“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
19 Oktyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Məqalələr (2007-2008)

Gürcüstan seçkiləri: gözlənilən sonluq və ibrətamiz nəticələr (2008)

A+ | A-

Qonşu ölkədəki siyasi proseslərin cari yekunu seçki ərəfəsində olan Azərbaycan üçün də diqqətəlayiq mənzərə sayıla bilər...

⇔ ⇔ ⇔

Gürcüstanda mayın 21-də keçirilmiş parlament seçkiləri ümumən gözlənilən nəticə - hakim partiyanın qələbəsi ilə yekunlaşsa da, ortaya diqqət yetirilməsi gərəkən bir çox məqamlar da çıxarmış oldu. Bu isə Gürcüstan seçkilərini təkcə bu ölkənin daxili siyasi prosesləri fonunda deyil, daha geniş müstəvidə nəzərdən keçirməyə əsas verir. Çünki nəticə etibarilə Cənubi Qafqazın üç ölkəsinin hər hansı birində cərəyan edən siyasi olaylar, o cümlədən seçki mübarizəsinin yekunları onun qonşuları üçün də təsirsiz ötüşmür.

Digər tərəfdən, həmin proseslər nəticədə regionda marağı və təsiri olan kənar güclərin nüfuz dairəsini, eləcə də Cənubi Qafqaz ölkələrinin hər birinin geosiyasi oriyentirlərini müəyyənləşdirmək baxımından önəmlidir. Xatırladaq ki, bir qədər əvvəl Ermənistanda prezident seçkiləri olub və payızda Azərbaycanda prezident seçkiləri gözlənilir və bu arada Gürcüstanda keçirilən seçkilər həm də bizə müqayisəli təhlil aparmaq üçün əlamətdar bir imkandır.

Təbii ki, Gürcüstandakı 21 may parlament seçkiləri ayrılıqda siyasi proses olaraq deyil, bu il yanvarın 5-də keçirilmiş prezident seçkiləri ilə eyni kontekstdə nəzərdən keçirilməlidir. Çünki nəticə etibarilə hər iki seçki 2007-ci ilin payızında Gürcüstanda başlanan gərginliyin, iqtidar-müxalifət toqquşmalarının siyasi yekunudur. Bu baxımdan parlament seçkiləri iqtidar üçün mövqelərini möhkəmləndirmək, müxalifət üçün prezidentlik yarışında aldığı məğlubiyyətin revanşı üçün müstəsna önəm kəsb edirdi.

Gürcüstan MSK-nın ilkin nəticələrinə görə, prezident Mixail Saakaşvilinin lideri olduğu «Vahid Milli Hərəkat» partiyası yeni parlamentdə mütləq əksəriyyəti - proporsional sistem üzrə səslərin 60 %-ni (75 mandatdan təxminən 50-si), majoritar qaydada isə 75 yerdən 71-ni əldə edib. Hakim partiyadan savayı, müxalifət düşərgəsindən üç qüvvə - «Birləşmiş müxalifət» bloku (17,6%), Xristian-Demokratik Hərəkatı (8,2%), Leyborist Partiyası (7,5% ) proporsional sistem üzrə parlamentə düşüb. Seçkidə iştirak etmiş daha 8 partiya və blok isə 5 %-lik keçid baryerindən xeyli aşağıda nəticə göstərib. Beləliklə, 150 yerlik parlamentdə 120 deputat yeri qazanan hakim partiya faktiki olaraq özünün də gözləmədiyi zəfərə nail olub.

Bu hətta hakim partiyanın bundan öncəki, 2004-cü ilin martında keçirilmiş seçkilərdəki nəticəsindən də yüksək göstərici sayıla bilər. Dörd il əvvəlki seçkilərdə prezident Saakaşvili, spiker Burcanadze və baş nazir Jvaniyanın «Milli hərəkat - demokratlar» bloku 67%  səslə proporsional sistem üzrə 150 yerdən 135-ni əldə etmişdi. O vaxt iqtidar blokundan savayı yalnız bir partiya - «qızılgül hakimiyyətinə» loyal mövqedə dayanan «Yeni sağçılar - sənayeçilər» bloku 7%-lik baryeri aşmağa (15 mandat) müvəffəq olmuşdu. Bununla belə, öncəki parlamentdə majoritar qaydada (cəmisi 75 yer) seçilmiş və Saakaşvili iqtidarına müxalif olan 40-45 deputat (o cümlədən Leyboristlər, Respublikaçılar, devrilmiş Şevardnadzenin «Gürcüstan Vətəndaş İttifaqı»nın təmsilçiləri və s.) vardı. Sonradan iqtidar partiyasından bir neçə parlamentar da müxalifətə keçdi. Nəticədə 225 yerlik parlamentdə (bəzi KİV-lərdə Gürcüstanın öncəki parlamentinin guya 125 deputatdan ibarət olması barədə yanlış rəqəmlər yer alır) müxalifət düşərgəsi yerlərin təxminən 30%-nə nəzarət edirdi. İndiki 150 nəfərlik parlamentdə isə müxalifət düşərgəsi ümumilikdə 20% (30 deputat) yer qazana bilib.

Parlament seçkilərində hakim partiyanın qələbəsi Saakaşvilinin bu ilin yanvarında prezident seçkilərində əldə etdiyi nəticəni (53,4%) də üstələyir. Yada salaq ki, prezident seçkilərində «Birləşmiş müxalifət»in namizədi Levan Qaçeçiladze 25,6, müxalifətin digər namizədlərindən Badri Patarkasişvili 7, Şalva Natelaşvili (leyboristlər) 6,4 faiz səs almışdı. Hətta prezident Saakaşvili də parlament seçkilərindəki belə yüksək nəticəyə təəccübləndiyini gizlətməyib. Eyni zamanda, o, 21 may seçkilərini Gürcüstan xalqının hakimiyyətin apardığı islahatların davam etdirilməsinə, Avratlantika məkanına inteqrasiya xəttinə və ölkənin birləşdirilməsi istiqamətində siyasi kursa böyük dəstəyi kimi qiymətləndirib.

Qeyd edək ki, parlament seçkiləri öncəsi keçirilən rəy sorğuları iqtidar partiyasının qalib gələcəyini göstərsə də, ona maksimum 50-55 faiz səs vəd edirdi. Odur ki, seçkilərin real nəticəsi gözlənilən olsa da, müəyyən mənada sürpriz sayıla bilər. Hərçənd bir neçə ay öncəyə qayıdıb seçkilərə zəmin olmuş siyasi proseslərə nəzər yetirsək, bu yekunun xeyli dərəcədə məntiqi olduğunu görərik.

Gürcüstanda 2007-ci ilin noyabrında başlanan iqtidar-müxalifət qarşıdurması, bir tərəfdən, «qızılgül» hakimiyyəti daxilində yaşanan ixtilafın, digər yandan isə, bu hakimiyyətin dövründə siyasi arenanın güncünə sıxılmış qüvvələrin Saakaşviliyə qarşı mübarizəsinin eyni zamanda meydana çıxması idi. Əslində inqilab yolu ilə hakimiyyətə gəlmiş qüvvələr arasında sonradan ixtilafın olması təbiidir. Rəng, simvol və metodlarından asılı olmayaraq bütün inqilablar bu mərhələdən keçir. Odur ki, 2007-ci ilin payızına qədər də Gürcüstanın hakim komandasından bir sıra önəmli simalar (XİN başçısı vəzifəsindən gedən Salome Zurabişvili, münaqişələrin tənzimlənməsi üzrə dövlət naziri postunu tərk edən Georgi Xaindrava və s.) müxalifətə keçmişdilər.

Lakin məhz Saakaşvilinin ən yaxın silahdaşlarından olmuş, «qızılgül inqilabı»ndan sonra Gürcüstanın baş prokuroru, daxili işlər, müdafiə naziri postunu tutmuş İrakli Okruaşvilinin prezidentə qarşı açıq mübarizəyə keçməsi və tanınmış biznesmen Badri Patarkasişvili başda olmaqla digər müxalifət qüvvələrinin ona qoşulması ölkədə ciddi hakimiyyət davasına meydan açmışdı. Həmin qarşıdurmanın formal səbəbi Saakaşvilinin konstitusiyaya dəyişiklik edərək prezident seçkiləri (2009-cu ilin yanvarında keçirilməli idi) ilə parlament seçkilərinin (2008-ci ilin martında olmalı idi) eyni vaxtda (2008-in payızı) keçirmək niyyətinə etiraz olsa da, gerçək motiv Saakaşvilini nəyin bahasına olursa-olsun devirmək idi.

Başqa sözlə, hakimiyyətin opponentləri Saakaşviliyə qarşı ortaq nifrətdə birləşmişdilər və faktiki olaraq ortaya hansısa alternativ siyasi kurs qoymurdular. Onların NATO-ya inteqrasiya, islahatlar tələbi və s. elə Sakaşvilinin siyasi kursunun təkrarı idi. Eyni zamanda, müxalifət Saakaşvili ilə prezidentlik yarışında uğur qazana bilməyəcəyinin fərqində idi və prezident üsul-idarəsinin ləğv edilməsi, ölkənin parlament respublikasına çevirilməsi uğrunda çıxışlar da buradan qaynaqlanırdı.

Qeyd etmək lazımdır ki, müxalifətin ortaya atdığı bu qeyri-populyar şüar, Gürcüstanın Abxaziya və Cənubi Osetiya problemləri ilə üz-üzə qaldığı bir şəraitdə güclü prezident idarəetməsinin ləğvini tələb etməsi ciddi taktiki səhv idi və nəticədə müxalifətin əleyhinə işləməyə başladı. Belə çıxırdı ki, müxalifət Gürcüstanın mövcud idarəçilik sistemini dağıtmaq üçün hakimiyyətə can atır, sonrası ilə naməlum idi. Nəhayət, müxalifətin prezidentliyə vahid namizəd kimi ortaya çıxardığı Levan Qaçeçiladze bu düşərgəni birləşdirmək və Saakaşvili ilə mübarizə aparmaq gücündə lider deyildi və seçkilərin nəticəsi də bunu təsdiqlədi.

Prezident Saakaşvili isə opponentlərinin bu zəif cəhətləri fonunda cəsarətli addımlar atdı: özünün prezidentlik müddətini bir il azaldaraq 2008-in yanvarında növbədənkənar seçkilərə getdi, Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı referendum keçirməklə müxalifətin əsas spekulyasiya mövzularının birini onun əlindən aldı və nəhayət, parlament seçkilərinin vaxtının (2008-in payızı, yoxsa yazı) müəyyən olunmasını xalqın öhdəsinə buraxdı. Nəticə bu addımlara adekvat oldu. Saakaşvili ikinci müddətə prezident seçildi, əhalinin böyük əksəriyyəti NATO üzvlüyünə səs verərək Saakaşvili iqtidarının bu yöndə siyasətini dəstəklədi.

Müxalifətin yeganə və formal qazancı isə referendumda əhalinin parlament seçkilərinin, prezidentin təklif etdiyi kimi, payızda deyil, yazda (may) keçirilməsinə tərəfdar çıxması oldu. Lakin sonrakı proseslər göstərdi ki, bu, əslində elə prezidentin və hakim partiyanın xeyrinə olan bir nəticə imiş. Çünki prezidentlik yarışında qalib gəlmiş Saakaşvilinin öz partiyasını «isti-isti» parlament seçkilərində də qələbəyə səfərbər etməsi daha asan idi, nəinki sıraları getdikcə dağınıq olan müxalifətin birləşərək Saakaşvilidən revanş götürməsi.

Üstəlik prezident seçkilərindən sonra baş verən bəzi olaylar - Okruaşvilinin siyasi fuqur kimi sıradan çıxaraq mühacirətə (Fransaya) getməsi, müxalifətin əsas maliyyədarlarından olan Patarkasişvilinin Londonda qəfil vəfatı (müxalifət onun ölümündə Saakaşvilini günahlandırmağa çalışsa da, buna müvəffəq olmadı) müxalifət düşərgəsində pərakəndəliyi daha artırdı. Bir sözlə, artıq parlament seçkiləri kampaniyasının əvvəlində Saakaşvili və hakim partiya opponentləri üzərində böyük siyasi üstünlüyü təmin etmişdi.

Nəhayət, Gürcüstanda cərəyan edən bütün bu proseslər fonunda daha bir faktor - Rusiyanın Saakaşvili hakimiyyətini aramsız diskreditasiya etmək cəhdləri nəticə etibarilə prezident və hakim partiyanın xeyrinə işlədi. Əslində Moskvada yaxşı başa düşürlər ki, Gürcüstan artıq onlar üçün nəzarətdən çıxıb, üstəlik bu ölkədə Kremlin açıq «stavka» edə biləcəyi real qüvvənin olmaması da faktdır. Son vaxtlaradək qismən gürcü leyboritstlərinin lideri Natelaşvili Rusiyaya loyal münasibətdə idi, lakin o da ümumi siyasi konyukturanı (özəlliklə NATO üzvlüyü məsələsində) göz önünə alaraq bu xəttdən geriləməyə məcbur olub. Bu arada  Rusiyanın Gürcüstana qarşı təzyiqləri (o cümlədən parlament seçkiləri ərəfəsində Abxaziya ətrafında gərginliyin artırılması, Gürcüstanın pilotsuz təyyarələrinin vurulması  və s.) isə Saakaşvili hakimiyyətinin həm daxildə, ələlxüsus da da xaricdə dəstəyini artırmış oldu.

Belə bir siyasi situasiyada seçkilərə bir neçə blok və partiya şəklində gedən müxalifətin parlamentdə ciddi nəzarət imkanları əldə edəcəyi şübhə doğururdu. Prinsipcə müxalifət də bu məğbuliyyətlə əvvəlcədən barışmışdı və müxalif elektoratın bir qisminin səsverməyə getməməsi (ölkə üzrə səsverməyə qatılım cəmi 55 faiz olub) də bunun göstəricisidir. Nəticədə hakim partiya hətta yanvarda Saakaşvilinin müxalifət namizədinə uduzduğu paytaxt Tbilisidə böyük fərqlə qalib gəldi.

Nəhayət, bütün deyilənlərə yekun olaraq nələri vurğulamaq olar? Sözsüz ki, parlament seçkilərində inamlı qələbə Gürcüstanda hakimiyyətin fəaliyyətinə, yeni islahatlar kursuna güclü etimad kreditidir. Bu seçkilər göstərdi ki, düşünülmüş, praqmatik, ən əsası isə, cəsarətli (istər daxildə olan əyər-əskiklərə, neqativlərə qarşı, istərsə də xarici siyasətdə) kurs həyata keçirildiyi təqdirdə hər hansı gücün müdaxiləsi də onu əngəlləməyə yetərli deyil.

O ki qaldı Gürcüstan hakimiyyətinin bu etimad kreditindən necə yararlanacağına, bunu hər şeydən öncə Saakaşvilinin müxalifətlə gələcək davranışında görmək mümkün olacaq. «Gürcüstanda hakim partiyanın inamlı qələbəsi ölkədaxili siyasi vəziyyətin yumşalması ilə müşayiət olunmalı, iqtidar müxalifətlə daha açıq dialoqa can atmalıdır», - deyə Avropanın nüfuzlu «Financial Times» qəzeti qeyd edir. Hər halda Saakaşvili də seçkidən sonra verdiyi ilk bəyanatda əldə olunmuş inamlı qələbəyə baxmayaraq bütün siyasi qüvvələrlə, o cümlədən seçkidə məğlub olmuş radikal müxalifətlə anlaşma içində olacağına söz verib.

Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu

«525-ci qəzet», 24.05.2008

 

baxılıb: 601 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR