“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
21 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Dövlət xadimləri, hərbi və siyasi xadimlər

Nəsib bəy Yusifbəyli (1881-1920)

A+ | A-

Azərbaycan Xalq Cümhuriyyəti hökumətində baş nazir, maarif və dini etiqad naziri

Nəsib bəy Yusif oğlu Yusifbəyli ( Usubbəyov) 1881-ci ildə Gəncədə doğulmuşdur. Siyasi və dövlət xadimi, publisist. Orta təhsilini Gəncə gimnaziyasında almış, 1902-ci ildə Novorossiysk (Odessa) universitetinin hüquq fakültəsinə daxil olmuş, ancaq bitirməmişdir.

1905-07-ci illərdə Rusiyada baş verən inqilabi əhval-ruhiyyə ilə bağlı bu universitet müvəqqəti bağlanmışdı. 1907-ci ildə N. Yusifbəyli Krıma köçüb, "Tərcüman" qəzeti ilə əməkdaşlıq edir. Özü baş rolda oynamaqla Azərbaycan dramaturqlarının əsərlərini burada səhnəyə qoyur. 1908-ci ildə İstanbula köçərək publisistik fəaliyyətlə məşğul olmaqla bərabər "Türk dərnəyi" cəmiyyətinin təşkili ilə məşğul olur.

1911-ci ildə N. Yusifbəyli Gəncəyə qayıdaraq "Molla Nəsrəddin" jurnalı və "Tərcüman" qəzetlərinə məqalələr göndərir, "Müsəlman xeyriyyə cəmiyyəti", "Müsəlmanların maariflənməsi cəmiyyəti", "Aktyorlar cəmiyyəti"nin  fəaliyyətlərində iştirak edir.

1917-ci ildə N. Y. Yusifbəyli öz həmfikirlərilə Gəncədə "Milli federalistlərin Türk partiyasını" yaradır. Partiyanın əsas tələbi Rusiyanın milli ərazi muxtariyyətlər əsasında təşkili idi. 1917-ci ilin iyulunda bu partiya M. Ə. Rəsulzadənin başçılığı ilə "Müsəlman demokratik müsavat partiyası" ilə birləşərək "Müsavat" adlandırılmağa başladı və öz proqramlarında millətçi-federalistlərin əsas tələbi - Rusiyanın federative qurulması saxlanıldı. M. Ə. Rəsulzadə partiyanın mərkəzi komitəsinin sədri seçildi. Gəncədə partiyanın rəhbəri N. Yusifbəyli oldu. 1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başladılar.

Nəsib bəy Yusifbəyli1918-ci ilin mart-mayında  Zaqafqaziya seyminin üzvü, Zaqafqaziya federativ hökumətində  maarif naziri olub.

28 may 1918-ci ildə elan edilən Azərbaycan Xalq Cümhuriyyəti hökumətində əvvəlcə maarif və dini etiqad naziri (1-3-cü hökumətlər - 1919-cu ilin mart ayınadək), 1919-cu ilin martından 1920-ci ilin aprelinədək isə (4-cü və 5-ci hökumət kabinetləri) baş nazir postlarını tutub.

1920-ci ilin 28 aprelində bolşevik Rusiyası tərəfindən Azərbaycan işğal edildikdən və sovet hakimiyyəti elan olunduqdan sonra Nəsib bəy Yusif oğlu Yusifbəyli Tiflisə getmək istəyir. 1920-ci il mayın 31-də Yevlax ərazisində yolda quldurlar tərəfindən öldürülüb. 

 

baxılıb: 1032 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR