“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
20 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

XƏBƏRLƏR

19-06-2017 [ 12:07 ]

İllərin sınağından çıxan siyasətin təntənəsi

A+ | A-

Heydər Əliyev böyük siyasətdə olduğu bütün dövrlərdə şəksiz liderliyi, uzaqgörənliyi ilə uğur qazanıb. Çünki o, yaşadığı dövrün mürəkkəb, ziddiyyətli proseslərindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə belə təmkinini itirməyən və hər zaman doğma xalqının maraqlarını dəqiqliklə hesablaya bilən güclü lider idi.

Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 26-cı ilini yaşayır. Ötən illər ərzində ölkəmizin keçdiyi böyük inkişaf yolu, regionda lider mövqeyə çıxması, beynəlxalq birliyin sayılan, hörmət bəslənilən subyektinə çevrilməsi hamımız üçün qürur mənbəyidir. Müstəqilik tariximizin arxada qalan illərini yada salarkən onu da heç zaman unutmuruq ki, keçdiyimiz bu yol heç də rəvan olmayıb, dövlətçiliyimiz çətin sınaqlardan keçib. Müstəqilliyimizin, milli dövlətçiliyimizin həmin taleyüklü anlarından birinin ildönümünü qeyd edirik.

24 il öncə bu günlər Azərbaycan tarixin çox ağır  dövrünü yaşayırdı. Dərinləşən siyasi böhran, çökmüş iqtisadiyyat, iflic olmuş dövlət idarəçiliyi, düşmən ölkənin genişlənən hərbi təcavüzü və vətəndaş müharibəsi təhlükəsi. “Azərbaycanın ağır, mürəkkəb vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" – ulu öndər Heydər Əliyev 1993-cü ilin 15 iyununda fəlakətlə üz-üzə qalmış dövlətin rəhbərliyinə bu sözlərlə qayıtdı. Bu qayıdış, hər şeydən öncə, tarixi zərurət və zamanın tələbi idi. Qarşıda çətin sınaqlar vardı: sabitliyi yaratmaq, müstəqilliyi möhkəmlətmək, ölkəni iqtisadi inkişaf  yoluna çıxartmaq. Heydər Əliyevin bu yola başlayarkən dediyi sözlər müstəqillik tariximiz üçün həqiqət anı idi. Bu qayıdış hər kəsin ümidlə gözlədiyi sabitlik və qanunçuluğu, milli dövlətçiliyi bərqərar etdi.

Heydər Əliyev böyük siyasətdə olduğu bütün dövrlərdə şəksiz liderliyi, qətiyyət və prinsipiallığı, uzaqgörənliyi ilə uğur qazanıb. Çünki o, yaşadığı dövrün mürəkkəb, ziddiyyətli proseslərindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə belə təmkinini itirməyən və hər zaman doğma xalqının maraqlarını dəqiqliklə hesablaya bilən güclü lider idi. Ulu öndərin 1969-cu ildə respublika partiya təşkilatının rəhbəri seçilməsi də sözsüz ki, onun liderlik keyfiyyətlərinə, təşkilatçılıq bacarığına, şəxsi-intellektual imkanlarına o vaxtkı SSRİ rəhbərliyi tərəfindən verilən yüksək qiymətin göstəricisi idi. Lakin burada bir məqamı vurğulamaq vacibdir. Heydər Əliyev bu etimadın müqabilində, sadəcə, respublikada Moskvanın göstərişlərini həyata keçirən bir rəhbər olmadı. Əksinə, o, sovet idarəçiliyinin şablonlaşmış texnologiyasını respublikanın rifahına, inkişafına yönəltməyi bacaran dövlət xadimi kimi özünü təsdiq etdi. İndi bunu aydın dərk edirik ki, Heydər Əliyev o dövrdəki fəaliyyəti ilə həm də Sovetlər Birliyinin iqtisadi imkanlarını Azərbaycanın uzunmüddətli tərəqqisi və nəticə etibarilə indiki müstəqil dövlətçiliyimizin iqtisadi təməli üçün maksimum dərəcədə sərf etməyi bacarmışdır. Onun respublikaya birinci rəhbərliyi dövründə Azərbaycanda əldə edilən iqtisadi nailiyyətlər, əsası qoyulan nəhəng layihələr, yaradılan güclü sənaye, elmi-texniki və intellektual potensial müstəqillik dövründə ölkəmizin davamlı inkişafı üçün möhkəm bünövrə oldu.

Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyə başladığı dövrdə respublikamız bir çox sahələrdə olduğu kimi, yüksək ixtisaslı milli kadrların hazırlığı məsələsində də digər respublikalardan geri qalırdı. Yüksək səviyyəli təhsil və tədrisin hər bir xalqın gələcəyinin mühüm şərti olduğunu nəzərə alan ulu öndər qısa müddət ərzində bu geriliyin aradan qaldırılması üçün mühüm qərarlar qəbul etdi. Azərbaycanda yeni ali təhsil müəssisələri, fakültələr açılmaqla yanaşı, hər il yüzlərlə azərbaycanlı gənc SSRİ-nin aparıcı təhsil ocaqlarına oxumağa göndərilirdi. 70-80-ci illərdə respublikamızdan ümumilikdə 15 minə yaxın gənc keçmiş İttifaqın ən qabaqcıl ali məktəblərində təhsil almışdı. Bu gün onların böyük hissəsi dövlət idarəçiliyində, iqtisadiyyatda, elm və təhsildə uğurla çalışırlar.

Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dövlət-vətəndaş münasibətlərinin də hüquqi müstəvidə nizamlandığı, insan hüquq və azadlıqlarının təmin olunduğu ədalətli cəmiyyətin formalaşmasında müstəsna rol oynamışdır. Sözsüz ki, bu fəaliyyətin ən əhəmiyyətli hissəsini ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövr təşkil edir. Heydər Əliyev 1993-cü ilin yayında xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıdanda Azərbaycan dövlət olaraq iflas həddində idi, hüquqi dövlət, ədalət və qanunçuluqdan danışmaq mümkün deyildi. 1991-1992-ci illərdə ölkədəki faktiki hakimiyyətsizlik, hərc-mərclik, cinayətkarlığın sürətlə artması dövlət təsisatlarının fəaliyyətinin ciddi şəkildə aşınmasına, hüquq sistemində qeyri-sağlam mühitin yaranmasına rəvac vermişdi. Ermənistanın ölkəmizə qarşı işğalçı müharibəsinin davam etməsi, total böhran, daxili siyasi didişmələr Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vaxtda Azərbaycan xalqı üzünü Heydər Əliyevə tutdu, onun müdrikliyinə güvəndi.

"Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".

Müstəqil Azərbaycanın çətin vaxtlarında, dövlətçiliyimizin ağır günlərində Heydər Əliyevin göstərdiyi əzm və qətiyyət onun bu sözlərindəki həqiqəti dəfələrlə təsdiqləmişdir.

Ulu öndərin Azərbaycan tarixində böyük missiyası olduqca ağır şəraitdə müstəqilliyimizi xilas etmək, hüquq və ədalətə, demokratik inkişafa əsaslanan güclü dövlətçiliyin əsasını qoymaq oldu. Onun hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqillik tarixində yeni, real dövlət quruculuğu səhifəsi açıldı. Prezident Heydər Əliyevin 1994-cü il 9 avqust tarixli "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmanı respublikada qanunun aliliyinin əsas istiqamətlərini müəyyənləşdirən mühüm hüquqi sənəd idi. Heydər Əliyevin qətiyyəti, dövlətçilik əzmi sayəsində 1994-cü ilin oktyabr və 1995-ci ilin martında dövlət çevrilişi cəhdlərinin qarşısının alınması bu yöndə dönüş mərhələsi oldu. Ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi, qanunsuz silahlı birləşmələrin fəaliyyətinə, hərbi çevriliş və qiyam vasitəsilə hakimiyyətə gəlmək cəhdlərinə birdəfəlik nöqtə qoyulması Azərbaycanın inkişafını möhkəm hüquqi rels üzərinə çıxardı.

Böyük öndərin rəhbərliyi altında hazırlanan, geniş ictimai müzakirələrdən keçərək 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan yeni Konstitusiya Azərbaycanda dövlət quruculuğu sahəsində fundamental islahatlara yol açdı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynadı. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən ardıcıl işlər bütövlükdə müstəqillik və milli dövlətçilik amalının praktiki baxımdan bərqərar olmasına yönəlmişdir.

Əsas Qanun Azərbaycanın hüquqi-qanunvericilik müstəvisini dünyanın mütərəqqi, demokratik dəyərləri ilə zənginləşdirdi. Azərbaycanda hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsi qoyuldu. Konstitusiyanın mühüm cəhətlərindən biri də vətəndaş hüquq və azadlıqlarına aid geniş yer ayrılması ilə bağlıdır. Bu mərhələdən etibarən ümummilli lider Heydər Əliyevin rəhbərliyi və fəal iştirakı ilə ölkənin demokratik dəyərlər üzərində qurulan möhkəm qanunvericilik bazası yaradılmış, inkişaf etdirilərək təkmilləşdirilmişdir.

İctimai həyatın ən müxtəlif sahələrində haqq-ədalət prinsipinin qorunmasına çalışan, bunu xalq-dövlət münasibətlərinin əsas formuluna çevirən Heydər Əliyev yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün hesab etmişdir. Ötən dövrə nəzər salsaq, görərik ki, məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu istiqamətdə zəngin hüquqi islahatlar yolu keçmiş, nəticədə keçmiş Sovet İttifaqından miras qalmış hüquq sistemi demokratik prinsiplər əsasında yenidən qurulmuşdur. Aparılan hüquqi islahatların əsasında inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi, ümumbəşəri demokratik prinsiplər, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri dayanmışdır.

Sistemli şəkildə həyata keçirilən hüquqi islahatların, siyasi liberallaşmaya xidmət edən tədbirlərin əsasında insana qayğı, şəxsiyyətə və insan ləyaqətinə hörmət amili dayanmışdır. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edildi. Azərbaycan MDB məkanında bu tarixi qərarı qəbul edən ilk dövlət idi. O vaxt hətta Avropa Şurasının üzvü olan bir çox ölkələr analoji addımı atmamışdı. 1998-ci il iyunun 18-də isə böyük öndərin fərmanı ilə təsdiq olunan "Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" hüquqi islahatlar prosesində yeni mərhələ açdı. Növbəti illərdə dövlət proqramında nəzərdə tutulmuş çoxşaxəli tədbirlər uğurlu həllini tapmışdır. Respublikamız qanunların təkmilləşdirilməsi mərhələsində təkcə beynəlxalq təcrübəni öyrənib tətbiq etməklə kifayətlənməmiş, eyni zamanda, müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşularaq insan hüquq və azadlıqlarına sadiqliyini sübuta yetirmişdir. Ötən müddətdə Azərbaycan 200-dən artıq beynəlxalq konvensiya və sazişə qoşulmuş, onlardan irəli gələn öhdəlikləri yerinə yetirmiş, hüquqi dövlət quruculuğu prosesində ATƏT, Avropa Şurası, BMT, Avropa Birliyi və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etmişdir.

Ölkəmizin qoşulduğu beynəlxalq sənədlərin təxminən yarıdan çoxu insan hüquq və azadlıqları ilə bağlıdır. Bütün bunlar isə demokratikləşmə prosesinin sürətlənməsinə əsaslı zəmin olan hüquqi dövlət ideyasının gerçəkləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 1998-ci ildə Azərbaycanda Konstitusiya Məhkəməsi fəaliyyətə başlamış, ölkənin bütün hüquq sistemində köklü dəyişikliklərə səbəb olmuş mütərəqqi qanunlar, yeni Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edilmişdir. Bütün bu qanunlar demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğun hazırlanmış və beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hüquqi dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirmişdir. Ötən müddətdə Azərbaycanda həyata keçirilən dövlət siyasətinin üstün istiqamətlərindən biri də vətəndaş cəmiyyəti institutunu möhkəmlətmək, siyasi plüralizm, demokratikləşmə prosesini dərinləşdirmək və bu istiqamətdə Avropa Şurası, Avropa Birliyi və ATƏT kimi mötəbər təşkilatlarla əməkdaşlıq xəttini davam etdirməkdən ibarətdir.

Azərbaycanın güclü, müasir və zəngin dövlətə çevrilməsi üçün həm iqtisadi, həm də hüquqi və siyasi islahatlar paralel şəkildə aparılmalı və onlar bir-birini tamamlamalıdır. Dövlət başçısı Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Prezident İlham Əliyev son illərdə cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən milli qanunvericiliyin təkmilləşdirilməsi prosesini diqqət mərkəzində saxlamışdır. Məhkəmə, ədliyyə, polis və prokurorluq orqanlarının daha səmərəli fəaliyyətinə, habelə insan hüquqlarının etibarlı təminatına yönəlmiş yeni qanun və qərarlar qəbul edilmişdir.

Hüquqi və siyasi islahatlar dövlət idarəçiliyinin təkmilləşdirilməsinin, ölkənin ümumi inkişafının tərkib hissəsi kimi davamlı bir prosesdir. Bu baxımdan 2009-cu il martın 18-də və 2016-cı ilin 26 sentyabrında Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilmiş referendumlar xalqın suveren hüququnu və azad siyasi iradəsini ifadə etməsinə maksimum imkan yaratmaqla, demokratikləşmə prosesində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Bu yerdə onu da qeyd etmək yerinə düşər ki, 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Əsas Qanuna edilən dəyişikliklərin böyük qismi bilavasitə insan hüquq və azadlıqlarının qorunması ilə bağlıdır. Konstitusiyanın 24-cü maddəsinə insan ləyaqətinin qorunması və ona hörmət edilməsi, hüquqlardan sui-istifadəyə yol verilməməsi prinsiplərinin əlavə edilməsi; 25-ci maddəyə sağlamlıq imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması ilə bağlı müddəanın əlavə edilməsi; 32-ci maddədə şəxsi toxunulmazlıq hüququ, yəni fərdi məlumatların qorunmasına etibarlı təminat yaradılması; 36-cı maddədə əmək müqaviləsi əsasında işləyən şəxslərin hüquqlarının müdafiəsi məqsədilə lokautun (müəssisənin bağlanması və kütləvi işdən çıxarma) qadağan edilməsi və digər dəyişikliklər buna misaldır.

Əsas Qanuna edilən dəyişikliklər həm də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək məqsədi daşıyır. O cümlədən vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda dövlət idarəetməsi sahəsində yeni və olduqca vacib hadisədir. Bu institut ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğu və əsaslı iqtisadi islahatların aparıldığı müasir dövrdə idarəetmə sistemində səmərəliliyin artırılması baxımından əhəmiyyətli olacaq.

Məlumdur ki, son illər qlobal maliyyə-iqtisadi böhranı kimi xarakterizə olunan proseslər, dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ölkəmizə də təsirsiz ötüşməyib. Ölkə başçısının rəhbərliyi altında iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun daha sürətli inkişafı və milli iqtisadiyyatın uzunmüddətli hədəfləri ilə bağlı yol xəritəsinin işlənib həyata keçirilməsi istiqamətində həm institusional, həm də praktik tədbirlər görülür. Bu baxımdan Konstitusiyaya edilən dəyişikliklərin bir qisminin iqtisadi hüquqlarla bağlı olması da təsadüfi deyil. Mülkiyyət hüququ ilə bağlı sosial məsuliyyət ideyasının Konstitusiyaya daxil edilməsi, sahibkarlıq hüququ ilə bağlı təminatlar ölkəmizdə torpaqlardan səmərəli istifadə edilməsinə, azad sahibkarlığın inkişafının daha güclü təmin olunmasına xidmət edəcək.

Bütün bunlar göstərir ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, ictimai həyatın bütün sahələrini əhatə edən demokratikləşmə prosesləri uğurla davam etdirilir, qanunun aliliyinin təmini, bəşəri dəyərlərin bərqərar olması üçün böyük işlər görülür. Ulu öndər deyirdi: “Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir”. Bu gün o xoşbəxtliyi yaşayırıq. Azərbaycanın müasir inkişafı və gələcəyə hesablanmış addımlar, uğurla davam etdirilən strateji dövlətçilik kursu Heydər Əliyev siyasətinin təntənəsidir.

Azərbaycan qloballaşan dünyanın tərkib hissəsi kimi bu inteqrasiya magistralında uğurla irəliləyir. Ölkəmizin beynəlxalq miqyasda mövqeyinin möhkəmlənməsində mühüm faktorlardan biri də dünyaya nümayiş etdirdiyi sülh siyasəti, sivilizasiyalararası dialoqa töhfəsidir. Azərbaycan əsrlər boyu fərqli mədəniyyətə, dini dünyagörüşünə malik insanların anlaşma içində yaşadığı ölkə olub və bu gün də həmin dəyərlərə sadiqdir. Tolerantlıq və multikulturalizm Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətidir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanda çoxmillətli, çoxkonfessiyalı cəmiyyətin inkişafı bizim böyük sərvətimizdir.

Bu gün Azərbaycan yerləşdiyi coğrafiyada, kifayət qədər mürəkkəb geosiyasi şəraitdə öz gücünə, potensialına arxalanaraq müstəqil siyasət yeridir. Eyni zamanda, dünyada tərəfdaşlarımızın, bizə etimad bəsləyən ölkələrin sayı artır. Azərbaycanın 2012-2013-cü illərdə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasında yer alması da bunun göstəricisi idi. Ölkəmizdə keçirilən qlobal beynəlxalq tədbirlər həm imkanlarımızı, gücümüzü göstərir, eyni zamanda, bizə olan hörməti daha da artırır. Bakıda uğurla gerçəkləşən IV İslam Həmrəyliyi Oyunları bunun bir daha təsdiqi oldu.

Sözsüz ki, ölkəmizin uğurlarını gözü götürməyən qüvvələr də var. Amma onların Azərbaycan dövlətini hədəfə alan bütün cəhdləri əbəsdir. Azərbaycan rəhbərliyi heç vaxt ölkənin gələcəyini, taleyini kənarda, xarici güclərdə, beynəlxalq dairələrin himayəsində axtarmır. Cənab Prezidentin qeyd etdiyi kimi: “Biz nəyi qazanmışıqsa, nəyi əldə etmişiksə, ancaq Azərbaycan xalqının zəhməti hesabına, düşünülmüş siyasət nəticəsində əldə etmişik. Bizim gələcək planlarımızla bağlı çox dəqiq təsəvvürümüz var. Ölkəmizi daha da gücləndirməliyik, Azərbaycan xalqının rifah halını daha da artırmalıyıq və dünya miqyasında Azərbaycan daha da möhkəm yer tutmalıdır. Bu yol Heydər Əliyev yoludur. Biz onun siyasətinə sadiqik, bu yolla gedirik və bundan sonra da gedəcəyik”.

 

Rövşən Rzayev,

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini

"Xalq qəzeti", 18 iyun 2017-ci il

 

baxılıb: 2020 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR