“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
18 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Azərbaycançılıq və milli-mənəvi dəyərlər

Dünya azərbaycanlıları və virtual məkan: problemlər və həlli yolları

A+ | A-

Dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunması istiqamətində qarşıda duran mühüm vəzifələrdən biri milli-mənəvi dəyərlərin daşıyıcısı olan informasiya resurslarına çıxışı təmin etməkdir...

Qloballaşan dünyada dövlətlərin xarici siyasət və diplomatiya sahəsində qazandığı nailiyyətlər bir sıra meyarlarla yanaşı, həm də onun xaricdə formalaşdırdığı diasporun potensial imkanları ilə ölçülür.

Azərbaycan dövləti də məhz bu reallıqdan çıxış edərək müxtəlif səbəblərdən xarici dövlətlərdə yaşamağa məhkum olmuş soydaşlarımızın Ana Vətənlə əlaqələrini genişləndirmək, onların milli-mənəvi birliyinə nail olmaq üçün ardıcıl və sistemli tədbirlər həyata keçirir. Son 10 ildə diaspor quruculuğu sahəsində gerçəkləşdirilən vahid dövlət siyasətinin prioritet məqsədi eyni zamanda xaricdə yaşayan soydaşlarımızda milli özünüdərki gücləndirmək və onları milli mənafelər naminə səfərbər etməkdir.

Ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüş, ümumxalq birliyinin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Bu ideya möhkəm istinad dayağına çevrilərək Azərbaycan diasporunun təşkili işini sürətləndirmiş, xaricdə fəaliyyət göstərən müxtəlif ictimai birliklərin, cəmiyyətlərin, dərnəklərin ideoloji-siyasi cəhətdən təmərküzləşməsini stimullaşdırmışdır. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam" - deyən ulu öndər yeritdiyi siyasətlə dünya azərbaycanlılarının şəksiz siyasi-mənəvi liderinə çevrilmişdir. 

Milli birlik və həmrəylik xəttinin təminatçısı

2003-cü ildən diaspora quruculuğu siyasətini yeni dünya nizamının gerçəkliklərinə uyğun davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif səbəblərdən Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli-mənəvi dəyərlər sistemi ətrafında birləşməsinə, onların malik olduğu böyük potensialın ümummilli problemlərinin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirmişdir. Respublikanın hazırkı dinamik inkişaf mərhələsində dünya azərbaycanlılarının milli məqsədlərin reallaşdırılması ruhunda köklənməsi, qarşıda duran strateji hədəflərin dəqiq müəyyənləşdirilməsi zərurətə çevrilmişdir.

Cənab İlham Əliyevin sərəncamı əsasında 2006-cı ilin martında Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi də məhz bu reallıqla şərtlənmiş, həmin möhtəşəm tədbirdə xaricdə yaşayan soydaşlarımızın problem və qayğıları, onların birliyi və təşkilatlanması sahəsində mövcud vəziyyət ətraflı təhlil olunmuşdur. Eləcə də ölkə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

Mühüm qərarların qəbulu ilə yadda qalmış həmin qurultaydan sonra xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesi daha geniş vüsət almış, onların ictimai-siyasi həyatda iştirak səviyyəsi yüksəlmiş, respublikanın ziyalı elitası diaspor quruculuğu prosesinə daha fəal qoşulmuşdur. Eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xaricdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinin möhkəmlənməsi, mədəni irsin təbliği, digər xalqların diasporları ilə hərtərəfli əlaqələrin inkişafı, türk dünyasının birliyi istiqamətində fəaliyyətin intensivləşməsi baxımından mühüm nailiyyətlər əldə edilmişdir.

Diplomatiya sahəsində həlledici uğurlar qazanmış dövlətlərin təcrübəsi sübut edir ki, diaspor quruculuğu daimi fəallıq və zəhmət, sistemli elmi yanaşma tələb edən uzunmüddətli prosesdir. Elə buna görə də bu sahədə qazanılmış nailiyyətləri, qarşıda duran mühüm vəzifələri vaxtaşırı müzakirə etmək, həlledici qərarlar vermək zərurəti yaranır. Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının bu il dekabrın 18-19-da keçirilmiş toplantısı da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Toplantıda Dünya Azərbaycanlılarının II Qurultayından sonrakı dövrdə həyata keçirilən tədbirlərə nəzər salınmış, Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının qəbulu isə XXI əsrdə diaspor quruculuğu işinin keyfiyyətcə yeni tələblər səviyyəsində qurulmasına, milli həmrəylik və birliyin təmin olunmasında virtual dünyanın sərhədsiz imkanlarından səmərəli istifadə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət etmişdir. Diaspor İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə ölkəmizin bir qrup aliminin hazırladığı bu sənədin ali məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında siyasi-iqtisadi, sosial-mənəvi birliyin azərbaycançılıq ideologiyasına əsaslanan vahid konsepsiyanı hazırlamaqdır.

Xartiya azərbaycanlıların məskunlaşdıqları ölkələrdə əsas hüquq və azadlıqlarının yerli qanunvericilik və beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməsinin prinsip və mexanizmlərini də müəyyən edir. Sənəddə həmçinin xarici ölkələrdəki Azərbaycan diasporunun ayrı-ayrı regionlar üzrə fəaliyyətinin əsas istiqamətləri də əksini tapmışdır. Konseptual əhəmiyyətli sənədin birinci fəslində "Azərbaycan" və "azərbaycanlılar" anlayışının elmi-ideoloji, fəlsəfi əsaslarına nəzər salınır. İkinci fəsildə azərbaycanlıların ana Vətən qarşısında məsuliyyətindən irəli gələn vəzifələrlə bağlı müddəalar, üçüncü fəsildə isə azərbaycanlıların cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının qorunması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı ermənilərin törətdiyi terror və soyqırımı aktları, "erməni soyqırımı" iddialarının ifşası ilə bağlı xarici ölkələrdə yaşayan soydaşlarımızın üzərinə düşən vəzifələr geniş əksini tapmışdır.

Diasporamızın effektli həmrəylik məkanı

Qloballaşan dünyanın kosmik sürət fazasına daxil olduğu, informasiyanın dünya bazarında ən qiymətli əmtəəyə çevrildiyi hazırkı şəraitdə "virtual dünya"nın diktə etdiyi reallıqlar diaspor quruculuğu işinin keyfiyyətcə yeni prinsiplər üzərində həyata keçirilməsini obyektiv zərurətə çevirir. Bu baxımdan Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının qarşısında duran əsas vəzifələrdən biri də qlobal informasiya cəmiyyətinin təzahürü kimi meydana çıxan virtual dünyanın tərkib hissəsi olan Virtual Azərbaycanın formalaşdırılması və inkişaf etdirilməsidir.

Virtual dünya isə XXI əsrin başlanğıcında real dünya ilə həmahəng formalaşan, İnternet vasitəsi ilə insanları bir-birinə bağlayan, onlar arasında heç bir məhdudiyyət olmadan sosial kommunikasya mühiti yaradan, obrazlı desək, "dünyanı kiçildən" bir gerçəklikdir. Coğrafi məkan üzərində formalaşmış virtual məkan Yer kürəsinin yeni xəritəsini, siyasi-coğrafi arxitekturasını müəyyənləşdirir. Virtual dünyanın formalaşması vasitələri kimi isə ilk növbədə informasiya-kommunikasiya texnologiyaları çıxış edir.

Virtual məkan, virtual dünya reallıqları hələlik insanlar tərəfindən tam mənası ilə qavranılmasa da, irəlidə gözlənilən təzahürlər dərk olunmasa da, qarşısıalınmaz proses olaraq indiyədək coğrafi məkan anlamında yanaşdığımız Vətən anlayışına yeni baxış formalaşdırır. İndiyə qədər Vətən anlayışı konkret ərazi, məkan hüdudlarında (dövlət, mahal, bölgə və s.) dərk edilirdisə, XXI əsrin yeni reallıqları artıq virtual vətən anlayışını da meydana çıxarır.

Başqa sözlə, cəmiyyətin müxtəlif sferaları qloballaşdığı kimi, vətən hissi də, qüruru da qloballaşır. Zaman və məkana sığmayan virtual Vətən insanın duyğy orqanları ilə deyil, təfəkkürü, yüksək intellekti, düşüncəsi ilə dərk olunur. Bu kontekstdə vətən təkcə üzərində gəzdiyimiz, son mənzildə baş qoyduğumuz torpaq deyildir. Vətən, eyni zamanda, əsrlərdən bu yana folklorumuzu, adət-ənələrimizi, milli-mənəvi dəyərlərimizi, dilimizi, dinimizi, tariximizi özündə əks etdirən informasiya məkanıdır. Xalqımızın milli informasiya məkanı da məhz min illərdən bugünə gəlib çatmış zəngin, dəyərli informasiyalar əsasında formalaşmışdır.

Məlumdur ki, tarixən müxtəlif xalqlar bir coğrafi məkandan digərinə köçüb məskunlaşmağa, yaşadıqları coğrafi ərazini bu və ya digər səbəblərdən tərk etməyə məcbur olmuşlar. Lakin bir müddətdən sonra məskunlaşdıqları məkanı vətən kimi qəbul etməyə başlamışlar. Çünki həmin insanlar məskunlaşdıqları coğrafi məkana həm də milli-mənəvi dəyərlərini, adət-ənənələrini, bir sözlə, bu xalqa məxsus olan informasiya məkanını da gətirmiş, qərinələr boyu formalaşmış informasiya mühitində özlərini vətəndəki kimi hiss etmişlər. Başqa sözlə, tamamilə özgə, yad olan coğrafi məkan da Ana Vətənin bir hissəsi olan informasiya mühitinin təsiri altında tədricən doğmalaşır, vətənə çevrilir.

Dəhşətlisi odur ki, həm coğrafi məkanı itirəsən və ya daim ondan uzaqda olasan, həm də həmin coğrafi məkanda min illərdən bəri formalaşan, vətənin üzvi bir hissəsini, elə "beynini" təşkil edən informasiya məkanını - dilini, tarixini, milli-mənəvi dəyərlərini itirmək təhlükəsi ilə üzləşəsən. Belə olduğu halda, milli varlığa, həmrəyliyə real təhlükə yaranır. Vətən övladı başqa millətlərin, xalqların içərisində "əriyib gedir", yeni gələn nəsil isə milli yaddaşını itirir.

Dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunması istiqamətində qarşıda duran ən mühüm vəzifələrdən biri milli informasiya məkanını qloballaşdırmaq, həmvətənlərimiz arasında ortaq informasiya mühitinə çevirmək, milli-mənəvi dəyərlərin daşıyıcısı olan informasiya resurslarına çıxışı təmin etmək və bu sahədə möcud olan problemləri həll etməkdir. Bu istəyə biz yalnız İnternet mühitində Virtual Azərbaycan formalaşdırmaqla nail ola bilərik. Beləliklə, XXI əsr inanılmaz elmi-texnoloji inkişafı ilə yeni bir Azərbaycanın yaranışına bünövrə qoyur. Bu, virtual məkanda formalaşan, konkret ərazi hüdudları və sərhədlərlə məhdudlaşmayan Virtual Azərbaycandır!

Qloballaşan dünyanın sərt reallıqları konkret ərazi, sərhəd, dil, din, milli-mənəvi dəyərlər əsasında formalaşan Azərbaycan dövləti ilə yanaşı, "virtual Azərbaycan"ın da yaradılmasını son dərəcə aktual məsələyə çevirir. Virtual Azərbaycan elə Virtual Vətən deməkdir. Virtual məkanın hansı bir nöqtəsində Azərbaycan dəyərlərini, həqiqətlərini əks etdirən bir kontent-sərvət varsa, o da vətənin bir damlasıdır.

Yer kürəsinin müxtəlif guşələrinə səpələnmiş azərbaycanlılar virtual informasiya məkanı ilə Ana Vətəni, qohum-əqrəbası, yaxınları ilə əlaqə saxlamalı, adət-ənənələrini, milli dəyərlərini unutmamalı, onları qorumalı və inkişaf etdirməlidir. XXI əsrdə dünya azərbaycanlıları dedikdə, təkcə coğrafi deyil, həm də virtual Azərbaycanın "sakinləri" olan soydaşlarımız nəzərdə tutulmalıdır. Ana Vətəndən ayrı düşmüş azərbaycanlılar məhz müasir informasiya texnologiyalarının köməyi ilə Virtual Vətən formalaşdırmalıdırlar.

Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların coğrafi vətənlə bağlılığının təmin edilməsi baxımından Virtual Azərbaycanın yaradılması istiqamətində əməli tədbirlər həyata keçirməyin vaxtı çatmışdır. Nəzərə almaq lazımdır ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar təkcə coğrafi məkandan - Ana torpaqdan deyil, həm də milli informasiya məkanından kənar düşmüşlər.

Qeyd etmək lazımdır ki, Virtual Vətən yaratmağa nail olmuş bir sıra xalqlar nəinki özlərini bu təhlükədən hifz etmiş, həm də təşkilatlanaraq, həmrəylik nümayiş etdirərək, dünya siyasətinə əhəmiyyətli dərəcədə nüfuz imkanları qazanmışlar. Bu baxımdan hazırda qarşımızda duran ən başlıca vəzifə dünya azərbaycanlılarını məhz virtual məkan üzrə səfərbər etmək, milli-mənəvi və ideoloji dəyərlər əsasında silahlandırmaqdır. Yalnız Virtual Azərbaycan vasitəsilə formalaşacaq milli informasiya mühiti xaricdəki soydaşlarımızın vahid məram və məqsədlər ətrafında konsolidasiyasına etibarlı zəmin formalaşdıra bilər.

Virtual dünya bütün mütərəqqi cəhətləri ilə yanaşı, qloballaşma prosesini sürətləndirərək ayrı-ayrı dövlətlər və xalqlar arasında baryerləri tədricən yox etməyə başlayır, milli özünəməxsusluğu aşınmaya məruz qoyur, qlobal dünyanın formalaşmasına yol açır. Belə bir şəraitdə Azərbaycan virtual dünyanın pozitiv imkanlarından səmərəli şəkildə bəhrələnməyə çalışmalı, milli ideya, ənənə və dəyərlər üzərində köklənmiş virtual informasiya məkanı yaratmağa nail olmalıdır.

Əslində, bunu XXI əsrin ideologiyası diktə edir. Bu barədə akademik Ramiz Mehdiyev "Azərbaycan 2003-2008: reallığa çevrilən qeyri-adi zaman" əsərində haqlı olaraq yazır ki, XXI əsrdə bəşəriyyəti ağuşuna almış qloballaşma dalğası xüsusən də müstəqilliyini yenicə qazanmış dövlətlər qarşısında zamanla ayaqlaşmaq, onun tələblərinə uyğun siyasət yeritmək, müasir dünya siyasətinin reallıqlarını düzgün dəyərləndirmək kimi mühüm vəzifələr müəyyənləşdirmişdir.

Eyni zamanda, amerikalı filosof T.Fridmanın bu fikrini də bölüşür ki, əgər ötən əsrdə böyük dövlətlər kiçikləri udurdularsa, XXI əsrdə "sürətli" dövlətlər "ləng", "astagəl" dövlətləri "həzm edəcəklər". Bununla filosof hazırda dünya nizamında yeni geosiyasi reallıqların meydana çıxdığına, çevik xarici və daxili siyasət yeridən kiçik dövlətlərin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin əsaslı dərəcədə möhkəmləndiyinə işarə edir.

Yəni "virtual dünya"da hər bir dövlətin gücü və qüdrəti onun intellektual potensiala, informasiya texnologiyalarına nə dərəcə yiyələnməsi, informasiya resursları vasitəsilə qloballaşan dünyaya təsir imkanları ilə müəyyən olunacaqdır. Biliklərə əsaslanan iqtisadiyyat quran, virtual informasiya məkanının reallıqlarına uyğun çevik siyasət yeridən dövlətlər qloballaşan dünyanın yeni siyasi simasının müəyyənləşməsində əsas söz sahibi kimi çıxış edəcəklər.

Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi siyasətin fövqündə məhz ölkənin virtual dünyada layiqli yerinin təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı yolu ilə ölkədə insan kapitalının möhkəmləndirilməsi məqsədi dayanır. Dövlət başçısı çıxışlarında daim vurğulayır ki, ölkədə həyata keçirilən yeni neft strategiyasının, sosial-iqtisadi islahatların uğurları davamlı və tarazlı inkişaf baxımından zəruri olan zəngin intellektual resursların, insan kapitalının formalaşmasına xidmət etməlidir: "İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə həm bu olmalıdır, həm də əlbəttə ki, təbii ehtiyatlar da var. Bu amillərin sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir".

Virtual Azərbaycan müstəqil Azərbaycanın tərkib hissəsidir 

XXI əsrin yeni reallıqlarını, fəlsəfəsini düzgün dərk etmədən diaspor quruculuğu sahəsində ciddi nailiyyətlər qazanmaq, demək olar ki, mümkün deyildir. Müasir informasiya əsrində dünya azərbaycanlılarının vahid məram və məqsədlər ətrafında konsolidasiyası məhz virtual dünyanın yeni reallıqlarının nəzərə alınması yolu ilə mümkün ola bilər.

Deməli, hazırda dünya azərbaycanlılarının birləşdirilməsi yolunda ən mühüm addım da məhz Virtual Azərbaycanın yaradılmasıdır. Şübhəsiz, 50 milyon azərbaycanlını konkret məkan və zaman hüdudlarında bir araya gətirmək real deyil. Hazırda milli birlik və həmrəyliyin təmini baxımından vacib olan intensiv təmasların yaradılması məhz virtual informasiya məkanı vasitəsilə gerçəkləşə bilər. Azərbaycan Prezidenti İlham Əliyevin 23 may 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası"nda da qeyd olunduğu kimi, XXI əsrdə Azərbaycan xalqının milli maraqlarının qorunmasında, ümumən ölkənin inkişaf etdirilməsində virtual məkanın reallıqları ciddiliklə nəzərə alınmalıdır.

Beləliklə, Virtual Azərbaycanın formalaşdırılması üçün bir sıra mühüm əhəmiyyət kəsb edən layihələr və tədbirlər həyata keçirilməlidir. Hazırda dünya azərbaycanlılarının milli birliyi və mütəşəkkilliyi qarşısında ən ciddi problem onların nəinki bir-biriləri, hətta Azərbaycan haqqında yetərincə dolğun informasiya resurslarının olmamasıdır. Mövcud problemin həlli baxımından dünya azərbaycanlıları və diaspor təşkilatları haqqında zəruri məlumatları özündə əks etdirən Veb-portalın yaradılması vacib məsələlərdən biri kimi qarşımızda durur. Bu İnternet portalında Azərbaycan və onun dövlət rəmzləri, inzibati-ərazi vahidləri, dövlət quruluşu, hakimiyyət strukturları, ictimai-siyasi təşkilatları, bir sözlə, siyasi, iqtisadi, mədəni və intellektual sferalar üzrə bütün zəruri informasiyalar toplanmalıdır.

Məlumdur ki, virtual dünya coğrafi məkanın siyasi xəritəsinə nəzərən ölkələrin, eyni zamanda, ümumi istifadəli (.com, .org, .net və s.) domen zonalarına bölünür. Hər hansı ölkəyə məxsus internet saytları məhz yüksək səviyyəli domen adlarına görə bir-birindən fərqlənir. Məsələn, Rusiya virtual məkanda ".ru", İran ".ir", Fransa ".fr", Almaniya ".de", Azərbaycan isə ".az" domen kodundan istifadə edir. Xarici ölkələrdə yaşayan azərbaycanlıların həmin ölkələrin domen zonalarında Azərbaycan adı altında İnternet saytları yaratması ("www.azerbaijan.fr", "www.azerbaijan.ru", "www.azerbaijan.de" və s.) virtual məkanda Azərbaycan haqqında məlumatların tez bir zamanda əldə edilməsi və yayılması baxımından son dərəcə əhəmiyyətli ola bilər.

Veb-portalda digər ölkələrdə fəaliyyət göstərən diasporların İnternet saytları arasında birbaşa əlaqələrin olması, vahid şəbəkə əmələ gətirməsi bu informasiya resursunu dünya azərbaycanlılarının məlumat-sorğu mənbəyinə çevriləcəkdir. Bu halda, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların bir-birləri haqqında lazımi informasiyaları çox asanlıqla əldə etməsi, habelə qarşılıqlı informasiya mübadiləsi kifayət qədər çevik mexanizmlər üzərində qurulacaqdır.

İkinci mühüm məsələ dünya azərbaycanlılarının gənc nəslinin təhsil problemini həll etmək məqsədi ilə Virtual Azərbaycan Orta Məktəbinin yaradılmasıdır. Bu gün müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın böyük əksəriyyəti övladlarının Azərbaycan dilində təhsil almasını ürəkdən arzulasa da, bu, heç də hamıya nəsib olmur. Bir sıra dövlətlərdə azərbaycanlıların milli azlıq olaraq öz dilində məktəblər açmasına maneələr yaradılır, digər dövlətlərdə məktəblərin açılmasına icazə verilsə də, milli kadrların və lazımi maddi-texniki bazanın yoxluğu bu niyyəti gerçəkləşdirməyə imkan vermir. Bəzən ana dilində açılan "bazar günü məktəbləri"ndə dərsliklərin və əyani tədris vəsaitlərinin əldə edilməsi ilə bağlı da ciddi problemlər meydana çıxır.

Halbuki, hazırkı informasiya əsrində həmin problemin daha çevik, səmərəli həlli yolu Virtual Azərbaycan Orta Məktəbinin yaradılmasıdır. Bu mütərəqqi ideyanın gerçəkləşdirilməsi zamandan, məkandan, siyasi şəraitdən asılı olmadan dünyanın istənilən nöqtəsində məskunlaşmış azərbaycanlılara ana dilində yazıb-oxumaq, ölkənin ədəbiyyatı, tarixi, coğrafiyası, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradar. Təhsil Nazirliyi tərəfindən nəşr olunan bütün orta məktəb dərsliklərinin, metodiki tədris vəsaitlərinin və proqramlarının elektron versiyalarının Virtual Azərbaycan Orta Məktəbinin veb-portalında yerləşdirilməsi bu problemlərin həlli baxımından çox əhəmiyyətli ola bilər. Bu layihənin reallaşdırılması, müasir dünyada geniş yayılmış distant təhsil formalarından istifadə edilməsi xaricdəki soydaşlarımızın ana dilində təhsil almasına mühüm töhfə verə bilər. Əlbəttə ki, bunun davamı olaraq Virtual Azərbaycan Ali Məktəbi layihəsini də həyata keçirmək olar.

Üçüncü əsas problem müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların müvafiq xarici dillərin güclü təsiri altında fərqli terminoloji mühitlərin formalaşmasıdır. Dilimizin assimilyasiyadan qorunması üçün Azərbaycan terminlərini özündə toplayan xüsusi veb-portalın yaradılması da mövcud problemlərin həlli baxımından son dərəcə vacibdir. Belə olduğu halda müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar ana dilinin təmizliyini və saflığını qoruyub saxlaya biləcəklər. Məlumat üçün bildirək ki, AMEA Rəyasət Heyətinin qərarı ilə Terminologiya Komissiyası İnformasiya Texnologiyaları İnstitutu ilə birgə "Azərbaycan terminləri" veb-portalının yaradılması üzərində müvafiq iş aparır. Bu portalda leksikonumuza daxil olan ümumi istifadəli terminlərlə yanaşı, müxtəlif bilik sahələrinə aid terminlər də öz əksini tapacaqdır.

Dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində mövcud olan əsas problemlərdən biri də transliterasiya ilə bağlıdır. Çünki müxtəlif ölkələrdə yaşayan soydaşlarımız Azərbaycan dilində danışsalar da, obyektiv və subyektiv səbəblərdən müxtəlif əlifbalardan istifadə edirlər. Məsələn, İranda yaşayan azərbaycanlılar bizim ölkədə nəşr olunan informasiyaları, bizlər də orada dərc olunan materialları oxuya bilmirik. Bunun da nəticəsində həm yazılı mənbələrdə - kitab, qəzet və jurnallarda, həm də elektron resurslarda - veb-saytlarda, kompakt disklərdə olan məlumatlar müxtəlif qrafikalarda olduğuna görə dünya azərbaycanlılarının bu materiallardan geniş istifadəsi çox çətinləşir. Faktiki olaraq milli informasiya məkanı bu qrafikalar (kodlar) vasitəsilə hissələrə bölünür.

Elə son əsrdə ölkəmizdə 3 qrafikadan - ərəb, kiril və latın qrafikalarından istifadə olunması indiyə qədər dərc olunmuş informasiya resurslarının - kitab, jurnal və digər yazı materiallarının təşkil etdiyi milli informasiya məkanımızı da 3 hissəyə bölür. Bunun da hansı problemlər yaratdığı hamıya məlumdur. Ona görə də bütün dünya azərbaycanlıları arasında qrafika problemini aradan qaldırmaqla ümumi informasiya mühitini yaratmaq üçün müxtəlif dillərin əlifbasında olan hərflərin qarşılıqlı çevrilməsini - konvertasiyasını həyata keçirən xüsusi proqram təminatı vasitələrinin hazırlanması aktual məsələlərdən biri kimi qarşımızda durur.

Məlumdur ki, kağız üzərində olan məlumatların bir qrafikadan digərinə keçidi praktiki olaraq həddən çox çətindir. İnformasiya texnologiyalarının və dilçilərin bu işi həyata keçirməsi üçün ilk növbədə lazım olan bütün əlifbalar arası, iki istiqamətli çevirmə cədvəlləri milli və beynəlxalq standartlaşdırma qurumları tərəfindən təsdiq olunmalıdır. Qeyd etmək lazımdır ki, bu sahədə başqa millətlərin və ölkələrin böyük təcrübəsi vardır.

Beləliklə, bu proqram təminatı vasitələri hazırlandıqdan sonra bütün Azərbaycan dilli elektron resurslar - veb-saytlar, elektron dərsliklər, elektron qəzet və jurnallar və s. həmin konvertasiya cədvəlləri ilə təmin olunmalıdır. Bunun da nəticəsində dünyanın istənilən ölkəsində yaşayan hər bir azərbaycanlının kompüterin ekranında yerləşdirilmiş cədvəldə bir düyməni basmaqla istədiyi qrafikanı seçib lazımi məlumatı oxuyacaq, eyni zamanda, digər qrafikadan istifadə edən azərbaycanlılarla heç bir maneə olmadan elektron yazışmalar aparacaqdır.

Transliterasiya probleminin həll olunacağı halda, İnternetdə Azərbaycana məxsus tarixi, coğrafi, musiqi, folklor və s. incilərin adları da müəyyən bir standart əsasında başqa dillərin qrafikalarında yazılar, virtual məkanda axtarış vaxtı bu adlarla bağlı çoxçeşidli adlar meydana gəlməz. Məsələn, Gəncə, Şuşa, Naxçıvan və s. coğrafi adlara İnternetdə ingilis dilində bir neçə variantda rast gəlinir. Təbii olaraq, bu yanlışlıqlar da virtual məkanda milli sərvətlərin identikliyinə böyük zərbə vurur, gələcəkdə problemlərin yaranacağına zəmin hazırlayır.

Virtual məkanda hər bir dövlətin gücü və qüdrəti həm də onun malik olduğu elektron informasiya resurslarının çəkisi ilə ölçülür. Təsadüfi deyildir ki, hazırda dünyanın inkişaf etmiş bir sıra dövlətləri virtual məkanda özünü qabarıq göstərən "informasiya savaşı"nda qalib gəlmək üçün sistemli və ardıcıl iş aparırlar.

Hazırda milyonlarla informasiya resursunu özündə birləşdirən 2001-ci ildən fəaliyyətə başlayan Wikipedia adlı nəhəng "İnternet ensiklopediya"sında yaxşı təmsil olunmaq həmin dövlətlərin siyasətində mühüm yer tutur. Wikipedianın populyarlığına görə virtual məkanda mövcud olan 170 milyon veb-sayt arasında ilk beşlikdə qərarlaşması da onun imkanlarının həddən artıq genişliyinə dəlalət edir. İnternet mühitində son dərəcə nəhəng şəbəkəyə malik olan bu portalda 268 dildə məqalə və audio-video materiallar toplanmışdır. Portalda ayrı-ayrı dillərdə 12 milyona yaxın məqalə, multmedia resursları, o cümlədən ingilis dilində 2 milyon 600 min, alman dilində 837 min, fransız dilində 737 min, polyak dilində 560 min, italyan dilində 522 min, rus dilində 338 min, türk dilində 120 min kontent yerləşdirilmişdir.

Bu rəqəmlər ayrı-ayrı dövlətlərin virtual dünyada nüfuz imkanlarının göstəricisi kimi maraq doğurur. Müqayisə üçün qeyd edək ki, Böyük Sovet Ensiklopediyasında 95 min, Britanika Ensiklopediyasında 120 min məqalə yer alır. Orta hesabla bir ayda bütün dünya üzrə 275 milyon adam həmin portala müraciət edir, məlumat götürür, müxtəlif informasiyalarla maraqlanır. Ümumiyyətlə, il ərzində bu müraciətlərin sayı 48 milyarda çatır. Bunun da nəticəsində ayrı-ayrı millətlər, ölkələrlə bağlı təəssürat yaranır, müəyyən tarixi həqiqətlər haqqında fikir formalaşır.

Wikipediada Azərbaycan dilində 20 minə yaxın kontentin olması təqdirəlayiqdir. Belə ki, bu göstərici 2007-ci illə müqayisədə təxminən 6 dəfə çoxdur. Amma bununla yanaşı, Azərbaycan haqqında dolğun informasiyaların, məqalələrin, audio-video materialların Wikipediaya daxil edilməsi yeni dövrün tələbi kimi qarşımızda durur. Unutmamalıyıq ki, Wikipediada hansı millət yaxşı təmsil olunursa, o, öz tarixini, mədəniyyətini, ədəbiyyatını, incəsənətini və s. daha yaxşı təbliğ edir, virtual dünyada özünü göstərən sərt rəqabətə tab gətirir.

Şübhəsiz, bu prosesdə təkcə dövlət qurumları, ayrı-ayrı təşkilatlar və vətəndaşlar deyil, həm də dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz də yaxından iştirak etməlidirlər. Wikipediada ölkəmiz, tarixi həqiqətlərimiz, milli-mənəvi dəyərlərimiz haqqında təkcə Azərbaycan dilində yox, həmçinin dünya xalqlarının dillərində, xüsusən də, geniş yayılmış dillərdə çoxlu kontentlər yerləşdirilməlidir.

Əlbəttə ki, digər saytların yaradılması, dünya azərbaycanlılarının müxtəlif qrupları arasında on-layn forumların (gənclər, alimlər, yazıçılar və s.) keçirilməsi də məqsədəuyğun olardı. Fikrimizcə, dünya azərbaycanlılarının milli-mənəvi sərvətlərə çıxışının daha da yaxşılaşdırılması baxımından İnternet-televiziyanın yaradılması aktual layihələr sırasındadır. Belə ki, bu layihə çərçivəsində milli musiqi, kino, teatr və s. incilərini özündə toplayan yeni televiziya texnologiyası heç bir məkan və zaman məhdudiyyəti olmadan Yer kürəsinin istənilən ölkələrində yaşayan hər bir azərbaycanlının xidmətində olacaqdır.

Ölkəmizdə uğurla formalaşan informasiya cəmiyyəti istiqamətində əldə olunan nailiyyətlər, həmçinin digər ölkələrdə İnternetin sürətli inkişafı bu layihələrin həyata keçirilməsi üçün real zəmin yaradır. Heç şübhəsiz, respublika Prezidenti, cənab İlham Əliyevin qayğısı nəticəsində ölkəmizdə formalaşan Elektron Azərbaycan da Virtual Azərbaycanla tamamilə inteqrasiya olunaraq vahid bir orqanizmə çevriləcəkdir.

Müxtəlif səbəblərdən xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsini xarici siyasətdə prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirən dövlət başçısı İlham Əliyev ölkədəki sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətinə uyğun olaraq diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçirilməsini vacib sayır. Bu yöndə aparılan dövlət siyasətinin mahiyyəti dünya azərbaycanlılarının potensial imkanlarını müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həlli naminə səfərbər etmək, milli birliyə, həmrəyliyə və mütəşəkkilliyə nail olmaqdır. İnanırıq ki, dövlətin iqtisadi imkanları artdıqca dünya azərbaycanlılarının "virtual Azərbaycan" ətrafında möhkəm birlik və həmrəyliyinin təmin edilməsinə xidmət edən bütün layihələr gerçəkləşəcək, diaspor quruculuğu işi yeni keyfiyyət mərhələsinə qədəm qoyacaqdır.

Rasim Əliquliyev,
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik

“Azərbaycan” qəzeti, 31.12.2008.

 

baxılıb: 1199 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR