“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
29 Fevral 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

Sivilizasiyalararası dialoq

Dinlərin və sivilizasiyaların dialoqu

A+ | A-

Ən önəmli məsələ "sivilizasiyalararası" dedikdə hansı sivilizasiyaların nəzərdə tutulması məsələsidir...

⇔ ⇔ ⇔

Üçüncü minilliyə keçid dövründə bəşəriyyətin sanki bir hesabat vermək məsuliyyəti yaranmış, ümumbəşəri özünüdərk problemləri aktuallaşmışdır. XXI əsr sivilizasiyalararası dialoq ideyası ilə başlanmışdır. Son illər ərzində müxtəlif ölkələrdə dəfələrlə bu mövzuda müzakirələr aparılmış, beynəlxalq konfranslar, simpoziumlar keçirilmişdir.

Bu məsələ BMT, UNESCO, digər beynəlxalq təşkilatlar və bir çox dövlət başçıları tərəfindən də dəfələrlə gündəmə gətirilmiş, qlobal problemlərin bütün dünya xalqlarının birgə səyləri ilə həll edilməsi zərurəti vurğulanmış, sülh və əmin-amanlıq, mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsi üçün belə bir dialoqun qaçılmaz olduğu göstərilmişdir.

Lakin ən önəmli məsələ "sivilizasiyalararası" dedikdə hansı sivilizasiyaların nəzərdə tutulması məsələsidir. Bir çox hallarda söhbət Şərq və Qərb, digər hallarda İslam və Xristian sivilizasiyalarından gedir.

Biz sivilizasiyanın dini əlamətə görə bölünməsinin əleyhinəyik. Şərq və Qərb sivilizasiyalarından danışılması bizə daha məntiqli görünür. Amma bu bölgünün özü də nisbidir. Belə ki, əslində vahid ümumbəşəri bir sivilizasiya vardır ki, bütün xalqlar və bölgələr bu prosesdə müəyyən dərəcədə iştirak etmişlər və onların hamısının bu sivilizasiyadan bəhrələnməyə haqqı var. Bununla belə, bəşəriyyətin inkişafı bütöv və ardıcıl proses olmayıb, müəyyən diskret inkişaf aktlarına ayrıldığına görə, söhbət çox vaxt müxtəlif coğrafi-siyasi bölgələrdə və konkret bir dövrdə formalaşmış olan proseslərdən, yəni lokal sivilizasiyalardan gedir.

Məsələn, sivilizasiya tarixi sahəsində müntəzəm surətdə tədqiqatlar aparmış A.C.Toynbi bəşər tarixini sivilizasiyaların əvəzlənməsi kimi nəzərdən keçirir və bu zaman ayrı-ayrı dövrlərdən, imperiyalardan, coğrafi, dini və hətta etnik-milli bölgülərdən istifadə edir. Yəni əslində nisbi daxili tamlığa malik böyük ictimai birliklərin yaranması, inkişafı və süqutundan bəhs olunur. Ümumbəşəri tərəqqi bax beləcə, lokal inkişaf proseslərinin dinamik məcmuyu, sintezi kimi götürülür. Lakin bu lokal proseslər necə toplana bilər və onlar vahid ümumbəşəri inkişafın ünsürləri kimi nə dərəcədə bir-birlərini tamamlaya bilərlər?

Lokal sivilizasiyaların toplanması məsələsi çox ciddi elmi-fəlsəfi problemdir. Hələlik bu sahədə tədqiqatlar demək olar ki, aparılmır. Əvəzində ayrı-ayrı lokal sivilizasiyalar qarşılaşdırılır və onların ümumi cəhətlərindən daha çox, fərqli cəhətləri önə çəkildiyinə görə, "sivilizasiyaların toqquşması" ideyası ortaya atılır.

Bu ifadə müasir ictimai fikirdə ən çox S.Hantinqtonun "Sivilizasiyaların toqquşması" kitabından sonra aktuallaşmışdır. Amma ilk dəfə bu məsələyə müraciət edən A.C.Toynbi olmuşdur. Onun eyniadlı əsərində müxtəlif tarixi dövrlərdə lokal sivilizasiyaların əlaqəsindən, qarşılıqlı təsirindən və toqquşmalarından bəhs olunur. O, məsələn, xristianlığın yaranmasında və formalaşmasında mühüm rolu olan yunan-roma və siryani sivilizasiyalarının toqquşmasından bəhs edir. Hətta "xristianlığı bu iki mədəniyyətin izdivacından" yaranmış hesab edir. Burada din sivilizasiyanın məhsulu kimi təqdim olunur.

S.Hantinqton isə sivilizasiyaları dinlərlə bağladığından, sivilizasiyalararası toqquşmanı dinlər arasındakı münasibətlə izah etməyə çalışır. O, ən çox islam və xristianlıq arasındakı fərqləri önə çəkir. Xüsusən, müsəlmanların daha sürətlə artmasını rəhbər tutaraq, bir növ islam təhlükəsindən bəhs edir. Hantinqton, digər tərəfdən, milli kimlik, milli-etnik özünüdərk məsələlərini də sivilizasiya kontekstində təqdim edir.

Müasir dövrdə proseslər vahid sivilizasiyanın formalaşması istiqamətində gedir. Ən azı, qloballaşma buna xidmət edir. Lakin bu vahid sivilizasiyanın "Qərb sivilizasiyası" anlayışı ilə bilərəkdən və ya bilməyərəkdən qarışdırılması halları üstünlük təşkil edir. Halbuki, müasir sivilizasiyanın strukturunda bütün əvvəlki lokal sivilizasiyaların nailiyyətləri təmsil olunur və Şərqin rolu heç vaxt unudulmamalıdır.

Belə bir fikir üstünlük təşkil edir ki, Avropa Renessansında Şərq əsasən vasitəçi rol oynamış, antik mədəniyyətin və qədim yunan fəlsəfəsinin avropalılar tərəfindən yenidən mənimsənilməsində iştirakçı olmuşdur. Bundan sonra Qərb məhz yeni, fərqli bir istiqamət olaraq formalaşmışdır.

Lakin bununla belə, son əsr ərzində Şərqdə milli dövlətlərin yaranması, milli-fəlsəfi fikrin oyanışı yeni bir sintez perspektivindən xəbər verir. Bu yeni fəlsəfi fikir daha artıq orta əsrlər İslam fəlsəfəsinin sadəcə davamı ola bilməz, çünki Şərqin tənəzzül dövründə Avropa ümumbəşəri fəlsəfi fikrin inkişafı sahəsində misilsiz nailiyyətlər əldə etmiş və fəlsəfəni yeni intellektual səviyyəyə qaldırmışdır. Bütün digər sahələr də bu elmi-fəlsəfi dünyagörüşün səviyyəsinə uyğun surətdə inkişaf etmişdir.

Belə olan halda yenidən velosiped icad etməkdənsə, bir tərəfdən, Qərb fəlsəfəsini mənimsəmək, digər tərəfdən də Şərq fəlsəfi düşüncəsinin ana xəttini bərpa etmək yolu ilə yeni dövrün tələblərinə cavab verən sintetik fəlsəfi sistem yaradılmalıdır. Bu sistem millilik və ümumbəşəriliyi ehtiva etməli, ənənəvi mənəviyyatın müasir intellektual texnologiya ilə uzlaşması üçün yeni optimal ideya mühiti yaradılmalıdır. Bu ictimai-tarixi vəzifə indi həm də ona görə aktuallaşıb ki, Qərbin daxili mənəvi potensialı tükənmək üzrədir və bəşəriyyət yeni ideya səviyyəsinə qalxmasa, böyük böhranla üzləşə bilər.

Son əsrdə Avropa ideoloqlarının dəfələrlə Qərbin mədəni-mənəvi süqutundan bəhs etmələri heç də təsadüfi olmayıb, Qərb həyat tərzinin ümumbəşəri fəlsəfi düşüncə ənənəsindən fərqli istiqamətdə davam etməsinə, fəlsəfənin getdikcə daha çox dərəcədə praqmatik və utilitar düşüncə metodologiyası ilə əvəzlənməsinə, onun yerinə təbiət elmlərindən törəmə olan pozitiv intellektual-məntiqi sistemlərin, elm çərçivəsinə salınmış psevdofəlsəfi təlimlərin gəlməsinə və bundan doğan mənəvi boşluğa reaksiyadır.

Qərb intellekt qanadlarında çox uzaqlara uçmuş, həyatın təməl prinsiplərindən, fəlsəfi bazisdən ayrı düşmüşdür. Həm də artıq elə uzaqlara getmişdir ki, geri qayıtmaq bir o qədər də asan məsələ deyil. "Qayıdış zamanı geridə olan qabağa düşür" hikmətini yada salsaq, sıra Şərqindir. Təməl prinsipləri, həyati enerjinin ruhi-mənəvi qaynaqlarını harada, hansı yol ayrıcında itirmişdiksə, yenidən həmin nöqtədən başlayaraq axtarsaq və bu zaman üstəlik yeni dövrün intellektual imkanlarından da istifadə edə bilsək, ola bilsin ki, fəlsəfi fikrə və ümumbəşəri tərəqqinin inkişafına yeni nəfəs gətirə bilərik.

İslam dünyasında ilk dəfə milli-demokratik dövlət qurmuş Azərbaycanda yeni fəlsəfi ideya, yeni düşüncə və həyat tərzi məsələsi yeni ideologiya axtarışları ilə əlaqəli olsa da, müəyyən nisbi müstəqilliyə və məxsusi ənənəyə malikdir. Özümüzə qayıtmaq və öz milli fikir potensialımız zəminində müasir fəlsəfi sistemlər qurmaq və milli ideologiyanı da bu yeni, həm də qədim milli fəlsəfi fikrin ruhuna uyğun kökləmək yönündə axtarışlar gedir.

Bu axtarışların təməlində Zərdüşt, Dədə Qorqud, Bəhmənyar, Şeyx əl-İşraq, Şəbüstəri durur. Biz milli-mənəvi köklərimizə, milli-fəlsəfi fikir tariximizə Qərb fəlsəfəsi prizmasından baxmaq məcburiyyətində qalsaq da, müəyyən məqamlarda öz böyük sələflərimizlə birbaşa ruhani təmas qurmağa, qəlbimizin dərinliyində onları heç bir vasitəçi olmadan duymağa, zaman uçurumunun yaratdığı ögeylik sindromunu aradan götürməyə qadir olduğumuzu sübut etməliyik.

Hər şeydən əvvəl, qeyd edək ki, biz "Şərq" və "Qərb" anlayışlarını heç də coğrafi terminlər kimi işlətmirik. Baxmayaraq ki, bu anlayışlar əvvəlcə ölkələrin məhz coğrafi yerləşməsinə uyğun olaraq işlədilmişdir, lakin sonralar onların simvolik mənaları formalaşmışdır.

Belə ki, əvvəla, Şərq - ənənəviliyin, Qərb isə müasirliyin simvolu kimi başa düşülür. Bu baxımdan, Şərqdə və Qərbdə elmin, mədəniyyətin, təhsilin xüsusiyyətləri də məkandan daha çox zaman göstəriciləri ilə səciyyələnir. Bu mənada Şərqlə Qərb arasında münasibət həm də insanın öz genetik kodu ilə çağdaş mühitdən gələn dəyərlər arasındakı münasibətdir.

İkincisi, Şərq və Qərb bölgüsü mədəni-mənəvi bölgü kimi, habelə sivilizasiyaların tipi və düşüncə tərzləri arasındakı fərqə görə getdiyindən biz bu anlayışlardan məhz həmin mənada istifadə edəcəyik.

Üçüncüsü və ən başlıcası, Şərq və Qərbi fərqləndirən ən mühüm amil münasibətlərin şəxsi, yoxsa ictimai miqyasda qurulmasıdır. Belə ki, Şərq düşüncəsində məqsəd insanın kamilləşməsi, Qərb düşüncəsində isə - cəmiyyətin təkmilləşdirilməsidir.

Bəli, Şərq və Qərb coğrafi bölgüdən daha çox, zaman bölgüsüdür. Qədimlik və ənənəvilik müasirliklə, modernləşdirmə ilə qarşılaşır. Şərq dedikdə, insana əzəldən xas olan, onun mahiyyətini ifadə edən mənəvi-əxlaqi keyfiyyətlər, Qərb dedikdə, insanın yeni dövrdə əldə etmiş olduğu intellektual və texnoloji uğurlar yada düşür. Bu cür başa düşüldükdə, Yeni Dövrə qədər hər hansı bir Qərb sivilizasiyasından danışmaq mümkün deyil. Roma imperiyasının süqutundan Renessans dövrünə qədər Avropa da Şərq sivilizasiyasının bir hissəsi idi. Həm də ucqar hissəsi, əyalət idi.

Dünyada baş verən əsas proseslər, sivilizasiyanın ağırlıq mərkəzi, geopolitik situasiyanı müəyyən edən böyük hadisələr məhz Şərqdə baş verirdi. Avropa ölkələri ancaq bu böyük mədəniyyət mərkəzləri ilə bağlı olmaq dərəcəsinə görə sivilizasiyaya qatıla bilirdi. Təsadüfi deyildir ki, Orta əsrlərdə müsəlman dünyasının təsir dairəsində olan İspaniya elmi-fəlsəfi fikrin inkişafında oynadığı rola görə bütün digər Avropa ölkələrindən öndə gedirdi. Vatikan isə sivilizasiyanın, tərəqqinin yox, sxolastikanın və inkvizisiyanın ideya mərkəzi idi.

Varlığın iki böyük əsasının, maddi və mənəvi, hissi-empirik və hissi-estetik başlanğıcının bu və ya digər dövrdəki prioritetliyi bəşər sivilizasiyasının müxtəlif zaman kəsiklərində formalaşan müxtəlif keyfiyyətli, xarakterli qatlarının fərqləndirilməsi də coğrafi bölgüyə əsaslanmır. Sadəcə olaraq müasir Avropa "Qərb sivilizasiyası"nın daşıyıcısına çevrildikdən sonra onun keçmiş zamana ekstrapolyasiyası subyektiv mülahizələrlə həyata keçirilir ki, bu da avropasentrizmin daha bir təzahürüdür. Onların əsas arqumenti, əlbəttə, antik sivilizasiyadır. Lakin obyektiv təhlil göstərir ki, antik dövrdə yaradılan dəyərlər sistemi müasir Şərq və Qərb bölgüsü baxımından heç bir tərəfə uyğun gəlmir və daha çox dərəcədə sinkretik hadisədir.

Şərq təfəkküründə ona görə hissi-estetik və metaforik məqam ön plana çıxır ki, insan-dünya münasibətlərində bütövlüyün qorunub-saxlanması üçün onlar hissi-empirik və rasional məqamlara nisbətən daha əlverişlidir. Bizim Qərb düşüncəsi kimi səciyyələndirdiyimiz hissi-empirik metod hadisələrin hissələrə ayrılmasını, parçalanmasını tələb edir.

Marksizmin terminologiyası ilə desək, əslində bu, metafizik metoddur. Və Qərbin bütün sonrakı uğurlarının təməlində dünyanın məhz hissə-hissə, konkret hissi təcrübə aktları sayəsində öyrənilməsi və bu hissələrin sintezindən onun yeni, bütöv mənzərəsinin hasil olması dayanır. Bu, əslində dünyanın elmi təhlilidir. Təsadüfi deyil ki, bir çox tədqiqatçıların fikrinə görə, "Elm - Qərbin yeni dinidir". Daha doğrusu, Qərbin təməlində din yox, elm dayanır.

Lakin Şərq dünyanın bədii-estetik mənzərəsindən çıxış edir. Hissədən yox, bütövdən başlayır. Sonlu olanlar sonsuzluğun, əbədiyyətin bir anı, məqamı kimi götürülür. Hegelin haqlı olaraq müşahidə etdiyi kimi, "Şərqdə bölünməz, möhkəm, vahid, substansional olanlar üstünlük təşkil edir... Qərb isə, xüsusən yeni dövrdə, sonsuzluğun müntəzəm bölünməsindən və parçalanmasından çıxış edir".

Qərb düşüncə tərzinə görə, bütöv - hissələrin cəmidir. Əvvəlcə hissələr dərk edilməli, sonra onlardan bütöv konstruksiya alınmalıdır. Bunun üçün isə empirik və rasional idrakın vəhdəti tələb olunur.

Rasional idrak Şərq üçün də səciyyəvidir. Lakin Şərqdə rasional, yəni, əqli fəaliyyət birbaşa bütövün dərkinə yönəldilir. Düşüncənin obyekti nə az, nə çox, bütövlükdə kainat, ali məqsəd, əbədiyyət və nəhayət, Allahın özüdür.

Allah ideyasının birbaşa mənimsənilməsi Qərb düşüncəsi üçün səciyyəvi deyil. Ona görə də Qərb ya dindən ümumiyyətlə kənarda dayanır, ya da Allah ideyasını sadəcə bir simvol kimi qəbul edərək düşüncənin strukturundan kənarlaşdırır və özünü lokal, sonlu, əlçatan bir məsafədə tapmış olur. Qərbdə azadlıq nəinki başqa insanların, sosial qurumların, siyasi hakimiyyətin məhdudiyyət sferasından, həm də Allahın hər yerdə və hər şeydə iştirakından irəli gələn daxili nəzarət sferasından kənara çıxmaqla əldə edilmiş olur. Ona görə də "Allah ölmüşdür" ideyasının müəllifləri (Nitsşe, Haydegger və s.) Qərbdə az qala azadlıq ideallarının böyük daşıyıcıları, carçıları kimi dəyərləndirilirlər.

 Lakin digər tərəfdən, XIX əsrdən başlayaraq coğrafi Qərbdə Şərq düşüncə tərzinə böyük maraq yaranmış və bu iki sivilizasiyanın gələcək sintezindən xəbər verən yeni fəlsəfi və ədəbi-bədii axtarışların əsası qoyulmuşdur. Bu vəhdət ideyasının əsas carçıları O.Şpenqler, A.Toynbi, M.İqbal kimi, L.N.Tolstoy, Emerson, U.Uitmen, C.X.Cübran, Əmin Ər-Reyhani, Həsən bəy Zərdabi, Cəvahirləl Nehru kimi şəxsiyyətlərdir. Əslində bu ideyanın kökləri bir az da əvvələ gedir, onun beşiyi başında Qərbdə Herder, Kant, Göte, Şərqdə A.Bakıxanov, M.F.Axundov, Cəmaləddin Əfqani kimi zamanını qabaqlayan böyük düha sahibləri dayanırlar.

XX əsrin əvvəllərində Şərq və Qərb dəyərlərinin birləşdirilməsi, milli və dini dəyərləri saxlamaqla modernləşmək mövqeyi Azərbaycan ziyalıları üçün çox səciyyəvi olmuşdur. Bu şüarla çıxış edən böyük siyasi xadimlərlə yanaşı, Azərbaycanda Sabir, Hadi, Cavid və Cabbarlı kimi böyük mütəfəkkir-yazıçılar da bu mövzunu həmişə öz yaradıcılıqlarının diqqət mərkəzində saxlamışlar.

Azərbaycanda da digər Şərq ölkələrində olduğu kimi, sivilizasiyalararası münasibət probleminə elmi-fəlsəfi münasibətdən öncə ədəbi-bədii münasibət formalaşmışdır. Yəni ilk reaksiya şair mütəfəkkirlərdən gəlmişdir.

Zamanca dünyanın intellektual dərkinin hissi dərkdən sonra gəlməsi qanunauyğun haldır. Və bir problem kimi fəlsəfi əhəmiyyət kəsb edən ancaq bu iki düşüncə tərzi və mədəniyyət formaları arasında münasibətin öyrənilməsidir. Coğrafi mənada Şərq və Qərb olsa-olsa geopolitika problemi sayıla bilər. Sadəcə olaraq, müasir mənada elm Qərbi Avropada yaranıb inkişaf etdiyindən elmə əsaslanan sivilizasiya formasının şərti olaraq "Qərb" adlandırılması daha məqsədyönlüdür. Reallıqda isə bu gün ABŞ və Yaponiya elmi-texnoloji sistemlərin inkişafında liderliyi ələ keçirdiklərindən fəlsəfi və coğrafi bölgü arasındakı adekvatlıq artıq çoxdan sıradan çıxmışdır.

Qərb sivilizasiyası hissə-hissə, damla-damla bütün planetə paylanmışdır və getdikcə daha çox dərəcədə planetar hadisəyə çevrilmək cəhdləri göstərir. Qloballaşma da məhz bu dəyərlər sisteminin dünyaya yayılması, hamı tərəfindən qəbul olunması və ya hamıya qəbul etdirilməsi proseslərini əhatə edir. Dünyada gedən bu proseslərin dərk olunmuş surətdə, təbii-tarixi inkişaf yolu ilə, mədəniyyətlərin yüksəlişi, sivilizasiyaların dialoqu sayəsində həyata keçməsi üçün mütərəqqi qüvvələrin birgə səyi tələb olunur.

Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan da bu proseslərin fəal iştirakçısına çevrilmişdir. Bu məsələyə münasibətini Heydər Əliyev belə ifadə etmişdir: "Avropa ölkələri ilə münasibətlərin inkişafında qədim "İpək yolu"nun bərpasını nəzərdə tutan TRASEKA proqramının həyata keçirilməsinə başlanması mühüm yer tutur. Bu nəhəng nəqliyyat dəhlizinin mərkəzində yerləşən ölkə kimi Azərbaycan Şərqlə Qərbin qovuşmasında mühüm rol oynayır." İndi Azərbaycanda bu strateji kurs Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməkdədir.

Son vaxtlaradək Azərbaycanın coğrafi mövqeyi Qədim İpək yolunun bərpasında oynaya biləcək strateji rol, beynəlxalq neft-qaz kəmərlərinin və dəmir yollarının Azərbaycandan keçməsi və s. bu kimi amillərə istinadla belə bir fikir səslənirdi ki, ölkəmiz Şərq ilə Qərb arasında körpüdür. Lakin Prezident İlham Əliyevin qeyd etdiyi kimi, indi Azərbaycanın iqtisadiyyatı və elmi-mədəni potensialı elə bir səviyyəyə çatmışdır ki, biz daha sadəcə olaraq iki sivilizasiya arasında körpü rolunu oynamırıq; biz bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla onların vəhdətini təcəssüm etdiririk. Çünki "Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq." Son illərdə qazanılmış böyük iqtisadi nailiyyətlər Azərbaycana özünün beynəlxalq mövqeyini möhkəmləndirmək, Şərq ilə Qərb arasında tutduğu əlverişli coğrafi vəziyyətdən daha optimal surətdə istifadə etmək imkanı vermişdir.

Şərq-Qərb sivilizasiyalarının dialoqu və ümumbəşəri vəhdət ideyası bu gün diqqət mərkəzindədir. XXI əsrin zaman məsafəsindən baxdıqda, dünyada gedən qlobal proseslərin konturları kifayət qədər aydın görünür və məlum olur ki, dünyanın yeni nizamının formalaşması sivilizasiyaların qarşılıqlı əlaqəsinə də fərqli münasibət göstərilməsini tələb edir. XX əsrin 70-80-ci illərində isə bu yeni tendensiyanın mahiyyətini və üstün istiqamətlərini çox az adam görə bilirdi. Bu yenilik, ilk növbədə mədəniyyət müstəvisində baş verən qlobal proseslərin siyasi müstəvidə təzahüründən ibarət idi. Dünyada Şərq və Qərb bölgüsünün aktuallığının artması da, məhz bu yeni tendensiyaların nəticəsi idi.

Azərbaycan əsrlər boyu bir Şərq ölkəsi kimi mövcud olduğundan, azərbaycanlı alimlər SSRİ-də aparılan tədqiqatların əsasən şərqşünaslıq aspektlərinə cəlb edilirdilər; qərbşünaslıq və xüsusən Şərq-Qərb münasibətlərinin tədqiqi isə bizim üçün bir növ yasaq mövzu idi. Belə bir dövrdə - XX əsrin 70-ci illərində Azərbaycanda ilk dəfə görkəmli şərqşünas alim Aida İmanquliyeva öz elmi mühitinin ətalətini dəf edərək və öz zəmanəsini qabaqlayaraq, olduqca aktual, gələcəyə yönəlmiş bu mövzu ətrafında ciddi araşdırmalar apardı. O, problemin elə aspektlərini ön plana çəkdi ki, onlar təkcə Azərbaycanda yox, bütün dünyada ancaq 90-cı illərin axırlarında, iki əsrin qovuşuğunda aktuallaşmış oldu.

Siyasi və iqtisadi müstəvidə bu tendensiyanı dünyada ilk dəfə nəzərə alan və Böyük İpək yolunun bərpası ideyasını irəli sürən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 8-9 sentyabr 1998-ci ildə 32 dövlət başçısının iştirakı ilə Bakıda keçirilən beynəlxalq konfransda bir sıra planetar miqyaslı strateji layihələrə start verildi. Onu da qeyd etmək yerinə düşər ki, 2000-ci ildə İran Prezidenti Məhəmməd Hatəmi Şərq və Qərb sivilizasiyalarının dialoqu ideyası ilə çıxış edəndə, bir çoxları bunu bir yenilik kimi dəyərləndirdi. 2001-ci il isə YUNESKO tərəfindən "Sivilizasiyaların dialoqu" ili adlandırıldı.

Və nəhayət, bu problem Azərbaycanın birinci ledisi, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü fəaliyyət nəticəsində bir daha aktuallaşdı və bu dəfə də ölkəmiz bu dialoqda təşəbbüskar və aparıcı tərəf kimi çıxış etdi. Məhz bu fəaliyyətin sayəsində Bakı 2009-cu ildə bütövlükdə İslam mədəniyyətinin paytaxtı elan olundu. Şərq ilə Qərbi birləşdirən İpək yolunun bərpası işinin təməli Bakıda qoyulduğu kimi, şəhərimiz "Şərq-Qərb" mövzusunda kino festivalları, incəsənət bayramları, beynəlxalq elmi konfranslar üçün də mədəni-mənəvi məbədə çevrildi.

10 iyun 2008-ci ildə Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişlənməsi" mövzusunda keçirilən Beynəlxalq forumdakı çıxışında Mehriban xanım Əliyeva bu sahədə qarşıda duran vəzifələrdən danışaraq dedi: "Görəsən, sivilizasiyalara, xalqlara və ayrı-ayrı insanlara bir-birini eşitməyə, anlamağa nə mane olur və nə kömək ola bilər?"

Əlamətdar haldır ki, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Şərqin və Qərbin sülh və şəfqət elçisi Mehriban xanım sadəcə sual qoymaqla kifayətlənmir; o özünün artıq beynəlxalq miqyas almış geniş və çoxcəhətli fəaliyyəti ilə bu suala həm də cavab verir, sivilizasiyalar arasında qarşılıqlı anlaşma yaradılması istiqamətində ciddi əməli addımlar atır.

Maddi mədəniyyətin, elmin, texnologiyanın, iqtisadiyyatın, fiziki sağlamlığın, idmanın prioritetliyinə əsaslanan Qərb sivilizasiyası və mənəvi mədəniyyətin, əxlaqın, dini dəyərlərin prioritetliyinə əsaslanan Şərq sivilizasiyası ancaq bir-birini qarşılıqlı surətdə tamamladıqda kamil insanın formalaşmasına xidmət edir.

Cəmiyyətin həyatında elmlə yanaşı, əxlaq və din də həlledici rol oynayır. Ruhun sağlamlığı təkcə bilik üzərində qurula bilmir. Burada inam, etiqad da eyni dərəcədə önəmlidir. Bütün bu cəhətlər ilk növbədə təhsil strategiyasında öz əksini tapır. Son dövrlərdə Azərbaycanda məktəblərə dövlət qayğısının artması da bu baxımdan qanunauyğun görünür. İlham Əliyevin rəhbərliyi ilə Milli Olimpiya Komitəsi tərəfindən bütün bölgələrdə yeni idman komplekslərinin tikilməsi işi indi Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bütün bölgələrdə yeni məktəb binalarının tikilməsi ilə davam etdirilir ki, bu da "sağlam bədən" üçün görülən işlərin "sağlam ruh" üçün görülən işlərlə tamamlanması deməkdir.

Siyasi və iqtisadi kursun prioritetliyini önə çəkən, ölkənin davamlı inkişafını təmin etmək üçün möhkəm iqtisadi baza yaradan İlham Əliyevin quruculuq fəaliyyəti birinci ledinin mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanması, inkişaf etdirilməsi və dünya ictimaiyyətinə çatdırılması sahəsində gördüyü böyük işlərlə tamamlanır ki, bu da Azərbaycanın hərtərəfli və ahəngdar tərəqqisinə xidmət edir.

Təsadüfi deyil ki, bu gün bütün dünyanın böyük din xadimləri də özünü artıq tolerantlığın ideoloji mərkəzi və praktik təcəssümü kimi təsdiq etmiş olan Bakıda toplaşır və dinlərin dialoqu çərçivəsində və bununla həm də sivilizasiyaların qarşılıqlı anlaşması istiqamətində səmərəli iş aparırlar.

Azərbaycanın eyni zamanda dinlərarası və sivilizasiyalararası dialoqun mərkəzinə çevrildiyini diqqətə çatdıran Prezident İlham Əliyev "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda Beynəlxalq konfransdakı çıxışında dünyada sülhün təmin olunmasında belə dialoqlara böyük ehtiyac olduğunu demişdir. Həqiqətən də bu gün Azərbaycan təkcə Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların baş keçidi deyil, habelə siyasi və iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların da qovuşduğu məkana, qarşılıqlı tamamlanma və vəhdət rəmzinə çevrilmişdir.

Səlahəddin Xəlilov

AMEA-nın müxbir üzvü, professor

"Azərbaycan", 13.11.2009.

 

baxılıb: 1643 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR