“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
19 Oktyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Məqalələr (2007-2008)

Avropada təhlükəsizlik sistemi və Azərbaycan (2007)

A+ | A-

Son gəlişmələr ölkəmizin bu xüsusda nə dərəcədə strateji önəmə malik olduğunu bir daha təsdiqləyir...

⇔ ⇔ ⇔ 

Son günlərin beynəlxalq müstəvidə ən çox müzakirə olunan mövzularından biri Avropada təhlüksizlik sistemi, daha doğrusu, bu sistemin - yaxşı və ya pis - indiyədək mövcud olmuş nisbi tarazlıq modelinin faktiki sıradan çıxması təhlükəsi ilə bağlıdır. Bu təhlükə isə dünyanın bir nömrəli fövqəldövləti olan Birləşmiş Ştatlarla ən azı hərbi-strateji baxımdan ondan geri qalmayan Rusiyanın qarşılıqlı təhdidedici addımlarından qaynaqlanır. ABŞ-ın Şərqi Avropada yeni raket hücumundan müdafiə (RHM) sistemi qurmaq planlarını elan etməsi, Rusiyanın buna cavab addımları atacağını bəyan etməsi «köhnə qitə»nin yenidən «soyuq müharibə» arenasına çevriləcəyinə dair fikirlərə yol açıb.

Təsadüfi deyil ki, iyunun 6-8-də Almaniyanın Hayligendamm şəhərində keçirilən «Böyük 8-lik» (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada, Yaponiya) sammitində də başlıca müzakirə məsələlərindən biri məhz bu mövzu idi. Nəzərə alsaq ki, Azərbaycan Avropanın bir hissəsidir, onda bu məsələnin bizim üçün önəm kəsb etdiyini xüsusi vurğulamağa gərək yoxdur. Üstəlik Azərbaycanın adı həm Amerikanın Avropa üzrə yeni RHM planlarında hallanır, həm də ölkəmiz Rusiyanın birtərəfli qaydada tərk edəcəyini bildirdiyi «Avropada adi silahlı qüvvələr haqqında» müqavilənin iştirakçısıdır.

Məhz belə bir fonda «Böyük 8-lik» sammitində açıqlanan əlamətdar xəbər, yəni Rusiyanın Azərbaycan ərazisində icarəyə götürdüyü Qəbələ radiolokasiya stansiyasının (RLS) Amerika ilə birgə istifadəsini təklif etməsi və ölkəmizin bir anlamda dünyanın gündəminə gəlməsi bu önəm faktoruna əlavə, özü də strateji bir anlam gətirmiş olur. Təbii ki, bu xüsusda fikir və təhlillər, eləcə də Rusiyanın bu təklifinə Amerikanın nəticə etibarilə necə yanaşacağı və nəhayət, Azərbaycanın bu geostrateji proseslərdəki yeri barədə rəylər hələ çox səslənəcək.

Bununla belə, artıq indidən bir məqam bəllidir ki, bütün bu gəlişmələr hər şeydən öncə Azərbaycanın dövlət olaraq strateji yerinin bir daha təsdiqlənməsi deməkdir.

Başqa sözlə, Azərbaycan bununla artıq qlobal təhlükəsizliyin (o sıradan Avropa təhlükəsizlik sisteminin) çox önəmli bir iştirakçısına çevrilmiş olur. Digər yandan, bu olayların bir qədər öncəsinə nəzər salsaq, proseslərin məhz bu nəticəyə varacağının heç də gözlənilməz olmadığını görərik.

Qeyd etmək lazımdır ki, ABŞ-ın dünyanın müxtəlif regionlarını əhatə edəcək yeni «təhlükəsizlik çətiri» yaratmaq barədə planları 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra aktuallaşmışdı. Özəlliklə İraq kampaniyasının başlamasından sonra Amerika özünə düşmən hesab etdiyi («şəh məhvəri») ayrı-ayrı ölkələrdən gələ biləcək mümkün təhdidləri önləmək üçün qlobal təhlükəsizlik sistemini yenidən qurmağı zəruri sayırdı.

Bəllidir ki, «soyuq müharibə» dönəmində Amerikanın strateji təhlükəsizlik sistemi əsasən SSRİ-dən gələ biləcək raket zərbələrini önləməyə (eləcə də SSRİ-nin antiraket sipəri də Amerika və NATO-dan gələ biləcək zərbələrə) hədəflənmişdi. Ona görə də «soyuq müharibə»nin ən azı rəsmən başa çatmasından və Moskva ilə Vaşinqtonun nüvə başlıqlarını bir-birinə tuşlamadıqlarını yenə ən azı rəsmən bəyan etməsindən sonra əslində bu qarşılıqlı təhlükə(sizlik) sistemlərinə yeni baxış lazım idi. 2001-ci ilin 11 sentyabr olayları və Amerikanın artıq dünyanın başqa nöqtələrini (dövlətlərini) özü üçün təhlükə mənbəyi görməsi isə bu dəyişikliyi faktiki zəruri edirdi.

Odur ki, 2003-ci ilin noyabrında Vaşinqton bu yöndə planlarını rəsmən açıqlamışdı. Prezident Corc Buş beynəlxalq terrorizmlə mübarizəni daha effektiv aparmaq üçün Amerikanın qlobal təhlükəsizlik sisteminin yenidən qurulacağını bəyan etmiş və dünyanın müxtəlif regionlarını əhatə edəcək «təhlükəsizlik çətirləri»nin, mobil hərbi bazaların təşkil olunacağını bildirmişdi. O vaxt Birləşmiş Ştatlar bu mövzuda bir sıra ölkələrlə, həmçinin Xəzər regionu üzrə Azərbaycan və Qazaxıstanla danışıqlar aparmışdı.

2003-cü ilin dekabrında Bakıya səfər edən ABŞ-ın müdafiə naziri Donald Ramsfeld «Xəzər mühafizəsi» («Caspian Guard») layihəsinin konturlarını Azərbaycan rəhbərliyi ilə müzakirə etmiş və bu sistemin Xəzərdə (su və hava məkanında) beynəlxalq terrorizm, silah qaçaqmalçılığı, narkotrafik və s.-lə mübarizə üçün effektli ola biləcəyini demişdi. ABŞ bu layihənin artıq 2004-cü ildən icrasına başlamağı nəzərdə tutsa da, onun Xəzərin o tayındakı tərəfdaşı - Qazaxıstan bu ideyanı qəbul etmədi. Astana bildirmişdi ki, bu layihə Xəzər ətrafında əlavə gərginliyə rəvac verər, çünki hövzənin iki ölkəsi - Rusiya və İran - Xəzər üzərində «Amerika çətiri»nə qəti qarşıdır.

Əslində bu tezis bizim üçün də keçərli idi, bununla belə, rəsmi Bakı Pentaqonun təşəbbüsünə rədd cavabı verməyərək onu müzakirə etməyə hazır olduğunu bildirmişdi. Düzdür, həmin vaxtdan sonra bu məsələdə elə bir konkret gəlişmə nəzərə çarpmayıb, lakin Amerikanın bu təşəbbüsdən tamamilə vaz keçdiyini də düşünmək yanlış olardı. Eyni zamanda, o da məlumdur ki, Amerika hazırda Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində respublika ərazisində bir neçə mobil RLS qurulmasında iştirak edir. Başqa sözlə, Qazıxıstanın imtinasından sonra Pentaqon regional «təhlükəsizlik çətiri» ideyasını Azərbaycanla birgə və daha lokal miqyasda həyata keçirmək qərarına gəldi.

Digər yandan, 2007-ci ilin əvvəlindən Azərbaycan və ümumilikdə Cənubi Qafqaz Amerikanın daha qlobal planında, yeni RHM sistemi çərçivəsində gündəmə gəldi. Özünün qlobal təhlükəsizlik sistemini yenidən qurmağa başlayan ABŞ yeni RHM sisteminin 10 yerüstü komponentindən 3-nü Avropada yerləşdirmək niyyətini elan etdi. Həmin komponentlərdən 2-nin Şərqi Avropada, konkret olaraq Çexiya və Polşada (2011-2013-cü illərdə) yerləşdiriləcəyi bildirilir.

Bununla yanaşı, ABŞ-ın Raket Hücumundan Müdafiə Agentliyinin direktoru general Henri Oberinq 2007-ci ilin martında bu məsələni Brüsseldə NATO ilə (alyansda Amerikanın yeni RHM planlarına münasibət birmənalı deyil) müzakirə edərkən bildirmişdi ki, Vaşinqton raket əleyhinə daha bir mobil radar sistemini də Cənubi Qafqazda yerləşdirməyi planlaşdırır.

Amerikalı general təfərrüata varmasa da, söhbətin Gürcüstan yaxud Azərbaycandan getdiyini yəqin etmək çətin deyildi. Hər halda ABŞ radarlarının Rusiyanın regiondakı forpostu olan Ermənistanda yerləşdirilməsini düşünmək siyasi fantaziya olardı. Eyni zamanda, amerikalı general Cənubi Qafqazda qurulması nəzərdə tutulan radar sisteminin «İrana istiqamətlənəcəyini» deyərək Rusiyanın bundan əndişələnməsinə əsas olmadığını nəzərə çatdırmışdı.

Pentaqon generalının açıqlamasından sonra həm Tbilisi, həm də Bakı rəsmiləri Amerika ilə bu yöndə hər hansı müzakirə aparmadıqlarını bəyan etmişdilər. Hərçənd bunun əksini gözləmək də sadəlövhlük olardı. Bir qədər bundan əvvəl, may ayında isə Britaniyanın «Financial Times » Gürcüstanın XİN başçısı Gela Bejuaşviliyə istinadən Amerikanın Avropadakı üçüncü radar sistemini Gürcüstanda yerləşdirmək barədə danışıqlar aparıldığını yazmışdı. Düzdür, sonradan gürcü nazir bunu təkzib etdi və qəzetin onun sözlərini təhrif etdiyini dedi. Bejuaşvili bildirmişdi ki, müsahibəsində, sadəcə, nəzəri cəhətdən belə bir müzakirənin mümkünlüyünü deyib, gerçəkdə isə, Amerika ilə bu yöndə hər hansı danışıq aparılmır.

Ötən müddətdə özəlliklə Rusiya dairələrində Azərbaycanın sözügedən radar sisteminə evsahibliyi edəcəyi barədə spekulyasiyalar da yetərincə səslənib.

Rusiya ekspertlərinə görə, əgər sözügedən sistem, amerikalıların dediyi kimi, İranın mümkün raket hücumlarına qarşı nəzərdə tutulursa, onun üçün ən əlverişli yer məhz Azərbaycan ərazisidir. Digər yandan, Rusiya tərəfi ABŞ-ın ona verdiyi izahatla qane deyildi və istər Şərqi Avropada, istərsə də perspektivdə Cənubi Qafqazda qurulacaq radar sistemlərini məhz özünə təhlükə hesab etdiyini dəfələrlə nəzərə çatdırıb. Rusiya həmçinin xəbərdarlıq etmişdi ki, Çexiya və Polşada radar sistemləri yerləşdirilsə, buna cavab olaraq təkcə «Avropada adi silahlar haqqında» çoxtərəfli müqavilədən deyil, həmçinin ABŞ-la 1987-ci ildə imzalanmış «Yaxın və orta mənzilli raketlər haqqında» ikitərəfli müqavilədən (vaxtkı 2012-ci ildə başa çatır) birtərəfli qaydada çıxacaq.

Bütün bunlarla yanaşı, Rusiyanın mühüm bir nigarançılığı Azərbaycan sarıdan idi. Moskva narahatlıq keçirirdi ki, Azərbaycan Qəbələ RLS-in Rusiya tərəfdən icarə müddəti bitəndən sonra (2012-ci ildə) bu strateji obyekti ABŞ-ın istifadəsinə verə bilər. Bu isə bölgədə ABŞ-Rusiya gərginliyinin kritik həddə gəlməsi demək olardı. Odur ki, əslində Rusiya tərəfi Azərbaycanda icarəyə götürdüyü Qəbələ RLS-in ABŞ-la birgə istifadəsinə hazır idi. Çünki bununla Rusiya həm də Amerikanı yeni radar sistemləri planlarından qismən daşındıra bilərdi. Təsadüfi deyil ki, hələ bir neçə ay öncə bu məsələ məhz Rusiya KİV-i tərəfindən ortaya atılmış, ardınca Rusiyanın Bakı böyükelçisi, daha sonra isə (mayın sonunda) Bakıda səfərdə olan Rusiya XİN başçısı bunu rəsmən təsdiqləmişdilər. Qeyd edək ki, həmin vaxt ABŞ-ın Bakıdakı səfirliyindən Rusiya ilə Qəbələ RLS-ə dair hər hansı danışıq aparılmadığı bildirilmişdi.

Bununla belə, iyunun 7-də Rusiya prezidentinin amerikalı həmkarı ilə görüşdə rəsmən açıqladığı bu təklifin qarşı tərəf üçün tam sürpriz olduğunu düşünməyə dəyməz. Sözsüz ki, Amerika tərəfi məsələdən hali idi və belə bir təklifin səslənəcəyini gözləyirdi. Bunu prezident Buşun Putinin təklifinə reaksiyası da təsdiqləyir. Öz növbəsində ABŞ prezidenti bu xüsusda birmənalı cavab verməyərək Rusiya prezidentinin «çox maraqlı və ciddi təklifi»nin iki ölkənin hərbi ekspertləri, diplomatları tərəfindən incələnəcəyini deyib. Eyni zamanda, bu mövzu ilə bağlı Amerika və ümumilikdə Qərb dairələrində səslənən ilkin mülahizələrə əsasən demək olar ki, Vaşinqton Qəbələ RLS-dən Rusiya ilə birgə istifadəyə (icarəyə) razılaşsa da, ən azı Şərqi Avropadakı planlarından tam əl çəkməyəcək. Amerika bu xüsusda yalnız Cənubi Qafqazda yerləşdirmək istədiyin üçüncü radar firindən daşına bilər.

Son olaraq bir daha Azərbaycanın bu proseslərdəki yerinə qayıdaraq nəyi qeyd etmək olar? Təbii ki, regionda rəqabət, mübarizə deyil, əməkdaşlıq müstəvisi olmaq niyyətini dəfələrlə nəzərə çatdırmış Azərbaycan üçün Rusiya ilə ABŞ-ın bu mühüm məsələdə anlaşması pozitiv sayıla bilər. Ən azı bu, Bakını Amerikadan nə vaxtsa gələ biləcək yeni radar sistemi təklifi qarşısında çətin bir dilemmadan qurtamış olacaq. Belə bir anlaşma həm də Bakının yeritdiyi tarazlı, balanslaşdırılmış xarici siyasət kursunun parametrlərinə uyğundur.

Yuxarıda qeyd etdiyimiz kimi, Rusiya və ABŞ-ın qlobal təhlükəsizlik mübahisəsində məhz bizim vasitəmizlə uzlaşma tapması Azərbaycanın regional və beynəlxalq miqyasda nüfuzunu daha da gücləndirər. Avropanın enerji təhlükəsizliyində artıq real rol oynamağa başlayan ölkəmiz həm də qlobal strateji təhlükəsizlik sisteminə mühüm töhfə vermiş olar. Bu isə nəticə etibarilə Azərbaycanın özünün təhlükəsizliyi, sərhədlərinin toxunulmazlığı məsələsində siyasi mövqelərinin möhkəmlənməsi deməkdir.

Vüqar Orxan

Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu

«525-ci qəzet», 09.06.2007

 

baxılıb: 735 dəfə

FOTO

Siz bu yazıya rəy bildirə bilərsiniz.

"rəy bildir" düyməsini tıklamadan öncə
şəkildəki işarələri daxil edin

DİGƏR XƏBƏRLƏR