“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
21 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Azərbaycançılıq və milli-mənəvi dəyərlər

Hər bir xalqı dünyada tanıdan onun mədəniyyəti, elmi və milli dəyərləridir

A+ | A-

Millətin formalaşmasında onun sayının az və ya çox olması elə bir əhəmiyyət kəsb etmir. Hər bir xalq dünyada yetirdiyi şəxsiyyətləri, dahiləri ilə tanınır.

Əbəs yerə deyilməyib ki, dahilərin bir adı da Vətəndir. Xalqlar onların dühasının işığında keçmişdən gələcəyə yol gedirlər. Bəzən bir dahinin timsalında bütöv bir millət, bir məmləkət tanınır, sevilir və adı tarixə düşür. Belə dühalar mənsub olduqları xalqı dünyada tanıtmaqla yanaşı, həm də milli dəyər etalonuna çevrilirlər. 

Niaqara şəlaləsi sahilində dahi Volfqanq Amadey Motsartın 250 illik yubileyinə həsr edilmiş Beynəlxalq musiqi festivalının fəxri açılış şərəfini dünya Üzeyir bəy Hacıbəylinin musiqisinə ithaf etdi. Dünya həm də Üzeyir bəyin şəxsində Azərbaycanı dinlədi. Məntiqə görə, festival yubilyarın öz musiqisi ilə açılmalı idi. Lakin festivalın seçilmiş mütəxəssislərdən ibarət təşkilat komitəsi bütün musiqi əsərləri arasından dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Motsart mövzularında fantaziya” əsəri üzərində dayandı. Bu sırada L.V.Bethoven, Y.Haydn, C.Verdi və başqaları da ola bilərdi. Bir daha dünyanın dahi musiqiçilərinin fəxri siyahısının Üzeyir Hacıbəylinin adı ilə başladığı təsdiq edildi.
Məncə, bu fakt Azərbaycanı dünyada məşhur edən belə böyük düha sahibinin milli dəyərə çevrilməsinin əyani sübutudur.
Mədəniyyət tarixində qazanılmış təcrübə sübut edir ki, milli mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Bu qiymətli sərvətə xalqın tarixi, dili, dini, adət-ənənəsi, mədəniyyəti, elmi, ədəbiyyat və incəsənəti daxildir. Mənəvi dəyərlər həm də insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlamışdır.
Dünya xalqları arasında Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Uzun illər aparılan tədqiqatlar təsdiqləmişdir ki, Azərbaycan əsrlər boyu qədim köklərə malik maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir. Şifahi xalq ədəbiyyatımızda, o cümlədən nağıllarımızda, atalar sözlərində, bayatılarda, nəhayət “Kitabi-Dədə Qorqud” dastanında əksini tapan milli dəyərlərimiz uzaq keçmişin sınaqlarından çıxaraq çox az dəyişikliklə müasir dövrümüzdə də qəbul olunur.
Əgər bir anlığa keçmişə nəzər salsaq və bu gün iki kəlmə ilə xatırladığımız və yaxud nadir hallarda yada saldığımız şəxsiyyətləri diqqətlə sadalasaq, əminliklə deyə bilərik ki, onların hər biri istənilən xalq üçün əbədi qürur mənbəyi ola bilərdi.
Yaradıcılıqlarında bəşəri ideyaları təbliğ edən Nizami Gəncəvi, Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və sözü ilə dünyanı heyrətdə saxlayan neçə-neçə söz dühamız tariximizi, mənəvi dəyərlərimizi əks etdirməklə bizi dünyada tanıdan ölməz əsərlər yaratmışlar. Əsrlər keçsə də aktuallığını itirməyən bu sənət inciləri nəsildən-nəslə xalqımızı milli mənəvi, eləcə də ümumbəşəri dəyərlər əsasında tərbiyə etmişdir. Bu zəngin bədii irsdə xalqın soykökünə bağlı olan adət-ənənələr yaşayaraq əsrimizə, yeni minilliyədək gəlib çatmışdır. Bütün bunların kontekstində Azərbaycan vətəndaşının varlığı göstərilir. Uzun illərin yolu və əsrlərin, qərinələrin sorağı bizi bu ənənələrə bağlamış, dövrümüzə körpü salmışdır.
Müasir insanın formalaşması və özünü təsdiqi, məhz milli mənəvi dəyərlərin aşılanması prosesi ilə bağlıdır.
Azərbaycan xalqı öz kökləri ilə bəşəri düşüncə və yaradıcı həyat fəaliyyətinin minillik dərinliklərinə, ilkin sivilizasiya epoxasından qabaqkı arxaik dövrə gedən zəngin maddi və mənəvi mədəniyyət yaratmışdır.
Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi qismində çıxış edir. Bu sahəyə dövlət qayğısının günü-gündən artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır.
Xalqımızın milli mənəvi dəyərlərinin kökləri çox qədim zamanlara gedib çıxsa da, XX əsrdə onun mədəni həyatında yeni bir dövr - ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan bir dövr başlamışdır. Ulu Öndər deyirdi: “Hər bir xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.
Milli kimliyi ifadə edən dəyərlər, eyni zamanda, xalqın mənəvi sərvəti, toxunulmaz xəzinəsidir. Fərəhləndirici haldır ki, bu gün Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının mədəni irsinin, milli mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu bacarıqla və uzaqgörənliklə həyata keçirir.
Artıq mədəni irsin qorunub saxlanması və inkişaf etdirilməsi müstəqil Azərbaycanın mədəniyyət siyasətinin əsas vəzifələrindən birinə çevrilmişdir. Bu vəzifələrin icrası yolunda Azərbaycan xalqı azad və suveren dövlət quraraq mədəni-iqtisadi islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıdır, demokratik ölkələrin təcrübəsindən istifadə edir.
Azərbaycan mədəniyyətinin inkişafında, onun dünyaya tanıdılmasında, təbliğində, dünya mədəniyyətinə inteqrasiyasında ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın da əvəzsiz xidmətləri vardır. Məhz onun gərgin əməyi, böyük səylərinin nəticəsidir ki, bu gün Azərbaycan muğamı bəşəriyyətin şifahi və qeyri-maddi sərvətlərinin şah əsərləri siyahısına, Azərbaycan aşıq sənəti, milli bayramımız olan Novruz, xalçaçılıq sənəti, habelə tar ifaçılığı sənəti UNESCO-nun Bəşəriyyətin qeyri-maddi irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Bütün bunlar isə Azərbaycanda ictimai mühitin saflaşdırılmasına, mədəni-mənəvi dəyərlərin total şüurda möhkəmlənməsinə xidmət edir. Ən əsası, bir vaxtlar üzləşdiyi tənəzzül mərhələsini çoxdan geridə qoymuş Azərbaycan mədəniyyəti artıq özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır.
Son illərdə Azərbaycan ədəbiyyatı və elminin inkişafında müstəsna xidmətləri olmuş dəyərli ədiblərimizin yubiley tədbirlərinin UNESCO səviyyəsində qeyd edilməsi, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürüdür.
Yaşadığımız dünyada obyektiv və subyektiv səbəblər ucbatından intibahın nə olduğunu təsəvvürünə belə gətirməyən xalqlar da yox deyildir. Lakin bu dövrü hələ XII əsrdə adlamış Azərbaycan xalqı öz dünyagörüşü, həyat fəlsəfəsi ilə bütün kainata yaradıcı, intellektli bir millət olduğunu sübut etmişdir. 1918-ci ildə Şərqdə ilk dəfə qurulan Azərbaycan Xalq Cümhuriyyət də məhz əsrlərdən bəri yol gələn o işığın, nurun göstəricisi idi.
İllər ötür, zaman dəyişir və bu gün sevinirik ki, dünya elminin inkişafında Azərbaycan alimlərinin öz payı, öz yeri, öz çəkisi vardır.
Azərbaycan xalqının görkəmli siyasi, elm və mədəniyyət xadimlərinin dünya sivilizasiyası xəzinəsinə töhfələri haqqında elmi araşdırmaların azlığı yalnız təəssüf doğurur.
Yuxarıda deyildiyi kimi, xalqımızın tarixində əsrlər boyu bütöv bir ölkənin, vahid məkanda yaşayan, eyni dildə danışan və ümumi dəyərlərə şərik olan yüzlərlə nəsli və milyonlarla insanı həyata səsləyən ideyanı təcəssüm etdirən şəxsiyyətlər çox olmuşdur. Bu korifeylərin mənəvi və praktik irsi bəzən ölkəmiz və xalqımız üçün yolgöstərən ulduza çevrilmişdir.
Qədim dövrə və orta əsrlərə aid ilk mənbələri öyrənməklə asanlıqla yəqin etmək olar ki, Azərbaycan tarixində həm siyasi, həm də mədəni və elmi sahələrdə parlaq şəxsiyyətlər çox olmuşdur.
Çox böyük diqqətə layiq olan, lakin unudulmuş şəxsiyyətlərdən heç olmasa bəzilərini yada salaq. Təkcə bunlardan bir neçəsinin adını çəkmək yetərlidir ki, bu torpaqda hansı dəyərli simaların doğulduğuna bir daha əmin olasan.
Təkcə Nəsirəddin Tusinin adını çəkməklə biz Azərbaycan xalqının elmi səviyyəsinin hansı zirvəni fəth etdiyini sübut etmiş olarıq. Nəsirəddin Tusi yeganə azərbaycanlıdır ki, Aydakı bir kraterə və 1979-cu ildə sovet astronomu N.Çernıx tərəfindən kəşf edilmiş asteroidlərdən birinə onun adı verilmişdir. Bu ensiklopedik biliyə malik alimin çox zəngin elmi irsindən cəmi iki əsər – “Əxlaqi-Nasiri” (“Nəsirin etikası”) və mineralogiyaya aid kiçik həcmli bir əsəri ana dilinə tərcümə edilmişdir.
Son 200 ildə kəşfləri ilə dünya elminə töhfələr vermiş Azərbaycan alimlərinin sırasında Yusif Məmmədəliyev, Lütfi Zadə, Kərim Kərimov, Xudu Məmmədov və başqaları hələ də öz parlaq zəkaları ilə elmə yeni qədəm qoyan neçə-neçə gənc alimə yol göstərir, cığır açır. Doğru deyirlər ki, dahilər keçmişdən yazır, bu gün barədə danışır, gələcək üçün düşünürlər. Biz bugünkü nailiyyətlərimizə görə Azərbaycanın XIX-XX əsrlərdə yaşayıb-yaratmış maarifçi və mütəfəkkirlərinə borcluyuq.
Bu sırada Azərbaycan mədəniyyətini dünyada tanıdan ölməz korifeylərimizin də adlarını sadalamaq yerinə düşərdi. dediklərimizin haqq olmasını sübut etmək üçün onların sırasında Qara Qarayev, Fikrət Əmirov, Niyazi kimi dühaları göstərə bilərik.
Bu adlar içərisində çağdaş dövrümüzün şöhrət zirvələrini fəth etmiş elələri var ki, bu gün onların səsi dünyanın hər yerindən eşidilir. Azərbaycan musiqi mədəniyyətinə misilsiz töhfələr verən, təkrarolunmaz bariton səs sahibi Müslüm Maqomayev məhz belələrindəndir. Onun 31 yaşında SSRİ Xalq Artisti fəxri adına layiq görülməsi bütövlükdə Azərbaycanın mədəniyyətinin göstəricisi idi. Əgər bu gün UNESCO muğam ustadı Alim Qasımovu dünyanın yüzlərlə, minlərlə ifaçısı arasından seçib ən yüksək mükafata layiq görürsə, bu, muğamın, Şərqin, Azərbaycanın uğuru deyilmi?
Bu siyahıya Azərbaycan xalqının milli dəyərinə çevrilmiş istənilən qədər görkəmli simalarımızın adını daxil etmək olar.
Bu gün əsrlərin sınağından üzüağ çıxmış xalqımıza məxsus milli dəyərlərin tanıdılması istiqamətində ölkəmizdə yetərincə işlər görülür, mühüm layihələr, dövlət proqramları həyata keçirilir. Artıq dünyanın mədəniyyət paytaxtına çevrilmiş Azərbaycan, Beynəlxalq humanitar forumlara, festivallara, konfranslara ev sahibliyi etməklə bu yurdun mədəniyyət beşiyi, bu xalqın sülhpərvər olduğunu sübut edir.
Olduqca təqdirəlayiq haldır ki, xalqımızı dünyada tanıdan mədəniyyətimizin, elm və mili dəyərlərimizin qorunması, gələcək nəsillərə çatdırılması, toxunulmazlığı, bərpası və digər zəruri məqamları ilə bağlı ən vacib və aktual məsələlər Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da mühüm bir vəzifə kimi qarşıya qoyulmuşdur.
Ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edən bu sənəd Vətənini, xalqını sevən hər kəsin qarşısında yeni yaradıcılıq, bütövlükdə qlobal dünyada böyük nüfuza malik Azərbaycan xalqı üçün daha yüksək zirvələri fəth etmək imkanları açır.

Abdulla Suvar
AzərTAc-ın müxbiri

Mənbə: http://azertag.com/node/1246334

 

baxılıb: 1198 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR