“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
21 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Azərbaycançılıq və milli-mənəvi dəyərlər

Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi

A+ | A-

Milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir.

Milli-fəlsəfi fikrin, əxlaqın, adət-ənənələrin yeni nəslə çatdırılması, davam etdirilməsi üçün milli-mənəvi abidələrin, bədii ədəbiyyatın rolu həqiqətən böyükdür. Bir millət üçün canlı tarix haradasa qırılanda, onun inkişafının daxili hərəkətverici qüvvələri məhdudlaşdırılanda, inkişaf kənar qüvvələrlə məqsədyönlü surətdə başqa səmtə istiqamətlən-diriləndə milli genin heç olmazsa başqa ampluada, fövqəltarixi formalarda; fikirlərdə, xatirələrdə, ədəbiyyatda, incəsənətdə yaşadılması zərurəti yaranır. Xalq başqa imperi-yaların işğalı altında qaldıqda, başqa əqidələrin rəsmi təsir dairəsinə düşdükdə milli ruhu öz şəxsi həyatı bahasına, diri-diri yandırılması, dərisinin soyulması hesabına da olsa yaşadan və bir əmanət kimi yeni nəsillərə ötürən həqiqi böyük ziyalılar estafeti öz əllərinə almalı olurlar.

Dövlət xadimləri, siyasətçilər, sərkərdələr öz tarixi ziyalılıq missiyasını yerinə yetirə bilməyəndə, milli ruh milli varlığın himayəsindən məhrum olanda, qılınc qələmlə, zər kərəmlə vaxtında birləşməyəndə bütün ağırlıq təkcə qələm və kərəmin, yaradıcı ziyalılar və kərəm əhlinin üzərinə düşür. Milli dövlətçilik kəsilməz bir proses kimi davam etsin deyə, dövlətlərarası dövrdə kəsilməzliyi milli-mənəvi körpülər tə-min etməli olur.

Milli dövlət isə bununla səciyyələnir ki, kimlərinsə milli dəyərləri öz qanı bahasına qoruyub-saxlamasına ehtiyac qalmır. Çünki o, ellikcə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və inkişaf etdirilir. Yəni dövlətçiliklə millilik birləşmiş olur.

Dövlət hüquqi və siyasi aktlarla, dövlətçilik isə mənəviyyat və mentalitetlə bağlıdır. Dövlətçilik düşüncənin alt qatında, təhtəl şüurda, psixologiyada təzahür edir. Dövlətçilik siyasi müstəvidə milli özünütəsdiq prosesinin mahiyyəti, dövlət isə onun hansı isə konkret formada reallaşdırılması vasitəsidir.

Məsələ burasındadır ki, konkret bir hadisə kimi dövlət olma-dıqda belə, dövlətçilik yaşaya bilər. Dövlətçilik ənənəsinin saxlanması isə milli dövlətin nə vaxtsa yenidən qurulacağına təminat verir. Ən pisi odur ki, dövlətçilik ənənəsi və dövlətçilik hissiyatı olmasın. Bu halda hətta dövlət aparatı qurulsa da, o, milli dövlət olmayacaq, milli iradənin ictimai-siyasi özünütəsdiqi olmayacaq, xalqın, millətin mənafeyinə xidmət etməyəcəkdir.

Dövlətçilik ənənələrinin yaranması nə deməkdir və hansı göstəricilərlə şərtlənir? Bu, ilk növbədə əhalinin xalqa, xalqın millətə, sakinlərin vətəndaşlara çevrilməsi istiqamətində gedən prosesdir. Dövlətçilik insanlarda və-tənpərvərlik duyğusunu, vətən anlamının milli mənə daxil edilməsini nəzərdə tutur. Əgər hər hansı bir ölkədə hər kəs ancaq öz mənafeyini, ailəsinin mənafeyini düşünürsə və bütövlükdə xalqın taleyinə, ümummilli siyasi və iqtisadi mənafeyə biganədirsə, - deməli, burada dövlətçlik ənənələri yoxdur. “Hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin”.  Dövlətçilik ümummilli iqtisadi mənafe duy-ğusu tələb edir. Dövlətçilik mənəviyyatda fərdi miqyasdan, ailə miqyasından, tayfa miqyasından, zona, region miqyasından kənara çıxaraq bütöv vətən duyğusunu hər şeydən yüksək tutmaq vərdişi tələb edir. Öz dövlət simvollarına hörmət və sevgi bəslənməsini, öz dövlətinin nailiyyətlərinə görə iftixar hissi keçirilməsini, dövlətin uğur-suzluqlarını isə şəxsi faciə kimi yaşamaq səriştəsi tələb edir. Bu səviyyədə “milli” anlamının etnik-millidən fərqli yeni mə-nası, siyasi aspekti, dövlətlə adekvatlığı ortaya çıxır. 

Milli dövlət qurulması və dövlətçilik ideyalarının həyata keçirilməsi və bu proseslərin dönməzliyinin təmin edilməsi xalq qarşısında ən böyük xidmətdir. Bu xidmət milli-tarixi prosesin kəsilməzliyini təmin edilməsi baxımından ziyalı məramının siyasi müstəviyə keçirilməsi deməkdir. Belə ki, milli ədəbiyyatı da, musiqini də, adət-ənənələri də, dini dəyərləri də qoruyub saxlayan, bütöv, sağlam bir orqanizm kimi yaşadan milli dövlət qurmaq və dövlətçilik ənənələrini bərpa etmək təkcə ziyalılığın deyil, həm də siyasətin ən ali amalı olmalıdır.

Millətini sevən, millətə həqiqətən xidmət göstərmək istəyən insanlar öz ixtisasları üzrə, dərindən bildikləri sahələrdə ümumi milli tərəqqi işinə fayda gətirməklə yanaşı, cəmiyyətdəki proseslərə də öz münasibətlərini bildirməyə çalışırlar. Təəssüf ki, bu yeni rolda onların bir çoxu artıq peşəkar mütəxəssis olmadıqlarını unudurlar. Ona görə də, bir sahədə qazanılmış nüfuzun başqa bir səmtə yönəldilməsi məsələsində çox ehtiyatlı olmaq lazımdır. Təsadüfi deyildir ki, inkişaf etmiş Qərb ölkələrinin üstünlüklərindən biri burada - hər kəsin məhz öz işi ilə məşğul olmasıdır. Bu işlərin ümumi mənafe məcrasına yönəldilməsi də peşəkar səviyyədə həyata keçirilir. Buna nail olmaq üçün isə həmin ölkələr böyük demokratik inkişaf yolu keçiblər. Həm də bu inkişaf xaos yox, stabilləşmə şəraitində həyata keçirilib. Belə stabil cəmiyyətdə, hər kəs öz bildiyi işlə məşğul olduqda, peşəkarlıq ön plana keçdikdə ziyalı olmaq, ziyalı olaraq qalmaq, ümummilli mənafeyə xidmət etmək çətin olmur. Cəmiyyət özü hər kəsin kiçik də olsa ziyalı potensia-lının reallaşdırılmasına imkan yaradır. Demək olar ki, hamı ümumictimai tərəqqi prosesinin iştirakçılarına çevrilir. Tərəqqiyə qarşı çıxanlar, milli mənafeyə ziyan gətirənlər isə bir qrup tüfeylilər, cinayətkar ünsürlərdir. (Yaxşı cəmiyyət o cəmiyyətdir ki, burada hər kəs öz müsbət əmsalı ilə ümumi işə daxil olur). Bizim də məqsədimiz məhz belə bir cəmiyyət yaratmaqdır. Lakin biz hələ keçid dövründəyik.

Keçid mərhələsində olan cəmiyyətin bir ciddi problemi də budur ki, ümummilli tərəqqinin əsas istiqamətləri hamı tərəfindən kifayət dərəcədə dərk edilmədiyindən, peşəkarlıq çox vaxt arxa plana keçdiyindən, fikir plüralizmini fikir xaosu əvəz etdiyindən, söz fikirdən, ideyadan ayrılıb müstəqil amilə çevrildiyindən, habelə yeni ictimai təbəqələr hələ kifayət dərəcədə formalaşmadığından və sosial-iqtisadi ukladların spektri həddindən çox rəngarəng olduğundan tə-rəqqi yolunu tənəzzül yolundan seçib ayırmaq da çətin olur. Cəmiyyət ifrat dərəcədə siyasiləşir, peşəkar siyasətçilərlə yanaşı öz ixtisası üzrə uğur qazana bilməyən müxtəlif peşə sahibləri də siyasətə qurşanır və siyasət aləmində diletantlardan ibarət olduqca müxtəlif qruplaşmalar ortaya çıxır.

Müstəqillik illərində Azərbaycan keçid dövrünün bir sıra uğurları və təbəddülatları ilə yanaşı siyasiləşmə meyllərinin ifrat güclənməsi ilə də səciyyələndirilə bilər. Elə bil ki, sovet imperiyası dövründə siyasətdən uzaqlaşdırılmış və azad fikirdən məhrum edilmiş xalq belə bir şans qazanan kimi bu istiqamətdəki boşluğu böyük ehtirasla doldurmağa çalışır.

Lakin bizim müstəqillikdən gözlədiyimiz yalnız söz azadlığı və siyasi aludəçilik deyildi. Müstəqillik ona görə lazımdır ki, dövlət quruculuğu və sosial təşkilatlanma artıq hansı isə başqa bir qüvvənin deyil, xalqın, millətin öz maraqları istiqamətində yönəldilə bilsin, ümum-milli ahəng üstündə köklənsin. Yəni bütün daxili potensial, təbii sərvətlərdən tutmuş intellektual gücə, mədəni-mənəvi dəyərlərə qədər bü-tün imkanlar elə səfərbər edilməli və elə istiqamətləndirilməlidir ki, hər bir vətəndaş ümummilli tərəqqi kontekstində öz şəxsi maraqlarını da realizə edə bilsin.

Lakin kütləvi siyasiləşmə və ifrat siyasi qarşıdurmalar təbii ki, qüvvələrin vahid amal uğrunda səfərbər edilməsinə, ümummilli tərəqqiyə xidmət etmir. Müstəqillik əldə etdikdən sonra daxili enerjinin quruculuq işlərinə deyil, başqa səmtə yönəldilməsi, görünür, kimlərəsə lazım imiş. Qondarma Dağlıq Qarabağ problemi də bu siyasiləşməni gücləndirmək və azadlığa çıxmış xalqların milli tərəqqisinə mane olmaq üçün vasitələrdən biri idi. Lakin biz hələ də böyük dövlətlərin qeostrateji planlarından doğan siyasi burulğan-dan çıxa bilmirik.

Bax, belə bir şəraitdə siyasi təbəddülatlara uymadan ümum-milli tərəqqi naminə fəaliyyətlərin davam etdirilməsinə böyük ehtiyac vardır. Nə yaxşı ki, hələ sovet dövründə də kommunist ideologiyasının yaratdığı labirintlərdən məharətlə keçərək, milli mədəniyyətin tərəqqisi, xalqın maarifləndirilməsi, ədəbi-bədii və fəlsəfi təfəkkürün inkişaf etdirilməsi sahəsində böyük xidmətlər göstərən ziyalılarımız, bu gün də cari problemlərin cazibə dairəsinə düşmədən, heç bir konyukturaya uymadan bəşəri və milli-mənəvi dəyərlərimizi tədqiq və təbliğ etməklə ümummilli tərəqqiyə xidmət edirlər.

Bu gün siyasiləşmiş cəmiyyət və qütbləşmiş təfəkkür öz ehtiyaclarına uyğun yeni ədəbiyyat tələb etdiyi üçün klassik ədəbiyyatın və klassik mədəni-mənəvi dəyərlərin ön plana çəkilməsi heç də müqavimətsiz qarşılanmır. Lakin, bizcə, siyasiləşmiş təfəkkürün tələblərinə uyğun yeni ədəbiyyat axtarışına çıxmaqdansa, siyasi düşüncənin özünü ümumbəşəri və milli dəyərlərin prioritetliyi kontekstinə yönəltmək cəhdləri daha əhəmiyyətlidir. Əsl böyük vətənpərvərlik də elmi və ya bədii yaradıcılığın və şəxsi nüfuzun məhz dövlətçiliyin möhkəmləndirilməsinə yönəldilməsini tələb edir.

* * *

İnsan özü ilə dünya arasında vasitəçiyə ehtiyac hiss edirmi? İnsan özünü dünyaya qarşı qoyarkən, dünya ilə tərəf-müqabil olarkən cəmiyyəti özünə, yoxsa dünyaya aid edir? Maddi dünyadan fərqlənən insanın ancaq mənəvi varlığıdırsa, onun dünyadakı hadisələrdə iştirakı hansı vasitələrlə həyata keçir? “Mən”in təsdiqi şəxsi ideyaların maddi müstəvidə reallaşdırılması iləmi, yoxsa kənardan istiqamətləndirilən proseslərə sadəcə qoşulmaqlamı mümkün olur?

Şəxsi mənafe necə başa düşülməlidir?  “Mən”in təsdiqi kimimi, yoxsa cismani varlığın maddi dünyada iştirak dərəcəsi kimimi? Şəxs dünyadan pay alandamı, yoxsa dünyaya pay verəndəmi özünü təsdiq etmiş olur? Başqalarından yardım alandamı, yoxsa başqalarına yardım edəndəmi? Kimlərinsə tərəfindən dəstəklənəndəmi, kimlərəsə dəstək (dayaq) olandamı? Seviləndəmi, yoxsa sevəndəmi? Öyrənəndəmi, yoxsa öyrədəndəmi?

Şəxsi özünütəsdiq olduğu kimi, ictimai özünütəsdiq və milli özünütəsdiq də mümkündürmü? Əgər mümkündürsə, bu özünütəsdiqlərin subyektləri kimdir? Cəmiyyət və ya millətmi, yoxsa yenə də fərdmi? İctimai mənin və ya milli mənin müstəqil mövcudluğu mümkündürmü? Yoxsa onlar ancaq fərdi mənlərdəmi təzahür edir? Suallar çoxdur və əv-vəlcə onların fəlsəfi-konseptual izahına ehtiyac vardır. Belə ki, sadəcə şəxsi, ictimai və ya milli mənafedən adi şüur səviyyəsində danışmaqla problemin köklü izahı mümkün deyil. Fərdi mənafe ilə ictimai mənafeni qarşılaşdırmaq özü də düzgün deyil. Çünki burada söhbət iki eyni tərtibli hadisənin nisbətindən getmir. Fərdi mənafe zəngindir, rəngarəngdir, çoxcəhətlidir, ictimai mənafe isə milli ruhun hərarətindən kənarda məhdud, solğun və birtərəflidir. Digər tərəfdən, bu və ya digər ictimai mənafe, o cümlədən hətta milli mənafe harada isə abstrakt şəkildə mövcud olmayıb, fərdi mənafeyə daxildir, onun tərkib hissəsidir.

Bəli, nə qədər paradoksal görünsə də fərdi mənafelər ictimai mənafeyə deyil, ictimai mənafelər fərdi mənafeyə daxildir. Lakin fərdlər çoxdur və fərdi mənafelərin strukturu da müxtəlifdir. Kimlərinsə fərdi mənafelərində bu və ya digər ictimai mənafe aspektləri üstünlük təşkil edə bilər. Kim isə milli mənafeni, kim isə dövlətçilik mənafeyini, kim isə mədəni-mənəvi dəyərləri üstün tuta bilər. Kim isə bunların heç birinə məhəl qoymadan, ancaq öz fiziki sağlamlığını, şəxsi əhvalını və şəxsi əmlakını ön plana çəkə bilər. Deməli, fərdi mənafelər çoxluğu ifrat fərdi mənafedən ifrat ictimai mənafeyə qədər bütöv bir spektri əhatə edir. Əslində “şəxsi və ictimai mənafe problemi” idealizasiya halında bir ifrat qütblə digər ifrat qütb arasında münasibəti xatırladır. Halbuki, real həyatda şəxsi mənafelər müxtəlif aspektli ictimai mənafe komplekslərini ehtiva edir.

İstənilən cəmiyyətdə, istənilən ictimai münasibətlər çoxluğunda şəxslərin mənafeyinə uyğun gəlməyən mücərrəd ictimai mənafe yoxdur və ya daha doğrusu, olmamalıdır. İctimai mənafe ancaq o halda həqiqətən mənafedir ki, o, “normal şəxslərin” mənafeyini əks etdirir. Daha doğrusu, şəxsi mənafelər cəmiyyət prizmasından keçərək mürəkkəb struktur kəsb edir.

Geri qalmış ictimai toplumlarda şəxsi mənafelərin toplumla əlaqəsi zəifdir. O cəmiyyət mütəşəkkil hesab olunur ki, burada ayrı-ayrı şəxslərin həyat və mənafeləri ictimai qu-rumlarla vasitələnir. Və bunun sayəsində birinin mənafeyi başqalarının mənafeyi üçün şərt olur. Yəni şəxsi inkişafın ictimai inkişafdan, şəxsi xoşbəxtliyin ictimai rifahdan asılı olduğu dərk edilir. Hər bir adam öz xeyrinə çalışmaq üçün ictimai mənafeyə xidmət etmiş olur. Və əksinə, cəmiyyətin tərəqqisi hər bir şəxsin rifahına xidmət edir. Ən başlıcası isə, insanlar bunu dərk edir və özünü başqalarına və cəmiyyətə qarşı qoymaqdan çəkinir. 

Sovet dövründə “ictimai mənafe” anlayışı “dövlət mənafeyi” ilə eyniləşdirilirdi. Əslində isə dövlət ilə cəmiyyətin adekvatlığı gerçəklikdən çox uzaqdır. Digər tərəfdən, “ictimai” anlayışı heç də həmişə bütövlükdə cəmiyyəti nəzərdə tutmur. Müəyyən bir sosial qrupun, ictimai birliyin, siyasi partiyanın, kollektivin mənafeyi də “ictimai” anlayışı ilə ehtiva olunur. Yəni şəxsi mənafe qrup mənafeləri ilə də müqayisə oluna bilər və bu xüsusi bir mövzudur. Lakin şəxsi və ictimai mənafelərin nisbətindən danışdıqda bir qayda olaraq bütövlükdə cəmiyyətin mənafeyi nəzərdə tutulur. Bu isə həm də “dövlət” anlamının geniş mənasına uyğun gəlir. Dövlət ilə cəmiyyət arasında böyük ziddiyyətlər olmadıqda, dövlət öz əsas missiyasına uyğun olaraq bü-tövlükdə cəmiyyətin, xalqın mənafeyini təmsil etdikdə bu ifadələrin adekvatlığı şübhə doğurmur. Bu halda ictimai mənafe əslində cəmiyyətlə, ictimai proseslərlə vasitələnmiş şəxsi mənafedir.

Dövlətlə cəmiyyət arasında ziddiyyətlər olduqda, dövlət rəh-bərliyi cəmiyyətin mənafeyini deyil, xüsusiləşərək cəmiyyətin fövqünə qalxmış bir qrup dövlət məmurlarının mənafeyini təmsil etdikdə ictimai mənafe ilə şəxsi mənafe arasında da ziddiyyət yaranır. Onda bu iki mənafe bir-birini tamamlamaq əvəzinə və ya biri digərinin məzmununa daxil olmaq əvəzinə qarşı-qarşıya durur.

İmperiya şəraitində milli mənafelərlə dövlət mənafeyi arasında ziddiyyət olduğundan şəxsi və ictimai mənafe də uyğunlaşa bilmir. Müstəqil milli dövlətlərdə isə dövlət quruculuğu öz təyinatına uyğun surətdə aparılarsa millilik və dövlətçilik üst-üstə düşür. Bu halda şəxsi mənafe ilə ictimai mənafe arasında qarşılıqlı tamamlama üçün şərait yaranır.

Həm fərdi, həm də ictimai həyatın strukturunda ümumbəşəri dəyərlərlə yanaşı milli-mənəvi dəyərlər də mühüm yer tutur. Milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlara və bütün cəmiyyətlərə xas olan cəhətlər ilk növbədə iqtisadi və intellektual aspektləri əhatə edir. Öz cismani varlığını təkrar istehsal etmək, təsərrüfat fəaliyyətlərini qurmaq, sənayeni inkişaf etdirmək və bunun üçün yeni-yeni texniki vasitələr icad etmək, təbiətin qanunlarını öyrənmək və onlardan isti-fadə etmək sahəsində insanların maraqları əsasən üst-üstə düşür. Yəni burada insan-insan münasibətindən daha çox, insan-təbiət münasibətindən söhbət gedir. Maddi dünyaya, təbiətə münasibətdə bütün insanlar milli mənsubiyyətindən asılı olmadan eyni mövqedə dururlar. Düzdür, burada da müxtəlif dövrlərdə müxtəlif xalqların fəaliyyətləri tam üst-üstə düşmür. Təbiətə münasibətdə də praqmatiklik, eqoizm, şairanəlik və s. müxtəlif mövqelər ola bilər. Ayrı-ayrı adam-lar və hətta bəlkə bütöv millətlər də bu baxımdan fərqlənə bilərlər. Məsələn, Novruz Bayramı əslində insanların təbiətə münasibətini ifadə edir. Lakin müəyyən xalqlarda bu münasibət özünü daha qabarıq göstərir və daha çox ənənəyə çevrilmişdir. Ümumiyyətlə, ənənələrin bir qismi insanların hələ təbiətdən tam ayrılmadıqları dövrdən başlanır və insanla təbiətin vəhdətini ifadə edir. Digər qisim ənənələr insan özünü təbiətdən ayırdıqdan sonra ona olan şüurlu münasibəti (minnətdarlıq hissi və s.) ifadə edir.   

Lakin millilik daha çox dərəcədə insanların öz aralarındakı münasibətlərdə üzə çıxır. Bu da ən çox əxlaq sferasını əhatə edir.

Din insanlar arasındakı münasibəti deyil, insanla Allah arasındakı münasibəti ifadə etdiyindən, o da milliliyin fövqündə dayanır. Dini duyğular daha çox dərəcədə insanın təbiətə münasbətinin davamı kimi ortaya çıxır. Dində insan özü ilə təbiət, özü ilə dünya arasında vəhdət axtarır.

Millilik tarixən eyni təbii mühitdə, eyni ictimai-iqtisadi şəraitdə formalaşmış olan insanların öz aralarındakı münasibətlərin ənənəviləşmiş məqamlarını əhatə edir. İnsanlar arasında əlaqə və ünsiyyətin ardıcıl, müntəzəm xarakter daşıması vahid ünsiyyət vasitələrindən istifadə olunmasını tələb edir. Ünsiyyət dedikdə biz yalnız dili deyil, insanlar arasında əlaqənin bütün formalarını nəzərdə tuturuq.

Əlbəttə, etnik-milli xüsusiyyətlər qısa müddətdə, birdən-birə formalaşmır. Əsrlər boyu davam edən ənənəviləşən, qərarlaşan ünsiyyət formaları tədricən cəmiyyətdə stabil sosial normalar, əxlaqi və estetik meyarlar sistemi yaradır və düşüncə tərzinin özünə də təsir edir. Əvvəlki nəsillərin həyat tərzi və qiymətləndirmə meyarları bilavasitə ötürülməklə yanaşı, bədii ədəbiyyat və incəsənət vasitəsi ilə də yeni nəslə çatdırılır. Nəticədə milli varislik müxtəlif kanallar və vasitələrlə təmin edilir.

İnsan müəyyən milli-mənəvi dəyərlər sistemində formalaşdıqdan sonra başqa bir mühitə düşərsə, onunla mühit arasında ziddiyyətlər yaranması qaçılmazdır. Belə ki, hər bir insanın fərdi-mənəvi aləmi adekvat ictimai mühit tələb edir. Yalnız bu zaman insanla cəmiyyət arasında har-moniya mümkündür.

İnsanın başqa, ona yad olan mədəni-mənəvi mühitə adap-tasiya olunması yalnız onun milli-mənəvi köklərdən ayrılması sayəsində mümkündür. Köklü, əsil-nəcabətli, milli mənsubiyyəti şübhə doğurmayan insanlar başqa mühitlərə tezliklə uyğunlaşa bilməzlər. Ancaq milli siması olmayanlar üçün istənilən ictimai, mədəni-mənəvi mühit eyni dərəcədə məqbuldur.

Bu gün milli özünüdərk problemi həm də ona görə aktualdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqımız öz milli-mənəvi köklərinə qayıtmağa, öz milli mentalitetinə adekvat olan həyat tərzi qurmağa çalışır. Lakin buna nail olmaq üçün ilk növbədə əsrlərdən və nəsillərdən bizə miras qalmış milli sərvətlərimizi qoruyub saxlamağı və onları dəyərləndirməyi bacarmalıyıq. Milli varlığımız üçün təhlü-kələr isə çoxdur. Ona görə də biz bu sahədəki problemləri üzə çıxarmalı və çıxış yollarını göstərməyə çalışmalıyıq.

* * *

Ən mühüm məsələlərdən biri də keçid dövrünün sınaq məqamında ictimai şüurun düzgün istiqamətləndirilməsidir. Bununla bağlı kütləvi informasiya vasitələri böyük imkanlara malikdir. Əlbəttə, gənclərin mənəviyyatının formalaşmasında ən əsas yerlərdən birini təhsil müəssisələri tutur. Lakin məktəblərdə verilən biliklə, müəllimlərin öyrətdiyi ilə real həyat arasında müəyyən uyğunluq, qarşılıqlı tamamlama olmalıdır. Özü də real həyatın, canlı nümunənin təsir gü- cü daha böyükdür.

Əgər gənclər cəmiyyətdə nüfuzlu adamların, vəzifəli şəxslərin, ziyalıların, tanınmış sənətçilərin həyat tərzində müəyyən nöqsanlar görürlərsə, onun ziyanı daha çox olur. Çünki gənclər əsasən tanınmış adamlara bənzəməyə çalışırlar. Digər tərəfdən, mətbuat orqanlarının, televiziyanın böyük təsir gücü vardır. Belə ki, televiziya və mətbuat is-tənilən sahədə meyarların formalaşmasına böyük təsir gös-tərir. “Nəyi isə hətta televiziyada da göstərirlərsə, haqqında qəzetlərdə utanıb-çəkinmədən yazırlarsa və hətta reklam edirlərsə, deməli, burada pis heç nə ola bilməz”. Ona görə də, gənclərin tərbiyəsi işində KİV-in üzərinə olduqca böyük məsuliyyət düşür.

Lakin bəzi qəzetlər və jurnallar “mətbuat azadlığında” ifrata varır, erotik mövzularda yazılar və şəkillər dərc etməklə qazanc əldə etməyə çalışırlar. Ümummilli liderimiz Heydər Əliyevin milli-mənəvi dəyərlərlə bağlı verdiyi bəyanatda deyilir: “Ölkəmizin ictimaiyyətinin müxtəlif təbəqələrinə mənsub olan şəxslər, bəzi adamlar verilmiş bu azadlıqdan öz şəxsi mənafeləri, şəxsi məqsədləri üçün sui-istifadə edirlər. Ya anlamırlar, ya da anlayaraq bizim xalqımızın mənəviy-yatını, əxlaqını və xüsusən gənclərin əxlaqını pozmağa cəhd göstərirlər”.  Ən pisi odur ki, belə adamların şəxsi maraq-ları qloballaşma şəraitində milli mənəviyyatlara, adət-ənənələrə qarşı yönəldilmiş məqsədyönlü kütləvi proseslə üst-üstə düşür. Belə ki, qloballaşma dünya miqyasında xalq-lar arasında fərqlərin aradan götürülməsini stimullaşdırır. Lakin başqası kimi olmaq üçün ilk növbədə özün kimi olmaqdan imtina etməlisən. Ona görə də, ümumbəşəri dəyərləri daha rahat şəkildə ön plana çəkməyin ən asan yolu milli-mənəvi dəyərlərin arxa plana keçirilməsi hesab edilir. Lakin bu, səhv təsəvvürdür.  

Ən doğru yol - yeni ümumbəşəri mədəniyyətin milli mədəniyyətlərin fövqündə deyil, onlarla sintez halında formalaşmasıdır. Bu baxımdan, Heydər Əliyevin milli ideologiyamızın əsas prinsipi kimi irəli sürdüyü “milliliklə ümumbəşəriliyin vəhdəti” ideyası əsas götürülməlidir. Biz başqalarından öyrəndiyimiz kimi, başqaları da bizdən öyrənməlidir. Həm də burada “ortaq məxrəc” prinsipi əsas tutulmamalıdır. Hansı millətdə hansı milli-mənəvi keyfiyyət üstündürsə, onun bütün bəşəriyyət tərəfindən qəbul olunması ideal qloballaşma modelinə daha çox uyğundur.

Bizim bəzi kütləvi informasiya vasitələri isə hüquqi məhdudiyyətlərin aradan götürülməsindən sui-istifadə edərək və daha varlı olan və daha çox qonarar və reklam haqqı vermək iqtidarında olan kosmopolit ruhlu, qərbpərəst şəxslərin və təşkilatların təsiri altında fəaliyyət göstərirlər. Və bununla guya Qərb mədəniyyətinə qovuşduqlarını zənn edənlər əslində yanılırlar. Çünki Qərb dünyası ilkin kapital yığımı mərhələsini - “mənəviyyatsızlıq” dövrünü arxada qoymuşdur və indi  mənəvi inkişaf uğrunda mübarizə aparır. Biz isə bəzən əsl yüksək Qərb mədəniyyətindən xəbərsiz halda məqsədyönlü surətdə və böyük səxavətlə bizə transfer edilən “vulqar kütləvi mədəniyyət” nümunələrini az qala Qərbin əsas göstəricisi kimi qəbul edirik. Bu səhv təsəvvürdən daşındırmaq üçün ümummilli liderimiz Heydər Əliyev bu məsələni xüsusi qeyd edirdi: “Ayrı-ayrı jurnallarda, qəzetlərdə pornoqrafiya səviyyəsində fotoşəkillər nümayiş etdirənlər nə düşünürlər? İndi ən inkişaf etmiş Avropa ölkələrində, Amerikada, başqa ölkələrdə belə şeylər yoxdur. Vaxtilə, nə vaxtsa olubdur. Amma indi belə şeylər yoxdur”. Bəli, başqa xalqlardan, xarici ölkələrdən öyrənmək qəbahət deyil. Lakin başqa xalqların mədəniyyətini, mənəviyyatını biznes məqsədilə çəkilmiş filmlərdən və ya ancaq xüsusi publika - məhdud miqyasda adamlar üçün nəzərdə tutulmuş telekanal, qəzet və jurnallardan deyil, onların klassik əsərlərindən, yüksək bədii nümunələrdən öyrənmək lazımdır.

Təəssüf ki, televiziya yüksək estetik idealın, ali hiss və duy-ğuların təbliği əvəzinə, çox vaxt məzmunsuz teleseriallar, bayağı gülüş səhnələri və həddindən artıq çoxlu konsert təqdim edir. Bəzən telekanallar guya öz maddi durumlarını düzəltmək üçün gənclərin psixikasına pis təsir edən, reallaqdan uzaq dəhşət səhnələri, erotik məqamlarla zəngin filmlər nümayiş etdirməkdən çəkinmirlər. Konsertlər də çox vaxt bayağılaşdırılır, sənətçilərin geyimində və rəftarında bütün milli-mənəvi ənənələrdən uzaqlaşmaq cəhdi az qala yarış həddinə çatır.

Tariximizlə, mənəviyyatımızla, milli-mədəni abidələrimizlə, dilimiz, dinimiz, adət-ənənələrimizlə bağlı verilişlər isə arzu olunduğundan azdır. Düzdür, son illərdə bəzi televiziya kanallarında bu istiqamətdə müəyyən uğurlar müşahidə olunmaqdadır, lakin bu hələ davamlı bir tendensiya halını almamışdır.

Müasir dövrün ən mühüm problemlərindən biri də cəmiyyətin strukturunda öz iqtisadi imkanlarına görə seçilən müxtəlif təbəqələrin birgə yaşayışı və bu zaman ortaya çıxan mənəvi problemlərdir. Məsələ burasındadır ki, Qərb ölkələrində milli burjuaziya neçə əsrlər ərzində formalaşmış və onların mənəvi-əxlaqi keyfiyyətləri və buna uyğun həyat tərzi də yaranmışdır. Lakin hələ müvafiq mənəvi təkamül keçməmiş insanların birdən-birə çoxlu qazanc əldə etməsi, hələ cəmiyyətdə bu artıq pulların ictimai mənafe baxımından faydalı surətdə xərclənməsi, yeni iş yerlərinin açılması, bütövlükdə milli-ictimai tərəqqiyə xidmət edilməsi istiqamətində ənənənin formalaşmaması müəyyən çətinliklər doğurur.

Artıq pulların ən asan xərclənmə üsulu onun eyş-işrətə sərf olunmasıdır. Ona görə də, qarşıda həm də milli burjuaziyanın mənəvi keyfiyyətlərinin formalaşdırılması kimi çətin bir vəzifə durur. Həm də milli burjuaziyadan fərqli, məhz keçid dövrü üçün səciyyəvi olan sosial qruplar da vardır ki, onlar maddi istehsalın və halal biznesin çətin yolları ilə deyil, bir sıra əyri yollarla asanlıqla böyük pullar qazanırlar. Onlarda milli mənəviyyatın formalaşdırılması ümumiyyətlə, mümkün deyil. Çünki onların iş üsulu özü mənəviyyatla bir araya sığmır.

Məhz belə mürəkkəb bir şəraitdə cəmiyyət daxilində böyük təzadlar yaranır. Ümummilli liderimiz Heydər Əliyevin bu barədə verdiyi bəyanatda deyilir: “Bir qütbdə həddindən artıq zənginləşmiş, bəzi hallarda qanunsuz zənginləşmiş, öz vəzifələrindən sui-istifadə edərək zənginləşmiş, harınlaşmış insanlar və onların övladları eyş-işrət içərisindədir, o biri tərəfdən, çadırlarda yaşayan insanlar inildəyirlər, nə qədər əziyyətlər çəkirlər”. Doğrudan da, - böyük təzaddır. Və təbii ki, cəmiyyətin strukturundakı bu təzadlar mənəvi həyatımızda da təzahür edir. Heydər Əliyev məhz bu məsələdə də Qərbin yaxşı nümunələrini öyrənməyə çağırırdı. Avropada, Amerikada zəngin adamların, böyük biznesmenlərin real həyat tərzinin nə dərəcədə işgüzar, səmərəli və sadə olduğunu yada salırdı. Bizim mətbuat da, televiziya da bədii ədəbiyyat da bu yaxşı nümunələrin təbliğinə daha geniş yer verməli, həqiqətdən uzaq olan, ideoloji və mədəni-mənəvi təxribata xidmət edən bayağı nümunələr isə mətbuata və efirə yol tapmamalıdır.

 Təsadüfi deyildir ki, Heydər Əliyev dövlətçilik hissi ilə yanaşı, milli-mənəvi dəyərlərə bağlılığı da azərbaycançılıq məfkurəsinin mühüm tərkib hissəsi sayırdı. Professor Ramiz Mehdiyev yazır: «Azərbaycançılıq ideyasının dərk olunmasının əsasında Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində birlik ideyası durur və bu nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların bir çox nəsillərinə xidmət edəcəkdir». Bu ideya dövlətçilik və vətənpərvərlik hissinin gənc nəslə çatdırılmasında xüsusi əhəmiyyətə malikdir.

Azərbaycançılıq həyat tərzində, əxlaqda, mənəviyyatda, ədəbiyyatda olduğu kimi, pedaqoji prosesdə də aparıcı ideya olmalıdır. Əsrlərdən bizə miras qalmış milli-mənəvi dəyərlərimiz nəinki təkcə müasir milli mövcudluğumuzun, həm də siyasi mövcudluğumuzun, dövlətçiliyimizin qarantına çevrilməlidir. Azərbaycançılıq dövlətimizin milli-siyasi məfkurəsi olmaqla həm təlim, həm də tərbiyə prosesinin məzmununa daxil edilməlidir.

Mənbə: www.felsefedunyasi.org

 

baxılıb: 1800 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR