ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Xocalı həqiqətləri dünyanın gözündə


24/02/2014

Fevralın 21-də Almaniyanın nüfuzlu Köln Universitetində Alman Azərbaycan Mədəniyyət Evi, “Soyqırımı Həqiqətlərini Tanıtma” İctimai Birliyi və Alman Türkiyə Məzunları Birliyinin təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş “XXI əsrdə Azərbaycan geostrateji baxımdan” mövzusunda konfrans keçirilmişdir.

Soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra məruzələr dinlənilmişdir.

Tədbirdə “Soyqırımı Həqiqətlərini Tanıtma” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov, Milli Məclisin deputatları Musa Qasımlı, Rövşən Rzayev, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, Diaspor Jurnalistləri Birliyinin təmsilçiləri Əli Zülfüqaroğlu, Elnur Eltürk və digərləri iştirak etmişlər.

Alman Azərbaycan Mədəniyyət Evinin başqanı Altay Rüstəmli konfransda rəhbərlik etdiyi təşkilatın “Xocalıya ədalət” kampaniyası çərçivəsində gördüyü işlərlə bağlı məlumat vermişdir. O, Xocalı soyqırımı ilə bağlı bir sıra tədbirlərin, konfransların təşkil olunacağını bildirmişdir.

Məruzəçi Tanju Can diqqətə çatdırmışdır ki, Xocalı soyqırımı bütün türk dünyasının faciəsidir. O demişdir: “Bu qətliam bütün türk dünyasına qarşı törədilmişdir. Əgər Qarabağda bir əl kəsilibsə, deməli, bütün türk dünyasının qanı axıdılmışdır”.

Xocalı faciəsi zamanı təkcə ata tərəfdən 40-dan artıq qohumunu itirdiyini bildirən “Soyqırımı Həqiqətlərini Tanıtma” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov qətliamın təkcə türk dünyasına və müsəlmanlara deyil, bütün bəşəriyyətə qarşı törədilmiş soyqırımı aktı olduğunu vurğulamışdır: “Mən həmin hadisələrin canlı şahidiyəm. Hər dəfə bu mövzuya toxunanda o dəhşətləri yenidən yaşayıram. Ona görə də çox danışmaq istəmirəm. Onu demək istəyirəm ki, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təşəbbüsçüsü Leyla Əliyevanın soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyəti əvəzsizdir. Xocalı sakini olaraq burada iştirak edən hər bir şəxsə minnətdarlığımı bildirirəm”.

Milli Məclisin deputatı Musa Qasımlı ermənilərin azərbaycanlılara, ümumiyyətlə türklərə qarşı törətdikləri cinayətlərdən, onların tarix boyu həyata keçirdikləri məkrli planlardan danışmışdır. Diqqətə çatdırılmışdır ki, Ermənistanın soyqırımı siyasəti həyata keçirdiyi artıq sübut olunmuşdur. Ermənilərin əsas hədəfi müsəlmanları tarixi torpaqlarından qovmaq, “böyük Ermənistan” yaratmaq olmuşdur. Artıq regionun lider dövlətinə çevrilən Azərbaycanın bu problemi tezliklə həll edəcəyinə əminliyini bildirən deputat demişdir ki, bu istiqamətdə xaricdə yaşayan soydaşlarımız ümummilli maraqlar ətrafında birləşməlidirlər.

Milli Məclisin deputatı Rövşən Rzayev “Soyqırımı Həqiqətlərini Tanıtma” İctimai Birliyinin bu istiqamətdə işlərini yüksək qiymətləndirərək qurumun gələcəkdə də uğurlu fəaliyyət göstərəcəyinə əminliyini bildirmişdir. Deputat ermənilərin Xocalı faciəsindən əvvəl Qaradağlı kəndində də soyqırımı aktı törətdiklərini xatırladaq tarixi həqiqətlərin dünyaya çatdırılmasında Azərbaycan cəmiyyətinin, ictimai təşkilatların, xaricdə yaşayan soydaşlarımızın daha səfərbər fəaliyyət göstərməsinin vacibliyini vurğulamışdır.

Digər çıxışlarda da Xocalı soyqırımının dəhşətlərindən danışılmış, bu faciənin unudulmayacağı bildirilmişdir.

Sonra tədbir müzakirələrlə davam etmişdir.

* * *

Mövzuya dair:

Berlində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir

Fevralın 22-də Almaniyadakı Türk-Azərbaycan Birliyinin (TAVD), Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin (AAKM), Berlin-Brandenburg Atatürkçü Duşuncə Dərnəyinin (ADD) təşkilatçılığı və Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi ilə Xocalı soyqırımının 22-ci ildönümü fevralın 22-də Berlində yad edilmişdir.

Berlindəki Türk evində təşkil olunan tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Türkiyənin Berlindəki baş konsulu Ahmet Başar Şen, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azay Quliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Qarabağ şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, “Erməni təcavüzünün tanıdılması” ictimai birliyinin nümayəndəsi, yazıçı Səriyyə Cəfərova, türk və azərbaycan diasporunun təmsilçiləri iştirak etmişlər.

Mərasimdə əvvəlcə Xocalıda faciəsi qurbanlarının və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın dövlət himni və Türkiyənin istiqlal marşı səsləndirilmişdir.

AAKM-nin icraçı direktoru Samira Patzer-İsmayılova çıxış edərək Xocalı soyqırımı həqiqətlərinin Almaniya ictimaiyyətinə çatdırılması ilə əlaqədar keçirilən tədbir və aksiyalar haqqında məlumat vermiş, bu günlərdə Almaniyada 30-a yaxın belə tədbirin keçirildiyini bildirmişdir. Almaniyadakı Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələrinin Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasında fəal iştirak etdiklərini qeyd etmişdir.

ADD-nin sədri Olcay Başegmez Azərbaycan diasporu ilə sıx əməkdaşlıq etdiklərini və birgə anım tədbirlərinin keçirildiyini vurğulamış, gələn il “qondarma erməni soyqırımı” ilə bağlı gözlənilən təxribatlar haqqında məlumat vermişdir.

Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov çıxışında mühüm tədbirlərin Türk Evində türk icması ilə birgə keçirilməsinin artıq ənənəvi hal aldığını bildirmiş və bunu sevindirici hal kimi dəyərləndirmişdir. O, bildirmişdir ki, türk və Azərbaycan diaspor təşkilatları Almaniyada sıx əməkdaşlıq edir, bir-birini dəstəkləyir və ulu öndər Heydər Əliyevin nəsihəti olan “Bir millət iki dövlət” ideyasını əks etdirirlər. Səfir demişdir ki, son illərdə Almaniyada Azərbaycana qarşı münasibət dəyişmiş və Qarabağ problemi ilə bağlı bir sıra qətnamələr qəbul edilmişdir. O, Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həllini sülh yolu ilə və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini qarşıya məqsəd qoyduğunu vurğulamışdır.

Türkiyə Cümhuriyyətinin Berlindəki baş konsulu Ahmet Başar Şen Xocalı soyqırımının türk və Azərbaycan xalqı üçün acı bir örnək olduğunu qeyd etmişdir. O, bildirmişdir ki, Azərbaycan xalqına qarşı edilən haqsızlıq türk xalqını da kədərləndirir. Bu səbəbdən Türkiyə bu acı və üzüntüləri Azərbaycan ilə paylaşır. Türkiyə Azərbaycanı hər zaman dəstəkləyəcək.

Çıxışlardan sonra Heydər Əliyev Fondunun hazırladığı “Xocalı qətliamı” adlı tarixi - sənədli film nümayiş etdirilmişdir.

Filmin nümayişindən sonra Milli Məclisin deputatı Azay Quliyev, tarix elmləri doktoru Qasım Hacıyev türk-Azərbaycan qardaşlığından danışmış, Qarabağ münaqişəsinin həllinə apara biləcək tezislərlə çıxış etmiş və mülahizələrini söyləmişlər.

Yazıçı-publisist, Xocalı faciəsində ailəsini itirmiş Səriyyə Cəfərova həmin günlərdə baş verən dəhşətləri yada salmış, öz ürək ağrılarını qələmi ilə ifadə etdiyini, ictimai fəaliyyətinin həqiqətlərin təbliğatına həsr olunduğunu bildirmişdir.

Azay Quliyev Xocalı soyqırımının dünya miqyasında tanımış ölkələr haqqında məlumat vermiş, gələcəkdə görüləcək işlərdən danışmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin “Bir millətin iki diasporu olmaz” sözlərini xatırlayan deputat, Türk-Azərbaycan diasporunun növbəti birgə addımları barədə fikirlərini bölüşmüş, bu əməkdaşlığın gələcək üçün çox önəmli olduğunu qeyd etmişdir.

Qasım Hacıyev Azərbaycan və Qarabağın qədim tarixi, mədəniyyəti, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və türk millətinə qarşı yönəldilmiş soyqırımı aktları barədə maraqlı faktları diqqətə çatdırmışdır.

Tədbirdən sonra qonaqlar və iştirakçılar canlı söhbətlərlə müzakirələri davam etdirmiş, iştirakçıların sualları cavablandırılmışdır.

 AzərTAc

 

Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009