“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
19 Oktyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Məqalələr (2007-2008)

Ukrayna: «narıncı inqilab», üçüncü hissə… (2007)

A+ | A-

Demokratiya sınağından uğurla çıxan bu ölkənin indi siyasi sabitlik və iqtisadi tərəqqiyə daha çox ehtiyacı var...

⇔ ⇔ ⇔ 

Ukraynada ötən bazar (30.09.2007) keçirilmiş parlament seçkiləri aktiv müzakirə mövzusu olaraq qalmaqdadır. Əvvala, ona görə ki, bu seçkilərin də yekunu Ukraynada uzun müddətdən bəri davam edən siyasi sabitsizliyə birmənalı nöqtə qoyacaq kimi görünmür. Digər yandan, Ukrayna kimi regionun böyük və strateji əhəmiyyətli ölkəsində proseslər nəticə etibarilə postsovet məkanında geosiyasi mənzərəyə də təsir göstərən əhəmiyyətli faktordur. Nəhayət, bu seçkilər Ukrayna cəmiyyətinin üç il əvvəl yaşadığı «narıncı» inqilaba cari münasibətini müəyyənləşdirmək baxımından əlamətdar idi və müzakirələrin böyük bir qismi də elə bu xüsusdadır.

Bu baxımdan seçkinin ilk və birmənalı müsbət tərəfi kimi onun yüksək demokratik səviyyədə keçirilməsini qeyd etmək lazımdır. Beynəlxalq müşahidəçilərin yekdil rəyinə görə, seçkilər, xırda texniki qüsurlar istisna olmaqla, Avropa standartlarına uyğun keçib. Xatırladaq ki, ilyarım öncə, 2006-cı ilin martında Ukrayna Ali Radasına keçirilmiş seçkilər də beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymət almışdı.

Yeri gəlmişkən, hələlik «məxməri» inqilablardan keçmiş digər postsovet ölkələri demokratiya məsələsində Qərbdən belə birmənalı qiymət almayıb. O cümlədən 2004-cü ildə Gürcüstanda keçirilmiş prezident və parlament seçkiləri beynəlxalq müşahidəçilərin yekdil müsbət rəyini almamışdı. Bu baxımdan Gürcüstan üçün əsas demokratiya testi, yəqin ki, 2008-ci ildə keçiriləcək prezident və parlament seçkiləri olacaq.

Bununla yanaşı, Ukrayna seçkilərinin demokratikliyinə vurğu edənlər, ələlxüsus Qərb icmalçıları bu seçkilərin ölkədə çoxdan gözlənilən siyasi istiqrar və sosial-iqtisadi tərəqqiyə nə dərəcədə yol açacağına dair birmənalı fikir söyləməkdə çətinlik çəkirlər. Seçkiləri geniş şərh edən Qərb (özəlliklə ABŞ və Britaniya) mətbuatı bir məqama diqqət çəkir ki, Ukrayna əhalisi artıq üçüncü ildir davam edən «iki Viktorun mübarizəsi»ndən (prezident Viktor Yuşşenko və onun siyasi rəqibi Viktor Yanukoviç) usanıb. Çünki bu mübarizə sosial-iqtisadi həyatda mənfi izlər qoyub, son üç ildə ölkədə iqtisadi artım orta hesabla 4-7 faizdən çox olmayıb. 

İki ildə iki parlament seçkisi. Çox deyilmi?

Həqiqətən də Ukraynada 2004-cü ilin prezident seçkilərindən bu yana səngiməyən siyasi gərginlik və permanent seçki atmosferi «narıncılar»la onların opponentləri arasında revanşist mübarizədə keçib. 2004-cü ilin dekabrında «narıncı» inqilabla məğlub olan baş nazir Yanukoviç 2006-cı ildəki parlament seçkilərində lideri olduğu Regionlar Partiyasının qələbəsi ilə revanş götürdü və geniş səlahiyyətli premyer kreslosuna sahib oldu. Lakin həmin seçkilər Ukraynaya zəruri siyasi istiqrarı gətirmədi. Əksinə, hökumət və parlament çoxluğu ilə prezident hakimiyyəti arasında aylarla sürən dartışma nəticədə ölkəni erkən parlament seçkilərinə götürdü. Budəfəki seçkiləri isə «narıncı» qüvvələrin (prezident Yuşşenkonun fəxri lideri olduğu «Bizim Ukrayna» və «Yuliya Timoşenko bloku») «regionlar» üzərində qismən siyasi revanşı hesab etmək olar, çünki onlar Yanukoviçin baş nazirliyə yolunu faktiki kəsiblər.

Xatırladaq ki, 2006-cı ilin 26 mart seçkilərində Yanukoviçin partiyası 32% (186 yer), Timoşenkonun bloku 22% (129 yer), «Bizim Ukrayna» 14% (81 yer), sosialistlər 6% (33 yer), kommunistlər isə 4% (21 yer) səs toplamışdılar.

Nəticədə «regionlar»-sosialistlər-kommunistlər üçlüyü (Ali Radadakı 450 yerdən 240-ı) hökumət koalisiyası qurmuşdu. 2007-ci ilin 30 sentyabr seçkilərində ilk üç sırada yerlər dəyişməsə də, konkret nəticələrdə fərqlər var. Belə ki, Regionlar Partiyası 34,2% (176 yer), «Yuliya Timoşenko bloku» 30,8% (156 yer), «Bizim Ukrayna» 14,2% (71 yer) səs toplayıb. Sonrakı yerləri Kommunist Partiyası 5,4% (27 yer) və keçmiş spiker Litvinin seçki bloku 3,9% (20 yer) bölüşdürür.

Göründüyü kimi, ötənilki seçkilərdən fərqli olaraq, bu dəfə «Bizim Ukrayna» və Timoşenko bloku ikilikdə hökumət qura (227 deputat) bilər. Hərçənd bir nəfər deputat üstünlüyü ilə quralan koalisiyanın dayanıqlığı nisbi ola bilər. Çünki, ötən il olduğu kimi, yenə «regionlar» tərəfdən bir neçə «narıncı» deputatın ələ alınması ilə bu koalisiya pozula bilər. Bu halda narıncı tandem hökumətin daha davamlı olması üçün üçüncü iştirakçıya ehtiyac duyar ki, həmin rolu da Litvinin bloku oynaya bilər, lakin bunun da problemli tərəfləri var. Məsələn, eks-spiker Litvin kiçik fraksiyası ilə böyük iddialarla çıxış edə, o cümlədən parlament sədri vəzifəsinə təkrar əyləşmək istəyə bilər. Ötənilki seçkilərdə eyni rolu sosialist fraksiyası oynamış və onun lideri Oleq Moroz «narıncılar»dan spikeri postuna razılıq almadıqdan sonra Yanukoviçin tərəfinə keçmiş və Ali Radanın sədri seçilmişdi.

Bir sözlə, Ukraynada son iki ildə iki parlament seçkisi keçirilsə də, nəticə yenə ölkədə sabit inkişafı birmənalı təminat vermir. Bu isə Ukraynada hələ «narıncı» inqilab zamanı ortaya çıxmış mənzərinin, şərq və qərb regionları arasında coğrafi-siyasi bölgünün ciddi ölçüdə qaldığını göstərir. Rusiyaya meylli şərq regionları əvvəlkitək Yanukoviçə və kommunistlərə, qərb regionları isə Timoşenko və Yuşşenkonun liderliyindəki bloklara səs veriblər.

Belə bir vəziyyətdə Ukraynada bir il sonra daha bir parlament seçkisi keçirilə bilər, amma bunun yekun mənzərəyə ciddi təsir edəcəyini gözləməyə dəyməz. Təbii ki, növbəti ildə daha bir seçkini nə Ukrayna cəmiyyəti, nə də ölkə prezidenti istəyir. Odur ki, Yuşşenko, ötənilki seçkilərdən sonra olduğu kimi, yenə ölkədə siyasi və sosial-iqtisadi istiqrar naminə daha geniş dabanlı hökumət koalisiyasının qurulmasında maraqlıdır və seçkinin əsas qaliblərinə bu yöndə çağırışla çıxış edib.

«Narıncı» ittifaq ikinci sınaqdan çıxa biləcəkmi? 

Lakin prezident Yuşşenkonun geniş koalisiya qurmaq təklifini «regionlar», «Bizim Ukrayna», eləcə də Litvinin bloku müsbət qarşılasa da, xanım Timoşenko, ötən il olduğu kimi, yenə bu ideyaya qarşı çıxır. Çünki bu təklifin formal məntiqinə görə, parlamentdəki fraksiyaların sıralanması üzrə baş nazir postunu Yanukoviç tutmalıdır, Timoşenkonun isə onun rəhbərliyi altında işləməsi mümkünsüzdür. Odur ki, Timoşenko prezidentə özünün baş nazirliyində «narıncı» koalisiyanı qurmağı təklif edib. O həmçinin baş nazir olması müqabilində «Bizim Ukrayna»ya spiker postu və hökumətdə geniş təmsilçilik vəd edir.

Bununla belə, həm Yuşşenko, həm də onun yaxın ətrafı 2005-ci ildə ilk «narıncı» hökumətin aqibətini yaxşı xatırladığından bu məsələdə ehtiyatlı davranmağa məcburdur. Məlum olduğu kimi, «narıncı» inqilabdan sonra xanım Timoşenkonun rəhbərliyi ilə formalaşan hökumətin ömrü cəmisi doqquz ay olmuşdu. Üstəlik Timoşenkonun ambisioz xarakterini nəzərə alan prezident ətrafı əvvəldən onun premyerliyinə isti yanaşmamışdı. Timoşenkonun qeyri-ardıcıl, daha çox populist iqtisadi qərarları, o cümlədən Ukraynada Kuçma dövründə keçirilmiş özəlləşdirmənin nəticələrini təftiş edərək bir sıra strateji sənaye müəssisələrini təkrar özəlləşdirməyə çıxarmaq niyyəti ölkədəki iqtisadi mühitə və xaricdən sərmayə axınına mənfi təsir göstərmişdi. Bu müddətdə prezidentin ətrafındakı oliqarxlarla baş nazirə yaxın biznes dairələri arasında amansız nüfuz mübarizəsi ölkə iqtisadiyyatını faktiki iflic etmişdi. Nəticədə Yuşşenko 2005-ci ilin sentyabrında «narıncı» hökumətə son vermişdi.

Odur ki, indi prezident Yuşşenko yeni mənzərənin təkrarlanmaması üçün ikinci «narıncı» hökumət ideyası qarşısında götür-qoy etməyə məcburdur. Çünki ikinci «narıncı» hökumətin də fəaliyyəti uğursuz olsa, bu, Ukrayna cəmiyyətində «narıncı» ideallara inamı daha da sarsıda bilər. Digər tərəfdən, budəfəki seçkilərdən Timoşenkonun daha böyük uğurla çıxması onun hökumət başçısı postunda ambisiyalarını da artırmış olacaq. 30 sentyabr seçkilərində həm «regionlar», həm də prezident partiyası faktiki mandat itkisinə məruz qaldığı halda Timoşenkonun bloku deputat fraksiyasını təxminən 30 yer artıra bilib.

Digər tərəfdən, prezidentin adı ilə eyniləşdirilən «Bizim Ukrayna»nın sosial bazasının ötən seçkilərdə müqayisədə dəyişməyib, amma Timoşenko elektoral dəstəyini 8-9 faiz artırıb. Bu isə o deməkdir ki, getdikcə nüfuzu artan Timoşenko növbəti (2009-cu il) prezident seçkilərində artıq Yuşşenkoya ciddi rəqib də ola bilər. Lakin bu bir qədər uzaq perspektivin məsələsidir, indiliksə həm Yuşşenko, həm də Timoşenkonun seçkilərdən öncə nümayiş etdirdikləri nisbi anlaşma atmosferini davam etdirəcəkləri daha labüd görünür.

Geosiyasi yarışda hesab hələlik Qərbin xeyrinədir

Bütövlükdə götürdükdə Ukraynadakı budəfəki seçkilərin nəticəsi Qərbi daha çox razı salıb, Rusiya isə rəğbət bəslədiyi «regionlar»ın formal qələbəsinə rəğmən faktiki uduzmuş vəziyyətdədir. Ukraynada 2004-cü ildən bu yana cərəyan edən prosesləri üç mərhələyə bölməli olsaq, Qərbin üçüncü hissədən sonra 2:1 irəlidə olduğunu qeyd etmək olar. Hərçənd Qərbdə budəfəki nikbinlik 2004-cü ilin sonundakı kimi eyforik deyil. Bununla belə, Ukrayanın bu seçkilərdən sonra Qərbə daha da yaxınlaşacağı və qurulması yəqin görünən ikinci «narıncı» hökumətin Avratlantik məkana inteqrasiyada daha cəsarətli olacağı Avropada məmnunluq doğurur.

Təsadüfi deyil ki, Ukraynada «narıncı» qüvvələrin ümumi qələbəsi aydınlaşandan dərhal sonra Rusiya yenə geoiqtisadi silahını - «qaz dəyənəyi»ni işə salıb. «Qazprom» Ukraynanın ona 1,3 milyard dollar cari borcu olduğunu və bu məbləğin dərhal ödənilməyəcəyi təqdirdə qazın kəsiləcəyini bəyan edib. Belə çıxır ki, Moskva indiyədək həmin borca ona görə göz yumub ki, Ukraynada hökumətə Yanukoviç başçılıq edirmiş və premyer kreslosu üzərində xanım Timoşenkonun silueti görününcə, Moskvada geosiyasi qıcıq özünü büruzə verib.

Düzdür, Ukrayna rəsmiləri borcun noyabrın 1-dək ödəniləcəyini bəyan ediblər, lakin Moskvanın yeni iddialarla çıxış edəcəyi, o cümlədən qazın qiymətini qaldıracağı şəksizdir. Bu isə Ukrayna tranziti ilə qaz alan Avropa ölkələrini narahat etməyə bilməz. Çünki onlar 2005-ci ilin sonunda Moskva ilə Kiyev arasındakı «qaz müharibəsi»nin fəsadlarını hələ unutmayıblar. Odur ki, irəlidə «Ukrayna meydanı»nda Qərblə Rusiyanın geosiyasi nüfuz mübarizəsinin yeni raundlarını gözləmək lazımdır.

Hərçənd gerçəkdə bu gün Ukrayna üçün qlobal mübarizəyə meydan olmaqdan daha önəmlisi istiqrarlı inkişaf yoluna çıxmaqdır.

Bu baxımdan Ukraynanın Qərb və ya Rusiya istiqamətində gedəcəyi də daha çox geosiyasi nəzəriyyə məsələsidir, nəinki praktik siyasət predmeti. Çünki istər «narıncı» qüvvələrin, istərsə onların opponentlərinin siyasi prioritetlərə diqqətlə baxsaq, ortada prinsipial ziddiyyət olmadığını görərik. Yanukoviç Rusiya ilə sıx tərəfdaşlıq (ilk növbədə iqtisadi) münasibətlərini və eyni zamanda, Ukraynanın Avropa Birliyinə inteqrasiyasını prioritet sayır, NATO-ya inteqrasiyada isə ehtiyatlı davranır. Yuşşenko da Rusiya ilə sıx tərəfdaşlığa qarşı deyil, bununla yanaşı, Ukraynanın yönünün AB və NATO-ya doğru olduğunu bildirir. Timoşenko da eyni prioritetləri elan edib, sadəcə, onları bir qədər millətçilik sousu ilə təqdim edir. Yəni NATO məsələsini çıxmaqla qalan strateji məqamlarda tərəflərin mövqeləri faktiki ortaqdır: Rusiya ilə tərəfdaşlıq, amma Avropaya inteqrasiya.

O ki qaldı NATO-ya üzvlük məsələsinə, bunu da zamanın öhdəsinə buraxmaq lazımdır. Bir də ki, ümumi təhlükəsizlik məsələlərindən öncə Ukrayna üçün indilik vacib olan sabit demokratiya və iqtisadi rifahdır. Buna isə inqilabi sarsıntılarla deyil, sabitlik və təkamül şəraitində islahatlarla nail olmaq mümkündür.

Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu

«525-ci qəzet», 06.10.2007

 

baxılıb: 821 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR