ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



“Şahdəniz-2” yola çıxdı

3500 km-lik boru kəməri ilə Azərbaycan qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrə nəql ediləcək


“Bu sazişlər əməkdaşlığımızın 40 il və dahı uzun müddət davam edəcəyinə imkan verəcək”

18/12/2013


Dekabrın 17-də Bakıda, Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimi olmuşdur. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət başçıları mərasimdə iştirak etmişlər.

“Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcəkdir. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır.

1999-cu ildə kəşf olunan “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub” qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur.

Prezident İlham Əliyev və “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak edən dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Dövlət başçısı mərasimdə çıxış etdi.

* * *

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli qonaqlar.
Xanımlar və cənablar.

Əvvəlcə hər birinizi bu gün Azərbaycanda salamlayıram. Dövlət və hökumət başçılarına, nazirlərə bizim dəvətimizi qəbul edərək bu tədbirdə iştirak etdiklərinə görə minnətdarlığımı bildirirəm. Bu gün müasir Azərbaycanın tarixində tarixi bir gündür. Bu gün “Şahdəniz-2” enerji layihəsinin icrasına başlanılacaqdır. Bu isə ölkəmizin uzunmüddətli inkişafını təmin edəcəkdir.

“Şahdəniz-2” dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir. Lakin bu gün mən 19 il bundan öncəyə - Azərbaycanın enerji strategiyasının yarandığı 1994-cü ilə dönmək istəyirəm. Biz buna ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi nəticəsində nail olmuşuq. Müstəqillik əldə etdikdən sadəcə 3 il, Azərbaycanda vətəndaş müharibəsinin bitməsindən bir il, Ermənistanla müharibədə atəşkəsin əldə edilməsindən yalnız 4 ay sonra Azərbaycan xarici tərəfdaşları ilə birlikdə “Əsrin müqaviləsi”ni imzalamışdır. Bu hadisə ilk dəfə Xəzər dənizini xarici sərmayələrə açmışdır və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdır. “Şahdəniz” isə düşünürəm ki, XXI əsrin müqaviləsi olacaqdır. Bu tədbirdən əvvəl isə müstəqil Azərbaycanın enerji sahəsinin inkişafında bir sıra mühüm tarixi hadisələr baş vermişdi.

1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı saziş imzalanmış, sonra 1999-cu ildə Xəzər dənizini Gürcüstanın Qara dəniz sahilləri ilə birləşdirən ilk boru kəməri inşa edilmişdir. Daha sonra - 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi və beynəlxalq bazarlarla birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, 2007-ci ildə isə Cənub qaz boru kəməri inşa edilmişdir. Bu kəmər Azərbaycan, Gürcüstan və Türkiyəni hazırkı mərasimin tərkib hissəsi olan digər layihə ilə birləşdirmişdir.

2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanmışdır. Bu da öz növbəsində ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. Ötən il biz Türkiyə ilə Trans-Anadolu boru kəməri – TANAP-a dair tarixi saziş imzalamışıq. Bu il isə TAP layihəsi əsas ixrac marşrutu seçilmişdi. Nəhayət, bu gün biz “Şahdəniz-2” yekun investisiya qərarını imzalayırıq.

Bu, tarixə bir ekskurs, Azərbaycanın ən iri qaz yatağının tam həcmdə işlənilməsi layihəsi istiqamətində keçdiyimiz yolda mühüm hadisələr idi. Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Azərbaycanın qaz ehtiyatları bu sərvəti gözləməkdə olan bazarlara nəql ediləcəkdir. Bizim hesablamalarımıza görə, Azərbaycanın qaz ehtiyatı 3 trilyon kubmetrə bərabərdir.

“Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Təbii ki, bu layihə əlavə səylər tələb edəcəkdir.

Biz birgə səylərlə həyata keçirəcəyimiz nəhəng layihənin yalnız başlanğıcındayıq. Bu gün mən Azərbaycan xalqını bu tarixi gün münasibətilə təbrik edirəm. Bu layihə ölkəmizin uzunmüddətli və dayanıqlı iqtisadi inkişafını təmin edəcəkdir. Eyni zamanda, “Şahdəniz” konsorsiumuna Azərbaycanla bağlı səylərinə görə minnətdarlığımı bildirirəm. Xüsusilə, Azərbaycanda enerji sahəsinin iki lideri və strateji tərəfdaşı olan ARDNŞ və bp-yə təşəkkürümü bildirirəm. bp və ARDNŞ arasında 20 illik əməkdaşlıq təcrübəsi vardır. İmzalayacağımız sazişlər bu əməkdaşlığın 40 il və hətta ondan da uzun müddət davam edəcəyinə imkan verəcəkdir.

Onu da qeyd etmək istərdim ki, Azərbaycanın enerji siyasəti iqtisadiyyatımızın transformasiyasına və şaxələndirilməsinə imkan yaratmışdır. Biz müstəqilliyimizi bərpa etdiyimiz dövrdə özəl sektordakı ümumi daxili məhsul sıfır faizə bərabər idi. Bu gün isə özəl sektor iqtisadiyyatımızın 85 faizini təşkil edir. Biz işsizlik səviyyəsini 4,8 faizə endirmişik. Yoxsulluq səviyyəsi 5,5 faizə endirilmişdir. Bizim xarici borcumuz ümumi daxili məhsulun sadəcə 8 faizini təşkil edir. Nəhayət, maliyyə vəziyyəti sabitdir və biz iqtisadiyyatımızın 55 faizini təşkil edən qeyri-neft sektoruna yatırımlar etməkdəyik.

Bu səbəbdən enerji siyasəti, beynəlxalq təsisatlarla sıx əməkdaşlıq, şaxələndirmə və şəffaflıq uğurlu inkişafın əsas elementlərindəndir. Düşünürəm ki, Azərbaycan neft bəlasına, məşhur “Holland sindromu”na tutulmamışdır. Biz neftin və qazın xalqın mənafeyinə necə xidmət etdiyinin nümunəsiyik. Əlbəttə ki, bunun başlıca səbəblərindən biri beynəlxalq əməkdaşlıq olmuşdur. Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk, çünki xarici şirkətlərin bilik və təcrübəsi bizim üçün çox əhəmiyyətlidir.

Bu gün bu əməkdaşlıq daha geniş formata qədəm qoyur və daha çox ölkə və şirkəti əhatə edəcək yeni əməkdaşlıq formatı yaradılır. Əminəm ki, gələcəkdə “Şahdəniz-2” layihəsi hazırda nəzərdə tutulduğundan daha çox coğrafi məkanı əhatə edəcəkdir.

Bu gün biz təbii ki, qazımızın Avropa bazarlarına vaxtında çatdırılması üçün diqqətimizi TANAP və TAP layihələrinin icrasına yönəltməliyik. Burada “Şahdəniz” layihəsinin ilkin mərhələsinin əhatə etdiyi ölkələr - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan ilə sıx əməkdaşlıq tələb olunacaqdır. Sonrakı mərhələdə biz Monteneqro və Xorvatiya ilə fəal əməkdaşlığa başlayacağıq. Bu boru kəmərinin Balkanlar istiqamətində uzadılması planlarımız da vardır. Eyni zamanda, ümid edirəm ki, qarşıdan gələn illərdə Rumıniya, Macarıstan və Avstriyadakı tərəfdaşlarımızla boru kəmərinin həmin istiqamətdə də uzadılması üzrə fəal iş görəcəyik. Bizim böyük planlarımız vardır və boru kəmərinin dizaynı da bu planlara uyğun şəkildə nəzərdə tutulmuşdur.

Gələcəkdə biz hasil edə biləcəyimiz qədər qaz həcmini nəzərdə tutulmuş kəmərlər vasitəsilə nəql edəcəyik. Təbii ki, “Şahdəniz-2” layihəsi enerji təhlükəsizliyi layihəsidir. Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyindən ayrılmazdır. “Şahdəniz” layihəsinin imzalandığı 1990-cı illərdə bu, belə deyildi. Bu gün isə bu, artıq reallıqdır. Enerji təhlükəsizliyinin əsas elementlərindən biri təbii qazdır. Hazırda vəziyyət belədir və zənnimcə, növbəti illərdə heç bir dəyişiklik baş verməyəcəkdir. Bu səbəbdən enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi Azərbaycan kimi istehsalçı ölkə, həmçinin tranzit və istehlakçı ölkələr üçün eyni dərəcədə vacibdir. Əminəm ki, biz istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqlarının düzgün balansına birlikdə nail ola biləcəyik. Hamımız üçün faydalı əməkdaşlıq formatı yaradılacaqdır.

Bizim enerji strategiyamız dostluq, əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Tariximizdə Azərbaycan heç bir zaman öz enerji potensialını digər məqsədlər üçün istifadə etməmişdir.

Bu tarixi gün münasibətilə Azərbaycan xalqını, bütün dostlarımızı və xarici tərəfdaşlarımızı təbrik edirəm. Layihəmizə uğurlar arzulayıram. Uğurlar “Şahdəniz-2”.

* * *

Albaniyanın Baş naziri Edi Rama bu layihənin icrası nəticəsində Azərbaycan və Albaniyanın Xəzər və Adriatik dənizlərini əlaqələndirəcəyini və alternativ enerji marşrutlarının xəritəyə gətirilməsinə töhfə verəcəyini bildirdi.

Bolqarıstanın Baş naziri Plamen Oreşarski bu layihənin ölkəsi üçün də yeni imkanlar açdığını vurğulayaraq bildirdi ki, bu , mənim ölkəm üçün də yeni imkanlar deməkdir.

 “Şahdəniz-2” layihəsinin ölkələrimizin həyatında əhəmiyyətli rol oynayacağını bildirən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vahid enerji siyasətində uğur əldə edilməsində “Cənub” qaz dəhlizi layihəsinin önəmini vurğuladı: “Son irəliləyişlər və ötən 20 il ərzində toplanmış birgə təcrübəmiz səmərəli əməkdaşlıq və nəqliyyat marşrutlarının mənbələrinin, təchizatçıların şaxələndirilməsi üçün zəruri şəraitin yaradılmasının nə dərəcədə əhəmiyyətli olduğunu aydın göstərir”.

Xorvatiyanın Baş naziri Zoran Milanoviç bu layihə ilə Azərbaycanın tarixində yeni mərhələnin başlandığını, “Şahdəniz-2” layihəsinin ölkəsi üçün də xüsusi əhəmiyyət kəsb etdiyini dedi.

Monteneqronun Prezidenti Filip Vuyanoviç dedi ki, bu layihəyə qoşulmaqla Monteneqro özünün uzunmüddətli enerji sabitliyini təmin edəcəkdir. O qeyd etdi ki, SOCAR bu gün Monteneqronun ən elitar turist məkanlarının birində nəhəng infrastruktur inşa etməkdədir və bu, Adriatik dənizi sahilinin ən gözəl incilərindən olacaqdır.

 “Şahdəniz-2 layihəsinin yekun investisiya qərarı kimi mühüm sənədin imzalanması münasibətilə təbriklərini çatdıran Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyq yeni yaradılan “Cənub” qaz dəhlizinin mühüm əhəmiyyətini xarakterizə edərək bildirdi: “Birincisi, bu, Avropanın qaz təchizatı baxımından həm marşrut boyu, həm də yeni mənbə qismində enerji təhlükəsizliyini artıracaqdır. Yeni boru kəməri ilə Türkiyəyə nəql ediləcək 6 milyard kubmetr qazla yanaşı, əlavə 10 milyard kubmetr qazın Avropaya nəqli bizim yeganə təchizatçı və ya bir tranzit sistemindən asılılığımızı azaldacaqdır. Qarşıdan gələn illərdə “Cənub” dəhlizinin Yaxın Şərqdə nəhəng qaz təchizatçılarını əhatə edərək genişlənmə potensialı vardır. Bu isə öz növbəsində Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə ola bilər. İkincisi, Avropanın qaz bazarında rəqabət artacaqdır. Bu isə enerjinin qiymətini daha münasib edəcəkdir. Nəhayət, “Cənub” dəhlizinin işlənilməsi 2 min mil uzunluğunda marşrut boyu dövlətlərə mənfəət gətirəcək və tikinti mərhələsində otuz mindən artıq yeni iş yeri yaradacaqdır”.

İtaliyanın xarici işlər naziri xanım Emma Bonino “Cənub” qaz dəhlizinin yaradılmasına başlanmasının mühüm əhəmiyyət kəsb etdiyinin vurğuladı: “Avropa Komissiyası TAP layihəsini birgə maraq kəsb edən layihələr siyahısına daxil etmişdir və bununla da müxtəlif prosedurlar sürətlənəcəkdir. Mühüm zəruri maliyyə vəsaitlərinin ayrılması prosesi daha da sürətlənəcəkdir”.

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirdi: “Hazırda biz istər Türkiyənin təxminən 50 milyard kubmetrlik təbii qaz ehtiyacının bir hissəsinin ödənilməsi, istərsə də Avropa İttifaqına üzv ölkələrin təbii qaz tədarükünün həll edilməsi baxımından mühüm bir layihəni imzalayacağıq. Türkiyə bütün strateji və coğrafi üstünlüklərindən bu layihələrin xeyrinə istifadə edəcəkdir”.

Avropa İttifaqının TAP layihəsini tam dəstəklədiyini, “Şahdəniz-2” layihəsinin yekun investisiya qərarının imzalanmasının səmərəli əməkdaşlıq üçün yeni imkanlar açdığını vurğulayan Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger dedi: “Azərbaycan 2011-ci ildə verdiyi vədinə sadiq qalaraq “Cənub” qaz dəhlizinin icrasına başlayır. Zaman keçdikcə biz görəcəyik ki, bu layihə də digər uzunmüddətli layihələr kimi xüsusi əhəmiyyət kəsb edəcəkdir. Lakin gələcəyin inkişafını təmin edən siyasi təməl bu gün qoyulur. Yaxın keçmişdə bəziləri bu layihəni mümkünsüz layihə adlandırmışlar. Lakin ilk dəfə deyildir ki, bu regionda mümkünsüz hesab edilən layihələr tərəfdaşların əməkdaşlığı nəticəsində uğurla başa çatdırılır. Şadam ki, bu layihənin Cənub-Şərqi Avropada davam etdirilməsinə dair Azərbaycan Albaniya, Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro arasında razılıq vardır. Buraya Rumıniya, Macarıstan və Avstriyanı da əlavə etmək olar. Bu, onun sübutudur ki, bugünkü tədbir daha böyük layihənin başlanğıcıdır”.

İxrac kəmərlərinin şaxələndirilməsinin vacib əhəmiyyət kəsb etdiyini bildirən ABŞ-ın enerji nazirinin müşaviri Conatan Elkind rəsmi Vaşinqtonun Azərbaycanın yerləşdiyi regionun enerji ehtiyatlarının işlənməsi və digər regionlar ilə əməkdaşlığın gücləndirilməsinə tərəfdar olduğunu bildirdi: “Bu regionun zəngin enerji ehtiyatları vardır. Bu baxımdan Azərbaycan çox xoşbəxt bir ölkədir. Bu gün SOCAR başda olmaqla müxtəlif şirkətlər bu ehtiyatları dünya bazarlarına çıxarırlar. Bu ehtiyatlarda marağı olan ölkələrə təbii qazın nəqli çox vacib bir elementdir. Vacibdir ki, istehsalçı və istehlakçı ölkələr arasında əlaqələr güclü olsun”.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev yekun investisiya qərarının imzalanmasını ulu öndər Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyasının növbəti uğuru kimi dəyərləndirərək dedi: “Bu layihə çərçivəsində Xəzər dənizində ən qabaqcıl sualtı hasilat texnologiyasının tətbiqi ilə Azərbaycandan Avropaya qədər 6 ölkəni birləşdirəcək təxminən 3500 kilometr uzunluğunda boru kəmərləri sisteminin tikintisi və istismarı gerçəkləşdiriləcəkdir. Biz artıq bp və BOTAŞ-la birgə həyata keçirəcəyimiz TANAP layihəsində ən böyük investor və operator, Avropa şirkətləri ilə birlikdə inşa edəcəyimiz TAP layihəsində isə ən böyük investorlardan biriyik. Azərbaycanın qaz potensialı zəngindir. Bizim 2,5 trilyon kubmetrdən artıq təsdiqlənmiş qaz ehtiyatımız vardır. Əgər mövcud imkanları nəzərə alsaq, “ikinci qaz dalğasını” bu gün də aydın görə bilərik.  “Mərhələ-2” çərçivəsində işlənilməsi planlaşdırılan “Şahdəniz”in əlavə ehtiyatlarından, bu yaxınlarda Xəzərdə kəşf edilmiş “Abşeron” və “Ümid” yataqlarının, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı dərin qaz ehtiyatlarının, olduqca perspektivli “Şəfəq-Asiman”, “Babək”, “Zəfər-Məşəl“ və başqa strukturların potensialından tam istifadə ediləcəkdir”.

Əlamətdar hadisə münasibətilə təbriklərini çatdıran bp şirkətinin baş icraçı direktoru Robert Dadli “Şahdəniz-2” layihəsinin bp və SOCAR üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirərək dedi: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Cənub” qaz dəhlizi Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Region ölkələri üçün də gələcək dəyişəcəkdir. XXI əsrdə Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən bir ölkəyə çevrilmişdir. Bu, birbaşa xarici sərmayə baxımından ən böyük layihə olacaqdır. Bu, Azərbaycanda əlavə 10 min iş yerinin açılması deməkdir. Qürurverici haldır ki, bütün zəruri infrastruktur Azərbaycanda inşa ediləcəkdir. bp isə öz növbəsində, Azərbaycanın enerji və hasilat bacarığının artırılmasına öz töhfəsini verəcəkdir. Azərbaycandan kənarda daha 20 min yeni iş yeri açılacaqdır.

Bu layihə şirkətlər üçün də xüsusi əhəmiyyət kəsb edir. SOCAR, Statoil, Total, LUKoil, NIKO, TPAO, BOTAŞ, Axpo, Fluxys, E.ON və bp – bunlar böyük bir qrupdur. Zənnimcə, bu layihə yalnız birgə səylər nəticəsində mümkün olmuşdur. Bu, səhmdarlar üçün də çox mühüm gündür. Bu, o deməkdir ki, növbəti 25 il ərzində dəyəri yüz milyardlarla ölçülən sənədlər imzalanacaqdır. Bu sənədlərin bəhrəsi qarşıdan gələn bir çox illərdə hiss olunacaqdır. “Şahdəniz” layihəsi XXI əsrin ikinci yarısında da qaz ehtiyaclarını təmin edəcəkdir. Bu, bizim sənayemiz üçün də çox mühüm bir hadisədir.”

* * *

Sonra sənədlərin imzalanması mərasimi oldu.

Əvvəlcə Azərbaycan, Albaniya, Xorvatiya və Monteneqro arasında əməkdaşlıq, “Cənub” qaz dəhlizi layihəsi və Cənub-Şərqi Avropa dəhlizi Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Natiq Əliyev, Albaniyanın energetika və sənaye naziri Damian Gjiknuri, Xorvatiyanın iqtisadiyyat naziri İvan Vrdolyak və Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç imzaladılar.

Sonra “Şahdəniz” layihəsinin ikinci mərhələsi və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə yekun investisiya sazişi imzalandı. Sənədi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Şahdəniz” üzrə Hasilatın Pay Bölgüsü Sazişi əməliyyatçısının prezidenti Qordon Birrel imzaladılar.


Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009