www.azerbaijanli.org
“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
21 Avqust 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu (2005-2008)

Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu (2005-2008)

Prezidentin istirahət hüququ və bu mövzu ətrafında spekulyasiyalar barədə (2005)

A+ | A-

2005-ci il yanvarın 4-də ölkə prezidenti Konstitusiya və qanunla ona verilmiş hüquqdan istifadə edərək məzuniyyətə çıxdı. Amma dövlət başçısının məzuniyyətdə olduğu iki həftə ərzində bu məsələ mətbuat vasitələrində və siyasi dairələrdə görünməmiş spekulyasiya mövzusuna çevrildi...

⇔ ⇔ ⇔ 

Azərbaycan Respublikasında hər kəs istirahət hüququna malikdir. O cümlədən hər bir vətəndaş hansı işdə işləməsindən asılı olmayaraq qanunla ildə ən azı bir dəfə və 21 təqvim günündən az olmamaq şərtilə məzuniyyət götürə bilər. 

Bu müddəa Azərbaycanın Əsas Qanununun 37-ci maddəsində təsbit olunub. Yəni Konstitusiya hər birimizə işləməklə yanaşı, istirahət etmək hüququ da verib və prinsipcə heç bir vətəndaş başqasının bu hüquqdan necə istifadə etməsini spekulyasiya mövzusuna çevirmək barədə düşünmür. Bu da tamamilə normal və təbiidir. 

2005-ci il yanvarın 4-də ölkə prezidenti də Konstitusiya və qanunla ona verilmiş bu hüquqdan istifadə edərək məzuniyyətə çıxdı. Amma dövlət başçısının məzuniyyətdə olduğu iki həftə bu məsələ ölkənin çeşidli mətbuat vasitələrində və siyasi dairələrində görünməmiş spekulyasiya mövzusuna çevrildi. Hətta prezident məzuniyyətdən qayıtdıqdan (19 yanvar 2005) sonra da bu əcaib spekulyasiya davam edir. Görəsən niyə?

Bu xüsusda çeşidli motivlər səslənə bilər. Məsələn, qeyd oluna bilər ki, dövlət başçısının hər bir addımı, o sıradan istirahəti də ictimai əhəmiyyətli məsələdir və onun geniş diqqət mərkəzində qalması təbii sayılmalıdır. Eyni zamanda, belə fikir də səslənə bilər ki, Azərbaycan cəmiyyəti dövlət başçısının məzuniyyət götürüb haradasa istirahət etməsi faktı ilə ilk dəfə rastlaşır və o üzdən bu məsələyə belə əlahiddə maraq var.

Bu arqumentlərdən hər birinə haqq vermək olar. Nədən ki, başqa ölkələrdə də dövlət rəhbərinin şəxsi həyatı, o cümlədən necə istirahət etməsi geniş ictimai doğurur və kütləvi informasiya vasitələrinin diqqətindən yayınmır.

Amma məsələ də ondadır ki, həmin ölkələrdə bu məsələyə münasibət gerçəkdən sivil olur. Yəni cəmiyyət, mətbuat vasitələri məsələyə maraq göstərməklə yanaşı, eyni zamanda, bir gerçəyi qəbul edir ki, prezident də insandır və onun da adi vətəndaş hüquqlarından yararlanması qayət normaldır. Hətta bu yöndə siyasi məqsədli spekulyasiyalar ortaya atılsa da, diskussiya ümumilikdə mövzu (yəni dövlət rəhbərinin istirahəti) ətrafında gedir və cəmiyyətdə qəbul olunmuş ədəb-ərkan normalarından (başqa sözlə desək, mental prinsiplərdən) kənara çıxmır.

Gəlin görək, bizdə nə baş verir?

Bəli, az öncə qeyd etdiyimiz kimi, Azərbaycan cəmiyyəti indiyədək dövlət rəhbərinin ildə bir dəfə məzuniyyətə çıxaraq istirahət etməsi faktı ilə rastlaşmayıb. Mərhum prezident Heydər Əliyev nəinki ildə bir dəfə, heç ölkəyə rəhbərlik etdiyi 10 ildə bir dəfə də olsun, Konstitusiyanın ona verdiyi bu hüquqdan istifadə etməmişdi. 

Əlbəttə, bu məsələdə bir sıra obyektiv səbəblər, o cümlədən H.Əliyevin hakimiyyətinin ilk illərində Azərbaycanın üzləşdiyi ağır problemlər ölkə başçısının adi vətəndaş kimi istirahət imkanını, demək olar ki, istisna edirdi. Həmçinin H.Əliyevin idarəçilik fəlsəfəsi və iş üslübü da bunu istisna edirdi. O hər məsələ ilə şəxsən məşğul olur, ayrı-ayrı dövlət məmurunun, nazirin görməli olduğu işi də özü görürdü. Təsadüfi deyil ki, onun hakimiyyəti dövründə cəmiyyətdə haqlı olaraq belə rəy formalaşmışdı ki, əgər bütün işləri dövlətin birinci şəxsi görəcəksə, onda Nazirlər Kabinetinə, hökumət üzvlərinə nə ehtiyac var. Amma bu hər kəsə məlum faktdır ki, məhz belə gərgin, qeyri-adi iş rejimi nəticə etibarilə onun səhhətinə ciddi şəkildə mənfi təsir göstərmişdi.

Azərbaycanın yeni dövlət başçısı, bir sıra digər sahələrdə olduğu kimi, bu məsələdə də, necə deyərlər, mövcud praktikanı təftiş etmək qərarına gəlib və ölkəyə rəhbərlik etdiyi 15 ayda ilk dəfə olaraq məzuniyyətə çıxıb. Amma, nə yazıqlar ki, bu faktı tamamilə sakit və normal qarşılayanlarla yanaşı, onu ucuz siyasi şou predmetinə çevirənlər də oldu. Ortaya atilan iddialar, səslənən spekulyativ fikirlər isə bir-birindən cəfəng idi. Hətta prezidentin iş-gücdən yorulduğunu və istefa verməyə hazırlaşdığını iddia edənlər də tapıldı. Bir sıra müxalifət qəzetlərinin prezidentin harada olması barədə siyasi-coğrafi axtarışları və «tapıntıları» isə gerçəkdən istehza doğuracaq həddə çatmışdı. Əlbəttə, kənar müşahidəçi bu xüsusda qeyd edə bilər ki, mətbuatın prezidentin harada olmasını dəqiqləşdirməyə çalışması normal bir şeydir. İllah da ki, bu barədə rəsmi məlumat verilmədikdə.

Zənnimizcə, bu arqumenti qismən qəbul etmək olar. O baxımdan ki, gərək rəsmi instansiyalar bu barədə bir cümləlik məlumatla kifayətlənməyəydi və heç olmasa prezidentin məzuniyyətinin necə gün sürəcəyi və onun harada istirahət edəcəyi barədə cəmiyyətə və KİV-ə informasiya verəydilər. Yəqin ki, bunu da müvəqqəti steoretip kimi qəbul etmək lazımdır və gəcələkdə aradan qalxacaq.

Rəsmi informasiya qıtlığı hər zaman şayiə və dezinformasiyaya yol açır. Amma, qeyd etdiyimiz kimi, bu arqumenti yalnız qismən qəbul etmək olar. O sadə səbəbə görə ki, «prezident haradadır» sualı ətrafında palaz-palaz təhlillərin müəlliflərinin məqsədi heç də dövlət başçısının məzuniyyətini harada keçirməsini aydınlaşdırmaq deyildi. Onlar bu sualı əlahiddə gündəmdə saxlamaqla yuxarılda qeyd etdiyimiz absurd nəticəni, yəni İlham Əliyevin 15 aylıq prezidentlikdən usanaraq istefa verməyə hazırlaşdığını cəmiyyətə təlqin etməyi məqsəd güdürdülər. Bu yerdə deyiblər ki, ac toyuq yuxuda darı görər…

Prezidentin məzuniyyətdən qayıtması onun siyasi opponentlərinin yuxularını yarımçıq qoydu. Amma, eyni zamanda, bu fakt ümumilikdə Azərbaycan cəmiyyətində dövlət rəhbərinin işi və istirahəti barədə mülahizələr toplusunun formalaşması baxımından əlamətdar sayılmalıdır. Demokratiya həm də bərabər hüquqlar deməkdir və sivil, demokratik cəmiyyətdə yaşamaq istəyən hər bir fərd bu bərabərliyin dövlətin birinci şəxsinin şəxsi həyata malik olmaq, o sıradan istirahət etmək hüqüqunu da nəzərdə tutduğunu qəbul etməlidir.

Yeri gəlmişkən, bu postulat təkcə, Azərbaycan kimi, demokratik və plüralist cəmiyyət quruculuğuna yeni başlayan ölkələr üçün deyil, bu istiqamətdə xeyli yol qət etmiş ölkələrdə də aktual sayılır. Demək olar ki, bütün ölkələrdə dövlət rəhbərinin necə istirahət etməsi ictimai rəy üçün maraq kəsb edən məsələdir. 

Eyni zamanda, əksər müşahidəçilərin və icmalçıların qənaəti belədir ki, rəsmi atmosferdən bir qədər aralanaraq rahat şəraitdə istirahət etmək dövlət rəhbərləri üçün əlamətdar götür-qoy imkanı verir. Məsələn, müşahidəçilərə görə, Rusiya prezidenti Putin əsas siyasi qərarlarını məhz məzuniyyətdə olduğu zaman nəzərdən keçirir. Putin ötən ilin yanvar məzuniyyətindən qayıdandan dərhal sonra Kasyanov hökumətinin istefaya göndərmiş, avqust istirahətindən sonra Rusiyanın dövlət idarəçiliyinə dair köklü dəyişikliklər paketini elan etmişdi.

2003-cü ildə ABŞ prezidentinin İraqla müharibə barədə qəti qərarını Milad tətilindən qayıdandan sonra elan etməsi də müşahidəçilərin diqqətindən yayınmamışdı.

Qeyd etmək lazımdır ki, dünya iderləri istirahətlərini müxtəlif cür keçirirsələr də, onların bir ümumi cəhəti var. Bu da məzuniyyətin vaxtı ilə bağlıdır. İrili-xırdalı bütün ölkələrin siyasi elitası üçün ildə iki dəfə - yanvarın birinci yarısı və avqustun ikinci yarısı «sakit mövsüm» sayılır. Hərçənd burada da istisnalar qeydə alınır. Məsələn, Türkmənistan prezidenti üçün illik məzuniyyət anlayışı mövcud deyil. Türkmənbaşı demək olar ki, hər mövsümdə məzuniyyətə çıxır və xarici səfərləri, ümumiyyətlə, bir qayda olaraq Xəzər sahilindəki iqamətgahında keçirir. Düzdür, Aşqabad rəsmiləri bunu məzuniyyət kimi qələmə vermir və Niyazovun ədəbi yaradıcılıqla məşğul olduğunu bildirirlər. Artıq bir neçə ildir ki, Türkmənistan rəhbəri "Ruhnamə" epopeyası üzərində işləyir və bu yaxınlarda onun ikinci cildini tamamlayıb.

Rusiya prezidenti isə istirahət reqlamentinə ciddi fikir verir. İldə iki dəfə - yanvarda və avqustda məzuniyyətə çıxan Putin bir qayda olaraq Soçidə dincəlir. Qış tətilində bəzən marşrutu dəyişir və Rusiyanın şimal vilayətlərinə (məsələn, Kareliyaya), yaxud da Nazarbayevin dəvətilə Qazaxıstana xizək sürməyə gedir. Ukrayna sabiq prezidenti Kuçma Krımda istirahət edirdi, onun xələfi Yuşşenko isə Milad tətilini Karpat dağlarında keçirib. Özbəkistan prezidenti İslam Kərimov da Qara dəniz sahilində dincəlməyə üstünlük verir və məzuniyyətini bir qayda olaraq Putinin Soçidə olduğu vaxta salır. Ümumiyyətlə, qeyri-formal şəraitdə görüşlər dünya liderləri arasında geniş yayılmış dəbdir.

Qazaxıstan prezidenti Nazarbayev isə qumlu dəniz sahillərində dincəlməyi o qədər də xoşlamır və məzuniyyətini bir qayda olaraq Almatı yaxınlığındakı məşhur "Çimbulak" dağ kurortunda keçirir. Hərçənd ötən il yay məzuniyyətinin bir hissəsini Rusiya prezidentinin dəvətilə Moskva yaxınlığındakı "Barvixa"da keçirmişdi.

Qonşularımıza gəldikdə, rəsmi məlumatlara əsasən, Gürcüstanın sabiq prezidenti Şevardnadze iki ildə bir dəfə məzuniyyətə çıxırdı və Borjomidə dincəlirdi. Onun gənc xələfi Saakaşvili isə ötən il yay məzuniyyətini Batumidə keçirmişdi, qış tətilində isə ukryanalı həmkarı Yuşşenkonun qonağı olub. Koçaryan son illərədək xaricdə - Aralıq dənizinin sahillərində istirahət edirdi, ötən il isə məzuniyyətini bizim Göyçə, ermənilərin isə Sevan adlandırdıqları gölün sahilində keçirib.

Digər xarici liderlərə gəlincə, məsələn, Fransa prezidenti Şirak son illərədək məzuniyyətini ekzotik ölkələrdə - Mavariki adasında, yaxud Mərakeşdə keçirirdi. Ötən yay tətilində isə Kanadada istirahət edib. Britaniyanın baş naziri Bler isə məzuniyyətini ailəsi ilə birlikdə İtaliya, yaxud Fransada keçirməyə üstünlük verir. Almaniya kansleri Şröder də ailəsi ilə İtaliyada istirahət etməyi xoşlayır.

Yəqin ki, xarici ölkələr içərisində dövlət başçılarının istirahətinin ən çox diqqət mərkəzində qaldığı ölkənin ABŞ olduğunu söyləsək, yanılmarıq. Birləşmiş Ştatlarda prezidentin istirahəti də həqiqətən ümummilli məsələdir və ölkə prezidentinin məzuniyyətini harada və necə keçirməsi onun imicinin ayrılmaz hissəsi sayılır. ABŞ-ın yeni tarixində istirahətə ən çox meylli prezident kimi respublikaçı Reyqan ad çıxarmışdı. Opponetlrəi iddia edirdi ki, Reyqan 8 illik prezidentlik müddətinin az qala üçdə birini Ağ evdən kənarda keçirmişdi. 

Ondan sonra Ağ evə gələn ata Buş da istirahət həvəskarı kimi tanınıb. Onun "Səhrada tufan" əməliyyatına son hazırlıqlar gedərkən (1991-ci ilin yanvarı) Milad tətilini yarımçıq qoymaq istəməməsi Amerika ictimaiyyətində mənfi rezonans doğurmuşdu. Klintonu isə ABŞ ictimaiyyəti məzuniyyətini böyük təm-təraqla və zəngin dostlırının arasında keçirdiyinə görə tənqid edirdi. Lakin 1996-cı ilin seçki kampaniyasında seçicilərdən eşitdiyi tənqidlər onu imicini dəyişməyə vadar etdi. Bununla bağlı hətta Ağ ev strateqləri rəy sorğusu keçirmişdilər və məlum olmuşdu ki, sıravi amerikalılar prezidentin, məsələn, çay sahilində adi turist palatkasında istirahət etməsini arzulayırlar. Klinton belə də etdi və 1997-ci ilin yay məzuniyətini Vayominq çayının sahilində keçirdi. Nəhayət, ABŞ-ın indiki prezidenti oğul Buş öz xələflərindən fərqli imicə malikdir - məzuniyyətini bir qayda olaraq doğma Texasda, Krouforddakı ailə rançosunda keçirir. İstirahət zamanı kovboy geyimində şəxsi malikanəsini gəzmək, oradakı ağaclara qulluq etmək, qolf oynamaq və balıq tutmaq onun sevimli məşğuliyyətidir.

Göründüyü kimi, dünya praktikasında liderlərin məzuniyyətləri ilə bağlı mənzərə olduqca rəngarəngdir. Eyni zamanda, dünyanın demək olar ki, bütün ölkələrində prezidentlərin hər bir addımı kimi, istirahəti necə keçirməsi də onların opponentləri üçün diskussiya və siyasi spekulyasiya mövzusu olur. Amma bu spekulyasiyalar heç vaxt bizdəki kimi əcaib formada özünü büruzə vermir. Yəni xaricdə prezidentin məzuniyyətini şərh edən heç bir media mənsubunun ağlına da gəlməz ki, həmin faktı ölkə rəhbərinin istefayə getməsi kimi təqdim etsin və bununla da kütləvi gülüş obyektinə çevrilsin…

Vüqar Orxan

Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu 

(Effektiv Təşəbbüslər Mərkəzi adından mətbuatda dərc olunan ilk yazı) 

«525-ci qəzet», yanvar 2005

 

 

baxılıb: 9764 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR