“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
21 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Azərbaycançılıq və milli-mənəvi dəyərlər

Milli “mən” və mənəvi irs: dünyanı tanımaq və dünyaya tanınmaq

A+ | A-

Qloballaşma dövründə Azərbaycan xalqının adət-ənənələrinin, milli-mənəvi dəyərlərin qorunması və təbliği böyük önəm kəsb edir...

«Bu gün bizim qarşımızda yeni çağırışlar dayanır. Bu gün əsas prioritetlərdən biri Azərbaycanın milli adət-ənənələrimizin təmin olunması şərti ilə dünyada gedən proseslərə qoşulması, dünya birliyinə inteqrasiya etməsidir. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, biz öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər» - prezident İlham Əliyevin 2008-ci il iyunun 19-da Azərbaycan Parlamentinin 90 illik yubileyinə həsr olunmuş yığıncaqda söylədiyi bu fikirlər ölkəmizin inkişaf modelini, qlobal dünyaya inteqrasiya yolunu bariz şəkildə ifadə edir.

Dövlət başçısının bu fikirləri məhz Xalq Cümhuriyyətinin yubiley tədbirində vurğulaması təsadüf deyildi. Azərbaycan xalqı müsəlman dünyasında tarixə ilk cümhuriyyəti, demokratik respublikanı vermiş bir xalqdır. Bunca böyük tarixi irsin, milli «mən» və milli şüur təntənəsinin müəllifi olan xalq üçün hazırkı dünyada öz layiqli yerini tapmaq, dünyaya  milli-mənəvi dəyərləri, ənənələri ilə inteqrasiya etmək müstəsna əhəmiyyət daşıyır.

Bu gün bütün dünyada qloballaşma prosesi gedir, qlobal inteqrasiya nəhəng coğrafiyaları bir-birinə bağlayır. Bu proseslər fonunda dünyada qabaqcıl yer tutmaq istəyən dövlət özünün iqtisadi, siyasi gücü ilə yanaşı, həm də tarixi, mədəniyyəti, milli irsi ilə tanınmağı bacarmalıdır.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, dünya birliyinə inteqrasiya ikitərəfli prosesdir: biz, bir tərəfdən, tarixi irsimizi dünyaya təbliğ ediriksə, digər tərəfdən, dünyadakı dəyərləri əxz edirik. Təəssüf ki, bu zaman qloballaşmanın fəsadlarından yayınmaq mümkün olmur. Xüsusilə informasiya-kommunikasiya texnologiyalarının təsiri altında həyatımıza daxil olan stereotiplər milli eyniyyətin itirilməsi, mənəvi dəyərlərin aşınması kimi təhlükələr doğurur.

Qlobal çağırışlar və milli ideya

Belə bir vəziyyətdə, ölkə prezidentinin də vurğuladığı kimi, Azərbaycanın qarşısında duran mühüm məqsədlərdən biri xalqımızın milli «mən»ini dünyaya layiqincə təqdim etmək, mənəvi dəyərlərimizin mütərəqqi dünya dəyərlərilə bitkin sintezinə nail olmaqdır. Bu məqsədə çatmaq üçün başlıca şərtlərdən biri Azərbaycan xalqının tarixi ruhundan, irsindən keçib gələn və bugünkü cəmiyyəti, daha geniş miqyasda isə, dünya azərbaycanlılarını bir arada tuta biləcək mənəvi dəyərlər toplusunun, güclü milli ideyanın mövcud olmasıdır.

Tarixi təcrübə göstərir ki, dövlət və cəmiyyət rasional ideoloji oriyentirlərdən məhrum olduqda, yaranmış boşluq müxtəlif ideologiyaların qarışığı ilə dolur və bu, öz növbəsində, mənfi nəticələr doğurur. Azərbaycanın müstəqilliyinin ilk illərinin təcrübəsi buna sübutdur. Uzun illər hakim olmuş kommunist ideologiyasının süqutundan sonra yeni qurulan müstəqil dövləti kortəbii şəkildə, ictimai şüuru ideologiyasızlaşdırmaq yolu ilə idarə etməyin hansı fəsadlar doğurduğunu hamımız yaxşı xatırlayırıq. Məhz buna görə Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın - azərbaycançılığın təşəkkül və inkişafına müstəsna diqqət verib.

Azərbaycançılıq xalqımızın tarixinin uzaq qatlarından süzülüb gələn, onun ənənələrini, dəyərlərini, doğma dilini, milli mədəniyyətini özündə inikas etdirən məfkurədir. Bu məfkurəni təbliğ etmək mahiyyət etibarilə Azərbaycan xalqının milli-mənəvi irsini, mədəni zənginliyini dünyaya təqdim etmək deməkdir.

Böyük azərbaycanlı Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə bu prinsipi özünün həyat amalı kimi qəbul edib, milli-mənəvi dəyərlərimizin himayədarı olub. O, hələ sovet dövründə Azərbaycanın iqtisadi tərəqqisi ilə yanaşı, xalqımızın tarix və mədəniyyətinin, mənəvi irsinin təbliğini daim diqqət mərkəzində saxlayıb, bu yolda sovet dövlətinin bəlli çərçivələri daxilindəki imkanlardan maksimum istifadə edib. Bu dövrdə Azərbaycan ədəbiyyatında, incəsənətində xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini tərənnüm edən çoxsaylı əsərlər yaranıb.

Keçmiş SSRİ-nin böyük şəhərlərində Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi, onlara abidələrin qoyulması, Azərbaycan mədəniyyətini, incəsənətini təbliğ edən tədbirlərin təşkili - bütün bunlar Heydər Əliyevin tarixi xidmətlərinin, sadəcə, bir hissəsidir. Azərbaycanlı olaraq bu yüksək missiyadan doğan milli qürurunu böyük lider sonralar özünün məşhur kəlamı ilə bəyan edib: «Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam».

Azərbaycanlı olmaq fəxarəti və tarixi irsə ehtiram

Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyə qayıtdıqdan sonra azərbaycançılığı milli ideya olaraq irəli sürməsi də onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir. Xalqımızın adət və ənənələrinə, mədəni irsinə diqqət bu ideyanın təməl xətlərindən biridir. Təsadüfi deyil ki, bu məqam ölkə Konstitusiyasında da əksini tapıb. Konstitusiyanın 16-cı maddəsində qeyd olunur ki, Azərbaycan dövləti xalqın tarixi və mənəvi irsini qoruyur.

Lakin onu da nəzərə almaq lazımdır ki, milli-mənəvi dəyərlərin qorunması və təbliği təkcə dövlət institutlarının üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm hissəsi də cəmiyyətin, vətəndaşların, ictimai qurumların, kütləvi informasiya vasitələrinin üzərindədir. Azərbaycan Konstitusiyasında (maddə 40) hər bir vətəndaşın ölkənin mədəni sərvətlərindən istifadə etmək hüququ qeyd olunmaqla yanaşı, bundan irəli gələn məsuliyyəti də əksini tapıb: «Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməlidir».

Digər yandan, xalqımızın adət-ənənələrinin, milli-mənəvi irsinin qorunması və təbliği xarici ölkələrdəki soydaşlarımızın da bölüşməli olduğu məsuliyyətdir. Vətəndən uzaqda, yad milli-mədəni mühitdə yaşayan azərbaycanlılar üçün qloballaşma çağırışları qarşısında milli kimliyi aşınmalardan mühafizə etmək xüsusilə çətindir.

Məhz buna görə prezident Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində bu məqama müstəsna diqqət verir, onları yaşadıqları ölkədə ictimai-siyasi, işgüzar həyata nüfuz etməyə, bununla yanaşı, tarixi Vətəni unutmamağa, xalqımızın milli-mənəvi dəyərlərini təbliğ etməyə çağırırdı.

2001-ci ilin noyabrında Dünya azərbaycanlılarının 1-ci qurultayında Heydər Əliyevin söylədiyi nitq isə Azərbaycan təəssübkeşliyinin proqram tezisləri idi: «Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini itirməsinlər. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq».

Novruz milli-mənəvi dəyərlərimizin təcəssümüdür

Azərbaycan xalqının tarixin qədim qatlarında yaratdığı, dilimizi, zəngin folklorumuzu özündə yaşadan Novruz bayramı da azərbaycançılıq ideyasını, xalqımızın milli-mənəvi irsini özündə təcəssüm etdirir. Novruz yeni günün, yeni arzuların, milli ruh və duyğuların bayramıdır. Novruz fəlsəfəsi cəmiyyətdaxili münasibətləri tənzimləyən, insanlar arasında xoşgörü və dialoqu önə çəkən yüksək dəyərləri ehtiva edir.

Novruz ənənələrinə görə, bayram günü küsülülər barışar, hətta qan intiqamını da yaddan çıxarardılar. Bu dəyərlər geniş mənada təkcə cəmiyyət daxilində deyil, eyni zamanda, ölkələr arasında anlaşmanı, sülhü təcəssüm etdirir. Bu baxımdan Novruz bayramını, onun milli özəllikləri ilə yanaşı, sülh və barış kimi bəşəri dəyərlərin təcəssümü olaraq dünyaya tanıtmaq, təbliğ etmək çox vacibdir.

Azərbaycan xalqı Novruzu tarixən, hətta ayrı-ayrı dövrlərdə ortaya çıxmış məhdudiyyətlərə rəğmən, milli coşqu ilə qeyd edib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu coşqunun miqyası daha da genişləndi, Novruz milli bayram kimi dövlət səviyyəsində qeyd edilməyə başlandı.

Novruz şənliklərində ölkə rəhbərliyinin şəxsən iştirak etməsi bayram təntənələrinə əlavə rəng qatmaqla yanaşı, eyni zamanda, hakimiyyət-cəmiyyət münasibətlərinə müsbət təsir edir, tarixi irs və ənənələrin ümumxalq atmosferində, milli bərabərlik içində yaşadığını göstərir.

Azərbaycanda Novruz günlərinda bu cür ümumxalq bayramlaşmasının ənənəsini Heydər Əliyev qoyub. «Xalqımızın saysız-hesabsız milli-mənəvi dəyərləri var və biz bunlarla tarix boyu fəxr etmişik. Amma bütün bu adət-ənənələrin, milli-mənəvi dəyərlərin içərisində ən yüksəkdə duranı Novruz bayramıdır. Bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir» - deyə Heydər Əliyev 1996-cı ilin Novruz bayramında xalqa təbrik müraciətində demişdi.

Bu nəcib ənənə indi də  davam edir. Novruz bayramını hər il ailə üzvləri ilə birlikdə xalqla bir arada qeyd edən prezident İlham Əliyev öz çıxışlarında tarixi irs və çağdaşlığın, milli ruh və bəşəri dəyərlərinin üzvi sintezinin zəruriliyini daima vurğulayır. Ölkə başçısı 2009-cu ilin Novruz bayramında Muğam Mərkəzindəki çıxışında demişdir: «Müasirlik, yenilik və eyni zamanda, milli dəyərlərə, milli köklərə bağlılıq. Bugünkü Azərbaycanı təsvir edən bu ideya artıq hamıya bəllidir. Azərbaycan xalqı daim öz milli köklərinə bağlı xalq olmuşdur və bizim gələcək uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq».

Milli-mənəvi dəyərlər və milli təhlükəsizlik

Azərbaycan xalqının milli-mənəvi irsinin təcəssümü olan Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsi onun dünya azərbaycanlıları arasında daha geniş yayılmasına da zəmin yaradır. Soydaşlarımız yaşadıqları ölkələrdə Novruz təntənələrini keçirməklə bu bayramın timsalında xalqımızın tarixi dəyərlərini, ənənələrini təbliğ edirlər. Bu isə nəticə etibarilə Azərbaycanın təbliği deməkdir.

Çağdaş dövrdə dünyanı tanımaq, dünyada layiqli yer qazanmaq üçün özünü tanıtmağı bacarmaq lazımdır. Bu gün Azərbaycanın milli-mədəni dəyərlərinin beynəlxalq aləmdə təbliği dövlətin diqqət mərkəzindədir.

Təqdirəlayiq haldır ki, bu istiqamətdə qeyri-dövlət xəttilə də mühüm işlər görülür. Azərbaycanın birinci xanımının rəhbərliyi ilə Heydər Əliyev Fondunun gördüyü işlər bu sahədə örnək sayılacaq fəaliyyətdir. Azərbaycan muğamının UNESCO-nun dünya mədəni irs xəzinəsinə daxil edilməsi, tarixi abidələrimizin, ədəbiyyatımızın dünyaya tanıdılması hamımızda məmnunluq doğurur.

Eyni zamanda, yazının əvvəlindəki fikrə qayıdaraq bir daha qeyd etmək istərdik ki, milli-mənəvi irsin dünyaya tanıdılması ilə bərabər, onun yad təsirlərdən, aşınmalardan qorunması da bir o qədər əhəmiyyət kəsb edir.

Təsadüfi deyil ki, bu mühüm prinsip 2007-ci il 23 may tarixdə təsdiq olunmuş «Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası»nda da əksini tapıb. Konsepsiyada ölkənin milli tәhlükәsizlik siyasәtinin әsas istiqamәtlәri sırasında mədəniyyət və mənəviyyatın qorunması ayrıca bənd olaraq (maddə 4.3.3.) göstərilib. «Mәdәniyyәt vә mәnәviyyatın qorunması siyasәti Azәrbaycan xalqının mәdәni irsinin, maddi vә mәnәvi dәyәrlәrinin mühafizәsinә, onun daxili vә xarici tәhdidlәrdәn qorunmasına, mütәrәqqi beynәlxalq inkişafdan bәhrәlәnmәsinә yönәlmişdir», - deyə sənəddə vurğulanır.

Odur ki, Azərbaycan xalqının milli-mənəvi irsini öyrənmək və təbliğ etməklə yanaşı, onun mühafizəsini də ölkəmizin milli təhlükəsizliyinin mühüm istiqaməti kimi diqqətdə saxlamaq gərəkdir.

Vüqar Orxan

525-ci qəzet.- 2010.- 24  fevral.- S. 5.

http://anl.az/down/meqale/525/2010/fevral/108484.htm

 

baxılıb: 1365 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR