“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
18 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Azərbaycançılıq və milli-mənəvi dəyərlər

Azərbaycançılıq məfkurəsində yoğurulmuş yazıçı

A+ | A-

Anar öz yaradıcılığında bəşəriliklə milliliyi bir vəhdət halına salmış, milli şüurun oyanışında və xalqımızın dünyada tanımasında əvəzsiz xidmət göstərmişdir...

Ronsara məxsus belə bir söz var: "Əfsus!".. Gedən vaxt deyil, bizik...". Biz isə o vaxt tarixdə qala bilirik ki, əvəzsiz xidmət göstərə bilək. Bu mənada Anar Azərbaycan ədəbiyyatı, mədəniyyəti tarixində xidməti olan ziyalılarımızdan biridir. Anar müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, nasir, publisist, dramaturq, kinorejissordur.

Anar 60-cı illər Azərbaycan əldəbiyyatına yeni ab-hava gətirmiş yazıçılar nəslinə məxsus olmaqla öz yaradıcılığında bəşəriliklə milliliyi bir vəhdət halına salmış, milli şüurun oyanışında və xalqımızın dünyada tanımasında əvəzsiz xidmət göstərmişdir. O, XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi görkəmli ziyalılardan biridir. Heç şübhəsiz ki, burada Anarın valideynlərinin, əsil-nəslinin də rolu az deyildir. Anar bir ziyalı, fərd, dövlət xadimi, ədəbiyyat və mədəniyyət adamı kimi Azərbaycanın ilk müstəqil hökumətində, Xalq Cümhuriyyətində nazir vəzifəsi tutmuş və sonra  repressiya qurbanı olmuş ana babası Xudadat bəy Rəyfibəylinin, Məmmədxanlılar nəslindən olan ata babası İbrahim Məmmədxanlının, bir sözlə, Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xanın, anası Nigar xanımın, atası Rəsul Rzanın genini yaşadır. Onun xarakterində  nəslinə məxsus ağayanalıq, gözütoxluq, maarifçilərə məxsus ziyalılıq vardır.

Anarın ömür yolu XX əsrdən başladı XXI əsrə adlayıb keçdi. Təbii ki, Rəsul Rza ocağından qaynaqlanan bu ömür yolu ata-ana (valideynlərin) mühiti ilə yanaşı, həm də öz istedadına borcludur. Anarın valideynləri elə bir ömür yaşadılar ki, həmin ömür övladlarına başucalığı gətirdi. Anarın atası Rəsul Rza dünyanın hər üzünü gördü: otuzuncu illərin repressiyasını da, II Dünya müharibəsini də, 40-70-ci illərin hadisələrini də... Hər dəfə bu gedən prosesin, baş verən hadisənin içərisində o, daha da mərdləşdi, mətinləşdi. R. Rza Azərbaycanda ensiklopedik nəşrlərin təməlini qoyan yenilikçidir. Hələ Sovetlər İttifaqı dövründə xalqımızın tarixini,  görkəmli şəxsiyyətlərin fəaliyyətini düzgün qiymətləndirmək üçün istedadlı gəncləri, təcrübəli alimləri, naşirləri ensiklopediyaya cəlb etdi və işgüzar, bacarıqlı bir kollektiv yaratdı. Açıq demək lazımdır ki, Anarın bu səviyyəyə gəlib  çatmasında ata-ana, nəsil-şəcərə dəyərləri böyük rol oynamışdır. Burada atadan, anadan, nəsildən,  səcərədən Anara çatan pay aşağıdakılardır:

1. Yaradıcı adamlara, qələm sahiblərinə doğmalıq, sadiqlik,  səmimilik və s. Rəsul Rza  37-ci ilin  repressiyasında qələm dostlarının heç biri barəsində bir kəlmə də olsun  namərd söz deməmişdir. Baxmayaraq ki, onun ömrü Cavid kimi, Seyid Hüseyn kimi,  Mümtaz kimi, Müşfiq kimi, 1937-1938-ci illərdə qırıla bilərdi. Onun sədaqəti, səmimiyyəti, mərdliyi, kişiliyi qırılmadı, sınmadı. Bu  keyfiyyətlər onun oğlu Anara da pay kimi verildi və burada genin rolu danılmaz oldu.

2. Anarın anası Nigar xanım Rəfibəyli XX əsrin Azərbaycan qadın şairləri içərisində öz dəst-xətti olan istedadlı şairlərimizdən biridir. Onun istedadı Rəsul Rzanın nüfuzunun yüksəlməsinə, ən çətin məqamlarda onun yanında olmasına, onun ən sədaqətli həyat dostu olmasına bağlıdır. Anar anası Nigar Rəfibəylinin bu mənəvi keyfiyyətlərini övlad kimi öz əməlində yaşadır, yaxınlarına, dostlarına bir pay kimi verir.

3. Rəsul Rza yenilikçi olmuşdur. Onun tərcümeyi-halının  hər hansı bir məqamında mövcud olan mübarizlik yeniliyin özündən  qaynaqlanmışdı. Anar da XX əsrin 60-70-ci illərində ədəbiyyata, mədəniyyətə gəlmiş istedadlı bir nəslin nümayəndəsi kimi, obrazlı şəkildə desək, başdan-ayağa yenilikçidir. O, XX əsrin 60-70-ci illərində ədəbiyyatda o dövrün adamlarının xarakterini, daxili aləmini, cəmiyyətdəki naqislikləri dərindən əks etdirməyi  müvəffəqiy­yətlə bacarmışdır. Bu mənada Anarın "Şəhərin yay günləri" pyesində qaldırı­lan məsələlər ədəbi-bədii  düşüncəmiz tarixində yenilikdir. "Dədə Qorqud" filminin çəkilişi yenilikdir. Elə "Ağ liman", "Beşmərtəbəli evin altıncı mər­təbəsi", "Macal", "Yaxşı padşahın nağılı", "Səhra yuxuları", "Sizsiz" əsərləri də həyat və onun mənası, yaxşılıq, pislik, xoşbəxtlik, əxlaq və s. məsələlərin qoyuluşu, həlli baxımından ədəbi-bədii düşüncə tariximizdə yenilikdir. On bir bədii filmin (məs.:"Gün keçdi", "Qəm pəncərəsi", "Təhminə", "Otel otağı" və s.), bir neçə sənədli və televiziya filminin (məs.: "Dəniz", "Qobustan", "Daş saatın səsi" və s.) ssenari müəllifi olmağın özü az iş deyil.

Anar həmişə Azərbaycan xalqının tarixi, taleyi haqqında düşünən ziyalılarımızdandır. Onun "Azərbaycançılıq haqqında düşüncələr" adlı yazısını oxuduqda hiss edirsən ki, Anar tarixçi, ədəbiyyatşünas, azərbaycanşünas təfəkkür sahibidir. Onun üçün azərbaycançılıq ideologiyası insan azadlığı, milli  müstəqillik, sinfi, milli, irqi, dini, cinsi bərabərlik, türk qardaşlığı, xalqlar  dostluğu təməli üzərində dayanır. Anarın "İki dilin bir adı ola bilməz", "İpək yolu", "Mədəniyyətimizin taleyi  təhlükə altındadır", "Mədəniyyət də istehkamdır, qaladır" tipli yazıları müasir publisistikamızın zirvəsi hesab oluna bilər. Ən azı ona görə ki, bu tipli yazılarda təkcə fikir, düşüncə deyil, həm də hər bir oxucunun asanlıqla başa düşəcəyi fakt, sübut, dəlil vardır. Eyni zamanda, hər bir kəsin marağında olan məsələlərə düzgün, obyektiv, ziyalı-vətəndaş mövqeyindən yanaşma, təhlil aparma, fikir söyləmə, münasibət bidirmə, mövqe nümayiş etdirmə qabiliyyəti vardır.

Anara Azərbaycan sözü ilə yanaşı, türk sözü də olduqca doğmadır. Azər­bay­canda Türkiyəyə olan məhəbbətin mərkəzində kimlər  dayanır sorğusunu etsək, heç şübhəsiz, burada Anarın adı birincilər sırasında olacaqdır. Anar "Türkün türkdən başqa dostu yoxdur" sözlərini birdəfəlik unutmaq şərtilə türkçülük ideyalarının dirçəlməsində filoloji düşüncə sahibi olan ziyalılarımız­dan biridir. Anar azərbaycanşünaslığın əsas qayəsində nəyin dayandığını və necə dayandığını yaxşı bilir. O, bu gün türkçülük ideyalarının dirçəlməsini təbii hal kimi qəbul edir. Ancaq onu da qəbul edir ki, bu işdə ifrata varmaq olmaz.

Anar azərbaycançılıq məsələləsində elə bir meyar seçir ki, onu heç kim inkar edə bilməz. Anar  Türkiyəni ikinci vətəni sayır. O, yazır: "Türkiyəni ikinci vətənim sayıram.

Birinci vətənimdə -- Azərbaycanda gördüyüm naqisliklər, çatışmazlıqlar haqqında tənqidi, satirik yazılar yazdığım kimi,  ikinci vətənimdə bəzi xətaları müşahidə etdikcə, sözünü tutmayan, vədinə əməl etməyən, havayı söz danışan adamlarla rastlaşdıqca bu barədə susmaq istəmədim. "Muhakkak görüşürüz" hekayəsi də bu hisslərdən yaranıb. Məncə, vətəni sevmək -- onu hər cür qüsurlardan, boşboğaz adamlardan xali görmək istəyidir. Və qələmi bu məqsədə yönəltməkdir".

Əslində, Anarın azərbaycançılıqla bağlı mövqeyi Azərbaycan ziyalısının ideal düşüncə tərzidir. Bu, Azərbaycan ziyalısının dünyanı milli, irqi, dini ma­raqlarına görə idarə etmək istəyənlərə qarşı cavabıdır. O, yazır: "... dilimizin tarixi kökləri baxımından qazax ya başqırd mənə nə qədər yaxın olsa da, ayrı dil sistemində danışan talışdan, ləzgidən ya  kürddən yaxın deyil. Əsrlər boyu adət-ənənələri, məişət özəllikləri, əxlaq anlayışları, nəhayət, mətbəxləri bir olmuş tat, avar, mənə eyni dil sisteminə malik olduğum xakasdan, ya yakutdan  doğmadır. Ailə bağları da Azəri türklərini çuvaşlarla, ya tuvalılarla deyil, talışlarla, kürdlərlə, ləzgilərlə və özünə qürurla "Azərbaycanlıyam" deyən bütün başqa millətlərlə bağlayır. Tarixi araşdırmalar, dil, ədəbiyyat  tədqiqatları baxımından son dərəcə önəmli olan bir sahə -- türkçülük məkanı bizi azərbaycançılıq məkanından ayıra bilməz. Azərbaycan türk dünyasının bir parçasıdır, amma Azərbaycanın içində ayrıca bir Azərbaycan dünyası da var və bu dünyada türk olmayan azərbaycanlılar da layiqli, şərəfli yerə malikdir".

Anar azərbaycançılıq haqqında düşüncələrinin düsturunu belə müəyyən­ləşdirir: Azadlıq, Milli Müstəqillik, sinfi, milli, irqi, dini, cinsi Bərabərlik, Türk Qardaşlığı, Xalqlar dostluğu. Deməli, Anar müasir dünyamızda türkçü­lüyün, azərbaycançılığın nəzəri əsaslarını belə – yuxarıda qeyd olunan düstur­da görür. Bununla da, o, türkçülük, azərbaycançılıq sahəsində mövcud nəzəri fikirləri öyrənir, həm də onu müasir dövrün tələblərinə uyğun şəkildə zəngin­ləşdirir. Vaxtilə Turançılığın gerçəkləşməsində türkçülüyün məfkurəsi hesab olunan: Türkiyəçilik, Oğuzçuluq, yaxud Türkmənçilik, Turançılıq ideyalarını modern bir formaya salır, buraya azərbaycançılığı da əlavə edir. Bununla da Ziya Goyalpın türkçülüyün əsaslarında üç məfkurənin aparıcı xətt olmasını XXI əsrin tələblərinə, Azərbaycan adlı məkanın istəklərinə, reallıq və gerçək­liklərinə uyğunlaşdırır. Heç şübhəsiz ki, bunu yalnız düşüncə sahibləri, təc­rübəli ideoloqlar, millətini və dövlətini sevən kəslər, millətinin və dövlətinin tarixi taleyini dərindən bilən, sabaha – məhz sabaha gedən yolun üfüqlərini görən kəslər edə bilərlər.

Anar bəlkə də bu dünyaya neçənci dəfədir ki, gəlib. Əlbəttə, həmişə sözünün qədrini bilmək, düşünmək, daşınmaq, yüz ölçüb, bir biçmək, bəzən yersiz tənələrə tuş gəlmək və sair və ilaxır -- bütün bunların hamısı onun ta­leyi olmaqla Anarın neçənci dəfə dünyaya gəlişi barəsində fikir yürütməyə əsas verir. Bəlkə də "Dədə Qorqud" filminin ssenarisinin məhz Anar tərə­fin­dən yazılması onun bizə məlum olmayan ruhunun-genetik  yaddaşının diktəsi ilə bağlıdır. Bəlkə də "Gecə düşüncələri" adlı əsərində qələmə aldıqları birinci, ikinci, üçüncü.... ruhunun müasiri olduğumuz Anara məcburən yazdırdıqlarıdır. Hər halda buradakı fikirlər yaddaşın, təcrübənin, yaşantıların... qəlibləşmiş kəlmələridir. Məsələn: "Zamanın və məkanın əvvəlinin və sonunun dərk olunmazlığı elə Allah deməkdir"; "Məhəbbət o deməkdir ki, sən bəzən müxtəlif adamlarda müxtəlif cəhətləri axtarırsan və qəfildən onların hamısını bir nəfərdə tapırsan. Yaxud uzun müddət ərzində bu sənə belə gəlir"; "Susmaq həqiqətdir, bəlkə həqiqətin özü belə sükutun içindədir"; "İnsanın bütün həyatı əzab və qorxudan yoğrulmuşdur. İşin pis gedəndə üzülürsən, yaxşı gedəndə qorxursan -- xoşbəxtliyini itirməkdən qorxursan..."; "Həyat həmişə gələcəkdədir. Keçmiş ölüm səltənətidir. O, yaşanılıb, tükənib, qurtarıb  və demək, artıq canını tapşırıb"; "Bu gün, 40 il bundan əvvəl olduğu kimi, mən Azərbaycanda ən cavan yazıçıyam" və sair və ilaxır

Bu axırıncı fikir onu deyir ki, Anar fiziki cəhətdən və bir subyekt kimi Anardır, ancaq o, ruh baxımından neçənci dəfə bu dünyaya gəlib və neçənci dəfə bu dünyaya gələcəkdir -- bax bu  barədə söz demək olduqca çətin və mürəkkəbdir. Anar təkcə Rəsul Rzanın, Nigar Rəfibəylinin layiqli davamçısı deyil, o, Azərbaycan ədəbiyyatı tarixində öz imzalarını təsdiq etmiş, ədəbi ziyalılarımızın hər birinin layiqli davamçısıdır. Nə yaxşı ki, bu gün Azərbaycan ədəbiyyatında Anarımız var.

Millət həm də o zaman böyük millət olur ki, onun təfəkkür sahibləri olur. Anar geniş təfəkkür sahibi kimi də milli varlığımızın ön sıralarında görünür, yaşayır, yaradır, ədəbiyyatımızı, mədəniyyətimizi təmsil edir. Bu yolda ona uğurlar arzulayıram.

Buludxan Xəlilov

 “Azərbaycan” jurnalı, 2008, №1.

 

baxılıb: 1269 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR