ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Reyqanın gündəliyindəki Qarabağ qeydləri

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


 

08/03/2014


“…Cümə günü. 26 fevral 1988.
…Sovetlər və ermənilər arasında narahatlıq yaşanır. Ermənilər müstəqillik istəyir.” 


Bu qeydlər ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın gündəliyindən götürülüb. Və həmin gündəlik (The Reagan Diaries) 2007-ci ildə Vaşinqtonda nəşr edilib.

Deməli, Amerika Birləşmiş Ştatlarının prezidenti Qarabağ münaqişəsinin başlanmasından xəbərdar olub: “Ermənilər müstəqillik istəyir” formasında...

Bizim bildiklərimiz və bilmədiklərimiz

Bəs Azərbaycanlılar nə istəyir?

O vaxt bunu Reyqan bilməyib və ya bilmək istəməyib. Əvəzində ermənilərin nə istədiyindən dərhal xəbər tutub. Amma biz ermənilərin nə istədiyini gec, çox gec bilmişik. Yalnız 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputataları Sovetinin ssesiyasında vilayətin Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul ediləndən sonra yada salmışıq ki, onların əbədi və əzəli bir Qarabağ iddiası var...

Və onu da bilməmişik ki, bundan əvvəl - həmin il fevralın 12-də ermənilər DQMV-də gizli fəaliyyət göstərən millətçi “Krunk”un təşkilatçılığı ilə Xankəndində ilk dəfə mitinq keçiriblər.

Sən demə, bundan daha əvvəl - 1988-ci il yanvarın 8-də Ermənistandan bir nümayəndə heyəti Moskvaya səfər edərək DQMV-nin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında hazırlanmış müraciəti və toplanmış imzaları SSRİ Ali Soveti sədrinin müavini P.Demiçevə təqdim eidblər...

Bütün bunlardan da daha əvvəl - 1987-ci ilin oktyabrında Sov.İKP MK plenumunda Heydər Əliyevin tutduğu vəzifələrdən istefa verdiyini isə tez eşitmişik. Çünki bu barədə rəsmi məlumat verilib. Nə qədər qəribə olsa da o vaxt bu xəbərə Bakıda sevinənlər də tapılıb. Amma onda bu istefadan sonra nələr baş verəcəyini pronozlaşdırmaq heç kimin ağlına gəlməyib. Proses isə bizim istəyimizdən asılı olmayaraq başlayıb... 

Bu proses necə başlayıb? 

Heydər Əliyevin istefasından bir neçə gün sonra M.Qorbaçovun müşaviri A.Aqanbeqyan Parisdə “İnterkontinental” otelində xarici jurnalistlərə müsahibə verib. Və həmin müsahibədə müşavir DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olduğunu və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edib.
Biz bu informasiyadan da xəbərsiz qalmışıq.

Həmin il noyabrın 18-də Aqanbeqyanın müsahibəsi “L’ Humanite” qəzetində çap olunur və sanki bununla dünya ermənilərinə siqnal verilir... 
Və Yerevanda bu iddia ilə tələbə nümayşləri başlanır.
Bütün bunlar barədə də çox sonralar eşitmişik, oxumuşuq....
Amma Amerikada bu proseslər izlənilib, öyrənilib...

Görünür, tarixi sualı vermək vaxtıdır: Amerika Birləşmiş Ştatlarının rəsmi dairələri Dağlıq Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? 

Bu suala cavab axtarmağa bir neçə il bundan əvvəl ABŞ-da uzunmüddətli səfərdə olarkən başlamışdım. Və bu ideya məşhur Amerikan politoloqu Zbiqnev Bzejinskinin çıxış etdiyi bir tədbirdə ağlıma gəlmişdi. Bzejinski Qarabağ münaqişəsinin həllinə dair qeyri-nikbin proqnoz versə də…

Reyqan Qarabağ münaqişəsindən necə xəbər tutub? 

88-ci ilin 26 fevralında Ronald Reyqanın bloknotuna yazdığı yuxarıdakı kiçik qeyd sübut edir ki, o vaxt Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərin başladığı etiraz aksiyaları barədə Amerikanın prezidentinə vaxtında məlumat verilib və prezident bu barədə gündəliyində müvafiq qeyd aparıb. 
Ronald Reyqan isə o Amerika prezidentidir ki, SSRİ-nin dağılmasına, SSRİ xalqlarının müstəqillik qazanmasına əvvəlki prezidentlərdən daha çox vaxt və güc sərf eləyib, hətta ötən əsrin 80-ci illərində SSRİ-ni açıq-aşkar “şər imperiyası” adlandırmaqla tarixə düşüb. Və belə bir prezident o dövrdə ermənilərin Azərbaycana qarşı torpaq iddiası barədə yox, məhz müstəqillik iddiası barədə məlumatlandırılıb...

Ronald Reyqan gündəlikdə belə bir qeyd yazandan sonra nə kimi addımlar atıb, hansı tədbirləri görüb, deyə bilmərəm. Daha doğrusu, o dövrdə Amerika hökuməti münaqişə ilə əlaqədar hər hansı açıq tədbir görməyib, rəsmi bəyanat verməyib. 
Amma elə həmin il sentyabr ayının 18-də o vaxtkı Stepanakertdə - indiki Xankəndidə yaşayan Azərbaycan əhalisinin yaşadığı evlərə ermənilərin kütləvi basqınları başlayıb, Azərbaycanlılar oradan çıxarılıb və yalnız üç gün sonra – 1988-ci il sentyabrın 21-də SSRİ hökuməti şəhərdə xüsusi vəziyyət elan edib.
R.Reyqan, görünür, bu barədə də məlumatlandırılıb. 

Prezidentin gündəliyindən: 
“...Çərşənbə, 21 sentyabr 1988.
...Haitinin yeni hökumətində biri istisna olmaqla qalanlar mülki şəxslərdir. 
Azərbaycan və ermənilər arasında silahlı toqquşma baş verib”. 


Deməli, Amerikadan çox-çox uzaqlarda yerləşən Xankəndidə baş verən qırğınlardan bu dövlətin başçısı elə həmin günlərdə xəbər tutub, amma sadəcə iki xalq arasında toqquşma kimi xəbər tutub, Azərbaycanlıların evlərinin talan olunmasından, şəhərdən çıxarılmasından xəbər tutmayıb və ya tutmaq istəməyib...
Niyə?
Bu suala cavab vermək üçün R.Reyqanın gündəliyinin bir az əvvəlki səhifələrinə qayıtmağa ehtiyac var:

“...Bazar ertəsi, 26 oktyabr 1987.
...Konqresin rəhbərliyi ilə büdcəyə dair söhbətim oldu.
Erməni kilsəsinin keşişi ilə qısa görüş keçirdim. Ağ evə qayıtdım və beş xarici televiziya jurnalistinə müsahibə verdim”. 


Bu qeydlərin yazıldığı tarixə diqqət edin: “26 oktyabr 1987. Erməni kilsəsinin keşişi ilə qısa görüş keçirdim”. 

Bu, həmin oktyabrdır ki, Heydər Əliyev Moskvada tutduğu yüksək vəzifədən – Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən istefa verməli olmuş, bütün vəzifələrdən kənarlaşdırılmışdı.

Bu həmin oktyabrdır ki, Yerevandakı Puşkin adına parkda “Qarabağ” komitəsinin torpaq iddiası ilə bağlı ilk mitinqi keçirilmişdi...
Və həmin oktyabr günlərində ABŞ-da fəaliyyət göstərən erməni kilsəsinin başçısı, nəhayət, prezidentlə görüşə bilmişdi...

Yuxarıda xatırladılan faktlardan sonra erməni keşişinin Amerika prezidenti ilə hansı mövzuda danışdığını təsəvvür eləmək çətin deyil. Çünki həmin oktyabr günlərində A.Aqanbeqyanın Fransada dedikləri bütün ermənilərin, o cümlədən erməni kilsəsinin “başlıca qayğısı”nın Qarabağ iddiası olduğunu sübut edir... 

Təəssüf ki, 87-ci ilin həmin oktyabr günlərində ermənilərdən fərqli olaraq, Amerika Birləşmiş Ştatlarında bizim nə Azərbaycanın maraqlarını müdafiə edən bir din xadimimiz, nə də normal diaspor təşkilatımız var idi... 

Ona görə də, Amerikada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə bilgilər bizim xeyrimizə deyildi və deyəsən heç sonrakı illərdə də uzun müddət bizim xeyrimizə olmayıb...

Amerika ekspertləri nə düşünür? 

Bir neçə il əvvəl Vaşinqtonda olduğum günlərdə bu suala cavab tapmaq üçün Qarabağ problemi ilə məşğul olan tanınmış ekspertlərlə görüşmək qərarına gəlmişdim. Və ilk görüşmək istədiyim ekspert Tomas De Vaal olmuşdu. Çünki Tomas dəfələrlə münaqişə bölgəsində olmuş, münaqişənin tarixini öyrənmiş, nəhayət, “Qara bağ” (Black Garden: Armenia and Azerbaijan Through Peace and War) adlı kitab nəşr etdirmişdi. 

Amma qısa araşdırmadan sonra məlum olmuşdu ki, Vaşinqtondakı məşhur Kornegi Fondunun eksperti Tomas De Vaalla görüşmək o qədər də asan iş deyil. Elektron poçt vasitəsilə yazışmalar nəticə vermədi. Tanınmış ekspert qrafikinin sıx olduğunu əsas gətirərək Azərbaycanlı jurnalistlə görüşməkdən qəti şəkildə boyun qaçırdı. Lakin mən də bu görüşün baş tutması üçün yollar axtarmaqda davam elədim və sınaqdan çıxmış Azərbaycan variantı – tanışlardan istifadə etmək variantı köməyimə çatdı. 

Corc Meyson Universitetində konfliktologiya üzrə tanınmış mütəxəssislərdən biri ilə görüş zamanı onun Tomas De Vaalla isti münasibətləri olduğunu hiss edən kimi fikrimi bildirdim. Və həmin konfliktoloqun məsələyə müdaxiləsindən sonra Tomas De Vaalla görüş vaxtı təyin edildi və həmin saatda Amerikalı gənc operatorla Kornegi Fondunun qapısını döyməli olduq.

Amerikanın tanınmış “beyin mərkəzləri”ndən olan Karnegi Fondu 1910-cu ildə yaradılıb. O dövrün tanınmış iş adamı Əndryü Karnegi o vaxt beynəlxalq münasibətlər sahəsində müstəqil tədqiqatlar aparmaq məqsədilə 1,5 milyon dollar vəsaitindən keçib və tam adı “Beynəlxalq Sülh Naminə Kornegi Fondu” olan “beyin mərkəzi” formalaşıb. Yüz ildən çox iş təcrübəsi olan Fondun müxtəlif beynəlxalq problemlər, ayrı-ayrı münaqişələr mövzusunda hazırladığı rəylər rəsmi Ağ evin xarici siyasətinə indinin özündə də bu və ya digər dərəcədə təsirsiz qalmır...

Vədələşdiyimiz vaxt Tomasın kabinetinə girəndə o, artıq Amerikalılara məxsus ənənəvi kofe fincanını süzüb çəklişə hazır olduğunu bildirdi və yeganə sualı bu oldu:
- Söhbət hansı dildə olacaq – ingilis, yoxsa rus?
- Rus dilində olsa daha yaxşıdır, 
- mən dedim.
- Problem yoxdur... 

Tomas De Vaal münaqişə barədə çox danışdı, demək olar ki, bütün suallarımı cavablandırdı, amma bir az diplomatik danışdı: “Qarşılıqlı məqbul variantların axtarılması lazımdır. Məncə, belə variantlar var. Həqiqətən də Qarabağ həm Azərbaycanlılar, həm də ermənilər üçün xüsusi əhəmiyyət kəsb edir”.
Bir də: “Bu ölkələr (Azərbaycan və Ermənistan – M.H.) müstəqil dövlətlərdir, öz gələcəklərini də özləri həll etməlidir”.

Mən Rusiya faktorunu xatırlatmaq istəyəndə: “Siz Rusiya faktorunu şişirdirsiniz, məncə”,- deyib? mövzunu dəyişdi: “Minsk qrupunda peşəkar əməkdaşlıq var. Mən Qarabağ məsələsində Moskva ilə Vaşinqtonun mövqeyi arasında böyük ziddiyyət görmürəm”,- dedi.

Başqa bir “beyin mərkəzi”nin - Vaşinqtondakı Orta Şərq Siyasəti Şurasının eksperti, professor Mark Kətz isə Fransa və Almaniya arasında tarixən dörd müharibə olduğunu xatırladaraq “tarixdə oxşar münaqişələrin həllinin şahidi olmuşuq”,- deyə söhbətə nikbinlik qatmağa çalışdı. Və həmin münaqişənin həllində Amerika və NATO-nun xüsusi rol oynadığını xatırlatdı. 

Bəs indi nə olub? Amerika və NATO Dağlıq Qarabağ münaqişəsinin həllində niyə xüsusi rol oynamır və ya oynamaq istəmir?

Bizə çatanda... hətta Zbiqnev Bzejinski də problemin tərəflərin özünün həll etməli olduğunu vurğuladı: “Üçüncü dövlətlərin təsiri, köməyi labüddür. Amma əsas rol iki dövləin üzərinə düşür – Ermənistanın və Azərbaycanın”.

Məlumat üçün bildirim ki, Z.Bzejinski ötən əsrin 90-cı illərində Bill Klintonun şəxsi nümayəndəsi kimi bir neçə dəfə Bakıda rəsmi səfərdə olub, Heydər Əliyevlə dəfələrlə müzakirələr aparıb, bir sözlə, Dağlıq Qarabağ münaqişəsi ilə kifayət qədər yaxından tanış ola bilib. 

Ona görə də mənim Vaşinqtonda iştirak etdiyim bir görüşdə Qarabağ münaqişəsi barədə suala cavabı dəqiq yadımdadır: “Mən Vaşinqtondan bu məsələ ilə bağlı detallı bir formula, həll yolu göstərmək istəmirəm. Burada bir çox məqamlar nəzərə alınmalıdır. Mümkündür ki, bu məsələ mərhələli şəkildə həll olunsun”.

Reallıq isə ondan ibarətdir ki, “bu məsələ” nə mərhələli, nə də mərhələsiz şəkildə həll olunur. Çünki biz əvvəldən, hələ 90-cı illərdən dünyanın, xüsusən super güclərin diqqətini bu problemə yönəldə bilməmişik...

* * *


Niyə ABŞ 20 Yanvara münasibət bildirməmişdi?

İndiyə qədər davam edən siyasətin kökləri haradan gəlir?

Bir neçə il əvvəl “Kremldə xəyanət. Qorbaçovun Amerikalılarla gizli sövdələşmələrinin protokolları” (`Измена в Кремле. Протоколы тайных соглашений Горбачева c американцами`. M., 2011) adlı kitab nəşr edilib. 

Müəlliflər iki məşhur Amerikalıdır: Maykl Beşloss – Amerika tarixçisi və politoloqudur. İkinci müəllifi - Stroub Telbotu isə Bakıda da yaxşı tanıyırlar. 20 ildən çox “Taym” jurnalında işləyib, sonralar ABŞ Dövlət katibinin xüsusi məsləhətçisi olub, 1994-2001-ci illərdə Dövlət katibinin müavini vəzifəsində çalışıb, bir neçə dəfə Bakıda rəsmi səfərdə olub. Dağlıq Qarabağ münaqişəsi barədə kifayət qədər məlumatlı adam sayılır.

Qorbaçovun gizli sövdələşmələri

“Kremldə xəyanət”in müəllifləri 1989-cu ildən başlayaraq SSRİ-nin dağılma prosesini az qala günbəgün izləyiblər, o illərdə sovet-Amerika danışıqlarının iştirakçısı olublar. Kitabda həm də 90-cı ilin yanvarında Litvada vəziyyətin gərginləşməsindən söhbət açılır, M.Qorbaçovun Vilnüsə səfərindən bəhs edilir. Sonra müəlliflər yazır: “Qorbaçov Vilnüsdən Moskvaya qayıtmağa macal tapmamış onun üstünə yeni, daha ağır bəla düşdü – Qafqaz. Ermənistan və Azərbaycan mərkəzi sovet hökuməti ilə, eyni zamanda öz aralarında münaqişəyə girdilər. Onillər boyu erməni və Azərbaycan millətçiliyi Moskvanın dəmir yumruğu ilə saxlanılırdı. İndi hər iki respublikanın vətəndaşları uzun müddət susandan sonra cəsarətə gəlib litvalılar kimi gur səslə müstəqillik istədiklərini bəyan etdilər...”

Söhbət1990-cı ilin yanvar günlərindən gedir. Amma müəlliflər qanlı 20 yanvar gecəsini çox soyuqqanlı, özü də yanlış təsvir edirlər: “Yanvarın 20-də səhərə yaxın ordu hissələri və Daxili İşlər Nazirliyinin qoşunları tüfəng və avtomatlarla silahlanmış mitinq iştirakçıları ilə atışmaya başlayaraq şəhərə hücum etdilər...
Televiziya ilə çıxış edən sovet rəhbəri ordunun güc tətbiq etməsinə haqq qazandırdı...”

Bu tarixi biz bilirik. Amma sovet qoşunlarının dinc əhalini qırdığı həmin gecə Amerika siyasətçiləri üçün, görünür, belə təqdim olunub – “tüfəng və avtomatlarla silahlanmış mitinq iştirakçıları...”

Bunu da başa düşmək olar. O vaxt onlara belə məlumat veriblər...
Amma anlaşılmayan başqa şeydir. Sən demə, həmin qanlı yanvar günlərində Birləşmiş Ştatların rəhbərliyində bir narahatlıq da yaşanıb. Təəssüf ki, Bakıda dinc əhalinin qətlə yetirilməsi ilə əlaqədar yox...

“Kremldə xəyanət”dən: “Buş və Beyker çox ciddi narahatlıq keçirirdilər ki, sovet rəhbəri hakimiyyəti çox saxlaya bilməyəcək”.

Deməli, 20 Yanvar qırğınından sonra Birləşmiş Ştatların siyasi elitası sovet rəhbərliyinin belə qırğından sonra duruş gətirəcəyinə inanmayıblar. Amma Qorbaçov duruş gətirib, özü də Amerikanların köməyi ilə...

“Kremldə xəyanət”dən görünür ki, o illərdə ABŞ prezidenti C.Buş və digər rəhbər vəzifəli amerikalılar Qorbaçovun hakimiyyətdən uzaqlaşdırılması perspektivindən çox narahat olublar. Onlar SSRİ-nin dağılmasını səbrsizliklə gözləyiblər, lakin bu prosesin təbii yolla, yavaş-yavaş baş verməsini istəyiblər. Ona görə də Bakıda qan tökülməsinə əhəmiyyət vermədən Qorbaçovu müdafiə etməkdə, onun duruş gətirməsinə yardımçı olmaqda davam ediblər...

Bu da Amerika siyasətidir – anladığımız və bəzən anlaya bilmədiyimiz siyasət...

İkili standart: Pribaltika və Azərbaycan

Təxminən bir il sonra – 1991-ci ilin yanvarında oxşar vəziyyət Vilnüsdə də yaranacaq və orda da qan töküləcəkdi. Amma onda Amerika rəhbərliyi Bakıda olduğu kimi susmayacaqdı. Elə həmin gecə Vilnüsdə qan tökülməsi barədə məlumat Vaşinqtona çatdırılcaq və Dövlət Departamentində, Mərkəzi Kəşfiyyat İdarəsində bu məsələyə dair müzakirələr başlanacaq, prezident Buş bəyanat verəcəkdi.

Ən maraqlısı isə bu olacaqdı: “Çərşənbə axşamı, yanvarın 22-də Skoukroft (Corc Buşun milli təhlükəsizlik üzrə müşaviri –M.H.) Ağ evdəki kabinetində Amerika pribaltlarının kiçik nümayəndə heyətini qəbul etdi. Gözlənildiyi kimi, onlar Vilnüsdə və Riqadakı qanlı hadisələrə ABŞ-ın mülayim rəsmi rəy bildirməsindən dəhşətə gəlmişdilər”.

Bu parça da “Kremldə xəyanət”dən götürülüb.
Deməli, Amerikalılar bu etirazı gözləyirmiş...

Bakıda baş verən qırğına isə, ümumiyətlə, Ağ evdən nə sərt, nə də mülayim münasibət bildirilmişdi. Onda bu susqunluğa etiraz məqsədilə Vaşinqtonda bir qapı da döyülməmişdi. Kim döyəcəkdi o qapıları? 

“Kremldə xəyanət”də o da qeyd olunur ki, Bakıda yanvar qırğınından təxminən 4 ay sonra – 1990-cı ilin mayında M.Qorbaçovun ABŞ-a səfəri başlayır. Və Vaşinqtonda SSRİ prezidenti etiraz nümayişi ilə qarşılanır. Etiraz mitinqində qaldırılan plakatlardan : “Qorbaçovu müdafiə edirik”, “Litvadan çıxın”, “Ermənilərə hücumdan əl çəkin”...

Yenə də Azərbaycanı və Azərbaycan adını xatırladan heç nə yoxdur. Müəlliflər isə şüarlara belə şərh verirlər: “Bu ziddiyyətli şüarlar göstərirdi ki, Amerika cəmiyyətində SSRİ-yə münasibətdə bir-birinə zidd qüvvələr var: Qorbaçovun siyasətini müdafiə edənlərlə, Amerika pribaltları və Amerika erməniləri kimi etnik qruplar da var idi ki, onlar sovet liderinə öz əzizlərini sıxışdıran adam kimi baxırdılar...”

O vaxt Amerika cəmiyyətində azərbaycanlıların sıxışdırılmasına görə narahatlıq keçirən qüvvə yox idi... 

Buş-Qorbaçov görüşünün təfərrüatlarından bəhs edən müəlliflər bir incəliyə də toxunublar: İmzalanacaq sənədlər içərisində ticarət müqaviləsinin olmadığını görən sovet nümayəndələri narahat olur və bildirilər ki, bu sənəd sovetlər üçün çox vacibdir. Amerika tərəf deyir: “Əgər siz Litvada vəziyyəti dəyişməsəniz bizim belə bir müqaviləni Konqresə təqdim etməyimiz çətin olacaq...”
Azərbaycanda vəziyyəti dəyişməyi Amerikadan kim tələb edə bilərdi?

Azərbaycan üçün qırmızı işıq

1991-ci ilin martında SSRİ-nin saxlanılması məqsədilə referendum keçirilir. “Kremldə xəyanət”də bu barədə deyilir: “Estonya, Latviya, Litva, Moldaviya, Ermənistan və Gürcüstan referendumu boykot etdiklərini bildiriblər”. 

Referendum ərəfəsində Moskvaya, M.Qorbaçovla görüçə gələn C.Beyker sovet siyasi elitasının digər nümayəndələri ilə də görüşmək qərarına gəlir. Və Moskvadakı Amerika səfirliyində şam yeməyi təşkil edilir. Görüşə kimlər dəvət edilir? Moskva və Lininqradın merləri – Popov və Sobçak, iqtisadçı Stanislav Şatalin, Gürcüstan lideri Zviad Qamsaxurdia, Qırğıstan və Ermənistanın baş nazirləri və Qazaxstan prezidenti Nursultan Nazarbayev... 

Bu tədbirdə də Azərbaycan təmsil olunmur... 
Dəvət ediblər, iştirak etməyə cəsarət etməmişik – pis haldır. 
Əgər yada salıb dəvət etməyiblərsə – lap pis!

Əvəzində Azərbaycan Amerikanların yadına 1992-ci ilin payızında düşüb.Oktyabrın 24-də ABŞ Konqresi Pribaltika respublikaları istisna olmaqla, - onlar artıq, demək olar ki, SSRİ-dən çıxmışdılar, - SSRİ-nin bütün respublikalarına (Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Ermənistan, Qazaxstan, Qırğızstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan) demokratiyanın inkişafı və bazar iqtisadiyyatına keçid məqsədilə 460 milyon dollar həcmində yardımı nəzərdə tutan “Azadlığı Müdafiə Aktı”nı qəbul edir. Həmin gün Konqres Azərbaycanı da yaddan çıxarmır. Amma başqa kontekstdə. “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəliş qəbul olunur və həmin düzəliş Azərbaycana hər hansı iqtisadi yardımı qadağan edir. Ona görə ki, guya Azərbaycan “Ermənistan və Dağlıq Qarabağa qarşı zor gücündən istifadə edir”...

Bir dəlinin 92-ci ildə quyuya atdığı bu daşı uzun illər neçə ağıllı çıxara bilmir...
Yalnız 2001-ci ildə ABŞ-da baş verən terror hadisələrindən sonra Azərbaycanın antiterror koalisiyada təmsil olunduğunu görən oğul Corc Buş 907-ci maddənin fəaliyyətinin müvəqqəti dayandırılmasına razılıq verir. Və 2002-ci ilin yanvarından “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin qüvvəsi dayandırılır... 

Madelin Olbrayt nədən narazı idi? 

Amerikanın sonrakı prezidentləri olan B.Klintonun və oğul C.Buşun memuarlarında Azərbaycanda baş verən hadisələr xatırlanmır. Dağlıq Qarabağ probleminə də toxunulmur. Amma B.Klintonun vaxtında Dövlət katibi vəzifəsində çalışan Madelin Olbrayt bu məsələlərdən bəhs edib. Xanım Dövlət katibibinin“Madam Secretary – Albrights memoir” kitabından:

“Azərbaycan və Ermənistan qədim torpaqlar, tarixinə və mədəniyyətinə görə fərqlənən qonşulardır. Əsasən xristianların yaşadığı Ermənistan birinci dünya müharibəsi dövründə və ondan əvvəl Türkiyə tərəfindən göstərilən təzyiqin ağrı-acısını unutmur. Azərbaycan əhalisinin əksəriyyəti isə türk mənşəlidir. Əvvəllər Ermənistan ərazisi olmuş Dağlıq Qarabağı Azərbaycanın tərkibinə daxil etmək Stalinin oyunlarından biridir. Soyuq müharibə qurtaran kimi döyüş başlayıb. Ermənilər tezliklə Dağlıq Qarabağa nəzarəti ələ keçiriblər və ora Ermənistandan dəhliz açıblar. 

Mən regiona səfərim zamanı vasitəçi kimi səylərimizi Dağlıq Qarabağın statusuna dair qətnamə qəbul olunmasına yönəltməyə çalışdım. Təəssüf ki, bu təşəbbüs mənim hökumətdə olduğum illər ərzində uğur qazanmadı. Hər dəfə biz məsələnin həllinə yaxınlaşanda gah bu, gah da digər tərəf böhrana səbəb olurdu”. 

Həqiqətən də xanım Olbrayt Dövlət katibi vəzifəsində çalışarkən Qarabağ münaqişəsinin çözülməsində fəal görünürdü.

ABŞ-ın Azərbaycandakı indiki səfiri Riçard Morninqstar əvvəllər bu ölkənin Avrasiyada enerji məsələləri üzrə xüsüsi nümayəndəsi kimi çalışdığı vaxt jurnalistlərlə söhbətində M.Olbraytın bu sahədə xidmətlərini xatırlatmışdı: “Bizim Dağlıq Qarabağa fikir vermədiyimizi söyləyənlər yüz faiz yanılırlar. Biz buna böyük əhəmiyyət veririk. Bu cür fikirlərdən belə çıxır ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Amerikanın günahıdır. Sanki bizim sehirli qüvvəmiz var ki, bu son dərəcə çətin problemdə Azərbaycan və Ermənistanı bir araya gətirə bilək. Xatırlayıram ki, 1990-cı illərdə o zamankı dövlət katibi Madelin Olbrayt prezident Heydər Əliyevlə Robert Koçaryanı bir otaqda 12 saat saxlayaraq onların fikir ayrılıqlarını çözməsinə çalışırdı. Bu məsələ indiki administrasiyada bir çoxlarını məşğul saxlayır. Lakin problemin asan həlli yoxdur. Ümid edirəm ki, bu münaqişə yaxın gələcəkdə həll oluna biləcək”.

Cənab Morninqstar səfir də oldu, amma bu münaqişə hələ də həll edilməyib. Amerikanın da daxil olduğu Minsk qrupunun həmsədrləri uzun illərdir ki, səyahətdədir. Nəticə isə yoxdur. Və belə çıxır ki, olmayacaq. Çünki Z.Bzejinski demişdi ki, “mən bu sahədə bir az optimist olsam da, yaxın zamanlarda hər hansı böyük irəliləyiş gözləmirəm”. 

Təəssüf ki, Bzejinski yenə də haqlıdır... 

Bu sözləri Bzejinski 2010-cu ilin payızında demişdi və təəssüf ki, məşhur politoloqun bu proqnozu da həmişəki kimi həqiqət oldu...
Səbəbi isə çox sadədir... 
Amerika Birləşmiş Ştatlarında... erməni lobbisi güclüdür.
Bizim məntiqimizə görə bu, gülünc arqumentdir. 
Amma təəssüf ki, bizim məntiqimiz heç də həmişə reallığı əks etdirmir. Amerikada başqa cür düşünürlər. 

Mən Vaşinqtonda olanda Zbiqnev Bzejinski erməni lobbisinin ABŞ-ın siyasətinə güclü təsir etdiyini gizlətməmişdi...
Orta Şərq Siyasəti Şurasının eksperti, politoloq Mark Kətz isə o vaxt bu həqiqəti səmimi etiraf etmişdi: “Azərbaycan üçün ürək açmayan məqam kimi onu göstərmək olar ki, Amerikada çox böyük erməni diasporu var. Azərbaycanlılar isə burada o qədər də çox deyillər. Bütün bunlar Amerikanın və Amerikanların Qafqazla bağlı fikirlərinə təsir edən məqamlardır”.

1999-cu il yanvarın 9-da ulu öndər Heydər Əliyev ABŞ-ın keçmiş Dövlət katibi Henri Kissinceri qəbul edir və jurnalistlərlə görüşdə Dövlət katibinə belə bir sual ünvanlanır: Amerika niyə Ermənistana Azərbaycandan beş-altı dəfə çox yardım edir?
Kissencerin cavabı: “Bu, çox yaxşı sualdır və cavabı da sadədir. Cavab da ondan ibarətdir ki, Birləşmiş Ştatlardakı ermənilərin sayı azərbaycanlıların sayından daha artıqdır və onların konqresə təsir göstərmək gücü daha çoxdur”.

Və bir də…

Yenə də Vaşinqtondakı tanınmış politoloqlarla bir neçə il əvvəlki söhbətləri xatırlayıram. Onda həmin politoloqlardan biri demişdi: “Mən sizə müsahibə verməyə hazıram, bir şərtlə ki, siz məndən Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir cümləsini istəməyəsinz”. 

Sonra da yavaşca əlavə eləmişdi ki, “hələ mənim görüləsi işlərim, layihələrim var. Bu işlərdə özümə problem yaratmaq istəmirəm”.
Bu da Amerika... 

Müsəllim Həsənov 

Mənbə: AzVision

Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009