“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
18 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Dağlıq Qarabağ münaqişəsi

1997-ci il - xronika

A+ | A-

1 yanvar 1997 - Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunda həmsədr ölkə olan Finlandiyanı Fransa (ikinci həmsədr ölkə Rusiya idi) əvəz edib. Dəyişiklik Azərbaycanla razılaşdırılmamışdı. Rəsmi Bakı buna etiraz edib və alternativ olaraq ABŞ-ın həmsədrliyini irəli sürüb. Nəticədə Minsk Qrupunda üçlü həmsədrlik (Rusiya, ABŞ, Fransa) formalaşdı.

 

15 fevral 1997 - Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk qrupuna üçüncü (Rusiya və Fransadan sonra) həmsədr olaraq qəbul olunub. Erməni tərəfin Fransanın Minsk qrupunda ikinci həmsədr olmasında israrını davam etdirəndən sonra Azərbaycan da öz növbəsində ABŞ-ın namizədliyini irəli sürmüşdü. Belə olan halda kompromis variant kimi üçlü həmsədrlik formatı qəbul olundu. Həmin vaxtdan Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq vasitəçilik bu formatda fəaliyyət göstərir.

 

15 mart 1997 - Milli Məclis Rusyianın Ermənistana gizli silah satması ilə bağlı bu ölkənin rəhbərliyinə etiraz bəyanatı göndərib. Rusiyanın 1994-1997-ci illərdə Ermənistana 1 milyard dollar dəyərində silah satması barədə faktlar Rusiya Dövlət Dumasının deputatı Lev Roxlin tərəfindən açıqlanmışdı.

 

2 aprel 1997 - Rusiya Dövlət Dumasının Müdafiə məsələləri komissiyasının sədri Lev Roxlin Rusiyadan Ermənistana gizli olaraq 1 milyard dollar məbləğində silah satışı barədə hesabatla çıxış edib. Hesabat Rusiyanın siyasi dairələrində böyük qalmaqal doğurdu. Azərbaycan Ermənistana gizli silah satışı ilə bağlı Rusiyadan izahat istədi, iki ölkənin münasibətləri kəskinləşdi. Bir qədər sonra isə general Roxlin öz evində müəmmalı şəkildə qətlə yetirildi.

 

4 aprel 1997 - Milli Məclis Rusiyanın Ermənistana gizli silah satışı ilə bağlı prezident Boris Yeltsinə, Dövlət Dumasının sədri Gennadi Seleznyova və Federasiya Şurasının sədri Yeqor Stroyevə müraciət edərək məsələyə aydınlıq gətirilməsini tələb edib. Azərbaycan parlamentinin nümayəndə heyəti məsələni müzakirə etmək üçün Moskvaya gedib.

 

1 iyun 1997 - ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) regiona səfər gedişində Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistana kompleks plan təklif ediblər. Bu, beynəlxalq vasitəçilərin Qarabağ nizamlanmasına dair tərəflərə rəsmən təqdim etdikləri ilk plan idi. Təklifin başlıca ideyası iki əsas məsələ ilə bağlı paralel danışıqların aparılmasından ibarət idi: işğal olunmuş ərazilərdən silahlı qüvvələrin çıxarılması və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi.

 

20 iyun 1997 - ABŞ-ın Denver şəhərində keçirilən "Böyük 8-lik" sammitində ABŞ, Rusiya və Fransa prezidentləri Bill Klinton, Boris Yeltsin və Jak Şirak Qarabağ münaqişəsinin nizamlanması barədə birgə bəyanat veriblər.

Hər üç ölkə ATƏT-in Minsk Qrupunun həmsədləri olaraq vasitəçilik səylərinı fəallaşdırmaq niyyətini ifadə ediblər və Qarabağ nizamlanması üzrə təklif olunan layihəni ("Paket həll") dəstəklədiklərinin bildiriblər. 

 

2-4 iyul 1997 - Prezident Heydər Əliyev Rusiya Federasiyasına rəsmi səfərə gedib. Səfər gedişində iki ölkə arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" müqavilə, ikitərəfli münasibətlərin müxtəlif sahələri üzrə hökumətlərarası sazişlər imzalanıb. Bu arada Rusiyanın Ermənistana 1 milyard dollarlıq gizli silah verməsi faktının üzə çıxması şimal qonşumuzun Azərbaycanla dostluğa necə "sadiq olduğunu" göstərirdi.

 

18 iyul 1997 - ATƏT-in Minsk Qrupunun həmsədrləri "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə hərtərəfli saziş" layihəsini -"Paket həll" planını - Azərbaycan və Ermənistana rəsmən təqdim ediblər. Azərbaycan layihəni ümumən qəbul etsə də, Ermənistan onu rədd etdi.

 

19-23 sentyabr 1997 - ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni təkliflərlə - "mərhələli həll" planı ideyası ilə regiona səfər ediblər. 

Yeni layihə münaqişənin ikimərhələli həllini əks etdirirdi:

birinci mərhələdə Laçın istisna olmaqla, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən altı rayondan erməni silahlı qüvvələrinin çıxarılması, köçkünlərin öz torpaqlarına qaytarılması və münaqişə ərazisində kommunikasiya əlaqələrinin bərpa edilməsini nəzərdə tuturdu. 

İkinci mərhələdə isə Laçın və Şuşanın, eləcə də Dağlıq Qarabağın statusunun müəyyən edilməsi nəzərdə tutulurdu. Yeni saziş layihəsi Azərbaycan üçün əvvəlkindən daha məqbul idi və oktyabrın 1-də rəsmi Bakı bu təklifi danışıqlara başlamaq üçün əsas kimi qəbul etməyin mümkün olduğunu bildirdi.

 

10 oktyabr 1997 - Fransanın Strasburq şəhərində Avropa Şurasının sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Levon Ter-Petrosyan arasında görüş keçirilib. Görüşdən sonra prezidentlər birgə bəyanatla çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT Minsk Qrupu həmsədrlərinin hazırladıqları "mərhələli həll" layihəsinin prinsiplərini qəbul etdiklərini bildiriblər. Bundan sonra Ermənistanda L.Ter-Petrosyan əleyhinə çıxışlar başladı.

 

2 dekabr 1997 - ATƏT-in Minsk Qrupunun həmsədrləri "Dağlıq Qarabağ silahlı münaqişəsinin dayandırılması haqqında" saziş layihəsinin son mətnini - "Mərhələli həll" planını - Azərbaycan və Ermənistana rəsmən təqdim ediblər. Azərbaycan sənədi qəbul edib. Ermənistan prezidenti Levon Ter-Petrosyan sənədə razılıq versə də, Rusiyaya bağlı qüvvələrin (baş nazir Robert Koçaryan, müdafiə naziri Vazgen Sarkisyan, təhlükəsizlik naziri Serj Sarkisyan) təzyiqi altında 1998-ci ilin yanvarında istefa verməyə məcbur oldu. Ermənistanın yeni rəhbərliyi (R.Koçaryan) layihəni rədd etdi.

 

18 dekabr 1997 - Prezident Heydər Əliyev "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərman imzalayıb. Fərmanda 100 minə yaxın azərbaycanlının ata-baba yurdlarından deportasiyasına dair SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarlarına siyasi qiymət verilir, bu deportasiya aktlarının XIX əsrin əvvəlindən başlayaraq azərbaycanlılara qarşı həyata keçirilmiş təqib, terror və soyqırımı siyasətinin tərkib hissəsi olduğu vurğulanırdı. 

 

baxılıb: 1251 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR