“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
19 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

XƏBƏRLƏR

21-09-2017 [ 10:42 ]

İlham Əliyev BMT tribunasından dünyaya səsləndi

A+ | A-

“Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq”

⇔ ⇔ ⇔ 

25 ildən çoxdur ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri sentyabrın 20-də Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxışı zamanı söyləyib.

Prezident diqqətə çatdırıb ki, aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələri qəbul ediblər. Amma Ermənistan bu qərar və qətnamələri icra etmir.

“Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır”, - deyə İlham Əliyev bildirib.

Dövlət başçısı vurğulayıb ki, Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. ATƏT-in Minsk qrupunun həmsədrləri - Fransa, Rusiya və ABŞ dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir.

“Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır.

Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər”.

Prezident xatırladıb ki, 2016-cı ilin aprelində Ermənistan cəbhə xəttində şəhər və kəndlərimizə hücum edərək, növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı.

“Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq.

Döyüş meydanında məğlub olan Ermənistan şəhərlərimizə və kəndlərimizə hücum çəkmək kimi məkrli siyasətindən istifadə edir. 2017-ci il iyulun 4-də Ermənistan 82 və 120 millimetrlik mina və qumbaraatanlardan istifadə edərək, Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücum etmiş, 2 dinc sakini - 2 yaşlı Zəhra Quliyevanı və onun nənəsini qətlə yetirmişdir.

2017-ci il avqustun 7-də Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralanmışdır. Beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq”.

İlham Əliyev qeyd edib ki, Ermənistan işğalının yaratdığı böyük çətinliklərə baxmayaraq, Azərbaycan uğurla inkişaf edir. Davos Dünya İqtisadi Forumunun “2016-2017-ci illər üzrə qlobal rəqabətə davamlılıq hesabatında” Azərbaycan 138 ölkə sırasında 37-ci yer tutub. 2015-ci ildə Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi böyük nailiyyətinə görə həmin ilin “Cənub-Cənub” mükafatını almış və 2010-cu ildən isə yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilib.

Dövlət başçısı vurğulayıb ki, ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir: “İslamofobiyanı pik həddinə çatdırmış Ermənistan işğal olunmuş ərazilərdə bütün məscidlərimizin dağıdılması kimi bir çox vandalizm aktlarını törətmişdir”.

Prezident daha sonra deyib: “Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycanda 2016-cı il “Multikulturalizm ili”, 2017-ci il isə “İslam həmrəyliyi ili” elan olunmuşdur.

Azərbaycan dinlərarası dialoqun gücləndirilməsinə yönəlmiş çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi edib. Onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, dörd dəfə keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq forumlarını, beş dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunu və digər mühüm tədbirləri qeyd etmək olar. İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycan 2008-ci ildə BMT-nin dəstəklədiyi “Bakı Prosesi”nə start verdi. “Bakı Prosesi”nin əsas məqsədi müsəlman aləmi ilə Avropa arasında dialoqu, tərəfdaşlığı və əməkdaşlığı gücləndirməkdir.

2015-ci ildə Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etdi. 2017-ci ildə Azərbaycan 54 ölkənin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. İki il ərzində paytaxtımız Bakıda Avropa və İslam Oyunları keçirildi. Bu, həmçinin multikulturalizmin təşviq edilməsinə böyük töhfə oldu”.

 

baxılıb: 1862 dəfə

FOTO

Siz bu yazıya rəy bildirə bilərsiniz.

"rəy bildir" düyməsini tıklamadan öncə
şəkildəki işarələri daxil edin

DİGƏR XƏBƏRLƏR