“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
18 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Azərbaycançılıq və milli-mənəvi dəyərlər

Əxlaq mədəniyyəti

A+ | A-

Əxlaq ictimai şüurun ən qədim formalarından biridir. O, insanların həm cəmiyyətə, həm dövlətə, həm də bir-birinə olan münasibətlərini nizamlayır.

Cəmiyyətin təlabatından yaranan əxlaq onun üzvlərinin davranışlarını tənzim edən qaydalardan irəli gəlir. Məlumdur ki, bəşəriyyətin inkişafının ilk mərhələlərində insanlar arasında müəyyən adətlər, davranış qaydaları, ünsiyyət formaları mövcud olmuşdur. İnsanlar öz davranışlarında yaxşının və pisin nədən ibarət olduğunu aydınlaşdırmağa çalışmışlar. Cəmiyyət siniflərə bölündükdən sonra isə əxlaq qaydaları da sinfi mahiyyət kəsb etməyə başlayır. Hər sinfin özünəməxsus əxlaq qaydaları yaranır və onlar bu qaydaları öz mənafelərini ifadə edən davranış normalarına çevirirlər.

Əxlaq haqqında təlim etika adlanır. Bu, “ethos” yunan sözündən olub, bizim dilimizdə adət mənasını ifadə edir. Etika əxlaqı, insanların mənəvi dünyasını, onun mahiyyətini tədqiq edir. Etik davranışlar cəmiyyətin təlabatından, insanların öz davranışlarında müəyyən qaydalara əməl etməsindən irəli gəlir. İnsan şüurunun inkişaf mərhələlərində əxlaq təlimi həmişə fəlsəfənin bir hissəsi kimi təqdim olunmuşdur. Nəticədə müxtəlif fəlsəfi baxışlar müxtəlif əxlaq nəzəriyyələrini meydana çıxarmışlar. Buna misal olaraq, Aristotelin, fransız materialistlərinin, Kantın və digər fılosofların əxlaq nəzəriyyələrini göstərmək olar. Onların çoxunun əxlaq nəzəriyyəsi onların fəlsəfələrinin əsas hissəsi, dünyagörüşünün əsas cəhəti olmuşdur. Bununla birlikdə əxlaqi ideyalar, əxlaq təlimləri də ictimai şüur formalarıdır.

Cəmiyyətin iqtisadi həyatı dəyişdikcə əxlaq da bir şüur forması olmaqla dəyişir və yeni məna daşıyır. Fəlsəfi nəzəriyyələr tarixinin inkişafı göstərir ki, əxlaq haqqında nəzəriyyələr də etika-fəlsəfə ilə birlikdə inkişaf etmişdir. B.e.ə. 551-479-cu illərdə yaşamış qədim Çin filosofu Konfutsi də özünün fəlsəfi görüşlərində etik nəzəriyyəni əsaslandırmağa çalışmışdır. Onun etik nəzəriyyəsinin əsas məfhumunu “Jen” (humanizm) təşkil edirdi. Filosofun fikrincə, humanizm mənəvi prinsip olmaqla cəmiyyət və ailə üzvləri arasındakı münasibətləri müəyyənləşdirməkdə mühüm rol oynayır. O, yazırdı ki, vəzifə kürsüsündə elə şəxsiər oturmalıdır ki, onlar öz hərəkətləri ilə rəhbərliyində olanlara nümunə olmalıdırlar. Konfutsi öz nəzəriyyələrində göstərirdi ki, insanlar dünyaya eyni cür gəlirlər, lakin müəyyən dövrlərdə aldıqları tərbiyəyə görə bir-birindən ayrılırlar. İnsanları əhatə edən mühit onların bir şəxsiyyət kimi formalaşmasma əsaslı təsir göstərir. Lakin Konfutsinin etik nəzəriyyəsi bir çox məsələlərdə ziddiyyətli olduğu üçün onun bütövlükdə qəbul edilməsi məqbul deyildir.

Konfutsinin davamçıları olan Çin filosofları Syun-Tszının (b.e.ə. 298-238), onun tələbəsi Xan Feyin (b.e.ə. 280-230), antik yunan fılosoflarından Aristotelin, Platonun da əxlaqa dair müəyyən fikirləri olmuşdur və onlar bu fikirləri öz əsərlərində əks etdirmişlər. Lakin sinifli cəmiyyətdə yaranan belə əxlaq təlimləri ictimai xarakter daşıyaraq, mövcud quruluşa xidmət edirdi. Ona görə də, hakim sinif mövcud iqtisadi quruluşu möhkəmlətmək üçün onun mənafeyini müdafiə edən əxlaq təliminə haqq qazandırır və onu mühafizə edərək möhkəmləndirməyə çalışırdı.

Etika haqqında nəzəriyyələr tarixin bütün mərhələlərində filosofların ictimai-siyasi görüşləri ilə bağlı yaranmışdır. Odur ki, bu nəzəriyyələr hakim siniflərin istək və arzularını əks etdirmiş, ictimai şüurun müxtəlif formalarına təsir göstərmiş və cəmiyyətdə ictimai münasibətlərin dəyişməsinə imkan yaratmışdır. Əxlaq-cəmiyyətdə davranış qaydalarını nizamlayan mövcud normalar toplusudur. Davranış normaları insanların cəmiyyətə, ictimai quruluşa, əməyə və  bir-birinə olan münasibətlərində özünü göstərir. İnsanlar hərəkətləri təhlil edərək bəzilərinə müsbət, bəzilərinə isə mənfi qiymət verirlər! Yəni, hər kəs etdiyi hərəkətə görə qiymətləndirilir. Səbəbsiz nəticə olmur. Mədəniyyətin mühüm tərkib hissələrindən biri mənəvi mədəniyyətdir. Mənəvi mədəniyyət cəmiyyət üzvlərinin əxlaqi tələblərini-əxlaq normalarını, prinsiplərini, ideallarını və s. mənimsəmə səviyyəsini, şəxsiyyətin onlara yiyələnmə və öz rəftarında və hərəkətlərində əməli surətdə həyata keçirmə dərəcəsini səciyyələndirir. Bütün bunlar isə insanın başqalarına, bütövlükdə cəmiyyətə münasibətində, onun məqsədlərində, həyat planlarında, maddi-mənəvi sərvətlərə münasibətində özünü göstərir.

Mənəvi mədəniyyət praktik mənəviyyatı şərtləndirir. Mənəvi mədəniyyət cəmiyyətin, hər hansı sosial qrupun qazandığı mənəvi inkişaf ölçüsüdür. Bu ölçü mənimsənilmiş və insan fəaliyyətində realizə olunan mənəvi sərvətlərlə xarakterizə olunur. Mənəviyyat kimi mənəvi mədəniyyət də mənəvi şüuru, əxlaqi münasibətləri və mənəvi fəaliyyəti əhatə edir. Mənəvi mədəniyyət bütün mənəvi təsəvvürlər və normalar sistemini deyil, cəmiyyətin insanlar tərəfindən mənimsədiyi mənəvi təcrübənin bir hissəsini, əxlaqi-etik biliklərin yalnız praktik olaraq həyata keçirilən həcmini əhatə edir.

Mənəvi mədəniyyətin bütöv bir sistem kimi struktur elementləri bunlardır:

l) Etik təfəkkür mədəniyyəti (etik bilikdən istifadə etmək bu və ya digər həyat tərzi xüsusiyyətlərinə mənəvi normaları tətbiq etmək bacarığı və s.).

2) Hiss mədəniyyəti.

3) Davranış mədəniyyəti-dərk edilmiş mənəviyyat prinsip və normalarına uyğun olaraq davranmaq, hərəkət etmək bacarığı.

4) Davranış formasını və manerasını reqlamentləndirən etiket.

Mənəvi mədəniyyət subyekti, ictimai praktikanın (xalqın, sinfin, sosial qrupun, kollektivin, şəxsiyyətin) mənəvi sərvətlər sisteminin tarixi konkret fəaliyyətini əks etdirir.

Cəmiyyətin mənəvi mədəniyyəti məzmun baxımından təsbit olunmuş mənəvi sərvətlər və oriyentasiyalar sistemini şəxsiyyətin mənəvi mədəniyyətinə nisbətən daha dolğun və geniş əhatə edir. Şəxsiyyətin mənəvi mədəniyyətində bu sistemin komponentləri özünü təkrarolunmaz fərdi spesifika ilə göstərir. Şəxsiyyət cəmiyyətin mənəvi mədəniyyətinin nailiyyətlərini öz şüurunda və davranışında bu və ya digər dərəcədə və fərdi yeniliklərilə cəmləyir. Bu isə ona tez-tez təkrarlanan hallarda mənəvi cəhətdən düzgün hərəkət etmək imkanı yaradır, onun mənəvi şüurunun yaradıcı elementlərini fəallaşdırır, qeyri-standart vəziyyətlərdə düzgün mənəvi qərar verməsinə imkan yaradır.

Mənəvi mədəniyyətin bu iki səviyyəsi qarşılıqlı şəkildə əlaqədardır. Cəmiyyətin mənəvi inkişaf səviyyəsi bir çox hallarda şəxsiyyətin mənəvi mədəniyyətinin kamilliyi ilə müəyyən edilir. Digər lərəfdən cəmiyyətin mənəvi mədəniyyəti nə qədər zəngin olursa, fərdin mənəvi mədəniyyətinin kamilləşməsi üçün bir o qədər çox imkan yaranır. Əxlaq ümumbəşəri mədəniyyətin bir hissəsidir, eyni zamanda o, müasir sivilizasiyaya qarşı da etinasız deyildir. Şəxsiyyətin əxlaq mədəniyyəti müasir sivilizasiya problemini insanların fəaliyyətlərində aktuallaşdırır. Əxlaq normaları, həmçinin əxlaqi əqidələr, əxlaqi hisslər və qiymətlər spesifik xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər əxlaqı bütün nizamlama formalarından, xüsusilə hüquqdan fərqləndirir.

Hüquqi nizamlama kimi əxlaqi nizamlama da davranışa verilən sosial tələblərin fərd tərəfindən şüurlu surətdə mənimsənilməsini nəzərdə tutur. Əxlaqi nizamlama şəxsiyyətin şüurlu iradəsinə, onun ictimai borca şüurlu əməl etməsinə əsaslanır. Əxlaqi tələb hər bir fərd tərəfindən irəli sürülür və onun vicdanının səviyyəsi ilə müəyyənləşir. Əxlaqi münasibət isə obyekt münasibətidir ki, burada şəxsiyyət ictimai əxlaq normalarını gözləyir və eyni zamanda həmin normalara yeniliklər əlavə edir.

Əxlaqi borc-doğma vətənimizin tərəqqisi uğrunda mübarizə zərurətindən yaranan və yüksək şüurluluq, dərin daxili təlabat qüvvəsi ilə yerinə yetirilən əsas ictimai vəzifələrin məcmusudur. Onun məzmununa həm cəmiyyətin öz üzvləri qarşısında irəli sürdüyü vəzifələr, həm də adamların cəmiyyət qarşısında daşıdığı məsuliyyət hissi daxildir. Hər bir cəmiyyətin inkişafının müxtəlif mərhələlərində onun qarşısında müxtəlif vəzifələr durur. Buna uyğun olaraq cəmiyyətin öz üzvlərinə olan tələbinin, eyni zamanda cəmiyyət üzvlərinin borcunun xarakteri dəyişir. Elə ona görə də ictimai inkişaf qanunlarını öyrənmədən, cəmiyyətin qarşılaşdığı vəzifələrin həllində iştirak etmədən şəxsiyyət öz əxlaqi borcunu dərk edə bilməz. Əxlaqi borcun yerinə yetirilməsi şəxsiyyətin meylləri əqidəsi, iradəsi və xarakter xüsusiyyətlərindən, inam və vərdişlərindən də asılıdır. Şəxsiyyətin əxlaqi borca münasibətini aydınlaşdırarkən aşağıdakıları nəzərə almaq lazımdır:

a) şəxsiyyət öz arzu və istəklərini təmin etməyə daha meyllidir, yoxsa ümumi mənafeyin tələbləri ilə razılaşmağa;

b) o, təmiz əqidəli, bütöv xarakterli şəxsiyyətdirmi?

v) yerinə yetirəcəyi borcun düzlüyünə, gərəkliliyinə inanırmı?

q) güzəştə getməyi, çətinliyə dözməyi bacarırmı?

ğ) borca əməl etmək onun daxili istəyindən irəli gəlir, yoxsa vərdişdirmi?

Təlim-tərbiyə müəssisələri, kollektivlər tərbiyənin bütün metod və vasitələrindən istifadə edərək cəmiyyət üçün öz əxlaqi borcunu hərtərəfli dərk edən gənclər yetişdirməlidirlər. 

Mənbə: Sədaqət Məmmədova. “Mədəniyyətşınaslıq” (dərs vəsaiti). Bakı, “Kooperasiya” nəşriyyatı, 2001.

 

baxılıb: 1385 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR