“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
21 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

XƏBƏRLƏR

13-07-2017 [ 19:40 ]

Danışıqlar prosesi qeyd-şərtsiz bərpa edilib

A+ | A-

“Bilirdim ki, onlar danışıqlar masasına qayıdacaqlar, sadəcə özlərini olmayan hörmətdən növbəti dəfə salacaqlar. Belə də oldu”

⇔ ⇔ ⇔ 

“Aprel hadisələrindən sonra Ermənistan danışıqların bərpa edilməsi üçün bir neçə şərt qoyurdu və bunu açıq şəkildə bəyan edirdi. Mən o vaxt yenə də görürdüm, bilirdim ki, bu, növbəti axmaqlıqdır. Çünki gec-tez onlar danışıqlar masasına qayıdacaqlar, sadəcə olaraq, özlərini olmayan hörmətdən növbəti dəfə salacaqlar. Belə də oldu. Dünən Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüblər. Danışıqlar prosesi bərpa edilib, heç bir şərt Azərbaycan tərəfindən qəbul edilməyib, danışıqlar prosesi qeyd-şərtsiz bərpa edilibdir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri iyulun 12-də Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı vurğulayıb ki, bu, bizim mövqeyimizdir, biz həmişə demişik ki, belə olmalıdır. Bu, Minsk qrupunun həmsədr ölkələrinin də mövqeyidir: “Ona görə işğalçını məcbur etdilər və o, danışıqlar masasına qayıdıb. İndi məsələ ondan ibarətdir ki, tezliklə substantiv, yəni, mənalı, konkret danışıqlar bərpa edilməlidir. Danışıqlar nəticəsində torpaqlarımız işğaldan azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir. Bundan kənarda heç bir həll yolu mümkün deyil”.

 

“Onların bir qədər ağlı olsaydı, heç vaxt buna getməzdilər”

 

Prezident qeyd edib ki, 2017-ci ilin birinci yarısında danışıqlarla bağlı heç bir nəticə əldə edilməsə də, münaqişənin həlli ilə bağlı önəmli hadisələr də baş verib və Azərbaycanın haqlı mövqeyi daha da böyük dəyər qazanıb: “Mən bir neçə faktı Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. İlk növbədə, bu il qondarma separatçı rejim Ermənistanın siyasi rəhbərliyinin təhriki ilə Dağlıq Qarabağda növbəti qondarma, qanunsuz, dırnaqarası referendum keçirmişdir. Bu “referendum”un keçirilməsi əslində onların böyük səhvidir, daha doğrusu, axmaqlığıdır. Onların bir qədər ağlı olsaydı, heç vaxt buna getməzdilər. Çünki bəri başdan bəlli idi ki, dünya birliyi bu qondarma tədbiri tanımayacaq. Belə də oldu. Minsk qrupu bəyanat verdi, onun həmsədrləri – Amerika, Fransa, Rusiya “referendum”u tanımadılar. Avropa İttifaqı referendumu tanımayıb. Qonşu ölkələr – İran, Gürcüstan “referendum”u tanımayıb. Digər ölkələr də oxşar bəyanatlarla çıxış etdilər. Bu qondarma “referendum”un tanınmaması Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir. Bütün dünya və münaqişənin həlli ilə bilavasitə məşğul olan ölkələr bu münasibətləri ilə bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həqiqətdir, bu, tarixi həqiqətdir və əlbəttə ki, bu həqiqət bir daha qeyd olundu. Bu, Ermənistanın növbəti biabırçılığı idi.

Ermənistan isə həmişə çalışırdı ki, həm danışıqları pozsun və onlara təzyiq artdıqca təxribat törətsin. Bunu biz yaxın tarixdən yaxşı bilirik. Hələ 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror aktı törədilmişdir və bu da ovaxtkı Ermənistan rəhbərliyi üçün bir bəhanə idi ki, danışıqlar pozulsun. Belə də oldu. 2014-cü ildə Fransada keçirilmiş danışıqlardan dərhal sonra Ermənistan növbəti hərbi təxribata əl atdı, Ağdam rayonunda hərbi təlimlər təşkil etdi. Bizim mövqelərimizə helikopterlər hücuma keçdi və onlardan biri Azərbaycan Ordusu tərəfindən məhv edildi.

2016-cı il martın sonunda Vaşinqtonda nüvə sammitində mən də iştirak edirdim, Ermənistan prezidenti də. O vaxt Ermənistan prezidentinə təzyiqlər göstərilirdi ki, məsələ tezliklə öz həllini tapsın. Danışıqları pozmaq üçün aprel hadisələri törədildi, bizə qarşı təxribat törədildi. Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Bu cavab nəticəsində bu gün bizim bayrağımız Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır.

 

“Alxanlı kəndində baş verən hərbi cinayət cavabsız qalmadı”

 

O vaxtdan bu günə qədər danışıqlar aparılmırdı və Ermənistana təzyiq artırdı. Danışıqlara başlamamaq üçün onlar keçən ay növbəti hərbi təxribat törətdilər, bir əsgərimiz həlak oldu. Yenə də Azərbaycan Ordusu onları cəzalandırdı. Azərbaycan Ordusunun zərbəsi nəticəsində bir çox işğalçı məhv edildi. Növbəti təxribat bu ayın 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verdi. Bu, hərbi cinayətdir. Bu, erməni faşizminin təzahürüdür və bu cinayətə görə Ermənistan öz cavabını almışdır. Bu, misli görünməmiş vəhşilikdir. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi.

Bu cinayət cavabsız qalmadı. Azərbaycan ictimaiyyəti də bunu bilir. Baxmayaraq ki, Ermənistan öz itkilərini həmişə gizlətmək istəyir. Amma bütün itkiləri gizlədə bilmir. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Bu zərbələr nəticəsində bir çox işğalçı məhv edildi. Balaca Zəhranın, onun nənəsinin qanı yerdə qalmadı. Həmişə də belə olacaq. Nəyə hesablanmışdır bu cinayət? İlk növbədə, bu, Ermənistan siyasi rəhbərliyinin xislətini göstərir. Xocalı qatilindən, uşaq, qadın qatilindən başqa bir şey gözləmək mümkün deyil. Bu, erməni faşizmidir, bütün dünya da bunu belə qəbul etməlidir. Bu, birincisi.

İkincisi, iyunun 11-də xarici işlər nazirlərinin görüşü nəzərdə tutulmuşdu. Artıq bu tarix bəlli idi, sadəcə olaraq, son günlərdə bu tarix açıqlandı. Bu təxribatı törətməklə onlar hesab edirdilər ki, Azərbaycan danışıqlardan imtina edəcək. Biz imtina edə bilərdik, əgər onlara layiqli cavab verməsəydik. Cavablarını verdik, işğalçıları məhv etdik, onları cəzalandırdıq, sonra da danışıqlara getdik.

Bax, budur Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan əsas məsələlər. Ona görə mən deyirəm ki, bu il Azərbaycanın mövqeləri daha da möhkəmləndi. Alxanlı kəndində törədilmiş hərbi cinayətin dünyada böyük əks-sədası var. Yəni, Ermənistan gördü ki, Azərbaycan böyük beynəlxalq dəstəyə malikdir. Bizim bütün qurumlarımız çox fəal, operativ işlədilər, bu məlumatı dünya ictimaiyyətinə çatdırdılar. Həm dövlət qurumları, səfirliklər, diaspor təşkilatları, ictimai təşkilatlar, bizim xaricdəki dostlarımız öz səslərini ucaltdılar və Ermənistana, onun faşist xislətli siyasi rəhbərliyinə dünyada nifrət daha da artdı.

O ki qaldı, danışıqların perspektivlərinə, bir daha demək istəyirəm ki, danışıqlar bərpa edilir, bu, müsbət haldır. İndi əsas vəzifə tezliklə məsələni həll etməkdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Əminəm ki, belə də olacaq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq”.

Prezident diqqətə çatdırıb ki, bu ilin altı ayında ölkəmizin beynəlxalq əlaqələri daha da fəallaşıb: “Bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Dostlarımızın sayı artır və beynəlxalq təşkilatlarda da bizim fəaliyyətimiz çox müsbətdir. Mən ilin altı ayında 10 xarici səfər etmişəm - beş Avropa ölkəsinə, beş müsəlman ölkəsinə. Davos və Münxendə keçirilən dünyanın aparıcı iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında Azərbaycan ləyaqətlə təmsil olunmuşdur. Eyni zamanda, mənim Avropa Komissiyasına çox uğurlu səfərim olubdur, Fransaya və Polşaya rəsmi səfərlər etmişəm. Müsəlman ölkələrinə gəldikdə isə, İrana, Qətərə, Pakistana, Səudiyyə Ərəbistanına, Türkiyəyə səfərlər etmişəm. Azərbaycan səfər etdiyim bütün bu ölkələrlə əlaqələrini daha da genişləndirir, möhkəmləndirir. Bu səfərlərimin coğrafiyası əslində bizim xarici siyasətimizin nə qədər düzgün və milli maraqlara xidmət edən siyasət olduğunu bir daha təsdiqləyir. Bununla bərabər, bu ilin birinci yarısında doqquz xarici dövlət və hökumət başçısı Azərbaycana səfər edibdir”.

 

“İşğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik”

 

Azərbaycan hərbi potensialını da gücləndirməkdə davam edir: “Yeni silahlar, ən müasir texnika alınır. Özü də biz texnikanı, silahları, ən müasir avadanlığı müxtəlif ölkələrdən alırıq və onların bir hissəsi artıq gəlir, bir hissəsi isə gələcəkdir. Bu, bizim hərbi potensialımızı daha da artıracaq. Bu günün özündə biz işğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik. Amma biz öz hərbi potensialımızı daha da gücləndirməliyik. Buna ehtiyac var və buna bizim imkanlarımız çatır. Yoxsul Ermənistandan fərqli olaraq, biz bütün hərbi texnikanı öz hesabımıza alırıq və Azərbaycanda da bu texnikanı istehsal edirik. Bu il Azərbaycanda iki yeni hərbi zavod fəaliyyətə başlamışdır. Bu gün Azərbaycan həm özünü böyük dərəcədə silah-sursatlarla təmin edir, eyni zamanda, xarici ölkələrə də ixrac edir”.

Məcburi köçkünlərin problemləri də diqqət mərkəzindədir: “Son illər yüzə yaxın qəsəbə salınmışdır. Ancaq onların arasında bu il açdığımız Cocuq Mərcanlı qəsəbəsi xüsusi yer tutur. Bu, tarixi hadisədir. Bu, bizim şanlı tariximizə qızıl hərflərlə yazılan hadisədir. Biz işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndini bərpa etdik. Orada 50 ev, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilib, yol çəkilib, bütün infrastruktur yaradılıb. Ailələr oraya qayıdır. Açılışdan sonra mən növbəti Sərəncam imzaladım. Növbəti 100 evin, tibb məntəqəsinin və digər lazımi obyektlərin tikintisi üçün də vəsait ayrılmışdır. Əminəm ki, gələcək aylarda Cocuq Mərcanlı kəndi tam bərpa ediləcək və bu kəndə tam həyat qayıdacaqdır.

Digər layihələr icra edilir. Tərtər rayonunda böyük şəhərcik salınır. Sumqayıt və Bakı şəhərlərində həm yeni şəhərciklər tikilir, həm köçkünlər üçün mənzillər alınır və onlara verilir. Masazırda, Sumqayıtda, Qaradağ rayonunda belə təşəbbüslər irəli sürülür. Onların arasında Qaradağ layihəsini xüsusilə qeyd etmək istərdim. Çünki bu, bir yenilikdir, yeni təşəbbüsdür. Bu, özəl sektor tərəfindən inşa edilən böyük şəhərcikdir. Orada min köçkün ailəsi məskunlaşacaq və bu, çox gözəl nümunədir.

Bu gün Azərbaycanda yaratdığımız şərait nəticəsində yüzlərlə, minlərlə sahibkar öz fəaliyyətini genişləndirir. Bizim sahibkarlarımız böyük imkanlara malikdirlər. Sahibkarların sosial məsuliyyəti də yüksək səviyyədə olmalıdır. Bu şəraiti onlar üçün biz yaratmışıq. Çünki indi Azərbaycanda sabitlik, sürətli inkişaf olmasaydı, bizim sahibkarlar bu qədər inkişaf edə bilməzdilər. Eyni zamanda, dövlət onlara güzəştli şərtlərlə kreditlər verir, onların məsələləri həll olunur. Mən sahibkarlarla dəfələrlə görüşmüşəm. Hər il bir neçə dəfə görüşürəm və tam dəstək göstərilir. Onlar da öz növbəsində sosial məsuliyyəti dərk etməlidirlər. Ona görə, Qaradağ rayonunda sahibkarlar tərəfindən öz vəsaitləri hesabına 1000 mənzillik şəhərciyin tikilməsi çox yaxşı təşəbbüsdür. Mən bunu bəyənirəm, alqışlayıram. Bu, bütün sahibkarlara nümunə olmalıdır. Mən bundan sonra sahibkarların fəaliyyətini, o cümlədən bu göstəriciyə görə də qiymətləndirəcəyəm”.

 

Ümumi iqtisadi göstəricilər yaxşılaşır

 

Prezident diqqətə çatdırıb ki, ilin ilk 6 ayında ölkənin qeyri-neft iqtisadiyyatı 1,7 faiz artıb: “Bu, çox yaxşı göstəricidir. Mən xüsusilə qeyri-neft iqtisadiyyatını qeyd edirəm. Çünki ümumi iqtisadi göstərici, yəni, ümumi daxili məhsulun göstəriciləri daha çox neftin hasilatına və neftin qiymətinə bağlıdır. Bu da dəyişir. Ona görə, bu, bizim gördüyümüz işlərə qiymət vermək üçün əsas amil kimi qəbul edilə bilməz.

Bizim valyuta ehtiyatlarımız artıb və bu günə 40,6 milyard dollar təşkil edir. Bu da çox gözəl göstəricidir. Çünki ilin əvvəlindən bu günə qədər valyuta ehtiyatlarımız təxminən 3 milyard dollar artıb. Xarici ticarət dövriyyəsinin göstəriciləri də müsbətdir. Bu ilin altı ayında ixrac 36 faiz artıb. Burada da ən önəmlisi qeyri-neft ixracıdır. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb.

Mən ilin əvvəlində demişdim ki, 2017-ci il iqtisadi inkişaf ili olmalıdır. Belə də oldu. Düzdür, biz hələ gələcək aylarda fəal işləməliyik, işləyəcəyik. Ancaq artıq əldə edilmiş nəticələr və giriş sözümdə səsləndirdiyim rəqəmlər deməyə əsas verir ki, bu il inkişaf ili olacaqdır. Əminəm ki, bundan sonrakı illərdə də Azərbaycan öz iqtisadi potensialını daha da gücləndirəcək”.

Növbəti dövr üçün prioritetlərin dəyişməz qalır: “Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir. Sənaye istehsalı, kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımlar atılır, proqramlar icra edilir.

Mən sərmayə qoyuluşu ilə bağlı rəqəmləri səsləndirdim, 5 milyard dollar sərmayə qoyulub. Ancaq bunun böyük hissəsi xarici sərmayədir. Biz çalışmalıyıq ki, daxili sərmayəni də cəlb edək. Daxili sərmayə deyəndə mən dövlət investisiyalarını nəzərdə tutmuram. Onsuz da biz bunu edirik və Dövlət İnvestisiya Proqramı uğurla icra olunur və tam icra edilməlidir. Özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar, yerli icra orqanları da fəal olmalıdırlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var. Bəzi hallarda investorlara kömək etmək əvəzinə problemlər yaradılır. Bunlara son qoyulmalıdır. İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək”.

 

“Ölkəmiz daha böyük turist axınına hazır olmalıdır”

 

Dövlət başçısı turizm sektorundakı inkişaf tendensiyasını xüsusi qeyd edib: “Bu il turizmin inkişafı bizi sevindirir. Turistlərin sayı 25 faiz artıbdır. Əlbəttə ki, bunun səbəbləri bəllidir. Azərbaycanı daha çox tanıyırlar. Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır”.

Prezident vurğulayıb ki, ölkəmizdə keçirilən beynəlxalq yarışlar, tədbirlər də Azərbaycana marağı artırır: “Xüsusilə o yarışlar arasında mən Formula-1 yarışını qeyd etməliyəm. Bu yarışın auditoriyası dünya miqyasında 500 milyon insandır. Beş yüz milyon insan Bakını, şəhərimizin gözəlliyini görür. Bakıda o yarışlarda iştirak edən idmançılar, nümayəndə heyətinin üzvləri, qonaqlar əlbəttə ki, qayıdandan sonra xoş təəssüratlarını öz dostları ilə bölüşürlər. Ona görə, turist axını daha da böyük olacaq. Biz buna hazır olmalıyıq”.

Dövlət başçısı bildirib ki, bu il Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilib. Mötəbər beynəlxalq tədbirlərin keçirilməsi hər bir ölkə üçün önəmlidir. Bu tədbirlər əslində ölkəyə olan münasibəti, hörməti əks etdirir. Azərbaycanda keçirilən mötəbər tədbirlər ən yüksək səviyyəli tədbirlərdir. Prezident bu sırada Bakıda V Qlobal Forumun, IV Mədəniyyətlərarası Dialoq Forumunu qeyd edib: “Builki tədbirdə Azərbaycanla bərabər dünyanın altı aparıcı beynəlxalq təşkilatı Forumun təşkilatçısı kimi çıxış etmişdir. Forumda aparılmış müzakirələr və qəbul edilmiş qərarlar əlbəttə ki, multikulturalizm dəyərlərinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Forum çərçivəsində bir daha multikulturalizmin mərkəzlərindən biri kimi qeyd olundu. Əlbəttə ki, belə tədbirlərin ölkəmizdə keçirilməsi həm bizim beynəlxalq nüfuzumuzu artırır və eyni zamanda, bu tədbirlər dünyada gedən müsbət proseslərə öz töhfəsini verməkdədir”.

Prezident may ayında Bakıda gerçəkləşən IV İslam Həmrəyliyi Oyunlarını da xüsusi qeyd edib: “Biz həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını ən yüksək səviyyədə keçirmişik, minlərlə idmançı, qonaq bizim gözəl Bakı ilə tanış olub, şəhərimizə, ölkəmizə heyran qalıb. Bizim təşkilatçılıq qabiliyyətimiz də ən yüksək səviyyədədir. Ölkəmizdə keçirilmiş bu tədbirlər, - mən ancaq əsas tədbirləri qeyd etdim, - əslində, Azərbaycanın dünyadakı rolunu, inkişafını, ölkəmizə beynəlxalq aləmin, aparıcı dövlətlərin hörmətini, rəğbətini göstərir”.

Vurğulanıb ki, paytaxtda sosial infrastruktur layihələri, yeni parkların salınması davam etdiriləcək. “Sovetski” adlanan ərazidə müasir yol infrastrukturu artıq istismara verilmişdir. Eyni zamanda, o ərazidə böyük abadlıq işləri aparılır. İndi Təzəpir məscidinin önü açılıbdır, orada park olacaq. Azərbaycan Dövlət Dram Teatrının arxasında - yol infrastrukturu yaradılan ərazidə də ictimai yerlər, parklar, bağlar, salınacaq, ağaclar əkiləcək. Bu ərazi yaşıllıq zonası olacaq. Son illər ərzində bir çox ictimai yerlər açılıbdır, parklar, bağlar yaradılıbdır. Elə bulvarın özü böyük ictimai istirahət zonasıdır və bu proses davam etdirilməlidir”.

Dövlət başçısı deyib ki, xüsusilə Bakıda və bölgələrdə yeni hotellərin tikilməsinə böyük ehtiyac var: “Mən sahibkarlara məsləhət görərdim ki, bu sahəyə investisiya qoysunlar. Çünki bu, gəlirli sahədir və yaxşı nəticə verəcək”.

 

baxılıb: 2061 dəfə

FOTO

Siz bu yazıya rəy bildirə bilərsiniz.

"rəy bildir" düyməsini tıklamadan öncə
şəkildəki işarələri daxil edin

DİGƏR XƏBƏRLƏR