www.azerbaijanli.org
“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
20 Avqust 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Azərbaycan - Müstəqil Dövlətlər Birliyi

Keçmiş müttəfiq respublikaların siyasi məşvərət klubu

A+ | A-

Müstəqil Dövlətlər Birliyi (MDB) 8 dekabr 1991-ci ildə yaranıb. Həmin tarixdə Belarusun Brest şəhəri yaxınlığındakı «Belovejskaya Puşşa» qoruğundakı «Viskuli» hökumət iqamətgahında bir araya gələn Rusiya, Ukrayna və Belarusun rəhbərləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında” bəyanat imzalayıblar.

Həmin sənədlə SSRİ-nin təşkilinə dair 1922-ci il 30 dekabr tarixli ittifaq müqaviləsinə xitam verilib. Beləcə Sovet İttifaqı yaranmasının 69-cu ildönümünə üç həftə qalmış süqut etdi.

Slavyan üçlüyünün qərarına birinci olaraq Qazaxıstan qoşuldu. 1991-ci il dekabrın 21-də Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan rəhbərləri Almatıda toplanaraq Rusiya, Ukrayna və Belarus ilə birlikdə MDB-yə qoşulmaq haqqında qərar qəbul etdilər.

20 dekabr 1991-ci il tarixdə Azərbaycan Ali Sovetin Milli Şurası "Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinə münasibəti haqqında" qərar qəbul edib. Qərarda bildirilirdi ki, Azərbaycan Respublikasının "indiki vəziyyətdə MDB-yə qoşulması" məqsədəuyğun sayılmır.

Bununla belə, prezident Ayaz Mütəllibov dekabrın 21-də Almatıda keçirilən sammitdə MDB-nin təsis olunması barədə sazişə imza atdı. Lakin sənəd Milli Şura tərəfindən ratifikasiya olunmadı.

Almatı deklarasiyası ilə keçmiş sovet ittifaqı dövlətləri daxili və xarici siyasətin müxtəlif sahələrində əməkdaşlıq etmək və siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək niyyətlərini bəyan ediblər. MDB üzvü olan ölkələrin hər biri ayrılıqda beynəlxalq hüququn müstəqil və bərabərhüquqlu subyektləridir. MDB - bu təşkilata üzv olan Dövlət Başçılarının Şurası tərəfindən qəbul edilən 22 yanvar 1993-cü il tarixli nizamnamə əsasında fəaliyyət göstərir.

MDB-nin əsas məqsədləri siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni və digər sahələrdə əməkdaşlıqdan və üzv-dövlətlərin ümumi iqtisadi məkanda, dövlətlərarası kooperasiya və inteqrasiya şəraitində hərtərəfli inkişaf etdirilməsindən ibarətdir.

Təşkilatın ali orqanı burada təmsil olunmuş ölkələrin Dövlət Başçıları Şurasıdır. Şura təşkilatın fəaliyyətilə bağlı prinsipial məsələləri müzakirə edir və qərarlar çıxarır.

1992-ci ilin mayında hakimiyyətə gəlmiş Xalq Cəbhəsinin nümayəndələri Rusiya-Azərbaycan əlaqələrinə münasibətdə mənfi mövqe idilər. Onlar hətta Azərbaycanın MDB-yə, keçmiş Sovetlər İttifaqı respublikalarının yaratdığı Birliyə daxil olmasının əleyhdarı idilər. Bu fikirlərini də onunla əsaslandırırdılar ki, guya MDB-yə daxil olmaqla, Azərbaycan öz müstəqilliyini itirəcəkdir.

1993-cü ilin sentyabrında, Heydər Əliyev iqtidarı dövründə Azərbaycan parlamenti Azərbaycanın MDB-yə üzvlüyünə razılıq verdi. 1993-cü il sentyabrın 24-də Moskvada MDB dövlət başçılarının sammitində iştirak edən prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyev, Milli Məclisin ona verdiyi səlahiyyətə əsasən, ölkəmizin quruma üzvlüyü barədə sənədləri imzaladı.

Qonşu Gürcüstan 1993-cü ilin dekabrında MDB-yə üzv oldu.

Prezident Heydər Əliyev10 oktyabr 1993-cü il tarixdə andiçmə mərasimində çıxış edərkən MDB-nin əhəmiyyətindən də bəhs etmişdir. "Biz əminik ki, Azərbaycanın MDB-yə daxil olması respublikanın iqtisadiyyatının inkişaf etməsi üçün yaxşı şərait yaradacaq və biz bu imkanlardan səmərəli istifadə etməliyik.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın MDB-yə daxil olmasını təhlükəli bir hal kimi qələmə verməyə çalışırlar. Bu, səhv fikirdir. Azərbaycan MDB-də öz müstəqilliyini daim qoruyacaq və MDB-də iştirak etmək Azərbaycanın müstəqilliyinə qətiyyən xələl gətirməyəcəkdir. Azərbaycan müstəqil bir dövlət kimi demokratik yolla gedəcək, beynəlxalq demokratiya normalarına riayət edəcəkdir. Azərbaycanda kommunist ideologiyası, kommunist rejimi bir daha bərpa olmayacaqdır. Güman edirəm ki, Azərbaycan vətəndaşlarının əksəriyyətinin də fikri belədir. Azərbaycan Respublikası bundan sonra heç vaxt başqa bir dövlətin tərkibinə daxil olmayacaq, başqa bir dövlətin tabeliyinə düşməyəcək, öz müstəqilliyini daim qoruyacaqdır."

Azərbaycan 1993-cü ilin sentyabrında MDB-nin tamhüquqlu üzvü olduqdan və Kollektiv Təhlükəsizlik haqqında müqaviləyə qoşulduqdan sonra da Ermənistan Respublikası Azərbaycana qarşı öz təcavüzünü davam etdirmişdir. Əvvəllər işğal olunmuş Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı rayonlarına və Qazax rayonunun bir hissəsinə həmin ilin oktyabr-noyabrında Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən zəbt edilmiş Zəngilan rayonu da əlavə edilmişdir. Bununla da Ermənistan Respublikası Azərbaycanın İran İslam Respublikası ilə dövlət sərhədinə çıxaraq MDB-nin cənub hüdudlarında təhlükəli gərginlik ocağı yaratmış, münaqişənin beynəlmiləl xarakter alması qorxusu törətmişdir. 24 dekabr 1993-cü ildə Heydər Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən bildirib: "...Ermənistan Respublikası təkcə Azərbaycan Respublikasına qarşı təcavüz etmir, həm də indi bizim birliyimizi birləşdirən prinsiplərə tam saymazlıq nümayiş etdirir. MDB-nin üzvü və Kollektiv Təhlükəsizlik haqqında müqavilənin iştirakçısı olan Ermənistan Respublikasının başqa dövlətə, birliyin onun kimi tam hüquqlu üzvü olan dövlətə - Azərbaycan Respublikasına qarşı təcavüz etməsi yolverilməzdir". Heydər Əliyev "Kollektiv təhlükəsizlik haqqında" müqavilə imzalamış MDB ölkələrindən Ermənistanın Azərbaycana qarşı təcavüzünün səbəblərinə və onun nəticələrinə ciddi yanaşmağa dəvət edib. O, dövlət başçılarına müraciət edərək Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə siyasi qiymət verməyə çağırmışdır.

Prezident Heydər Əliyev MDB Dövlət Başçıları Şurasının 15 aprel 1994-cü il tarixli iclasında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində genişmiqyaslı hücumları ilə əlaqədar bəyanat vermişdir. Bəyanatda Rusiyanın vasitəçilik təşəbbüsü çərçivəsində gərgin danışıqlar getdiyi dövrdə erməni silahlı qüvvələrinin hücumlarının səngimədiyi bildirilirdi. Heydər Əliyev Azərbaycanın münaqişənin sülh yolu ilə həll etməkdə maraqlı olduğunu bildirmiş və birliyin üzvlərini bu münaqişəyə laqeyd yanaşmamağa çağırmışdır.

Azərbaycan Prezidenti Heydər Əliyev 1997-ci ilin martında Dövlət Başçıları Şurasının iclasında iştirak etmiş və bir milyard ABŞ dolları məbləğində silah-sursatın Rusiya tərəfindən əvəzsiz olaraq Ermənistana verilməsini iştirakçıların diqqətinə çatdırmışdır.

Heydər Əliyev MDB iştirakçısı olan ölkələrin Dövlət Başçıları Şurasının 2 aprel 1999-cu il tarixli Moskva iclasında yenidən bəyanatla çıxış etmişdir. O, 1994-cü ilin may ayında atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq, indiyədək münaqişəyə son qoyulmadığını bildirmişdir. Heydər Əliyev 1997-ci ilin əvvəlində Rusiyadan Ermənistana qanunsuz, gizli surətdə dəyəri bir milyard ABŞ dolları məbləğində silah, tank, operativ-taktiki və zenit-raket kompleksləri və digər texnika göndərilməsi faktlarından narahatlığını yenidən ifadə etmişdir. Rusiya silahının və hərbi texnikasının Ermənistana göndərilməsini, bu ölkə ərazisində hərbi bazaların yerləşdirilməsini MDB ölkələrinin kollektiv təhlükəsizliyi haqqında müqavilənin kobud şəkildə pozulmasına səbəb olduğunu bildirmişdir.

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünə MDB-nin bir təşkilat olaraq siyasi qiymət vermədiyini əsas gətirən Azərbaycan Respublikası 1999-cu ildə “Kollektiv təhlükəsizlik haqqında” müqavilədən çıxmışdır.

Bununla belə MDB çərçivəsində fəaliyyət Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir.

MDB-nin perspektivi onun bugünkü vəziyyəti ilə bilavasitə bağlıdır. Bu gün MDB mahiyyət etibarilə dövri olaraq dövlət başçılarının görüşlərinin keçirildiyi və onlara öz mövqelərini bir-birinə çatdırmağa imkan verən siyasi klubdur.

Təşkilat daxilində bir sıra dövlətlər arasında davam edən, yaxud zaman-zaman meydana çıxan problemlər (Ermənistan-Azərbaycan, Rusiya-Gürcüstan, Rusiya-Moldova, Rusiya-Ukrayna) MDB üzvü olan ölkələrin hərtərəfli inkişafına və inteqrasiyasına böyük maneçiliklər törədir. 2009-cu ilin avqustunda Gürcüstan MDB-dən çıxmışdır.

 

baxılıb: 3338 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR