“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
20 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

İşğal olunmuş rayonlar

Cəbrayıl rayonu

A+ | A-

Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda rayon, 1993-cü il avqustun 23-də işğal olunub...

1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı Cəbrayıl rayonun böyük hissəsini, o cümlədən rayon mərkəzini işğal etdi. Cəbrayıl rayonunun qalan ərazisi həmin ilin oktyabrında düşmənin əlinə keçdi. 

Ümumi məlumat (işğaldan öncəki statistika) 

Ümumi ərazi, [kv.km] - 1050

Əhalinin ümumi sayı - 59101

Kəndlərin sayı - 90

Qəsəbə (şəhər) - 1

Məktəbəqədər uşaq müəssisələrinin sayı - 35

Ümumtəhsil məktəblərinin sayı - 65

Texniki, orta ixtisas və peşə məktəblərinin sayı - 1

Xəstəxanalar və tibb müəssisələrinin sayı - 73

Mədəniyyət ocaqlarının sayı - 63

 

Rayon cənubdan İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən Füzuli rayonu ilə həmsərhəddir.

 

Tarixi haqqında qısa məlumat

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə Azərbaycanda təşkil edilmiş inzibati rayondur. Kiçik Qafqazın cənub-şərq ətəklərində yerləşib, Araz çayının sol sahilində cənub tərəfdən İran İslan Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonu ilə həmsərhəddir. Rayonun ərazisi 1050 kvadrat km, mərkəzi Cəbrayıl şəhəridir.

Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl şəhərinin adından götürülmüşdür. Cəbrayıl şəhərinin adı isə həmin yaşayış məntəqəsinin əsasını qoymuş Cəbrayıl adlı şəxsin adı ilə bağlıdır. Digər mənbə və məlumata görə Cəbrayıl toponimi İslamda və monoteist dinlərdə Allahın ən yaxını olan Cəbrayıl adlı mələyin adı ilə əlaqədardır. Cəbrayıl sözü ərəbcə "Allahın qulu" deməkdir.

Bu versiya onunla bağlıdır ki, "Araz çayı" üzərində tikilmiş "Xudafərin" körpülərindən biri e.ə. V əsrdə tikilmiş və körpülərin adının "Xudafərin" qoyulması ("Allaha eşq olsun", "Allaha afərin") islamçılıqla bağlı olmuşdur. Bu isə Cəbrayıl rayonunun adını Cəbrayıl mələyinin adı ilə bağlamağa əsas. Məhz bu səbəbdən Həzrət İmam Əli Cəbrayılda olan "Dül-dül" ocağını ziyarət etməyə gəlmiş və onun atlarının izi həmin ziyarətgahda qalmışdır.

Keçmiş Cəbrayıl adlanan ərazidə "Azıx" mağarası yerləşirdi ki, həmin mağarada 1,5 milyon il əvvəl insan yaşadığı sübut olunmuş və bütün Avropada insan sivilizasiyasının buradan başlandığı güman edilir. Həmin mağarada tapılmış insan qalıqları onu deməyə əsas verir ki, Cəbrayıl rayonunun tarixi ilk insan yarandığı tarixə təsadüf edir və bu da Cəbrayıl rayonunun adının Cəbrayıl mələyinin adı ilə bağlamağa bir daha əsas verir.

XIX əsrin II yarısında və XX əsrin əvvəllərində Cəbrayıl kəndinə "Qraxdın" da deyirmişlər. Bu, deyilənlərə görə, 1831-ci ildə rayonun Daşkəsən kəndində "Karantin" idarəsinin yaradılması və həmin idarənin Cəbrayıl kəndinə köçürülməsi ilə bağlıdır. Yerli əhali "Karantin" sözünü "Qraxdın" kimi tələffüz etmişdir. Bəzi mənbələrə görə isə "Qraxdın" sözü XVIII əsrdə Nadir şahın hakimiyyəti dövründə Azərbaycana köçmüş Cəlair türk qəbiləsinə mənsub olan Qıraqlı-Qıraxlı nəslinin adı ilə əlaqədardır.

Cəbrayıl rayonunun ərazisi qədimdə burada mövcud olmuş Çarlığın, Midiya və Əhəmənilər dövlətlərinin (e.ə.VII-IV əsrlər), sonralar isə Albaniya dövlətinin tərkibində olmuşdur. Albaniya dövlətinin mövcudluğu zamanı rayonun ərazisi Pazkank, Əhristan və Dizaq adları ilə həmin dövlətin tərkibində olmuşdur. III-V əsrlərdə Dizaq mahalı Sasnilər tərəfindən işğal olunmuşdur. Xalq həyəcanından qorxan Sasanilər nəhayət Albaniyaya müstəqillik verdilər. VII əsrin ortalarında Cəbrayıl rayonunun ərazisi də Əmavilər xilafətinin tərkibinə qatıldı. Həm Babəkə qədər, həm onun dövründə, həm də ondan sonra ərəb istilaçılarına qarşı mübarizənin dayaq məntəqələrindən biri Cəbrayıl ərazisi olmuşdur. X-XI əsrlərdə (971-1086-cı illər) bu ərazilər Şəddadilər dövlətinin, XIII-XIV əsrlərdə Humanilər dövlətinin, XIV əsrdən (1387-ci ildən) Teymurilər, XV əsrdən (1412-ci ildən) Qaraqoyunlu dövlətinin, həmin əsrin 1478-ci ilindən Ağqoyunlu dövlətinin, 1502-ci ilin əvvəlindən Səfəvilər dövlətinin, XVIII əsrin II yarısından və XIX əsrin əvvəllərində Qarabağ xanlığının tərkibində olmuşdur.

1841-ci ildə Cəbrayıl ərazisi Mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzası yaradılıb. Bu vaxt qəzanın ərazisi 6,63 min kvadrat km, əhalisi 66360 nəfər olmaqla indiki Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edib. 1905-1918-ci illərdə qəza Qaryagın qəzası adlandırılıb.

XVIII əsrin axırlarında Cəbrayılda həftəbazarı yaradılıb. 1840-cı ildən başlayaraq burada rus pulları işləyib. Qəzada 5 ipək fabriki olub.

1876-cı ildə Cəbrayılda rus məktəbi, 1912-ci ildə isə qızlar məktəbi açılıb.

XIX-XX əsrin əvvəllərində Rusiya-İran dəmir yolu xəttinin Cəbrayıl ərazisindən keçən hissəsi çəkilib.

23 avqust 1993-cü il tarixdə rayon erməni qəsbkarları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13928 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunda məskunlaşıblar.

* * *

Cəbrayıl rayonunun ərazisi 1050 kvadrat km olmaqla, ondan 58585 hektarı kənd təsərrüfatı üçün yararlıdır. Rayon ərazisinin kənd təsərrüfatına yararlı torpaqlarının 12509 hektarı və 21,4 %-i suvarılan torpaqlardır ki, bunun da 15-20 %-i şərti suvarılan ərazi idi. Rayon ərazisi yağıntı ilə az təmin edilən zona hesab edilir. Əkinlərin 80 %-i dəmyə torpaqlarda aparılırdı. Əsas təsərrüfat sahəsi üzümçülük və heyvandarlıq idi. Rayonun kənd təsərrüfatından gələn gəlirin təqribən 80-85 %-i üzümçülüyün payına düşürdü. Heyvandarlıq rayonda az rentabelli sahə olsa da ümumi təsərrüfat sektorunda böyük xüsusi çəkiyə malik idi.

Taxılçılıq, tərəvəzçilik və meyvəçilik də geniş sahə tuturdu. Baramaçılıq əsas təsərrüfat sahəsi idi. Cəbrayıl rayonunda 400 tona yaxın barama istehsal edilirdi.

Rayon ərazisindən Bakı-Naxçıvan dəmir yolu (52 km), Əli-Bayramlı - Zəngilan avtomobil yolları (60 km) keçirdi. 

 

Tarixi və memarlıq abidələri haqda məlumat

Cəbrayıl rayonu tarixi memarlıq və dini abidələrlə zəngindir. Tarixi memarlıq abidələrinə Cəbrayıl şəhərindəki Sultan Məcid hamanını, Xudyarlı kəndindəki Dairəvi və səkkizguşəli türbələri (XIX əsr), Şıxlar kəndində Dairəvi türbəni (XIV əsr), Xudafərin körpülərini (erkən orta əsrlər), Diri Dağındakı Qız qalasını, Dağtumas kəndindəki Başıkəsik kümbəzi, Gordubaba dağındakı məzarı, dini abidələrə "Hacı Qaraman", "Cəbrayıl ata", "Dül-dül", "Mazannənə" ziyarətgahlarını misal göstərmək olar.

Rayon ərazisində qədim arxeoloji abidələr də mövcuddur. Dağtumas kəndi yaxınlığındakı "Divlər sarayı", Mahmudlu kəndi yaxınlığındakı "Canqulu" və "Qumtəpə" kurqanları, Tatar kəndi yxınlığındakı Siklop tikililərini, Cəbrayıl şəhəri yaxınlığındakı "Ağoğlan"ı, Dağtumas kəndi yaxınlığındakı "Tumas ata"nı misal göstərmək olar.

Rayonun dini abidələri haqqında məlumat

1. Hacı Qaraman ziyarətgahı.- Çələbilərin (Çələbi - Çələbi sözü dini və dünyəvi termin olub hakimiyytlərin, şahzadələrin ləqəbi kimi işlənib, Allahı sevən, yazıçı, şair, bilici mənalarını verir). XIII əsrin birinci yarısında - Monqol yürüşləri dövründə Kiçik Asiyadan (əsasən Türkiyə ərazilərindən) məşhur Qaraman tayfasının (Qaraqoyunlu hökmdarı Qara Yusifin sərkərdəsi Qaraman, Qarabağ hakimi Əmir Yaəhməd, I Şah Abbasın Şamaxıya hakim təyin etdiyi Zülfüqar Xan da Qaraman tayfasından idilər) tərkibində Azərbaycana gəlmələri tarixdən məlumdur. Çələbilərin adlı-sanlı başçılarından olan Hacı Qaraman XIII-XIV əsrlərdə Cəbrayıl ərazisinə gəlmiş, əvvəlcə Niftalılar və Nüsüs kəndləri arasındakı yerdə özünə məskən salmış, sonralar Çələbilər kəndinə köçmüşdür. Ona görə də Hacı Qaramanın dəfn edildiyi məzar sonralar "Ocaq" kimi müqəddəsləşdirilmişdir.Çələbilər kəndindəki məscid isə Məhəmməd ibn Hacı Qaraman Əhmədli tərəfindən Hicri 1088-ci ildə (Miladi 1678) inşa edilmişdir. Hacı Qaramanın adı məşhur oğuz türk tayfasından olan Qaraman tayfasının adından götürülmüşdür. Cəbrayılda Əli Çələbi adı ilə məşhur olan bu şəxs Cəbrayıl rayonunun dağlar qoynunda yerləşən Sirik kəndində 1928-ci ildə anadan olmuşdur. Ömrünün sonunadək həmin kənddə xalqa ağsaqqallıq etmiş, təməli qoyulan xeyirxah işlərin duaçısı, hüzuruna pənah gətirənlərin yardımçısı olmuşdur.

2. Cəbrayıl ata ziyarətgahı - Cəbrayıl kəndinin şimalında Ata adlı məqbərə (uzunluğu 4,5 m, eni 2,4 m, hündülüyü 1,8 m). Cəbrayıl ata ümumi qəbiristanlıqda deyil, o dövrün adətinə uyğun olaraq ona məxsus torpaqların tam yuxarı başında, Alpaşa dağının hündür və tamaşalı bir yerində ayrıca dəfn edilmişdir. Rayon əhalisi tərəfindən ziyarətgah kimi qəbul edilir.

3. Qara daş ziyarətgahı - Cəbrayıl mərkəzində olan "Qara daş" səmadan gələn daş olduğu üçün əhali tərəfindən ziyarətgah kimi qəbul edilir.

4. Ağoğlan, Qurbantəpə ziyarətgahları. - Cəbrayıl rayonunun yaxınlığında Ağoğlan abidəsi büdpərəstlik dövründən qalma abidədir. Mənbələrdə göstərilir ki, qeyri-bərabər döyüşdə öldürülən gözəl bir oğlan dəfn edilmişdir. İslam dini meydana gəldikdən sonra Ağoğlan abidəsi müsəlman ziyarətgahına çevrilmişdir. Ağoğlan kimi sonralardan pirə çevrilmiş yerlərdə Cəbayıl rayonu ərazisində çox rast gəlinir. Məsələn, Cəbrayıl rayonunun Cənubunda Qurban təpə adlanan pir Qafqaz Albaniyası əhalisinin hələ Günəşə, Aya sitayiş etdikləri ilk tunc dövrünün sonlarının nişanəsidir. Yerli əhali təzə il gəlsin və məhsul bol olsun deyə bu təpədə qurbanlar kəsir, bişirdiyi görəyin suyundan gündoğan tərəfə səpir, sonra xörəyi yeyir və Günəşə sitayiş etməklə kütləvi şadlıq edirdilər.Sonralar bu köhnə inam saxlanıldı, hətta XIX əsrin ortalarından başlayaraq Cəbrayıl qəzasının başqa yerlərindən köçüb gedən Hacılı tayfasının bir hissəsi bu pirin yaxınlığında məskunlaşdı, onların saldıqları kənd Qurbantəpə kəndi adlandırıldı.

5. Məzannənə, Mərmərnənə ziyartəgahı - professor M.Seyidovun verdiyi məlumata görə nənə qədim türkdilli tayfalarda Allahın anasının adı olmuşdur. Professor Z.İ.Yampolski Məzannənə abidəsi barədə göstərir ki, o sinfi cəmiyyətə keçid dövrünə qadınların ictimai istehsalda birinci dərəcəli rol oynadığı Mədərşahlıq zamanının yadigarıdır və sonralar İslam dininə uyğunlaşdırılaraq "Ocaq" hesab edilmişdir. Həmin abidənin yaxınlığında indiyə qədər nişanələri qalan köhnə yaşayış məskəni Mazanənə kəndi adlanmışdır. Bu kəndin ətrafında qədim qəbiristanlıqda Əziz ibn Seyid Əl-Məhmməd sözləri olan qəbrin sinə daşında və başqa qəbirlərin üstündə yazılan hicri 750, 760 və 809-cu illər təsdiq edir ki, bu yerlərin ən qədim sakinləri azərbaycanlılar olmuşlar. Yerli əhali Hasanlı kəndi yaxınlığındakı Mərmərnənə abidəsində dəfn olunan qadını Mazannənənin anası hesab edir.

6. Tumas ata abidəsi - Cəbrayıl rayonunun Dağtumas kəndi yaxınlığındakı dağda olan Tumas - ata abidəsi də büdpərəstlik dövrünün yadigarıdır. Dağtumas kəndinin sakinləri Tumas-atanı öz əcdadları hesab edir və müqəddəs ocaq kimi sitayiş edirlər.

 

Görkəmli şəxslər haqda məlumat

Cəbrayıl rayonu güclü kadr potensialı, yüksək intelektə malik ziyalıları, görkəmli alimləri ilə respublikamızda özünə ad-san qazandırmışdır. Uzun illər Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsində işləmiş Teymur Quliyev, Azərbaycan KP MK-nin katibi vəzifəsində işləmiş Həsən Həsənov, uzun illər Azərbaycan Respublikasının maarif naziri olmuş, SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki Mehdi Mehdizadə, rəhbər partiya və sovet orqanlarında mühüm vəzifələrdə çalışmış Yəhya Ağakişiyev, Svetlana Qasımova, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuş akademik Əşrəf Hüseynov, keçmiş SSRİ hökumətinin Türkiyə səfirliyinin əməkdaşı olmuş Qaryağdı Həsənov, Respublikanın baş prokuroru Murad Babayev və başqaları bu torpağın yetişdirmələridir.

Əməyə bağlılıq, halal zəhmət cəbrayıllıların həyat tərzi olmuşdur. Sosialist Əməyi Qəhrəmanları Bəyaz Həsənova, Şahnaz Əhmədova, Məhəmməd Əhmədov, Köçəri Babayev, Yusif Fərzəliyev, Qaçay Səfərov, Sərdar İmrəliyev və başqa əmək qəhrəmanlarının adları, habelə 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülən 19 yaşlı Cəmil Əhmədovun adları təkcə Cəbrayılda deyil, onun hüdudlarından çox-çox kənarda məşhurdur.

Torpağımızın ərazi bütövlüyü uğrunda erməni təcavüzkarına qarşı aparılan müharibədə ən yüksək ada "Azərbaycanın Milli Qəhramanı" adına layiq görülən, Məmmədov Kazım Ərşad oğlu, Hüseynov Vaqif Tofiq oğlu, Aslanov Şikar Davud oğlu, Əkbərov Akif Abbas oğlu, Quliyev Vahid Həbəbulla oğlu bu torpağın yetirmələridir.

 

baxılıb: 2924 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR