“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
19 Oktyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Alimlər, pedaqoqlar

Zahid Xəlilov (1911-1974)

A+ | A-

Riyaziyyatçı, akademik, Azərbaycan EA-nın prezidenti

Riyaziyyat sahəsində tanınmış alim, Əməkdar Elm Xadimi, akademik Zahid İsmayıl oğlu Xəlilov 1911-ci il yanvarın 14-də Tiflisdə anadan olmuşdur. Burada orta məktəbi və pedaqoji texnikumu bitirdikdən sonra 1929-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat bölməsinə daxil olmuşdur.

1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmiş və 1940-cı ilə qədər Tbilisi Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda dosent vəzifəsində işləmişdir.

Z.Xəlilov elmi fəaliyyətə 1937-ci ildə Tbilisidə Stefan Berqmanın rəhbərliyi altında aspirant kimi başlamış, sonralar keçmiş SSRİ Elmlər Akademiyasının (EA) akademiki N.Musxelişvilinin rəhbərliyi altında elastiklik nəzəriyyəsi ilə məşğul olmuşdur. Onun bu sahədə aldığı nəticələr 1940-cı ildə Tbilisi Universitetində “Klebs məsələsi və onun ümumiləşməsi” mövzusunda müvəffəqiyyətlə müdafiə etdiyi dissertasiyasının əsasını təşkil etmişdir.

Elə həmin il Z.Xəlilov Azərbaycan Dövlət Universitetinə işləməyə dəvət olunur və bu təhsil ocağında dosenti vəzifəsində işləməyə başlayır. Görkəmli alim 1942-ci ildə SSRİ EA-nın Azərbaycan filialının fizika sektorunda yeganə riyaziyyatçı olaraq elmi fəaliyyətə başlamışdır.

O, poliharmonik tənliklər sistemi üçün sərhəd məsələsini həll etmiş və alınmış nəticələri söykənmiş elastik lövhənin əyilməsinin öyrənilməsinə tətbiq etmişdir. Bu nəticələr onun 1946-cı ildə Tbilisidə “Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqi” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyasının əsasını təşkil etmişdir.

Z.Xəlilov doktorluq elmi dərəcəsi almış ilk azərbaycanlı riyaziyyatçı idi. Konkret tətbiqi əhəmiyyəti olan məsələlərin həlli üçün yeni metodlar yaratması və onları uğurla bu məsələlərin həllinə tətbiq etməsi istedadlı alimin yaradıcılığının xarakterik cəhətlərindən idi. Milli riyaziyyat məktəbimizin banilərindən biri olan Zahid Xəlilovun riyaziyyat elminə gətirdiyi elmi istiqamətlər və ideyalar bu elm sahəsini zənginləşdirmiş, neçə-neçə alimlərin yetişməsinə təkan vermişdir. Görkəmli alim Azərbaycan riyaziyyat elminə və onun inkişafına layiqli töhfələr vermiş, fəaliyyəti dünya alimləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Gərgin elmi işlə yanaşı, Z.Xəlilov 30 ildən artıq ADU-da pedaqoji fəaliyyətlə məşğul olmuş, yüksək ixtisaslı elmi kadrların hazırlanmasına böyük əmək sərf etmiş, 30-dan artıq elmlər namizədi və elmlər doktoru hazırlamışdır.

Z.Xəlilovun elmin təşkilində də böyük əməyi olmuşdur. O, 1947-ci ildə Azərbaycan EA Riyaziyyat Bölməsinin rəhbəri, 1950–ci ildə özünün yaratdığı Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifələrində çalışmışdır. Dünya şöhrətli alim 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

1957-1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, 1962-1967-ci illərdə isə prezidenti olmuşdur.

Z.Xəlilov 1967-ci ildən ömrünün sonuna qədər Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik etmişdir.

1950-ci illərin əvvəllərindən Z.Xəlilovun elmi əsərləri Moskva, Leninqrad, Kiyev, Tbilisi və digər elmi mərkəzlərdə çap olunmağa başlamışdır. O, Azərbaycanda funksional analiz məktəbinin banisi olmuş, SSRİ-də bu elmi sahəsi üzrə görkəmli alim kimi tanınmışdır. Funksional analizə dair rus dilində ilk monoqrafiyanın - “Funksional analizin əsasları” (1949-cu il) müəllifi Z.Xəlilov olmuşdur.

Akademik Z.Xəlilov həm də Azərbaycan dilində ilk riyaziyyat lüğətinin tərtibçisidir. İstedadlı və yorulmaz alimin əsas tədqiqatları funksional analiz, onun inteqral və diferensial tənliklərə tətbiqi, bütöv mühit mexanikası, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi, tətbiqi riyaziyyat və riyaziyyatın başqa sahələrinə aiddir.

Fitri istedada malik Z.Xəlilov dünya riyaziyyatında ilk dəfə olaraq qiymətləri Banax fəzasından olan funksiyalar sinfində diferensial tənlikləri tədqiq etmişdir. Riyaziyyatda Banax cəbrində sinqulyar tənliklərin həlli üçün ümumi bir metod “Zahid İsmayıl oğlu Xəlilov nəzəriyyəsi” adı ilə tanınır.

Elmi fəaliyyəti, vətəndaş mövqeyi Vətənə xidmətin ən parlaq nümunəsi olan dünya şöhrətli alim 1974-cü il fevralın 4-də 63 yaşında vəfat etmişdir.

Geniş dünyagörüşü, yüksək şəxsi keyfiyyətləri, dərin intellekti və kristal təmizliyi sayəsində ölkəmizdə və onun hüdudlarından kənarda özünə böyük hörmət qazanmış Zahid İsmayıl oğlu Xəlilovun xatirəsi Azərbaycan elm tarixində və onu tanıyanların qəlbində əbədi yaşayacaq.

 

baxılıb: 1129 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR