ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Azərbaycanın xalq yazıçısı Sabir Əhmədli vəfat edib

Tanınmış ədib uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib

Azərbaycanın xalq yazıçısı, publisist Sabir Əhmədli uzun sürən xəstəlikdən sonra vəfat edib. APA-nın məlumatına görə, S.Əhmədli ömrünün son günlərinə qədər bir sıra xəstəliklərdən, o cümlədən təzyiq və şəkərdən əziyyət çəkib.

Qeyd edək ki, Sabir Əhmədli 1930-cu il iyulun 10-da Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1956-1993), baş redaktor (1993-1996) işləyib.

1955-ci ildən AYB-nın üzvü olan yazıçı “Aran”, “Dünyanın arşını”, “Yaşıl teatr”, “Toğana”, “Yasamal gölündə qayıqlar üzür”, “Yamacda nişanə”, “Qanköçürmə stansiyası”, “Azığa doğru”, “Gedənlərin qayıtmağı”, “Yasaq edilmiş oyun”, “Gülmalı kişinin axırı”, “Mavi günbəz”, “Kütlə”, “Axirət sevdası”, “Kef”, “Ömür urası”, “Şəhid ruhu” kimi əsərlərin müəllifidir.

S.Əhmədlinin qardaşı Cəmil Əhmədov Sovet İttifaqı Qəhrəmanıdır. Oğlu Məhəmməd Əhmədov isə Qarabağ müharibəsində şəhid olub.

APA, 17.04.2009.

 


 

Mövzuya dair:

Sabir Əhmədli Cəbrayıla həsrət qaldı

Aqil Abbas

Sabir Əhmədli öldü!
Nədənsə əvəzsiz, böyük insanlar, müqəddəs insanlar öləndə yadıma həmişə Vaqif Bayatlı Odərin Səttar Bəhlulzadənin ölümünə yazdığı bir şeir yadıma düşür.

Çox
Ölüm-ölüm deməyin
Ölsəydi,
Bu dünyanın qara torpaqları
Doldurammazdı
Qocanın üz qırışlarını...
Çox ölüm-ölüm deməyin...
Su kimi çəkilib torpağa getdi...

İndi Sabir Əhmədlinin də nə üz qırışlarını, nə tale qırışlarını bu dünyanın qara torpaqları doldurammaz. O da Səttar Bəhlulzadə kimi suya dönüb çəkilib torpağa getdi.

Sabir Əhmədli XX əsrdə Azərbaycan xalqının ən əjdaha yazıçılarından biridi. Biriydi yox, biridi. Çünki şairlər, yazıçılar, sənətkarlar, sərkərdələr cismən ölə bilərlər, amma onları doğuran xalq nə qədər var olduqca, onlar da var olacaqlar. Belə şəxslər ailələri, övladları, nəvələri üçün ölürlər, millət üçün ölmürlər.

Tanrı Əhmədliləri bu torpağa qurban göndərib. Sabir müəllimin qardaşı Cəmil Əhmədli 19 yaşında bu torpağa qurban gedib və azərbaycanlılara son dərəcə qısqanclıqla verilən Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Az-çox araşdırmışam və görmüşəm ki, Sovet İttifaqı dönəmində bir azərbaycanlı general-mayor rütbəsi almaq üçün gərək general-polkovnik səviyyəsində olaydı ki, heç olmasa ona general-mayor rütbəsi verəydilər. Müharibədə də.

Gürcülərə, ermənilərə Sovet İttifaqı Qəhrəmanı adını xəlbirlə paylayanda bizimkilərə cirəylə verirdilər. Gərək iki Sovet İttifaqı Qəhrəmanı adına layiq qəhrəmanlıq göstərəydin ki, bəlkə birini sənə verəydilər. Məsələn, Mehdi Hüseynzadəyə ölümündən 13 il sonra verdilər, Həzi Aslanova ikinci Sovet İttifaqı Qəhrəmanı adını 50 ildən çox gizlətdilər. Cəmil Əhmədli bu adı bax, beləcə qazanmışdı.

Sabir Əhmədlinin oğlu Məhəmməd də bu torpağa qurban getdi. Qarabağ savaşında əmisi kimi Vətən torpağı uğrunda şəhid oldu. Qəribə bir mənzərəni deyim. Məhəmməd Toğanadan yuxarıda (taleyə bax, Sabir Əhmədlinin ən möhtəşəm əsərlərindən birinin adı "Toğana"dı) qızğın döyüşlərdə şəhid olarkən yazıçı özü həmin döyüş bölgəsində əsgərlərə həm yardım aparmışdı, həm də onlara mənəvi dayaq üçün özü səngərdəydi. Bakıya qayıtdıqdan sonra bilmişdi oğlu şəhid olub. Yardımı da oğlunun qulluq etdiyi hərbi hissəyə utandığından aparmayıb ki, deyərlər oğlu burdadı deyin yardım gətirib.
Bəli, Allah Məhəmmədi də bu torpağa, bu millətə qurban göndəribmiş.

Sabir Əhmədli də bu torpağa, bu millətə Allah tərəfindən qurban göndərilmişdi. Və qurbanı olduğu bu millətə, bu torpağa da elə qardaşı kimi, elə övladı kimi qurban da getdi.

Yox, ona güllə dəymədi, döyüşdə ölmədi. Bu millət üçün, bu torpaq üçün şam kimi əridi, əridi, əridi və Vaqifin dediyi kimi, su kimi çəkilib torpağa getdi.

Dünən səhər gördüm Sabir Rüstəmxanlı başı alovlu ora-bura qaçır. Sordum Sabir müəllim, nə olub, bu nə haldı? Dedi ki, Sabir Əhmədlini dəfn eləməyə qəbiristanlıq tapa bilmirik. Bu da xalq yazıçısına xalqının sevgisi!

Mən də dedim ki, Sabir Əhmədliyə torpaq darlıq eləyər, o, 300 milyonluq bir xalqın ürəyinə həkk olunub, bu azdırmı?! 
“525-ci qəzet”, 18.04.2009.


Yazıçının ölümü
"Bu sənətdə adam öz bağının bəhrəsini yemir" - Sabir Əhmədli mənə belə demişdi..
L. Cəbrayıllı

...Əslində bu yazını Çingiz Aytmatovun vəfatını eşidən andan yazıram. Böyük bir yazıçı təfəkkürünün itkisi, əsl yazıçı ürəyinin dayanması ilə barışa bilmirdim və mənə elə gəlirdi ki, Yer bu boşluqdan ağlını itirəcək... Ağlı azan, ipi boşalan Yeri Allahın yadına salıb yalvarırdım ki, qanadını onun üstündə saxlasın, balalarımıza, körpələrə rəhm eləsin...

Çingiz Aytmatovla vidalaşmaq çətin idi. O, yaxın dostumun atası kimi mənə doğma, Yaradan İnsan kimi əlçatmazdı. Yaradan İnsan sirli bir anlayışdı - ya insanın tanrıya, ya da tanrının insana sarı yolundakı kəsişmə nöqtəsidir. Biz bu nöqtəni ona görə görürük ki, ta inkar edə bilmirik.

O mənim üçün həm də "Əlvida, Gülsarı" deyib "Qiyamət"ə qaçdığım, dəniz kənarındakı alabaşla, ağ buludla, ana maralla, qurd ailəsiylə oynadığım, bu həyatın "Əsrdən uzun gün"ündən, "Edam kötüyü"ndən qorxduğum illərim demək idi. Adam bir ilindən ayrılanda dözə bilmir, o ki ola ömrünün bir parçası ilə vidalaşasan...

Onun yubileylərini, bu yubileylərin təntənəsini gözləyirdim, amma heç ağlıma da gəlməzdi ki, 80 illiyinin Bakıdakı təntənəsi bizi görüşdürə bilər. Biz - jurnalistlər onunla birgə Fəxri Xiyabandan keçəndə qəbir daşlarına yanındakı adamlardan daha diqqətlə baxdığını, tez-tez başını qaldırıb səmaya göz gəzdirməyini müşahidə etdim. Heydər Əliyevin məzarını ziyarət edəndən sonra özü bir yer seçib jurnalistlərə işarə ilə "buyurun" dedi, suallara qısa, məntiqi cavabını verdi. Səhərisi gün növbəti toplantıdan sonra qısa müsahibə istədim, dayandı. Yanındakılar tələsdiklərini, harasa artıq yubandıqlarını ona xatırlatdılar, çiynini çəkib bir növ günahkarcasına mənə dedi: "Devuşka, k sojaleniyu, vremeni tak malo..."

Ortaq türk dili ideyasına münasibətini, "Qar üstündə Məryəm"in taleyini bilmək istəyirdim... Bildim də - Azərbaycan yazıçıları ilə görüşdə Avrasiya Birliyinə daha çox önəm verdiyini, yarımçıq romanını hökmən bitirəcəyini açıqladı. Müasirlərindən çox razı olduğunu bildirən Aytmatov üzünü auditoriyaya tutub onu da dedi ki, müasirlərinizdən muğayat olun, bunu sizə 80 yaşlı bir ağsaqqal kimi deyirəm... Və bu səfər boyu onun çıxışlarını, jestlərini, görüşlərini izlədikcə məni qəribə bir hiss bürüdü: o elə bil türk elləri ilə vidalaşmağa, dostları ilə halallaşmağa gəlmişdi... Bu fikri o vaxt da dostlara dedim.

Niyə elə düşündüyümü bilmirəm, bəlkə Çingiz ağanın yorğunluğu, bəlkə də dönə-dönə sağollaşması, özünü adlı-sanlı yazıçıdan çox bir ağsaqqal kimi aparması, bizi bir-birimizə, yəni müasirlərimizə tapşırması diqqətimi çəkmişdi... Amma əgər yazıçının intuisiyası nədənsə narahat olsaydı, heç vaxt söz verməzdi, üstəlik təzə yazısı da vardı: "Bugünkü insanın mənəviyyatında bir boşluq var. O boşluq getdikcə böyüyür və bu, dünyada uzun illər boyu yaranmış harmoniyaların dağılmasına, parçalanmasına aparır..." Aytmatov tək-tək insanların həyatından başlanan mənəvi boşluqların nəticəsindən müasirlərini xəbərdar etmək, təlaşını, nigarançılığını yazmağa hazırlaşırdı...Yazıçını yaşadan yazıdır, elə öldürən də...

...O gündən bu günə, bu yazının başladığı vaxtdan bəri bütün bunları gündə yüz kərə ürəyimdə dolandırsam da, yazmırdım. Yazıçı Çingiz Aytmatovun ölümü ilə Yerin ən böyük dayağını itirdiyinə əminiydim, keçirdiyim sarsıntının dərinliyinə də əminiydim, amma elə bil qolumdan tutan kimsə, söykəndiyim nəsə vardı... YAZIÇI öldü, yaşasın YAZI! Hə, elədir, "Yazıçının ölümü"nü yazmırdım, çünki yazının həmişəyaşarlığına inanırdım və Çingiz Aytmatov imzalı yazılardan su içə-içə böyüyən körpə-körpə yazıları, yazılarıyla ölməzliyə, sevgiyə, bəşəriliyə can atan körpə-körpə yazıçıları görürdüm...

...Sabir Əhmədlinin vəfatı aprelin 17-ni tarixləşdirdi. Azərbaycan üçün o günün ən vacib xəbəri bu idi, amma nədənsə televiziyamız, mətbuatımız susdu... Azərbaycan xalqının Nikolay Qoqolu heç vaxt unutmayacağı, Çili, Panama, Koreya hadisələri haqqında məlumatlar yayıldı və... Azərbaycanın xalq yazıçısı, prezident təqaüdçüsü, görkəmli nasir, 20-yə yaxın roman müəllifinin vəfatı, dəfni xəbərinə vaxt qalmadı. Niyə?

"Məhəmmədi əsgərlikdən saxlatdıra da bilərdim, cəbhədən yayındıra da. Amma o boyda oğulu xalqdan gizlədə bilməzdim. Onu nə təhər gizlədəydim axı?" Bunu Sabir müəllim bir dəfə müsahibəmizdə dedi. Biz bu böyük etirafı tarixə çevirə bilmədik, ona görə də Sovet İttifaqı Qəhrəmanının qardaşı, şəhid atası, nəhəng yazıçının itkisinin fərqində olmadıq...

"O qədər qanı axan canlıda bu qədər nəfəs, hey, güc hardandır, ilahi?"- bircə elə bu "Qanköçürmə stansiyası" bəsiydi, ta heç nə yazmasa belə... Amma o, Azərbaycan ədəbiyyatında realist nəsrin ən böyük və ən gözəl nümunələrini yazdı. Ədəbiyyatımızda Sabir Əhmədli qədər təpədən dırnağa kimi realist olan və realizmi ömrünün sonuna kimi heç bir ədəbi cərəyana dəyişməyən ikinci yazıçımız yoxdur. 20-yə yaxın roman, üstəgəl, povest, üstəgəl, hekayə, üstəgəl, publisistika - ondan məhsuldar ikinci nasirimiz də yoxdur.

"Yeni romanımın adı "Ura"dır. Ura - qədim sözümüzdür, kənddə-kəsəkdə indi də işlənir. Bostanın son məhsuluna, ən axıra qalanına deyilir. Axır məhsul şirin olur, əvəzsiz olur...Bu gün çox işlək olan məşhur "Ura!" - kəlməsi ilə bir yaxınlığını da duyuram, o da son, finiş, axır deməkdir, ola bilər ki, bu söz elə türk dilindən gəlmədir..." - Sabir Əhmədli romanının adını ilk dəfə "Şans"a demişdi. Ad qəribəydi, heç bilmirdik yazaq, yoxsa yox, yadımdadır, uzun-uzadı müzakirələri, axır ki, rəhmətlik Hüseyn Əfəndi yekunlaşdırdı: "Uralamaq feli dilimizdə var -axıra qalanı yığmaq, son məhsulu toplayıb seçmək, ayırmaq deməkdir, onda elə kök də uradır". Sabir müəllim yazdı, mətbuat yazdı, söz işləkliyini qaytardı, indi hamı işlədir, rahat yazır...

Və həmin mətbuat aprelin 17-si, 18-i, 19-u Nikolay Qoqolun Azərbaycan xalqının xatirəsində əbədi yaşayacağını, onun şərəfinə Moskvada, Kiyevdə düzənlənən tədbirlərin xırda detallarını xatırlatdı, Sabir Əhmədlini unutdu... Biz Qoqolun Azərbaycan ədəbiyyatına, mənəviyyatına təsirini desək də, ta ondan uzağa gedə bilmərik.
Sabir Əhmədli Qoqol deyil axı, o, Azərbaycan xalqının, Azərbaycan dilinin, Azərbaycan nəsrinin, Azərbaycan təfəkkürünün görkəmli xadimidir.

Yazılarını oxuya-oxuya bu dildə yazmağı, müsahibələrini izləyə-izləyə danışmağı, mühakimələrini-müşahidələrini dinləyə-dinləyə düşünməyi, müasirlərin daş karxanasına çevirdiyi mətbuatdan bezəndə susmağı ondan öyrənmişik. Ailə üzvlərini, yaxın qohumlarını tanıyıram - müəllim, həkim, alim... onlar Azərbaycan xalqına xidmət edirlər və edəcəklər də. Qardaşı, 19 yaşlı Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov "Azərbaycan!" deyib döyüşə atılmışdı, oğlu Məhəmməd Azərbaycan uğrunda şirin canından keçdi... Sabir Əhmədliylə bərabər bütün nəsli-kökü də Azərbaycana söz atanın qabağına sözlə, Azərbaycan xalqına "qan-qan"deyənin qabağına canıyla, qanıyla çıxıb. Bəs onda niyə Azərbaycan xalqı öz yazıçısının ölüm gününü qırağa qoyub Qoqolu unutmayacağına söz verir?!

... Oğlunu itirəndən sonra bir müddət mətbuata-filana çıxmadı. Onda Dövlət Radiosunda çalışırdım, 20-21 yaşım vardı, ondan müsahibə almağı mənə həvalə etdilər. "Ədəbiyyat qəzeti"nin baş redaktoruydu, zəng elədim, əvvəl razılıq vermədi. Əsərlərindən, ədəbiyyatımızdan söz saldım... Dedi, gəl.

Otağa girəndə nəsə oxuyurdu, salam verib özümü təqdim elədim. Diqqətlə mənə baxdı. Səsyazma aparatını qurdum, yaxın gəldi, stulu çəkib oturdu. Ədəbi prosesimizlə bağlı birinci sualımı verdim... Başını aşağı salıb oturmuşdu. Sualımı bir də təkrar elədim... Xeyli sükutdan sonra ayağa qalxıb əvvəlki yerinə qayıtdı, "danışa bilmirəm, bala"-dedi. Bu dəfə mən onun yanındakı stulu çəkib oturdum.

- Cavanlarımızın üzünə baxa bilmirəm. Mənim balam da bu yaşdaydı... Elə yaraşıqlı, qanı elə qaynar idi ... Sən mənim Məhəmmədimi tanıyırdın? Tanısaydın, heç vaxt bura müsahibəyə gəlməzdin, elə oğuldan sonra mən nə danışım, axı...

- Sabir müəllim, siz mənim atamı tanıyırdınız?

- Kimin qızısan?

- Bu dünyada balalarından başqa heç nəyi olmayan bir atanın... Yaşa dolan bir ata görəndə sevinirəm, deyirəm, yəqin onun da üzü, səsi, yerişi indi belə olardı... Hər dəfə də məəttəl qalıram ki, bütün atalar niyə bir-birinə belə oxşayır, onlara baxa-baxa atam yadımdan çıxır, atamı yada saldıqca onlar mənə doğmalaşır... Belə çıxır ki, mən səhv eləmişəm, yaşa dolan atanı görəndə gərək köks ötürüm ki, mənim atam bu illərin heç birinə qalxammadı...

Onu görəndə onsuz da kövrəlmişdim, bu söhbətdən sonra gözüm doldu, ta heç nə demədən aparatı yığışdırdım. Gəldi, dedi ki, bağışla məni, qızım, biz cavanlarımızdan çox şeyi öyrənməliyik, elə dərd çəkməyi də... Mən hər saat özünü itirən adam deyiləm, bala dərdi yaman pis imiş, ona dözəmmədim... Gəl, otur, yazıçı-jurnalist kimi yox, elə ata-bala kimi danışaq, nə istəyirsən, soruş, yaz...

Bu ilk görüşümüzdən sonra dəfələrlə ondan müsahibə aldım, yaradıcılığıyla bağlı müxtəlif yazılar hazırladım, bir sıra məsələlərə münasibətini soruşdum... Bir dəfə olsun belə, kiminsə, hansı həmkarınınsa qarasınca kəlməsini eşitmədim... Kiminsə yaradıcılığına dodaq büzdüyünü də görmədim, başqasından söz salanda da özünəməxsus ustalıqla söhbəti öz yaradıcılığının üstünə gətirirdi. Əliylə rəfdəki kitablarını göstərib gülə-gülə deyirdi : "Nəvəm məndən soruşur ki, baba, sən bu kitablarlın hamısını oxumusan? Deyirəm, hə, oxumaq bir yana, mən onların hamısını yazmışam da... İndiki cavanların ən çox qorxduğu şey kitabdır..."

İtirdiyimiz adam, bax, belə yazı-pozu adamıydı. Özündən danışıb-eləməyi də yoxuydu, deyirdi ki, bu sənətdə adam öz bağının bəhrəsini yemir. Bir dəfə də soruşdum ki, bu şairlər, yazıçılar diyarında niyə özünüzə yaxın bir dost, həmdəm tapmadınız, axı? Belə cavab verdi: "O qruplaşma-filan məndən uzaq bir şeydir, qaldı ki, dost məsələsinə... Özümdə də günah var. Bilirsənmi, daş adamın öz ayağını yaralamayınca, ağrının nə olduğunu bilmirsən... Başına gələn başmaqçı olur..."

Bizim yazıçımız belə adamıydı - dili şirin deyildi, qılığı yoxuydu, ədəbi tədbirlərdən, çayxana müzakirələrindən, mühitdaxili söz-söhbətlərdən uzaqıydı... Gendən quru adam kimi görünsə də, sadəydi, simsarıydı...

Yazıçının sələfi də olmaq gözəldi, xələfi də... Ən çətini yazıçının müasiri olmaqdır. Mirzə Fətəli Axundovun müasirləri onun meyitini ortada qoyduqlarına görə bu gün yada salınır və...

"Müasirlərinizdən muğayat olun" - 80 yaşlı Aytmatovun ağsaqqal sözü qulağımda səslənir, "Daş adamın öz ayağını yaralamayınca ağrının nə olduğunu bilmirsən" - 79 yaşlı Sabir Əhmədlinin etirafını da elə bil təzədən eşidirəm və yazıçının ölümünə müasirlərinin etinasız münasibətini düşünürəm... "Sizdən sonra gələn nəsillər bir gün sizin üzünüzə..." - Mirzə Cəlilin səsini eşidirəm, qorxuram, utanıram...

YAZIÇI öldü, yaşasın YAZI - yox, inanmıram. Yazıçıların ölümü bizi yazının ölümünə yaxınlaşdırır... Aytmatovun dediyi böyük mənəvi boşluq bəlkə elə budur?! Böyük yazıçı deyiləndə onun adını çəkirik, Nobel mükafatı verəndə başqasının... 80 illiyində namizədliyini türk dünyası irəli sürdü, axırı nə oldu? Guya dünya Aytmatovu tanımır?

Biri var, müasirini tanımayasan, bilməyəsən, biri də var, dəyərini biləsən, onu tanıyasan və yanından ötəsən...

Bu elə Yazının ölməyi deməkdir ...

“525-ci qəzet”, 23.04.2009.

Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009