“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
21 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Qarabağ sovetləşmə dövründə

1920-1921-ci illər

A+ | A-

3 may 1920 - Sovet hakimiyyəti Azərbaycanın bütün ərazisinə yayılmağa başlayıb. Xalq Cümhuriyyətinin azsaylı ordu hissələri yalnız Qarabağda qalmışdı və erməni qüvvələri ilə döyüşürdü. Müvəqqəti İnqilab Komitəsi yerlərdə qəza, mahal və kənd inqilab komitələrinin yaradılması barədə dekret verib. Bu arada bolşeviklərin Bakı buxtasındakı hərbi-dəniz qüvvələri cənuba doğru hərəkət edərək Lənkərana və Astaraya desant çıxardıb.

 

3 iyun 1920 - Zəngəzur və Qarabağda bolşevik işğalına müqavimət göstərən Nuru paşanın başçılıq etdiyi Xalq Cümhuriyyətinin ordu hissələri Şuşa şəhərini ələ keçiriblər. Onların üzərinə XI rus ordusunun əlavə birləşmələri göndərilib. Sayca qat-qat çox olan rus qoşunları Levandovskinin komandanlığı altında iyunun 15-də şəhəri yenidən işğal ediblər. Milli ordunun azsaylı hissələri Cəbrayıl qəzasına geri çəkiliblər. 

İyunun sonunda bu bölgə bolşeviklərin nəzarətinə keçdi. Sovetləməyə qarşı üsyanlar ilin sonunadək Şəmkir, Quba və digər bölgələrdə də baş verdi.

 

9 avqust 1920 - Bolşevik Rusiyasının XI ordu hissələri Azərbaycanın ardınca Ermənistanı da sovetləşdirmək üçün Sisiyan, Qafan və Gorus istiqamətində hücuma keçərək Dro və Nijdenin daşnak qüvvələrini oradan vurub çıxarıblar. Bolşeviklərin gəlişi daşnakların Zəngəzur bölgəsindəki azərbaycanlı əhaliyə qarşı qırğınlarının qarşısını, qismən də olsa, aldı. Lakin çox keçməmiş bu "xilaskarlıq" əks üzünü göstərdi və Zəngəzur sovet Ermənistanına verildi.

 

10 avqust 1920 - Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarıb, Qarabağ və Zəngəzur "mübahisəli ərazilər" elan olunub. Bolşevik Rusiyası Azərbaycan torpaqları hesabına Ermənistanı şirnikləndirmək və sovetləşdirmək siyasəti güdürdü. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri N.Nərimanov buna qarşı çıxsa da, nəticəsi olmadı.Həmin ilin dekabrında Zəngəzur Ermənistana birləşdirildi.

Sonrakı illərdə Qazaxın dağlıq hissəsi - Dilican ərazisi, 1927-ci ildə Mehri-Cəbrayıl qəzalarından 24 kənd, 1929-cu ildə aşağı Zəngəzurdan Nüvədi, Tuğut və Yernəzir kəndləri, Naxçıvandan 9 kənd Ermənistana verildi.

 

1 dekabr 1920 - Azərbaycanda bolşevik hökumətinin - Müvəqqəti İnqilab Komitəsinin rəhbəri Nəriman Nərimanov Ermənistan kommunistlərinə məktub göndərərək Zəngəzurun Ermənistana verilməsinə razılığını bildirib. Noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulmuşdu və Azərbaycan bolşevikləri sovetlərin ümumi qələbəsi xatirinə Zəngəzuru erməniləri verdilər. Beləcə, Azərbaycan torpaqlarını qoparmaq hesabına Ermənistan SSR (ərazisi 29 min kv km) yarandı.

 

2 dekabr 1920 - Türkiyə ilə daşnak Ermənistanı arasında Gümrü sazişi imzalanıb. Erməni tərəf Sevr müqaviləsinin (10 avqust 1920) qüvvədən düşdüyünü qəbul edərək Türkiyəyə ərazi iddiası olmadığını bildirib, Naxçıvanla bağlı iddialarından əl çəkib, üstəlik Gümrünü Türkiyəyə verməyə razılaşıb. Antanta ilə Osmanlı arasında bağlanan Sevr müqaviləsində Qarsın Ermənistana verilməsinə dair maddə vardı. Atatürk Türkiyəsi müqaviləni rədd etdi və daşnakların Qarsı istəməsinə cavab olaraq Ermənistanla savaşa (23 sentyabr) başladı.

Erməniləri məğlub edən türklər Gümrünü ələ keçirdilər və daşnak hökumətini təslimçi sülhə məcbur etdilər. Lakin daşnaklar Gümrü sazişini imzalayanda Ermənistanda faktiki hakimiyyəti itirmişdilər, İrəvanda sovet hakimiyyəti qurulmuşdu. Sovet Ermənistanı Rusiyanın dəstəyi ilə Gümrü sazişini rədd etsə də, Qars müqaviləsi (mart 1921) ilə Türkiyəyə, habelə Naxçıvana iddialarından vaz keçdi, qazancı isə Gümrünü əlində saxlamaq oldu.

 

27 iyun 1921 - Azərbaycan K(b)P MK Ermənistanın Dağlıq Qarabağa iddiasını rədd edib. MK-nın qərarında Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu vurğulanırdı. Bu, ermənilərin Qarabağ iddialarına Azərbaycanın bolşevik rəhbərliyinin ilk cavabı idi.

 

5 iyul 1921 - Rusiya Kommunist (bolşevik) Partiyasının Qafqaz Bürosunun iclasında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması barədə qərar qəbul edilib. Bir gün öncə, iyulun 4-də RK(b)P Qafqaz Bürosunun plenumunda erməni tərəfi Orconikidze və Kirovun dəstəyi ilə Dağlıq Qarabağın Ermənistana verilməsi barədə qərarın qəbuluna nail olmuşdular.

Lakin N.Nərimanov başda olmaqla Azərbaycanın kommunist rəhbərliyinin kəskin etirazı və RK(b)PMK-nın işə qarışması nəticəsində bu qərar ləğv olundu.

Bununla belə, RK(b)P Qafqaz Bürosunun 5 iyul tarixli qərarında Dağlıq Qarabağa Azərbaycanın tərkibində saxlanılmaqla və mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilməsi qeyd olunmuşdu. Ermənilər əsas məqsədlərinə çatmasalar da, muxtariyyət qazanmış oldular. 1923-cü ildə Dağlıq QarabağMuxtar Vilayəti təşkil edildi.

 

17 iyul 1921 - Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri (iyun 1918 - dekabr 1918) Behbudağa Cavanşir (1877-1921) İstanbulda erməni terrorçusu Misak Toplakyan tərəfindən qətlə yetirilib. Behbud ağa Cavanşir Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xan Cavanşirin oğludur. 1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyunlu kəndində dünyaya gəlmişdir. Behbud ağa Cavanşirin daxili işlər naziri olduğu dövr Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapması, Bakının erməni-daşnak və bolşevik qüvvələrindən təmizlənməsi dövrü olub.

 

13 oktyabr 1921 - Türkiyə, Rusiya və Cənubi Qafqazın üç sovet respublikası - Azərbaycan, Ermənistan və Gürcüstan arasında Qars müqaviləsi imzalanıb. Sənəd həmin ilin martında Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsinin davamı idi. Qars müqaviləsində Moskva sazişinin Cənubi Qafqazla bağlı müddəaları dəqiqləşdirildi, Türkiyənin Azərbaycan, Ermənistan və Gürcüstanla sərhədləri müəyyənləşdi. Müqavilənin mühüm bəndlərindən biri Naxçıvanla bağlı idi. Sənəddə Naxçıvanın Azərbaycan ərazisi olduğu və Türkiyənin razılığı olmadan Naxçıvanın yurisdiksiyasının dəyişdirilməsinin yolverilməzliyi təsbitlənmişdi.

 

baxılıb: 2826 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR