“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
21 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

İşğal olunmuş rayonlar

Şuşa rayonu

A+ | A-

Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibində rayon, 1992-ci il mayın 8-də işğal olunub...

Yaranma tarixi - 08.08.1930

Ərazisi - 0,29 min km2

Əhalinin sayı - 27,2 min nəfər (1 yanvar 2007-ci il)

Əhalinin sıxlığı - 1 km2 94 nəfər (1 yanvar 2007-ci il)

Şuşa rayonu ilə Bakı arasında olan məsafə - 373 km.

 

Ümumi məlumat (işğaldan öncə): 

Ümumi ərazi, [kv.km] - 290.00

Əhalinin ümumi sayı - 25726

Kəndlərin sayı - 31

İri və orta müəssisələrin sayı - 12

Məktəbəqədər uşaq müəssisələrinin sayı - 7

Ümumtəhsil məktəblərinin sayı - 25

Texniki, orta ixtisas və peşə məktəblərinin sayı - 5

Xəstəxanalar və tibb müəssisələrinin sayı - 2

Mədəniyyət ocaqlarının sayı - 70

 

Tarixi haqqında qısa məlumat

Ətraf səfalı meşələr, sərin bulaqlar, havası uşaq məsun qəlbi kimi pak olan Şuşanın yaşı çox deyilsə də tarixi bir şəhərdir. Şuşa şəhərinin binasını Qarabağlı Pənah xan qoymuşdur.

Pənah xan 1693-cü ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdur. Pənah xan gənc yaşlarından İran şahı Nadirin ordusunda xidmət edərək qəhrəmanlıqla ad çıxarmışdır. Onun igidliyini nəzərə alan Nadir şah Pənah xanı ordularından birinə sərkərdə təyin etmişdir.

Lakin Pənah xanın paxıllığını çəkən saray əyanları Nadir şahı inandırlar ki, guya Pənah xan şahı öldürüb İran taxtına sahib olmaq istəyir. Nadir şah bu yalan xəbərə inanıb Pənah xanın qardaşını öldürür. Vəziyyəti belə görən Pənah xan şah sarayından qaçır.

1747-ci ilin iyunun 19-da saray çəkişmələri nəticəsində Nadir şah Əfşar öz çadırında xaincəsinə öldürüldü. Nadir şahın ölümündən sonra İran dövləti parçalanır. Bu vaxt Azərbaycanda Gəncə, Şəki, Şirvan, Bakı və başqa xanlıqlar yaranır. Pənah xan da Qarabağda Cavanşirlər, Otuzikilər və s. türk tayfalarının köməyi ilə Qarabağ xanlığının əsasını qoydu.

Pənah xan İran tərəfdən gec-tez Qarabağ xanlığına hücum ediləcəyini düşünüb alınmaz bir qala tikməyi qərara aldı. Belə bir qala yeri tapmaq üçün xanın bir neçə nəfər bilici və məlumatlı adamı dağ silsilələrini gəzib indiki Şuşa şəhərinin yerləşdiyi yeri tapırlar.

Beləliklə 1750-ci ildə Qarabağın ən səfalı guşəsində, uca dağ qoynunda yeni qalanın bünövrəsi qoyuldu. Pənah xan Təbriz, Ərdəbil və başqa şəhərlərdən məşhur ustalar gətiritdi və hasarın içərisində yeni binalar və özü üçün saray tikdirdi.

Pənah xan qalanın Şimal və Şərq hissəsini yüksək hasar ilə əhatə etdirdi. Qalanın "İrəvan" və "Gəncə" adlı iki möhkəm qapısı var idi. Qapılar səhərlər açılar, axşamlar isə bağlandıqdan sonra kimsə şəhərə buraxılmazdı. Yerli əhali şəhəri Pənah xanın şərəfinə olaraq "Pənahabad" adlandırdılar. Bu ad ilə də o dövrdə Azərbaycan xanları arasında birinci dəfə olaraq 15 qəpik qiymətində gümüş pul kəsilməyə başladı.

Lakin tarixçilərin dedikləinə görə bu ad sonralar öz əhəmiyyətini itirərək şəhər "Şuşa Qalası" adlandırılmışdır.

Bəzi tarixçilərin dediyinə görə Şuşa şəhəri hündür qayalıqlar üzərində yerləşdiyindən, şəhərin adı da elə buradan - Şiş, uca sözündən götürülüb.

Deyilənə görə Ağa Məhəmməd Şah Qacar Şuşanı mühasirədə saxladığı dövrdə qasidlə İbrahim xana belə bir məktub göndərir: "Fələyin mancanağından fitnə dağı yağırkən, sən axmaqcasına Şişə içərisində qərar tutmusan". İbrahim xan isə Vaqifin vasitəsilə Qacara belə bir cavab yazır: "Əgər məni himayə edən mən tanıdığımdırsa (yəni Allahdırsa) şişəni daşın fəsadından qoruyacaqdır".

Pənah Əli xanın ölümündən sonra oğlu İbrahim Xəlil xan 1760-cı ildən 1806-cı ilədək Qarabağın hakimi oldu.

1795-ci ildə İran şahı Ağa Məhəmməd şah Qacar Şuşanı işğal etmək məqsədilə yaxın qohumu Süleyman xanın komandası altında Şuşa şəhərinə 8 minlik ordu göndərdi. Süleyman xan Şuşa ətrafında böyük məğlubiyyətə düçar olaraq 20 nəfərlə güclə canını qurtardı.

Bu hadisədən bir qədər sonra, yəni 1795-ci ilin avqust ayında Ağa Məhəmməd şah Qacar 85 minlik ordu ilə Xudafərin körpüsü ilə Araz çayını keçərək Şuşa üzərinə hücuma keçdi. İbrahim xan şəhərin müdafiəsinə özü rəhbərlik edirdi. O, az bir vaxt içərisində 15 min nəfərlik qoşun toplaya bilmişdi.

Ağa Məhəmməd şah Şuşaya yaxınlaşaraq onu üzük qaşı kimi mühasirəyə almışdı. Fransız zabitlərinin komandanlıq etdiyi düşmən topları Şuşanı 30 gün atəşə tutdu. Qacarın qoşunu şəhərə bir neçə dəfə hücuma keçdi, nə düşmən toplarının dolu kimi yağdırdığı mərmiləri nə də, sərbazların nizələri şəhərin istehkamlarını dağıda bilmədi. Ağa Məhəmməd şah şəhəri 33 gün mühasirədə saxladısa da xalqın iradəsini qıra bilmədi.

1797-ci ilin yazında Ağa Məhəmməd şah 100 minlik ordu ilə yenidən Şuşa üzərinə hərəkət etdi. Bu dövrdə Qarabağın vəziyyəti çox ağır idi. 2 ildən bəri davam edən müharibə əhalini ağır vəziyyətə düçar etmişdi. İbrahim xanın qoşunu aclığa davam etmir, qaçıb dağılırdı. Belə bir vəziyyətə düçar olan İbrahim xan öz ailəsi və yaxın qohumları ilə birlikdə Avar hakimi Ümma xanın yanına getdi.

Qala başlı-başına buraxıldığından Ağa Məhəmməd şah hec bir müqavimətə rast gəlmədən şəhərə daxil oldu. Elə həmin gecə 12 may 1797-ci il tarixdə şah öz qapıçısı Səfərəli bəy və xidmətçisi Abbas bəy tərəfindən öldürüldü. Bu hadisədən sonra İran ordusu Qarabağdan geri çəkildi. 2 ay sonra isə İbrahim xan yenidən Şuşaya qaydır. 1806-cı ilin 2 iyun taixində gecə mayor Lisanoviçin dəstəsi İbrahim xanın yaşadığı mənzilə gəlir və İbrahim xan bir neçə ailə üzvü və yaxın adamları ilə birlikdə qətlə yetirir.

1813-cü il okytabrın 12-də Qarabağın Gülüstan kəndində İran şahı ilə Rusiya arasında sülh müqavilənaməsi bağlandı. Həmin sülhün şərtlərinə görə İran hökuməti bir neçə xanlıqlarla bərabər mərkəzi Şuşa şəhəri olmaqla Qarabağ xanlığının Rusiya hakimiyyəti altında qalmasını təsdiq etdi.

XIX əsrin ikinci yarısından başlayaraq Şuşa şəhəri Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafında mühüm rol oynamışdı. Həmin vaxtdan etibarən Şuşa ticarətinə sənətkarlığın və mədəniyyətin inkişafına və əhalisinin çoxluğunda görə Azərbaycanda birinci və Zaqafqaziyada isə Tiflisdən sonra ikinci şəhər sayılırdı. Təsadüfi deyildi ki, o dövrdə Şuşaya "Bala Paris" adı vermişdilər.

Şuşanın inzibati mərkəz olması onun iqtisadi cəhətdən yaxşı inkişaf etməsi, həm də şəhərin füsunkar coğrafi mövqeyi buranın uzun müddət Azərbaycanın elm, poeziya, xüsusilə musiqi mədəniyyəti mərkəzi olmasına böyük təsir göstərmişdir. Azərbaycan xalqının mədəniyyət tarixində ilk dəfə olaraq teatr, sirk tamaşaları, Avropa və Şərq konsertləri, musiqi, elm, maarif və bir çox sənət məclisləri, bundan əlavə mətbəə, kitabxana, "Realnı" uçiliş, "Qorodskoy" uçiliş, seminariya və bir sıra mədəni maarif müəssisələri Şuşada yaranmışdır. Şuşada ilk teatr tamaşaları 1848-ci ildə göstərilmişdir. O zaman teatrda Mirzə Fətəli Axundovn komediyaları oynanılırdı.

Şuşa Azərbaycanın mədəniyyət mərkəzlərindən biridir. Şuşa sağlamlıq şəhəri, istedadlar məskənidir. Şuşanın Azərbaycana verdiyi istedadları heç bir şəhər verməmişdir. Azərbaycan Respublikası Elmlər Akademiyasının topladığı məlumata görə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsvəxənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur. Bu böyük ziyalı dəstəsi Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə və burada inkişaf etdirməkdə böyük rol oynamışlar.

XX əsrdə Şuşanın bir kurort şəhəri kimi inkişafında Azərbaycanın rəhbəri Heydər Əliyevin böyük əməyi olmuşdur. H.Əliyev Azərbaycan KP MK-nin birinci katibi təyin olunduqdan sonra Şuşanın inkişafı ilə əlaqədar bir sıra qərar və sərəncamlar imzalamışdır:

Azərbaycan AP MK və Azərbaycan Nazirlər Sovetinin 360 nömrəli 4 noyabr 1976-cı il tarixli "Şuşa şəhərində kurort kompleksinin daha da inkişaf etdirilməsi sahəsində tədbirlər haqqında" qərarı, Azərbaycan SSR Nazirlər Sovetinin 10 avqust 1977-ci il tarixli 280 nömrəli "Bakı şəhərində "İçəri şəhər"in və Şuşa və Ordubad şəhərlərinin tarixi hissələrinin tarix-arxitektura qoruqları elan edilməsi haqqında" qərarı, Azərbaycan SSR Nazirlər Sovetinin 10 dekabr 1981-ci il tarixli 629 nömrəli "Şuşa şəhərində Şəkil Qalereyasının yaradılması haqqında" sərəncamı, Azərbaycan KP MK-nin və Azərbaycan Nazirlər Sovetinin 01 noyabr 1978-ci il tarixli 413 nömrəli "1981-1985-ci illərdə görkəmli inqilabçılara, partiya, dövlət xadimlərinə və ictimai xadimlərə və mühüm tarixi hadisələrə həsr olunmuş abidə və obelesklərin qoyulması sahəsində işlərin başa çatdırılması haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 31 iyul 1978-ci il tarixli 279 nömrəli sərəncamı.

Bu qərarlar şəhərin sosial-iqtisadi və mədəni inkişafında mühüm rol oynamışdır.

Lakin bədnam qonşularımız olan erməni millətçilərinin təhriki ilə erməni-rus birləşmələri tərəfində 1992-ci il mayın 12-də Şuşanın işğalı zamanı üç əsr ərzində şəhərdə ucaldılmış tarixi-memarlıq incəsənət və dini abidələr darmadağın edilmiş, şəhər xarabazara çevrilmişdir. Müharibə dövründə 197 şuşalı şəhid olmuş, 300 nəfər isə müxtəlif dərəcələrdə xəsarət alaraq əlil olmuşlar.

* * *  

İstirahət və turizm zonaları

Şuşa havasının tərkibi, təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəridir. Bu baxımdan, nəinki, Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət güşələrinə görə məşhur idi.

Yay aylarında təbiətin qoynundakı istirahət zonalarında adam əlindən tərpənmək olmurdu. Turşsu yayalaqları, Səkili bulağı, İsa bulağı, Yuxarı Daşaltı (Şəmilin bulağı), əfsanəvi "Cıdır düzü" yerli camaatın və oraya təşrif buyuran qonaqların ən sevimli yeri idi.

Turşsu istirahət və müalicə zonası kimi tanınırdı. Şuşadan 40 km aralıda - Laçın yolunun üstündə yerləşir. Sol tərəfdən isə Daşaltı çayı axır. Yay aylarında respublikanın müxtəlif yerlərindən buraya gəlib, alaçıq qurur, həm də müalicə olunurdular. Turşsu şəfalı və müalicəvi vannaları ilə məşhur idi.

Şuşanın gəzməli, görməli yerləri həddindən artıq çox idi. Onlardan biri də Yuxarı Daşaltıdır. Xalq arasında bu istirahət zonasına Şəmilin bağı da deyirdilər. Bu yerin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, istirahət guşəsi Daşaltı çayının üstündə, "Ağzıyastı kaha" yerləşən Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşir.

Doğrudan da, Şuşa təbiətin bizə bəxş etdiyi bir möcüzədir. Tarixi abidələrlə zəngin olan bu şəhər dağlarla, sıldırım qayalarla əhatə olunub. O vaxtkı SSRİ-nin ən ucqar yerlərindən dünya şöhrətli kurort şəhəri kimi məşhur olan Şuşaya təşrif buyuran turistlərin ən sevimli yerlərindən biri də əvəzsiz və əsrarəngiz təbiətə malik əfsanəvi "Cıdır düzü" idi.

"Cıdır düzü"nün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə "Üçmıx" adı verilib.

Sanatoriya və istirahət evlərində dincələn turistlər daim həmin yerlərə gəzintilərə çıxır, təbiətin Şuşaya bəxş etdiyi gözəllik qarşısında öz təəccüblərini gizlədə bilmirdilər. Əhalinin və turistlərin əsas istirahət yerlərindən biri də "Cıdır düzü" idi. Hər il may aylarında "Xarı-büldül" mahnı festivalları "Cıdır düzü"ndə keçirilirdi. Çal-çağır, musiqi sədaları hər tərəfə yayılırdı. Bir tərəfdən saf, mülayim hava, gül-çiçəklərin qoxusu, digər yandan da Şuşa pəhləvanlarının çıxışları, at çapan igidlərin yarışı bura gələnləri valeh edirdi.

Şuşalıların idmana da böyük marağı var idi. "Qala" futbol komandasının şəhərin mərkəzində kiçik bir meydançası var idi. Bundan başqa, "Cıdır düzü"ndə yerləşən idman kompleksində hər il yaz aylarında şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futbol yarışları keçirilirdi. Həmin kompeksdə məktəblilər arasında hərbi-vətənpərvərlik mövzusunda "Üfüqdə parıltı" idman oyunları təşkil olunurdu. Voleybolçu qızlar da həmişə uğurlar əldə edirdi. Onlar 1986-cı ildə 1970-1971-ci il təvəllüdlü qızlar arasında keçirilən Respublika çempionatında Azərbaycan çempionu adına layiq görülmüşdülər.

Sağlamlıq məktəbində yerləşən idman qurğularında isə dzüdoçular, güləşçilər, pəhləvanlar fəaliyyət göstərirdilər.

* * *

Tarixi və memarlıq abidələri

1. Qala divarı (uzunluğu 8 km)
2. Qala Divarları üzərində tikilmiş bürclər (17 ədəd)
3. 17 qədim üslübda salınmış məhəllə
4. 17 məscid
5. 17 bulaq
6. 17 hamam
7. Meydan bulağı
8. İsa bulağı
9. Saxsı bulaq
10. Turşsu Qalereyası
11. Karvansaray (4 ədəd)
12. Şahlıq körpüsü
13. Gəncə qapısı
14. Mirzə Həsən qəbiristanlığı
15. Şor bulaq
16. Mirfəseh qəbiristanlığı
17. Rasta bazar
18. Torpaq meydan
19. Zarıslıda Korun karvansarayı
20. Təzə məhəllədə körpü
21. Ü.Hacıbəyovun heykəli
22. Bülbülün büstü
23. H.Hacıbəyovun büstü
24. Cıdır düzü
25. Topxana meşəsi
26. Ağaböyük Xanımın bürcü
27. Malıbəylidə Qızlar məktəbi
28. Un dəyirmanı
29. Kəlba Şəhriyarın bağı
30. Mirfəseh bağı
31. "Həzrət Əli" kahası
32. "Qızıl qaya"
33. Səkili bulağı
34. Qotur bulağı
35. Şəmilin bağı
36. Hacıyevlərin armud bağı
37. Ağabəyim Ağanın qəsri
38. Bəhmən Mirzə Qacarın saray kompleksi
39. Bəhmən Mirzənin hərəmxanası
40. Bəhmən Mirzə Qacarın tikdirdiyi "Bab" hamamı
41. Qacarların məqbərə kompleksi
42. Qulam Şahın malikanəsi
43. Əsəd bəyin malikanəsi
44. Mamay bəyin malikanəsi
45. Şeytana bazar
46. Əfsanəvi Leyli qalası
47. Çuxur məhəllədə 2 minarəli "Şəfa ocağı"
48. Məhəmməd Həsən Ağanın imarəti
49. Qarabağ xanlığının Divan kompleksi
50. "Həzrət Abbas Şəfa ocağı"
51. Dəlik-daş pilləkan kompleksi
52. Qarabaş Qazisinin mülkü
53. Şuşa Ovdan bulağı
54. Vaqif poeziya evi
55. M.P.Vaqifin məqbərəsi
56. M.P.Vaqifin müəllimlik etdiyi bina
57. M.P.Vaqifin büstü
58. M.P.Vaqifin evi
59. Xan qızı Xurşud Banu Natəvanın sarayı
60. Xan qızı Xurşud Banu Natəvanın bulaq kompleksi
61. X.B.Natəvanın büstü
62. X.B.Natəvanın tikdirdiyi "Qarama"
63. X.B.Natəvanın tikdirdiyi həbsxana
64. Aşağı Gövhər Ağa Məscidi
65. Yuxarı Gövhər Ağa Məscidi
66. Malıbəyli Məscidi
67. Qaybalı Məscidi
68. Şırlan məscidi
69. Alban kilsəsi
70. Rus kilsəsi
71. Hacı Qulamın mülkü
72. M.M.Nəvvabın mülkü
73. M.M.Nəvvabın abidə kompleksi
74. Nəcəfqulu Ağanın mülkü
75. Ağa-Əbdürrəhim Ağanın evi
76. Hacı Bəşirin mülkü
77. Cabbar Qaryağdı oğlunun mülkü
78. Mirzə Hüseynin mülkü
79. Mirəlibəyin mülkü
80. Seyid Məcidin mülkü
81. Kəlba Şirinin mülkü
82. Öpənnik Qara Zeynalın mülkü
83. Fərzalı bəyin mülkü
84. Allahverənli Kəlba Şirinin mülkü
85. Çuxur məhəllədə Kal Həsənin evi
86. Təzə məhəllədə Xayatlılar Mehdinin evi
87. Çuxur məhəllədə Kürd uşağının evi
88. Məşədi Qəhrəmanın mülkü
89. Quyruq məhəlləsində Məşədi Teymurun evi
90. Mehmandarovun ev kompleksi
91. Zöhrabbəyovların evi
92. İbrahim xanın mülkü
93. Sadıqcanın qəsri
94.Uluq bəyin evi
95. Quyruq məhəlləsində Sadıq bəyin mülkü
96. Cəlal bəyin evi
97. Nəcəf bəy Vəzirovun mülkü
98. Virudin bəy Köçərlinin mülkü
99. Süleyman Sani Axundovun mülkü
100. İsmayıl bəyin evi
101. Məşədi Şirinin mülkü
102. Gəraf Əsgərovun mülkü
103. Ağamirovların mülkü
104. Hüsü Hacıyevin mülkü
105. Hüsü Hacıyevin büstü
106. Kəlba Hüseynin evi
107. Yusif Vəzir Çəmənzəmənlinin mülkü
108. Mir Həsən Vəzirovun mülkü
109. Qaraşovların mülkü
110. Hüseyn Qayıbovun mülkü
111. Q.B.Zakirin yaşadığı ev
112. Q.B.Zakirin qəbirüstü abidəsi
113. Hacı Dadaşın mülkü
114. Əbdülrəhim bəy Haqverdiyevin evi
115. Hacı Şükürün imarəti
116. Qədimovların mülkü
117. Ü.Hacıbəyovun ev muzeyi
118. Bülbülün ev muzeyi
119. Xalça muzeyi
120. Rəsm Qalereyası 
121. Tarix Diyarşünaslıq muzeyi
122. Qarabağ Dövlət tarixi muzeyi
123. Azərbaycanda ilk "realnı uçiliş"in binası
124. Yaşıl aptek
125. Mədəniyyət evi
126. Külli miqdarda gümüş və mis qablar
127. İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi (Gövhər Ağanın məscdinin həyətində)
128. Qarabağ xanlığının vəziri Mirzə Cəmal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi
129. Tarixin yaddaşı olan Daş Kitabələr

Qeyd: Şəhərdə 17 məhəllə, hər məhəllənin öz məscidi, bulağı və hamamı olmuşdur.

Məhəllənin adları:

1. Urudlar
2. Seyidli
3. Culfalar
4. Quyuluq
5. Çuxur
6. Hacı Yusifli
7. Dördlər Qurdu
8. Dörd Çinar
9. Çöl Qala
10. Köçərli
11. Mamayı
12. Merdinli
13. Saatlı
14. Dəmirçilər
15. Hamamqabağı
16. Təzə məhəllə
17. Xocamircanlı

* * *

Kütləvi informasiya vasitələri

"Şuşa" qəzeti fəaliyyətinə 1932-ci ildə başlamışdır. Həmin dövrdə qəzet Azərbaycan KP Şuşa Rayon XDS İcraiyyə Komitəsinin orqanı olaraq "Kolxoz Bayrağı" adı altında nəşr olunmuş, 1969-cu ildən isə "Şuşa" qəzeti adlanmışdır. Qəzet hal-hazırda Bakı şəhərində fəaliyyət göstərir.

"Şuşa" radiosu və "Şuşa" televiziyası Şuşanın işğalı ilə bağlı fəaliyyətlərini dayandırmışlar.

* * *

Görkəmli şəxslər haqqında məlumat

Şuşa məşhur ədiblərin, şairlərin, görkəmli bəstəkarların, incə səsli xanəndələrin Vətənidir.

 * * *

Azərbaycan ədəbiyyatında tənqidi realizmin və satirik ədəbi cərəyanın ilk bünövrəsini qoyanlardan biri olan Qasım bəy Zakir (1784-1857) Şuşada doğulmuşdur. Şuşanın yetişdirdiyi istedadlardan biri Xurşud banu Bəyim (Natəvan) (1830-1897) XIX əsrin ən görkəmli Azərbaycan şairəsidir. O, Qarabağda "Xan qızı" adı ilə məşhur olmuşdur. Natəvan həm şairə, həm də rəssam idi.

 * * *

XIX əsrin qabaqcıl şəxslərindən olan Mir Möhsum Nəvvab (1833-1918) Şuşada anadan olmuşdur. O, şair, rəssam, musiqişünas, astronom, xəttat, nəqqaş, dülgər, kimyagər, riyaziyyatçı və hipnozçu idi.

 * * *

Şuşanın yetişdirdiyi məşhur sənətkarlardan biri də XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəcəf bəy Vəzirovdur (1854-1926). N.Vəzirov realist sənətkar, tragediya janrının banisi kimi tanınmaqla yanaşı istedadlı publisist və ilk felyetonist kimi də məşhurdur.

 * * *

Şuşa şəhərində mədəniyyətin, xüsusilə incəsənətin inkişafında Əbdürrəhim bəy Haqverdiyevin (1870-1933) böyük xidmətləri olmuşdur. M.F.Axundovun, N.Vəzirovun ənənələrini davam etdirən Haqverdiyev mədəniyyət tariximizdə istedadlı dramaturq, nasir, rejissor və görkəmli alim kimi məşhurdur.

 * * *

Son dərəcə gözəl, maraqlı hekayətləri və tarixi romanları ilə Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yeri olan istedadlı ədiblərdən biri də Yusif Vəzir Çəmənzəminlidir (1887-1943).

 * * *

Firidun bəy Əhmədağa oğlu Köçərli (1863-1920) Şuşada anadan olmuşdur. O, tənqid və ədəbiyyatşünaslığın ən gökəmli nümayəndələrindəndir. Firidun bəy uzun illər Azərbaycan ədəbiyyatının tarixi ilə məşğul olmuş, "Azərbaycan türklərinin ədəbiyyatı" adlı iri həcmli əsərini yazmışdır.

 * * *

XX əsrin əvvəllərində görkəmli jurnalist və yazıçı kimi məşhur olan Hasim bəy Vəzirov (1868-1916) Şuşada anadan olmuşdur. Vəzirov 30 il ədəbi jurnalistika sahəsində fəaliyyət göstərmişdir.

 * * *

Şuşanın yetirdiyi şəxsiyyətlərdən biri də məşhur həkim və ictimai xadim Kərim bəy Mehmandarovdur. Onun təşəbbüsü və şəxsən köməyi ilə 1912-ci ildə Şuşada birinci rus-müsəlman qadın məktəbi açılmışdır.

 * * *

Şuşanın tarixində Gövhər Ağa, Xurşud Banu Natəvan, Ağabəyim Ağa, Fatma xanım Kəmirə və Leyla xanım kimi məşhur qadınlarla birlikdə Həmidə xanımın da adı hörmətlə çəkilir. Həmidə xanım Cavanşir (1873-1955) İbrahim xanın nəslindən olub, Qarabağ tarixçisi Əhməd bəy Cavanşirin qızı, Mirzə Cəlilin (Molla Nəsrəddin) həyat yoldaşıdır. Onun ən qiymətli əsəri "Mirzə Cəlil haqqında xatirələrim"dir.

 * * *

Şuşanın yetirdiyi istedadlı qadınlardan biri də məşhur elm xadimi, Azərbaycanın ilk alim qadını Validə Xaspolad qızı Tutayukdur (1914-1980). Biologiya elmləri doktoru, Azərbaycanın əməkdar elm xadimi, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olan Validə xanım Respublika Botanika İnstitutunun direktoru vəzifəsində çalışmışdır.

 * * *

Azərbaycanın maarif xadimlərindən biri Bədəl bəy Bəşir oğlu Bədəlbəyev (1875-1932) Şuşada anadan olmuşdur. Bada Cəfər Cabbarlı, Mehdi Məmmədov olmaqla bir çox istedadlı gənclər onun tələbəsi olmuşlar. Respublikanın xalq artistləri Əfrasiyyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli onun oğlu, Fərhad Bədəlbəyli isə onun nəvəsidir.

 * * *

Şuşanın yetişdirdiyi şəxsiyyətlərdən biri Əhməd bəy Ağayev (1869-1939) Azərbaycanın milli mübarizə tarixində görkəmli rol oynamış ideoloqlardan biridir. Türk dünyasında "Əhməd bəy Ağaoğlu" kimi tanınan Əhməd bəy ömrünün 50 ilini publisistika və jurnalistika ilə məşğul olmuşdur.

 * * *

Şuşa XVIII əsrin II yarısından musiqi mərkəzinə çevrilmiş və Azərbaycan musiqisinin yüksəlişinə səbəb olmuşdur. Öz məlahətli səsləri və böyük sənətləri ilə bütün Yaxın Şərqdə məşhur olan xanədələdən Hacı Hüsü, Məşədi İsi, Keştazlı Həşim, Əbdülbaği Zülalov (Bülbülcan), Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçi oğlu Məhəmməd, Segah İslam, Zabul Qasım, Malıbəyli Həmid, Musa Şuşinsiki, Mütəllim Mütəllimov, Rəşid Behbudov, Qədir Rüstəmov və bir çox başqaları Şuşanın yetirdiyi məşhur sənətkarlardır.

 * * *

Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir mərhələnin yaranması şərq musiqisinin günəşi Üzeyir bəy Hacıbəyovun (1885-1948) adı ilə bağlıdır. Üzeyir bəy dahi bəstəkar, Azərbaycan opera musiqisinin banisi kimi tanınmaqla yanaşı tarixdə istedadlı jurnlist, gökəmli dramaturq və mahir bir musiqişünas kimi də tanınır.

 * * *

Şuşada xanəndəlik sənəti ilə əlaqədar olaraq gözəl tar, kamança və qarmon çalanlar da yetişmişdi. Bu musiqiçilərdən böyük tarzən Sadıqcan, Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Qurban Pirimov və başqaları ən məşhur sənətkarlardır.

 * * *

Şuşa onun qoynunda böyüyüb, boy atmış, şöhrətləri bütün dünyaya yayılmış bəstəkarların Vətəni kimi də məşhurdur. Fikrət Əmirov, Zülfüqar bəy Hacıbəyov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Zakir Bağırov, Süleyman Ələsgərov və bir çox başqaları öz gənclik illərini "Qız qayası"nda, "Üç mıx"da, "Cıdır düzü"ndə, "Çanaxqala"da keçirmişlər.

 * * *

Azərbaycan musiqi sənətinin tədqiqatçısı, görkəmli musiqişünas Firidun Şuşinski də Şuşada doğulmuşdur. Şuşanın verdiyi nadir istedadlardan biri də gökəmli incəsənət xadimi Mehdi Məmmədovdur (1918-1985). O milli dramaturgiya, incəsənət nəzəriyyəsi və estetikaya aid bir sıra əsərlərin müəllifidir.

 * * *

Azərbaycan teatr sənətinin parlaq ulduzlarından olan Barat Həbib qızı Şəkinsaya 1914-cü ildə Şuşada anadan olmuşdur. Barat xanım İbrahim xanın nəslindəndir.

 * * *

Şuşa görkəmli memarların, xəttatların, nəqqaşların və istedadlı rəssamların Vətəni kimi də məşhurdur. Müasir şuşalı rəssamlardan Lətif Kərimov, Cəlal Qaryağdını, Əmir Hacıyevi, Nadir Əbdürrəhmanovu və Toğrul Nərimanbəyovu göstərmək olar. Şuşanın yetişdirdiyi rəssamlar arasında Lətif Kərimovun adı və sənəti müstəsna yer tutur. Azərbaycanda yeni xalça ornamentlərinin və məzmunlu xalçaların yaradılmasında Lətif Kərimovun xidmətləri böyükdür.

 * * *

Azərbaycan ordusun görkəmli hərbi xadimlərindən biri olan general Mehmandarov 1856-cı ildə Şuşa şəhərində məşhur - "Mehmandarovlar ailəsi"ndə anadan olmuşdur. Azərbaycanda Demokratik Respublika yaradılarkən Səməd bəy respublikanın ilk hərbi naziri olmuşdur.

 * * *

Şuşanın yetişdirdiyi görkəmli sərkərdələrindən biri də Stalinqrad qəhrəmanı general Yaqub Allahqulu oğlu Quliyevdir.

 * * *

Azərbaycanın qəhrəman oğlu Aslan Fərhad oğlu Vəzirov 1910-cu ildə Şuşada anadan olmuşdur.

 * * *

Sovet İttifaqı Qəhrəmanı mayor Xəlil Məmmədov (1916-1989) da Şuşanın yetişdirdiyi qəhrəmanlarından biridir.

 * * *

Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Dövlət Mükafatı laureatı Cəlal Eyvaz oğlu Allahverdiyev 1929-cu ildə Şuşada şəhərində anadan olmuşdur.

 * * *

Tarix elmləri doktoru, professor Azərbaycan SSR dövlət mükafatı laureatı Cəmil Bahadur oğlu Quliyev 1927-ci ildə Şuşa şəhərində anadan olub.

 * * *

Azərbaycan SSR xalq artisti "Şərəf nişanı" ordenli Sürəyya Sədrəddin qızı Qacar 1910-cu ildə Şuşada anadan olub.

 * * *

Kimya elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın müxbir üzvü, Rüstəmov Paşa Həbib oğlu 1920-ci ildə Şuşa şəhərində anadan olub.

 

baxılıb: 1584 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR