“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
19 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Azərbaycan Xalq Cümhuriyyəti

Azərbaycan Xalq Cümhuriyyəti

1918-ci ilin 26 iyununda başlanan yol...

A+ | A-

26 iyun tariximizin əlamətdar səhifələrindən biri - Azərbaycan Milli Ordusunun yarandığı gündür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhüriyyətinin hökuməti ilk milli diviziyanın və Hərbi Nazirliyin yaradılması barədə qərar qəbul edib.

Cümhuriyyət dövrünün əksər səhifələri kimi, bu tarixdən də uzun müddət xəbərsiz olmuşuq. Hətta iş elə gətirib ki, 1991-ci ildə müstəqilliyimizi bərpa edəndən sonra da bu gün bir neçə il yada düşməyib və "Ordu günü" kimi başqa bir tarixi ("Azərbaycanın milli özünümüdafiə qüvvələri haqqında" qanunun qəbul edildiyi 9 oktyabr 1991-ci il tarixini) qeyd etmişik. Ta 1998-ci ilədək. Necə deyərlər, bu da bir tarixdir...

1918-ci ildə Milli Ordunun yaranması isə Azərbaycan xalqının milli dövlətçilik və milli özünütəsdiq tarixinin ən önəmli mərhələlərindən biri idi. Məhz güclü, nizami ordu 1918-ci il mayın 28-də elan edilən istiqlalın bütün ölkə ərazisində qələbə çalmasını təmin edə bilərdi.

Bu qələbədə Azərbaycana ən böyük dəstəyi isə, qardaş Türkiyə verdi. Artıq iyunun əvvəlində Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti əksəriyyəti ermənilərdən ibarət olan 20 minə yaxın döyüşçü ilə cümhuriyyətə qarşı savaşa başlamışdı. Məqsəd milli hökumətin Tiflisdən Gəncəyə köçməsinə mane olmaq idi. Lakin daşnaklar buna nail olmadılar.

Osmanlının beşinci divizisiyası (Qafqaz diviziyası) Mürsəl paşanın rəhbərliyi ilə Gümrü-Dilican-Ağstafa yolunu döyüşlə keçərək Gəncəyə gəlib çıxdı və Azərbaycan hökumətinin şəhərə gəlməsini təmin etdi. İyunun 16-da milli hökumət Gəncəyə köçdü. Osmanlının beşinci diviziyası və general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu əsasında Qafqaz-İslam Ordusu təşkil edildi. Nuru paşanın rəhbərlik etdiyi bu orduya türklərdən və azərbaycanlılardan ibarət 18 min əsgər və zabit daxil idi.

İyunun 26-da isə ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etdi - Azərbaycan Milli Ordusunun təməli qoyuldu. General Səmədağa Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sülkeviç isə baş qərargah rəisi təyin olundu.

İki həftə davam edən qanlı döyüşlər Azərbaycan və Osmanlı qoşunlarının qələbəsilə nəticələndi. Göyçay və Şamaxı ətrafında Bakı Soveti qoşunlarına ağır zərbə vuruldu, Bakı istiqamətində yürüş başlandı. İyulun sonunda S.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti istefa verməyə məcbur oldu, avqustun 1-də Bakıda eser, menşevik və daşnaklardan ibarət "Sentrokaspi" diktaturası adlanan mürtəce bir qurum yaradıldı.

Avqustun 11-də hökumət ümumi hərbi səfərbərlik elan etdi və 1894-1899-cu il təvəllüdlü bütün vətəndaşlar hərbi xidmətə çağırıldı.Sentyabrın 15-də Bakı üzərinə həlledici hücuma başladı. Şəhər böyük müqavimət hesabına alındı və Azərbaycan hökuməti sentyabrın 17-də Bakı şəhərinə köçdü. Bu döyüşlərdə Azərbaycan və Osmanlı qoşunları ümumilikdə 4 min əsgər və zabit şəhid vermişdi.

Lakin türk əsgərləri tezliklə Azərbaycanı tərk etməyə məcbur oldu. 1918-ci il oktyabrın 30-da imzalanan Mudros müqaviləsinə görə Birinci Dünya müharibəsində məğlub sayılan Osmanlının qoşunları qüvvələri Bakını tərk etməli, şəhərə qalib Antantanı təmsil edən ingilis qoşunları daxil olmalı idi. Azərbaycanın qalan hissəsi isə milli hökumətin və cümhuriyyət ordusunun nəzarəti altında olacaqdı. Cümhuriyyət hökumətinin bu qərarı qəbul etməkdən başqa çarəsi yox idi.

Digər tərəfdən, ingilislər Azərbaycanın Paris sülh konfrasında iştirakına və erməni silahlı dəstələrinin Bakıya buraxılmayacağına təminat vermişdilər. Noyabrın 17-də general Tomsonun hərbi dəstələri Bakıya daxil oldu. Dekabrın 7-də cümhuriyyətin ilk parlamenti fəaliyyətə başladı. Dekabrın 28-də ingilislər milli hökuməti rəsmən tanıdıqlarını elan etdilər.

1919-cu il milli ordu quruculuğunda həlledici mərhələ oldu. Ordunun yaradılması prosesi 1920-ci ilin yanvarında əsasən başa çata çatdırıldı. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi. 1919-cu ilin yayında isə, yenə Birinci Dünya müharibəsinin nəticələrinə əsasən, ingilislər Bakını tərk etməli oldular. Şəhərin idarəçiliyi Azərbaycan hökumətinə təhvil verildi. Xalq Cümhuriyyətinin ordu quruculuğunaa təcrübəli general və zabitlərin - Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov və digərlərinin böyük əməyi olmuşdur.

Lakin 1919-cu ilin sonundan Azərbaycana şimaldan hərbi təhdidlər atmağa başlamışdı. "Vahid Rusiya"nı bərpa etmək iddiasında olan general Denikinin qoşunları 1919-cu ilin yazında Dağıstana soxuldu, Dərbəndi işğal edərək Azərbaycanın sərhədlərinə yaxınlaşdı.

Bu təhlükə qonşu gürcüləri də narahat etdiyindən 1919-cu iyunun 16-da Gürcüstanla Azərbaycan arasında hərbi müdafiə paktı imzalandı. Hərbi pakta görə Azərbaycan Gürcüstandan hərbi sursat, o cümlədən 24 top, 3 min tüfəng və s. ləvazimat aldı. Hərbi əməkdaşlıq paktına qoşulmaq barədə Ermənistana da müraciət edilmişdi, lakin daşnaklar Denikinlə gizli müqavilə imzalamağı daha üstün tutdular.

Öz növbəsində Denikinlə müharibə aparan rus bolşeviklərinin də gözü Azərbaycanda idi. Bu arada Ermənistanın daşnak hökuməti Moskvada gizli danışıqlar apararaq Azərbaycandan qoparılacaq ərazi güzəştləri müqabilində cümhuriyyət hökumətini devirməyə yardımçı olacağını bolşeviklərə vəd etdi.

Odur ki, 1920-ci ilin əvvəlindən Azərbaycan ordusunun, demək olar ki, bütün qüvvələri Qarabağ, Zəngəzur və Gəncə istiqamətində ermənilərlə savaşda idi, ölkənin şimal sərhədləri isə müdafiəsiz qalmışdı. Bakıda isə milli hökumət daxilində və parlamentdə böhran dərinləşirdi. Milli hökumətə müxalifətdə duran ittihadçılar Rusiya ilə hərbi ittifaqa girməyi tələb edirdilər, Azərbaycan bolşevikləri isə guya ölkədə qayda-qanun yaratmaq naminə XI rus ordusunu ölkəyə dəvət etməyə çağırırdılar.

1920-ci ilin aprelində XI ordu Azərbaycan sərhədlərinə yaxınlaşdı və A.Mikoyan başda olmaqla Bakı bolşevikləri "Azərbaycan xalqı adından" rus ordusunu Bakıya çağırdılar. Milli Ordunun sərhəddəki azsaylı hissələri ruslara müqavimət göstərə bilmədi. Aprelin 27-də Bakı buxtasına yan alan XI ordunun hərbi gəmiləri artıq toplarını parlament binasına tuşlamışdı, Bakıda milli hökumət süqut etdi.

Bölgələrdə isə Rusiya qoşunlarına qarşı müqavimət bir müddət davam etdi, Gəncəbasarda və Yuxarı Qarabağda cümhuriyyətin ordu hissələri ilə rus qoşunları arasında toqquşmalar iyunun ortasınadək sürdü. Amma qüvvələr bərabər deyildi və Azərbaycanın istiqlaliyyətinin süqutu ilə Milli Ordunun mövcudluğuna da son qoyuldu. Bolşevik hökuməti isə artıq 1920-ci il mayın 7-də Azərbaycanda ordu və donanmanın yenidən təşkil edilməsi barədə dekret vermişdi. Milli Ordunun ləğvindən sonra 21 generaldan 15-i bolşeviklər tərəfindən güllələndi, komandirlərin böyük hissəsi repressiyaya məruz qaldı.  

* * *   

Sovet dövlətinin bütün sahələrində olduğu kimi, ordu quruculuğu da məlum siyasi-ideoloji prinsiplərə köklənmişdi. Moskva milli respublikalarda, ələlxüsus müsəlman respublikalarında milli hərbi kadrların hazırlanması yönündə cəhdləri bir qayda olaraq qısqanclıqla qarşılayır və dəf edirdi. Müttəfiq respublikalarda hərbi tədris məktəbləri əsasən Rusiya, Ukrayna və Belorusiyada fəaliyyət göstərirdi.

"Bunları görəndə, düşünürdüm ki, yaxşı, biz Sovet İttifaqının bərabərhüquqlu müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunuruq?" - bu sözləri mərhum Heydər Əliyev 2003-cü il aprelin 21-də, Cəmşid Naxçıvanski adına hərbi məktəbin 30 illik yubiley təntənəsində çıxış edərkən demişdi. O hərbi məktəb ki, hələ sovet dövründə Azərbaycan milli hərbi kadrların hazırlanması istiqamətində mühüm rol oynayıb.

Heydər Əliyev 1973-cü ildə böyük səylər nəticəsində belə bir məktəbin yaradılmasına nail olmuşdu. Həmin dövrdə Azərbaycan ildə təxminən 60 min gənci ordu sıralarına göndərirdi. Ancaq onların tam əksəriyyəti inşaat batalyonlarında xidmət keçirdi. Hərbi hissələrdə azərbaycanlı zabitləri isə, necə deyərlər, barmaqla saymaq olardı.

Əlbəttə, indi bəziləri 1973-cü ildə Bakıda belə bir hərbi məktəbin yaradılmasını bir zavod, fabrik tikintisi qədər adi qərar hesab edə bilərlər. Amma buna nail olmaq üçün həqiqətən böyük siyasət və uzaqgörənlik lazım idi.

Sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına Moskva laqeyd yanaşa bilməzdi. Təsadüfi deyil ki, həmin dövrdə Bakıya təşrif buyuran çeşidli komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını "əsaslandırmağa" çalışırdı. Amma H.Əliyev bu cəhdlərin qarşısını almağı bacardı...

Üstündən 20 il ötdü və Heydər Əliyevin yaratdığı hərbi məktəb müstəqil Azərbaycanda ordu quruculuğu üçün əsas bazalardan birinə çevrildi. 70-ci illərdə həmin məktəbin müdavimləri olanlar artıq müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin komandirləri, generalları idi.  

 * * *

Lakin müstəqilliyin ilk illərində ölkədə ordu quruculuğu heç də arzuolunan səviyyədə getmirdi. Ermənistanda ordunun yaradılması rəsmən 1991-ci ilin yanvarında başlanıldığı halda, faktiki hərbi təcavüzə məruz qalan Azərbaycanda 1991-ci ilin oktyabrınadək "bizə milli ordu lazımdırmı" sualı ətrafında mənasız diskussiyalar getdi. 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradıldı və general-leytenant Valeh Bərşadlı nazir təyin olundu. Lakin üç ay sonra ordu ətrafında siyasi çəkişmələr nəticəsində o, vəzifəsindən kənarlaşdırıldı. 

Ümulikdə 1991-1993-cü illərdə Azərbaycanda Müdafiə Nazirliyinin rəhbərliyi 7 dəfə dəyişdirilmişdi. Bu dövrün məlum prosesləri, başıpozuq özünümüdafiə dəstələri şəklində "mövcud olan" ordunun ifrat dərəcədə siyasiləşməsi üstəgəl 1993-cü ilin yaz-yayında cəbhədə yaşanan ağır itkilər isə Azərbaycanın bütün dövlət təsisatları kimi, Silahlı Qüvvələri də iflas həddinə gətirdi. Dövləti və onun ordusunu bu iflasdan çıxarmaq üçün gerçək liderə, komandana ehtiyac vardı.

Məhz Heydər Əliyev Azərbaycana rəhbərliyə qayıdandan sonra ölkədə gerçək ordu quruculuğu başlandı. Lakin bu prosesə fundamental şəkildə başlamaq üçün zaman lazım idi. Bu zaman həmçinin Azərbaycan dövlətinin dövlətin toparlanması, ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, zəruri islahatların aparılması və ordu quruculuğunun şah damarı olan iqtisadiyyatın bərpası üçün də zəruri idi.

Bütün bunları nəzərə alaraq Heydər Əliyev 1994-cü ilin mayında Qarabağ müharibəsində atəşkəsə nail oldu. Çünki o, atəşkəsə razılıq verərkən Azərbaycan əsgərinin gerçək durumundan xəbərdar olduğu kimi, müzəffər ordu quruculuğu üçün nə etmək lazım olduğunu da gözəl bilirdi.

Sonrakı illərdə Azərbaycanda Silahlı Qüvvələrin ən müasir səviyyədə, o cümlədən NATO standartlarına bərabər şəkildə tamamilə yenədən qurulması, ordu hissələrinin maddi-texniki təchizatının təkmilləşdirilməsi, hərbçilərin həyat şəraitinin yaxşılaşdırılması üçün atılan ardıcıl addımlar bunu bir daha təsdiqlədi. 1998-ci ildə isə ordumuzun gerçək "ad günü" də ona qaytarıldı. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələri günü elan edildi. 

Bu gün Azərbaycan Ordusunun istər texnika və bacarıqlı hərbi kadrlar baxımdan təchizatı ilə, istərsə də ölkəmizin güclü iqtisadi potensialının bu istiqamətdə açdığı imkanlarla həqiqətən öyünməyə dəyər. 2009-cu ildə Azərbaycanın müdafiə xərcləri 1,5 milyard dollar (1,205 milyard manat) təşkil edir. Bu, Ermənistanın hərbi büdcəsindən 4 dəfəyədək çoxdur. Üstəlik Azərbaycanın hərbi büdcəsi ölkəmizin ümumi büdcəsinin 10-11 faizini təşkil etdiyi halda, Ermənistan öz ümumi büdcəinin təxminən beşdə birini hərbi xərclərə ayırmalı olur.

Aradakı bu böyük fərq işğalçı dövləti əvvəl-axır Azərbaycanın güc faktoru ilə hesablaşmağa məcbur etməlidir. Təəssüf ki, hələlik bunu müşahidə edə bilmirik. Bununla belə, bir gerçək hər kəsə bəllidir ki, sülh danışıqları, diplomatiya yalnız və yalnız o vaxt səmərəli olur ki, onun arxasında güclü və düşmənin hesablaşdığı ordu dayansın.

Azərbaycan əsgəri Qarabağ savaşının yalnız ilk döyüşündən məğlub çıxıb, amma müharibə hələ bitməyib. Milli Ordumuz da gerçək zəfərini yalnız düşmən işğalından azad olunmuş Qarabağ torpağına ayaq basacağı gün qeyd edə bilər...

Vüqar Orxan, www.azerbaycanli.org 

 

baxılıb: 1369 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR