhz bu da Bəni Sədr-Rəcai mübarizəsinin taleyini həll etdi.Xomeyni Bəni Sədrə arxa durmaqdan çəkildi və iyulun 10-da onu baş komandanlıqdan, 21-də isə prezidentlikdən azad etdi.

Bu hadisə ilə ölkənin siyasi həyatında daha mühafizəkar şiə din xadimlərinin hökmranlığı bərqərar oldu. Baş nazir M.Bazarqanın və ilk prezident Bəni Sədrin vəzifələrindən azad edilməsi faktik olaraq Cümhuriyyətçiİslam Partiyası liderlərinin mövqelərinin tam qalib gəlməsinin əlaməti idi. Bu həm də onun əlaməti idi ki, mötədil-liberal kurs tərəfdarlarının, eləcə də ticarət-sənaye dairələrinin maraqlarını qoruyan qüvvələrin siyasi hakimiyyətdə yeri yoxdur.

Bununla yanaşı, əvvəlcə marksist-leninçi fədailər və mücahidlərə qarşı, sonra isə Tudə (Əmək) partiyasının üzvlərinə qarşı təqiblər başlandı. Onlardan çoxu Sovet İttifaqına casusluqda suçlandırıldı, məhbəslərə atıldı və bəziləri hətta edam edildi.

Şahlıq rejiminə mübarizə illərində qeyri-fars millət və xalqlar Xomeynini dəstəkləyirdi və hərəkatda çox yaxından iştirak edirdilər. Təbiidir ki, bu ilk öncə sosial və siyasi məhrumiyyətlərdən irəli gəlirdisə, həm də milli məhrumiyyətlərlə də bağlı idi. Bu baxımdan onlara az vədlər də verilməmişdi. Lakin konstitusiya qəbul edilərkən orada milli hüquqların təmini haqqında elə bir əsaslı maddə olmadı. Bu da Cənubi Azərbaycanda, Şimali Kürdüstanda, Belucistanda, türkmənlərin etnik azlıqların yaşadıqları əyalətlərdə narazılıqla qarşılandı. Sünni kürdlər Mehabad bölgəsində özlərinin bağımsız dövlətini yaratdıqlarını elan etmişdilər. Bunun nəticəsi olaraq bölgədəki kürdlər ilə Xomeyninin inqilab keşikçiləri arasında ilk gündən toqquşmalar baş verirdi. 1980-ci ilin aprel və may aylarında baş verən hadisələr isə artıq məsələnin kifayət qədər dəhşətli nəticələrə gətirəcəyindən xəbər verirdi. Yaranmış şəraitdən yararlanmaq üçün İraq Xuzistanda yaşayan ərəbləri Xomeyni rejiminə qarşı qaldırmışdı.

Şahın devrilməsində Azərbaycan türklərinin və onların lideri ayətullah Şəriət Mədarinin mühüm rolu olmuşdu. Daha ilk günlərdən Xomeyni və Şəriət Mədari arasında bəzi mübahisəli fikirlər meydana çıxdı. Şəriət Mədari şiə din adamlarının mərkəzi hökumətdə fəal rol oynamasına qarşı idi. Bu görüş ayrılıqları şiddətləndikcə Azərbaycan türkləri daha mütəşəkkil olmaq üçün özlərinin Müsəlman Xalqın Cümhuriyyətçi Partiyasını qurdular. Bundan sonra onların Xomeyni və inqilab keşikçiləri ilə mübarizəsi daha da yüksəldi.

Azərbaycan türklərinin 80%-i 1979-cu ilin dekabrında keçirilən konstitusiya referendumunu boykot etmişdi. Bu səbəbdən Xomeyni tərəfdarları Şəriət Mədarinin Qumdakı evinə basqın etdilər. Təbrizdə də «inqilab keşikçiləri» müəyyən tədbirlərə əl atdılar. Tərəflər arasında qarşıdurmalar getdikcə şiddətləndi.

Müsəlman Xalqın Cümhuriyyətçi Partiyasının baş qərargahına basqınlar oldu və bir neçə adam öldürdü. Xomeyni tərəfdarlarının 1980-ci ilin yanvar ayına qədər davam edən hücum və təzyiqləri nəticəsindəpartiya dağıdıldı və Şəriət Mədari də Humeyniyə qarşı olan tənqidlərini yumşaltdı. 1981-ci il boyunca Təbrizdə zaman-zaman qarşıdurmalar əksik olmadı.

Nəhayət, 1982-ci ildə Şəriət Mədari ev dustağı edildi. Doğrudur, yerli ruhanilərin vasitəçiliyi ilə qanlı hadisələrə və hərəkətlərə son qoyuldu. Lakin bu hələ o demək deyildi ki, hakimiyyət orqanları milli məsələ ilə bağlı mövcud problemləri həll edə biliblər və ya ona hazırdırlar. 1980-ci ildə İraqın İrana müdaxiləsi hakim rejimə demokatik qüvvələri əzmək üçün əlverişli şərait yaratdı.

Ümumiyyətlə, Xomeyni rejimi yarandığı gündən istər yaxın, istərsə də uzaq ölkələrlə münasibətlərində heç də hər zaman uğurlu kurs yürütməmişdir. Ərəb ölkələrindən Suriya, Liviya, Cənubi Yəmən kimi ölkələr və Fələstin Azadlıq Təşkilatı İran İslam Respublikasının yaranmasını rəğbətlə qarşıladılarsa da, körfəz ölkələri, Səudiyyə Ərəbistanı və İraq isə narahat olmuşdular. Bu, birincisi, ondan irəli gəlirdi ki, İranda monarxiyanın ləğvi regionda ərəb monarxiyaları üçün bir nümunə ola bilərdi. İkincisi, bu ölkələrdə, xüsusilə də İraqda kifayət sayda şiə əhali var idi və onlar hər an İrandakı hakimiyyətə yiyələnmiş şiə liderlər tərəfindən dəstəklənə bilərdilər.

Həmin dövrdə bütün dünyada çox böyük əks-səda doğurmuş hadisələrdən bi də 1979-cu ilin 4 noyabrında Humeyni tərəfdarı olan tələbə gənclərin Tehrandakı ABŞ səfirliyinə hücum etməsi, səfirliyin 63 əməkdaşını girov götürməsidir. Onlar ABŞ hökumətindən tələb edirdilər ki, müalicə üçün oraya getmiş şah İrana qaytarılsın. ABŞ cavab olaraq bir sıra tədbirlər gördü. Əvvəlcə İranın ölkə banklarındakı bütün hesablarını dondurdu. Sonra İran sahillərinə doğru hərb gəmiləri göndərdi. Məsələ BMT-nin Təhlükəsizlik Şurasında müzakirə edildi və İranın bu hərəkətini pisləyən qərar qəbul olundu.

1980-ci ilin 7 aprelində İranla diplomatik münasibətlər kəsildi. ABŞ vətəndaşlarının İrana getməsi qadağan edildi. ABŞ-ın xahişi ilə Avropa İqtisadi Birliyi, ərzaq və tibbi ləvazimatlar istisna olunmaqla İrana qarşı iqtisadi sanksiyalar tətbiqinə qərar verdi. Bütün bunların heç bir nəticə vermədiyini görən ABŞ aprelin 24-də Hind okeanındakı hərbi donanmasından 8 helikopterdə 90 nəfərlik bir desant dəstəsini Tehranın 400 km-liyində yerə endirməyə cəhd göstərdi. Lakin bu cəhd tam uğursuz oldu.

Nəhayət, məsələnin həllinə beynəlxalq birlik daha geniş ölçüdə qarışmalı oldu. Mayın 17-22-də İslamabadda toplanan İslam Konfransı Təşkilatı İrandan da girovlar məsələsinin həllini tələb etdi. 18 mayda Avropa İqtisadi Birliyi üzvü olan ölkələrin İrana qarşı iqtisadi sanksiyaları gücləndirməsinə qərar verildi. Nəhayət, ABŞ banklarındakı dondurulmuş İran hesablarının açılması şərtilə 1981-ci ilin 21 yanvarında girovlar azad edildi.

İraqla müharibə isə 1980-ci illərin əvvəlindən yalnız İranın islamçı siyasətçilərinin yürütdüyü xarici siyasət kursunun məzmunu deyil, eyni zamanda «islam inqilabı» ixracı planlarının nəticısi idi. İran liderlərinin fikrincə islam həyat normalarının yayıla biləcəyi ölkələr arasında İraq xüsusi yer tuturdu. İraq əhalisinin yarısının şiə olması İran liderlərini bu qənaətə gətirirdi. Müharibə üçünbəhanələrdən biri də İraqda kürdlərin qiyamına İranın dəstək verməsi idi. İraq ordusunun hücumlarına davam gətirə bilməyən kürd silahlıları İrana sığınırdı. Bu zəmində iki dövlət arasındakı münasibətlərdə bir gərginlik hökm sürürdü.

İkinci bəhanə isə bu dövlətlər arasında mövcud olan qarşılıqlı ərazi iddiaları idi. Bu baxımdan Şətt əl-ərəb çayı boyunca sərhədlər barəsində mübahisələr həmişə müzakirə obyekti olmuşdu və indi də qalırdı.

1980-ci ilin 22 sentyabrında İran-İraq müharibəsi başlandı və savaş 8 il davam etdi. Hərbi əməliyyatların gedişində uğurlar gah bu, gah da digər tərəfdə olurdu. İranın güclü və böyük canlı qüvvəsi var idisə, İraq aviasiya, tank və artilleriya sahəsində üstün idi. Tərəflərdən heç biri azacıq da olsun qələbə sevincini yaşamadı. Axır nəticədə BMT və digər beynəlxalq təşkilatların, xüsusilə İslam Konfransı Təşkilatının vasitəçiliyi ilə 1988-ci ilin 20 avqustunda bütün cəbhələrdə atəşkəs əldə olundu.

Hərbi əməliyyatların gedişində İran tərəfi 600 min nəfərdən çox, İraq isə 400 minə yaxın itki vermişdi.Hərbi əməliyyatların aparılmasına xərclənən vəsaitin, neft mədənləri və zavodlarının dağıdılmasından dəyən zərərin miqdarı yüz milyonlarla dollar məbləğində ölçülürdü.

Uğursuz müharibə Xomeyninin hakimiyyətini nəinki zəiflətmədi, əksinə, ona bütün dünyada haqq işi uğrunda cəsarətlər göstərən bir mübariz şöhrəti gətirdi. Dünyanın bir sıra ölkələrindəki şiə müsəlmanlar onu özlərinin dini rəhbəri sayırdılar.

Lakin dağıntılar, infiltrasiya, kütləvi işsizlik, qonşu ərəb ölkələri ilə gərgin münasibətlərin yaranması «islam inqilabı ixracı» təcrübəsinin əsas nəticələri oldu. İranın ruhani liderləri istər daxili, istərsə də xarici siyasət kursuna yenidən baxmalı oldular və ona düzəlişlər etdilər. Artıq onlar bəyan edirdilər ki, «islam inqilabı ixracı» dedikdə bunun zor gücünə həyata keçırilməsi kimi yox, «islam inqilabı» dəyərlərini başqa xalqlara dərindən izah etmək kimi başa düşülməlidir.

1989-cu ildə Xomeyninin ölümündən sonra onun tutduğu ali dini rəhbər vəzifəsinin əhəmiyyəti bir qədər azaldı (Xomeyniidən sonra İranın ali dini rəhbər Seyid Əli Xaməneyidir – red.), bunun əvəzində isə prezidentin rolu artdı. Təbiidir ki, respublika prezidentinin mövqeyinin möhkəmlənməsi teokratik rejimin nəinki sona çatması, heç zəifləməsi demək deyil. Amma bununla yanaşı hakim dairələrdə daha mühafizəkar qüvvələrin nüfuzunun zəifləməsini də inkar etmək olmaz.

İran-İraq müharibəsindən (1980-1988) sonraiqtisadiyyatın bərpası başlandıqda Cənubi Azərbaycanda da sənaye və kənd təsərrüfatının inkişafında müəyyən sürət götürdü. Burada neftayırma zavodu, traktor, maşınqayrıma, dəzgahqayırma zavodları, kənd təsərrüfat maşınları üçün mühərriklər istehsal edən zavodlar, lampa zavodu, xalça fabrikləri, qənd zavodları, tütün fabrikləri, toxuculuq fabrikləri və s. kimi sənaye müəssisələri fəaliyyət göstərir. Taxılçılıq, bostançılıq, heyvandarlıq məhsulları qismən də İranın digər rayonlarına ixrac olunur. Aqrar ölkə olan Cənubi Azərbaycan kənd təsərrüfatının inkişafı üçün böyük imkanlara malikdir.

* * *

İran İslam Respublikasının ilk prezidenti Bəni Sədr istefaya göndəriləndən sonra həmin vəzifəni tutmağa iddialı olanBehişti 1981-ci ilin iyun ayında öldürüldü. İyulun 24-də Məhəmməd Əli Rəcai prezident seçildi. Lakin o daavqustun 30-da öldürüldü.

1981-ci il oktyabrın 20-də keçirilən seçkilərdə Seyid Əli Xaməneyi qalib gəldi. 1985-ci ildə S.Ə. Xaməneyi ikinci dəfə də prezident seçildi və 1989-cu ilə qədər həmin vəzifəni icra etdi. 1989-cu ildə AyətullahXomeyninin vəfatından sonraSeyid Əli Xaməneyi İran İslam Respublikasının ali dini rəhbəri oldu.

1989-cu ildə Əli Əkbər Haşimi Rəfsəncani İranın yeni prezidenti seçildi. O da, sələfi S.Ə. Xaməneyi kimi, iki müddətə (1989 və 1993) prezident postunu tutdu.

* * *

18 sentyabr 1988 – Böyük şair, XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyar (1906-1988) Tehranda vəfat edib. Şəhriyar Cənubi Azərbaycanın Təbriz şəhəri yaxınlığındakı Xoşginab kəndində anadan olub. Azərbaycan və fars dillərində yazıb. İlk kitabı 1931-ci ildə nəşr olunub. Sonralar şairin dördcildlik divanı, ikicildlik seçilmiş əsərləri, iki hissədən ibarət "Heydərbabaya salam" poeması, "Türkcə divan" toplusu çapdan çıxıb.

 

 

baxılıb: 1083 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR