“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
20 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

İşğal olunmuş rayonlar

Ağdam rayonu

A+ | A-

Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda rayon, 1993-cü il iyulun 23-də işğal olunub...

Yaranma tarixi - 08.08.1930

Ərazisi - 1,094 min km2

Əhalinin sayı - 169,7 min nəfər (1 yanvar 2007-ci il)

Əhalinin sıxlığı - 1 km2 148 nəfər (1 yanvar 2007-ci il)

Ağdam rayonu ilə Bakı arasında olan məsafə - 362 km.

Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, bir şəhər və 80 kəndi işğal olunub.

 

Ümumi məlumat (işğaldan öncə)

Ümumi ərazi, [kv.km] - 1094

Əhalinin ümumi sayı - 164100

Kəndlərin sayı - 122

İri və orta müəssisələrin sayı - 286

Məktəbəqədər uşaq müəssisələrinin sayı - 24

Ümumtəhsil məktəblərinin sayı - 145

Texniki, orta ixtisas və peşə məktəblərinin sayı - 4

Xəstəxanalar və tibb müəssisələrinin sayı - 54

Mədəniyyət ocaqlarının sayı - 79

 

Tarixi haqqında qısa məlumat

Ağdam rayonu 1930-cu ildə təşkil edilmişdir. Rayonun sahəsi 1094 kvadrat km olmaqla relyefi əsasən düzənlik, qismən dağlıqdır.

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. İqlimi əsasən mülayim isti, quraq subtropikdir. Dağətəyi yerləyrdə yüksəklik artdıqca iqlim mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə düşür. İllik yağıntı 300-550 mm-dir.

Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır.

Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin episentri olmuşdur.

Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini - Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür.

1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi.

1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan bədnam rus ordusuna arxalanaraq bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi.

1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 kvadrat km-ni, yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu.

İşğal edilmiş Ağdam şəhəri və 87 kənd oxşarı olmayan bir vəhşiliklə darmadağın edilərək yerlə yeksan olundu.

Ağdamın müdafiəsi üzrə döyüşlərdə 5 min nəfərdən çox azərbaycanlı həlak oldu, minlərlə insan fiziki şikəstlik qazandı, rayonun 126 min nəfərdən çox əhalisi öz doğma ev-eşiyindən qovularaq məcburi köçkünə çevrildi.

 

İqtisadi-təsərrüfat potensialı

Ağdam "Pambıq" ATSC, Ağdam "Şərab" ATSC və "Araz" fermer təsərrüfatları qismən iri müəssisələrdir. Hazırda rayonun Quzanlı kəndində yeni Pambıq zavodu tikilir.

Bundan əlavə, rayonun kəndlərində kiçik müəssisələr, kəndli fermer təsərrüfatları un dəyirmanları, çörək bişirmə sexləri, qənnadı sexləri və ticarət şəbəkələri fəaliyyət göstərir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İqtisadi İnkişafın sürətləndirilməsi sahəsində verdiyi Fərman və Sərəncamların icrası ilə əlaqədar Ağdam rayonunda 2004-cü ildə bütün sahələrdə iqtisadi inkişafa nail olunmuşdur.

Belə ki, aqrar rayon olan Ağdam rayonunda 2004-cü ildə taxıl istehsalı 28057 ton yaxud ötən illə müqayisədə 104,9 % kartof istehsalı 8957 ton, 2003-cü illə müqayisədə 122,5 % tərəvəz istehsalı 27658 ton, ötən illə müqayisədə 133,5 % meyvə istehsalı 1524 ton olmaqla ötən illə müqayisədə 101,5% ümumiyyətlə aqrar sahədə istehsal olunan bütün məhsul növləri üzrə göstəricilər 2003-ci illə müqayisədə artan sürətlə inkişafda olmuşdur.

O cümlədən, heyvandarlıq sahəsində də dinamik inkişafa nail olunmuşdur. Belə ki, 2004-cü ildə iri buynuzlu heyvanların baş sayı 1163 baş artaraq 28172 baş, xırda buynuzlu heyvanların baş sayı 2474 baş artaraq 103065 baş olmuş, müqayisə olunan dövrdə ət istehsalı 11,1 ton artaraq 223,4 ton, süd istehsalı 2119 ton artaraq 20257 ton olmuşdur.

Rayonun məşhur Abdal-Gülablı, Şelli sanatoriyası, Şahbulaq turizm mərkəzi erməni işğalı altında qalmışdır.

Rayonun ərazisindən Bakı-Xankəndi marşrutu üzrə dəmiryol xətti, eləcə də Xankəndi və Fizuli rayonuna gedən avtomobil yolları keçirdi ki, həmin ərazi işğal altındadır.

 

Tarixi və memarlıq abidələri

"Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib.

XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada "Ağdam" – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

Erməni işğalı nəticəsində rayonun ərazisində mövcud olan çoxlu sayda tarixi, mədəni və dini abidələr vəhşicəsinə dağıdılmışdır.

Rayonun Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsə aid Kümbəz və Məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, o cümlədən Xan qızı Natəvanın və onun oğlunun Türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilmişdir.

Ağdamda bütün dünyada yeganə olan "Çörək muzeyi" var idi.

Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan Məscid və onun minarələri də vəhşicəsinə dağıdılmışdır.

 

Görkəmli şəxslər haqqında məlumat

Tarixən Ağdam rayonundan bir sıra görkəmli şəxslər çıxmışdır.

Elm sahəsində: fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, iqtisad elmləri doktoru Teymur Vəliyev, tarix elmləri doktoru Rəşid Göyüşov, tibb elmləri doktoru Adilə Namazova, minerologiya elmləri doktoru Xudu Məmmədov;

Kənd təsərrüfatı sahəsində: Sosialist Əməyi Qəhrəmanı Sürəyya Kərimova, Məmməd Məmmədov, Xuraman Abbasova, Məleykə Quliyeva və başqaları;

Mədəniyyət və incəsənət sahəsində: teatr xadimlərindən Heydər Şəmsizadə, Narıc Məlikova, Məhəmməd Quliyev, Sara Qədimova, Arif Babayev, Qədir Rüstəmov, Ramiz Quliyev...

 

baxılıb: 1994 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR