“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
18 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Ümumi məlumat

Azərbaycan iqtisadiyyatı (qısa ismal)

A+ | A-

Azərbaycan uzun müddət keçmiş Sovetlər birliyinin üzvü olduğundan onun iqtisadiyyatı keçmiş SSRİ-nin vahid xalq təsərrüfatı kompleksinin tərkib hissəsi kimi formalaşmış və onun strukturu tamamilə həmin birliyin iqtisadiyyatının tələblərinə uyğunlaşdırılmışdı. 
Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikasının qarşısında duran mühüm vəzifələrdən biri də müstəqil ölkənin tələblərinə cavab verən və müasir dünya təsərrüfatına səmərəli inteqrasiya edən, bazar prinsipləri əsasında qurulmuş milli iqtisadiyyatı formalaşdırmaq idi. 
Zəngin karbohidrogen ehtiyatlarına və bunların hasilatı və emalı sahəsində uzunmüddətli təcrübəyə malik olması ölkədə neft hasilatı və emalı sənayesinin, habelə neft-kimya sənayesinin inkişafına, əlverişli təbii-iqlim və torpaq resurslarının mövcudluğu kənd təsərrüfatı və turizm sahələrinin inkişafına, əlverişli coğrafi mövqe isə ölkənin beynəlxalq tranzit nəqliyyat sisteminə qoşulmasına əlverişli zəmin təşkil edirdi. Müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatı məhz bu zəminlər üzərində dəyişməyə və formalaşmağa başladı.  
1990-cı illərdə iqtisadi islahatların aparılması üçün hüquqi bazanın yaradılması məqsədilə təxirəsalınmaz əsas normativ və qanunvericilik aktları qəbul edildi. Dövlət sifarişi, kvotalaşma və lisenziyalaşma sistemi ləğv edildi, xarici ticarət fəaliyyəti, qiymətlər tamamilə liberallaşdırıldı, müəssisələr tərəfindən əldə edilmiş valyutaların məcburi qaydada satılması tələbi aradan qaldırıldı, valyuta büdcəsi ləğv edildi, əmək haqqı üzrə məhdudiyyətlər aradan qaldırıldı, sərt maliyyə və pul-kredit siyasəti tətbiq edildi, gömrük və vergi siyasəti təkmilləşdirildi, xarici və xüsusi investisiyaların cəlb edilməsi üçün münasib hüquqi şərait yaradıldı. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 1995-ci ildə respublikada artıq 10 min kiçik müəssisə, 80 minə yaxın fərdi kommersiya strukturları, 100-dən çox kommersiya bankı, 3,5 min kooperativ, 850 fermer təsərrüfatı, xarici investorların iştirakı ilə birgə müəssisə fəaliyyət göstərirdi. 
Bu dövrdə, ilk növbədə, xarici investorlar üçün yüksək dərəcədə cəlbedici olan ölkənin zəngin neft ehtiyatları diqqətə gətirildi: 1994-cü ilin sentyabrında “Azəri-Çıraq-Günəşli” yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü sazişi - “Əsrin müqaviləsi” imzalandı. Bundan sonra 2000-ci ilədək olan qısa müddətdə Azərbaycanın neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsinə 12 ölkənin 29 iri enerji şirkəti cəlb edildi, onların iştirakı ilə neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə 30-dan çox beynəlxalq saziş (hasilatın pay bölgüsü sazişləri) imzalandı. Həmin sazişlərin əhəmiyyətli bir hissəsi üzrə kəşfiyyat və qazma işləri bu gün də davam edir, bir neçə saziş üzrə neft və qaz hasilatı və ixracı həyata keçirilməkdədir. Xüsusilə “Azəri-Çıraq-Günəşli” və “Şah-Dəniz” sazişləri üzrə neft və qaz hasilatı və ixracı həcmləri ildən-ilə artmaqdadır. 
Hazırda ölkə iqtisadiyyatının əsasını neft-qaz sektoru təşkil edir. 2010-cu ildə ölkədə 50,8 milyon ton neft hasil edilmişdir ki, bu da 2003-cü ildə (15,4 milyon ton) olduğundan  3,3 dəfə çoxdur. Neftin 8,5 milyon tonu (16,7 faizi) milli neft şirkəti olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən, qalanı isə neft sazişləri (əsasən “Azəri-Çıraq-Günəşli” konsorsiumu) çərçivəsində hasil edilmişdir. Ümumiyyətlə, son illər Azərbaycanda neft və qaz hasilatı məhz neft-qaz sazişləri çərçivəsində fəaliyyət göstərən konsorsiumların hasilatı hesabına artmaqdadır. Hazırda Azərbaycan nefti 22 ölkəyə ixrac olunur. Ölkənin ixracının 86,5 faizi xam neftin, 6,0 faizi isə neft məhsullarının payına düşür. 2010-cu ildə konsorsiumlar tərəfindən çıxarılan neftin 71 faizi Azərbaycan dövlətinin payına çatmışdır. 
2010-cu ildə ölkədə qaz hasilatı 26,3 milyard kub metr səviyyəsinə çatıb ki, bunun 7,1 milyardı (27,4 faizi) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, qalan 19,2 milyard kub metri isə “Azəri-Çıraq-Günəşli” və “Şah-Dəniz” konsorsiumları tərəfindən hasil edilmişdir. 
Ölkədə beynəlxalq neft sazişləri çərçivəsində neft-qaz hasilatı və ixracı həcmlərinin daha da artması və neftin dünya bazar qiymətlərinin yüksəlməsi hesabına ölkənin böyük neft gəlirləri əldə etməsi Azərbaycanı 2005-2007-ci illərdə illik ÜDM-in artım templərinə görə dünya liderləri sırasına çıxarmışdı: ölkədə 2005-ci ildə 26,4 faizlik, 2006-cı ildə 34,5 faizlik, 2007-ci ildə isə 25,0 faizlik ÜDM artımı qeydə alındı. 2008-ci ildə dünyanı bürümüş olan maliyyə-iqtisadi böhrana rəğmən Azərbaycanda ÜDM-in kifayət qədər yüksək illik artım tempi qeydə alındı – 10,8 faizlik real artım. Həmin ildə ölkənin ÜDM-i 48,85 milyard ABŞ dolları təşkil etdi ki, bu da 2004-cü ildə olduğundan 5,6 dəfə çox idi. 2008-ci ildə adambaşına düşən ÜDM 5600 ABŞ dolları səviyyəsinə çatıb. Rəsmi məlumatlara əsasən, 2005-2008-ci illərdə ölkədə yaradılan ÜDM-nin 55-60 faizi neft-qaz sektorunun payına düşüb. 2009-2010-cu illərdə neft sektorunun payının azalması, qeyri-neft sektorunun payının isə bir qədər artması müşahidə edilmidir.  
Hazırda ölkə iqtisadiyyatında 4 milyondan çox insan məşğuldur. Məşğul əhalinin 1 milyon 560 mindən bir qədər çoxu, yaxud 38,4 faizi kənd təsərrüfatı və meşə təsərrüfatında çalışır, lakin bu sahədə ölkənin illik ÜDM-nin cəmi 5 faizinə qədəri yaradılır. Ölkədə həm bitkiçilik (meyvə-tərəvəz istehsalı, üzümçülük, bostan məhsulları, texniki bitkilər və s.), həm də heyvandarlıq (südlük və ətlik-südlük iribuynuzlu heyvandarlıq, qoyunçuluq, quşçuluq və s.)  sahələri fəaliyyət göstərir. 
Son illər ölkədə yeni yaradılan emal sənayesi müəssisələrinin sayı artdıqca burada çalışanların sayı da artmaqdadır: belə ki, əgər 2000-ci ildə bu sahənin müəssisələrində 170 minədək işçi məşğul idisə, 2009-cu ildə onların sayı 200 minə yaxınlaşıb ki, bu da bütün məşğul əhalinin 5,0 faizi qədərdir. Ölkədə tikinti işlərinin geniş vüsət alması bu sektorda çalışanların sayında da özünü göstərir: məşğul əhalinin 5,5 faizi yaxud təqribən 225 min nəfəri burada çalışır ki, bu sektorun ÜDM-də payı son illər təqribən 6-8 faiz aralığında dəyişir. Məşğul əhalinin təqribən 1,0 faizi (40,5 min nəfər) elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi işlərində çalışır. Beləliklə, ölkə iqtisadiyyatının bütün istehsal sahələrində hazırda təqribən 2,0 milyondan bir qədər çox insan (məşğul əhalinin təqribən yarısı) çalışır.
Məşğul əhalinin qalan hissəsi xidmət sektorlarında fəaliyyət göstərir. Bunlardan 660 mindən bir qədər çoxu (bütün məşğul əhalinin təqribən 16-17 faizi topdan və pərakəndə ticarətlə, habelə avtomobillərin və məişət texnikasının təmiri ilə məşğul olmaqdadır. Məşğul əhalinin 347 min nəfəri (8,5 faizi) təhsildə, 280 min nəfərə qədəri (7 faizədək) dövlət idarəetməsi və müdafiədə, habelə sosial təminatda, 210 mini (5 faizi) nəqliyyat, anbar təsərrüfatı və rabitə sahələrində, 180 mindən bir qədər çoxu (4,5 faizi) səhiyyə və digər sosial xidmətlər sferasında, 140 minə qədəri (3-4 faizi) daşınmaz əmlak üzrə əməliyyatlar və icarə işlərində, 135 minə qədəri (3 faizi) kommunal və şəxsi xidmətlər göstərilməsində, 18-19 min nəfəri isə maliyyə fəaliyyəti sahəsində xidmət göstərir. 
2010-cu ildə ölkədə yaradılan ÜDM-in 52,6 faizi sənayedə, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və ovçuluqda, 7,5 faizi tikintidə, 7,6 faizi ticarət və pullu xidmətlər sahəsində, 6,0 faizi nəqliyyat və yük daşınmasında, 1,9 faizi rabitə və informasiya xidməti sahəsində. 11,9 faizi isə sosial xidmətlər sektorunda formalaşmışdır. ÜDM-in 7,1 faizi məhsula və idxala vergilər hesabınadır. 
2010-cu ildə ölkədə istehsal olunan sənaye məhsulunun 75,7 faizi mədənçıxarma (neft-qaz, və digər mineral sərvətlərin hasilatı), 19,2 faizi emal, 4,5 faizi elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi, 0,6 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahələrində yaradılıb. Ölkənin sənaye sahələrində işləyənlərin sayı 165,4 min nəfər təşkil edib ki, onların 21,1 faizi mədənçıxarma, 48,2 faizi emal, 17,5 faizi elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi, 13,2 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahələrinə aid müəssisələrdə çalışıb. 
2010-cu il ərzində əhaliyə 18404 mln. manatlıq və ya 2009-cu illə müqayisədə 9,4% çox geniş çeşidli istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Hesabat dövründə 2009-cu illə müqayisədə əmtəə dövriyyəsi 9%, pullu xidmətlərin həcmi isə 10,8% artmışdır. Dövr ərzində ölkə sakinləri ticarət şəbəkəsindən 8796,1 mln. manatlıq ərzaq məhsulları və 4883,4 mln. manatlıq qeyri-ərzaq malları almış və bu göstəricilərin real həcmi 2009-cu ilin eyni dövrünə nəzərən müvafiq olaraq 7,5% və 13,8% artmışdır.
Ötən ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqları ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% artaraq 325 manat təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən gəlirləri isə 11,9% artaraq 2866 manata çatmışdır.
Hesabat dövründə xarici ticarət dövriyyəsi 27,1 mlrd. ABŞ dolları, o cümlədən, ixrac 21,8 mlrd. ABŞ dolları, idxal isə 6,4 mlrd. ABŞ dolları olmaqla 14,4 mlrd. ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranmışdır.
2010-cu il üzrə orta illik inflyasiya 5,7% təşkil etmişdir.
"Yaşayış minimumu haqqında" və "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası qanunlarına uyğun olaraq ehtiyac meyarı mərhələlərlə yaşayış minimumuna çatdırılmalıdır. Aztəminatlı ailələrin sosial müdafiəsini təmin edən ünvanlı sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac meyarının məbləği artırılaraq 2010-cu ildə 65 manata çatdırılmış, ünvanlı sosial yardım 110,6 min ailə və ya 500 min nəfər aztəminatlı şəxsi əhatə etmişdir. 2011-ci ildə ehtiyac meyarının məbləği yaşayış minimumunun 78,9%-i götürülməklə 75 manat müəyyənləşdirilmişdir ki, bu da çətin vəziyyətdə yaşayan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət tərəfindən görülən konkret tədbirlərdən biridir. 
2011-ci il yanvarın 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 4346,3 min nəfər olmuş, onlardan 4088 min nəfərini (94,1%) iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil etmişdir. Həyata keçirilən tədbirlər sosial sahədə əhəmiyyətli müsbət dəyişiklikləri təmin etmişdir. Belə ki, 2010-cu ildə ölkə əhalisinin nominal pul gəlirləri 13,3% artaraq 25,6 mlrd. manata çatmış, onun adambaşına həcmi 2866 manat və ya ayda orta hesabla 238,8 manat təşkil etmişdir. Hesabat dövründə işləyənlərin orta aylıq əmək haqqı orta hesabla 9,1% artaraq 325 manata çatmışdır.
Azərbaycan Respublikasının milli iqtisadiyyatının beynəlmiləlləşməsinin və inteqrasiyasının müasir mahiyyəti Beynəlxalq Əmək Bölgüsünə (BƏB-ə) əsasən müəyyən olunur. Belə ki, BƏB sayəsində dünya ölkələrinin dünya bazarında istehsal həcminin ümumi göstəricisi müəyyən olunur. Beynəlxalq iqtisadi inteqrasiya dövlətlər arasında istehsal amillərinin və malların sərbəst hərəkətini nəzərdə tutur. İqtisadi inteqrasiyaya uğrayan Azərbaycan Respublikası siyasi cəhətdən müstəqil olmaqla iqtisadi cəhətdən qarşılıqlı asılı vəziyyətdə olur. Azərbaycan Respublikasının regional iqtisadi birləşmələrini nəzərdən keçirdikdə məlum olur ki, coğrafi mövqe mühüm əhəmiyyət kəsb edir. 
Qeyd edək ki, Azərbaycan Respublikasının xarici iqtisadi münasibətlərinin əsas xüsusiyyəti beynəlxalq, regional və yerli xarakterli iqtisadi təşkilatlara daxil olmaq və bununla da ictimai həyatın bütün sahələrində bu təşkilatlara inteqrasiya olunmaqdır. 
Müstəqilliyi bərpa etdikdən sonra (1991-ci ilin oktyabr ayının 18-də) ölkənin ilk əməkdaşlıq münasibətləri əldə etdiyi beynəlxalq iqtisadi təşkilatları aşağıdakı kimi təsnifləşdirmək olar: 
1. İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO) – 1992-ci il; 
2. Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı – 1992 - ci il; 
3. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) – 1993-cü il; 
4. Dünya Ticarət Təşkilatı (keçmiş DTT) müşahidəçi statusunda – 1993-cü il; 


 

baxılıb: 11469 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR