“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
21 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Heydər Əliyev və azərbaycançılıq

Heydər Əliyev və azərbaycançılıq

A+ | A-

Heydər Əliyev XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı...

Nizaməddin Şəmsizadə,

filologiya elmləri doktoru, professor

Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir sima lar dan biri, türk dünyasının və ümumən sivil dünyanın qüdrətli şəxsiyyətidir. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Tanrı ona hər bir üstünlüyü bəxş etmişdi: yaraşıqlı boy-buxun, təbəssüm və sərtliyi sintez edən sima, gələcəyi dəqiq müəyyənləşdirən, tarixin nizamını təmin edən təfəkkür, parlaq natiqlik məharəti, qüdrətli siyasi iradə, güclü dövlətçilik duyğusu, çevik iradəetmə məharəti, insanların qəlbinə yol tapmaq, xalqın qüdrətinə arxalanmaq bacarığı! Bir sözlə, H.Əliyev qalibiyyət əzmilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir şəxsiyyət idi.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev atasından əxz etdiyi nadir şəxsiyyətlərə məxsus bu keyfiyyətləri şərəflə daşıyır və böyük əzmlə dövlət idarəçiliyinə tətbiq edir, tarixin yeni tələblərinə uyğun olaraq təkmilləşdirib inkişaf etdirir. Azərbaycanın dünyadakı nüfuzu, vüsətli siyasi və iqtisadi yüksəlişi sübut edir ki, İlham Əliyev qalibiyyət əzmini dövlət idarəçiliyinin sarsılmaz baş xətti kimi inadkar bir inamla qoruyub saxlayır. Ümummilli Lider H.Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri – müstəqil Azərbaycan, əbədi azadlıq qoyub getdi. Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də Azərbaycançılıq ideologiyası idi. Akademik Ramiz Mehdiyevin sözləri ilə desək, Azərbaycançılıq təliminin Heydər Əliyev tərəfindən irəli sürülən və həyata keçirilən dövlətçilik konsepsiyası ilə vəhdət halında, beynəlxalq miqyasda artıq qərarlaşmış olan başlıca ideoloji kurslarla müqayisəli şəkildə təhlil edilməsinə müasir mərhələdə böyük ehtiyac vardır.

Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı. Bu zaman iki cəhət əsas götürüldü:

1. Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinə tarixən düzgün yanaşıldı;

2. Azərbaycan münəvvərlərinin ana dili uğrunda əsrin önlərindəki fikir mücadilələri əxz olundu.

Xalq Cümhuriyyətin ideoloji rəhbəri M.Ə.Rəsulzadə rus imperiyasının tərtib etdiyi xəritələrdən “Azərbaycan” dövlət adı silinib, əvəzinə “Qafqasiya” yazılanda deyirdi: “Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə əkiz doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir” (“Azərbaycan” qəzeti, 1918, №41). Yaxud onun Azərbaycan parlamentinin 1918-ci il 7 dekabr tarixli təntənəli iclasındakı çıxışında deyilir: “Müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir… Bir dəfə yüksələn bayraq bir daha enməz” (“Azər bay can” qəzeti, 13 dekabr 1918).

Hətta rus-bolşqevik işğalı nəticəsində ilk milli demokratik respublika çökdükdən sonra mühacirətdə olan M.Ə.Rəsulzadə 1923-cü ildə Türkiyədə çap olunmuş “Azərbaycan Cümhuriyyəti” kitabında “Azərbaycan qayəsi”ni “istiqlal məfkurəsi” kimi mənalandıraraq yazırdı: “Azərbaycan dövrü-istiqlalına bolşeviklər Müsavat dövrü deyirlər. Fəqət xalq buna AZƏRBAYCAN dövrü deyir… Xalq düşüncəsində AZƏRBAYCAN məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm ediyor. İstiqlal xaricində onun üçün bir AZƏR BAY CAN yoxdur” (“Azərbaycan Cümhuriyyəti”. Bakı, “Elm”, 1990, s.95).

H.Əliyevin azərbaycançılığa gətirdiyi ikinci mühüm dayaq XX əsrin önlərindəki ana dili mücadilələri idi. XX əsrin önlərində böyük realist ədib C.Məmmədquluzadə, türkçü romantik şair A.Şaiq, realist-demokratik tənqidin başçısı F.Köçərli, böyük bəstəkar Ü.Hacıbəyli, “bolşevik” N.Nərimanov “Ana dili” uğrunda mübarizəyə birgə başladılar. Tezliklə “Ana dili” uğrunda mübarizə “Ana Vətən” uğrunda mübarizəyə çevrildi. Hakimiyyətdə olduğu bütün dövrlərdə H.Əliyev bu problemi milli müəyyənliyin baş məsələsi kimi diqqət mərkəzində saxlayıb. Hələ 1978-ci ildə, totalitar ideologiyanın təzyiqi altında H.Əliyev böyük cəsarət göstərərək, “Azərbaycan dili”ni dövlət dili kimi Azərbaycan SSR-in yeni konstitusiyasına daxil etdi. Sonralar o, bu təhlükəli tarixi məqamı belə xatırlayır: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük (2001-ci il oktyabrın 17-də Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi).

H.Əliyevin Azərbaycançılıq təlimində dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələri səylə nəzərə alınır. Bununla belə, onun konsepsiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti əsas yer tutur ki, bu da həmin təlimin gələcəyə yönəlməsini təmin edir. Onun Dünya azərbaycanlılarının birinci qurultayındakı nitqi (10 noyabr 2001-ci il) azərbaycançılığın tarixi proqram sənədidir. Buradakı əsas müddəalara nəzər salaq: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”. Qurultaydakı məruzəsində H.Əliyev bu məsələni siyasi-dövlətçilik baxımından bir qədər də dəqiqləşdirir. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.

H.Əliyev təkcə böyük ideoloq və dövlət xadimi yox, həm də tarixin, cəmiyyətin gedişatını fəhmlə təyin edən mütəfəkkir idi. “Əsrin müqaviləsi” adı ilə tarixə daxil olmuş beynəlxalq neft kontraktları belə tarixi uzaqgörənliyin əyani nümunəsidir. “Əsrin müqaviləsi” ilə H.Əliyev həm müstəqil Azərbaycanın iqtisadi strategiyasını müəyyənləşdirdi, həm də müstəqil dövlət ideologiyası olaraq azərbaycançılığın iqtisadi təməllərini formalaşdırdı. Bununla da H.Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, azərbaycançılığa əsaslanan milli dövlət yarartdı, xalqda dövlətçilik hissini formalaşdırdı.  Məhz onun sayəsində xalqda dövlətə inam hissi, dövlətçiliyə hörmət gücləndi. Mətləbdən uzaqlaşmadan deyək ki, H.Əliyevin azərbaycançılıq təliminin təməlində məhz Azərbaycan dili dayanır. Azərbaycan dilini bilmədən azərbaycançı olmaq mümkün deyil. Azərbaycançılıq ideologiyası ittihadçılığın əsas prinsiplərindən biri olaraq ünsiyyət birliyini nəzərdə tutur. Belə birlik isə ana dili, Azərbaycan dili vasitəsi ilə baş tutur. Elə buna görə də H.Əliyev dönə-dönə deyirdi ki, hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa xidmətlərini göstərmişdir. Xüsəsən bizim yazıçılarımız, ədəbiyyatçılarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər. Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir.  İndi baxın, bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik. Göründüyü kimi, H.Əliyev “Azərbaycan dili” sözlərini təkrar etməkdən doymur, əksinə onu dilə gətirməkdən dərin zövq alır, milli qürur duyurdu. Bu, hər şeydən öncə, onun dilimizə məhəbbətindən irəli gəlirdi. O, dünya azərbaycanlılarına üzünü tutub deyirdi ki, siz hər biriniz yaşadığınız ölkənin dilini bil məlisiniz, o ölkənin adət-ənənələrini mənimsəməli və ona hörmət etmə lisiniz. Amma bununla belə, harada yaşamağınızdan asılı olmayaraq, Azər bay can dilini unutmamalı, onu yaşatmalı və inkişaf etdirməlisiniz. H.Əli yev nəinki dilimizi sevir, həmçinin daim onun tərəqqisi üçün, bütün dun yada nüfuzunun qorunması üçün səylə çalışırdı.

H.Əliyev Azərbaycan dilinin, tarixinin, ədəbiyyat və mədəniyyətinin yeni – Azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strate giya sını formalaşdırdı. Bu baxımdan, “Dövlət dilinin tətbiqi işinin təkmilləş dirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli fərmanı və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli fərmanı böyük tarixi-siyasi əhəmiyyətə, dərin fəlsəfi-filoloji məzmuna malik sənədlər idi. Bu tarixi sənədlər artıq yeni əsrin və üçüncü minilliyin əvvəllərində ana dili uğrunda mübarizənin, dövlət səviyyəsində milli müstəqillik uğrunda mübarizənin – Azərbaycançılığın tərkib hissəsi kimi əks etdirən dövlət proqramları – böyük strategiyanın təməl faktları idi. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanda Azərbaycan dili “Azərbaycanın dövlət  müstəqilliyinin başlıca rəmzlərindən” sayılır və deyilir ki, “Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, böyük gələcəyə malikdir. Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir.”

Göründüyü kimi, burada ideologiyanın tarixi-siyasi funksiyası ilə dilin rolu arasında uyğunluq öz əksini tapır. İdeologiyanın vəzifəsi gələcəyi yaratmaqdır. Prezidentin fərmanında xalqın gələcəyi həm də onun dili, zəngin dil mədəniyyəti ilə əlaqələndirilir. Burada böyük tarixilik duyğusu ilə qeyd olunur ki, “XX yüzillik Azərbaycan ədəbi dilinin ən sürətli tərəqqisi və çiçəklənməsi dövrüdür. Ədəbi dil məsələsi hələ  əsrin əvvəllərindən ictimai-siyasi mübarizənin tərkib hissəsi olmuşdur”. H.Əliyevin milli ideologiya konsepsiyasında da XX əsrin məhz bu tarixi ənənəsi əsas yer tuturdu. Dil yalnız bir mənəviyyat problemi, filoloji fikir məsələsi deyil, Azərbaycançılıq fəlsəfəsinin təməl problemi idi. O, dilin taleyinə millətin və dövlətin taleyi kimi baxır, böyük inamla belə qənaətə gəlirdi ki, “Müstəqil Azərbaycan Respubilkasının gələcəyi üçün ən əsas vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir”. H.Əliyev təkcə dövlətçiliyə, milli ideologiyaya deyil, ümumən mənəvi mədəniyyətin tarixi taleyinə dil  prizmasından nəzər salırdı. Çünki dil milli-mənəvi varlığın ifadəsidir, dilin inkişafı milli şüurun dirçəlişini əks etdirir, milli-mənəvi özünüdərk ana dilinə münasibətdən başlanır. “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir” (H.Əliyev).

Bu sözlərdə böyük dövlət xadimi və mütəfəkkirin mənəvi mədəniyyətə – ədəbiyyata, incəsənətə münasibəti ifadə olunub. H.Əliyev çox gözəl bilirdi ki, Şərqin, türk-islam dünyasının, xüsusən də Azərbaycanın bütün fəlsəfi təlimləri əsasən bədii ədəbiyyatla bağlı olub, onun bətnindən boy atmışdır. Ona görə də Azərbaycançılıq fəlsəfəsini formalaşdırarkən o, Azərbaycan ədəbiyyatına sistemli şəkildə istinad edirdi. Əvvəla, budur ki, Azərbaycanda hakimiyyətinin ilk günlərindən (1969), hələ bundan əvvəl DTK-nın rəhbəri olarkən H.Əliyev ədəbiyyatı, mədəniyyəti, hər şeyi dövlətçiliyə tabe etməyə nail oldu. Başqa sözlə desək, Azərbaycanın tarixi taleyi ilə bağlı bütün fikirlərə dövlətçilik mənafelərindən nəzər salmağa başladı. Dövlət rəhbərləri arasında ilk dəfə məhz H.Əliyev ədəbiyyatla cəmiyyətin münasibətlərini sahmana saldı. Yazıçının tarixi qiymətini verməyin dövlət mexanizmini hazırladı və şəxsi təcrübədə əyaniləşdirdi. H.Əliyev “Kitabi Dədə Qorqud”, M.Füzuli və “Manas” haqqında fərmanları və fikirləri ilə ədəbiyyat vasitəsilə türk birliyini yaratmağın yolunu göstərdi...

Azərbaycançılıq fəlsəfəsinin tərkib hissəsi kimi H.Əliyevin ədəbiyyat konsepsiyasının əsasında tarixilik və müasirliyin vəhdəti dayanır. Azərbaycan yazıçılarının VII qurultayındakı (12 iyun 1981) “Ədəbiyyatın yüksək borcu və amalı” adlı tarixi nitqində deyirdi: “Yazıçı sözü xalqın əməllərinə uyğun gəlməlidir. Gerçəkliyin bədii inikasının başlıca obyekti müasirlikdir... Azərbaycan tarixinin bir çox parlaq səhifələri bədii ədəbiyyatda layiqincə əks etdirilməmişdir... tarixi simaların obrazları yaradılan və tariximizin çox mühüm dövrləri tərənnüm olunan ədəbi əsərlər ən yüksək səviyyədə yazılmalıdır. Bunlar çox mühüm, artıq deyək ki, mürəkkəb mövzulardır. Belə mövzuların öhdəsindən yalnız yüksək istedadlı, dərin bilikli sənətkarlar gələ bilərlər. Buna görə də tarixi mövzuda əsər yaratmağa girişməzdən əvvəl ədib öz qüvvə və imkanlarını götür-qoy etməli, böyük və ciddi hazırlıq işi aparmalıdır”. Beləliklə də, təkcə bu fikir göstərir ki, H.Əliyevin söz sənəti haqqında fəlsəfi-estetik konsepsiyasında xəlqilik, müasirlik, tarixilik və istedad kimi mühüm kateqoriyalar vəhdətdə çıxış edir. H.Əliyev yazıçı əməyini yüksək qiymətləndirir, bədii yaradıcılıq prosesinin əzablı psixoloji poses olduğunu böyük fəhm və həssaslıqla duyur, yaradıcılıq fəlsəfəsinə diqqət yetirirdi.

Bu baxımdan onun 29 oktyabr 1997-ci ildə gənc yazıçılarla görüşündə söylədiyi bir fikir diqqəti cəlb edir: “Ədəbiyyat, mədəniyyət həmişə fədakarlıqdan doğan bir anlayışdır. Ədəbiyyatı, mədəniyyəti, bədii əsərləri, yüksək incəsənət əsərlərini yaradan şairlər həmişə fədakar olurlar. Onlar fitri istedadı ilə bərabər fədakar olmasa, böyük sənətkar ola bilməzlər”. Bədii yaradıcılıq fədakarlıqdır, fəqət istedada güvənən  fədakarlıqdır. Dünyada ən çətin iş, ən böyük qəhrəmanlıq ağ kağızla, boz kətanla üz-üzə oturmaqdır. Çünki, xalqın tarixi taleyi çox zaman ağ kağıza həkk olunmuş bir neçə cümlədən asılı olur. H.Əliyev təkcə ədəbiyyatı, mədəniyyəti izah və şərh etmir, ədəbiyyata, mədəniyyətə təsir edir, onu yeni ideyalara, milli və dövlətçilik taleyi ilə bağlı istiqamətə yönəldirdi.

Onun ədəbiyyat konsepsiyasında istedada böyük önəm, ədəbiyyatın əbədiyyətinə qüdrətli inam var. Hələ 1975-ci ildə Azərbaycanda sovet ədəbiyyatı günləri münasibətilə söylədiyi nitqdə H.Əliyev ədəbi irsi hər şeydən uca tutaraq deyirdi: “tarixin bir-birinə qovuşdurduğu əsrlər bir çox xalqların oğul və qızlarını qızğın məhəbbətlə tərənnüm edən Nizami dühasının ölməz əsərlərini, Füzulinin insanəpvərlik və xeyirxahlıq dolu misralarını, Nəsiminin fəlsəfi fikirlə zəngin lirikasını, Xaqaninin məhəbbət və iztirab tərənnüm edən poemalarını, Vidadi və Vaqifin xalq yaradıcılığı çeşməsindən qidalanan ölməz şeirlərini bizə gətirib çatdırmışdır. Tarix tələbkar imtahançıdır. Hökmdarlar, saray əyanları, zülmkarlar unudulub getmişlər. Azərbaycanın böyük mütəfəkkir və humanist şairlərinin təravətdən düşməyən misraları isə bu gün də öz hikməti və insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur. Onlar xalqın azadlığı və səadəti haqqında öz dərin fikirlərini və sönməz arzularını əsrlərdən, nadanlıq, dini fanatizm, milli əsarət və ictimai ədalətsizlik zülmətindən keçirərək nəsillərə bəxş etmişlər”.

Göründüyü kimi,bu konseptual fikirdə də bədii ədəbiyyat milli istiqlalın, xalqın azadlıq və səadətinin fikir carçısı kimi dəyərləndirilir. Çünki H.Əliyevin Azərbaycançılıq ideologiyası milli istiqlal nəzəriyyəsi idi. H.Əliyev ideologiyanın formalaşmasında mədəniyyətin roluna da ilk növbədə məhz istiqlalçılıq kontestində nəzər salırdı. Biz belə hesab edirik ki, mədəniyyət və ideologiya eyni məqsəddə-gələcəyi formalaşdırmaq kimi tarixi bir məramda birləşir. Əgər təhsil ideologiyanın təbliğ funksiyasını ifadə edirsə, mədəniyyət təlqin vəzifəsini öz üzərinə götürür. İdeologiyada mədəniyyətin başlıca vəzifəsi xalqda vətən əxlaqı tərbiyə etməkdir. Azərbaycan kimi polietnik cəmiyyət üçün bu xüsusilə vacibdir. Milli mədəniyyət ideologiyanın təsir obyektini – milli psixologiyanı əks etdirir. İdeologiya milli psixologiya vasitəsilə idarəedici qüvvəyə çevrilir. Milli ideologiyanın milli mədəniyyətlə əsas təmas nöqtəsi tarixilikdir (Ətraflı bax: Şəmsizadə N. Azərbaycançılıq. Bakı, “Nurlar”, 2006). Çünki “mədəniyyətin müxtəlif pillələri tədrici təkamülün mərhələləri hesab oluna bilər. Onların hər biri keçmişin bəhrəsi olduğu kimi, həm də gələcəyin formalaşmasında rol oynayır” (Тайлор Г.Б., Первобытная культура. M., 1989, с.18).

H.Əliyev öz dövlət siyasətini, ideoloji fikirlərini həyata keçirərkən, Azərbaycan xalqını özünə və dünyaya tanıtdırmaq üçün mədəniyyət amilindən bacarıqla istifadə edirdi: “Xalq bir neçə xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində seçilir. Bu xüsusiyyətlərdən ən böyüyü mədəniyyətdir”. O, mədəniyyəti xalqı irəli aparan, onu tarixdə yaşadan, xalqı zənginləşdirən qüdrətli bir vasitə hesab edirdi. Xüsusilə qloballaşan dünyaya çıxış üçün mədəni inteqrasiyanın imkanları böyükdür. Cəmiyyətdə mənəvi deformasiyaları vaxtında aradan qaldırmaq, xalqın özünə və dövlətə inamını, mənəvi tarazlığı qorumaq baxımından mədəniyyətə böyük önəm verməsi H.Əliyevin siyasi lider kimi tarixi uzaqgörənliyi idi. Mədəniyyətə bir körpə kimi atalıq qayğısı göstərir, onu insanlığın mənəvi varlığı üçün qorumağı lazım bilirdi: “Mədəniyyət başqa aləmdir. Mədəniyyət uşaq kimidir; həmişə tumar və qayğı istəyir. O, həssasdır: əlinin tumarı, ürəyinin qayğısı azca azalan kimi, o hiss edir, küsür, inciyir. Siyasi rəhbər, dövlət xadimi bunu bilməlidir, bir an yadından çıxar mamalıdır”.

Elə təkcə bu hərarətli sətirlər belə qənaətə gəlməyə imkan verir ki, H.Əliyevin mədəniyyət konsepsiyasının cövhərində milli mədəniyyətə dərin bir sevgi, isti insani səmimiyyət dayanır. Mədəniyyəti sevmək üçün də, mədəniyyətdə sevilmək üçün də belə səmimiyyət başlıca şərtdir. H.Əliyev mədəniyyətdə isdedadın roluna və əsərlərin milli müəyyənliyinə önəm verirdi. Onun Azərbaycançılıq təlimində mədəniyyət milli şüuru oyadan, milli-mənəvi özünüdərki hazırlayan, onun iinkişafını təmin edən ən təsirli bədii estetik vasitə, dünyanı gözəllik qanunları ilə idarə etmək üsulu idi: “Ziyalılıq kütləvi ola biliəz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist – bunlar fitri istedada malik olan nadir adamlardır”. Onun fikrincə, milli azadlıqa nail olmaq üçün milli oyanış, milli dirçəliş, ümumən milli ruhun canlanması lazımdır ki, bu da mədəniyyətin inkişafı və təsiri olmadan mümkün deyildir.

H.Əliyev fenomenal yaddaşa, parlaq nitq qabiliyyətinə, dərin zəkaya malik bir şəxsiyyət idi. O hansı sahədən danışırsa danışsın, həmin sahəni qaldırır, əhəmiyyətini yüksəldir, onun tarixi dəyərini güclü məntiqlə əsaslandırırdı. O, neftdən danışanda deyirdi ki, Azərbaycanın tarixi taleyi üçün neftdən önəmli bir şey yoxdur, tarixdən elə danışırdı ki, bu fikri tarix haqqında söyləməli olurdun. Mədəniyyətlə bağlı H.Əliyevin fikirlərini oxuyanda da belə nəticəyə gəlirsən ki, onun azərbaycançılıq təlimi, dövlət ideologiyası və siyasəti üçün mədəniyyətdən vacib amil yoxdur. Bu hər şeydən əvvəl onun mədəniyyətə, ədəbiyyata, dilə, xalqın mənəvi varlığını əks etdirən sənətə məhəbbətindən irəli gəlirdi. Məsələn, o teatr sənəti haqqında deyirdi: “Teatr müqəddəs yerdir; tərbiyə ocağıdır. Orada çalışanlar fədakardırlar, fədaidirlər... Teatr xadimləri tamaşaçıya bir söz demək üçün, mədəni səviyyəsini yüksəltmək üçün, irəliləyişimizdə mane olanlara qarşı mübarizəyə qaldırmaq üçün nə qədər çalışırlar. Heç kim bilmir ki, artist səhnəyə çıxıb rolu tamaşaçı qarşısında oynadığı vaxta kimi nə qədər həyəcan keçirir. Mən həmişə teatra yaxın və bağlı olmuşam. Bu ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdədir. İncəsənətin, o cümlədən kino və teatrın təsiri və tərbiyə qüvvəsi çox böyükdür. Bu qüvvədən bacarıqla istifadə etmək həmişə vacibdir”. H.Əliyev özü bu ecazkar qüvvədən, sənətin kütlə psixologiyasına təsir imkanlarından öz dövlət siyasətini həyata keçirərkən bacarıqla istifadə edirdi. Ümumiyyətlə, bir xalqı dünyada tanıtmaq üçün incəsənət və idmandan yaxşı vasitə yoxdur. Xüsusilə musiqi, teatr, kino və idmanın çevik növləri xalq haqqında, ölkə haqqında başqa xalqlarda çox fəal təsəvvür yaradır, müxtəlif rejimli, müxtəlif dilli millətləri və ölkələri siyasətsiz belə birbirinə yaxınlaşdırır.

Tarixdə bir çox liderlər kino sənətindən siyasi-ideoloji məqsədlərlə, ən çevik və kütləvi təsir vasitəsi kimi istifadə etmişlər. Məsələn, sovet imperiyasının banisi V.İ.Lenin XX əsrin 20-ci illərində kinoya xüsusi diqqəti yetirir, mədəni inqilabın mühüm sahələrdən biri kimi onun inkişafını ön plana çəkir, sənayeləşmə, kolxoz quruculuğu, qadın azadlığı, sinfi mübarizə, dini fanatizmlə mübarizhə məsələlərinin qısametrajlı kino xronikalarda və jurnallarda təcili əksini tələb edirdi. Kinonu proletariat diktaturasının, sosializimin nailiyyətlərini savadsız kütlələr arasında, ucqarlarda təbliği üçün ən yaxşı vasitə hesab edirdi. H.Əliyevin Azərbaycan kino sənətinə münasibətində böyük bir qayğıkeşlik var. Sovet imperiyası çökdükdən sonra həmişə Moskvadan asılı olmuş kino sənətimiz böhrana düşmüş, iqtisadi çətinliklər ucundan “Azərbaycanfilm” bağlanmaq təhlükəsi ilə üz-üzə dayanmışdı. Belə bir dövrdə – 2000-ci il avqust aynın 18-də H.Əliyev 1898-ci il avqustun 2-də ilk kinoseansın nümayiş etdirildiyi günü Azərbaycan kinosu günü – kino işçilərinin peşə bayramı olaraq təsis edən “Azərbaycan kinosu gününün təsisi edilməsi haqqında” sərəncam verdi. Bu sərəncamla bərabər, onun inamla dediyi fikirlər milli kino sənətimizi öz məcrasına qaytardı: “Kino bizim xalqımızın salnaməsidir. Azərbaycan kinosunda dəyərli əsərlər yaradılıb. Bunu heç cürə unutmaq olmaz. Kinomuzun tarixi və bu sahədə əldə etdiyimiz nailiyyətlər bizim milli sərvətimizdir. Biz bu sərvəti qoruyub saxlamalıyıq. Tariximizdir, ədəbiyyatımızdır – kinomuz. Bunlar bir-biri ilə sıx surətdə bağlıdırlar. Kinonu, kinematoqrafiyanı, kino sənətimizi yaşatmaq lazımdır. Şübhəsiz ki, bizim kino sənətinin on illərlə yaranmış böyük bir kollektivinin dağıdılmasına imkan vermək olmaz. Eyni zamanda gərək hər birimiz bu ağır dövrə dözək. İnanıram ki, bu ağır dövrün də ömrü uzun olmayacaqdır. Biz bu dövrü keçib gedəcəyik, mən gələcəyə nikbin baxıram” (“Ədəbiyyat qəzeti”, 22 dekabr 1995-ci il).

Beş il sonra verilmiş sərəncam H.Əliyev inamının, həmin nikbinliyin tarixi təsdiqi idi. Azərbaycan Respublikasının Prezidenti kimi H.Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən çoxəsrlik milli-mənəvi dəyərlərin qorunmasına, dövlət siyasətində ehtiva olunmasına ciddi diqqət yetirirdi. Bəyanatlarından birində ölkədəki demokratiyadan sui-istifadə edənlərə müraciətlə deyirdi: “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Əgər insan mənsub olduğu millətin milli-mənəvi dəyərlərini anlaya bilmirsə, yaxud onları qəsdən təhrif edirsə, əgər vəziyyət o dərəcəyə çatırsa ki, hətta Azərbaycanın dini rəhbəri təhqir olunur, onda təbiidir ki, bu bizi narahat etməlidir. ... Biz Azərbaycanda demokratiyanın bütün tələblərini tətbiq etmişik, edəcəyik də. Ancaq Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı, Azərbaycanın milli mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınacaqdır” (13 avqust 2001-ci il).

Ümumiyyətlə, H.Əliyev dinin tarixdə və cəmiyyətdəki mənəvi – saflaşdırıcı roluna, insanlarda inam, iman və əqidə formalaşdırmaq imkanlarına xüsusi diqqət yetirir, dəyişməz ehkamlar sistemi olan dinin ideologiyadakı yerinin həssaslıqla təyin edir. Hələ 1993-cü ildə fəlsəfi-ictimai fikirdə belə bir qənaət formalaşmışdı ki, “Azərbaycançılıq” xalqımızın çox əzab-əziyyətlərdən sonar yaratdığı tarixi dəyərdir, real müstəqilliyə nail olmaq, vahid, bölünməz, unitar Azərbaycanı qoruyub saxlamaq vasitəsidir. Bu gün “azərbaycançılıq” milli həyatın ahəngdarlığının çoxəsrlik ənənəsi, diyarımızda yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, birgə fəaliyyəti və qarşılıqlı təsirinin tarixi, ümumi taleyi, Azərbaycanın bütövlüyünü qorumaq uğrunda onların birgə mübarizəsinin tarixi təcrübəsidir” (Ramiz Mehdiyev. Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi. Bakı, 2001, s.208).

H.Əliyevin tarixi şəxsiyyət kimi möhtəşəmliyi bunda idi ki, o təkcə müstəqil Azərbaycan dövlətini deyil, həm də real tarixin özünü idarə etməli oldu. Tarixi hərəkətə gətirmək, onu idarə etməklə o tarixdə şəxsiyyətin həlledici rol oynadığını, marksist fəlsəfənin iddia etdiyi kimi, tarixi kütlələrin deyil, liderlərin yaratdığını öz fəaliyyəti ilə əyaniləşdirməyə nail oldu. H.Əliyevin azərbaycançılıq nəzəriyyəsi nadir tarixi şəxsiyyətlərə məxsus belə bir imkana istinad edir. Həqiqətən də “Heç bir dövlət başçısı, heç bir siyasi lider və hətta heç bir millətçi ziyalı dövlət quruculuğu və idarəçiliyi ilə yanaşı, milli ideologiyanın əsas istiqamətlərinin müəyyən ləşdirilməsi, bu sahədə də yeni mükəmməl elmi konsepsiyanın yaradılması və onun həyata keçirilməsi sahəsində Heydər Əliyev qədər şəxsi əzmkarlıq göstərməmişdir” (S.Xəlilov. Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi. Bakı, 2002, s.139).

Ümumiyyətlə, ideologiya tarixin gedişi ilə meydana çıxaraq, həmin gedişi təsdiq edən və bu gedişin sonrakı istiqamətlərini müəyyənləşdirən, həmin prosesdə xalqın rolunu təyin edən, ona tarixi bəraət qazandıran ən parlaq və obyektiv ideyaların sistemi və məntiqi məcmusudur. Azərbaycançılıq ideologiyasının fəlsəfi təlim kimi sistemə salınması və müstəqil Azərbaycan dövlətçiliyinə tətbiqi H.Əliyevin tarixi xidmətidir. Böyük nəzəri-tarixi ənənələri olsa da, azərbaycançılıq yeni siyasi dövrün ifadəsi, yeni təfəkkür mərhələsinin fəlsəfəsi kimi formalaşmışdır. H.Əliyevin yeni tarixi dövrdə – 15 iyun 1993-cü ildən etibarən apardığı müstəqil Azərbaycanın dövlət siyasətinin əsasında məhz azərbaycançılıq ideologiyası dayanırdı. H.Əliyev ideyalarının əzmkar davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasətin tarixi rolundan bəhs edərkən demişdir: “Azərbaycan rəhbərliyinin apardığı siyasət yeganə düzgün siyasətdir. Bunu həyat da sübut etmişdir. Azərbaycan çox böhranlardan şərəflə çıxmışdır. Vətəndaş müharibəsi və cəmiyyətin parçalanması təhlükəsindən qurtarmışdır. İndi Azərbaycanda sabitlikdir, güclü iqtisadiyyat vardır, demokratikləşdirmə yolunda çox işlər görülür. Buna görə də mən qəti əminəm ki, hazırda yeridilən xətt davam etdirilməlidir... İndiki siyasət bir çox onilliklər üçün nəzərdə tutulmuş siyasət olmalıdır. Əks halda, Azərbaycan yenə də hansısa hərc-mərcliyə məruz qala bilər” (“Известия” qəzeti, 19 may 2001).

Bu sətirlərdə H.Əliyev siyasətinə, onun ideologiyasına qüvvətli inam və İlham Əliyevin qalibiyyət əzmi ifadə olunur. Bu gün bütün dünyada azərbaycançılığın ən böyük qarantı Azərbaycanın və hər bir azərbaycanlının Prezidenti İlham Əliyevdir. H.Əliyev çətin tarixi-siyasi situasiyalardan asanlıqla baş çıxaran, polad kimi möhkəm siyasi iradəyə malik lider, tarixin gedişatını öncədən görməyi və istiqamətləndirməyi bacaran böyük strateq idi. O, Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün zəngin nəzəri irs və qüdrətli tarixi təcrübə, idarəçilik təcrübəsi qoyub getmişdir. Onun dərin məzmunlu tarixi irsində Azərbaycanla bağlanmayan, Azərbaycanın milli və tarixi taleyini əks etdirməyən bir fikir  belə tapmaq mümkün deyil. Çünki, azərbaycançılıq onun təkcə əməllərində deyil, qəlbində və zəkasında, onun içində, daxili-mənəvi varlığında, əzəmətli şəxsiyyətində idi. Zaman keçdikcə H.Əliyevin şəxsiyyəti daha möhtəşəm görünür, qoca tarix inadkar bir inamla onun cahanşümul əməllərini, dövlətçilik ideallarını və azərbaycançılıq nəzəriyyəsini təsdiq edir.

* * *

H.Əliyevin azərbaycançılıq təliminin əsas qaynaqlarından biri bədii ədəbiyyat idi. O, ədəbiyyatın bədiilik mənafelərini diqqətlə nəzərə almaqla bərabər, onun fəlsəfi-elmi imkanlarından da bacarıqla faydalanırdı. Konkret bədii faktların fəlsəfi-tarixi mövqeyinin şərhinə keçməzdən əvvəl, bir vacib ümumi və səciyyəvi cəhəti qeyd etməliyəm. Azərbaycan ədəbiyyatının tarixini və mərhələ təsnifatını səciyyələndirən cəhət odur ki, bu ədəbiyyat dövlətçiliyin möhkəm olduğu dövrlərdə yüksək bədii-fəlsəfi həddə çatıb.  Azərbaycan tarixində Azərbaycan dövlətçiliyinin üç zirvəsi əbədiləşib: Atabəylər, Şirvanşahlar və Səfəvilər. Biz belə hesab edirik ki, Nizami Atabəylər, Xaqani və Nəsimi Şirvanşahlar, dahi Füzuli Səfəvilər fütuhatının yetirmələri idi. Maraqlı burasıdır ki, H.Əliyev adı çəkilən sənətkarlara məhz həmin dövlətçilik kontekstində, tarixilik əsasında dəyər verirdi. Məsələn, o, M.Füzulinin 500 illiyini keçirən Dövlət Komissiyasının iclasında demişdi: “Dahi mütəfəkkir şairin Azərbaycan xalqı qarşısında və bütün türk xalqları, dünya mədəniyyəti qarşısında xidmətlərinə verilən qiymətdir. Eyni zamanda həm də mədəniyyətimizi, tariximizi təbliğ etmək üçün çox əlverişli fürsətdir və biz bundan hərtərəfli istifadə etməliyik” (1, s. 201).

Həqiqətən də Füzulinin 1994-cü ildən başlayıb XX əsrin sonuna qədər davam edən yubiley tədbirləri təkcə Füzulinin cahanşümul irsinin deyil, həm də orta çağlar Azərbaycan tarixinin, dövlətçilik tarixinin təbliğinə çevrildi. H.Əliyev öncə Azərbaycan türklərinin, ümumən isə türk xalqlarının müştərək eposu  olan “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illik yubiley tədbirlərini keçirərkən də məhz Azərbaycanı təbliğ edir. Azərbaycan türk təfəkkürünün hələ erkən orta əsrlərdə hansı böyük imkanlara malik olduğunu bütün dünyaya bəyan edirdi. O, “Kitabi-Dədə Qorqud” eposuna oğuz türklərini vahid xalq və dövlət kimi birliyə səsləyən möhtəşəm qəhrəmanlıq abidəsi – azərbaycançılıqda birliyi təmin edən qədim məxəz kimi baxırdı. Dədə Qorqud üzünü oğuz elinə tutub “dövlətimiz əbədi olsun” deyirdi. Beləliklə də, o, dövləti uca tutur, onu yüksək qiymətləndirirdi. Bu müdrik şəxs “Quran”ı “Göydən gələn tanrı elmi” adlandırırdı.

Bədii ədəbiyyatın ideoloji qaynaq missiyası, vətənçilik hissi ilə bağlı olaraq XIX və XX yüzilliklərdə daha da artır. Böyük maarifçi A.Bakıxanov ikiyə bölünmüş vətən ağrısını əks etdirən ilk əsəri –  “Gülüstani-İrəm”i yazır, böyük maarifçi M.F.Axundzadə “Aldanmış kəvakib” povestində, “Kəmalüddövlə məktubları” fəlsəfi traktatında yeni dövlətçilik ideyalarını irəli sürür, vətən taleyi maarifçiliyin birinci dərəcəli probleminə çevrilir. XX əsrin önlərində “Ana dili” uğrunda F.Köçərlinin, N.Nərimanovun, A.Şaiqin, C.Məmmədquluzadənin, M.Ə.Sabirin başladıqları mübarizə, “Ana vətən” uğrunda mübarizəyə çevrilir. Bu hərəkat bir tərəfindən, “Füyuzat”ın başçılıq etdiyi türkçülük  məfkurəsinin, digər tərəflərdən isə, “Molla Nəsrəddin”in öndərlik etdiyi azərbaycançılığın vahid məcrada birləşməsi və dövlət yartaması, əslində M.Ə.Rəsulzadənin əsasını qoyduğu “Azərbaycan qayəsi”nin tarixi qələbəsi idi. Bütün bu olaylar H.Əliyevin azərbaycançılıq təlimində nəzərdə tutulur.

Hesab edirik ki, böyük romantik A.Səhhətin “Vətən” şeiri C.Məmməd quluzadənin “Anamın kitabı” dramı, M.Ə.Sabirin “Millət necə tarac olur-olsun, nə işim var” əsəri azərbaycançılığın bədii ifadəsini verən dəyərli əsərlər idi.

Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim.

Vətənim verdi mənə nanü-nəmək

Vətəni məncə unutmaq nə demək?!

Vətən əcdadımızın mədfənidir

Vətən övladımızın məskənidir.

Vətəni sevməyən insan olmaz

Olsa da, ol kəsdə vicdan olmaz.

Bu şeiri azərbaycanlığın parlaq bədii ifadəsi hesab etmək olar. Çünki, azərbaycançılıq türkçülüyün vətən əxlaqı müstəvisində dərki deməkdir. Azərbaycanda A.Səhhətin “Vətən” şeiri qədər millətdə vətən əxlaqı formalaşdıran ikinci poetik nümunə tapmaq çətindir. Fəqət Azərbaycanın M.Ə.Sabir qədər vətənpərvər azərbaycançı şairi yoxdur. “Hophopnamə” Azərbaycan xalq həyatının ensiklopediyasıdır:  “Millət necə tarac olur-olsun nə işim var?!”, “Bu daş qəlbli insanları neylərdin ilahi?!” M.Ə.Sabirin öz millətinə sevgisinin poetik ifadəsidir. Azərbaycançılığın nəzəri əsasları yazıçı, həkim və dövlət xadimi N.Nərimanovun “Nadir şah” (1898) əsərində aydın bir şəkildə təzahür edir. Dayısı Cavad hələ qaçaq olan Nadirə deyir: “Məni fikrə salan vətə nimizin qarışıq işləridir… Vətənimiz əldən gedir, yerlərimiz özgə tayfaların əlinə keçir, ziyarətgahlarımız, günbəgün zəlil, məşəqqətdə bulunur. Əkin yox, biçin yox, yenə kəndlərdə aclıq başlanıb”.

Hakimiyyətə gələn Nadir bu vəziyyəti aradan qaldırmaq üçün aşağıdakı islahatları aparır. Mirzə Mehdi xana yazdırır: 1. “Doğrusu şiyə-sünni adı eşidə bilmirəm. Gərək bu iki məzhəb birləşə) Nə səbəbə, mənfəəti nədir, sonra deyərəm. 2. İkinci fikrim budur: gərəkdir İncil bizim dilə tərcümə oluna… 3. Üçüncü fikrim… Mollaların ixtiyarlarını azaltmaq. Bu pul (ziyarətgahlarda, məscidlərdə toplanan pul – N.Ş.) dövlətin xəzinəsinə yığılsın. Bir dövlət ki, mollaların ixtiyarında yaşadımı, o dövlətdə tərəqqi olmaz. 4. Dördüncü fikrim budur: gərəkdür mənim padşahlığımda fəqir və sail tapılmaya. Bir dövlətin ki, fəqir və saili çox oldu, o dövlətin tez puç olmasına ehtimal var.

Göründüyü kimi, bu arzular və islahatlar bu gün üçün də aktualdır və şübhəsiz ki, azərbaycançılıq ideologiyasını bədii ədəbiyyatın bətnində yaşayan belə ideyalardan kənarda təsəvvür etmək mümkün deyil. Əlbəttə, totalitar sovet ideologiyasının tüğyan etdiyi sovet dönəmi azərbaycançılığın inkişafı baxımından çətin bir dövr idi. Çünki bu zaman marksizm-leninzm kimi mütləqləşmiş, daşlaşmış, xeyli sonra qartlaşmış heç kəsin, heç cür inkar edə bilməyəcəyi və arxasında qüdrətli dövlət (əvvəl proletariat diktaturası, sonra isə II Cahan savaşından qalib çıxmış dəmir imperiya – N.Ş.) dayanan sərt ideologiya var idi. Və ən maraqlısı budur ki, bu dönəmdə (1920-1990) də məhz Əlahəzrət Ədəbiyyat inadkar bir inamla mənsub olduğu millətin adından danışmağı bacardı.

XX əsrin ilk illərində “Azərbaycan” adı xəritələrdən silinmişdi. 1920-ci ildə bolşeviklərin hiyləsi və təkidi ilə Azərbaycan Xalq Cüm huriyyəti parlamenti istefa verdi, rus bolşevik-daşnak ordusu Azərbaycana soxulub, ölkəni işğal etdi. Bundan sonar azərbaycançılıq sətiraltı mənalarda, poetik rəmzlərdə, mətnaltı fikirlərdə yaşadı. Türk demişkən, əvət, yaşadı, çox böyük təzyiqlər altında 37-nin üç nömrəli metodundan, Qazaxıstanın odlu səhralarından, Sibirin sümük sındıran şaxtalarından keçərək, cavidlərin, müşfiqlərin, çobanzadələrin, nazimlərin, mümtazların dilində dua kimi, ayin kimi səslənərək yaşadı, 70 sənəlik sərt totalitar rejimin üzərindən bahar qaranquşu kimi keçərək XX əsrin sonunda körpə Azərbaycan İstiqlalına dimdiyindən dən verdi.

H.Əliyevin azərbaycançılıq fəlsəfəsinin möhtəşəm qaynağı kimi bədii ədəbiyyat üzərində düşünərkən klassik bir bayatı məni bir daha ilkinə qaytarır:

Əzizim vətən yaxşı,

Geyməyə kətan yaxşı,

Qürbət cənnət olsa da

Ölməyə vətən yaxşı.

Mən bilmirəm, bu bayatını azərbaycanlı qərib hansı diyarda qəlbindən dilinə gətirib. Amma onu gün kimi aydın bilirəm ki, min il əvvəl bu bayatını dilə gətirən adam vətən həsrəti ilə yaşayıb. Bəlkə də o, məhz birinci azərbaycançı olub. Və istəmirəm uzaq keçmişdə qalaq, istəyirəm H.Əliyevi Azərbaycan xalqına  bəxş etmiş XX əsrə qayıdaq. Onun qeyri-adi zəkasının, parlaq şəxsiyyətinin formalaşdığı XX əsrin otuzuncu illərində S.Vurğun özünün proqram əsərini yazdı:

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma vətənimsən,

Ayrılarmı könül candan?!

Azərbaycan, Azərbaycan.

Bu şeir yazılanda H.Əliyevin 12 yaşı var idi, orta məktəbdə oxuyurdu. Və bu şeir bizim hamımızın canına, qanına ana südü kimi hopub, azərbaycançılıq təməli bağlayıb. Təxminən 20 il sonra 1954-cü ildə Cənubda M.Şəhriyarın “Heydərbabaya salam” poeması çap olundu. İllər keçəcək və ömrünün ixtiyar çağlarında H.Əliyev deyəcək ki, mənim ən çox sevdiyim şair Məhəmmədhüseyn Şəhriyardır. Bu sadə bir deyim deyil, böyük mütəfəkkirin etirafı idi. Bu qeydləri edərkən H.Əiyevin hakimiyyətə gəldiyi və bizim tələbə olduğumuz 1970-ci illərdə T.Bayramın dillər əzbəri olan “Azərbaycan deyəndə” adlı pafoslu şeiri yadıma düşdü:

…Bu kobud əllərimlə

Sərhəd məftillərində

Bir muğamat çalaram

Azərbaycan deyəndə.

Rəhmətlik T.Bayram rəsmi tədbirlərdə şeiri söyləyərkən “muğamat” sözünü “beynəlmiləl” sözü ilə əvəz edirdi… Azərbaycan ədəbiyyatı azərbaycançılıq yuvasıdır, hansı yazıçını tərpətsən oradan bir istiqlal qaranquşu pərvazlanacaq: R.Rzanın, B.Vahabzadənin, Ə.Kərimin, F.Qocanın, Ə.Salahzadənin, S.Rüstəmxanlının, R.Rövşənin… şeirlərindən! Böyük tədqiqatların obyekti olan bu mövzunu M.Arazın misraları ilə bitirmək istəyirəm:

Bir qayaya söykənmişəm,

deyirəm kaş,

Bax beləcə daşa dönəm

yavaş-yavaş.

Onda vətən sanar məni

bir balaca vətən daşı,

Vətən daşı olmayandan

olmaz ölkə vətəndaşı.

…Azərbaycan – mayası nur

Qayəsi nur ki…

Hər daşından alov dilli ox ola bilər.

“Azərbaycan!” deyiləndə ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər.

Azərbaycançılıq – Azərbaycanı yüksəltmək, dünyada tanıtmaq və onun əbədiliyini qorumaqdır ki, H.Əliyev bütün ömrünü bu müqəddəs və ali məqsədə həsr etmişdir. Bu yolda o bədii ədəbiyyatımızın böyük imkanlarına əzmlə güvənirdi: “Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim hissiyyatları oyatmağa çalışmışlar, milli özü nüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyat dan gəlir”. Beləliklə də, H.Əliyevin azərbaycançılıq konsepsiyası çoxəsr lik Azərbaycan ədəbiyyatının bədii-fəlsəfi əsasları zəminində bərqərar olurdu.

Mənbə:

Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, “Şərq-Qərb””, 2009, 248 səh.

 

 

baxılıb: 1690 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR