“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
19 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Azərbaycan Xalq Cümhuriyyəti

Azərbaycan Xalq Cümhuriyyəti

15 sentyabr Bakının azad olunduğu gündür

A+ | A-

1918-ci ildə Cümhuriyyətimizi qorumaq və Bakını erməni işğalından azad etmək üçün Azərbaycana gəlmiş Osmanlı türk ordusunun 1130 əsgəri bu yolda canını fəda etdi...

Azərbaycanın tarixində 1918-ci ilin 15 sentyabrının müstəsna yeri var. Bu, təkcə milli dövlətçiliyimizin – Azərbaycan Xalq Cümhuriyyətinin özünün başkəndinə qovuşduğu gün deyil, daha geniş kontekstdə götürdükdə, Azərbaycan və Türkiyə qardaşlığının tarix durduqca yaşayacaq möhtəşəm bir xatirəsidir.

Nə yazıqlar ki, bizlər illər uzunu, tariximizin bütün şanlı səhifələri kimi, bu qəhrəmanlıq salnaməsindən də bixəbər olmuşduq. Və nə mutlu bizə ki, illərin ideoloji basqısı altında dərbədər olmuş gerçək tariximiz, nəhayət, yerbəyer oldu, qardaş qanı ilə yazılmış bu şanlı səhifəni onun layiq olduğu şəkildə öyrənməyə, tədqiq və təbliğ etməyə başladıq. 

* * *

Birinci Dünya savaşında kritik vəziyyətdə olmasına rəğmən Osmanlı dövləti 1917-ci ilin sonundan etibarən süqut etmiş çar Rusiyasının imperiya buxovlarından qurtulmağa çalışan türk xalqlarının istiqlala qovuşması üçün addımlar atmağa başlamışdı. 1918-ci il martın 3-də bolşevik Rusiyasının dünya savaşından çıxmaq naminə imzaladığı Brest sülhünə əsasən, rusların vaxtilə işğal etdikləri türk torpaqları Qars, Ərdahan, habelə Batum Osmanlının nəzarətinə keçdi.

Bu dövrdə Zaqafqaziya Seymində azərbaycanlı nümayəndələrlə birlikdə təmsil olunan erməni və gürcü nümayəndələri Brest barışığının nəticələrini tanımaq istəmirdi. Bununla belə, erməni-gürcü qüvvələri Osmanlı ordusunun qarşısını almağa qadir deyildi və aprelin 22-də elan olunan Zaqafqaziya Federativ Demokratik Respublikası bu şərtləri qəbul etdi.

Lakin Cənubi Qafqazda vahid federativ dövlətin yaranması fiksiya idi, üstəlik yaranmış situasiya Azərbaycan üçün yaxşı heç nə vəd etmirdi. Bakı S.Şaumyanın başçılıq etdiyi bolşevik-daşnakların əlində idi və onlar 1918-ci ilin mart qırğınlarından sonra da dinc əhaliyə divan tutmaqda davam edirdilər. Azərbaycanın qərbində, Zəngəzurda, habelə Qarabağ və Naxçıvanda da erməni hərbi birləşmələri azərbaycanlılara qarşı soyqırımı aparırdı.

Buna görə də Azərbaycan nümayəndə heyəti Zaqafqaziya Seymi ilə Osmanlı arasında Batumda başlanacaq sülh konfransına böyük ümidlə baxırdı və başa düşürdü ki, yalnız Osmanlı qüvvələrinin köməyi ilə Bakını bolşevik qüvvələrindən azad etmək, erməni daşnakların qırğınlarını dayandırmaq mümkündür.

Bu xüsusda konfransa yola düşməzdən əvvəl Zaqafqaziya Seyminin müsəlman (Azərbaycan) fraksiyasının üzvü Nəsib bəy Yusifbəylinin dediyi sözlər diqqət çəkir: "Bizim bu gücsüz halımızda xarici köməyə müraciət etməkdən başqa çarəmiz yoxdur. Müstəqilliyimizin ən qəti müdafiəçisi olmağıma baxmayaraq, indiki halda biz sevinməliyik ki, buraya gələcək qüvvə bizə dost və qardaş Türkiyədir".

Azərbaycan nümayəndə heyəti Batum konfransına qardaş Türkiyədən müstəqil Azərbaycan dövləti üçün təminat almağa gedirdi.

Seymdəki erməni fraksiyası bunun qarşısını almaq üçün hər cür fəndgirliyə baş vururdu. Bakı Sovetini devirmək üçün ittifaq təklif edən daşnaklar bunun müqabilində Azərbaycan nümayəndə heyətindən Bakıda beynəlmiləl hökumətin təşkil olunması və erməni hərbi hissələrinin bir qisminin şəhərdə qalmasına razılıq almaq istəyirdilər.

Bu siyasi alverin motivi bəlli idi: Bakını müstəqil Azərbaycan dövlətinin nəzarətinə keçməsinə imkan verməmək. Təklifin müəllifi isə daşnaklarla daima əlaqədə olan bolşevik qiyafəli Şaumyan idi. Azərbaycan fraksiyası daşnakların həyasız şərtlərini rədd etdi.

1918-ci il mayın 11-də Batumda Zaqafqaziya Seymi və Osmanlı arasında danışıqlar başlandı. Konfransın gedişində alman heyəti ilə gizli görüş keçirərək onlardan müstəqillik üçün dəstək alan gürcü fraksiyası Seymdən çıxdıqlarını bəyan etdi və mayın 26-da Gürcüstanın müstəqilliyi elan olundu. Seymin müsəlman fraksiyası adekvat addım atmaq qərarına gəldi.

Azərbaycan nümayəndələri bu məsələdə özünün dil, din və qan qardaşı olan Türkiyənin yardımına ümid bəsləyirdi. Türkiyə bu ümidi doğrultdu və Osmanlının hərbi naziri Ənvər paşanın 29 yaşlı qardaşı Nuru paşanı mayın 25-də 300 nəfər hərbi təlimatçı ilə Azərbaycana köməyə göndərmək barədə qərarı Azərbaycan heyəti tərəfindən ruh yüksəkliyi ilə qarşılandı. Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi.

* * *

1918-ci il iyunun 4-də Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında "daimi sülh və dostluq münasibətləri" haqqında saziş imzalandı. Özünün ağır hərbi və iqtisadi vəziyyətdə olmasına rəğmən Osmanlı dövləti ilk gündən Xalq Cümhuriyyətinə bacardığı yardımı göstərməyə başladı. Azərbaycan hökumətinin xahişinə cavab olaraq, Osmanlı hökumətinin hərbi naziri Ənvər paşa ilk yardım kimi Azərbaycana 2 milyon türk lirəsi həcmində kredit ayırdı.

Eyni zamanda, milli hakimiyyəti bütün ölkə ərazisində bərqərar etmək üçün qardaş Türkiyənin bilavasitə əsgəri yardımı zəruri idi. İlk növbədə isə Bakı azad olunmalı və milli hökumət paytaxta köçməli idi.

Ənvər paşanın göstərişi ilə Osmanlı ordusunun beşinci diviziyası Azərbaycana göndərildi. Diviziya Gümrü-Dilican-Ağstafa yolunu döyüşlə keçərək Gəncəyə, milli hökumətə köməyə gəldi. Əhali Osmanlı qoşunlarını böyük sevinclə qarşılayır və onların gəlişini bayram edirdi. Osmanlıların beşinci piyada diviziyası və Xalq Cümhuriyyətinin hərbi nazirinin müavini, general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu əsasında Qafqaz-İslam Ordusu təşkil edildi. Nuru paşanın rəhbərlik etdiyi bu orduya türklərdən və azərbaycanlılardan ibarət 18 min əsgər və zabit daxil idi.

Şaumyanın başçılıq etdiyi və böyük əksəriyyəti erməni hərbçilərdən təşkil edilmiş Bakı Sovetinin qoşunları da hadisələri seyr etmək niyyətində deyildi. Şaumyan nəinki Bakını milli hökumətə təhvil vermək niyyətində deyildi, üstəlik Xalq Cümhuriyyətini bələkdə ikən boğmaq üçün yollar arayırdı və artıq iyunun 10-da Bakı Sovetinin ixtiyarında olan 20 minə yaxın qoşunun Gəncə istiqamətinə yürüşü başlandı.

Erməni daşnak ordusu yürüş boyu əhaliyə qarşı görünməmiş amansızlıq həyata keçirirdi. İyunun 12-də Kürdəmiri işğal edən Bakı Soveti qüvvələri Göyçaya yaxınlaşdı və burada Nuru paşanın komandanlıq etdiyi Qafqaz-İslam Ordusu ilə daşnak qüvvələri arasında qanlı döyüş oldu. İki həftə sürən döyüşlər Qafqaz-İslam Ordusunun qələbəsi ilə nəticələndi.

Bu döyüşdən sonra Qafqaz-İslam Ordusu bolşevik-daşnak birləşmələrini darmadağın edərək Bakı istiqamətində azadlıq yürüşünə başladı. İyulun 20-də bu istiqamətdə mühüm strateji məntəqə olan Şamaxı şəhəri azad edildi.

İyulun sonunda Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti istefa verməyə məcbur oldu, düşmən qiyafəsini dəyişdi və 1918-ci il avqustun 1-də Bakıda eser, menşevik və daşnaklardan ibarət yeni bir mürtəce qurum - "Sentrokaspi" diktaturası yaradıldı. Bakını nəyin bahasına olursa-olsun əldən vermək istəməyən "Sentrokaspi" diktaturası ingilis qoşunlarını köməyə çağırdı. Lakin bu onları xilas edə bilmədi.

Qafqaz-İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakı üzərinə həlledici hücuma başladı, daşnak qoşunları darmadağın edildi, xilaskar ordu Bakıya daxil oldu. Qafqaz-İslam Ordusu Bakını Cümhuriyyətə, Cümhuriyyəti isə bütün Azərbaycan millətinə qovuşdurdu.

Nuru paşanın Gəncə, Göyçay, Ağsu, Kürdəmir, Şamaxı ətrafındakı döyüşlərdən keçən zəfər yolu Bakının küçələrinə çatdı. Sentyabrın 17-də milli hökumət Bakıya köçdü, Cümhuriyyətimizin paytaxtı adını və mahiyyətini özünə qaytardı.

* * * 

Lakin qardaş ölkənin xilaskar ordusu Azərbaycanda çox qala bilmədi. 1918-ci il oktyabrın 30-da Türkiyə ilə Antanta dövlətləri arasında bağlanan Mudros müqaviləsinə görə məğlub sayılan Osmanlı qüvvələri Bakını tərk etməli idilər, onların əvəzinə şəhərə ingilis qoşunları daxil olmalı idi.

Bu qısa müddət ərzində türk hərbi kontingenti Azərbaycanın istiqlalı uğrunda əlindən gələni etmişdi, Bakının azad olunmasından sonra Azərbaycanın şimal bölgələrində, həmçinin Qarabağda apardığı savaşlarda yüzlərlə şəhid vermişdi.

Ümumilikdə 1918-ci il iyun-oktyabr aylarında Azərbaycanın istiqlalı və suverenliyi uğrunda qəhrəmanlıq mücadiləsində Qafqaz-İslam Ordusunun 4 min əsgər və zabiti şəhid olmuşdu. Onların 1130 nəfəri türk mehmetciyi – Osmanlı türk əsgəri idi.

Bu mücadilənin ən təsirli və ibrətamiz məqamı isə ondan ibarətdir ki, qardaş türk xalqı özünün möhtəşəm imperatorluğunun, 700 illik Osmanlı dövlətinin sarsıldığı və parçalanma həddinə gəldiyi bir zamanda qan qardaşlarının harayına yetişməyi, müstəqil Azərbaycan Cümhuriyyətinə yardım etməyi özünə vəfa borcu bilmişdi. Üstündən bir il ötəcək və 1919-cu ilin 19 mayısında böyük Atatürkün komandanlığı ilə Türkiyə Cümhuriyyətinin qurtuluş savaşı başlanacaqdı...

1918-ci il noyabrın 17-də səhər axırıncı türk əsgərləri Bakını tərk etdi. İki ay öncə onları sevinc və coşğu ilə qarşılayan əhali hüzn və kədərə qərq olmuşdu. Elə həmin gün general Tomsonun başçılıq etdiyi ingilis qoşunları Bakıya daxil oldu. Qardaş ölkənin xilaskar ordusu ilə vidalaşan Bakı ingilis hərbçilərini qaşqabaqlı qarşıladı. Çünki onların niyyəti də, məramı da fərqli idi.

Daha sonra Bakı küçələrindəki ingilisləri rusların XI ordusu əvəz etdi. Amma bunların heç biri 1918-ci ilin 15 sentyabrının təkrarı deyildi və ola da bilməzdi.

Baxmayaraq ki, 70 ilə yaxın bir müddətdə bəlli ideologiya bizlərə məhz XI rus ordusunun xilaskar olduğunu aşıladı, Bakımızın mərkəzində ona abidə də qoyduq. Lakin 1990-cı ilin 20 yanvarı bu saxta tarixi də, ona ucaldılmış qondarma abidəni də zamanın küllüyünə tulladı.

* * *

Bəli, tarix gec-tez hər şeyi öz yerinə qoyur və 70 ilin ideoloji örtüyünün gizlətdiyi gerçək, kitab və dərsliklərimizdən çıxarılsa da, qan yaddaşımızdan heç zaman silinməmiş o qəhrəmanlıq salnaməsi müstəqillik tariximizdə haqq etdiyi yerini tutdu.

Gerçək tariximizlə yanaşı, həmin tarixi öz qanları ilə yazmış şəhid qardaşlarımızın xatirəsi də bərpa olundu. 1999-cu il sentyabrın 15-də Bakının Şəhidlər xiyabanındakı məzarların yanında möhtəşəm bir abidə ucaldıldı. 1918-ci ilin sentyabrında Bakını daşnaklardan azad edərkən şəhid olmuş türk əsgərləri azərbaycanlı şəhid qardaşları ilə birlikdə burada, vaxtilə Çəmbərəkənd adlanan qəbiristanlıqda torpağa tapşırılmışdı.

1918-ci il mayın 25-dən noyabrın 17-dək davam etmiş və Gəncədən Bakıyadək uzanmış savaş yolu boyunca türk mehmetciklərinin gömüldüyü çoxlu adsız məzarlıq mövcuddur ki, onların da üzərində belə xatirə abidələri ucaldılıb.

Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş 1130 türk əsgərinin xatirəsinə ucaldılan bu qranit abidələr heç vaxt sarsılmayacaq Türkiyə-Azərbaycan qardaşlığının simvolu kimi gələcək nəsillərə tarixdən dərs verəcək daş kitabələrdir. Qoy Azərbaycanın hər yeni nəsli bu qranit kitabələrin üzərində həkk olunmuş tariximizi diqqətlə oxusun və unutmasın.

* * *

...Qəhrəman türk əsgərlərinin Azərbaycanın istiqlalı uğrunda mücadilə apardığı qızmar günlərdən düz  83 il sonra, 2001-ci il avqustun 24-də Bakıda misli görünməmiş bir qələbəlik vardı. Yüz minlərlə insan türk hərbçilərinin Bakıya gəlişini salamlamaq üçün şəhərin küçə və meydanlarında idi.

1918-ci ilin yayında istiqlalımızı qoruyan Osmanlı ordusunun xələfləri, Türkiyə Cümhuriyyətinin mehmetcikləri bu dəfə Azərbaycanın paytaxtında günəşdə bərq vuran al-bəyaz təyyarələrdə gəlmişdilər. Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra ona yardımını əsirgəməyən, Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasında yaxından iştirak edən (Türkiyənin köməyi ilə yaradılmış Azərbaycan Ali Hərbi Məktəbinin həmin gün ilk məzuniyyət törəni idi) qardaş dövlət özünün şahinlərini, "Türk ulduzları"nı Bakıya göndərmişdi.

Türkiyə Silahlı Qüvvələrinin ali pilotaj eskadrilyasının paytaxt üzərində nəfəs kəsən uçuşlarının, məncə, çox mühüm bir simvolik anlamı da vardı: Türkiyə dövləti və onun qüdrətli Silahlı Qüvvələri hər zaman Azərbaycanla, Azərbaycan xalqı ilə bir yerdədir və onun istiqlalı naminə hər fədakarlığa hazırdır.

O zaman paytaxt səmasındakı möhtəşəm mənzərəni izləyən hər kəsin içində müqəddəs bir arzu baş qaldırmışdı: kaş bu zəfər uçuşlarını işğal altında olan torpaqlarımızın, Qarabağın səması üzərində müşahidə edək! Bu arzunun bitməyən həyəcanını bu gün də yaşamaqdayıq.

Çünki Türkiyə və Azərbaycan qardaşlığının bir vəfa borcu daha var - Qarabağı işğaldan azad etmək. Həmin günü o taylı, bu taylı - bütün türk milləti səbirsizliklə gözləyir! İnşallah. Amin. 

P.S. Bu gün dünyanın əksər paytaxtlarının məxsusi bayramı, böyük təmtəraqla qeyd olunan "şəhər günü" var. Zənnimcə, bizim üçün belə bir günü axtarmağa ehtiyac yoxdur. 15 sentyabr - Bakının qurtuluşu, cümhuriyyətə qovuşduğu gün tarixin bizə verdiyi ən böyük bayramdır.

 

Vüqar Orxan (Əliyev) 

“Bizim Əsr” qəzeti, sentyabr 2004, №35. 

 

baxılıb: 1581 dəfə

FOTO

Siz bu yazıya rəy bildirə bilərsiniz.

"rəy bildir" düyməsini tıklamadan öncə
şəkildəki işarələri daxil edin

DİGƏR XƏBƏRLƏR