“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
21 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Heydər Əliyev və azərbaycançılıq

Milli həmrəylik məfkurəsi

A+ | A-

Azərbaycanlıların təşkilatlanması məsələsi ilk növbədə ideoloji və tarixi əhəmiyyət daşıyır...

Heydər Əliyev fenomeni hər bir soydaşımız üçün fəxr və iftixar simvoluna çevrilib

Bu gün müstəqil dövlətimiz dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün öz üzərinə düşən tarixi missiyanı böyük məsuliyyətlə yerinə yetirir. Xarici ölkələrdə yaşayan həmvətənlərimizlə, soydaşlarımızla münasibət qurmaq dövlətimizin xarici siyasətində ən mühüm istiqamətlərdən biridir. Həmvətənlərlə münasibətdə dövlət siyasətinin məqsədi onların milli özünəməxsusluğunu sərbəst müdafiə etmək, qorumaq və inkişaf etdirmək, bir-biri ilə və Azərbaycanla əlaqələrini genişləndirmək və digər hüquqlarını müdafiə etməkdən ibarətdir. Fəxrlə deyə bilərik ki, Azərbaycan dövləti dünya azərbaycanlılarının qəlbinə əbədi həkk olunmuş ümummilli lider Heydər Əliyev ənənələrini uğurla yerinə yetirməkdədir.

Ümummilli lider Heydər Əliyev vətən və millətlə bağlı tövsiyələrinə ilk növbədə özü əməl edən şəxsiyyət idi. O, Azərbaycan və azərbaycançılığı tanıtmağı məsləhət görürdüsə, hamıdan əvvəl özü bu istiqamətdə iş aparırdı. Onun fəaliyyətinin hər bir anı məhz Azərbaycan və azərbaycançılığı tanıtmağa, azərbaycanlıların milli qürur hisslərinin güclənməsinə yönəlmişdi. Ensiklopedik biliyə, güclü iradəyə və milli ruha, dərin fəlsəfi düşüncə tərzinə və möhkəm yaddaşa malik olan bu böyük insanın bütün fəaliyyəti doğma xalqına sədaqətlə xidmətin parlaq nümunəsidir. Azərbaycan müstəqillik qazandıqdan sonra dünya azərbaycanlılarının vahid bir ideya ətrafında birləşdirilməsi məsələsi ən aktual vəzifələrdən biri kimi qarşıda dururdu.

Bunun, əlbəttə ki, kifayət qədər ciddi səbəbləri mövcud idi. Birincisi, dünya azərbaycanlılarının təşkilatlanması müstəqil Azərbaycan dövlətinin sosial və siyasi əsaslarının möhkəmləndirilməsi baxımından vacib idi. İkincisi, bu müxtəlif yerlərdə məskunlaşmış həmvətənlərimizin Azərbaycan dövlətinin qurulmasında və inkişafında iştirakına imkan yaradan amil kimi qiymətləndirilirdi. Üçüncüsü isə, Azərbaycanda yaşamayan azərbaycanlıların vahid bir güc mərkəzi kimi özünütəsdiqinə və dünyada cərəyan edən ictimai-siyasi proseslərə təsir imkanlarının artırılmasına əsas yaradırdı. Bütün bunlara baxmayaraq, müstəqilliyin ilk illərində dünya azərbaycanlılarının təşkilatlanması istiqamətində, demək olar ki, heç bir iş görülmədi. Səbəb olduqca sadə idi- Azərbaycan dövlətinin özünün vəziyyəti və onu idarə edənlərin naşı siyasəti, təfəkkürü belə bir ideyanı həyata keçirmək səviyyəsində deyildi. Azərbaycanlıların təşkilatlanması məsələsi ilk növbədə ideoloji və tarixi əhəmiyyət daşıyan bir problem idi. Buna nail olmaq üçün Azərbaycan dövlətinin ideya-siyasi təməlini yaratmaq, onun iqtisadi qüdrətinə və siyasi nüfuzuna güclü inam formalaşdırmaq tələb olunurdu. Ümummilli lider Heydər Əliyev bu ideyanın həyata keçirilməsi prosesinə məhz həmin amilləri nəzərə almaqla başladı. 1993-cü ildən bu istiqamətdə pərakəndəliyə son qoymaq məqsədilə qətiyyətli addımlar atan ulu öndər bir sıra ciddi tədbirlər həyata keçirməyə başlamışdır. Ümummilli lider Heydər Əliyev çoxsaylı xarici səfərlər zamanı irili-xırdalı Azərbaycan icmaları ilə görüşlər keçirmiş, onların problemləri, qayğıları ilə maraqlanmış, tövsiyələrini vermiş, xarici ölkələrdəki səfirliklərimizi birbaşa bu işə cəlb etmiş, həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında real iştiraka dəvət etmişdir. Bu görüşlər dünya azərbaycanlılarının milli-mənəvi həmrəyliyi məsələsində son dərəcə ciddi önəm kəsb etmişdir. Ümummilli lider xaricdə diasporumuzun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətimizin əsas istiqamətlərini və perspektivlərini bəyan etmişdir.

Nəticədə Heydər Əliyev dünya azərbaycanlılarının milli birlik və həmrəylik nümayiş etdirməsi, xaricdə Azərbaycan diasporunun təşəkkül taparaq formalaşması problemini dövlət səviyyəsinə qaldırdı. Təsadüfi deyil ki, 1991-ci ildən başlayaraq ilk dəfə məhz ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə əvvəl Naxçıvanda, sonra isə bütün Azərbaycan miqyasında hər il 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi xüsusi qeyd edilir. Bu baxımdan, "31 dekabr"ın xüsusi yükü və böyük qayəsi həm də ondan ibarətdir ki, bu əlamətdar gün Azərbaycanın dirçəlişi və inkişafı yolunda əvəzsiz xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü, yenilməz iradəsi sayəsində təsis edilmiş, ümumxalq, ümummilli bayrama çevrilmişdir. "Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icmaları arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək, indi müstəqil Azərbaycan ilə daha sıx əlaqələr qursunlar. Bunlar hamısı dünyada olan bütün azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir"- bu sözlərin müəllifi olan Heydər Əliyevi Azərbaycan xalqının, bütövlükdə dünyanın ən böyük şəxsiyyətlərindən biri adlandıranlar tam haqlıdırlar.

Bütün bunlarla yanaşı, ümummilli liderin 18 dekabr 1997-ci il tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında", 25 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında", 21 aprel 1998-ci il tarixli "Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi haqqında" fərmanları, "Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında" adlı 29 dekabr 2000-ci il tarixli xalqa müraciəti dünya azərbaycanlılarının mənəvi-ideolji birliyinin əsas istiqamətlərini müəyyən edən konseptual sənədlər hesab oluna bilər. Ən əsası isə ümummilli lider Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin ətraflı müzakirə edilməsini nəzərə alaraq 2001-ci ilin may ayının 23-də xüsusi sərəncam imzalamışdır.

Məhz bu sərəncama əsasən 2001-ci ilin noyabr ayının 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsinə nail olundu. Dünya Azərbaycanlılarının I qurultayı Azərbaycan xalqının həyatında, milli və mənəvi birliyinin təşəkkülündə tarixi bir hadisə oldu. Dünyanın onlarla ölkəsində yaşayan azərbaycanlıları bir araya gətirən qurultay, şübhəsiz ki, xaricdə yaşayan on milyonlarla soydaşımızın milli təşəkkülünün, özünüdərk hissinin formalaşması, onların müstəqil Azərbaycan dövləti ətrafında təşkilatlanması, mənəvi, siyasi birliyinin təmin edilməsi işində yeni bir mərhələ açdı. Həmçinin, Dünya Azərbaycanlılarının I qurultayı dünyaya səpələnmiş soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşməsinə, əvvəllər zəif olan diasporların möhkəmlənməsinə, onların fəaliyyətinin canlanmasına, müxtəlif milli və mədəni təşkilatlar arasında əlaqələrin qurulmasına təkan vermişdir. I qurultay dünya azərbaycanlılarının qarşısında milli dəyərləri qoruyub saxlamaq, Azərbaycan dilini, adət-ənənələrini, milli mədəniyyətini və incəsənətini təbliğ etmək və gələcək nəslə çatdırmaq kimi vəzifələr qoymuşdu. Ümummilli lider Heydər Əliyev qurultaydakı tarixi çıxışında dünya azərbaycanlılarına üz tutmuş, onlara birləşməyin yolunu göstərmişdir: "Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mədəniyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".

Eyni zamanda, Dünya Azərbaycanlılarının həmrəyliyini daha da gücləndirmək və birliyini möhkəmləndirmək məqsədilə hazırda həm dövlət səviyyəsində, həm də ictimai və elmi təşkilatlar səviyyəsində xeyli iş görülmüş və görülməkdədir. Bu məqsədlə son illərdə respublikamızda keçirilən əməli tədbirlərin sayəsində xarici ölkələrdə yaşayan soydaşlarımızın xalqımızın, millətimizin ümumi mənafeyi naminə təmasları xeyli intensivləşmişdir. Nəticədə son iki ildə bir çox xarici ölkələrdə Azərbaycan cəmiyyətləri birləşmiş, federasiyalar yaradılmışdır. Belə birliklərdən Almaniyadakı Azərbaycan Cəmiyyətləri Federasiyasını, Ukrayna Azərbaycan Konqresini, Ümumrusiya Azərbaycan Konqresini, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti kimi qurumları qeyd etmək olar. Bu mütərəqqi tendensiya digər ölkələrdə də yayılmaqdadır. Eyni zamanda, hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmvətənlərimizə və bütün soydaşlarımıza ünvanladığı müraciətdə bu yöndə işlərin indən belə daha da gücləndiriləcəyinə, yeni vüsət alacağına işarə vurulur, eyni zamanda, əsas diqqət istifadə olunmamış potensialdan maksimum yararlanmağa yönəldilir: "Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Yaşadıqları ölkələrin ictimai-siyasi həyatına onların təsiri getdikcə daha artıq hiss olunur. Məmnunluq hissi ilə qeyd edirəm ki, Müstəqil Dövlətlər Birliyi ölkələrində, Avropada, Amerikada Azərbaycan icmaları və cəmiyyətləri əvvəlki dövrlərlə müqayisədə xeyli səmərəli fəaliyyət göstərirlər. Lakin o da xüsusi vurğulanmalıdır ki, onların geniş imkanları, istifadə olunmamış potensialı vardır və bu potensialdan milli maraqlar naminə maksimum yararlanmaq lazımdır".

Bu gün Prezident İlham Əliyev hamını səfərbər etməyə çalışır ki, azərbaycanlılar məhz bir ideya ətrafında birləşsin. Bütün bunlar dövlət başçımızın ümummilli lider Heydər Əliyev ənənələrinə sadiqliyini nümayiş etdirir.

Y.Əliyeva

“Səs”.-2008.-27 dekabr.-N.238.-S.3

baxılıb: 1217 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR