ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Effektiv Təşəbbüslər Mərkəzi > Tədqiqat

Azərbaycanda parlamentarizm: tarix və bu gün

I. 100 il öncə başlanan yol - çar Dumasından cümhuriyyət parlamentinədək

Azərbaycanda parlamentarizm ənənələrinin tarixi XX əsrin əvvəlindən, çar Rusiyasında ilk parlamentin - Dövlət Dumasının formalaşdığı dövrdən başlanır.

1905-ci ilin məlum tarixi olaylarından sonra Rusiya monarxiyası dövlət idarəçiliyində məcburi islahatlara getməli oldu və imperiyanın bütün ərazisində I Dövlət Dumasına seçkilər keçirildi. Bu seçkilərdə Bakı, Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarında yaşayan müsəlman-azərbaycanlı əhalisi üçün 6 deputat yeri ayrılmışdı.

1906-cı ildə işə başlayan I Dövlət Dumasının tərkibində azərbaycanlı deputatlar Əlimərdan bəy Topçubaşov, Məmmədtağı Əliyev, Əsədulla bəy Muradxanov, İsmayılxan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev və Ataxan İrəvanski yer almışdı. Onların hər biri ali təhsilli, mütərəqqi fikirli ziyalılar idi. O cümlədən ikisi yüksək savadlı və təcrübəli hüquqşunaslar idi: Ə.Topçubaşov Peterburq Universitetinin, İ.Ziyadxanov isə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdi. Ümumilikdə I Dumada Rusiyanın müxtəlif regionlarını təmsil edən 36 deputatdan ibarət müsəlman fraksiyası vardı və azərbaycanlı deputatlar bu fraksiyanın ən fəal üzvləri idi.

Təsadüfi deyil ki, fraksiyanın ilk iclasında Ə.Topçubaşov onun rəhbəri seçilmişdi. Azərbaycanlı deputatlar Dumadakı müzakirələrdə aktiv iştirak edir, o cümlədən Rusiya imperiyasının Cənubi Qafqazda yeritdiyi milli və dini ayrı-seçkilik siyasətini tənqid edir və beləliklə, təkcə azərbaycanlıların deyil, bütün Rusiya müsəlmanlarının mənafeyini müdafiə edirdilər. Lakin, tarixdən bəlli olduğu kimi, I Dumanın ömrü uzun çəkmədi və 1906-cı ilin iyulunda çar II Nikolay qanunverici orqanın buraxılması barədə fərman verdi.

1907-ci ilin fevralında işə işə başlayan II Dövlət Dumasına da 6 azərbaycanlı deputat seçilmişdi: Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev, Məmmədağa Şahtaxtinski, Mustafa Mahmudov və Zeynal Zeynalov. Onlar da yeni parlamentdə müsəlman fraksiyasının fəal üzvlərindən idi. Bundan əlavə F.Xoyski və X.Xasməmmədov Duma bürosuna üzv seçilmişdilər.

Amma bu Duma da cəmisi yarım il fəaliyyət göstərdi və 1907-ci ilin iyununda çarın fərmanı ilə buraxıldı. Qeyd etmək lazımdır ki, II Nikolayın I və II Dumanın buraxılmasına dair fərman verməsində Rusiya imperiyasının ucqarlarının (koloniyaların) qanunverici təmsilçilərinin, o cümlədən azərbaycanlı deputatların qanunverici orqandakı kəskin tənqidi çıxışları da az rol oynamamışdı. Məhz buna görə də 1907-ci ilin payızında keçirilən III Dumaya seçkilərdə imperiyanın ucqarları, o cümlədən türk-müsəlman əhalisinin yaşadığı Mərkəzi Asiya, Sibir və digər regionlar seçki hüququndan məhrum edilmişdi.

Qanunverici orqanda əsasən monarxiyaya loyal və mötədil qüvvələrin təmsil olunması növbəti Dumanın əvvəlkilərə nisbətən uzunömürlü olmasını da təmin edən faktorlardan oldu. Təsadüfi deyil ki, növbəti iki Duma səlahiyyət müddətini (5 il) axıracan yerinə yetirmişdi. Bununla belə, III Dumada bütün Cənubi Qafqazın müsəlman əhalisi adından bir nəfər - Xəlil bəy Xasməmmədov təmsil olunurdu. IV Dumada isə onu Məmməd Yusif Cəfərov əvəz etdi.

İmperiyanın ali qanunvericilik orqanında yer alan azərbaycanlılar bu müddətdə dəyərli parlamentarizm təcrübəsi keçməklə yanaşı, həm də öz doğma xalqının gələcək istiqlalına rəhbərlik edəcək şəxsiyyətlər kimi yetişmişdilər. Məhz buna görə də Rusiyada çarizm süquta uğrayanda onlar Azərbaycanda milli müstəqillik hərəkatının ən qabaqcıl nümayəndələri oldular.

1917-ci ilin fevralında Rusiyada monarxiyanın devrilməsindən sonra hakimiyyətə gələn "Müvəqqəti hökumət" yayda imperiyanın yeni parlamentinə - Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin tezliklə bu hökumət də süqut etdi və 1917-ci ilin oktyabr çevrilişindən (Böyük Oktyabr Sosialist inqilabı) sonra Rusiyada hakimiyyəti bolşeviklər ələ keçirdilər. İnqilab üzündən Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar heç Peterburqa getməyə macal tapmadılar. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaratdılar.

Seymdə müsəlman fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Dövlət dumalarında olduğu kimi, Zaqafqaziya Seymində də azərbaycanlı deputatlar ardıcıl siyasi fəallığı ilə seçilirdi.

Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Seym Zaqafqaziyanın Rusiyadan müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin Seymdəki azərbaycanlı, erməni və gürcü fraksiyaları arasında mövcud olan kəskin milli mənafe ziddiyyətləri, özəlliklə erməni deputatların mütəmadi davakarlığı bu qurumun uzun müddət yaşamısını mümkünsüz edirdi. 1918-ci il mayın 25-də Zaqafqaziya Seyminin sonuncu iclası oldu. Əvvəlcə Seymdən gürcü deputatlar çıxdılar və onlar mayın 26-da müstəqil Gürcüstan Respublikasını elan etdilər. Bundan sonra azərbaycanlı (müsəlman) deputatlar da Seymdən çıxdılar.

1918-ci il mayın 27-də müsəlman fraksiyası (bunu Zaqafqaziyanın müsəlman parlamenti də adlandırmaq olardı) ayrıca iclas keçirərək Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldi. Fraksiya özünü Azərbaycan Milli Şurası elan etdi. Beləcə Azərbaycanın tarixində milli ilk parlament yarandı. Həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. Məhəmədəmin Rəsulzadə Milli Şuranın sədri oldu.

1918-ci il mayın 28-də Tiflisdə Milli Şuranın 26 üzvünün (Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacinski, Əli Əskər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə) iştirakı ilə keçirilən iclasda Azərbaycanın dövlət müstəqiliyinə dair tarixi sənəd - İstiqlal Bəyannaməsi qəbul edildi.

Bu, Azərbaycanın dövlətçilik tarixində yeni səhifənin açılması idi. Müsəlman fraksiyasının bolşevik üzvləri bu qərara qoşulmamışdı, daha bir neçə nəfər isə həmin vaxt Tiflisdə deyildi. İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə ilk dəfə olaraq məhz Azərbaycanda demokratik respublika idarə üsuluna, parlamentli respublika idarəçiliyinə əsaslanan milli dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını elan etdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli parlamentin tarixini iki dövrə ayırmaq olar. 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam edən birinci dövrdə Milli Şura adı ilə fəaliyyət göstərən parlamentin cəmi 10 iclası keçirilmişdi. Milli Şura əvvəlcə Tiflisdə, iyunun 17-dən Gəncədə, Bakı daşnak-bolşevik qüvvələrindən təmizlənəndən sonra isə, sentyabrın 17-dən paytaxtda fəaliyyət göstərmişdi. Milli Şura 1918-ci il noyabrın 19-da keçirilən sonuncu iclasında Xalq Cümhuriyyətinin geniş tərkibli yeni parlamentinə - Müəssislər Məclisinə seçkilərin təyin edilməsi barədə qərar qəbul etdi. 120 deputatdan ibarət olacaq yeni parlamentə seçkilər 1918-ci il dekabrın 3-nə təyin edildi. Bununla Azərbaycanın istiqlal tarixində müstəsna xidmətləri olmuş Milli Şura fəaliyyətini dayandırdı.

Seçkilərlə bağlı qəbul olunmuş qərarda bildirilirdi ki, Azərbaycanda müxtəlif millətlər məskunlaşdığı üçün qanunvericilik orqanında bütün millətlərin nümayəndələri təmsil olunmalıdır. Bu məqsədlə parlamentə müsəlman türklərdən 80, ermənilərdən 21, ruslardan 10, alman, yəhudi və digər millətlərinin isə hərəsindən 1 nümayəndə çağırılması nəzərdə tutulmuşdu. Bu fakt o vaxtkı Azərbaycan parlamentarizminin nə dərəcədə liberal olduğunu nümayiş etdirməklə yanaşı, həmin liberalizmin dövrün acı reallıqları (o cümlədən erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi total qırğınlar fonunda) ilə o qədər də uzlaşmadığını sübutlayan bir gerçəkdir.

1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında Şərq aləmində ilk peşəkar parlamentin - Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici məclisinin birinci iclası keçirildi. İclasda Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev onun birinci müavini, Mehdi bəy Hacınski isə baş katib seçildilər. Erməni və rus nümayəndələri iclasda iştirak etmirdilər. Bakı Rus Milli Şurasının bununla bağlı qəbul etdiyi qərarda göstərilirdi ki, rus əhalisinin Xalq Cümhuriyyətinin parlamentində təmsil olunması "Azərbaycanın Rusiyadan ayrılması faktının tanınması" demək olardı. Lakin Azərbaycanda yaşayan rus əhalisinin təzyiqi ilə Rus Milli Şurası bir ay sonra parlamentin işində iştirak etməyə məcbur oldu.

Ermənilər isə sonadək Xalq Cümhuriyyəti parlamentinin işində iştirak etmədilər. Ümumilikdə fəaliyyət göstərdiyi ilyarım ərzində parlamentin işində ən çoxu 97 deputat iştirak etmişdi.

Peşəkar parlamentin təşkili ilə Xalq Cümhuriyyətinin parlamentarizm tarixində ikinci dövr başlandı. Bu dövr 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək davam etmişdi. Bu dövrdə parlamentin cəmi 145 iclası keçirilmiş, müzakirəyə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Parlamentin 11 daimi komissiyası fəaliyyət göstərirdi. Lakin parlamentdə daxili ziddiyyətlərin mövcudluğu, fraksiya və qruplaşmaların çoxluğu (10-a yaxın fraksiya mövcud idi) onun normal fəaliyyət göstərməsini əngəlləyirdi. Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ayda hökumətin dörd dəfə dəyişdirilməsi də bunun nəticəsi idi. Bununla belə, parlament öz fəaliyyəti ilə Azərbaycanda müstəqil dövlət quruculuğuna mühüm töhfə vermiş, ölkə həyatının müxtəlif sahələrinə dair bir sıra vacib qanunlar qəbul etmişdi.

Parlament gənc respublikanın beynəlxalq aləmdə tanınması istiqamətində də böyük iş aparırdı. Ə.Topçubaşovun başçılıq etdiyi nümayəndə heyətinin səyləri nəticəsində 1920-ci il yanvarın 12-də Paris sülh konfransında iştirak edən ölkələr Azərbaycanın müstəqilliyini tanıdılar. Həmin il aprelin 22-də parlament Britaniya, Fransa, İtaliya, İsveçrə, Polşa və ABŞ-da diplomatik nümayəndəliklər açmaq haqqında qanun qəbul etdi. Lakin bir neçə gün sonra bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi ilə bu işlər yarımçıq qaldı.

Parlamentin böyük diqqət yetirdiyi problemlərdən biri də Azərbaycanın qonşuları ilə münasibətlərin tənzimlənməsi məsələsi idi. Gərgin müzakirələrdən sonra Gürcüstanla münasibətlər nizama salındı, İranla Azərbaycan arasında dostluq əlaqələri haqqında müqavilə imzalandı. Daşnak Ermənistanı və sovet Rusiyası ilə münasibətləri isə sahmanlanmaq mümkün olmadı. Və 1920-ci il aprelin 27-də parlamentin hakimiyyəti bolşeviklərə vermək barədə qərar qəbul etməsi onların hər ikisinin maraqlarına uyğun idi. 23 ay öncə Azərbaycanın istiqlalını elan edən deputatlar bu dəfə onun faktiki süqutuna qərar verdilər. Qarşıda Azərbaycanı və onun parlament tarixini 70 illik qırmızı sovet dövrü gözləyirdi...

 

II. Sovet dövrünün parlamenti - İnqilab Komitəsindən Ali Sovetədək

(1920-1990-cı illər)

1920-ci ilin 28 aprelində milli dövlətçiliyin və onun qanunverici orqanının süqutundan sonra Azərbaycanın parlamentarizm tarixində sovet dövrünün xronikası başlandı. Özündə Azərbaycanın 70 illik siyasi tarixini əks etdirən bu parlamentlər istər formalaşma prinsiplərinə, istərsə də tərkibinə və fəaliyyətinə görə fərqli cəhətlərə malik olsalar da, mahiyyətcə eyni xəttin - Kommunist Partiyasının müəyyən etdiyi kursun və siyasi ideologiyanın daşıyıcısı idi.

Sovetlərin Azərbaycanda qurduğu ilk qanunverici və nəzarət orqanı 1920-ci il aprelin 29-da elan edilən İnqilab Komitəsi oldu. Maraqlıdır ki, sovet Azərbaycanında ilk qanunverici orqana yalnız azərbaycanlı kommunistlər - N.Nərimanov, Ə.Qarayev, Q.Musabəyov, M.Hüseynov, H.Sultanov, Ə.Alimov daxil idilər. Bu, Moskvanın həyata keçirdiyi siyasi taktikanın vacib bir elementi idi.

Real hakimiyyət isə, təbii ki, bolşevik partiyasının əlində, RK(b)P-nın yerli təşkilatı olan AK(b)P MK-də, daha dəqiq desək, əsasən rus və ermənilərin (Mikoyan, Mirzəyan) başçılıq etdikləri Bakı bürosunda cəmləşmişdi. Belə vəziyyətdə parlament də bolşevikləprin hakim iradəsinin həyata keçirilməsindən savayı başqa fəaliyyətlə məşğul ola bilməzdi. İnqilab Komitənin ilk qərarlarından biri Azərbaycan Xalq Cümhuriyyətinin milli ordusunu ləğv etmək barədə qərar oldu. Bu qərara qarşı sıxan milli ordunun onlarla zabiti güllələndi.

Bolşeviklər hakimiyyətin xalqa məxsus olması illüziyasını yaratmaq üçün nümayəndəli hakimiyyət orqanları sisteminin təşkilinə başladılar. Mayın 20-də Bakı Sovetinə seçkilər keçirildi. Lakin seçki qaydası elə müəyyən olunmuşdu ki, bu qurumda qeyri-müsəlman deputatlar çoxluq təşkil etdilər. Eyni zamanda, yerlərdə fəhlə-kəndli deputatları sovetləri seçilməyə başlandı. Respublika üzrə 1400 kənd soveti təşkil edildi.

Paralel olaraq Birinci Ümumazərbaycan sovetlər qurultayına seçkilər keçirildi. Qurultaya nümayəndələr (şəhərlərdə hər 1000 nəfərə, kəndlərdə isə hər 5000 nəfərə bir deputat yeri ayrılmışdı) əsasən yoxsul və savadsız fəhlə-kəndlilər seçilirdi, bu isə gələcək parlamentin asan idarə edilməsinin başlıca təminatı idi. Məhz bu parlament 1920-ci ilin dekabrında Azərbaycanın tarixi torpaqlarının - Zəngəzur bölgəsinin Ermənistana verilməsini təsdiq edən qərar qəbul etmişdi. Yeri gəlmişkən, o vaxt Azərbaycan bolşeviklərinin Ermənistan SSR-ə peşkəş etdiyi ərazi ümumilikdə 4,5 min kvadrat kilometr təşkil edirdi və təxminən Dağlıq Qarabağın ərazisi qədər bir torpaq sahəsi idi.

1921-ci ilin mayında Ümumazərbaycan sovetlər qurultayında Azərbaycan SSR-in ilk Konstitusiyası qəbul edildi və qanunverici orqanın yeni forması - Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (ilk sədri Muxtar Hacıyev oldu) yaradıldı. Yeni qanunvericilik orqanı çoxpilləli sistem üzrə formalaşırdı. Əvvəlcə ali hakimiyyət orqanı olan Ümumazərbaycan qurultayına seçkilər keçirilir, sonra qurultay qanunvericilik orqanı olan Mərkəzi İcraiyyə Komitəsini (MİK), o isə özünün Rəyasət Heyətini seçirdi. İlk MİK-də 75 üzv və 25 nəfər üzvlüyə namizəd vardı. Rəyasət Heyəti isə 13 nəfərdən (əsasən partiya rəhbərliyindən) ibarət idi.

1922-ci ildə isə Azərbaycanın Moskvaya tabeçiliyinin rəsmiləşdirilməsi, SSRİ-nin yaradılması prosesi başlandı. Bu yolda ilk mərhələ Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) təşkili oldu. Eyni zamanda, ZSFSR müstəvisində Birinci Zaqafqaziya Sovetləri qurultayına (10-13 dekabr 1922-ci il) seçkilər keçirildi. Bu qurumda Azərbaycandan 175 deputat iştirak edirdi. Zaqafqaziya MİK isə 150 üzvdən (hər respublikaya 50 yer ayrılmışdı) ibarət təşkil olunmuşdu. Qurumun həmsədrlərindən biri azərbaycanlı Səmədağa Ağamalıoğlu (Əliyev) oldu. Həhayət, 1922-ci il dekabrın 30-da Moskvada ZSFSR, RSFSR, Ukrayna və Belorusiyanın təmsilçiliyi ilə gələcək ittifaq parlamentinin təməlini qoyan I Ümumittifaq sovetlər qurultayı çağırıldı və SSRİ yaradıldı. SSRİ MİK-in dörd sədrindən biri Nəriman Nərimanov seçildi.

Azərbaycanın SSRİ-yə daxil olması onun parlamentinin onsuz da formal olan funksiyalarını heçə endirdi. Çünki artıq bütün hakimiyyət yuxarıya, Kremlə tabe etdirilmişdi. Azərbaycan MİK-dən yuxarıda Zaqafqaziya MİK, onun üstündə isə SSRİ MİK vardı və bütün vacib qərarlar orada qəbul olunurdu. Baxmayaraq ki, həmin qurumların rəhbərliyində azərbaycanlılar da təmsil olunurdu, lakin onların qəbul edilən qərarlara təsir imkanları, demək olar ki, yox idi.

Mərkəzin Azərbaycana qarşı apardığı ədalətsiz siyasəti SSRİ Mərkəzi İcraiyyə Komitəsinin həmsədri N.Nərimanov RK(b)P MK-ya, İ.Stalinə yazdığı "Ucqarlarda inqilabımızın tarixinə dair" adlı məşhur məktubunda ifşa etməyə çalışmışdı. 1925-ci ildə isə N.Hərimanov vəfat etdi. Bundan sonra ermənilərin Mərkəzdəki havadarlarının köməyi ilə Azərbaycana qarşı təxribatları daha da genişləndi. Buna qarşı çıxmaq istəyən azərbaycanlı deputatları isə dəhşətli represiyalar gözləyirdi. 1928-1930-cu illərdə Azərbaycanda milli təmayülçülərə qarşı keçirilən təmizləmə kampaniyası çərçivəsində MİK-dən yerli sovetlərədək 6 mindən çox adam nümayəndəli hakimiyyət orqanlarından qovulmuşdu, repressiyalara məruz qalmışdı.

1927-ci ilin martında beşinci Ümumazərbaycan sovetlər qurultayı RSFSR-in Əsas Qanunu nümunəsində hazırlanmış Azərbaycan SSR-in ikinci Konstitusiyasını qəbul etdi. Konstitusiyaya görə, Azərbaycan SSR özünün suveren hüquqlarının "sahibi" idi. Lakin elə həmin 1927-ci ildə Zaqafqaziya MİK-in qərarı ilə Mehri-Cəbrayıl qəzalarından 24 kənd, Aşağı Zəngəzurdan 1065 desyatin torpaq sahəsi, 1929-cu ildə daha 13 min hektar Azərbaycan ərazisi - Nüvədi, Tuğut və Yernəzir kəndləri, habelə Naxçıvandan 9 kənd, Qaymaqlı ilə Kürumuzlu arasındakı sahələr (228,9 desyatin) Ermənistana verildi.

1936-cı ildə qəbul edilən SSRİ Konstitusiyasına uyğun olaraq ZSFSR ləğv edildi və Azərbaycan müttəfiq respublika kimi SSRİ-nin subyekti oldu. Stalin Konstitusiyasına əsasən, sovet dövlətində yeni parlament institutu - Ali Sovet yaradıldı. 1937-ci ildə qəbul olunmuş Azərbaycan SSR-in Konstitusiyası da bu dəyişiklikləri həyata keçirdi və respublikada yeni qanunvericilik orqanı - Azərbaycan SSR Ali Soveti təsis olundu.

Konstitusiyaya görə, Ali Sovetə seçkilər 4 ildən bir keçirilirdi, deputat yerlərinin əhalinin sayına nisbəti isə 12500 nəfərə 1 deputat olaraq müəyyənləşmişdi. Seçkilər birmandatlı dairələr üzrə, yəni majoritar sistem üzrə keçirilirdi. Amma gerçəkdə bu, seçki də deyildi. Çünki hər deputat yerinə yalnız bir namizəd irəli sürülürdü. Parlamentdə neçə nəfər fəhlə, kolxozçu, qulluqçu, qadın, gənc, bitərəf və s. olması da partiya rəhbərliyi tərəfindən müəyyən edilirdi.

Birinci çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilərdə (24 iyun 1938-ci il) seçilmiş 310 deputatdan 107-si fəhlə, 88-i kolxozçu, 115-i ziyalı-qulluqçu idi. Deputatlardan 193-ü azərbaycanlı, 38-i erməni, 36-sı rus, həmçinin 72-si qadın idi. Onların arasında respublikada nüfuzu olan ictimai xadimlər, yazıçı və alimlər də vardı: Səməd Vurğun, Əziz Əliyev, Mustafa Topçubaşov, Süleyman Rüstəm və s.

Yeri gəlmişkən, qeyd edək ki, sonuncu iki şəxs Azərbaycanda parlamentarizm stajına görə "rekordçular" sayıla bilər: M.Topçubaşov 10 çağırış (1938-1978), S.Rüstəm isə 11 çağırış (1938-1982) Azərbaycan Ali Sovetinin deputatı seçiliblər. Bundan əlavə, S.Rüstəm 8-11 çağırışlar Ali Sovetin sədri olub. Qeyd edək ki, bu post sırf formal xarakter daşıyırdı. Ali Sovet sədri sessiyalar zamanı iclaslara sədrliyi həyata keçirirdi. Sessiyalar isə ildə 2-3 dəfə çağırılır və bir neçə gün davam edirdi. Yəni bu, peşəkar parlament deyildi, deputatlar mövsümdən-mövsümə yığışaraq təklif edilən qərar və qanunları qəbul edərək dağılışırdılar. Qalan müddətdə isə qanunverici orqan funksiyasını Ali Sovetin Rəyasət Heyəti həyata keçirirdi. Rəyasət Heyətinin sədri parlamentin rəhbəri və hakimiyyət ierarxiyasında ikinci şəxs (birinci katibdən sonra) hesab olunurdu.

Bu yerdə sovet Azərbaycanında qanunverici orqanlara rəhbərlik etmiş şəxslərin adlarını sadalamaq istərdik. Beləliklə, Azərbaycan SSR-in parlamentlərinə xronologiya ilə aşağıdakı şəxslər başçılıq ediblər: Mərkəzi İcraiyyə Komitəsi dövründə - Muxtar Hacıyev (1921-1922-ci illər), Səmədağa Ağamalıoğlu (Əliyev) (1922-1929), Qəzənfər Musabəyov (1929-1931), Sultan Əfəndiyev (1931-1937), Mirbəşir Qasımov (1937-1938). Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədrləri - Mirbəşir Qasımov (1938-1949), Nəzər Heydərov (1949-1954), Mirzə İbrahimov (1954-1958), İlyas Abdullayev (1958-1959), Səftər Cəfərov (1959-1961), Məmməd İsgəndərov (1961-1969), Qurban Xəlilov (1969-1985), Süleyman Tatlıyev (1985-1989) və Elmira Qafarova (1989-1992). Beləliklə, sovet dövründə Azərbaycan parlamentinə ən çox rəhbərlik etmiş şəxslər Q.Xəlilov (16 il) və M.Qasımov (12 il) olublar, parlamentin yeganə qadın sədri E.Qafarovaya isə Ali Sovetə həm sovet, həm də müstəqilik dövründə rəhbərlik etmək qismət olmuşdu.

1938-ci ildə seçilən 1-ci çağırış SSRİ Ali Sovetində isə Azərbaycanı 52 deputat (11 nəfər İttifaq Sovetində, 41 nəfər Millətlər Sovetində) təmsil edirdi. Onların arasında Üzeyir Hacıbəyov, Mirzə İbrahimov, professor Mirəsədulla Mirqasımov, əmək qəhrəmanı Bəsti Bağırova və s. şəxslər vardı. Yeri gəlmişkən, yazıçı M.İbrahimov (1-5, 7, 8 və 10-cu çağırış), həmçinin "Sosialist Əməyi Qəhrəmanı" Şamama Həsənova (4-11-ci çağırışlar) SSRİ Ali Sovetinə ən çox - hərəyə 8 dəfə seçilmiş azərbaycanlılardır.

Onu da qeyd edək ki, Böyük Vətən müharibəsi səbəbilə 1-ci çağırış Ali Sovet səlahiyyət müddətindən üç dəfə çox (16 il) fəaliyyət göstərməli oldu və 2-ci çağırış Ali Sovetə seçkilər yalnız 1950-ci ildə keçirildi.

Yeni çağırış Ali Sovetə seçkilərdə respublika əhalisinin sayına uyğun olaraq deputatların sayı dəyişirdi. Məsələn, 1966-ci ildə keçirilmiş seçkilərdə 6-ci çağırış Ali Sovetə artıq 380 deputat (onlardan 293-ü azərbaycanlı, 41-i rus, 31-i erməni, həmçinin 96-ı fəhlə, 85-i kolxozçu, 84-cü bitərəf, habelə 123-i qadın idi) seçilmişdi. Yeri gəlmişkən, Azərbaycan SSR-in sonuncudan əvvəlki parlamentində - 1986-cı ildə seçilmiş 11-ci çağırış Ali Sovetdə deputatların sayı 450-yə çatmışdı.

Lakin istər Azərbaycan SSR-in Ali Sovetinə, istərsə də SSRİ Ali Sovetinə seçilən deputatlar sayının çoxluğundan və ya azlığından asılı olmayaraq Kommunist Partiyasının və Moskvanın müəyyən etdiyi ideologiyanın həyata keçirilməsini təmin etməli idi. Bu xüsusda 1930-1960-cı illərin Ali Sovetində qəbul edilən və Azərbaycan tarixi torpaqlarının itirilməsinə fərman verən qərarları ayrıca qeyd etmək gərəkdir.

Məsələn, elə 1-ci çağırış Ali Sovet Mərkəzin müvafiq təlimatını nəzərə alaraq 1938-ci il mayın 7-də Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min hektar torpaq sahəsinin Ermənistan SSR-ə verilməsi haqqında protokolu təsdiq etdi. Yeri gəlmişkən, o zaman sadə insanlar, kənd camaatı yerlərdə bu qərara müqavimət göstərmişdilər və qərarın icrası bir müddət təxirə salınmışdı. Lakin Üstündən 31 il keçəndən sonra, 1969-cu il mayın 7-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti bu bədnam qərarını yenidən təsdiq etdi. Amma nəticə etibarilə tarix və zaman bu məsələdə Azərbaycan xalqının tərəfindən oldu. Əgər 1969-cu ilin 14 iyulunda Heydər Əliyev Azərbaycanın rəhbərliyinə gəlməsəydi, bu qərar, çox güman ki, icra olunacaqdı. Azərbaycan KP MK-nın birinci katibi seçilən H.Əliyev Ali Sovetin Rəyasət Heyətinin qərarının icrasına imkan vermədi.

Ümumilikdə H.Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi respublikada parlamentarizmin inkişafına da əsaslı təsir göstərmişdi. Qanunverici orqana nisbətən sərbəst fikirli şəxslər də seçilməyə başlandı. Baxmayaraq ki, proses bütövlükdə sovet rəhbərliyinin və kommunist idelogiyasının təsiri altında idi.

H.Əliyev respublika partiya təşkilatının rəhbəri, respublikanın başçısı olmaqla bərabər, həm də xalq deputatı idi. H.Əliyev SSRİ Ali Sovetinin (8-10-cu çağırışlar) deputatı (o cümlədən İttifaq Sovetinin sədr müavini - 9-cu çağırış), həm də Azərbaycan SSR Ali Sovetinin (7-10-cu çağırışlar) deputatı və Rəyasət Heyətinin üzvü kimi ittifaq parlamentində də aktiv fəaliyyət göstərirdi. Təəssüf ki, 1982-ci ilin sonunda H.Əliyev SSRİ-nin yüksək partiya və dövlət vəzifələrinə irəli çəkildikdən sonra onun respublikaya rəhbər qoyub getdiyi şəxslərdə, o cümlədən Ali Sovetin rəhbərliyində Azərbaycanın maraqlarını qorumaq üçün təpər və siyasi iradə olmadı.

Əksinə, 1980-ci illərin sonunda cərəyan edən məlum olaylarda Azərbaycanın o vaxtkı rəhbərliyi, o sıradan Ali Sovet bağışlanmaz passivlik, milli problemlərə laqeydlik göstərirdi. 1988-1989-cu illərdə bütün respublikanı bürümüş etiraz aksiyaları, xalqın Qarabağ naminə küçə və meydanlarda nümayiş etdirdiyi böyük həmrəyliyə rəğmən o dövrün parlamentində, 11-ci çağırış Ali Sovetin sessiyalarında baş verən hadisələri, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını malalamaq xətti aparıcı idi.

1990-cı ilin yanvar olaylarında isə Ali Sovet tamamilə səbatsız mövqeyi ilə tarixə düşdü. Təkcə ona görə yox ki, Azərbaycan tarixinin ən faciəli hadisələrindən birinə - 1990-cı ilin 20 Yanvarına hazırlıq səciyyəsi daşıyan Sovet Ordusu hissələrinin Bakıya gətirilməsi və bununla bağlı Bakıda və respublikanın əksər rayonlarında fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarlarına formal hüquqi razılığı məhz Azərbaycan SSR-in Ali Soveti, daha doğrusu onun Rəyasət Heyəti vermişdi.

Prinsip etibarilə həmin hadisələrdə respublika parlamenti sovet hərb maşının qarşısını kəsmək iqtidarında da deyildi. 20 Yanvar olayları ilə bağlı respublika parlamentinin ən böyük səbatsızlığı onda özünü göstərdi ki, Ali Sovet qanlı olaylardan sonra qəbul etdiyi və o dövr üçün kifayət qədər sərt və effektiv sayıla biləcək qərarının icrası üçün heç bir siyasi iradə göstərmədi və həmin sənəd elə kağız parçası olaraq qaldı.

Qanlı hadisələrdən dərhal sonra, yanvarın 20-də Ali Sovetin Rəyasət Heyətinin sədri E.Qafarova bəyanatla çıxış edərək respublika parlamentinin Bakıya qoşun hissələrinin yeridilməsinə dair heç bir razılıq vermədiyini və bu addıma görə bütün məsuliyyətin Sovet İtttifaqı rəhbərliyinin üzərinə düşdüyünü bildirmişdi. Yanvarın 21-də axşam Ali Sovet qanlı olaylarla bağlı növbədənkənar sessiyaya toplaşdı. 

Sessiyada «Bakı şəhərinə qoşunların yeridilməsi ilə bağlı faciəli hadisələri təhqiq etmək üçün» deputat-istintaq komissiyasının yaradılması, fövaqəladə vəziyyətin ləğv edilməsi və qoşun hissələrinin şəhərdən çıxarılması (hətta qərarda bu tələbin icra olunmayacağı təqdirdə Azərbaycan SSR-in SSRİ tərkibində qalmasınının məqsədəuyğunluğu barədə Ali Sovetdə müzakirələrin başlanacağına dair inqilabi fikirlər də yer almışdı) qərarlar qəbul olundu. Lakin sonradan məlum oldu ki, bütün bunlar mahiyyət etibarilə əhalinin hədsiz emosiya və qəzəbini

Qismən səngitmək niyyəti güdən bir siyasi gediş imiş və 20 Yanvar şəhidlərinin dəfnindən sonra bu tələblər də elə kağız üzərində qaldı. Təkcə onu qeyd etmək yetər ki, parlament komissiyası (sədr Mithəd Abbasov, müavin Tamerlan Qarayev) 20 Yanvarla bağlı ilk rəsmi bəyanatını yalnız 1990-cı il fevralın 11-də qəbul edə bilmişdi. Komissiyanın təhqiqatının yekunları isə ancaq iki ildən sonra, 1992-ci ilin yanvarında yekunlaşdı. Bu vaxt isə artıq nə SSRİ vardı, nə də onun rəhbərliyi.

1990-cı il həm də Azərbaycanda sonuncu Ali Sovetin seçildiyi dövr kimi tarixə düşdü. Çağırış sayına görə 12-ci olan bu Ali Sovetin qismətinə Azərbaycanın yeni tarixinin çox mühüm olayları düşdü.

 

III. Keçid dövrünün parlamenti (1990-1995-ci illər)

1. Sonuncu Ali Sovetə seçkilər (sentyabr-dekabr 1990-cı il)

1990-cı ildə seçilən 12-ci çağırış Ali Sovet Azərbaycanın tarixinə həm sovet, həm də müstəqillik dövrünün qanunverici orqanı kimi düşdü. Azərbaycanın müstəqilliyi barədə bütün siyasi və konstitusion qərarlar da bu parlament tərəfindən qəbul edildi. Hərçənd bir qədər geri qayıdaraq qeyd etmək lazımdır ki, respublikanın formal müstəqilliyi barədə qanunvericilik sənədi olan "Azərbaycan SSR-in dövlət suverenliyi haqqında" Konstitusiya qanununu hələ 1989-cu il sentyabrın 22-də 11-ci Ali Sovetdə qəbul edilmişdi.

Azərbaycanda yeni parlamentə, 12-ci çağırış Ali Sovetə seçkilərə "hazırlıq" fövqəladə vaziyyət şəraitində başlandı. Konstitusion səlahiyyət müddətinə əsasən, 12-ci çağırış Ali Sovetə seçkilər 1990-cı ilin yayında (iyunda) keçirilməli idi. Lakin məlum hadisələr bu prosesi bir neçə ay geriyə atdı.

1990-cı il iyunun 26-da 11-ci çağırış Ali Sovetin 13-cü sessiyasında "Azərbaycan SSR xalq deputatlarının seçkiləri" haqqında qərar qəbul edildi və yeni parlamentə seçkilər sentyabrın 2-nə təyin edildi. Yeni seçki qanunvericiliyində bir sıra dəyiişkliklər yer almışdı. Əvvala, xalq deputatları öncəki seçkilərdə olduğu kimi, 450 seçki dairəsi üzrə deyil, 360 dairə üzrə seçilməli idi. Yəni Ali Sovet deputatlarının sayı 90 nəfər azaldılırdı.

Digər yandan, deputat səlahiyyəti müddəti bir il artırılırdı və Ali Sovet 4 deyil, 5 il müddətinə seçilirdi. Seçkilərin ən önəmli cəhəti isə ilk dəfə olaraq alternativlik əsasında keçirilməsi idi. "1 mandat - 1 namizəd" prinsipi ilə keçirilmiş sovet seçki praktikasına, nəhayət, son qoyulurdu. İlk dəfə olaraq hakim Kommunist Partiyasına müxalif olan şəxslər də parlamentə düşmək şansı qazanmışdı. Hərçənd bu əlamətlər xeyli dərəcədə formal səciyyə daşıyırdı. Bununla belə, hakimiyyət respublikadakı mövcud ictimai-siyasi reallığı da tam qulaqardına vura bilməzdi. Odur ki, müxalifətə də müəyyən qədər deputat yerinin ayrılması nəzərdə tutulmuşdu.

Lakin seçkilər nəzərdə tutulduğu vaxtda keçirilmədi. İyulun 30-da 14-cü sessiyasına (bu həm də 11-ci çağırış Ali Sovetin son toplantısı oldu) toplaşan Ali Sovet seçkilərin vaxtını sentyabrın 30-na dəyişdirdi. Müxalifət seçki kampaniyasında AXC də daxil olmaqla 20-ə yaxın təşkilatı birləşdirən "Müstəqil Azərbaycan" bloku ilə gedirdi.

1990-cı ilin iyulunda Moskvadan Azərbaycana qayıdan Heydər Əliyev də parlament seçkilərində iştirak edirdi. Respublikanın o vaxtkı rəhbərliyi onun siyasi fəaliyyətə qayıtmasına, o cümlədənə deputatlığa namizədliyinin qeydə alınmasına hər vəchlə mane olmağa çalışsa da, istəyinə nail olmadı. Bakıda yaşamasına və siyasi fəaliyyətlə məşğul olmasına imkan verilməyən H.Əliyev Naxçıvana getdi və sentyabrın əvvəlində muxtar respublikanın Babək rayonu ərazisində 340 saylı Hehrəm seçki dairəsindən deputatlığa namizəd kimi qeydə alındı. Həmin vaxt həm də Naxçıvan MSSR Ali Sovetinə seçkilər keçirildiyində H.Əliyev, eyni zamanda, muxtar respublika parlamenti üzvlüyünə namizəd kimi qeydə alınmışdı.

Ümumilikdə 1990-cı senytabrın 30-da 12-ci çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilərdə 1200-ə yaxın namizəd iştirak edirdi. Dağlıq Qarabağdakı mövcud vəziyyəti (bölgənin əksər ərazisindən azərbaycanlılar qovulmuş, erməni əhalisi isə seçkiyə imkan verməyəcəyini bildirmişdi) nəzərə alan respublika rəhbərliyi Şuşa şəhəri və Şuşa rayonu istisna olmaqla DQMV ərazisində seçki keçirməmək barədə qərar qəbul etdi. Seçki qanunvericiliyinə əsasən, ilk turda deputat seçilmək üçün səslərin 50 faizdən çoxunu toplamaq lazım idi.

Bu səbəbdən 30 sentyabr seçkilərində Ali Sovetdə yerlərin təxminən yarısının sahibi müəyyənləşdi. Seçkilərin birinci turundan qalib gələnlərdən biri də H.Əliyev idi.

Birinci turda qalib müəyyənləşməyən dairələrdə oktyabrın 14-də ikinci tur seçkiləri keçirildi. Seçkilərin baş tutmadığı dairələrdə isə yeni seçkilər dekabrın 16-na təyin edildi. Hər iki mərhələdən sonra Ali Sovetdə yerlərin böyük əksəriyyətini kommunistlər və kiçik bir qismi bitərəf namizədlər tutdu. Müxalifət seçki yarışında nə qədər inadla mübarizə aparsa da, reallıqda qüvvələr bərabər deyildi. Odur ki, müxalifət düşərgəsi ümumilikdə yalnız 30 deputat yeri, yəni 360 nəfərlik parlamentin təxminən 8 faizini əldə etdi.

12-ci çağırış Ali Sovetin tərkibi 1990-cı ilin dekabrında formalaşsa da, yeni parlamentin ilk iclası yalnız 1991-ci il fevralın 5-də açıldı. Birinci sessiyasda deputat mandatı almış 340 nəfərdən 318-i iştirak edirdi.

Elmira Qafarova yenidən Ali Sovetin sədri seçildi. Yeni parlamentdə iki müavin postu vardı və hakimiyyət müxalifətin siyasi iddialarını qismən neytrallaşdırmaq üçün vitse-spiker postunu AXC Ali Məclisinin sədri Tamerlan Qarayevə verdi (1-ci vitse-spiker vəzifəsinə isə akademik Ziyad Səmədzadə seçilmişdi). Müxalifət deputatarı "Müstəqil Azərbaycan" adlı fraksiya yaratdılar. Lakin elə ilk gündən fraksiya "Demokratik blok" ("Demblok") adlanmağa başlandı. Parlamentdəki kommunist çoxluğu isə "komblok" adını aldı.

Sessiyada qəbul edilən ilk qərarlar Azərbaycan SSR-in adının dəyişdirilməsi və respublikanın yeni bayrağının qəbulu barədə oldu. Azərbaycan SSR Azərbaycan Respublikası adlandırılması, 1918-1920-ci illərdə müstəqil Azərbaycanın bayrağı olmuş üçrəngli aypara-səkkizguşəli ulduz təsvir edilmiş bayrağın Azərbaycanın yeni bayrağı elan edilməsi barədə respublika Konstitusiyasına dəyişikliklər (bu barədə prezident fərmanları 1990-cı il noyabrın 29-da verilmişdi) edildi.

Sessiyada müzakirə edilən əsas məsələ isə, gözlənildiyi kimi, Dağlıq Qarabağdakı vəziyyətlə bağlı oldu. Fevralın 7-8-də Ali Sovetdə «DQMV-də vəziyyəti normallaşdırmaq tədbirləri haqqında» məsələ ətrafında qızğın diskussiyalar getdi. Lakin bu diskusiyalarda respublikanı ağır vəziyyətdən çıxarmaq, Ermənistanın Dağlıq Qarabağla bağlı əsassız iddialarına qarşı adekvat tədbirlər görmək üçün zəruri addımlar deyil,

ümumi siyasi bəyanatlar və populizm üstünlük təşkil edirdi. Müzakirələr sonunda qəbul edilən qərar da «DQMV-lə bağlı olan bütün məsələlərin həlli Azərbaycan Respublikasının səlahiyyətinə aiddir» kimi formal ifadələrdən ibarət idi. Sonrakı dövrdə Qarabağ məsələsi dəfələrlə Ali Sovetin müzakirəsinə çıxarılsa da, qəbul edilən qərarlar mahiyyət etibarilə bu şablon tezislərdən kənara çıxmırdı.

Hakimiyyəti təmsil edən deputatların böyük bir qismi isə Ali Sovetin ilk sessiyasında Qarabağla əlaqədar müzakirələrdən istifadə edərək H.Əliyevə qarşı qərəzli ittihamlarla çıxış edirdilər. H.Əliyev SSRİ rəhbərliyindən gedəndən (1987-ci ilin oktyabrı) sonra ilk dəfə olaraq Bakıda, Azərbaycan parlamentinin iclasında iştirak edirdi. H.Əliyev sessiyada çıxış edərək ona ünvanlanan ittihamlara cavab verdi, onun Azərbaycana rəhbərlik etdiyi dövrdə ermənilərin Dağlıq Qarabağla əlaqədar iddialarının qarşısının qətiyyətlə alındığını nəzərə çatdırdı.

Beş gün sürən iclaslardan sonra sessiyada martadək fasilə verildi. Bu müddət ərzində Ermənistanın Dağlıq Qarabağda və sərhədyanı rayonlarda təxribatları daha da gücləndi. Eyni zamanda, 1991-ci ilin fevralında Ermənistanın Ali Soveti respublikanın milli ordusunun yaradılması barədə qərar qəbul etmişdi. Bir sözlə, Ermənistan bütün imkanları ilə Azərbaycana qarşı hərbi təcavüzə hazırlaşmaqda idi.

Azərbaycan Ali Sovetinin 1991-ci il martın 5-də işini davam edirən sessiyasında isə ilk məsələ Qarabağ problemi deyil, SSRİ-nin saxlanıb-saxlanmamasına dair ümumittifaq referendumunda (SSRİ Ali Soveti tərəfindən martın 17-nə təyin edilmişdi) iştirak məsələsi oldu. Bununla bağlı parlamentdə qızğın müzakirələr getdi və martın 7-də məsələ ilə yekun səsvermə keçirildi. İclasda iştirak edən 303 deputatdan 254-ü referendumun lehinə səs vermişdi. 43 deputat qərarın əleyhinə çıxış etmişdi. Həmin deputatlardan biri də H.Əliyev idi.

Martın 17-də referendum keçirildi və elan edilən rəsmi məlumata görə, respublika əhalisinin 75 faizi səsvermədə iştirak etmiş və 93 faiz ittifaqa "hə" demişdi. Baltikyanı respublikalarda, həmçinin Moldova, Gürcüstan və Ermənistanda referendum keçirilməmişdi.

Sessiya boyunca ən gərgin müzakirələr yenə Qarabağ məsələsi ətrafında gedirdi. Lakin Ali Sovet bu xüsusda hər hansı təşəbbüskarlığı ilə yadda qalmadı. Parlamentin bu yöndə bütün "addımları" proseslərin arxasınca hərəkət etmək, ermənilərin Dağlıq Qarabağla əlaqədar bu və digər qərarlarına formal reaksiya göstərməklə məhdudlaşırdı. Azərbaycan parlamenti bu müddhətdə bir dəfə də olsun erməniləri hansısa məqamda qabaqlamaq qabiliyyətində olmadığını nümayiş etdirdi.

Ali Sovetin birinci (yaz) sessiyasının son qərarı isə iyunun 26-da Azərbaycanda birbaşa prezident seçkilərinin keçirilməsi barədə oldu. Azərbaycanda prezidentlik institutu hələ 1990-cı ilin mayında 11-ci çağırış Ali Sovetin qəbul etdiyi qanunla təsis olunmuş və Azərbaycan KP MK-nın birinci katibi Ayaz Mütəllibov Ali Sovet tərəfindən respublikanın prezidenti seçilmişdi. 1991-ci ildə isə A.Mütəllibov bu səlahiyyətini ümumxalq səsverməsi ilə rəsmiləşdirmək qərarına gəlmişdi. Seçkilər 1991-ci il sentyabrın 8-nə təyin edildi. 1990-cı ilin parlament seçkiləri kimi, prezident seçkiləri kampaniyası da fövqəladə rejim şəraitində start götürdü. M.Qorbaçovun 1990-cı ilin 19 yanvarında Bakıda tətbiq etdiyi FV Azərbaycanın o vaxtkı rəhbərliyinin də maraqlarına uyğun idi.

1991-ci ilin məlum "QKÇP qiyamı"ndan sonra bütün ittifaq məkanında mərkəzdənqaçma meylləri gücləndi. Amma Azərbaycan rəhbərliyi bu məsələdə də "tələsməmək" prinsipinə sadiq idi. SSRİ-nin əksər respublikalarının parlamentləri müstəqillik haqqında bəyanatlar qəbul etdikdən sonra Azərbaycan Ali Soveti də avqustun 29-da növbədənkənar sessiyaya toplaşdı. Müxalifəti təmsil edən deputatlar təcili olaraq müstəqillik barədə qərar qəbul edilməsində israr etsə də, respublikanın kommunist rəhbərliyi hələ də götür-qoy edirdi.

Sessiyada geniş nitq söyləyən H.Əliyev parlamenti gecikmədən Azərbaycanın müstəqilliyini elan edən qanunvericilik aktı qəbul etməyə çağırdı. Yeri gəlmişkən, bu, H.Əliyevin 1991-ci ildə Ali Sovetdə axırıncı çıxışı oldu. 1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin sədri seçilən H.Əliyev olduqca ağır blokada şəraitində muxtar respublikaya rəhbərlik etməyə başladı. Bu müddətdə Ermənistanın, Dağlıq Qarabağda və sərhəd rayonlarında olduğu kimi, Naxçıvana qarşı hərbi təcavüzü də genişlənməkdə idi və H.Əliyev, eyni zamanda, Naxçıvanın hərbi müdafiəsinə də rəhbərlik edirdi.

Məhz H.Əliyevin gərgin fəaliyyəti nəticəsində muxtar respublikada vəziyyət qismən də olsa, sabitləşdi, qardaş Türkiyədən və qonşu İrandan muxtar respublikaya humanitar yardımlar gəlməyə başladı. H.Əliyevin Ali Sovetin deputatı kimi fəaliyyətinə gəldikdə isə, qeyd etmək lazımdır ki, istər A.Mütəllibov hakimiyyəti, istərsə də onu əvəz edən AXC iqtidarı H.Əliyevə qarşı qərəzli mövqeyini gizlətmirdi və onun Bakıya gəlib parlamentin işində iştirak etməsini müxtəlif bəhanələrlə əngəlləməyə çalışırdı. Hərçənd 1993-cü ilin məlum 4 iyun olaylarından sonra hakimiyyət özü onu Bakıya dəvət etməyə məcbur olmuşdu.

O ki qaldı 1991-ci ilin avqustunda Ali Sovetdə gedən gərgin diskussiyalara, parlament xeyli müzakirədən sonra avqustun 30-da "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannamə qəbul etdi. Bəyannamə yekdilliklə qəbul olunmuşdu. Bəyannamədə vurğulanırdı ki, Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş müstəqil dövlətin varisidir. Eyni zamanda, bəyannamə ümumi xarakterli sənəd olduğundan Ali Sovet Azərbaycanın müstəqilliyi barədə Konstitusiya aktının hazırlanaraq qəbul olunması barədə qərar çıxardı. Ali Sovet həmçinin Bakı şəhərində ilyarımdan artıq (1990-cı ilin yanvarından) davam etmiş fövqəladə vəziyyət rejimini, nəhayət, ləğv etdi. Parlamentdə təcili olaraq Milli Ordunun yaradılması barədə çağırışlar səslənsə də, Ali Sovet sadəcə "Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında" qərarla kifayətləndi.

Sentyabrın 2-də ermənilər Dağlıq Qarabağda marionet "dövlət"in, qondarma "Dağlıq Qarabağ Respublikası"nın yarandığını elan etdilər, Ali Sovet bu qərarı pisləməklə kifayətləndi. Sentyabrın 8-də A.Mütəllibov alternativsizlik şəraitində (onun yeganə opponenti Zərdüşt Əlizadə namizədliyini geri götürmüşdü) Azərbaycanın prezidenti seçildi. Sentyabrın 14-də Azərbaycan KP özünü buraxdı.

Oktyabrın 8-də Ali Sovetin daha bir növbədənkənar sessiyası işə başladı. Oktyabrın 9-da isə parlament "Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələri haqqında" qanun qəbul etdi. Əslində bu, Milli Ordunun yaranması barədə qanun idi. Lakin hələ də Moskvaya boylanmaqda olan respublika rəhbərliyi "milli ordu" ifadəsini qanuna salmaqdan çəkinmişdi.

Nəhayət, oktyabrın 18-də Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul etdi. Maraqlıdır ki, avqustun 30-da qəbul edilmiş bəyannamədən fərqli olaraq bu sənəd heç də bütün deputatların dəstəyini almadı. Hətta müzakirələr gedişində Azərbaycanın dövlət müstəqilliyini elan etməkdən vaz keçməyə çağırıışlar da səslənmişdi. Hər halda bu da bir faktdır ki, Azərbaycanın müstəqillik tarixinin ən mühüm sənədlərindən biri 258 səs lehinə olmaqla qəbul edilmişdi.

Hoyabrın 15-də Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktı barəsində ümumxalq referendumu keçirmək haqqında qərar qəbul etdi. Referendum dekabrın 29-na təyin edildi. Hoyabrın 26-də isə Ali Sovet iki əlamətdar qərar qəbul etdi. Birincisi, Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildi. Bu qərarın o dövr üçün nə qədər düzgün olduğu və Qarabağ ətrafındakı sonrakı proseslərə necə təsir etdiyi indi də birmənalı qiymətləndirilmir.

Ali Sovetin ikinci qərarı isə "parlament içində parlament"in - 50 nəfərdən ibarət Milli Şuranın yaradılması barədə oldu. "Demblok" və "komblok"dan hərəyə 25 deputat olmaqla yaradılan bu qurum bir növ iqtidarla müxalifət arasında siyasi kompromisin nəticəsi idi. Milli Şura müvəqqəti bir struktur kimi yaradılmış və daha çox məşvərət orqanı olaraq nəzərdə tutulmuşdu. Ali Sovetin müzakirəsinə çıxarılacaq qərarlar öncə bu qurumdan keçməli idi.

Lakin gerçəkdə Milli Şura tədricən Ali Soveti əvəzləyən orqana çevrildi və 1992-ci ilin məlum mart-may olaylarından sonra isə bütövlükdə ölkə parlamenti funksiyasını yerinə yetirməyə başladı. Sovet hakimiyyəti və kompartiyanın diktəsi altında, fövqəladə rejim şəraitində seçilən sonuncu Ali Sovet Azərbaycanın dövlət müstəqilliyini edəndən sonra öz funksiyasını faktiki başa vurmuşdu sayıla bilərdi. Hərçənd o, siyasi səhnədən birdəfəlik çəkilmədi. 1992-ci ilin 6-7 martında və 14-18 mayında baş verən hakimiyyət çevrilişləri Ali Sovet müstəvisində həyata keçirilmişdi. Bununla belə, 1992-1995-ci illərdə Azərbaycanın qanunverici orqanı rolunu məhz həmin Ali Sovetin «nəzdində» yaradılan 50 nəfərlik "mini-parlament" yerinə yetirməli oldu.

 

2. Parlament içində parlament və bir-birini əvəzləyən çevrilişlər

(1992-1993-ci illər)

1991-ci ilin noyabrında Ali Sovetin tərkibində mini-parlament, 50 nəfərlik Milli Şura (MŞ) yaradılandan sonra ölkənin qanunverici orqanı faktiki olaraq iki fərqli müstəviyə ayrıldı. Müxalifət paritet təmsilçiliyə malik olduğu MŞ-ni əsas qərarverici orqan hesab edir, hakimiyyət isə bu qurumun qəbul etdiyi qərarları o qədər də ciddiyə almırdı. Məsələn, dekabrın 20-də MŞ Azərbaycanın SSRİ məkanında yaradılan yeni birliyə - MDB-yə qoşulmasının məqsədəuyğun olmadığı barədə qərar qəbul etsə də, prezident A.Mütəllibov dekabrın 21-də Almatı sammitində iştirak edərək Azərbaycanın MDB-yə qoşulması barədə bəyannaməyə imza atdı. Lakin A.Mütəllibov bu sənədi Ali Sovetdə ratifikasiya etdirməyə macal tampadı.

Bununla belə, MŞ-Ali Sovet-prezident "üçbucağı"nda qarşılıqlı anlaşmalar da olurdu. Məsələn, dekabrın 3-də Ali Sovet müxalifətin tələbini nəzərə alaraq Azərbaycanın müstəqilliyinin tanınması xahişilə BMT-yə və dünya dövlətlərinə müraciət etdi. Həmin vaxtadək Azərbaycanın müstəqilliyini yalnız Türkiyə (noyabrın 9-da) tanımışdı. Beş gün sonra, dekabrın 8-də Rusiya, Ukrayna və Belarus rəhbərləri "Belovejsk bəyannaməsi" ilə SSRİ-nin süqutu elan etdilər. Dekabrın 11-də Rumıniya, 13-də isə Pakistan Azərbaycanın müstəqilliyini tanıdı. Dekabrın 25-də isə MŞ-nin qəbul etdiyi "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" qanun prezident A.Mütəllibov tərəfindən imzalanaraq qüvvəyə mindi.

1992-ci ilin əvvəli Azərbaycanda hakimiyyət böhranı yaranmışdı. Qarabağda və sərhəd rayonlarında vəziyyət günbəgün pisləşirdi. Ölkə parlamenti yaranmış ağır vəziyyətə adekvat hərəkət etmək gücündə deyildi, qanunverici qurum kimi faktiki olaraq iflas etmişdi. Fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi baş verdi. Parlament yalnız martın 3-də bu dəhşətli qırğın barədə BMT-yə (bir gün əvvəl, martın 2-də Azərbaycan digər postsovet ölkələri ilə birlikdə BMT-yə qəbul olunmuşdu) və dünya parlamentlərinə müraciət etdi.

Martın 5-də işə başlayan Ali Sovetin fövqəladə sessiyasında əsas mövzu Xocalı olsa da, qızğın müzakirələr əsasən hakimiyyət dəyişikliyi üzərində köklənmişdi. Martın 5-də Ali Sovetin sədri E. Qafarova, martın 6-da isə prezident A.Mütəllibov istefa verdi. Beləcə 12-ci çağırış Ali Sovetdə ilk hakimiyyət çevrilişi gerçəkləşdi. "Təsadüfən" Ali Sovetin sədri vəzifəsinə yüksəlmiş Yaqub Məmmədov həm də prezident səlahiyyətlərinin də icraçısı oldu.

Martın 25-də Ali Sovet fövqəladə sessiyanın müzakirələrini davam etdirdi və növbədənkənar prezident seçkiləri barədə qərar qəbul etdi. Prezident seçkiləri 1992-ci il iyunun 7-nə təyin edildi. Parlament həmçinin Xocalı hadisələrinin təfsilatını araşdırmaq məqsədilə deputat-istintaq komissiyası yaratdı. Məhz həmin komissiyanın hazırladığı hesabat iki ay sonra (14-15 may 1992-ci il) parlamentdə növbəti hakimiyyət çevrilişi üçün əsas oldu. Bu arada isə Dağlıq Qarabağda Azərbaycanın nəzarət etdiyi sonuncu yaşayış məntəqəsi - Şuşa süqut etdi (8 may 1992-ci il).

Xocalı faciəsi ilə balı deputat-istintaq komissiyasının rəhbəri Ramiz Fətəliyevin mayın 14-də Ali Sovetə təqdim təqdim etdiyi hesabatda A.Mütəllibovun bu hadisələrdə Xocalı hadisələrində günahı olmadığı qeyd olunurdu. Bundan sonra hazırlanmış siyasi ssenariyə uyğun olaraq Ali Sovet A.Mütəllibovun istefası barədə özünün 6 mart 1992-ci il tarixli qərarının etibarsız sayılması və A.Mütəllibovun prezident səlahiyyətinin bərpa edilməsi, həmçinin MŞ-nin buraxılması və Bakıda fövqəladə vəziyyət tətbiq etmək barədə qərarlar qəbul etdi.

Lakin bu qərarların ömrü bir sutkadan az oldu. Mayın 15-də Xalq Cəbhəsi "Konstitusiyanın müdafiəsinə qalxdığını bəyan edərək" Ali Soveti və ümumilikdə hakimiyyəti ələ keçirdi. A.Mütəllibov ölkədən qaçdı. Mayın 16-da MŞ Ali Sovetin 14 may tarixli qərarlarını təftiş edərək növbədənkənar sessiya çağırdı. Mayın 18-də Ali Sovet hakimiyyət dəyişikliyini rəsmiləşdirdi. Y.Məmmədov "səhhətinə görə" parlamentin sədri və prezident səlahiyyətlərinin icraçısı vəzifələrindən istefa verdi, həmin vəzifələrə AXC sədrinin müavini İsa Qəmbər təsdiq edildi. Ali Sovet sədrinin 1-ci müavini Ziyad Səmədzadə də istefa verdi və həmin vəzifəyə AXC-nin digər nümayəndəsi, o vaxtadək Ali Sovet sədrinin müavini olmuş Tamerlan Qarayev seçildi. Parlamentdəki vitse-spiker postunu isə Afiyəddin Cəlilov tutdu. Ali  Sovetdə postların təhvil-təslimin həyata keçirildiyi həmin gün Azərbaycan cəbhədə daha bir itkiyə məruz qaldı - Laçın işğal olundu.

İyunun 7-də prezident seçkiləri keçirildi, AXC sədri Əbülfəz Elçibəy 59,4 faiz səslə ölkənin yeni rəhbəri seçildi. AXC-nin hakimiyyətə gəlməsindən sonra həyata keçiriləcək siyasi islahatlar sırasında yeni parlament seçkilərinin keçirilməsi ən aktual məsələlərdən biri idi. Çünki 12-ci çağırış Ali Sovet özünü tamamilə diskreditasiya etmişdi. AXC rəhbərləri də hakimiyyət gəlməmişdən əvvəl Ali Sovetin buraxılması və yeni seçkilərin keçirilməsi tələbilə çıxış edirdi. Lakin hakimiyyətə gələndən sonra bu məsələni daha gündəmə gətirmədilər. Yeni hakimiyyət də köhnə parlamentlə işləməkdə maraqlı idi. Çünki bu parlament real gücün (həmin gücün hakimiyyətdə, yaxud hakimiyyətdən kənarda olması önəmli deyildi) diqtəsi altında siyasi "buqələmun" rolunda çıxış etməyə hazır olduğunu artıq təsdiqləmişdi.

Bununla belə, AXC hakimiyyəti köhnə parlamentin tam tərkibi ilə, yəni 360 nəfərlik Ali Sovetlə deyil, 50 nəfərlik MŞ ilə yolunu davam etdirəcəyini bildirdi. Ali Sovetin səlahiyyətləri bu quruma verildi, adı isə dəyişdirilərək Milli Məclis (MM) oldu. Beləcə, müvəqqəti olaraq yaradılmış bu qurum daimi və səlahiyyətli parlamentə çevrildi. 12-ci çağırış Ali Sovetin deputat korpusu faktiki olaraq iki "sorta" ayrıldılar. Maraqlıdır ki, Ali Sovetin səlahiyyəti MM-ə verilsə də, parlamentin rəhbərliyi rəsmi olaraq, konstitusiyada göstərildiyi kimi, yəni Ali Sovetin sədri adlanırdı. Yerdə qalan deputatların Ali Sovetin iclasını çağırmaq təşəbbüsləri isə ta 1993-cü ilin iyun olaylarınadək davam etsə də, nəticə vermədi.

Yaradılan zaman tərkibinə görə əks baxışlı qüvvələrdən ibarət olsa da, artıq MM-də "komblok"- "demblok" qarşıdurması hiss olunmurdu. Bu quruma "Mütəllibovun "siyahısı" ilə düşmüş deputatlar yeni siyasi şəraitdə uyğunlaşmışdılar. Üstəlik onların bir qismi yeni hökumətdə mühüm postlara (nazir, komitə sədri) sahib olmuşdu və AXC iqtidarı ilə konfrontasiyaya getməyi belə düşünmürdü. MM-də əsas ixtilaf isə keçmiş "demblok"un, artıq başqa-başqa siyasi cəbhələrə bölünmüş dünənki silahdaşlar arasında cərəyan edirdi.

"Ana müxalifət" rolunu AMİP-in deputat qrupu (faktiki olaraq iki deputatdan - Etibar Məmmədov və Şadman Hüseynovdan ibarət idi) üzərinə götürsə də, parlamentdə AXC iqtidarının müxalifəti rolunda çox vaxt onun öz təmsilçiləri (müdafiə naziri Rəhim Qazıyev, DİH rəhbəri İsgəndər Həmidov və s.) çıxış edirdilər. 1992-ci ilin payızında H.Əliyevin liderliyi ilə Yeni Azərbaycan Partiyası (YAP) yaranandan sonra parlamentdə yeni müxalifət meydana çıxdı. Lakin YAP-ın MM-dəki deputat qrupu da faktiki olaraq iki nəfərdən (Arif Rəhimzadə və Maksim Musayevdən) ibarət idi.

1993-cü ilin yazında cəbhədə yaşanan ağır itkilər, o cümlədən Kəlbəcərin işğalı, bütün ölkədə olduğu kimi, parlamentdə də dərin siyasi böhran doğurdu. Aprel-may aylarında MM-in iclasları əsasən siyasi "razborka"lara həsr olunurdu. 4 iyunda Gəncədə baş verən olaylardan sonra isə parlament yeni hakimiyyət dəyişikliyinə meydan oldu. İyunun 8-də baş nazir Pənah Hüseyov, iyunun 13-də isə Ali Sovetin sədri İ.Qəmbərin istefa verdi. Prezident Ə.Elçibəy şəxsən Bakıya dəvət etdiyi Haxçıvan Ali Məclisin sədri, xalq deputatı H.Əliyevin parlamentin sədri seçilməsini tövsiyə etdi.

Lakin H.Əliyev bu postu tutmağa razılıq verməzdən öncə iyunun 13-14-də Gəncəyə səfər edərək vəziyyətlə bilavasitə yerində tanış oldu. İyunun 15-də H.Əliyev Ali Sovetin rəhbəri olmağa razılıq verdi. Maraqlıdır ki, H.Əliyev 50 nəfərlik MM-in tərkibinə daxil olmadığı üçün səsvermə öncəsi prosedur problemi yaranmışdı. Belə olan halda MM-in üzvü Yaşar Əliyev H.Əliyevin xeyrinə öz yerindən imtina etdi. H.Əliyev əvvəlcə MM-in üzvü, sonra isə Ali Sovetin sədri seçildi. İclasda iştirak edən 39 deputatdan 34-ü onun lehinə, 3-ü əleyhinə səs vermişdi.

İyunun 17-də gecə prezident Ə.Elçibəy müəmmalı şəkilə Bakını tərk edərək Haxçıvana, Kələki kəndinə getdi. Sonrakı bir neçə gündə parlament onun paytaxta qayıtması ilə bağlı qızğın müzakirələr aparsa da, nəticə hasil olmadı. İyunun 24-də bu məsələ MM-də sonuncu dəfə müzakirə olundu və parlament konstitusiyanın 121.7 maddəsinə (prezidentin öz səlahiyyətlərini icra edə bilməməsi) əsaslanaraq prezident səlahiyyətlərinin Ali Sovetin sədri H.Əliyevə keçməsi barədə qərar qəbul etdi. Qərar layihəsinin müəllifi deputat E.Məmmədov idi. Onun lehinə 33, əleyhinə 3 nəfər səs vermişdi.

Ölkədəki hakimiyyət böhranı cəhbədəki vəziyyətə də ağır təsir göstərmişdi. İyunun 28-də Ermənistan qoşunları Ağdərə şəhərini və Ağdam rayonunun bir hissəsini işğal etdi. İyunun 30-da isə Bakıda H.Əliyevlə Surət Hüseynov arasında danışıqlarda böhranı sahmanlamaq barədə razılıq əldə olundu. MM H.Əliyevin təqdimatına əsasən S.Hüseynovun baş nazir təyinatına razılıq verdi. Qərar 36 səs lehinə olmaqla qəbul olundu.

İyulun 16-da MM-in iclasında Gəncə hadisələrini təhqiq edən deputat-istintaq komissiyasının (rəhbəri deputat Mətləb Mütəllimov idi) rəyi dinlənilib. Deputatlar həmin rəyə və baş prokuror Əli Ömərovun təqdimatına əsasən, sabiq baş prokuror İxtiyar Şirinovun, milli təhlükəsizlik nazirinin sabiq 1-ci müavini Sülhəddin Əkbərovun və Ali Sovetin sabiq sədri İ.Qəmbərin cinayət məsuliyyətinə cəlb olunması üçün onların MM üzvlüyündən azad olunması və deputat toxunulmazlığından məhrum edilməsinə razılıq verdilər. Bu, parlamentdə qəbul edilən ilk belə qərar idi. Sonrakı dövrdə bu prosedur bir neçə dəfə (o cümlədən həmin Ə.Ömərovun özünə qarşı) işə düşdü. MM-də boşalmış yerlərə "ehtiyat" deputat korpusundan üç nəfər, o cümlədən bir qədər əvvəl MM-dən istefa vermiş Y.Əliyev və o vaxt baş nazirin müavini vəzifəsini tutan Rəsul Quliyev seçildi.

İyulun 23-də ermənilər Ağdam şəhərini işğal etdilər. İyulun 29-da isə MM ölkədə fövqəladə vəziyyətin daha 60 gün uzadılması (aprelin 3-dən tətbiq olunmuşdu), həmçinin "Prezident Ə.Elçibəyə etimad göstərilməsi haqqında" referendum keçirilməsi barədə qərarlar qəbul etdi. Referendum avqustun 29-na təyin edildi. Bu barədə qərar 38 nəfər lehinə, 1 nəfər əleyhinə olmaqla qəbul olunmuşdu.

Avqustun 16-17-də parlamentdə ölkənin cənub bölgəsində yaranmış ağır vəziyyəti (Ələkram Hümbətovun qondarma "Talış-Muğan Respublikası"nı elan etməsi) müzakirə edərək qətnamə qəbul etdi. Bu hadisələrdə əli olan Rəhim Qazıyev MM üzvlüyündən azad olundu. Avqustun 22-də Lənkəranda əhali ilə Ə.Hümbətovun silahlı dəstələri arasında toqquşma oldu, həmin gün erməni qoşunları Cəbrayılı, səhərisi isə Füzuli şəhərini, habelə hər iki rayonun əksər kəndlərini işğal etdi.

Avqustun 29-da keçirilmiş referendumun rəsmi nəticələrinə əsasən, səsvermədə iştirak etmiş əhalinin 97,5 faizi Ə.Elçibəyə etimadsızlıq göstərmişdi. Avqustun 31-də Qubadlı rayonu işğal edildi. Sentyabrın 1-də isə MM növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar qəbul etdi. Seçkilər oktyabrın 3-nə təyin edildi.

Sentyabrın 21-də parlament Azərbaycanın MDB-yə qoşulmasına razılıq verdi, həmçinin 1993-cü il 22 sentyabr tarixdən ölkədə fövqəladə vəziyyətin ləğv olunması barədə qərar qəbul etdi. Oktyabrın 3-də keçirilmiş prezident seçkiləri ilə bağlı rəsmi məlumata görə, səsvermədə iştirak edənlərin 98,8 faizi H.Əliyevə səs vermişdi.

Hoyabrın 5-də MM-in H.Əliyevin sədrliyi ilə sonuncu iclası keçirildi. Prezident seçilməsi ilə bağlı H.Əliyevin Ali Sovetin sədri və deputat səlahiyyətlərinə xitam verildi. Gizli səsvermə nəticəsində R.Quliyev 38 səs lehinə olmaqla parlamentin yeni sədri seçildi. Bundan bir qədər əvvəl isə Ali Sovet sədrinin 1-ci müavini vəzifəsindən istefa verən T.Qarayev isə Azərbaycanın Çin Xalq Respublikasında səfiri təyin olunmuşdu.

 

3. "Keçid dövrü"nün başa çatması - yeni parlament seçkilərinə doğru

(1994-1995-ci illər)

1993-cü ilin oktyabrında Heydər Əliyevin Azərbaycanın prezidenti seçilməsi ilə Milli Məclisdə (MM) də əlamətdar dəyişikliklər baş verdi. Əvvala, parlamentdə 1993-cü ilin iyun-sentyabr ayları (parlamentarlar həmin il yay tətilinə çıxmamışdılar) üçün xas olmuş "siyasi razborka"lar, qanun yaradıcılığına bilavasitə dəxli olmayan mübahisə və müzakirələr artıq arxada qalmışdı. Qanunverici orqan tədricən öz təyinatı üzrə işləməyə başlamışdı.

Digər tərəfdən, vaxtilə MM-də 25 nəfərlik fraksiya ilə təmsil olunan "demblok"dan artıq əsər-əlamət yox idi. AXC hakimiyyətinin süqutundan sonra "demblok"çu deputatların bir neçəsinin səlahiyyətinə xitam verilmiş (İsa Qəmbər, İxtiyar Şirinov, Sülhəddin Əkbərov, Rəhim Qazıyev), əksəriyyəti isə könüllü olaraq öz fəaliyyətini "dondurmuşdu". Sonuncuların sırasında Pənah Hüseynov (o ümumiyyətlə, ölkəni tərk etmişdi), Arif Hacıyev, Tahir Kərimli, Tofiq Qasımov kimi keçmiş hakimiyyətin fəalları da vardı.

MM-də AXC-Müsavat nümayəndələrindən bir neçə nəfər (Mirmahmud Fəttayev, İbrahim İbrahimli, Ədalət Rəhimli) qalmışdı. AXC hökumətinin təhsil naziri Firudin Cəlilov yeni hakimiyyətə loyallıq nümayiş etdirməklə postunu saxlamağa çalışsa da, buna müvəffəq olmadı və sonradan AMİP-in deputat qrupuna (Etibar Məmmədov, Şadman Hüseynov) qoşuldu. AXC hakimiyyəti dövründə "ana müxalifət" rolunu oynayan AMİP-çilər indi keçmiş rəqibləri ilə (daha doğrusu, onların MM-də qalmış bir neçə təmsilçisi ilə) birlikdə yeni hakimiyyətə opponentlik edirdilər. Amma dövr artıq o dövr deyildi və siyasi resurslarını nəzərəçarpacaq dərəcədə itirmiş müxalifətin səsi parlamentdə çox zəif eşidilirdi. Əksər vaxtlarda isə bu, AMİP sədri E.Məmmədovla yeni spiker, vaxtilə AMİP-in qeyri-rəsmi "patronu" kimi ad çıxarmış R.Quliyev arasında baş verən "söz güləşdirməsi" şəklində özünü göstərirdi.

Bundan əlavə, keçmiş "demblok" bəzi üzvləri yeni hakimiyyətdə vəzifə almış (məsələn, Tahir Əliyev Dövlət Gömrük Komitəsinin sədri olmuşdu), bəzilərinin isə (məsələn, İsgəndər Həmidov) adı MM üzvlərinin siyahısında olsa da, özü parlament binasında faktiki olaraq gözə dəymirdi. Ali Sovet sədrinin müavini olmuş və formal olaraq müxalifəti təmsil edən Tamerlan Qarayev isə deputat mandatını səfir təyinatına dəyişməli oldu.

Maraqlıdır ki, həmin dövrdə parlamentdə sırf iqtidar fraksiyası mövcud deyildi. H.Əliyev ölkənin prezidenti olsa da, onun rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının MM-dəki təmsilçiləri barmaq sayı qədər idi. Onların da bir qismi vaxtilə A.Mütəllibovun tərəfdarı kimi deputat seçilmiş keçmiş "komblok" üzvləri idi. Ümumiyyətlə, MM-də "Mütəllibovun siyahısı"ndan qalan keçmiş kommunist deputatlar, AXC iqtidarı zamanında olduğu kimi, H.Əliyev hakimiyyəti dövründə yeni siyasi şəraitdə tez uyğunlaşdılar. Üstəlik onların bəziləri bu hökumətdə də mühüm postlar (məsələn, Tofiq Əzizov Özəlləşdirmə Komitəsinin sədri oldu) tutdular.

Parlament 1994-cü ilə məhz belə sifətdə, hakimiyyəti kifayət qədər qane edən bir konfiqurasiyada daxil oldu. Hərçənd həmin dövr üçün hakimiyyət anlayışının özü də birmənalı deyildi. Hər kəs üçün aydın məsələ idi ki, 1993-cü ilin məlum iyun hadisələrinin dalğasında baş nazir postuna yüksəlmiş Surət Hüseynov mahiyyət etibarilə H.Əliyev komandasının üzvü deyil və o gec-tez hakimiyyətin zirvəsini tərk etməli olacaq.

1994-cü ildə MM-də ilk ciddi müzakirələr isə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi ilə bağlı oldu. Yanvarın 19-da başlanan müzakirələr fasilələrlə iki aya yaxın davam etdi və martın 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" geniş qərarın qəbul edilməsi ilə başa çatdı. Bu arada (fevralın 24-də) parlament Xocalı faciəsi barədə də qərar qəbul etdi və hər il fevralın 26-nın "Xocalı soyqırımı günü" kimi qeyd olunmasını nəzərdə tutan qərarın mətni dünya ölkələrinin parlamentlərinə və beynəlxalq təşkilatlara göndərildi.

Parlamentdə müzakirə edilən əsas məsələlərdən biri isə yenə Qarabağ məsələsi idi. İlk dəfə olaraq MM-də Qarabağ məsələsi ilə bağlı daimi qurum - Müdafiə məsələləri üzrə komissiya (sədri deputat Mətləb Mütəllimov idi) yaradılmışdı. Lakin bu komissiyanın fəaliyyət dairəsi və səlahiyyətləri simvolik səciyyə daşıyırdı.

Bu dövrün özəlliklərindən biri də parlamentin, daha doğrusu, parlamentin rəhbərliyinin Qarabağ danışıqlarında fəal iştirak etməsi idi. Ali Sovetin sədir R.Quliyev mütəmadi olaraq Ermənistan parlamentinin sədri B.Ararksyanla görüşlər (o cümlədən iki ölkənin sərhədində) keçirərək atəşkəs və əsirlərin dəyişdirilməsi barədə danışıqlar aparırdı. Parlament rəhbərliyinin bu prosesə cəlb edilməsi prezident H.Əliyev tərəfindən məqsədli şəkildə qəbul olunmuş bir siyasi qərar idi.

Məlumdur ki, həmin danışıqlarda (xüsusilə atəşkəslə bağlı müntəzəm görüşlərdə) Qarabağ ermənilərinin liderləri də iştirak edirdi. Məhz buna görə Azərbaycan rəhbərliyi sonradan erməni tərəfinin guya rəsmi Bakının separatçıların legitimliyini tanıdığını iddia etməsinə əsas verməmək üçün bu danışıqları hökumət səviyyəsində (XİH başçısı, müdafiə naziri) deyil, parlament rəhbərləri səviyyəsində aparılmasını məqsədəuyğun saymışdı. Təsadüfi deyil ki, 1994-cü ilin 12 mayında qüvvəyə minən "Bişkek protokolu" da parlament rəhbərləri tərəfindən imzalanmışdı. Sənədin son mətninə Azərbaycan tərəfdən Ali Sovetin sədri R.Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri H.Bəhmənov imza atmışdı.

1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycan dövlətçiliyinin daxili və xarici düşmənlərinin ürəyincə deyildi və onlar ölkəni yeni çaxnaşma girdabına yuvarlamaq üçün hərəkətə keçdilər. Sentyabrın 29-da vitse-spiker Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirildilər. Oktyabrın 2-4-də isə Surət Hüseynovun başçılığı ilə dövlət çevrilişinə cəhd baş verdi. Lakin ölkə rəhbərliyi bu cəhdin qarşısını qətiyyətlə aldı. Oktyabrın 5-də parlament təcili iclasa toplanaraq Bakı şəhərində 60 gün müddətinə fövqəladə vəziyyət elan edilməsi barədə prezident H.Əliyevin fərmanını təsdiqlədi.

Sonradan Bakı şəhərində fövqəladə vəziyyət 1994-cü ilin dekabrında və 1995-ci ilin fevralında iki dəfə uzadıldı. Oktyabrın 6-da isə parlament prezident H.Əliyevin təqdimatına əsasən S.Hüseynovun baş nazir vəzifəsindən azad edilməsinə razılıq verdi. S.Hüseynov həmçinin MM üzvlüyündən də azad edildi. Maraqlıdır ki, S.Hüseynovun çevriliş cəhdinin əsas mərkəzi Gəncə olsa da, orada fövqəladə vəziyyət yalnız oktyabrın 11-dən tətbiq edildi. Oktyabrın 14-də isə parlament S.Hüseynovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə razılıq verdi. Lakin həmin vaxt sabiq baş nazir artıq Azərbaycanı tərk etmişdi.

Oktyabrın 14-də MM-in rəhbərliyində boş qalmış (1-ci vitse-spiker T.Qarayev Çinə səfir göndərilmiş, vitse-spiker A.Cəlilov isə qətlə yetirlmişdi) müavin postları da tutuldu. Arif Rəhimzadə Ali Sovet sədrinin 1-ci müavini, Yaşar Əliyev isə Ali Sovet sədrinin müavini seçildi. Hoyabrın 15-də parlament "Əsrin müqaviləsi"ni ratifikasiya etdi.

1995-ci il Azərbaycan dövlətinin inkişafı üçün həlledici il hesab edilirdi. Bu il ölkədə yeni parlament seçkiləri keçirilməli və müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edilməli idi. Lakin hələ də mövcud olan dağıdıcı qüvvələr və "hərbi müxalifət" bu proseslərin getməsinə və Azərbaycanın, nəhayət, normal və sabit inkişaf yoluna qədəm qoymasına imkan vermək istəmirdi.

Təsadüfi deyil ki, 1995-ci ilin martında Rövşən və Mahir Cavadov qardaşlarının rəhbərlik etdiyi qiyamının ("OMOH qiyamı") məqsədlərindən biri də ölkədə legitim hakimiyyət institutlarının ləğv edilməsi və "Siyasi Şura" adlı müvəqqəti qurumun yaradılması idi. Cavadov qardaşlarının ilk tələbi də elə Ali Sovetin sədrinin istefası ilə bağlı idi.

Maraqlıdır ki, parlament bu hadisələrə əsasən seyrçi münasibəti ilə "yadda qaldı". Yalnız martın 18-də, yəni qiyam cəhdinin qarşısı alınandan sonra MM-in növbədənkənar iclası çağırıldı. İclas bilavasitə «OMON qiyamı»na həsr olunmasa da, onunla dolayısilə bağlı idi. Parlament baş prokurorun təqdimatını nəzərə alaraq 12-17 mart hadisələri zamanı qiyamçılara rəğbitini gizlətməmiş keçmiş daxili işlər naziri İsgəndər Həmidovun deputat toxunulmazlığına xitam verilməsi və barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verdi. Hərçənd İ.Həmidova qarşı irəli sürülən rəsmi ittihamlar "OMOH qiyamı" ilə bağlı deyildi və o, DİH başçısı postunda yol verdiyi əməllərə görə məsuliyyətə cəlb edilmişdi.

Martın 22-də isə MM-in «OMOH qiyamı»na həsr olunmuş xüsusi iclasında "Dövlət çevrilişi cəhdi və onun qarşısının alınması haqqında" geniş qərar qəbul olundu. Qərar təkcə 1995-ci ilin 12-17 mart olaylarına deyil, həmçinin 1994-cü ilin 2-4 oktyabr hadisələrinə həsr olunmuşdu. Qərarda vurğulanırdı ki, hər iki hadisə Azərbaycanın müstəqilliyinə və dövlətçiliyinə qarşı yönəlmiş hərbi çevriliş cəhdləri idi və ölkə rəhbərliyi onların qarşısını almaq üçün zəruri siyasi qətiyyət nümayiş etdirib. Qərarda həmçinin bildirilirdi ki, "OMOH qiyamı"nın yatırılmasında ordudan istifadə olunması "Fövqəladə vəziyyət haqqında" və "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanunlara uyğun həyata keçirilib və qiyamçıların törətdikləri ağır cinayət əməllərinə adekvat olub.

Mart hadisələri ilə Azərbaycanda hərbi qiyam və çevriliş yolu ilə hakimiyyətə gəlmək iddialarına birdəfəlik son qoyuldu. Bundan sonra ölkədə ictimai-siyasi sabitliyi bərpa etmək, iqtisadiyyatı dirçəltmək və geniş siyasi islahatlara başlamaq lazım idi. Bu sırada yeni parlament seçkilərinə hazırlıq xüsusi yer tuturdu. Artıq aprel ayında MM-də yeni seçki qanunvericiliyi üzrə müzakirələr başlanmışdı.

Mayın 2-də isə parlament Azərbaycanın yeni Konstitusiyasının layihəsinin hazırlanması ilə bağlı dövlət başçısı tərəfindən təqdim edilmiş komissiyanın (33 nəfərdən ibarət) tərkibini təsdiq etdi. Konstitusiya komissiyasına prezident H.Əliyev rəhbərlik edirdi.

Qeyd etmək lazımdır ki, müstəqil Azərbaycanın yeni Əsas Qanununun hazırlanması üzrə ilk dövlət komissiyası hələ AXC hakimiyyəti dövründə, 1993-cü il dekabrın 6-da MM tərəfindən təsdiqlənmişdi. Lakin bu komissiya fəaliyyətdə olduğu yarım il ərzində Konstitusiya layihəsini hazırlaya bilməmişdi. H.Əliyev hakimiyyətə gələndən sonra, 1994-cü ilin mayında həmin komissiyanın fəaliyyəti (yenilənmiş tərkibdə) bərpa edilsə də, yenə layihə üzrə iş praktik iş görülməmişdi. Beləliklə, Konstitusiya quruculuğu üzrə real iş 1995-ci ilin mayında başlandı. Mayın 2-də parlament həmçinin dövlət başçısının təqdimatına əsasən, Fuad Quliyevi Azərbaycanın baş naziri vəzifəsinə (1994-cü ilin oktyabrından bu vəzifəni icra edirdi) təsdiqlədi.

Bundan sonra MM-in görəcəyi bir mühüm iş qalmışdı - yeni "Seçki qanunu"nun qəbul edilməsi və parlament seçkilərinə start verilməsi. İstər qlobal mənada (SSRİ-nin və sosialist sisteminin dağılması), istərsə də respublika miqyasında mürəkkəb tarixi hadisələrlə zəngin olmuş beş ildə (1990-1995) Azərbaycanın qanunverici orqanı rolunu oynamış 12-ci çağırış Ali Sovetin, daha dəqiq desək, həmin qurumun törəməsi olan 50 nəfərlik Milli Məclisin konstitusion ömrünə bir neçə ay qalmışdı. Yeni parlament seçkiləri 1995-ci il noyabrın 12-nə təyin edildi.

Beləliklə, 1990-1995-ci illər parlamenti Azərbaycanın tarixində bir sıra mühüm əlamətləri ilə yadda qaldı. Sovet dövrünün parlamenti kimi formalaşan Ali Sovet fəaliyyətini müstəqil Azərbaycanın qanunverici orqanı kimi başa vurdu. Azərbaycanın müstəqillik əldə etməsi və yeni dövlət quruculuğunun bir sıra vacib qanunvericilik aktları bu parlamentdə qəbul olunmuşdu.

Bununla belə, parlament 1991-1993-cü illərdə qanun yaradıcılığı və hüquq müstəvisindən çox siyasi çaxnaşmalar və hakimiyyət dəyişikliklərinin cərəyan etdiyi meydana çevrilmişdi. Qəbul edilən qanunvericilik aktları isə əksəriyyət etibarilə digər ölkələrin (xüsusilə Rusiyanın) müvafiq qanunlarının tərcüməsindən ibarət idi. Parlamentin bir çox üzvləri həm də hökumətdə vəzifə tutduğuna görə, hakimiyyət bölgüsü prinsipi ciddi şəkildə pozulmuşdu.

H.Əliyevin hakimiyyətə gəlişindən sonra parlament nisbətən sabit hüquqi müstəvi və dövlət hakimiyyətinin mühüm bir qolu kimi fəaliyyət göstərməyə, ayrı-ayrı qüvvələrin siyasi ambisiyalarına deyil, dövlətə və dövlətçiliyə xidmət etməyə başlamışdı. Bununla belə, həmin parlament dövlət qüruculuğu və köklü islahatlar prosesinə lazımi töhfə vermək gücündə deyildi. Odur ki, ölkənin həm keyfiyyətcə, həm də fəaliyyətprinsiplərinə görə yeni parlamentə ehtiyacı vardı.

 

IV. Birinci çağırış Milli Məclis (1995-2000-ci illər)

1. Yeni Konstitusiya ilə yeni parlamentə (1995-ci il)

1995-ci ilin martında Azərbaycanda meydana gələn məlum olaylar ("OMOH qiyamı") həmin ilin payızına planlaşdırılan yeni parlament seçkilərinin qrafikinə də təsir göstərdi. 12-ci çağırış Ali Sovetin səlahiyyəti 1995-ci ilin sentyabrında başa çatırdı, amma növbəti seçkilərin həmin vaxta yetişməyəcəyi aydın idi. Yeni "Seçki qanunu", həmçinin gələcək parlamentin səlahiyyətləri, seçki sistemi və s. məsələlərin əks olunacağı Konstitusiya layihəsi hələ hazır deyildi.

Seçki müzakirələri isə gələcək parlamentin strukturuna dair diskussiyalarla başladı. Hakimiyyət daxilindəki bəzi qüvvələr Azərbaycanın yeni qanunverici orqanının ikipalatalı olmasını təklif edirdilər. Bu qüvvələrin başında spiker Rəsul Quliyev dururdu. O, hələ 1995-ci ilin əvvəlindən başlayaraq ikipalatalı parlament ideyasını dövriyyəyə buraxmışdı və onu aktiv müdafiə edirdi.

Bəzi ehtimallara görə, bu təşəbbüs Qarabağ danışıqlarının guya müsbət nəticələnəcəyi nəzərə alınaraq irəli sürülmüşdü. Hesab edilirdi ki, ikipalatalı parlament Qarabağ ermənilərinin siyasi iddialarının Azərbaycanın ümumi hüquqi müstəvisində təmin olunması üçün optimal bir sistem olardı. Belə ki, Dağlıq Qarabağda müstəqil parlamentə malik olacaq ermənilər, eyni zamanda, Azərbaycan parlamentinin yuxarı palatasında (Senatda) təmsilçilik ala bilərdilər.

Lakin gerçəkdə bu ideya bilavasitə R.Quliyevin özünün siyasi ambisiyaları ilə bağlı idi. Artıq o vaxt ölkə prezidenti ilə spiker arasında iplər qismən qırılma nöqtəsinə gəlmişdi, üstəlik "OMOH" qiyamı zamanı R.Quliyevin və iqtidar komandasında ona yaxınlığı ilə seçilən bir sıra şəxslərin tutduğu qeyri-sabit mövqe dövlət başçısının diqqətindən yayına bilməzdi. Təsadüfi deyil ki, mart qiyamının yatırılmasından dərhal sonra prezident H.Əliyev spikerin siyasi əhatəsinə daxil olan iki şəxsi - AzTV-nin rəhbəri Babək Hüseynoğlunu və humanitar məsələlər üzrə dövlət müşaviri Qabil Hüseynlini vəzifədən azad etdi.

Bir sözlə, 1994-cü ilin oktyabrında baş nazir Surət Hüseynovun hakimiyyət zirvəsini tərk etməsindən sonra da iqtidarın yuxarı eşelonunda tam mənada vahid komanda hələ bərqərar olmamışdı mövcud deyildi və spiker R.Quliyev də bu müstəvidə müstəqil güc mərkəzi olmaq iddiasında idi. Yeni Konstitusiyada geniş səlahiyyətlərə malik olan və icra hakimiyyətini nəzarət altına ala biləcək ikipalatalı parlamentin (təbii ki, R.Quliyev özünü bu parlametin rəhbəri kimi görürdü) təsbit edilməsi niyyəti də bu motivdən qaynaqlanırdı. İkipalatalı parlament ideyası cəmiyyətin, o cümlədən müxalifət dairələrinin etirazını doğurdu. Bu ideyanın Azərbaycanı federalizmə apardığını görməmək mümkün deyildi. Həhayət, ölkə prezidenti diskussiyalara son qoydu və konstitusiya layihəsində birpalatalı parlament institutu əks olundu.

Parlamentdə deputat yerlərinin sayı və formalaşma prinsipi də geniş diskussiyalar doğurmuşdu. Milli Məclisin 100, 150, 200 və s. deputatdan ibarət olması barədə mülahizələr vardı. Müzakirələrdən sonra ölkə rəhbərliyi 125 rəqəminin üstündə dayandı. Hərçənd hakimiyyət dairələrində Azərbaycan kimi bir ölkə üçün 125 nəfərlik deputat korpusunun çox az olduğunu vurğulayanlar da yetərincə idi. Müqayisə üçün deyək ki, o vaxt qonşu Gürcüstanda parlament 235 deputatdan, Ermənistanda isə 131 nəfərdən ibarət idi. Hərçənd deputat sayını çox olmasının mənfi tərəfləri (o cümlədən onların saxlanılması üçün əlavə büdcə vəsaitlərinin ayrılması) də kifayət qədərdir.

Yeni parlamentə seçkilərin hansı sistem üzrə keçirilməsi də geniş mübahisə doğurdu. Müxalifət deputatların yarısının, yaxud da ən azı 50 nəfərin proporsional sistem (partiya və blokların seçki siyahısı üzrə) seçilməsini tələb edirdi. Hakimiyyət isə Azərbaycan partiyalaşma prosesinin zəif olduğunu nəzərə alaraq əsasən majoritar (birmandatlı dairələr üzrə seçkilər) sistemə üstünlük verirdi. Həticədə 125 deputatdan 100-nün majoritar, 25-nin proporsional sistem üzrə seçilməsi qərarlaşdırıldı və avqustun 12-də yeni "Seçki qanunu" qəbul edildi.

Qanuna əsasən, proporsional sistem üzrə parlamentə keçid baryeri 8 faiz nəzərdə tutulmuşdu. Müxalifət partiyaları və bir sıra beynəlxalq ekspertlər bu həddi yüksək hesab edirdilər və baryeri 5 faizə endirməyi təklif edirdilər. Qeyd etmək lazımdır ki, beynəlxalq seçki praktikasında parlamentə keçid baryerinin daha yüksək - 10 faizlik (məsələn, Türkiyədə) həddi də mövcuddur. Yeri gəlmişkən, bu məsələ 2000-ci il seçkilərində də gündəmə gəldi və nəticədə keçid baryeri 6 faizə endirildi.

Bundan əlavə, "Seçki qanunu"na əsasən, partiya və bloklar proporsional seçkilərdə iştirak etmək üçün 50 min seçici imzası toplamalı və həmin imzalar respublika üzrə seçki dairələrinin ən azı yarısını əhatə etməli idi. Majoritar sistem üzrə seçkilərdə iştirak etmək istəyənlər isə müvafiq seçki dairəsi üzrə 2 min imza toplamalı idi. Lakin partiyalar seçkiyə qatılmaq üçün öncə daha bir süzgəcdən - Ədliyyə Hazirliyinin təkrar qeydiyyat prosedurundan keçməli idi. Dövlət çevrilişi cəhdlərindən sonra hakimiyyət ölkədə fəaliyyət göstərən bütün partiya və ictimai təşkilatların yenidən qeydiyyatına başlamışdı.

Siyasi arenadakı iri partiyalar bu süzgəci ümumən normal keçdilər, hərçənd Xalq Cəbhəsi və Müsavat partiyaları ilə bağlı problemlər yaranmışdı. Daha doğrusu, AXC 1989-cu ildə ictimai təşkilat kimi qeydə alındığından, yeni qanuna görə, proporsional seçkilərdə iştirak edə bilməzdi. Bu məsələ "cəbhə"çilər arasında uzun müddət ixtilaf doğurdu və təşkilat daxilində "klassiklər" və "islahatçılar" deyilən iki qanadın yaranmasına rəvac verdi. "Klassiklər" (bu qanada Mirmahmud Fəttayev (Mirəlioğlu) başçılıq edirdi) təşkilatın əvvəlki adının qalmasında israr edirdilər, "islahatçılar" (bu qanadın lideri Əli Kərimli idi) isə "partiyalaşma"nın seçkilərdə iştirak üçün yeganə yol olduğunu bildirirdilər.

Həmin vaxt Kələkidə olan Əbülfəz Elçibəy "islahatçı"ların mövqeyini dəstəklədi və nəticədə "cəbhə"çilər qurultay keçirirək təşkilatın nizamnaməsi dəyişdilər və AXC AXCP-yə çevrildi. Müsavatla bağlı problemlər bir qədər fərqli idi. Bu partiyanın rəhbərliyində təmsil olunan bəzi şəxslərin "OMOH" qiyamı ilə əlaqəsinin olduğu bildirilirdi, onlardan biri, sabiq xarici işlər naziri Tofiq Qasımov isə sentyabr ayında konkret ittihamla həbs edildi. Bununla belə, partiya təkrar qeydiyyat prosedurunu keçdi.

Sentyabrın 2-də Ədliyyə Hazirliyi seçkiöncəsi yoxlama prosuduru başa çatdırdı və o vaxt üçün mövcud olan 41 partiyadan 31-i qeydiyyat vəsiqəsi aldı. Qeydə alınmayanlar arasında İslam, Kommunist və Demokrat partiyaları da vardı. Qeydiyyatı olan partiyalardan 18-i proporsional seçkilərdə iştirak etmək niyyətilə MSK-ya müraciət etdi. Yeri gəlmişkən, MSK-ya vaxtilə Azərbaycan SSR-in daxili işlər naziri olmuş və 1992-ci ildən etibarən ölkədəki bütün seçkiləri yola vermiş Cəfər Vəliyev başçılıq edirdi. 

Proporsional sistem üzrə əsas rəqabət hakim Yeni Azərbaycan Partiyası ilə müxalifətin üç əsas partiyası AXCP, Müsavat və AMİP arasında gözlənilirdi. Bəzi müşahidəçilər müxalifətin vahid blokda birləşəcəyini güman etsə də, bu, baş vermədi. AMİP birmənalı olaraq seçkilərə təkbaşına qatılacağını bildirdi. O vaxt "Demkonqres" adlı məşvərət blokunda birləşən AXCP və Müsavatın (onlardan savayı daha bir neçə "cırtdan" partiya bu formata daxil idi) vahid proporsional siyahı üzrə müzakirələri də nəticəsiz qaldı. Əsas fikir ayrılığı isə 25 nəfərlik siyahıya kimin - İ.Qəmbər, yoxsa Ə.Kərimlinin (AXCP sədri Ə.Elçibəy seçkilərdə iştirak etmirdi) başçılıq etməsi ilə bağlı idi. Həticədə onlar da seçkiyə ayrılıqda getmək qərarına gəldilər.

Eyni zamanda, həm AXCP, həm də Müsavat "Demkonqres"dəki satelitlərini ətrafına toplamaqla bu qurumu da iflasa uğratdılar. Çağdaş Turan, Yurddaş, Milli Demokrat, Xalq Azadlıq partiyalarının sədrləri AXCP-nin siyahısında yer aldılar, Müsavat isə öz müttəfiqlərini, Ana Torpaq və Doğru Yol (vaxtilə Tamerlan Qarayevin qurduğu partiyaya Rasim Musabəyov başçılıq edirdi) özünə birləşdirdi.

Oktyabrın 19-da MSK partiyaların təqdim etdikləri imza vərəqələrinin təftişini başa çatdırdı və məlum oldu ki, 18 partiyadan yalnız 8-i seçkilərə buraxılıb, qalanlar isə seçici imzalarının saxta olması səbəbilə bu hüquqdan məhrum edilib. Seçkidən kənarda qalanlar arasında Müsavat, Sosial Demokrat və s. partiyalar vardı. Müsavat MSK-nın qərarından Ali Məhkəməyə şikayət etsə də, bu instansiya onun iddiasını təmin etmədi. Qeyd etmək lazımdır ki, müxalifət partiyaları bütün kampaniya boyu proporsional seçkilərə həddən artıq diqqət ayırmışdı, parlamentin böyük əksəriyyətini formalaşdıracaq majoritar seçkilər bir növ hakimiyyətin öhdəsinə buraxılmışdı.

Proporsional sistem üzrə seçkiyə bu partiyalar buraxılmışdı: YAP, AXCP, AMİP, Ana Vətən (Fəzail Ağamalı), Azərbaycan Haminə Alyans (Abutalıb Səmədov), Demokratik İstiqlal (Vaqif Kərimov), Demokratik Sahibkarlar (Mahmud Məmmədov) və Milli Dövlətçilik (Hemət Pənahlı) partiyaları.

Hakim partiyanın siyahısına YAP sədrinin müavini, akademik Ziya Bünyadov başçılıq edirdi. İlk üçlükdə YAP sədrinin digər müavinləri Murtuz Ələsgərov və Əli Hağıyev də yer almışdı. YAP sədrinin digər iki müavini - Sirus Təbrizli və Rəfael Allahverdiyev, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev birmandatlı dairələrdən namizədliyini irəli sürmüşdü. Ümumiyyətlə, hakimiyyətin yüksək vəzifəli təmsilçilərinin əksəriyyəti ( o cümlədən spiker R.Quliyev) seçkiyə majoritar qaydada qatılmışdı. ARDHŞ-in birinci vitse-prezidenti İlham Əliyev 14 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizəd idi.

Maraqlıdır ki, seçkiyə prororsional sistem üzrə gedən partiyaların əksəriyyətinin (ilk üç partiya istisna olmaqla) sədrləri də namizədliklərini majoritar sistem üzrə irəli sürmüşdülər. Bu fakt həmin partiyaların proporsional seçkidə sadəcə "maraq naminə" iştirak etdiyini göstərirdi.

Onlardan biri, AMDP sədri H.Pənahlı isə seçki kampaniyasında məşhur "siyahı qalmaqalı" ilə yadda qaldı. H.Əliyev hakimiyyətə gələndən sonra "maraqlı" bir vəzifə - "ərazi idarəetmə məsələləri üzrə dövlət müşavirinin müşaviri" vəzifəsini alan H.Pənahlı oktyabrda gözlənilmədən postundan istefa verdi və seçkiyə iki həftə qalmış gələcək deputat korpusu ilə bağlı Prezident Aparatında hazırlanmış siyahını mətbuata açıqladı.

Hadisə geniş rezonans doğurdu, müxalifət bu faktı seçkilərin nəticələrinin əvvəlcədən saxtalaşdırılmasının göstəricisi kimi qiymətləndirdi. Öz növbəsində iqtidar rəsmiləri bəyan etdilər ki, hakimiyyətin gələcək parlamentdə görmək istədiyi şəxslərin təxmini siyahısını tərtib etməsində qeyri-adi heç nə yoxdur, çünki müxalifət də özü üçün belə nəzəri siyahılar tərtib edir. Yeri gəlmişkən, seçkilərdən sonra məlum oldu ki, H.Pənahlının "siyahısı" təxminən 80 faiz təsdiqini tapıb.

Həhayət, noyabrın 12-də Milli Məclisə seçkilər və Azərbaycanın yeni Konstitusiyası üzrə referendum keçirildi. MSK-nın elan etdiyi rəsmi nəticələrə görə, səsvermədə ölkə üzrə seçicilərin 86 faizi (3,5 milyon nəfər) iştirak etmişdi. Əhalinin 92 faizi Konstitusiya layihəsini dəstəkləmişdi.

Seçkilərə gəldikdə isə, proporsional sistem üzrə yerlərin əksəriyyətini YAP əldə etdi - 62,7 faiz səs və 19 deputat yeri. AXCP (9,7 faiz) və AMİP (9,3 faiz) hərəyə 3 mandat qazandılar. Majoritar sistem üzrə isə 99 dairədən (42 saylı Xankəndi dairəsi üzrə seçki keçirilmirdi) 71-də qaliblər birinci turda məlum oldu. 20 dairədə ikinci tur (noyabrın 26-da), 8 dairədə isə yeni seçkilər (1996-cı il fevralın 6-da) keçirilməli idi.

Beləliklə, 12 noyabr səsverməsindən sonra 96 deputatın adı məlum idi. Hoyabrın 24-də prezident Heydər Əliyevin iştirakı ilə yeni MM-ni ilk iclası keçirildi...

 

2. Müstəqillik dövrünün ilk parlamenti: "siyasi portret"in ştrixləri

1995-ci ilin 12 noyabr seçkilərində ümumilikdə 96 deputat mandatı (71 majoritar və 25 proporsional) öz sahibini tapmışdı. Parlamentin işə başlaması üçün yetərsay (83 nəfər) vardı və noyabrın 24-də prezident Heydər Əliyevin iştirakı ilə yeni Milli Məclisin (MM) ilk iclası keçirildi. Deputat korpusunun ən yaşlı üzvü, 1923-cü il təvəllüdlü akademik Ziya Bünyadovun sədrliyilə keçirilən iclasda parlamentin sədarəti seçildi. Ötən parlamentlə müqayisədə rəhbərlikdə heç bir dəyişiklik olmadı. Rəsul Quliyev MM-in sədri, Arif Rəhimzadə 1-ci müavin, Yaşar Əliyev isə müavin seçildilər.

Hoyabrın 26-da 20 seçki dairəsində ikinci tur səsverməsi (daha 8 dairədə seçkilərin nəticəsi ləğv olunmuş və yeni seçkilər təyin edilmişdi) keçirildi və 13 dairə üzrə deputatlar bəlli oldu. 7 dairədə isə seçkilər baş tutmamış sayıldı. 1996-cı il fevralın 4-də ümumilikdə 15 dairədə yeni seçkilər keçirildi və 124 nəfərlik parlament (42-ci Xankəndi dairəsi istisna olmaqla) tam tərkibdə formalaşdı. Beynəlxalq dairələr, o cümlədən ATƏT və Avropa Şurasından olan müşahidəçilər missiyası seçkiləri ciddi təndid etsələr də, bütövlükdə prosesi "demokratiyaya doğru addım" kimi qiymətləndirdi.

Deputatların hamısı öz yerini tutandan sonra məlum oldu ki, 124 nəfərdən 54-ü (o cümlədən 19 nəfər proporsional sistem üzrə) bilavasitə hakim partiyanı təmsil edir. YAP-çı deputatların təxminən yarısını "91-lər" (1992-ci ilin noyabrında H.Əliyevə müraciət edərək ondan YAP-a rəhbərlik etməyi xahiş edən qrup) təşkil edirdi. 55 nəfər isə deputat mandatını bitərəf namizəd kimi qazanmışdı.

Hərçənd onların bir qismi elə iqtidar düşərgəsini təmsil edir və icra strukturunda yüksək vəzifə tuturdu. Onların arasında xarici işlər naziri Həsən Həsənov (Masallı dairəsi), mədəniyyət naziri Polad Bülbüloğlu (Şuşa-Cəbrayıl), prezidentin işlər idarəsinin rəbhəri Akif Muradverdiyev (Binəqədi-Həsimi), prezidentin köməkçisi Eldar Hamazov (Ağstafa) və s. şəxslər vardı. ARDHŞ-in 1-ci vitse-prezidenti İlham Əliyev (Qaradağ) və akademik Cəlal Əliyev (Saatlı) da parlamentə bitərəf namizədlər olaraq seçilmişdilər. Onlar yalnız 1999-cu ildə YAP-ın rəhbərliyində rəsmən yer aldılar.

"Seçki qanunu"na görə, parlamentin 15 faizi (19 nəfər) eyni zamanda icra hakimiyyətində vəzifə tuta bilərdilər (Bu müddəa keçid dövrü üçün nəzərdə tutulmuşdu və 2000-ci ilin parlament seçkilərində hakimiyyət bölgüsü prinsipi təmin olundu). Lakin vəzifəli deputatların sayı bu kvotadan çox idi. Odur ki, 1996-cı ildə vəzifəli deputatların bir neçəsi mandatdan imtina etdi. Əvvəlcə P.Bülbüloğlu mandatını könüllü olaraq təhvil verdi, 1996-cı ilin noyabrında isə baş nazir, YAP-ın proporsional siyahısı üzrə deputat seçilmiş Fuad Quliyev səhhəti ilə bağlı vəzifədən və MM üzvlüyündən getdi. Daha sonra Torpaq Komitəsinin sədri Qərib Məmmədov eyni addımı atdı.

Parlamentdə müxalifət təmsilçilərinin sayı 10 nəfər idi: AXCP-nin 4 (3-ü proporsional, 1-i majoritar), AMİP-in 3 (hamısı proporsional), "Müsavat" (Şirzad Əyyub), Vətəndaş Həmrəyliyi (Sabir Rüstəmxanlı) və Sosial Ədalət (Mətləb Mütəllimov) partiyalarının hərəyə bir deputatı vardı. Bundan əlavə, MM-də mərkəzçi və hakimiyyətə yaxın partiyalar kimi tanınan Demokratik İstiqlal Partiyasının 2 (Vilayət Quliyev və Mübariz Qurbanlı), Demokratik Sahibkarlar (Mikayıl Mirzə), Ana Vətən (Fəzail Ağamalı) və Demokratik Maarifçilik (Babaxan Muradov) partiyalarının da hərəyə bir təmsilçisi yer almışdı. Sonrakı illərdə parlamentdaxili konfiqurasiyada köklü dəyişiklik olmadı. Bu xüsusda yalnız bitərəf deputatların bir hissəsinin (təxminən 15 nəfər) YAP sıralarına keçməsini və 1998-1999-cu illərdə YAP-çı deputatların bir neçəsinin müxalifətə "transfer" olunmasını qeyd etmək olar.

Lakin yeni parlament tam tərkibdə yalnız bir neçə həftə işləyə bildi. 1996-cı il fevralın 26-da 54 saylı Balakən seçki dairəsindən deputat seçilmiş, milliyətcə avar olan Əli Ansuxski terror nəticəsində qətlə yetirildi. Ə.Ansuxski deputatlıqdan öncə biznes fəaliyyəti ilə tanınmışdı və qətlin motivlərinin bununla bağlı olduğu bildirilirdi.

1996-cı ildə parlamentdə ən mühüm qanunvericilik hadisəsi isə torpaq islahatı qanunların qəbulu oldu. Azərbaycanda özəlləşdirmənin ilk mərhələsi start götürdü. Torpaq kəndlilərə paylandı, fermer təsərrüfatları inkişaf etməyə başladı.

1996-cı ildə həmçinin Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə münasibətlərinin əsası qoyuldu. Həmin ilin iyununda Azərbaycan AŞPA-da qonaq statusu aldı və rəsmi Bakı AŞ-yə qəbul olunmaq üçün rəsmən müraciət etdi.

1996-cı ildə parlamentdə ilk siyasi ixtilaf da özünü göstərdi. Lakin bu ixtilaf iqtidar və müxalifət deputatları arasında deyil, hakimiyyətin daxilində meydana çıxmışdı. Ölkə prezidenti ilə parlametin sədri arasında 1995-ci ilin əvvəlində meydana çıxan ziddiyyətlər daha da dərinləşimşdi. Qanunverici orqanın rəhbəri kreslosunda əyləşməsinə baxmayaraq R.Quliyevin özünü hökumət rəsmisi kimi aparması, o cümlədən imzalanan neft müqavilələrinə, qəbul edilən iqtisadi qərarlara mütəmadi olaraq müdaxilə etməsi münasibətləri kritik həddə çatdırmışdı. İş o yerə çatdı ki, iqtisadi məsələlər üzrə dövlət müşaviri Vahid Axundov Prezident Aparatında keçirilən mətbuat konfransında spikerin iqtisadiyyatla məşğul olmaq iddialarını açıq şəkildə pisləyərək ona qanunvericilik fəaliyyəti ilə məşğul olmağı tövsiyə etdi.

Avqust ayında YAP-ın Siyasi Şurası spikerin fəaliyyətini sərt tənqid edən bəyanatla çıxış etdi və hakim partiyanın MM-dəki deputatları R.Quliyevi istefa verməyə çağırdılar. 1996-cı sentyabrın 11-də R.Quliyev "səhhətində problemlərlə bağlı" MM sədri vəzifəsindən istefa verdi. Prezident H.Əliyev şəxsən istefa prosedurunda iştirak edirdi. İstefadan sonra R.Quliyevin "müalicə üçün" Almaniyaya, oradan isə ABŞ-a getdiyi xəbər verildi.

İstefasından sonra təxminən bir il ərzində R.Quliyevdən səs-səmir çıxmadı və yalnız 1997-ci ilin sonunda onun xarici mətbuatda müxalif çıxışları eşidilməyə başladı. Öz növbəsində hakimiyyət bu çıxışları adekvat qarşıladı. Heftayırma zavodunda aparılmış yoxlamalar R.Quliyevin küllü miqdarda dövlət əmlakını mənimsədiyini üzə çıxardı və 1998-ci ildə parlament əvvəlcə onun deputat toxunulmazlığına, sonra isə "uzun müddət üzürsüz səbəbə parlamentin iclaslarında iştirak etmədiyi üçün" deputat mandatına xitam verdi.

O ki qaldı parlamentin yeni sədrinə, bu post təxminən bir ay boş qaldı və 1996-cı il oktyabrın 16-da YAP sədrinin müavini Murtuz Ələsgərov MM-in yeni sədri seçildi. Konstitusiya hüququ üzrə mütəxəssis olan M.Ələsgərov xalq hərəkatının fəallarından biri olmuş, hətta AXC Ali Məclisinin üzvü seçilmişdi. 1992-ci ildə "91-lər"in sırasında YAP-ın yaranmasında fəal iştirak etmişdi. 1993-cü ildən BDU-nun rektoru idi.

1997-ci il də parlament üçün qanlı terror aktı ilə başlandı. Fevralın 21-də Sovet İttifaqı Qəhrəmanı, tanınmış alim və ictimai xadim, YAP sədrinin müavini, akademik Ziya Bünyadov qətlə yetirildi. Bu terror aktı ölkədə böyük ictimai rezonans doğurdu, bir neçə il sürən istintaq sonda belə nəticəyə gəldi ki, Z.Bünyadov peşə fəaliyyəti ilə bağlı, alban tarixçisi Musa Kalankatuylu haqqında kitabına görə "Hizbullah" terror təşkilatının sifarişi ilə qətlə yetirilib. Bu, parlamenti sarsıdan sonuncu terror aktı oldu. Birinci çağırış MM-in fəaliyyəti müddəti başa çatanadək isə daha 5 deputat dünyasını dəyişmişdi. Sofiq Hüseynov 1996-da, Yusif Vəkilov 1997-də, Səfiyar Musayev 1999-da, Fərəməz Maqsudov və Məzdək Hüseynov isə 2000-ci ildə ağır sürən xəstəlikdən sonra vəfat etdilər.

Qanunvericilik nöqteyi-nəzərindən isə 1997-ci il elə bir mühüm hadisələrlə yadda qalmadı. Yalnız 1997-ci ilin yayında başlanan dövlət əmlakının özəlləşdirilməsi prosesi ilə bağlı parlamentdə bir sıra iqtisadi qanunların qəbul olunmasını qeyd etmək olar.

1998-ci ildə ölkədə yeni prezident seçkilərinə start verildi və parlamentdə də siyasi hərarət artdı. R.Quliyevin prezident seçkilərində iştirak edəcəyini bəyan etməsi onun MM-dəki tərəfdarları üçün də siyasi mesaj oldu. Qeyd etmək lazımdır ki, 1995-ci il parlament seçkilərində hakimiyyətin deputat korpusunun siyahısı müəyyənləşərkən orada R.Quliyevin də müəyyən "kvotası"nın yer aldığı sirr deyildi və spikerin okeanın o tayından göndərdiyi mesajdan sonra onun parlamentdəki tərəfdarlarından bir neçəsi özünü büruzə verdi. YAP-çı depupatlardan Mahir Əsədov (Şəmkir seçki dairəsi) və Akif Şahbazov (Biləsuvar) ADP-nin (R.Quliyev artıq bu partiyanın həmsədri idi) sıralarına keçdiyini bildirdi. Sonra YAP fraksiyasından daha iki deputat - partiyanın proporsional siyahısı üzrə seçilmiş Zəminə Dünyamalıyeva və Solmaz Ələsgərova (Samux-Goranboy) ADP-yə keçdi.

Müxalifət dairələri YAP-da "domino effekti"nin başladığını güman etsə də, hakimiyyət prosesi kritik həddə keçməyə qoymadı. Sonrakı dövrdə YAP-çı deputatlardan yalnız iki nəfər siyasi səmtini dəyişdi - Şamil Yusifov (Gəncə) ADP-yə üzv oldu, YAP Siyasi Şurasının üzvü Toğrul İbrahimli (Binəqədi) isə "Hamus" adlı yeni partiya təsis etdi. Hərçənd bu qopmalar hakim partiya üçün elə bir problem yaratmırdı, çünki YAP-ın parlamentdəki təmsilçilərinin sayı artıq 70-ə çatmışdı.

1998-ci ildə Milli Məclisdə prezident seçkiləri ilə bağlı qanunvericiliyin qəbulu yeni bir tendensiya - müxalifət deputatlarının iclasları boykot etməsi ilə yadda qaldı. Lakin ümumi sayı 17-yə çatan müxalifət deputatlarının bu yolla seçki qanunvericiliyinə və MSK-nın formalaşmasına təsir etmək niyyətləri nəticəsiz qaldı. Parlament çoxluğu bu qanunları müxalifətin iştirakı olmadan qəbul etdi. Müxalifət liderləri prezident seçkilərini tam şəkildə boykot etmək niyyəti də baş tutmadı, AMİP sədri E.Məmmədov H.Əliyevin əsas rəqibi kimi seçkilərdə iştirak etdi və ağır məğlubiyyətə düçar oldu. H.Əliyev 76 faiz səslə ikinci dəfə ölkə prezidenti seçildi.

1998-ci il Azərbaycan parlamentinin Avropa Şurası ilə əməkdaşlığının genişlənməsi və bir sıra hüquqi islahatlarlarla da yadda qaldı. Artıq Azərbaycanın parlamentinin nümayəndə heyəti AŞPA-nın sessiyalarında müşahidəçi sifətilə iştirak edirdi. 1998-ci ilin yanvarında Azərbaycan müsəlman dövlətləri arasında birinci olaraq ölüm hökmünü ləğv etdi. Bu vaxt ölüm hökmü hətta AŞ üzvü olan bir sıra ölkələrdə qüvvədə idi. 1998-ci ilin yayında parlament "Konstitusiya Məhkəməsi haqqında" qanun qəbul etdi, Azərbaycanda ilk dəfə olaraq məhkəmə hakimiyyətinin bu ali instansiyası fəaliyyətə başladı. 1998-ci il avqustun 7-də isə Azərbaycanda mətbuat üzərinə qoyulmuş senzura tamamilə ləğv edildi.

1999-cu parlamentdə nisbi sakitliklə müşayiət olundu. Hərçənd prezident H.Əliyevin səhhətində problemlərin yaranması və onun bir neçə ay xaricdə (Türkiyə və ABŞ-da) müalicə olunması ölkə müxalifətini, o cümlədən parlamentdəki müxalifət qrupunu nisbi siyasi fəallığa sövq etmişdi. Lakin H.Əliyevin müalicəni uğurla başa vuraraq dövlətin rəhbərliyinə qayıtması müxalifətin "X günü" barədə illüziyalarına son qoydu. Bələdiyyə seçkiləri və bələdiyyələrin fəaliyyəti ilə bağlı qanunvericilik sənədləri də əsasən müxalifətin iştirakı olmadan qəbul edildi. 1999-cu il dekabrın 12-də Azərbaycanda ilk bələdiyyə seçkiləri keçirildi. Bu dəfə müxalifət partiyalarının əksəriyyəti seçkidə təmsil olunmuşdu, seçkiləri boykot edən isə AMİP idi.

Birinci çağırış Milli Məclis həmçinin Azərbaycanda hüquqi sistemin yaradılması istiqamətində bir sıra önəmli qanunlar qəbul edib. Yeni Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar, Əmək, Ailə, Vergi, Gömrük məcəllələri, həmçinini «Məhkəmələr və hakimlər haqqında», «Polis haqqında», «Prokurorluq haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında», «Vəkillər və vəkillik fəaliyyəti haqqında» və s. qanunlar qəbul olunmuşdu. Ümumilikdə bu dövrdə parlamentdə 2 minə yaxın qanun və qərar qəbul olunmuşdu, Azərbaycan 100-dən çox beynəlxalq müqavilə və konvensiyaya qoşulmuşdu.

2000-ci ilin yayında yeni seçki qanunvericiliyi qəbul edildi. Seçkilərin baş tutması üçün yetərsay 50 faizdən 25 faizə endirildi. Yeni qanuna əsasən, majoritar qaydada seçkilərin qalibi üçün səs çoxluğu ilə müəyyənləşirdi. Proporsional sistem üzrə parlamentə keçid baryeri 8 faizdən 6 faizə endirildi. MSK haqqında qanunveroicilikdə bu qurumun 18 nəfərdən ibarət olması (6 nəfər YAP, 6 nəfər müxalifət, 6 nəfər isə bitərəf deputatların irəli sürdüyü üzvlər) təsbit edildi.

Beləcə parlament 2000-ci ilə qədər qoydu. İlin ortasında Azərbaycanın AŞ-yə qəbuluna yaşıl işıq yandırıldı, AŞPA-nın iyun sessiyası ölkəmizin təşkilata rəsmən dəvət olunması barədə qərar qəbul etdi. İyun ayı həmçinin MM-də yeni seçki qanunvericiliyi ilə bağlı gərgin müzakirələrə səhnə oldu. İkinci çağırış Milli Məclisə seçkilər 2000-ci il noyabrın 5-nə təyin edildi.

Beləliklə, birinci çağırış Milli Məclis Azərbaycanın müstəqillik tarixində da istər hüquqi dövlət quruculuğu, istərsə də parlamentarizm ənənələrinin inkişafı baxımdan mühüm yer tutur. Artıq müstəqil Azərbaycanın konstitusiyasına əsaslanan parlament institutu formalaşmış, onun fəaliyyəti nəticəsində Azərbaycanın dövlətçilik inkişafı üçün zəruri olan böyük qanunvericilik bazası yaradılmış, ölkədə genişmiqyaslı hüquqi islahatlara təkan verilmişdi. Yeni Milli Məclis, öncəki parlamentdən fəqli olaraq, siyasi ambisiyaların mübarizə arenası deyil, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmlənməsinə xidmət edən (o cümlədən 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində) dövlət institutu kimi özünü təsdiqləmişdi.

Eyni zamanda, Milli Məclisin beynəlxalq əlaqələri yaranmış və müxtəlif təşkilatların parlament assambleyalarında təmsilçiliyi təşəkkül tapmışdı. Bununla belə, istər ölkədəki islahatlar kursuna daha effektli töhfə verilməsi və daha mükəmməl qanunvericiliyin hazırlanması, istərə də Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsində adekvat rol oynaması üçün parlamentin yeni müstəviyə qədəm qoyması vacib idi və bu missiya ikinci çağırış Milli Məclisin üzərinə düşməli idi.

 

 V. İkinci çağırış Milli Məclis (2000-2005)

1. Seçki kampaniyası və ümumi nəticələr (yay-payız 2000-ci il)

2000-ci ilin parlament seçkiləri Azərbaycan üçün 1995-ci il seçkilərindən az əhəmiyyət kəsb etmirdi. Bu seçkilər Azərbaycanın siyasi inkişaf yolunu daha da dəqiqləşdirməklə yanaşı, birinci çağırış Milli Məclisə nisbətən daha peşəkar parlament formalaşdırmalı idi. Digər yandan, Azərbaycan Avropa Şurasına rəsmi dəvət almışdı (2000-ci il iyunun 28-də) və parlamentin deputat qrupu həm də ölkəmizi AŞPA-da təmsil edəcəkdi. Azərbaycan artıq sabit inkişaf dövrünü yaşayırdı və seçkilərə hazırlıq da, əvvəlki dövrlərdən fərqli olaraq, vaxtında başlanmışdı.

Aprelin 28-də ölkə prezidenti "Milli Məclisə seçkilər haqqında" və "MSK haqqında qanuna dəyişiliklər edilməsi haqqında" qanun layihələrini parlamentə göndərdi. "Seçki qanunu"nun müzakirəsi ümumilikdə iki aydan artıq (sənəd bir neçə dəfə ATƏT-in ekspertizasına göndərilmişdi) sürdü. Həticədə qanunvericilikdə bir sıra mütərəqqi yeniliklər əksini tapdı. Seçkilərin baş tutması üçün yetərsay 50 faizdən 25 faizə endirildi. Majoritar qaydada deputat seçilmək üçün 50 faizdən çox səs toplamağa ehtiyac qalmırdı, qalib adi səs çoxluğu ilə müəyyənləşirdi. Proporsional qaydada parlamentə keçid baryeri isə 8 faizdən 6 faizə endirildi. Bundan əlavə, yeni seçki qanunvericiliyinə görə, icra hakimiyyətində vəzifə tutanlar parlamentə seçilə bilməzdilər.

MSK ilə bağlı müzakirə və mübahisələr isə daha uzun sürdü. Layihəyə görə, MSK 18 nəfərdən ibarət olmalı və 6 nəfər YAP, 6 nəfər parlamentdə proporsional qaydada təmsil edilən müxalifət partiyaları (AMİP və AXCP), 6 nəfər isə bitərəf deputatlar tərəfindən irəli sürülməli idi. Lakin müxalifət bu bölgü ilə razılaşmadı.

Eyni zamanda, Qərb dairələri (ATƏT, ABŞ və s.) MSK-nın ölkədəki bütün siyasi qüvvələrin etimadı əsasında formalaşmasını tövsiyə etdi. Həticədə MSK-da iki bitərəf üzvün iqtidar və müxalifət tərəfindən razılaşdırılması (biri iqtidar, digəri müxalifətlə), həmçinin MSK sədrinin hakim partiya tərəfindən, iki katibdən birinin müxalifət, digərinin isə bitərəflər tərəfindən irəli sürülməsi barədə kompromis əldə olundu. Həmçinin əldə edilən razılığa əsasən, MSK-da qərarlar yalnız üçdə iki səslə qəbul olunmalı və sədrlə hər iki katibin imzasından sonra qüvvəyə minməli idi.

İyunun 9-da parlament "MSK haqqında" yeni qanunu qəbul etdi. Lakin onu tam tərkibdə formalaşdırmaq mümkün olmadı. Bitərəf namizədlərdən biri hakim partiya ilə razılaşdırılsa da, müxalifət "öz payına düşən" bitərəf namizədə razılıq vermədi. MSK bir müddət 17 nəfərdən ibarət olaraq qaldı. Üstəlik müxalifətdən olan 6 üzv MSK-nın işini boykot etdiyindən qurum faktiki olaraq iflic (çünki yetərsay üçün minimum 12 nəfər lazım idi) olmuşdu. Eyni prosedur dairə və məntəqə seçki komissiyalarında da həyata keçirilməli idi və müxalifətin boykotu onların təşkilini də sual altına qoymuşdu. Seçkilər noyabrın 5-nə təyin olunmuşdu və qanunvericiliyə əsasən, səsvermə gününə 120 qalmış, yəni iyulun 7-də seçki kampaniyasına rəsmən start verilməli idi. Bu vəziyyət bütövlükdə seçkilərin baş tutması sual altında qoya bilərdi.

Beləcə pat vəziyyəti iyulun 20-dək davam etdi. Həmin gün parlamentin rəhbərliyi sonuncu dəfə müxalifətçi MSK üzvlərinə müraciət etdi. Bu müraciət də qulaqardına vurulandan sonra MM iyulun 21-də "MSK haqqında" qanuna dəyişiklik etdi və iki bitərəf üzvün qarşılıqlı şəkildə razılaşdırılmasına dair müddəa qanundan çıxarıldı. Bundan sonra bitərəf namizədlər tam tərkibdə (6 nəfər) müəyyənləşdi və MSK işə başladı. Müxalifətçi üzvlərin boykotu artıq mənasız olmuşdu, odur ki, onlar da iclaslara qatılmaq qərarına gəldilər.

İyulun 24-də MSK-nın yeni rəhbərliyi seçildi. 1992-ci ildən ölkədə keçirilmiş bütün seçki və referendumları yola vermiş Cəfər Vəliyev prezidentin sərəncamı ilə İqtisad Məhkəməsinin sədri təyin edildi. Həmin vaxtadək MSK-nın xarici əlaqələr şöbəsinə rəhbərlik etmiş fizika-riyaziyyat elmləri doktoru Məzahir Pənahov qurumun yeni sədri oldu.

Lakin problemlər bununla bitmədi. İndi də MSK-nın müxalifətdən olan katibinin seçilməsi düyünə düşmüşdü. AXCP-nin irəli sürdüyü namizəd - Əbülfəz Elçibəyin müşaviri Qüdrət Həsənquliyev MSK-dakı digər müxalifət partiyası - AMİP tərəfindən (hər iki partiya MSK-da 3 yerlik kvotaya malik idi) qəbul edilmədi. Mübahisə xeyli davam etdi və nəticədə tərəflər Q.Həsənquliyevin namizədliyi üzərində razılaşdılar. 

Həhayət, partiyaların və majoritar namizədlərin qeydiyyatı prosesi başlandı. Bu proses müxalifət cəbhəsində yenə dərin böhranla müşayiət olundu. 1995-ci il seçkilərində olduğu kimi, əsas müxalifət partiyalarının seçkilərdə vahid namizədlər siyahısı ilə iştirak etmək niyyəti yenə reallaşmadı. AMİP öz adəti üzrə yenə seçkilərə təkbaşına gedəcəyini bildirdi, ADP-nin isə həm AMİP, həm də AXCP və Müsavatla münasibətləri pisləşmişdi. Belə vəziyyətdə yalnız AXCP-Müsavat bloku nəzəri cəhətdən mümkün görünürdü. Lakin AXCP-nin özü də parçalanma ərəfəsində idi.

Əbülfəz Elçibəyin ağır xəstəliklə Türkiyəyə müalicəyə getməsindən sonra partiyada "islahatçılar"la (Əli Kərimli) "klassiklər"in (Mirmahmud Mirəlioğlu) mübarizəsi kritik həddə çatmışdı. Uzun müzakirələrdən sonra iki partiyanın vahid proporsional siyahısı razılaşdırıldı: 25 nəfərlik siyahıda tək yerlər AXCP-yə, cüt yerlər isə Müsavata (Ə.Elçibəy, İ.Qəmbər, Ə.Kərimli və s.) verildi. Lakin avqustun 22-də Ə.Elçibəy Türkiyədə vəfat etdi və bu hadisədən sonra AXCP iki yerə bölündü. Öz növbəsində Müsavat artıq seçkiyə vahid siyahı ilə getməkdə maraqlı deyildi və AXCP-nin "klassiklər" qanadını legitim qüvvə kimi tanımaqla blok illüziyasına da son verdi. 

İqtidar düşərgəsində isə vahid namizədlər siyahısı ilə bağlı elə bir problem yox idi. YAP-ın proporsional siyahısına partiya sədrinin müavini, ARDHŞ-in 1-ci vitse-prezidenti İlham Əliyev başçılıq edirdi. İlk üçlüyə həmçinin partiyanın icraçı katibi Əli Əhmədov və onun müavini Siyavuş Hovruzov daxil idi. YAP sədrinin digər dörd müavinindən yalnız biri - parlametin spikeri Murtuz Ələsgərov proporsional siyahıda (4-cü) yer almışdı. Sirus Təbrizli, 1995-ci ildə olduğu kimi, yenə seçkilərə majoritar qaydada qatıldı. Əli Hağıyev isə əmək və əhalinin sosial müdafiəsi naziri postunu deputat mandatından üstün tutdu. Ümumiyyətlə, 1995-ci ildə deputat seçilmiş vəzifə sahiblərindən, demək olar ki, heç kim parlamentdə təmsil olunmaq niyyətinə düşməmişdi.

Bu sırada istisna kimi yalnız YAP sədrinin müavini, Bakı şəhər İH-nin başçısı Rəfael Allahverdiyevi istisna göstərmək olardı. Onun isə hakim partiyanın rəhbər funksionerləri ilə problemləri vardı. Paytaxt meri YAP-ın proporsional siyahıda yer almağa cəhd etsə də, buna müvəffəq olmadı və namizədliyini majoritar qaydada Hərimanov rayonundan irəli sürdü. Ümumilikdə isə seçki kampaniyasının gedişində R.Allahverdiyev YAP-daxili müxalifətin nümayəndəsi kimi təsir bağışlayırdı. Onun hakimiyyətin yuxarı eşelonundakı ayrı-ayrı şəxslər, o cümlədən baş nazir Artur Rasizadə, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev və həmin vaxt baş nazirin müavini işləyən Hacıbala Abutalıbov barəsində açıq tənqidi fikirləri göstərirdi ki, o təkcə YAP rəhbərliyindən deyil, ümumilikdə iqtidar komandasından uzaq düşüb. Sonrakı proseslər bunu, sadəcə, təsdiqlədi. 

YAP-ın majoritar namizədlərinin müəyyənləşməsi yerlərdə ümumən sakit keçsə də, bəzi insidentlər də baş verirdi. Onlardan ən rezonans doğuranı 4 saylı Babək-Şahbuz seçki dairəsi üzrə namizədin müəyyənləşməsi zamanı meydana çıxdı. Hakim partiya bu dairədən əslən Babək rayonunun Hehrəm kəndindən olan professor Əli Əlirzayevin namizədliyini irəli sürsə də, kənd əhalisi digər həmyerliləri, iş adamı Hacı İbrahimovun namizədliyini dəstəkləyirdi. Bununla bağlı mübahisə xeyli davam etdi, hətta bir qrup kənd sakini Bakıya prezidentin qəbuluna da gəldi, lakin ölkə başçısı bu insidenti sahmanladı və deputat mandatını Ə.Əlirzayev qazandı. Digər seçki dairələrində də hakimiyyət düşərgəsindən namizədlərin birdən çox olduğunu görən YAP rəhbərliyi özünün rəsmi siyahası ilə müəyyənləşmiş namizədlərlə yanaşı, müstəqil qaydada namizədliyini irəli sürmüş YAP-çıların da seçkidə iştirakına razılıq verdi və kimin seçilməsi məsələsini, necə deyərlər, secicilərin öhdəsinə buraxdı.

Sentyabrın 11-də MSK 19 partiyanı seçki yarışına buraxdı. Lakin onlardan yalnız 13-ü tələb olunan həcmdə (50 min) seçici imzası topmağa müvəffəq oldu. Sentyabrın 30-da imza vərəqlərinin təftişindən sonra isə məlum oldu ki, yalnız 5 partiya - YAP, AMİP, AXCP ("islahatçılar"), Vətəndaş Həmrəyliyi (Sabir Rüstəmxanlı) və Kommunist Partiyası (Ramiz Əhmədov) seçkidə iştirak hüququ qazanıb. Müsavat və ADP-nin imza vərəqlərində yenə saxtakarlıq aşkar edildi. Hər iki partiya Apellyasiya Məhkəməsinə şikayət etsə də, MSK-nın qərarı qüvvədə qaldı.

Qeyd edək ki, həmin vaxt prezident H.Əliyev ölkədə deyildi və ABŞ-da müalicə kursu keçirdi. Sentyabrın sonunda ölkə başçısı vətənə döndü və oktyabrın 6-da sürpriz bir addım atdı. Dövlət başçısı MSK-ya müraciət edərək imza toplama prosedurunu keçmiş bütün partiyaları seçkiyə buraxmağı xahiş etdi. Oktyabrın 8-də MSK daha səkkiz partiyanı - ADP, Müsavat, Liberal (Lalə-Şövkət Hacıyeva), Demokratik Dünyəvi (Məmməd Əlizadə), Xalq Demokratik (Rafiq Turabxanoğlu), Azərbaycan Haminə Alyans (Abutalıb Səmədov), Milli Konqres (İxtiyar Şirin) partiyalarını və bir neçə kiçik partiyanın təmsil olunduğu "Demokratik Azərbaycan" blokunu seçkiyə buraxdı. Beləliklə, proporsional seçkidə 13 partiya və blok iştirak edirdi.

Majoritar sistem üzrə isə 1400-ə yaxın iddiaçıdan 817-si imza kampaniyasını başa vura bilmişdi. Müvafiq yoxlamadan sonra onlardan 409-u qeydə alındı, yəni orta hər seçki dairəsinə 4 namizəd düşürdü. Majoritar namizədlərdən 147-si bitərəf, 140-ı YAP, 40-ı AXCP, 28-i AMİP, 22-si Müsavat üzvü kimi qeydə alınmışdı. Daha 32 namizəd 15 partiyanı təmsil edirdi.

Həhayət, noyabrın 5-də ikinci çağırış Milli Məclisə seçkilər keçirildi. İlk dəfə olaraq bu seçkilərdə informasiya texnologiyaları tətbiq olunmuşdu. Bütün ölkə üzrə səsvermənin gedişi MSK-nın "Seçkilər" İnformasiya Mərkəzində nəhəng ekranda "canlı" yayımlanırdı. Lakin bu prosedur səsvermənin nəticələrinin elan edilməsində tətbiq olunmadı. Bununla belə, MSK noyabrın 6-da seçkilərin qeyri-rəsmi nəticələrini elan etdi. Prorosional sistem üzrə 25 yerdən 16-nı (təxminən 60 faiz səs) hakim partiya qazanmışdı. İkinci yeri 4 mandatla (11 faiz) AXCP tutmuşdu. Vətəndaş Həmrəyliyi (3 yer) və Kompartiya (2 yer) ilk dəfə olaraq proporsional qaydada parlamentdə təmsilçilik əldə etmişdi. Müsavat, AMİP və ADP isə 6 faizlik baryeri aşa bilmədi. Majoritar qaydada AXCP daha 2 yer ("klassik" M.Mirəlioğlu və "islahatçı" Hizami Quliyev), Müsavat 2 (Vaqif Səmədoğlu və Şirzad Əyyub), AMİP isə bir yer (Rüfət Ağalarov) əldə etmişdi. Hakim partiya majoritar qaydada 50-yə yaxın mandat qazanmışdı.

Hoyabrın 6-da seçkiləri müşahidə etmiş ATƏT və Avropa Şurasının birgə missiyası ilkin qənaətini açıqladı. Beynəlxalq missiya səsvermə günü çoxsaylı qanun pozuntularının olduğunu qeyd etməklə yanaşı, ümumilikdə seçkiləri "siyasi plüralizm və demokraktiya yolunda daha bir addım" kimi dəyərləndirdilər.

Müxalifət partiyaları məğlubiyyəti böyük etirazla qarşıladılar. Müsavat yerlərdə genişmiqyaslı iğtişaşlar yaratmağa cəhd etsə də, yalnız Şəkidə buna qismən nail oldu. Lakin hüquq-mühafizə qüvvələri hadisələri tezliklə nəzarətə aldılar və onlarla aksiya iştirakçısı həbs olundu.

Seçkinin tam rəsmi nəticələri isə iki həftə sonra, noyabrın 20-də elan edildi. MSK səsvermə zamanı ciddi pozuntulara yol verilmiş 4 dairədə seçkilərin nəticələrini ləğv etdi. Daha 7 dairədə seçkilərin nəticələri isə Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənmədi. Bu dəfə qalib sadə üstünlüklə müəyyənləşdiyindən, ikinci tura ehtiyac qalmamışdı. Nəticələri etibarsız sayılan 11 dairədə (Yasamal-2, Xətai-1, Xətai-2, Sumqayıt-1, Ağsu-Kürdəmir, Astara, Bərdə, Qusar, İmişli, Hacıqabul-Salyan və Şəmkir (şəhər) dairələrində) təkrar seçkilər 2001-ci il yanvarın 7-nə təyin edildi.

 

2. Yeni parlamentin ümumi mənzərəsi (2001-2005-ci illər)

2000-ci il noyabrın 5-də keçirilmiş seçkilərdən sonra 124 mandatdan 113-cü sahibini tapmışdı. O cümlədən 99 majoritar dairədən 88-də qalib müəyyənləşmişdi. Seçkilərdə məğlubiyyətə uğramış müxalifət partiyaları yeni parlamenti qeyri-legitim elan edərək etiraz kampaniyasına başlamışdı. Lakin bu kampaniya müxalifət düşərgəsindəki ziddiyyətlər səbəbindən tezliklə iflasa uğradı. Müsavat, AMİP və ADP-nin boykot çağırışlarına baxmayaraq AXCP ("islahatçılar") və VHP (Sabir Rüstəmxanlı) deputat mandatlarından imtina etmədi. Proporsional sistem üzrə 2 mandat qazanmış Kommunist Partiyası (Ramiz Əhmədov) isə, ümumiyyətlə, boykot barədə düşünmürdü.

Beləliklə, noyabrın sonunda ikinci çağırış Milli Məclis fəaliyyətə başladı. Murtuz Ələsgərov yenidən parlamentin sədri seçildi. Ötən parlamentdə 1-ci vitse-spiker olmuş Arif Rəhimzadə də öz postunda qalmışdı. Lakin sədarətdə müəyyən dəyişiklik də vardı. Artıq parlamentdə iki vitse-spiker postu vardı və onlardan biri bitərəf deputatlar üçün nəzərdə tutulmuşdu. Həmin vəzifəyə parlamentin nüfuzlu deputatlarından biri Zakir Zeynalov (87 saylı Tovuz şəhər seçki dairəsi) seçildi. Digər vitse-spiker postunu hakim partiyanın nümayəndəsi (proporsional sistem üzrə seçilmişdi) Ziyafət Əsgərov tutdu. 2001-ci ilin əvvəlində Z.Zeynalov ağır sürən xəstəlikdən sonra vəfat etdi. Bir müddət vakant qalan vitse-spiker postuna bitirəf deputat Gövhər Baxşəliyeva (57 saylı Bərdə-Ağcabədi seçki dairəsi) seçildi.

2001-ci il yanvarın 7-də nəticələri ləğv olunmuş 11 dairədə təkrar seçkilər 5 noyabr seçkilərdən müsbət mənada fərqləndi. Beynəlxalq tənqidləri nəzərə alan hakimiyyət bu dəfə daha demokratik seçki şəraiti yaratmışdı. Eyni zamanda, hakimiyyət təkrar seçkidə daha çox boykotçu müxalifətin iştirakında maraqlı idi. Lakin həmin partiyalar şansı rədd etdilər. Təkrar seçkilərdə 11 mandatdan yalnız 4-ü YAP təmsilçilərinə qismət olmuşdu. Əvəzində bu seçkilər bir neçə kiçik partiya üçün əlamətdar şans oldu və Mayis Səfərli ("Yurddaş"), İqbal Ağazadə ("Ümid"), Abutalıb Səmədov (AHAP), Zahid Oruc ("Ana Vətən") deputat mandatı qazandılar. AXCP ("islahatçılar") daha bir mandat (Əliməmməd Huriyev) əldə etdi.  

Beynəlxalq müşahidəçilər təkrar seçkilərə ümumən müsbət rəy verdi və bu, Azərbaycanın Avropa Şurasına (AŞ) yolunu xeyli rəvan etmiş oldu. 2001-ci il yanvarın 25-də Azərbaycan AŞ-nin tamhüquqlu üzvü oldu. Müəyyən olunmuş kvotaya görə, Azərbaycana AŞ-nin Parlament Assambleyasında 12 deputat (6 əsas və 6 ehtiyat üzv) yeri ayrılmışdı. Millət vəkili İlham Əliyevin rəhbərlik etdiyi deputat qrupu ilk dəfə olaraq AŞPA-nın işində iştirak etdi. Qrupda hakim partiya və bitərəflərin təmsilçiləri ilə yanaşı, müxalifət deputatlarına yer (2 nəfər) ayrılmışdı.

Parlamentin tam tərkibi formalaşsa da, seçki mübahisələri hələ davam edirdi. Müsavat və AMİP majoritar qaydada parlamentə seçilmiş üzvlərini mandatdan imtina etməyə çağırsa da, onlar bu çağırışa əməl etmədilər. Eyni zamanda, Vaqif Səmədoğlu və Şirzad Əyyub Müsavat üzvlüyündən istefa verərək parlametin bitərəf deputatlarına qoşuldular. Öz növbəsində AMİP majoritar qaydada deputat seçilmiş üzvlərini (Rüfət Ağalarov və Hidayət Qulamov) partiya sıralarından xaric etdiyini bildirdi.

Lakin maraqlıdır ki, hər iki deputatın Milli Məclisin internet saytında yer alan tərcümeyi-halında onların bu gün də AMİP üzvü olduğu göstərilir. Radikal müxalifətin çağırışına əməl edən yeganə şəxs isə AXCP-nin "klassiklər" qanadının rəhbəri Mirmahmud Mirəlioğlu oldu. 29 saylı Əli Bayramlı-Salyan dairəsindən deputat seçilmiş M.Mirəlioğlu təxminən bir ilə yaxın sürən boykotdan sonra mandatından rəsmən imtina etdi və 2002-ci ilin aprelində həmin dairədən bitərəf Mikayıl Mirzə deputat seçildi.

İkinci çağırış Milli Məclisin tərkibi bir sıra cəhətlərinə görə əvvəlki parlamentdən fərqlənirdi. Əvvala, 1995-ci ilin parlamentindən yalnız 53 nəfər yeni tərkibdə yer almışdı. Birinci çağırış Milli Məclisin üzvü olmuş əksər şair-yazıçı, sovet dövrünün əmək zərbəçisi, incəsənət xadimləri - bir sözlə, praktik olaraq deputat fəaliyyəti göstərməyən və yalnız görüntü naminə zalda əyləşən şəxslərin çoxu parlamentə düşməmişdi. Hərçənd yeni parlamentdə də bu kateqoriyadan olan mandat sahibləri vardı.

Ötən parlamentdə kifayət qədər (30 nəfərə yaxın) təmsil olunmuş qocaman YAP-çıların, "91-lər"in sayı da yeni parlamentdə minimuma enmişdi. Əvəzində qanunverici orqanın yeni tərkibində gənc deputatların, intellektual səviyəsi, peşəkərlığı ilə seçilən millət vəkillərinin sayı nəzərəçarpacaq dərəcədə artmışdı.

Yeni parlamentdə ikinci diqqətçəkən cəhət hakim partiya üzvlərinin sayının artması idi. Əgər 1995-ci il seçkilərindən sonra Milli Məclisdə YAP-ın 54 üzvü vardısa və yalnız sonradan bitərəflərin hakim partiya sıralarına keçməsi ilə bu rəqəm 70-ə çatmışdısa, ikinci çağırış Milli Məclisdə lap əvvəldən YAP-ın parlamentdəki fraksiyasında 74 deputat (o cümlədən 58 nəfər majoritar sistem üzrə) vardı və bu rəqəm sonadək dəyişməz olaraq qaldı. Bitərəf deputatların sayı isə 30-a yaxın idi. Başqa sözlə, bu dəfə parlaimentdə hakim partiya üzvlərinin sıraları monolitliyi ilə, bitərəflərin sırası isə sabitliyi ilə diqqət çəkirdi.

Təsadüfi deyil ki, 1995-ci ilin parlamentindən fərqli olaraq, yeni parlamentin fəaliyyəti dövründə YAP-dan heç bir "qopma" baş vermədi. Bu xüsusda yalnız partiya sədrinin keçmiş müavini Rəfael Allahverdiyevi qeyd etmək olar, amma sabiq merin YAP-dan uzaqlaşması faktiki olaraq hələ 2000-ci il seçkilərində gerçəkləşmişdi. 2003-cü ilin yayından isə o, səhhətindəki problemlər səbəbilə, ümumiyyətlə, parlamentin iclaslarına qatılmırdı. Bütövlükdə götürdükdə, ikinci çağırış Milli Məclisdə siyasi mənsubiyyətlə bağlı heç bir "transfer" faktı qeydə alınmamışdı.  

Yeni parlamentin digər əlamətdar cəhəti müxalifətin aşkar passivliyində özünü göstərdi. İkinci çağırış Milli Məclisdə müxalifət deputatları qanunvericilik nöqteyi-nəzərindən hansısa təşəbbüskarlıqla diqqət çəkmədi.

1995-ci ilin parlamentində cəmisi 10 müxalif deputat vardı, amma onlar daha aktiv görünürdülər. Yeni parlametdə isə 15-ə yaxın müxalifətçi deputat olmasına rəğmən, bir tərəfdən, onların arasında koordinasiyanın olmaması, digər yandan, parlamentdəki əsas müxalifət qrupunu təşkil edən AXCP-nin daxilindəki ziddiyyətlər səbəbindən ikinci çağırış Milli Məclisdə hakimiyyətin opponentləri daha çox "boz kütlə" olaraq yadda qalıblar. Üstəlik 2005-ci ilin yazında əvvəlcə Ə.Huriyevin, daha sonra isə Asim Mollazadənin AXCP sıralarından getməsi ilə partiyanın deputat sayı 4-ə endi. Üstəlik AXCP sədri Əli Kərimli 2003-cü ilin mayından sonra parlamentin iclaslarına iştirak etməyib.

İkinci çağırış Milli Məclisdə başqa bir diqqətçəkən cəhət kimi deputatların bir qisminin müxtəlif icra strukturlarına işə keçməsini və bu səbəbdən parlamentdə əlavə seçkilər yolu ilə rotasiyanın həyata keçirilməsini qeyd etmək olar. Sözsüz ki, bu xüsusda ən böyük hadisə YAP sədrinin 1-ci müavini və hakim partiyanın proporsional seçki siyahısına rəhbərlik etmiş İlham Əliyevin 2003-cü ilin 15 oktyabrında prezident seçilməsi oldu. Bundan sonra MSK-nın qərarı ilə YAP-ın proporsional siyahısında 17-ci sırada olmuş Asif İmaməliyev rotasiya qaydasında parlamentdə üzvü oldu.

Bundan əlavə, 2002-ci ildə Hazim İbrahimov (Qaradağ seçki dairəsi), 2004-cü ildə Əli Abbasov (Səbail seçki dairəsi) deputat mandatlarını hökumətdə nazir postlarına dəyişməli oldular. Bunldan əlavə, ikinci çağırış Milli Məclisin fəaliyyəti müddətində deputatların bir neçəsi icra başçısı və səfir vəzifəsinə təyinat alaraq mandatlarını təhvil verdilər. Deputat mandatını yeni vəzifəyə dəyişənlər sırasında sonuncu şəxs isə 2005-ci ilin yayında İctimai Televiziyanın direktoru vəzifəsinə seçilən İsmayıl Ömərov (Xaçmaz seçki dairəsi) oldu.

İkinci çağırış Milli Məclisdə deputatın toxunulmazlıq hüququndan məhrum edilməsi faktı iki dəfə qeydə alınıb. 2003-cü ilin 15-16 oktyabr hadisələrindən sonra parlament baş prokurorun təqdimatına əsasən İqbal Ağazadənin (Xətai üçüncü seçki dairəsi) deputat toxunulmazlığına xitam verilməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etmişdi. 2005-ci il oktyabrında isə analoji qərar 38 saylı Sumqayıt birinci dairəsindən millət vəkili, "Azərkimya" dövlət konserninin prezidenti Fikrət Sadıqovun barəsində qəbul edildi və o, dövlət çevrilişi cəhdində ittiham olunaraq cinayət məsuliyyətinə cəlb edildi.

Bundan əlavə, ikinci çağırış Milli Məclisin səlahiyyət müddətində bir neçə deputat (Zakir Zeynalov, Samur Hovruzov, Nağı Əbdüləzimov, Şamil Qurbanov, Şadman Hüseyn, İbrahim İsayev) dünyasını dəyişib.

Bütün bu dəyişikliklər səbəbilə 2001-2004-cü illərdə parlamentə ümumilikdə 11 dəfə əlavə seçki keçirilib. Sonuncu dəfə ikinci çağırış Milli Məclisə əlavə seçkilər 2004-cü il oktyabrın 19-da keçirilib və 24 saylı Hizami (Eldar Quliyev), 29 saylı Səbail (Afət Xanbabayeva) və 101 saylı Xanlar-Daşkəsən (Rövşən Rzayev) dairələri üzrə yeni deputatlar seçilib. 2005-ci il ərzində parlamentdə sadalanan səbəblərdən boşalmış yerlərə isə əlavə seçkilər keçirilmədi. Çünki artıq yeni seçkilərə start verilmişdi və üstəlik qanunvericilik də yeni parlament seçkilərinə 6 ay qalmış boşalmış yerlərə əlavə seçkiləri qadağan edirdi. Bu səbəbdən, ikinci çağırış Milli Məclis öz səlahiyyət müddətini 120 deputatla başa vurmalı oldu.

Yeri gəlmişkən, bu seçkilər ilk dəfə olaraq birmandatlı dairələrin yeni coğravi sxeminə uyğun keçirilmişdi. Artıq ölkə üzrə majoritar seçki dairələrinin sayı 100 deyil, 125 olmuşdu. Bu dəyişiklik isə 2002-ci il avqustun 24-də keçirilmiş referendum nəticəsində mümkün olmuşdu. Prezident Heydər Əliyevin təşəbbüsü ilə keçirilən referendumda Konstitusiyanın ümumilikdə 20 maddəsinə 40-a yaxın əlavə və düzəliş edildi. Həmin dəyişikliklərin bir qismi parlamentlə bağlı idi. Konstitusiyanın 83-cü maddəsinə edilən dəyişikliyə əsasən, Milli Məclisə proporsional sistem üzrə seçkilər ləğv olundu və parlamentin bütün deputatlarının birmandatlı dairələr üzrə seçilməsi təsbit edildi.

Bundan əlavə, parlamentin səlahiyyəti qismən genişləndirildi. Parlamentə insan hüquqları üzrə müvəkkili - Ombudsmanı seçmək (95-ci maddə), həmçinin hökumətdən illik hesabat tələb etmək hüququ verildi.

Konstitusiyaya edilən başqa bir dəyişikliyə (105-ci maddə) görə, ölkədə hakimiyyət bölgüsü prinsipi daha da dəqiqləşdirildi və ali icra hakimiyyətinin başçısı olan prezidenti əvəz edəcək (əgər o, vaxtından əvvəl vəzifədən gedərsə) şəxs kimi baş nazir təsbit olundu. Buna qədər isə prezident səlahiyyətlərini vaxtından öncə təhvil verdiyi halda onu parlamentin sədri, yəni qanunverici orqanın rəhbəri əvəz edirdi, bu isə hakimiyyət bölgüsü prinsipi ilə ziddiyyət təşkil edirdi.

Konstitusiyaya edilən mühüm dəyişikliklərdən biri də ölkə əhalisinə ali məhkəmə instansiyasına - Konstitusiya Məhkəməsinə şikayət etmək hüququnun verilməsi oldu. Bu müddəa həmçinin Azərbaycan vətəndaşlarına Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək imkanı yaratmış oldu.

Qeyd etmək lazımdır ki, ikinci çağırış Milli Məclis ötən müddətdə ölkə həyatı üçün vacib olan qanunvericilik sənədləri ilə yanaşı, Azərbaycanın Avropa ailəsinə və demokratik dünyaya inteqrasiyasını təmin edəcək bir sıra beynəlxalq sənədləri, Avropa Şurasının konvensiya və protokollarını da təsdiq edib.

2003-cü ildə isə parlamentdə qəbul olunun ən mühüm qanunvericilik toplusu yeni Seçki Məcəlləsi oldu. Müzakirələri hələ 2002-ci ildə başlanan və böyük diskussiyalar doğuran Seçki Məcəlləsi 2003-cü il mayın 27-də qəbul olundu və iyunun 3-də qüvvəyə mindi. Ölkədə keçiriləcək bütün seçki proseslərini tənzimləyəcək bu qanunvericilik toplusunda seçki komissiyalarının təşkili ilə bağlı iki formul əksini tapmışdı. Keçid dövrü üçün nəzərdə tutulan müvəqqəti formula görə, MSK-nın 15 üzvündən 6-sı parlament çoxluğunu (YAP), 6-sı müxalifəti (o cümlədən 3 yer parlamentdə təmsil olunan müxalifət üçün, 3 yer isə parlamentdənkənar müxalifət üçün), 3-ü isə bitərəf deputatları təmsil edir. Seçki Məcəlləsinin 2005-ci il parlament seçkilərindən sonra qüvvəyə minən əsas formulu isə MSK-nın 18 üzvdən ibarət olmasını və iqtidar, müxalifət və bitərəflərin bərabar kvota ilə (6 nəfər) təmsil olunmasını nəzərdə tutur.

Yeri gəlmişkən, Seçki Məcəlləsinin sözügedən müddəaları o vaxt beynəlxalq ekspertlər, o cümlədən AŞ-nin Venesiya Komissiyası tərəfindən ümumən məqbul sayılmışdı. Bununla belə, 2003-cü ilin prezident seçkilərindən sonra Azərbaycanda seçki sisteminin hələ də mükəmməl olmadığı qənaətinə gələn Venesiya Komissiyası Seçki Məcəlləsinin, o cümlədən seçki komissiyalarının formalaşdırılma prinsiplərinə yenidən baxılması təşəbbüsü ilə çıxış etdi. Öz növbəsində hakimiyyət bir sıra dəyişikliklərə razı olsa da, seçki kommissiyalarının mövcud formulunun dəyişdirilməsi təklifini qəbul etmədi. Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri nəzərdə tutan qanun isə 2005-ci il iyununun sonunda, yeni seçkilərə rəsmən start verilməsindən bir neçə gün öncə qəbul edildi.

Beləcə, ikinci çağırış Milli Məclis səlahiyyət müddətinin sonuna yaxınlaşdı. Bu müddətdə parlament ölkə həyatı üçün vacib olan qanunvericilik sənədlərinin qəbulu ilə yanaşı, Azərbaycanın Avropa ailəsinə və demokratik dünyaya inteqrasiyasını təmin edəcək bir sıra beynəlxalq sənədləri, Avropa Şurasının konvensiya və protokollarını da təsdiq etmişdi. Ümumilikdə ikinci çağırış Milli Məclisin 311 iclası keçirilmiş, bu iclaslarda 1042 akt, o cümlədən 909 qanun və 133 qərar qəbul edilmişdi.

Beləliklə, ikinci çağırış Milli Məclis Azərbaycanda parlamentarizm təcrübəsini daha da zənginləşdirdi. Bu dövrdə Azərbaycanın qanunvericilik bazası genişləndi, qanunların böyük hissəsi Avropa standartlarına uyğunlaşdırıldı. Həmin qanunlar, həmçinin ölkəmizin qoşulduğu çoxsaylı beynəlxalq konvensiyalar Azərbaycanda demokratik inkişafın, insan haqlarına təminat və hüquqi dövlət quruculuğu prosesinin daha da dərinləşdiyini, Azərbaycanın beynəlxaq müstəvidə mövqelərinin möhkəmləndiyini nümayiş etdirdi.

İkinci çağırış Milli Məclisin fəaliyyət dövrü həm də Azərbaycan parlamentinin dünyanın ən nüfuzlu təşkilatlarından olan Avropa Şurası Parlament Assambleyasında tamhuquqlu təmsilçiliyi ilə yadda qaldı. Beş il müddətində Azərbaycan parlamentarları AŞPA-da, həmçinin digər beynəlxalq təşkilatlarda ( ATƏT-in Parlament Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, MDB Parlamentlərarası Assambleyası, NATO Parlament Assambleyası və s.) aktiv fəaliyyət göstərmişdilər. Azərbaycan parlamentinin dünyanın 60-dan çox ölkəsinin parlamenti ilə əlaqələri yaranmışdı.

İkinci çağırış Milli Məclisin deputat korpusu intellektual və peşəkarlıq səviyyəsinə görə də öncəki parlamentdən üstün idi. Azərbaycanda parlament institutu artıq dünyanın inkişaf etmiş, demokratik ölkələrinin parlamentlərinin səviyyəsinə çatmaq üçün önəmli yol qət etmişdi. Bu yolun daha önəmli hissəsini yeni parlament qət etməli idi və artıq üçüncü çağırış Milli Məclisə start verilmişdi.

 

VI. Üçüncü çağırış Milli Məclisə seçkilər (2005)

1. Seçkiöncsi vəziyyətin ümumi mənzərəsi (yaz-yay 2005-ci il)

2005-ci il iyulun 4-də prezident İlham Əliyev üçüncü çağırış Milli Məclisə seçkilərin noyabrın 6-na təyin olunması barədə sərəncam imzaladı. İki gün öncə, iyulun 2-də isə dövlət başçısının imzaladığı "Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında" qanun rəsmi mətbuatda dərc olunaraq qüvvəyə minmişdi. Beləliklə, yeni seçki kampaniyasına start verildi.

Əslində isə bu, seçki kampaniyasının, sadəcə, rəsmi başlanğıcı sayıla bilərdi. Çünki gerçəkdə noyabr seçkilərinə hazırlıq 2005-ci ilin əvvəlindən start götürmüşdü və həm iqtidar partiyasının, həm də müxalifət düşərgəsinin ilk siyasi bəyanatlarından onların seçki ilə bağlı əsas hədəfləri bəlli olmuşdu. 

Hakim partiya bu seçkilərdə də parlamentdəki üstün mövqelərini qorumaq və təmsilçilik baxımından ən azı beş il öncəki nəticəni (2000-ci il seçkilərində YAP 124 deputat yerindən 74-nü əldə etmişdi) təkrarlamaq əzmindəydi. Eyni zamanda, hakimiyyət bu məqsədə seçkilərin şəffaflıq və demokratiklik "planka"sını yüksəltməklə nail olmaq niyyətində idi. Çünki bundan öncə Azərbaycanda keçirilmiş seçkilər beynəlxalq dairələrin ciddi tənqidləri ilə müşayiət olunmuşdu və iqtidar bu dəfə həmin qiymətin daha məqbul olması üçün çalışırdı.

Hakim partiyanın lideri, ölkə prezidenti İlham Əliyev də bu mövzuda ilk rəsmi çıxışında həmin məqamı önə çəkmişdi. Dövlət başçısı mart ayında YAP-ın 3-cü qürultayında bəyan etdi ki, bu gün hakim partiya siyasi müstəvidə özünə heç bir rəqib görmür və parlament seçkilərində də böyük uğur qazanacağına əmindir. Prezident bəyan etdi ki, hakimiyyət bu seçkilərin maksimum şəffaflıq şəraitində keçməsində hamıdan çox maraqlıdır ki, seçkilərdən sonra heç kimin YAP-ın əldə etdiyi qələbəyə şühbəsi olmasın.

Qeyd etmək lazımdır ki, bu məqam hakimiyyətin seçki taktikası üçün hər zaman aktual olmuş bir məsələ idi. Çünki prinsipcə öncəki seçkilərdə də hakimiyyətin həm elektoral dəstəyi, həm də ümumilikdə ictimai və siyasi resursları imkan vermişdi ki, o, məhz tam şəffaf seçki prosesində üstünlüyünü təsdiq etsin. Amma son anda seçkilərə nəticə üçün o qədər də əhəmiyyət kəsb etməyən, amma hakimiyyəti beynəlxalq qınaq qarşısında qoyan lüzumsuz müdaxilələr olmuşdu. Odur ki, prezident İ.Əliyevin yeni parlament seçkiləri öncəsi verdiyi bəyanatlar mahiyyətcə yeni səciyyə daşıyırdı, hakimiyyət bu dəfə seçkiləri ədalətli və təmiz keçirmək niyyətində olduğunu konkret addımlarla təsldiqləmək əzmində idi.

Dövlət başçısının 2005-ci ilin yazında atdığı bir sıra addımlar da bunu deməyə əsas verirdi. Bu xüsusda 2003-cü ilin 15-16 oktyabr hadisələri ilə bağlı həbs edilmiş müxalifət liderlərinin bu il martın 20-də əfv edilməsini, hakimiyyətlə müxalifət arasında münasibətlərin daha sivil və siyasi tolerantlıq müstəvisinə keçməsi üçün atılan addımları, həmçinin prezidentin 2005-ci il mayın 11-də imzaladığı "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" sərəncamı xüsusi qeyd etməyə dəyər. Yeri gəlmişkən, sözügedən sərəncamda yer alan müddəaların əksəriyyəti ayrı-ayrı qanunvericilik aktlarında, o cümlədən Seçki Məcəlləsində əks olunsa da, onların prezident sərəncamında bir daha nəzərə çatdırılması həm hüquqi, həm də siyasi yöndən əhəmiyyət kəsb edən məqam idi. İlk dəfə olaraq Azərbaycanda seçkilər ərəfəsində belə bir sərəncam imzalanmışdı. Təsadüfi deyil ki, sənəd beynəlxalq dairələr tərəfindən də müsbət qarşılandı.

Sənəddə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə, digər dövlət məmurlarına seçki prosesinə qanunazidd müdaxilələr etmək birmənalı şəkildə qadağan olunur və belə müdaxiləyə yol verənlərin məsuliyyətə cəlb ediləcəyi nəzərə çatdırılırdı. Müqayisə üçün deyək ki, öncəki seçki kampaniyalarında bu müddəalar adətən prezidentin keçirdiyi müşavirələrdə şifahi olaraq səslənirdi. Sənəddə budəfəki seçki kampaniyasının bir sıra yenilikləri də əks olunmuşdu. İlk dəfə olaraq prezident sərəncamı ilə Azərbaycanda səsvermə günü rəy sorğusunun, "exit-poll"un keçirilməsinə hüquqi baza yaradıldı və yerli icra strukturlarına bu prosedura şərait yaratmaq tapşırıldı. Həhayət, sərəncamın digər mühüm məqamı seçki kampaniyası gedişində vətəndaşlarının toplaşmaq azadlığının təmin edilməsi və kütləvi aksiyaların keçirilməsinə şərait yaradılması üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırığın verilməsi idi.

Lakin sadalanan məqamlara rəğmən seçkiqabağı şəraitlə bağlı hakimiyyət və beynəlxalq instansiyalar arasında tam anlaşmanın olmadığı da qeyd edilməlidir. Xüsusilə Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər Avropa Şurasını (AŞ) və ATƏT-i tam şəkildə qane etməmişdi. Hakimiyyət AŞ-nin Venesiya Komissiyasının irəli sürdüyü tövsiyələrin bir çoxunu nəzərə alsa da (Seçki Məcəlləsinə ümumilikdə 43 düzəliş edildi), seçki komissiyalarının paritet əsasda formalaşdırılması təklifini qəbul etmədi.

Elə ölkə müxalifətinin seçki yarışının əvvəlindən irəli sürdüyü başlıca tələb də komissiyaların təşkili ilə bağlı idi və seçki marafonu rəsmən start götürəndən sonra da müxalifət düşərgəsində bu məsələnin yenidən qanunverici orqanın gündəminə gələcəyinə dair ümidlər qalmaqda idi. Ümumilikdə isə müxalifət düşərgəsi 2005-ci il seçkilərinə də qeyri-yekcins və daxili ziddiyyətlər içində qədəm qoymuşdu. Öncəki seçki yarışlarında olduğu kimi, bu dəfə də müxalifətin radikal kəsimini təşkil edən partiyalar (Müsavat, AXCP, ADP) bütün düşərgənin siyasi mübarizə məsuliyyətini üzərinə götürdüklərini və 2005-ci il seçkilərinin ölkədə hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyini elan etmişdilər.

Özü də bu dəfə səslənən bəyanatlar daha iddialı təsir bağışlayır və postsovet məkanında meydana gələn məlum prosesləri göz önünə alan müxalifət liderləri Azərbaycanda da seçkini "məxməri inqilab"a çevirmək niyyətlərini gizlətmirdilər. Səslənən bəyanatlardan belə nəticəyə gəlmək olurdu ki, sözügedən partiyalar seçkidən daha çox seçkisonrası qarşıdurmaya hazırlaşır və özlərinin elaktoratını da buna hazırlayırdılar. Həmin iddianın mövcud reallıqla nə dərəcədə uzlaşıb-uzlaşmadığı isə artıq başqa söhbətin mövzusu idi.

Müxalifət düşərgəsinin geniş spektrini götürdükdə isə, burada "inqilab" məsələsinə münasibətin heç də birmənalı olmadığını görmək mümkün idi. "Azadlıq" blokunda birləşmiş üç partiyanı çıxmaqla müxalifətin yerdə qalan hissəsi həm bu ideyaya pessimist yanaşır, həm də belə bir perspektivin Azərbaycan dövlətçiliyi üçün ağır nəticələr doğura biləcəyini sözügedən partiyalardan daha realist qiymətləndirirdilər.

Digər tərəfdən, təkcə siyasi-ideoloji deyil, taktiki addımlarda da mövcud olan fikir ayrılıqları müxalifət düşərgəsinin seçkilərdə vahid qüvvə halında çıxış etməsini mümkünsüz edirdi. Halbuki ilin əvvəlində müxalifət liderlərinin tam əksəriyyəti seçkilərdə vahid namizədlər siyahısı ilə, bu mümkün olmadıqda isə vahid siyasi platforma ilə çıxış etmək niyyətini önə çəkirdilər.

Eyni zamanda, budəfəki seçkilər ancaq majoritar sistem (birmandatlı dairələr) üzrə keçirildiyindən müxalifət düşərgəsinin manevr imkanlarını qismən genişləndiyini düşünmək olardı. Öncəki seçkilərdə diqqətini proporsional sistem üzrə nəzərdə tutulmuş 25 yerlik siyahı üzərində cəmləyən müxalifət partiyalarının indi daha geniş siyahı (124 yer) ətrafında ortaq məxrəcə gəlməsi xeyli mümkün görünürdü.

Eyni zamanda, seçkilərə hazırlıq mərhələsi göstərirdi ki, müxalifətin ayrı-ayrı dairələr üzrə ortaq namizədləri müəyyənləşdirməsi vaxtilə proporsional siyahılar ətrafında ortaya çıxan ziddiyyətlərdən daha problematik olacaq. Nəinki ümumilikdə müxalifətin, ayrılıqda "Azadlıq" blokunun (AXCP, ADP, Müsavat) daxilində uzun müddət bütün dairələr üzrə ortaq namizədləri müəyyənləşdirmək mümkün olmadı.

Digər tərəfdən, «Azadlıq» blokunun müxalifətdəki digər qüvvələrə bir növ yuxarıdan aşağıya münasibəti ümumilikdə düşərgənin potensial uğur əmsalına mənfi təsir göstərən faktor idi. Hər halda müxalifət düşərgəsində orta çəkili qüvvələrdən sayılan Vətəndaş Həmrəyliyi (Sabir Rüstəmxanlı), Ədalət (İlyas İsmayılov), Milli Demokrat (İsgəndər Həmidov) kimi partiyaların "Azadlıq" blokundakı "üçlər"in ambisioz davranışından açıqca gileylənməsi fakt idi. Hətta 2003-cü il prezident seçkilərində radikal müxalifətə açıq dəstək vermiş və onların rəhbərləri ilə birgə məhbəs yolu keçmiş İqbal Ağazadəyə (Ümid Partiyası) "Azadlıq" blokunun namizədlər siyahısında yer tapılmadı.

Bununla yanaşı, müxalifət düşərgəsində "Azadlıq" blokuna tən gələ biləcək imkanı olan digər bir qüvvə - əsasən sabiq dövlət və hökumət xadimlərinin, o cümlədən eks-prezident Ayaz Mütəllibovun, keçmiş spiker Yaqub Məmmədovun, sabiq baş nazir Rəhim Hüseynovun, sabiq prezident köməkçisi Eldar Hamazovun, habelə AMİP, ASDP kimi partiyaların yer aldığı "Yeni Siyasət" bloku da seçki ilə bağlı böyük iddialarını gizlətmirdi. Düzdür, hələ seçki yarışının ilk mərhələsində bu blokda ezinteqrasiya meylləri özünü göstərdi və liberalların lideri Lalə Şövkət bloku tərk etdi.

Hakim partiya isə, gözlənildiyi kimi, seçkilərə təkbaşına qatıldı. YAP-la birlikdə Məşvərət Məclisində təmsil olunan və hakimiyyətin ən sadiq siyasi tərəfdarlarından sayılan partiyalar da (Ana Vətən, Azərbaycan Haminə Alyans və s.) isə öncə iqtidaryönlü "İslahat" seçki blokunu təsis etmək qərarına gəlsələr də, bu blok seçki yarışında heç nə ilə yadda qalmadı.

Seçki yarışına 2005-ci ilin yayında təsis edilmiş yeni partiya - keçmiş AXCP funksioneri Asim Mollazadənin rəhbərlik etdiyi Demokratik İslahatlar Partiyası da iddialı qoşulmuşdu. Bundan əlavə, seçki kampaniyasında əsasən QHT-lərdən ibarət olan "İctimai Liderlər" bloku, həmçinin "Media-2005", "Yeni Parlament", "Azərbaycan naminə" və s. adda bloklar da iştirak edirdi. Ümumilikdə seçki yarışında 10-dan çox irili-xırdalı blok qüvvəsini sınamaq qərarına gəlmişdi.

2005-ci il parlament seçkilərində birmandatlı dairələr isə aşağıdakı kimi sıralanmışdı:

1 saylı Şərur - Sədərək          

2 saylı Şərur   

3 saylı Babək - Kəngərli        

4 saylı Naxçıvan şəhər           

5 saylı Şahbuz - Babək          

6 saylı Culfa - Babək 

7 saylı Ordubad - Culfa         

8 saylı Binəqədi birinci           

9 saylı Binəqədi ikinci 

10 saylı            Binəqədi üçüncü          

11 saylı            Qaradağ         

12 saylı            Qaradağ - Binəqədi    

13 saylı            Əzizbəyov birinci        

14 saylı            Əzizbəyov ikinci          

15 saylı            Yasamal birinci

16 saylı            Yasamal ikinci 

17 saylı            Yasamal üçüncü          

18 saylı            Yasamal - Səbail         

19 saylı            Nərimanov birinci        

20 saylı            Nərimanov ikinci         

21 saylı            Nəsimi birinci  

22 saylı            Nəsimi ikinci   

23 saylı            Nəsimi - Nərimanov    

24 saylı            Nizami birinci  

25 saylı            Nizami ikinci   

26 saylı            Nizami - Sabunçu       

27 saylı            Sabunçu birinci

28 saylı            Sabunçu ikinci 

29 saylı            Səbail  

30 saylı            Suraxanı birinci

31 saylı            Suraxanı ikinci 

32 saylı            Suraxanı - Sabunçu     

33 saylı            Xətai birinci     

34 saylı            Xətai ikinci      

35 saylı            Xətai üçüncü   

36 saylı            Xətai dördüncü           

37 saylı            Nizami birinci (Gəncə) 

38 saylı            Nizami ikinci (Gəncə)  

39 saylı            Kəpəz birinci (Gəncə) 

40 saylı            Kəpəz ikinci (Gəncə)  

41 saylı            Sumqayıt birinci          

42 saylı            Sumqayıt ikinci

43 saylı            Sumqayıt üçüncü         

44 saylı Sumqayıt - Abşeron  

45 saylı            Abşeron          

46 saylı            Əli - Bayramlı 

47 saylı            Mingəçevir      

48 saylı            Yevlax

49 saylı            Yevlax - Mingəçevir    

50 saylı            Qobustan - Siyəzən - Xızı       

51 saylı            Qusar  

52 saylı            Quba  

53 saylı            Quba - Qusar

54 saylı            Dəvəçi - Quba

55 saylı            Xaçmaz şəhər 

56 saylı            Xaçmaz kənd  

57 saylı            Kürdəmir        

58 saylı            Hacıqabul - Kürdəmir 

59 saylı            Salyan 

60 saylı            Salyan - Neftçala        

61 saylı            Neftçala          

62 saylı            Saatlı   

63 saylı            Sabirabad       

64 saylı            Sabirabad - Saatlı       

65 saylı            Sabirabad - Kürdəmir 

66 saylı            Biləsuvar         

67 saylı            Cəlilabad şəhər           

68 saylı            Cəlilabad kənd

69 saylı            Cəlilibad - Masallı - Biləsuvar 

70 saylı            Masallı şəhər   

71 saylı            Masallı kənd   

72 saylı            Yardımlı - Masallı       

73 saylı            Lənkəran şəhər           

74 saylı            Lənkəran kənd

75 saylı            Lənkəran - Masallı      

76 saylı            Lənkəran - Astara       

77 saylı            Astara 

78 saylı            Lerik - Lənkəran         

79 saylı            İmişli   

80 saylı            İmişli - Beyləqan         

81 saylı            Beyləqan         

82 saylı            Ağcabədi        

83 saylı            Ağcabədi - Ağdam

84 saylı            Füzuli  

85 saylı            Şamaxı

86 saylı            İsmayıllı           

87 saylı            Ağsu - İsmayıllı          

88 saylı            Göyçay           

89 saylı Göyçay - Ağdaş        

90 saylı            Ağdaş 

91 saylı            Ucar   

92 saylı Zərdab - Ucar           

93 saylı            Bərdə şəhər    

94 saylı            Bərdə kənd     

95 saylı            Tərtər  

96 saylı            Goranboy - Naftalan

97 saylı            Goranboy - Ağdam - Tərtər

98 saylı            Şəmkir şəhər   

99 saylı            Şəmkir kənd   

100 saylı          Şəmkir - Daşkəsən     

101 saylı          Xanlar - Daşkəsən      

102 saylı          Samux - Şəmkir          

103 saylı          Gədəbəy         

104 saylı          Gədəbəy - Tovuz        

105 saylı          Tovuz  

106 saylı          Tovuz - Qazax - Ağstafa         

107 saylı          Qazax 

108 saylı          Ağstafa           

109 saylı          Balakən          

110 saylı          Zaqatala          

111 saylı          Zaqatala - Balakən      

112 saylı          Qax    

113 saylı          Şəki şəhər       

114 saylı          Şəki kənd birinci         

115 saylı          Şəki kənd ikinci          

116 saylı          Qəbələ

117 saylı          Oğuz - Qəbələ

118 saylı          Ağdam şəhər   

119 saylı          Ağdam kənd   

120 saylı          Cəbrayıl - Qubadlı      

121 saylı          Laçın   

122 saylı          Xankəndi        

123 saylı          Kəlbəcər         

124 saylı          Şuşa - Füzuli - Xocalı - Xocavənd      

125 saylı          Zəngilan - Qubadlı        

1995-ci və 2000-ci ildən fərqli olaraq bu dəfə seçkilər yalnız majoritar sistem üzrə keçirilirdi və birmandatlı dairələrin dislokasiyasında müvafiq dəyişikliklər baş vermişdi. Bununla əlaqədar Bakı şəhərində dairələrin sayı 23-dən 29-a, Haxçıvanda 5-dən 7-yə, Sumqayıt və Gəncədə isə 3-dən 4-ə yüksəlmişdi. Qalan 15 dairə isə digər inzibati ərazilər arasında yenidən bölüşdürmə prinsipi üzrə paylanmışdı.

 

2. Üçüncü çağırış Milli Məclisə seçkilər - qeydiyyat mərhələsi

(iyul-avqust 2005-ci il)

Beləliklə, 2005-ci il iyulun 4-də prezident İlham Əliyevin imzaladığı sərəncam və iyulun 5-də MSK-nın təsdiq etdiyi təqvim planı ilə yeni seçki marafonuna rəsmən start verildi. Hərçənd gerçəkdə ölkədə seçki yarışı xeyli öncə, 2005-ci ilin əvvəlindən başlamışdı və istər hakimiyyət, istərsə də müxalifət marafonu uğurla başa vurmaq üçün strateji və taktiki addımlarını artıq müəyyənləşdirmişdi. YAP bu seçkilərdə təkbaşına, heç bir iqtidaryönlü partiya ilə bloka girmədən iştirak etməyə qərar vermişdi.

Müxalifət isə ilin əvvəlindən seçkilərə vahid namizədlər siyahısı, yaxud heç olmasa vahid platformada getmək üçün öz daxilində çeşidli müzakirələr aparsa da, müsbət nəticə əldə etməmişdi. Odur ki, müxalifət düşərgəsi ümumilikdə seçkilərdə 10-a yaxın blok və qruplaşmada getməli oldu. Düşərgənin avanqard və radikal təmayüllü cinahı "Azadlıq" blokunda (AXCP, Müsavat, ADP) birləşdi, nisbətən mötədil təmayüllü müxalif cərayanlar "Yeni siyasət" blokunda toplaşdı.

Bundan əlavə, radikalizmlə mötədillik arasında birmənalı mövqe tuta bilməyən "Milli birlik" bloku (Lalə Şövkətin liderliyi altında), habelə "Demokratik Azərbaycan", "Azərbaycançı qüvvələr", "Azərbaycan naminə", son anda təsis olunan "Demokratik islahatlar" (Asim Mollazadənin rəhbərliyi ilə) blokları və s. yarandı. Deputatlığa iddiaçıların böyük bir qismi isə seçkilərə heç bir partiya və blokun çatısı altında girmədən getmək niyyətində idi.

İqtidaryönlü partiyalar da əvvəlcə ayrıca blok halında birləşmək niyyətinə düşsələr də, sonradan onların bəzilərinin birinci şəxsləri YAP-ın namizədlər siyahısında özlərinə yer tapa bildilər və seçkinin yekunları da göstərdi ki, məhz hakim partiyanın himayəsində olan həmin bir neçə şəxs deputat mandatı qazana bildi. Əsasən iqtidaryönlü partiyaların ikinci dərəcəli təmsilçilərinin yer aldığı "İslahat" bloku isə seçki marafonunda autsayder kimi yadda qaldı.

Eyni zamanda, bir sıra partiyalar (Ümid, BAXCP, AXCP ("klassiklər") və s.) seçkilərə ayrılıqda qatılmalı oldular. Ümumilikdə seçki marafonunun ilk mənzərəsindən belə məlum oldu ki, deputatlıq uğrunda mübarizəyə ölkənin 40-dan çox siyasi partiyasının təmsilçisi qoşulub.

Seçki Məcəlləsinə və MSK-nın təqvim planına əsasən, artıq iyulun 6-dan iddiaçılar deputatlığa namizədliklərini rəsmən irəli sürə bilərdilər. Dairə seçki komissiyaları (DSK) müraciətdən sonra 5 gün müddətinə həmin şəxsi ilkin qeydə alıb və ona imza vərəqləri verməli idi. Öz növbəsində iddiaçı minimum 450 seçicinin imzasını topladıqdan sonra onları digər zəruri sənədlərlə birlikdə DSK-ya təqdim etməli idi. Seçki təqviminə əsasən, imza toplamış şəxs artıq iyulun 24-dən namizədliyinin qeydə alınması üçün DSK-ya müraciət edə bilərdi. Ümumilikdə isə imza toplanması proseduru üçün avqustun 28-dək (seçki gününə 70 gün qalmışadək) vaxt ayrılmışdı. Deputatlığa namizədliyin irəli sürülməsi fərdi qaydada, seçicilərin təşəbbüs qrupları tərəfindən (20 nəfərdən ibarət), həmçinin siyasi partiya və blok tərəfindən irəli sürülə bilərdi.

Seçki marafonun ilk həftələri deputatlığa iddiaçıların passivliyi ilə yadda qaldı. Yalnız iyulun sonuna doğru proses sürət götürdü və artıq avqustun ilk günlərində iddiaçıların sayı 800-ü ötmüşdü. Qeyd etmək lazımdır ki, bu, 2000-ci il parlament seçkilərində iştirak etmiş iddiaçıların sayı qədər idi. Amma namizədlərin irəli sürülməsində intensivlik hələ irəlidə idi. Belə ki, sözügedən rəqəmin təxminən üçdə ikisini müstəqil iddiaçılar təşkil edirdi, əsas siyasi partiya və bloklar isə hələ rəsmi namizədlər siyahısını elan etməmişdi. O cümlədən hakim partiyanın rəsmi namizədləri də bəlli deyildi. Hərçənd YAP funksionerləri bütün seçki dairələri üzrə vahid namizədlərin müəyyənləşməsində heç bir problem olmadığını və siyahının avqustun əvvəlində açıqlanacağını bildirirdilər.

Bu arada "Azadlıq" bloku uzun müzakirə və məşvərətdən sonra (bəzi dairələrdə vahid namizədin müəyyənləşməsi üçün ilkin seçkilər keçirilmişdi) 115 dairə üzrə namizədlərini elan etdi. Onlardan təxminən 10 nəfəri partiya mənsubiyyəti olmayan, lakin müxalifətə simpatiyası ilə tanınan ziyalılar, mədəniyyət xadimləri idi. Qalan yerlər isə üç partiya arasında bərabər kvota üzrə bölünmüşdü. Qeyd etmək lazımdır ki, bərabər kvota prinsipi ilk gündən blok daxilində birmənalı reaksiya doğurmamışdı. Xüsusilə müsavatçılar həmin bölgünü üç partiyanın real elektoratına qeyri-adekvat olduğunu gizlətmirdilər. Bu üçlükdə ADP-nin kadr potensialının digər iki partiya ilə müqayisədə xeyli zəif olduğu isə aşkar idi və bunu namizədlərin siyahısı da təsdiqlədi. Əvəzində Müsavatın rəhbərliyində təmsil olunan və yetərincə nüfuza malik şəxslərə (İbrahim İbrahimli, Rasim Musabəyov) blokun vahid siyahısında yer tapılmadı. Onların seçkiyə müstəqil şəkildə qatılması isə sonda partiya sıralarını tərk etmələri ilə nəticələndi.

Avqustun 12-də seçki kampaniyası əlamətdar bir faktla yadda qaldı. MSK 122 saylı Xankəndi dairəsində də seçkilərin keçirilməsi barədə qərar qəbul etdi. 1995 və 2000-ci illərdə bu dairə üzrə seçki keçirilməmişdi və həmin dairə bir növ Dağlıq Qarabağın erməni əhalisi üçün "vakant" saxlanılırdı. Həticə etibarilə səmərəsiz olan bu ənənəyə son verən MSK Dağlıq Qarabağ ermənilərinə formal müraciət qəbul edərək onları da seçkilərdə iştiraka çağırdı. Hərçənd bunun praktikada mümkün olmayacağı hər kəsə bəlli idi və bu dairə üzrə seçici siyahılarına 1991-ci ilədək Xankəndidə yaşamış azərbaycanlı əhalisi (7 min nəfər) salındı. Xankəndi dairəsinin "dondurulmuş" vəziyyətdən çıxarılmasının əsas müsbət cəhəti isə o idi ki, Milli Məclisi, nəhayət, Konstitusiyada göstərildiyi sayda - 125 deputatdan ibarət formalaşdırmaq mümkün olacaqdı.

Avqustun 16-da YAP-ın çoxdan gözlənilən rəsmi namizədlər siyahısı elan edildi. Əksər müşahidəçilərə görə, hakim partiyanın öz siyahısını bu qədər gecikdirməsi daha çox taktiki məqamlarla bağlı idi. Belə ki, YAP müxalifət namizədlərinin harada yarışacağı tam bəlli olandan sonra bu addımı atmaqla öz namizədlərini konkret hansı dairədə yerləşdirmək məsələsində kifayət qədər manevr imkanı əldə etmişdi. Bununla yanaşı, gecikmənin həm də YAP-ın vahid namizədləri ilə bağlı partiyadaxili diskussiyaların uzun zaman aparması ilə bağlı olduğu da yəqin idi.

Siyahı açıqlanandan sonra hakim partiyanın bir sıra təmsilçilərinin narazılıq ifadə etməsi də bunu təsdiqləyirdi. Ötən iki çağırış Milli Məclisin üzvü olmuş bir sıra YAP-çılar bu dəfə siyahıda yox idi. Onların arasında YAP sədrinin müavini Sirus Təbrizli, partiyanın Siyasi Şurasının üzvləri Kərim Kərimov, Səttar Səfərov və digərləri vardı. Maraqlıdır ki, onların hər üçü öncəki parlamentdə komissiya sədrləri idi. Hakim partiya 109 dairə üzrə namizəd irəli sürmüşdü, daha 15 dairədə isə tanınmış ictimai xadim və ziyalıların, habelə iqtidaryönlü partiyaların rəhbərlərinin namizədliyinin dəstəklənəcəyi bildirildi. Siyahı kifayət qədər rezonans doğurdu.

İcmalçılara görə, bu, YAP-dakı köhnə və yeni "qvardiya"nın optimal sintezi idi, hərçənd cəmiyyət ümumilikdə siyahıda daha çox yeni sima gözləyirdi. Siyahıya YAP-ın ötən parlamentdəki 74 nəfərlik fraksiyasından 41 nəfər düşmüşdü. Ötən seçkilərdə olduğu kimi, YAP bu dəfə də namizədlər siyahısında qadınlara kifayət qədər yer ayırmışdı - 15 nəfər. Onların arasında ölkə prezidentinin xanımı Mehriban Əliyeva da vardı. Yeri gəlmişkən, "Azadlıq" blokunun 115 nəfərlik siyahısında yalnız 6 qadın namizəd vardı.

Həhayət, avqustun 28-də namizədlərin irəli sürülməsi vaxtı başa vatdı. MSK-nın "Seçkilər" informasiya mərkəzinin statistikasından məlum oldu ki, 125 dairə üzrə 2237 nəfər deputatlığa namizədliyini irəli sürmüşdü. Onlardan 89 nəfəri müxtəlif səbəblərdən seçki yarışını imza toplama mərhələsində tərk edmişdi. Bu proseduru başa vurmuş 2148 nəfərdən cəmisi 29-nun (əsasən imza vərəqlərindəki qüsurlara görə) namizədliyi qeydə alınmamışdı. Bu, Azərbaycanın seçki praktikası üçün görünməmiş hal idi. Xatırladaq ki, 2000-ci ildə deputatlığa iddiaçıların yalnız yarısı (409 nəfər) seçkilərə buraxılmışdı. Qeyd alınmış namizədlərdən 56-sı isə hələ təbliğat kampaniyasına başlamamış deputat olmaq fikrindən vaz keçərək namizədliyinin ləğvi barədə DSK-lara müraciət etmişdi.

Ümumilikdə seçki kampaniyasının təbliğat-təşviqat mərhələsinə 125 dairə üzrə 2063 namizəd gəlib çıxmışdı. Azərbaycanda heç vaxt parlament seçkilərində bu qədər namizəd iştirak etməmişdi. Hətta 1990-cı ildə 360 nəfərlik Ali Sovetə seçkilərdə də qeydə alınmış namizədlərin ümumi sayı min nəfərə yaxın olmuşdu. Deputatlığa ən çox iddiaçı 9 saylı ikinci Binəqədi (37 nəfər) və 19 saylı birinci Hərimanov (36 nəfər) dairələrində irəli sürülmüşdü. Ən az iddiaçı isə 1 saylı Şərur-Sədərək və 2 saylı Şərur dairələrində (4 nəfər) qeydə alınmışdı.

Üçüncü çağırış Milli Məclisə namizədlərin təxminən yarısı (963 nəfər) seçkilərə bitərəf olaraq qoşulmuşdu. Daha 172 nəfər partiya mənsubiyyətini göstərməmişdi. Qeydə alınmış namizədlərin 431 nəfəri YAP üzvü idi, yəni partiyanın rəsmi siyahısından əlavə 300-dən çox YAP-çı seçkiyə qoşulmuşdu. Bəzi dairələrdə hakim partiya təmsilçilərinin sayı rekord həddə çatmışdı. 8 saylı birinci Binəqədi dairəsində 30 namizəddən 9-u, 105 saylı Tovuz dairəsində isə 16 namizəddən tən yarısı YAP-çılar idi. Hakim partiyanın rəhbərliyi bunu partiyadaxili demokratiyanın təcəssümü kimi qiymətləndirsə də, sonrakı mərhələdə, yəni YAP-dan hər dairə üzrə ən şanslı bir namizədin adının bülletenə salınması məsələsi gündəmə gələndə, bu çoxluq müəyyən problemlər yaratdı və namizədliyini geri götürmək istəməyən onlarla YAP-çı partiya sıralarından xaric edildi.

Bənzər situasiya müxalifət düşərgəsində də yaranmışdı. "Azadlıq" blokunun 115 nəfər rəsmi namizədindən savayı müxtəlif dairələr üzrə AXCP, Müsavat və ADP-nin 20-30 təmsilçisi fərdi qaydada seçkilərə qoşulmuşdu və onların əksəriyyəti namizədliyini geri götürməyərək partiya üzvlüyü ilə vidalaşmalı oldu. Sözügedən məhdudiyyət məsələsi "Yeni siyasət" və digər bloklarda elə bir problem yaratmadı.

Yeri gəlmişkən, YAP və "Azadlıq" bloku, həmçinin 60-dan çox namizədi qeydə alınmış "Yeni siyasət" və "Milli birlik" blokları Seçki Məcəlləsinin tələbinə uyğun olaraq təşviqat dövründə dövlət televiziyasında və ictimai televiziyada pulsuz efir vaxtı (hərəyə gündə 8 dəqiqə) aldılar.

Bu məqam Azərbaycanda seçki kampaniyasını izləyən beynəlxalq dairələr (yeri gəlmişkən, sentyabrın 5-də ATƏT-in seçkiləri müşahidə üzrü uzunmüddətli missiyası Bakıya gəlmişdi) tərəfindən çox müsbət hal kimi qiymətləndirildi. Çünki xarici ölkələrin əksəriyyətində seçkilərdə namizədlərə pulsuz efir vaxtının ayrılmasına, demək olar ki, rast gəlinmir. Qeyd olunan partiya və blokların siyahılarında yer almayan 1700-dən çox namizəd (istər bitərəflər, istərsə də digər partiyaların təmsilçiləri) isə televiziya efirindən yalnız ödəniş əsasında istifadə etməli oldular və bu, onlar tərəfindən mənfi qarşılandı.

Beləliklə, sentyabrın 7-də seçki marafonunun ikinci mərhələsi- təbliğat-təşviqat kampaniyası başlandı...

 

3. Üçüncü çağırış Milli Məclisə seçkilər - təbliğat mərhələsi

(sentyabr-oktyabr 2005-ci il)

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq deputatlığa namizədlərin təbliğat kampaniyası sentyabrın 7-dən noyabrın 5-dək, yəni düz 59 gün davam etməli idi. Gözlənildiyi kimi, seçki marafonunun məhz bu həlledici dövrü xüsusilə gərgin keçdi və bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Lakin həmin olaylara keçməzdən öncə bu mərhələyə gəlib çatmış deputatlığa namizədlərin sosial təsnifatı ilə bağlı bəzi diqqətçəkən faktları sadalamaq istərdik.

MSK-nın "Seçkilər" İnformasiya Mərkəzinin açıqladığı statistik göstəricilərə görə, deputatlığa namizədlərin 94 faizi ali təhsilli idi, bəziləri iki ali təhsil almışdılar. Hamizədlərin 5 faizi orta, 1 faizi isə natamam ali, yaxud natamam orta təhsili almış şəxslər idi. Yəni hətta normal təhsili olmayanlar da deputat mandatına iddia edirdilər. Çünki, prezident seçkilərindən fərqli olaraq (dövlət başçısı adına iddia edən şəxsin mütləq ali təhsili olmalıdır), deputatlığa namizəd üçün qanunvericilikdə təhsillə bağlı məhdudiyyət yoxdur. Deputatlığa namizədlərin 212 nəfərini, yəni təxminən 11 faizini qadınlar təşkil edirdi.

Hamizədlərin peşə və ixtisasları ilə bağlı statistika da diqqətçəkən idi. Belə ki, millət vəkili olmaq istəyənlərdən təxminən 350 nəfər (hər 6 namizəddən biri) ali mühəndis təhsili almış şəxs idi. İkinci yerdə iqtisadçılar (təxminən 240 nəfər), üçüncü yerdə isə hüquqşünaslar (220 nəfər) gedirdi. Deputat olmaq istəyən müəllimlər (təxminən 140 nəfər) və həkimlər (100 nəfərə yaxın) də ilk "beşliyə" daxil idi. Ali məktəblərin filologiya və jurnalistika fakültələrini bitirənlər də birlikdə kifayət qədər saya malik idi - 130 nəfər.

Bundan əlavə, namizədlər arasında tarixçilər, filosoflar (100-ə yaxın), başqa humanitar ixtisasların sahibləri də yetərincə idi. Ümumilikdə deputat mandatına iddia edənlər arasında "humanitarlar" digər sahələr üzrə ixtisas sahiblərini üstələyirdi. Millət vəkili olmaq istəyənlər arasında peşəsi sürücü və fəhlə kimi göstərilmiş şəxslər də vardı - 30-a yaxın. Hamizədlərin ixtisaslar üzrə sıralamasında sonuncu yerlərdə isə memarlar (5 nəfər) və hərbi təhsili olanlar (cəmisi 3 nəfər) dururdu.

Deputatlıq uğrunda yarışanların böyük qismi 41-50 yaş arasında olan şəxslər idi - təxminən 41 faiz. Hamizədlərin təxminən 30 faizi 51-60 yaş arasında, hər beş namizəddən biri (21 faiz) isə 25-40 yaş arasında olanlar idi. Deputat mandatı uğrunda mübarizəyə qoşulanların təxminən 8 fazinin yaşı isə 60-dan, bəzilərinin isə hətta 70 və 80-dən çox idi. Sonuncular arasında ən qocaman deputatlığa namizədlər 1990-1995-ci il Ali Sovetinin deputatı olmuş akademik Mitəd Abbasov (79 yaş), 1995-2000-ci illər parlamentinin deputatı olmuş Babaxan Muradov (78 yaş), habelə birinci və ikinci çağırış Milli Məclisin üzvü olmuş akademik Cəlal Əliyev (78 yaş) və Murtuz Ələsgərov (78 yaş) idi. Ən gənc namizədlər isə 26 yaşlı Fuad Muradov və 1978-ci il təvəllüdlü Aytən Şirinova idi. Yeri gəlmişkən, onların hər ikisi 29 saylı Səbail seçki dairəsində qeydə alınmışdılar. Daha bir diqqətçəkən məqam - ikinci çağırış Milli Məclisin depatat korpusundan 79 nəfər növbəti dəfə mandat uğrunda mübarizəyə qoşulsa da, sonradan beş nəfər bu fikirdən daşınmış və qalan 74 nəfər isə deputatlığa namizəd olaraq qeydə alınmışdı.

O ki qaldı təbliğat kampaniyasının gedişinə, namizədlər öz təbliğatını əsasən üç istiqamətdə qurmuşdular: çap təşviqat materialarının yayılması, televiziya efirindən istifadə və bilavasitə seçicilərlə görüşlər. Birinci üsuldan istisnasız olaraq bütün namizədlər yararlanmışdı və artıq sentyabrın 7-si səhərdən Bakının (rayonlarda bu proses nisbətən gec start götürdü) küçələri namizədlərin rəngbərəng portretləri, təşviqat plakatları ilə "bəzənməyə" başlamışdı. Paytaxt meriyası ilk dəfə olaraq bu seçkilərdə təşviqat materialları üçün xüsusi stendlər ayırsa da, namizədlərin az qismi ondan yararlandı və şəhər rəhbərliyinin ardıcıl etirazlarına rəğmən yenə binaların divarları seçki plakatları üçün ən "əlverişli" yer oldu.

Televiziya efirindən istifadə təbliğat kampaniyasının ikinci ayı, ələlxüsus da son 2-3 həftədə maksimum intensivlik qazandı. Baxmayaraq ki, 60-dan çox namizədi qeydə alınmış dörd partiya və blok (YAP, "Azadlıq", "Yeni siyasət" və "Milli birlik") dövlət televiziyasında və ictimai televiziyada pulsuz pulsuz teleefir vaxtı almışdı, elə pullu efirdən də ən çox istifadə edənlər bu qurumların, daha dəqiq desək, YAP və "Azadlıq" blokunun təmsilçiləri oldu. O cümlədən "Lider" TV istisna olmaqla (bu kanalda yalnız bir neçə dəfə təşviqat materialı yer almışdı) özəl telekanallar da efir vaxtının ən pik vaxtında namizədlərin "ixtiyarında" idi. Lakin, bununla yanaşı, bir çox namizədlər, xüsusilə regionalardan namizədliyini irəli sürmüş bitərəflər kampaniya dövründə teleefirdən, ümumiyyətlə, istifadə etmədilər.

Televiziya təbliğatının mahiyyətinə gəldikdə isə, kampaniya boyu namizədlərin, özəlliklə müxalifət və iqtidar təmsilçilərinin qarşılıqlı ittihamları, bir-birinin siyasi keçmişini araşdırmaq cəhdləri daha çox üstünlük təşkil etdi. Seçicilər bu kampaniya boyunca teleefirdən özünün və dövlətin problemlərinin həll barədə təmkinlə, bəlağətsiz və ən əsası, inandırıcı şəkildə danışa bilən çox az adamın səsini eşitdi.

İqtidar təmsilçilərinin təbliğatında əsas vurğu ölkənin son bir neçə ildə əldə etdiyi iqtisadi uğurlar, büdcənin sürətlə artımı, növbəti illərdə gözlənilən böyük neft gəlirlərinin əhalinin rifahını daha da yaxşılaşdıracağı və s. müsbət məqamlara yönəldilirdisə, müxalifət namizədləri, özəlliklə "Azadlıq" blokunun təmsilçiləri öz çıxışlarını ifrat nihilizm və ucdantutma tənqid üzərinə kökləmişdilər. Bu cür qarşılıqlı söz güləşdirməsində isə konstruktiv çıxışlara, demək olar ki, yer qalmırdı. Bununla belə, təbliğat kampaniyasında iqtidar təmsilçiləri öz opponentlərinə nisbətən vahid platformaya malik qüvvə təsiri bağışlayırdı.

Seçkilərdə çox sayda namizədlə təmsil olunmasına rəğmən ümumilikdə vahid platformadan (Heydər Əliyev siyasətinə sadiqlik, mövcud sabitliyin və idarəetmə kursunun davam etdirilməsi, bununla yanaşı, yeni islahatların zəruriliyinin önə çəkilməsi) çıxış edən iqtidar namizədlərindən fərqli olaraq müxalifət düşərgəsinin seçki mübarizəsində bir neçə blokla təmsil olunması və teleefirdə bir-birini əvəzləyən müxalifət namizədlərinin həm də bir-birini təkrarlaması seçicidə vizual olaraq bu düşərgənin yeknəsək olması qənaətini yaradırdı.

Digər yandan, hakimiyyət əleyhinə sərt çıxışların edilməsi, ona qarşı ultimativ tələblərin səsləndirilməsi cəmiyyətdə effekt doğursa da, bu cür çıxışların seçici mövqeyinə praktik təsiri o qədər də güclü olmurdu. Çünki seçici həmin sərt çıxış və ultimatumları səsləndirənlərdən onların ölkənin inkişafını real olaraq necə gördüklərinə, bu və ya digər sahədəki nöqsanı aradan qaldırmaq üçün nə edəcəklərinə dair real olaraq bir şey eşitmirdi.

İqtidar və müxalifət namizədlərinin bilavasitə seçicilərlə görüşləri, mitinq və toplantıları da bu cür qarşlıqlı ittihamlar atmosferində cərəyan edirdi. Ümumilikdə təbliğat kampaniyasının ilk dövründən iqtidar namizədlərinin daha çox bölgələrdə əhali ilə görüş və toplantılara üstünlük verdiyi halda, müxalifət təmsilçiləri əsas diqqəti Bakıya yönəltmişdilər. Bunun səbəbi isə çox sadə idi. Seçkiləri izləyən beynəlxalq müşahidəçilər, həmçinin xarici media təmsilçilərinin tam əksəriyyəti Bakıda idi və burada baş verən hər bir olay dərhal həm ölkə daxilində, həm də xaricdə böyük rezonans doğuracaqdı.

Bu baxımdan müxalifətin radikal hissəsini birləşdirən "Azadlıq" blokunun təbliğat kampaniyası başlayandan sonra "Qələbə" meydanında keçirdikləri icazəli aksiyalardan əl çəkərək şəhərin mərkəzində icazəsiz aksiyalar taktikasını seçməsi də eyni motivdən qaynaqlanırdı. Faktiki olaraq müxalifət təbliğat kampaniyası dövründə yalnız bir dəfə (sentyabrın 10-da) "Qələbə" meydanında mitinq keçirdi, kampaniyanın sonrakı dövrü isə müxalifət təmsilçilərinin şəhərin mərkəzində polislə toqquşmaları ilə (25 sentyabr, 1, 9, 23 oktyabr) yadda qaldı.

Müxalifət bu olayları seçki təbliğatı imkanlarının qeyri-qanuni olaraq məhdudlaşdırılması və seçkilərin saxtalaşdırılmasına hazırlıq, iqtidar isə müxalifətin seçkidə labüd məğlubiyyətini göz önünə alaraq bilərəkdən toqquşmaya getməsi və seçkinin pozulmasına cəhdi kimi qiymətləndirdi. Hakimiyyət müxalifətə paytaxtda kütləvi aksiya keçirmək üçün daha dörd marşrut ayrıldığını bildirsə də, müxalifələr həmin yerlərin şəhərin kənarında olmasını önə sürərək onlardan imtina etdi. Bir sözlə, seçki kampaniyasındakı iqtidar-müxalifət toqquşması yüksələn xətt üzrə inkişaf edirdi.

Bu prosesin pik dövrü oktyabrın 17-nə təsadüf etdi. "Azadlıq" blokunun təsisçilərindən biri, Demokrat Partiyasının sədri Rəsul Quliyevin həmin gün Azərbaycana qayıdacağını bəyan etməsi müxalifət qüvvələri tərəfindən seçki kampaniyasını faktiki hakimiyyət dəyişikliyinə çevirəcək kritik hadisə kimi nəzərdən keçirilirdi. 17 oktyabr öncəsi müxalifət təmsilçilərinin çıxışları artıq Azərbaycanda "məxməri inqilab" üçün şəraitin yetişməsi və həlledici mübarizənin başlanması üzərində köklənmişdi. Amma hakimiyyət də 17 oktyabra maksimum səfərbərliklə hazırlaşmışdı və hadisələrin sonrakı gedişatı bunu təsdiqlədi. R.Quliyevin vəd etdiyi gün Bakıya gəlib çıxmaması və bunun ardınca hökumətin bir neçə yüksək vəzifəli üzvünün qəfil istefaya göndərilərək sonra da həbs edilməsi göstərdi ki, hakimiyyətin 17 oktyabrla bağlı hazırlığının gerçək miqyası daha böyük imiş.

Hakimiyyət daxilindən müxalifətə uzanan gizli maliyyə kanallarının kəsilməsi, bu fəaliyyətdə ittiham edilən iqtisadi inkişaf naziri Fərhad Əliyevin, səhiyyə naziri Əli İnsanovun, digər bir neçə hökumət məmurunun həbsi və ölkənin birinci şəxsinin bu qətiyyətli addımlarının cəmiyyətdə geniş müsbət rezonans tapması prinsip etibarilə seçki yarışının taleyini xeyli dərəcədə həll etmişdi.

Prezident İlham Əliyevin hakim komanda daxilində gerçəkləşdirdiyi - fakt etibarilə qəfil, amma məntiq nöqteyi-nəzərindən çoxdan gözlənilən bu təmizləmə prosesi həm də mahiyyət etibarilə Azərbaycanda aylardan bəri haqqında diskussiyalar gedən "məxməri inqilab"ın məhz yuxarıdan başlanması demək idi. Həmin olaylar eyni zamanda onu da sübutladı ki, prezidentə qarşı ən ciddi müxalifət elə hakimiyyətin içində imiş və əgər 17 oktyabrla bağlı maksimal səfərbərlik həyata keçirilməsəydi, növbəti proseslər ölkədə hakimiyyət çevrilişə təkan verə bilərdi. Təsadüfi deyil ki, məhz bu olaylardan sonra seçki kampaniyası da nisbətən sakit məcraya qayıtdı, müxalifət liderləri isə artıq mərkəzdə taktiki mübarizənin uduzulduğunu diqqətə alaraq təbliğat dövrünün son iki həftəsini regionlarda seçicilərlə görüşlərə sərf etdilər.

Seçki kampaniyasının son günləri daha bir məqamla yadda qaldı. Ölkə prezidenti oktyabrın 25-də seçkilərin şəffaflığının təmin ediliməsi yönündə daha bir sənəd - "Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncam imzalayaraq kampaniyanın əvvəlindən beynəlxalq dairələrin israrla irəli sürdüyü təklifləri - səsvermə günü seçicələrin barmaqlarının mürəkkəblə işarələnməsi və maliyyələşmə mənbəyindən asılı olmayaraq bütün QHT-lərə seçkiləri müşahidə hüququnun verilməsi məsələsini müsbət həll etdi.

Öz növbəsində parlament oktyabrın 28-də bu məsələlərlə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər etdi. Həmin iclasda parlament baş prokororun müraciətini nəzərə alaraq dövlət çevrlişinə cəhddə ittiham olunan (17 oktyabr olayları ilə bağlı) 38 saylı Sumqayıt birinci dairəsindən millət vəkili, "Azərikimya" dövlət konserninin prezidenti Fikrət Sadıqovun deputat toxunulmazlığını ləğv etdi. Bu həm də ikinci çağırış Milli Məclisin sonuncu iclası oldu.

 

4. Seçki yarışının ilkin nəticələri (noyabr 2005-ci il)

Beləliklə, 4 ay sürən seçki kampaniyası 6 noyabr finişinə çatdı. Hamizədliyi qeydə alınmış 2063 nəfərdən 1541 nəfəri (o cümlədən 165 qadın namizəd) yolun sonuna gəlib çıxmışdı. Bu ümumilikdə seçki yarışına qoşulmuş şəxslərin (2237 nəfər) təxminən 70 faizini, qeydə alınmış namizədlərin isə 75 faizini təşkil edirdi. Seçki yarışını tərk edənlərin təxminən üçdə birini YAP-çı namizədlər təşkil edirdi. Hərçənd bu proses də tam rəvan şəkildə ötüşməmiş, partiyanın rəsmi namizədlərinin xeyrinə yarışı tərk etməsi məsləhət bilinənlərdən bir qismi (50-yə yaxın şəxs) buna əməl etmədiyi üçün YAP sıralarından xaric olunmuşdu. Təxminən 50-yə yaxın namizəd isə müvafiq dairə seçki komissiyalarının müraciəti əsasında Apellyasiya Məhkəməsi tərəfindən seçkidən kənarlaşdırılmışdı. Onların bir qisminə qarşı təbliğat dövründə qanunvericiliyi pozması (seçiciləri maddi təşviqlə ələ alma və s.) ilə bağlı ittihamlar irəli sürülsə də, məhkəmənin çıxardığı qərarlar arxasında digər namizədlər üçün "yol təmizləmək" niyyətləri də yox deyildi.

MSK-nın "Seçkilər" İnformasiya Mərkəzinin internet saytında yerləşdirilmiş yekun statistikaya görə, ən çox namizəd 125 saylı Zəngilan-Qubadlı dairəsində mübarizə aparırdı - 26 nəfər. Bakı şəhəri üzrə ən çox namizəd (24 nəfər) 29 saylı Səbail dairəsində idi. Ümumilikdə 17 dairədə (o cümlədən paytaxt üzrə 9 dairədə) namizədlərin sayı 20 və daha çox idi. Hamizədlərin sayına görə ən zəif göstərici 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur və 5 saylı Şahbuz-Babək dairələrində (hərəsində 3 namizəd) qeydə alınmışdı. Bakıda (29 dairə), həmçinin Gəncə və Sumqayıtda (hərəsində 4 dairə vardı) orta hesabla hər dairəyə 16, bölgələrdə (ümumilikdə 81 dairə) isə 11 namizəd düşürdü.

MSK-nın məlumatına görə, ölkə üzrə 5137 seçki məntəqəsi yaradılmış və həmin məntəqələr üzrə 4 milyon 660 min seçici (hər seçki dairəsinə 37 min seçici) qeydə alınmışdı. Hərçənd burada da ümumi statistik mənzərə fərqli idi. Məsələn, 5 saylı Şahbuz-Babək dairəsində 27 min, 44 saylı Sumqayıt-Abşeron dairəsi isə 45 min seçicini əhatə edirdi. 122 saylı Xankəndi dairəsində isə cəmisi 3300 nəfər seçici qeydə alınmışdı. Hərçənd avqust ayında bu dairə üzrə seçkilər elan ediləndə MSK-dan bildirmişdilər ki, o, ən azı 7 min nəfəri əhatə edəcək.

Digər tərəfdən, əvvəldən bəlli idi ki,Dağlıq Qarabağ ermənilərinin Xankəndi dairəsi üzrə seçkiyə qatılması real məsələ deyil. Odur ki, MSK gərək bu dairədə seçki elan edərkən nəzərə ala və keçmiş DQMV ərazisi üzrə formalaşdırılmış dairələrdən seçicilərin bir qismini (məsələn, 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd dairəsi 40 mindən çox seçicini əhatə edirdi) bu dairəyə "köçürəydi". Hər halda 3 minlik seçici kontingenti ilə 45 minlik seçicinin parlamentdə eyni dərəcədə (1 yer) təmsil olunması anormaldır.

Seçicilərin səsvermədə iştirak fəallığı üzrə statistik mənzərə birmənalı deyildi. Artıq ikinci dəfə idi ki, parlament seçkilərinin gedişi "Seçkilər" İnformasiya Mərkəzi tərəfindən "on-layn" rejimində (ilk dəfə bu sistem 2000-ci il 5 noyabr seçkilərində işə salınmışdı) internetdə yayınlanırdı və bu prosesi yaxından izləmək mümkün idi. Səhər saat 8-də başlanan səsvermə saat 19-da başa çatdı və ölkə üzrə seçicilərin 46,83 faizinin (2 milyon 184 min nəfər) səs verdiyi elan olundu. Ən yüksək aktivlik 51 saylı Qusar (70,13 faiz), 70 saylı Masallı (65,72 faiz), 95 saylı Tərtər (65,15 faiz), 14 saylı Əzizbəyov ikinci (64,93 faiz) və 1 saylı Şərur-Sədərək (63 faiz) dairələrində qeydə alınmışdı. Ümumilikdə 40-dan çox dairədə seçicilərin 50 faizdən çoxu səsvermədə iştirak etmişdi. Ən passiv iştirak isə 28 saylı Sabunçu üçüncü (28,7 faiz), 27 saylı Sabunçu ikinci (31,7 faiz) və 118 saylı Ağdam şəhər (32,3 faiz) qeydə alınmışdı.

İlk dəfə olaraq bu seçkilərdə ölkə üzrə bir neçə "exit-poll" keçirilirdi və onların nəticələrinin səsvermə bitəndən dərhal sonra elan ediləcəyi bildirilmişdi. Lakin yalnız səsvermə bitəndən 3 saat sonra ABŞ-ın "Mitofskü International" və "Edison Media Research" şirkətlərinin 125 dairədə keçirdiyi "exit-poll"un nəticələri internetdə yerləşdirildi. Həticələrə görə, dairələrin böyük əksəriyyətində YAP təmsilçiləri və bitərəf namizədlər qalib gəlmişdi. Qeyd edək ki, müxalifət hələ 6 noyabrdan xeyli öncə bu şirkətlərin keçirəcəyi "exit-poll"a etimad göstərməyəcəyini, yalnız ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin tərəfdaşı olan "RA Government Services" şirkətinin "exit-poll"unu qəbul edəcəyini bildirmişdi.

Lakin bu "exit-poll"un yekunu da müxalifət üçün ürəkaçan olmadı. Səsvermədən yalnız 5 saat ötəndən sonra (artıq bu vaxt "Seçkilər" İnformasiya Mərkəzi də dairələr üzrə ilkin nəticələri elan etməyə başlamışdı) açıqlanan nəticələrə əsasən, "exit-poll" keçirilmiş 65 dairədən 58-də ümumi göstərici MSK-nın ilkin nəticələri ilə adekvat idi, yəni bu dairələrdən eyni namizədlər qalib çıxmışdı. Hərçənd bəzi dairələrdə MSK-nın nəticələri ilə "exit-poll"un göstəriciləri arasındakı fərq qəbul olunmuş həddən (3,5 faiz) artıq idi. Həmin gün "exit-poll" keçirmiş daha iki qurumun - Estoniyanın "Saar-poll" şirkətinin və yerli "Proqnoz" sosioloji xidmətinin nəticələri də ümumilikdə MSK-nın göstəriciləri ilə üst-üstə düşürdü.

Belə olan təqdirdə müxalifət təmsilçiləri "RA Government Services" şirkətinin "exit-poll"una da etimadsızlıq göstərərək bəyan etdilər ki, yerlərdə bu şirkət üçün sorğu keçirənlərin çoxu hakim partiya yaxın şəxslər olub. Öz növbəsində YAP funksionerləri də əks ittihamla çıxış edərək ayrı-ayrı dairələrdə sorğunun müxalifyönlü şəxslər tərəfindən keçirildiyini bildirdi. Bu xüsusda ən böyük mübahisə 11 saylı Qaradağ dairəsi ətrafında yarandı. MSK-nın məlumatına görə, həmin dairədə 43 faiz səslə YAP-ın namizədi, ötən parlamentin spikeri Murtuz Ələsgərov qalib gəlmişdi. Lakin "exit-poll"da M.Ələsgərovun göstəricisi cəmisi 8 faiz idi, onun müxalifətdən (ADP) olan rəqibinin isə 58 faiz səs qazandığı göstərilirdi.

"RA Government Services"-in "exit-poll"u ilə rəsmi nəticələr arasında daha bir fantistik fərq 119 saylı Ağdam kənd dairəsində üzə çıxdı. Həmin dairədə rəsmi nəticəyə görə, YAP-çı Bəxtiyar Sadıqov qalib gəlib (42,5 faiz), "exit-poll"da isə onun 3 faiz səs qazandığı göstərilir. Həmin dairədə "exit-poll"un qalibi olaraq (33 faiz) göstərilən şəxs isə (Təhmasib Hovruzov) MSK-nın statistikasına görə, cəmisi 102 səs qazanıb və seçkini 0,6 faiz səslə sonuncu yerdə başa vurub. Bütün bunlar onu göstərir ki, Azərbaycanın seçki praktikasında ilk dəfə keçirilən "exit-poll" heç də subyektiv müdaxilələrsiz ötüşməyib.

Seçkilərlə bağlı beynəlxalq müşahidəçilərin qənaəti də kifayət qədər fərqli oldu. MSK-nın məlumatına görə, 6 noyabr seçkiləri ilə bağlı 45 ölkədən 1568 nəfər xarici müşahidəçi akkreditə olunmuşdu. Bu, 2000-ci ilin parlament seçkiləri ilə müqayisədə üç dəfə çox idi. ATƏT, Avropa Şurası, HATO Parlament Assambleyası və Avropa Parlamentini təmsil edən müşahidəçilərin birləşdiyi Beynəlxalq Müşahidəçilər Missiyasına 660-a yaxın nümayəndə daxil idi.

Odur ki, hər şeydən öncə bu missiyanın qənaəti maraqla gözlənilirdi. Missiya 2005-ci il seçkilərinin bir sıra cəhətləri ilə ötən seçkilərdən müsbət şəkildə fərqləndiyini, özəlliklə seçkiqabağı mərhələnin kifayət qədər demokratikliyi ilə seçildiyini (namizədlərin qeydiyyatında problemin olmaması, təbliğat kampaniyası üçün geniş şəraitin yaradılması) bildirməklə yanaşı, səsvermə zamanı və səslərin hesablanmasında bir sıra pozuntulara yol verildiyini bəyan etdi.

Missiyanın ilkin hesabatına (yekun hesabatın dekabrın ortalarında elan ediləcək) görə, ölkə üzrə seçki məntəqələrinin 87 faizində seçki ümumən normal keçib və xırda pozuntularla müşayiət olunub, 13 faizdə isə proses tam mənfi qiymətləndirilib. Missiyanın qənaətinə görə, seçkilər bir sıra beynəlxalq standartlara və Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə cavab verməyib. Hümayəndəldərin sayına görə ikinci olan (600 nəfərə yaxın) MDB-nin müşahidəçilər missiyası, həmçinin Türkiyənin, digər qonşu və bəzi Avropa ölkələrinin (Baltikyanı ölkələr, Bolqarıstan, Rumıniya) təmsilçiləri isə seçkilərə müsbət və ümumən müsbət qiymət verdilər.

Öz növbəsində Azərbaycan rəhbərliyi tənqidi qeydləri və sözügedən çağırışı adekvat qarşıladı. Prezident İlham Əliyev artıq noyabrın 7-də MSK-ya, habelə ölkə prokurorluğuna bütün şikayətlərin operativ şəkildə araşdırılması və günahkarların cəzalandırılması barədə göstəriş verdi. Artıq noyabrın 8-9-da MSK bir neçə dairə üzrə qərarlar qəbul etdi. 31 saylı Suraxanı ikinci dairəsində 10 məntəqənin ləğvi nəticəsində həmin dairədə birinci yerə "Azadlıq" blokundan Əli Kərimli (daha öncə birincilik YAP təmsilçisinə məxsus idi) çıxdı. 8 saylı Binəqədi birinci dairəsində də eyni prosedur (12 məntəqənin ləğvi) daha bir müxalifət təmsilçisini ("Azadlıq" blokundan Arzu Səmədbəyli) birinci yerə çıxardı.

Bundan əlavə, MSK 9 saylı Binəqədi ikinci dairəsində seçkilərin nəticələrini bütövlükdə ləğv etdi. Sonrakı günlərdə MSK daha üç dairədə - 38 saylı Hizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci və 110 saylı Zaqatala dairələrində (ilkin nəticələrə görə, YAP təmsilçilərinin qalib gəldiyi elan edilmişdi) məntəqələrin beşdə ikisindən çoxunda pozuntu olduğu nəzərə alınaraq (qanunvericiliyə görə, bu halda dairə üzrə nəticələr ləğv edilməlidir) bütövlükdə nəticələri ləğv etdi. MSK-dakı müxalifət təmsilçiləri bu dairələrdə nəticələrin bütünlüklə ləğvinə qarşı çıxaraq pozuntular nəzərə alınmaqla səslərin yenidən hesablanmasını və nəticədə birinci yerə çıxacaq müxalifət namizədlərinin qələbəsini elan etməyi tələb etsələr də, nəticəsi olmadı.

MSK-nın şikayətlərlə (quruma 538 şikayət daxil olmuşdu) bağlı araşdırması noyabrın 23-dək davam etdi. Həticədə ümumilikdə 80-ə yaxın dairə üzrə 460 məntəqənin (ölkə üzrə bütün məntəqələrin 9 faizi) nəticələri ləğv edildi. Lakin, yuxarıda qeyd olunan iki dairədən savayı, qalan yerlərdə bu prosedur seçkilərin ümumi yekunlarına təsir göstərmədi. Əvəzində məntəqələr üzrə nəticələrin ləğvi seçkinin ümumi statistikasına təsir etdi və ölkə üzrə etibarlı sayılmış səslərin sayı 1 milyon 974 minə (42,2 faiz) endi.

Eyni zamanda, MSK bir sıra şikayətlərin araşdırılmaq üçün prokurorluğa göndərildiyini bildirdi. Prokurorluqdan isə 15-ə yaxın iş üzrə cinayət işinin açıldığı, bəzi işlər üzrə dairə və məntəqə komissiya sədrlərinin haqqında həbs qərarının alındığı bildirildi. Eyni zamanda, dövlət başçısının sərəncamları ilə seçkilərə müdaxilə etdiyinə görə üç rayonun (Suraxanı, Sabirabad, Zaqatala) icra başçısı vəzifəsindən azad edildi.

Lakin bütün bu tədbirlər seçkilərdə gözlədiyindən xeyli az yerə sahib olmuş müxalifət qüvvələrini qane etmədi. "Azadlıq", "Yeni siyasət" və "Milli birlik" blokları, habelə parlamentdə heç bir yer əldə etməmiş bir neçə müxalifət partiyası seçkilərin bütün ölkə üzrə saxtalaşdırma ilə müşayiət olunduğunu bəyan etdilər və seçkilərin ölkə üzrə yenidən keçirilməsi tələbilə etiraz aksiyalarına başladılar. Seçkidən narazı qalan bitərəf namizədələr də bu tələbə qoşuldular. Ümumilikdə 500-ə yaxın namizədin iştirakı iə keçirilən forumda seçkilərin nəticəsinin tanınmaması barədə birgə bəyanat qəbul edildi. Buna cavab olaraq hakim partiya

seçkinin nəticələrini tanıyan namizədlərin forumunu keçirdi. 700-ə yaxın namizədin iştirak etdiyi tədbirdə seçkilərin tanınması barədə parlamentdə yer almış bir sıra müxalifət partiyaları da imza atdı.

Hoyabrın 23-də MSK seçkilərin yekun protokolunu təsdiqlədi və 125 dairədən 121-də seçkinin baş tutduğunu elan etdi.

Yekun protokola əsasən, 121 nəfər qalibdən 58-i YAP təmsilçisi (o cümlədən 50 nəfər partiyanın rəsmi siyahısı üzrə), 42 nəfər isə bitərəf namizəddir. "Azadlıq" blokundan 8 nəfər, "Yeni siyasət" bloku, "Ana Vətən" və Vətəndaş Həmrəyliyi partiyaların namizədlərindən 2 nəfər seçkilərdə qalib gəlib. Bundan əlavə, daha 7 partiya (Liberal,"Ümid", Sosial Rifah, Demokratik İslahatlar, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Vətəndaş Birliyi partiyaları) parlamentdə hərəyə bir yer qazanıblar. Ümumilikdə müxalifət düşərgəsi 17 yer əldə edib.

MSK-nın yekun qərarı 11 lehinə, 4 əleyhinə olmaqla qəbul edildi. MSK-da müxalifəti təmsil edən 6 nümayəndədən yalnız ikisinin (ADP və Kompartiyanın təmsilçisi) qərarı dəstəklədiyi, AXCP, AMİP, Müsavat və Vətəndaş Həmrəyliyi partiyalarının nümayəndələrinin isə sənədi imzalamaqdan imtina etdikləri bildirildi. Elə həmin gün MSK seçkilərin yekun protokolunu Konstitusiya Məhkəməsinə göndərdi.

 

5. Üçüncü çağırış Milli Məclisə seçkilərin yekunu

(dekabr 2005-ci il)

Dekabrın 1-də Konstitusiya Məhkəməsi (KM) Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq üçüncü çağırış Milli Məclisə seçkilərin nəticələrini müzakirə edərək yekun qərarını elan etdi. KM-nin sədri Fərhad Abdullayevin və yeddi hakimin iştirakı ilə elan edilən qərarda nəzərə çatdırılır ki, MSK-nın quruma təqdim etdiyi yekun protokolu 15 üzvdən 13-ü imzalayıb, iki nəfər (VHP-dən Ənvər Əliyev və AXCP-dən Mənsum Bayramov) sənədə imza atmayaraq seçkilərin nəticələrinə dair xüsusi rəylə çıxış ediblər.

Maraqlıdır ki, noyabrın 23-də MSK-nın yekun protokolu ilə bağlı səsvermə zamanı qurumun müxalifətdən olan 4 üzvü sənədi imzalamaqdan imtina etmişdi. Lakin sonradan MSK-nın Müsavat və AMİP-dən olan üzvləri Vidadi Mahmudlu (MSK-nın iki katibindən biri) və Arzuxan Əlizadə sənədi imzalayıblar. KM-nin qərarında həmçinin Apellyasiya Məhkəməsi, Ali Məhkəmə, Ədliyyə Nazirliyi və Respublika Prokurorluğundan seçki qanunvericiliyinin pozulması ilə bağlı şikayətlərin araşdırılması barədə məlumatlar da əksini tapıb.

Belə ki, Apellyasiya Məhkəməsi seçkilərlə bağlı 71, o cümlədən MSK-nın yekun qərarından şikayətlə bağlı 57 müraciəti (onların hamısı əsassız sayılaraq rədd edilib), Ali Məhkəmə isə 38 şikayəti (heç biri təmin edilməyib) nəzərdən keçirərək müvafiq qərarlar qəbul edib. Bundan əlavə, Ədliyyə Nazirliyinin məlumatına görə, seçkilərlə əlaqədar rayon (şəhər) məhkəmələri seçicilərin seçki siyahısına daxil olunması ilə bağlı 20117 müraciətə baxaraq onlardan 20105-ni təmin edib, yalnız 12 ərizə rədd olunub. Seçkilərdə baş vermiş qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa 72 müraciət daxil olub və araşdırma nəticəsində 11 cinayət işi, o cümlədən, seçiciləri ələ almaq məqsədi ilə müəyyən hərəkətlərə yol verdiklərinə görə 7 namizəd və seçki sənədlərini saxtalaşdırdıqlarına görə 4 DSK-nın sədri və üzvləri barəsində cinayət işi açılıb.

Bütün bu məlumatları nəzərdən keçirən KM belə qərara gəlib ki, MSK tərəfindən təsdiq olunmaq üçün təqdim olunmuş 121 dairə üzrə protokollardan 115-i Seçki Məcəlləsinə uyğundur, 6 dairə üzrə isə protokollar qanunvericiliyin tələblərinə cavab vermir. Beləliklə, KM 31 saylı Suraxanı ikinci (bu dairədən AXCP sədri Əli Kərimli ("Azadlıq" bloku) qalib elan edilmişdi), 44 saylı Sumqayıt-Abşeron (YAP-çı namizəd Tofiq Hüseynli qalib elan edilmişdi), 69 saylı Cəlilabad-Masallı-Biləsuvar ("Azadlıq" blokunda Qulamhüseyn Əlibəyli (AXCP) qalib elan edilmişdi), 103 saylı Gədəbəy (bitərəf namizəd Fəxrəddin Qəmbərovin qalib gəldiyi bildirilmişdi), 106 saylı Tovuz-Qazax-Ağstafa (bitərəf namizəd İlqar Qılıcovun birinciliyi elan edilmişdi) və 119 saylı Ağdam kənd (YAP təmsilçisi Bəxtiyar Sadıqovun qalib gəldiyi bildirilmişdi) seçki dairəsi üzrə nəticələri təsdiq etmədi və 115 dairə üzrə deputatların seçildiyini elan etdi.

Xatırladaq ki, bundan öncə MSK 4 dairədə (9 saylı Binəqədi ikinci, 38 saylı Hizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci və 110 saylı Zaqatala dairələrində (ilkin nəticələrə görə, bu dairələrdə YAP təmsilçilərinin qalib gəldiyi elan edilmişdi) nəticələri ləğv etmişdi. Beləliklə, nəticəsi ləğv edilən seçki dairələrinin sayı 10-a çatdı. Qanunvericiliyə əsasən, həmin dairələrdə 3 ay müddətində yeni seçkilər keçirilməlidir. Yeri gəlmişkən, bundan öncəki parlament seçkilərində (2000-ci il 5 noyabr) 124 dairədən 113-ü üzrə nəticələr təsdiqlənmiş, 4 dairə üzrə seçkilərin nəticələri MSK tərəfindən, 7 dairə üzrə isə KM tərəfindən ləğv olunmuşdu.

Azərbaycan qanunvericiliyinə görə, KM-nin qərarı son instansiya sayılır və heç bir orqan tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz. Bununla belə, bu qərardan narazı qalan tərəf ondan artıq beynəlxalq instansiyaya - Avropa İnsan Haqları Məhkəməsinə şikayət verə bilər. Eyni zamanda, qeyd etmək lazımdır ki, hələlik Azərbaycandakı seçki praktikasında belə bir presedent qeydə alınmayıb.

Öncəki seçkilərdə olduğu kimi, üçüncü çağırış Milli Məclisə seçkilərin nəticələri müxalifət düşərgəsində böyük narazılıqla qarşılandı. Hərçənd bu düşərgənin yekcins olmadığını nəzərə alaraq qeyd etməliyik ki, bu narazılıq iki istiqamətdə özünü göstərir. Bir sıra müxalifət partiyaları (Vətəndaş Həmrəyliyi, "Ümid", Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Demokratik İslahatlar və Vətəndaş Birliyi partiyaları) seçkilərin nəticələri ilə tam qane olmasalar da, əldə etdikləri mandatları diqqətə alaraq narazılıqlarını kəskin şəkildə ifadə etmirdilər. Bu sıraya parlamentdə 2 yer əldə etmiş "Yeni siyasət" blokunu da aid etmək olardı.

Ümumiyyətlə, 6 noyabr seçkilərində iştirak məqsədilə yaradılmış bu blok öncədən də eklektik xarakter daşıyırdı və artıq onun fəaliyyətinə son verildiyini qeyd etmək olardı. "Yeni siyasət"dən yalnız bir partiya - AMİP seçkilərin nəticələrinə kəskin etiraz edirdi.

Seçkilərin narazılıq ifadə edən müxalifət qüvvələrinin önündə isə "Azadlıq" (AXCP, ADP, Müsavat) gedir. Məhz bu blok 6 noyabrdan sonrakı etiraz aksiyalarının əsas təşkilatçısı olub. Eyni zamanda, etiraz aksiyalarında yuxarıda adı çəkilən AMİP və Liberal Partiyası (baxmayaraq ki, onun namizədliyini irəli sürdüyü Lalə Şövkət deputat mandatı əldə edib), həmçinin seçkilərdə fəal olaraq təmsil edilməmiş bir sıra qüvvələr (məsələn, İsgəndər Həmidovun Milli Demokrat Partiyası) da iştirak edir. Lakin qeyd etmək lazımdır ki, müxalifətin 26 noyabr aksiyasında baş verən olaylar (müxalifətin sanksiyalaşdırılmış mitinqi fasiləsiz aksiyalara çevirmək cəhdinin polis tərəfindən alınması və meydana gələn toqquşma) sonra bu düşərgənin etiraz dalğasının tədricən zəifləyəcəyini gözləmək olardı və belə də oldu.

Eyni zamanda, hakimiyyət də bundan sonra radikal müxalifətlə adekvat şəkildə, yəni sərt davranacağını nümayiş etdirməyə başladı. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti müxalifətin dekabrın 3-nə və dekabrın 10-na təyin etdiyi mitinqlərə yalnız şəhərin kənarında (Motodromda) icazə verdi. Bu qərara etiraz edən müxalifət liderləri, eyni zamanda, qarşıdurmaya getməkdən çəkinərək, sadəcə, mitinqi təxirə saldılar.

Ümumiyyətlə, KM-nin seçkilərin nəticələrinə dair yekun qərarından sonra ölkədə siyasi gərginlik tədricən səngiyməyə başladı. Baxmayaraq ki, müxalifətin radikal qismi bunun əksini iddia edir, amma gerçək ondan ibarətdir ki, müxalifət bu seçkini də uduzub və artıq növbəti seçkilər barədə düşünmək lazımdır. Müxalifətin radikal hissəsinin parlamentin fəaliyyətini boykot etmək barədə bəyanatlarının da ciddi effekt verəcəyini gözləməyə dəyməz.

Yeri gəlmişkən, boykot addımına daha çox üstünlük verən "Azadlıq" bloku KM-nin məlum qərarından sonra parlamentdə, daha öncə nəzərdə tutulduğu kimi, 8 deyil, 6 deputat yerinə malik olacaq. 2000-ci il seçkilərinin təcrübəsini nəzərə alsaq qeyd etmək olar ki, bu dəfə də parlamenti boykot etmək qərarına blok təmsilçilərinin heç də hamısı əməl etməyəcək. Hələliksə deputat mandatından imtina etmək barədə qərarını açıq şəkildə yalnız bir müxalifətçi - Lalə Şövkət bəyan edib.

KM-nin 115 dairə üzrə seçkilərin nəticələrini təsdiq etməsindən sonra yeni parlamentin fəaliyyətə başlaması üçün artıq heç bir hüquqi prosedur qalmamışdı (Konstitusiyaya görə, qanunverici orqanın işə başlaması üçün 125 deputatdan 83-nün (üçdə ikisinin) seçilməsi yetərlidir).

2005-ci il dekabrın 2-də üçüncü çağırış Milli Məclisin ilk iclası keçirildi. İclasda deputat mandatı təsdiqlənmiş 115 nəfərdən 106-sı iştirak edirdi. Prezident İlham Əliyevin iştirak etdiyi ilk iclas, gözlənildiyi kimi, təşkilati məsələyə həsr olunmuşdu.

Öncə yeni deputat korpusu qarşısında çıxış edən dövlət başçısı artıq səlahiyyət müddəti başa çatmış ikinci çağırış Milli Məclisin işindən razılığını bildirib, ötən parlamentin ölkənin müasir qanunvericiliyinin təşəkkülünə təkan vermiş bir sıra mütərəqqi qanunlar qəbul etdiyini vurğulayıb. 6 noyabr seçkilərinə toxunan prezident ölkə rəhbərliyinin seçkilərin demokratik və şəffaf keçirilməsi üçün mümkün olan hər şeyi etdiyini, eyni zamanda, seçkilərdə bir sıra qanun pozuntularının aşkarlandığını və onların aradan qaldırılması üçün tədbirlər görüldüyünü nəzərə çatdırıb.

Sonra yeni parlamentin rəhbər strukturlarına seçkilər keçirilib. Qeyd etmək lazımdır ki, seçkilərdən sonra parlamentin yeni sədarəti barədə müxtəlif fərziyyələr səslənsə də, ümumi fikir ondan ibarət idi ki, 1996-cı ildən Milli Məclisin sədri olmuş 78 yaşlı Murtuz Ələsgərov üçüncü dəfə spiker vəzifəsinə seçilməyəcək və bu post nisbətən cavan şəxsə həvalə ediləcək. Bununla yanaşı, üçüncü çağırış Milli Məclisin ilk iclasına sədrlik etmək elə keçmiş spikerə qismət oldu, çünki reqlamentə görə, yeni parlamentin ilk iclasını deputat korpusundan ən qocaman üzvü aparmalıdır.

Yeni spiker vəzifəsinə təqdimatı da elə M.Ələsgərov səsləndirdi. O, parlamentdə ən çox deputat yeri qazanmış hakim partiyanın bu vəzifəyə 45 saylı Abşeron seçki dairəsindən deputat Oktay Əsədovun namizədliyini təklif etdiyini bildirdi. Həzərə çatdıraq ki, parlamentin yeni sədri ilə bağlı mülahizələrdə bu şəxsin adı, demək olar ki, hallanmamışdı və yalnız son anda bu barədə informasiya kütləvi informasiya vasitələrinə sızmışdı.

Gizli səsvermə nəticəsində Oktay Əsədov 105 səs "lehinə", 1 "əleyhinə" olmaqla Milli Məclisin yeni spikeri seçilib. Qeyd edək ki, O.Əsədov ikinci çağırış Milli Məclisin üzvü olsa da (2000-ci il seçkilərində 21 saylı Binəqədi birinci seçki dairəsindən deputat seçilmişdi), indiyədək parlamentin rəhbər strukturlarında təmsil olunmamışdı. Ötən parlamentdə Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvü idi. Eyni zamanda, "Azərsu" Səhmdar Cəmiyyətinin sədri idi. Mövcud qanunvericilik millət vəkilinin bu vəzifədə qalmasını mümkün etsə də, spiker vəzifəsini tutandan sonra O.Əsədov həmin iş yeri ilə vidalaşmalı oldu. Həzərə çatdıraq ki, O.Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirib. YAP Siyasi Şurasının üzvüdür. Rus və ingilis dillərini bilir. Evlidir, 2 övladı var.

Spikerin ardınca onun müavinləri də seçilib. Ötən parlamentin rəhbərliyindən yalnız bir nəfər - Ziyafət Əsgərov sədarətdəki yerini saxlayıb. Üstəlik ötən parlamentdə vitse-spiker olan Z.Əsgərov bu dəfə birinci vitse-spiker vəzifəsinə seçilib. Onun lehinə 98 deputat, əleyhinə isə 2 nəfər səs verib, daha 2 nəfər bitərəf qalıb.

Digər iki vitse-spiker vəzifələrinə hakim partiyanın daha bir təmsilçisi, YAP-ın icraçı katibinin müavini Bahar Muradova (84 saylı Füzuli seçki dairəsindən deputat seçilib) və bitərəf deputatların nümayəndəsi Valeh Ələsgərov (102 saylı Samux-Şəmkir dairəsindən deputat) seçiliblər. B.Muradova 99 "lehinə", 4 "əleyhinə", 1 "bitərəf" olmaqla, V.Ələsgərov isə 101 "lehinə", 1 "əleyhinə", 4 "bitərəf" olaraq seçiliblər. Qeyd edək ki, B.Muradova ötən parlamentin üzvü olub, V.Ələsgərov isə ilk dəfə parlamentə seçilib, bundan öncə ARDHŞ-in xarici investisiyalar idarəsinin rəisi işləyib.

Yeni sədarət seçiləndən sonra parlamentin daimi komissiyalarının rəhbərlərinin seçkisi keçirildi. Birinci vitse-spiker Ziyafət Əsgərov eyni zamanda Təhlükəsizlik və hərbi məsələlər daimi komissiyasının, vitse-spiker Valeh Ələsgərov isə eyni zamanda Ekologiya və energetika daimi komissiyasının sədri seçildilər. Bundan əlavə, Əli Hüseynov Dövlət quruculuğu və hüquq siyasəti komissiyasının, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, keçmiş birinci vitse-spiker Arif Rəhimzadə Regional məsələlər, Eldar İbrahimov Aqrar siyasət, Şəmsəddin Hacıyev Təhsil və elm, Ziyad Səmədzadə İqtisadi siyasət, Rəbiyət Aslanova İnsan hüquqları, Hadı Rəcəbli Sosial siyasət, Hizami Cəfərov isə Mədəniyyət daimi komissiyasının sədri seçildilər...

 

6. Yeni parlamentin ümumi ilkin mənzərəsi

Nəticələri ləğv olunmuş 10 seçki dairəsində deputat mandatları sahiblərini tapmasa da, ümumilikdə parlament yarışının başa çatdığını söyləmək mümkün idi. Çünki qanunverici orqan tam şəkildə formalaşmasa da, 115 nəfərlik deputat korpusu onun başlıca özəllikləri və fərqli cəhətləri barədə mülahizə yürütməyə kifayət qədər əsas verirdi.

Beləliklə, yeni parlamentdə deputat yeri əldə etmiş 115 nəfərdən 56-sı YAP-ı təmsil edir. Onlardan 48-nin namizədliyi hakim partiyanın rəsmi siyahısı üzrə irəli sürülmüş, 8-i isə fərdi qaydada seçkilərə qoşulmuşdular. Eyni zamanda, bu rəqəm hakim partiyanın 2000-ci ilin seçkiləri ilə müqayisədə zəif nəticə göstərdiyini nümayiş etdirir. Xatırdadaq ki, ikinci çağırış Milli Məclisdə YAP-ın 74 nəfərlik deputat korpusu vardı.

Yeri gəlmişkən, bu dəfəki seçkilərdə YAP-ın rəsmən irəli sürdüyü 109 nəfərlik namizədlər siyahısına partiyanın ikinci çağırış parlamentdəki 74 nəfərlik deputat korpusundan cəmisi 41 nəfər düşmüşdü və onların 30-u yenidən deputat mandatı əldə edib. Yəni hakim partiya seçkinin əvvəlindən özünün deputat korpusunu nəzərəçarpacaq ciddi şəkildə yeniləmək taktikasını seçmişdi və nəticələr də bunun xeyli dərəcədə həyata keçdiyini göstərir. YAP-ın yeni hazırkı deputat korpusunun təxminən üçdə biri (18 nəfər) parlamentə ilk dəfə seçilib.

Bütövlükdə isə hakim partiya hələlik parlamentdə heç yerlərin yarısına sahib deyildi və qanunverici orqanda adi çoxluğu (63 nəfər) təmin etmək üçün təkrar seçkilərdə 10 yerdən ən azı 7-ni əldə etməli idi. Xatırladaq ki, 2000-ci il seçkilərindən sonra nəticələri ləğv edilmiş 11 dairdə düzənlənən yeni seçkilərdə hakim partiya 5 yer əldə etmişdi. Bununla belə, YAP-ın hazırda sahib olduğu deputat yerləri 1995-ci il seçkilərindən sonra (birinci çağırış Milli Məclis) qazandığı mandatlardan (o vaxt hakim partiyanın 54 üzvü deputat seçilmişdi) çoxdur.

Hərçənd 1995-ci il seçkilərin bir özəlliyi vardı ki, bəzi iqtidar təmsilçiləri formal olaraq hələ YAP-a üzv olmadıqları üçün seçkilərə bitərəf qismində qatılmış və bu adla deputat seçilmişdilər. Təsadüfi deyil ki, 1995-ci il seçkilərindən sonra parlamentdəki bitərəf deputatlar sayca (55 nəfər) birinci yerdə idilər. Sonradan onların bir çoxu YAP-a üzv oldular və birinci çağırış Milli Məclisin səlahiyyət müddətinin sonuna doğru bitərəf deputat korpusunun sayı təxminən 30 nəfərə enmişdi.

Bu baxımdan 6 noyabr seçkilərində bitərəf namizədlərin əldə etdiyi uğur seçki yarışının ən diqqətçəkən nəticələrindən hesab olunmalıdır. Xatırladaq ki, budəfəki seçkilərdə indiyədək görünməmiş sayda bitərəf namizəd iştirak edirdi (qeydə alınmış 2063 namizəddən 963-ü) və onların 40 nəfəri deputat mandatı əldə edib. 2000-ci ildə seçilmiş parlamentdə bitərəf deputatların sayı 30 nəfər idi və qeyd etdiyimiz kimi, birinci çağırış Milli Məclisdə də sonda təxminən o sayda bitərəf deputat qalmışdı. Həzərə alsaq ki, hələ 10 dairədə yeni seçkilər olacaqdı, onda yeni parlamentdəki bitərəf deputatların sayının daha da artmasını gözləmək olardı.

Müstəqil namizədlərin seçkilərdəki bu nailiyyəti hər şeydən öncə cəmiyyətdə önə çıxan yeni tendensiyadan xəbər verir. Bu onun göstəricisidir ki, artıq cəmiyyətdə heç bir partiya mənsubiyyəti olmayan (iqtidar və ya müxalifətdə olmasından asılı olmayaraq) insanların siyasi fəallığı, o cümlədən onların qanunverici orqanda geniş təmsilçiliyi mühüm ictimai sifariş hesab olunur. Bu baxımdan qeyd olunan tendensiyanın yeni parlamentin fəaliyyətində özünü necə göstərəcəyi, həmçinin bütövlükdə ölkənin siyasi həyatında hansı təmayüllərə təkan verəcəyi maraq doğurur. Yeri gəlmişkən, yeni parlamentin rəhbər strukturların formalaşmasında qismən nəzərə alınıb. Parlamentin üç vitse-spikerindən biri bitərəfləri təmsil edir, bundan əlavə, 11 daimi komissiyadan 2-nin (iqtisadi siyasət və təbii ehtiyatlar, ekologiya və energetika komissiyaları) sədri bitərəfdir.

Qeyd etmək lazımdır ki, budəfəki seçkilərdə bitərəf namizədlər bir sıra dairələrdə təkcə müxalifət düşərgəsindən şanslı hesab edilən iddiaçıları deyil, həmçinin hakim partiyanın rəsmi siyahı üzrə irəli sürdüyü namizədləri, özü də çox böyük fərqlə üstələyiblər. Məsələn, 96 saylı Goranboy-Haftalan dairəsində bitərəf Gültəkin Hacıyeva 79 faiz səs qazandığı halda YAP-ın rəsmi namizədi cəmisi 0,9 faiz səs əldə edib, 101 saylı Xanlar-Daşkəsən dairəsində bitərəf Rövşən Rzayev 64,3 faiz səs topladığı halda hakim partiyanın namizədi 2,3 faiz səslə kifayətlənməli olub.

Yeri gəlmişkən, yeni parlamentin deputatlarının seçici dəstəyi baxımdan nəticələri də ortaya maraqlı statistika qoyur. Üçüncü çağırış Milli Məclisə ən yüksək seçici dəstəyi ilə seçilmiş deputat, gözlənildiyi kimi, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oldu. 14 saylı Əzizbəyov dairəsində seçicilərin 92 faizi (21,6 min səs) ona etimad göstərib. 91 saylı Ucar dairəsindən Elton Məmmədov (bitərəf) 87 faiz, 70 saylı Masallı dairəsindən Əhəd Abıyev (YAP) 85 faiz səs toplayıb. Parlamentə ən aşağı seçici dəstəyi ilə seçilənlər arasında isə 125 saylı Zəngilan-Qubadlı dairəsindən YAP-çı İmamverdi İsmayılovu (17,5 faiz), 41 saylı Sumqayıt dairəsindən müsavatçı İkram İsrafilovu (18,5), 29 saylı Səbail dairəsindən bitərəf Fuad Muradovu (21 faiz) göstərmək olar.

Ümumilikdə isə minimal seçicinin səsi ilə mandat qazanmış şəxslərin sırasında özünəməxsus "rekord" 122 saylı Xankəndi dairəsindən bitərəf Həvva Məmmədovaya məxsusdur. O, cəmisi 3300 seçicisi olan bu dairədən vur-tut 765 seçicinin səsi ilə Milli Məclisə üzv seçilib. Yəqin ki, gələcəkdə bu göstəricini "təzələmək" kimsəyə müyəssər olmayacaq.

Yeni parlamentdəki müxalifət təmsilçilərinə gədikdə isə, qeyd etmək lazımdır ki, ümumilikdə bu düşərgədən 15 nəfər deputat mandatı qazanıb. "Azadlıq" blokundan 6 (o cümlədən 4 nəfər Müsavat təmsilçisi), "Yeni siyasət" blokundan 2 namizəd deputat seçilib. Bundan əlavə, Liberal Partiyasının ("Milli Birlik" hərəkatı), "Ümid", Vətəndaş Həmrəyliyi, Demokratik İslahatlar, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Vətəndaş Birliyi partiyalarının hərəsindən bir namizəd deputat adı qazanıb.

Lakin müxalifət düşərgəsinin yekcins olmaması, çox güman ki, yeni parlamentdə də müxalifətçi deputatların vahid mövqedən çıxış etməsini mümkünsüz edəcək. Digər tərəfdən, müxalifətin bu dəfə də parlamentdə rəsmi fraksiya yaratması (bunun üçün ən azı 25 deputatın olması zəruridir) mümkün olmayacaq. Qeyd edək ki, ötən parlamentdə də müxalifətçi deputatların sayı 15 nəfər idi. Lakin 10 dairədə yeni seçkilərin olacağını nəzərə alsaq, budəfəki parlamentdə müxalifətçilərin sayının artacağını gözləmək olar. Yeri gəlmişkən, 1995-ci ildə seçilmiş Milli Məclisdə cəmisi 10 müxalifətçi deputat vardı.

Yeni parlamentdə YAP-ı dəstəkləyən iqtidaryönlü partiyaların təmsilçiləri isə ötən Milli Məclisə nisbətən azalıb. İkinci çağırış deputat korpusunda onların sayı 4 nəfər idi, indi isə 3-ə ("Ana Vətən" - 2, Sosial Rifah -1) enib. Yeri gəlmişkən, 1995-ci il parlamentində bu kateqoriyadan 5 deputat vardı.

Yeni Milli Məclisdə qadın deputatların sayı isə nisbətən artıb. İkinci çağırış parlamentdə 13 qadın təmsil olunurdu, indi onların sayı 15-ə çatıb. Onlardan 9-u bitərəf, 5-i YAP üzvü, bir nəfər isə müxalifət nümayəndəsidir. Eyni zamanda, əlavə seçkilərdə qadın deputatların sayı arta bilər. Yeri gəlmişkən, 1995-ci il parlamentində də 15 qadın deputat olmuşdu.

Ümumilikdə yeni deputat korpusuna gəldikdə isə, qeyd etmək lazımdır ki, indilik mandat qazanmış 115 nəfərdən 53-ü ötən parlamentdə təmsil olunub. Maraqlıdır ki, 2000-ci il parlamenti seçiləndə də deputat korpusunun 53 nəfəri ondan öncəki, yəni 1995-ci il parlamentinin üzvü olmuş şəxslər idi. Xatırladaq ki, budəfəki 6 noyabr seçkilərində ikinci çağırış parlamentin 74 üzvü namizəd kimi iştirak edirdi.

Bundan əlavə, bu dəfə yeni Milli Məclisə seçilmiş 19 nəfər həm də 1995-ci il parlamentinin üzvü olub, yəni dalbadal üçüncü dəfə deputat mandatı əldə edib. Lakin bu da hamısı deyil. Yeni parlamentdə hələ 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş şəxslər də var. Düzdür, dalbadal 4-cü dəfə mandat qazanmış bu şəxslərin sayı cəmisi üç nəfərdir: Sabir Rüstəmxanlı, Arif Rəhimzadə, Zeynəb Xanlarova. Bununla yanaşı, budəfəki parlamentdə 1990-1995 Ali Sovetinin deputatı olmuş şəxslər də (Vahid Əhmədov, Pənah Hüseyn) yer alıblar.

Ötən yazıda qeyd etdiyimiz kimi, ikinci çağırış Milli Məclisdən yalnız bir nəfər (Ziyafət Əsgərov) yeni parlamentin rəhbərliyində yerini saxlayıb. Halbuki 2000-ci il seçkilərindən sonra parlamentin ondan öncəki rəhbərliyi olduğu kimi qalmış, yəni sədarətdə heç bir dəyişiklik baş verməmişdi.

Bu dəfə təkcə parlamentin sədarəti deyil, daimi komissiyaların rəhbərliyi də xeyli təzələnib. 11 daimi komissiyadan yalnız beşinin sədri yeni tərkibdə də bu postu saxlayıb. Maraqlıdır ki, yerdə qalan 6 komissiyanın ötən parlamentdəki rəhbərlərindən biri (Sirus Təbrizli), ümumiyyətlə, seçkilərdə iştirak etməyib, beşi isə seçkilərdə məğlubiyyətə uğrayıb.

Yeni parlamentə seçilmiş 115 nəfərdən 114-ü ali təhsillidir, yalnız bir nəfərin (Zeynəb Xanlarova) orta ixtisas təhsili var. Ümumilikdə isə yeni deputat korpusunun 26 üzvü ixtisasca mühəndis, 17-si hüquqşünas, 16-sı iqtisadçı, 9-u tarixçi, 8-i filoloq, 6-sı həkimdir. Jurnalist və müəlilim ixtisasının hərəsindən 4, riyaziyyatçı, filosof və şərqşünas ixtisasının isə hərəsindən 3 deputat var. Bundan əlavə, parlamentdə əmtəəşünas, psixoloq, filosof, bioloq, kənd təsərrüfatı mütəxəssisi və s. ixtisas sahibləri də var.

Deputatların yaşına gəldikdə isə, yeni parlamentin ən qocaman üzvləri Cəlal Əliyev və Murtuz Ələsgərovdur (1928-ci il təvəllüdlü), ən gənc deputat isə Fuad Muradovdur (1979-cu il təvəllüdlü). Deputatların 23 nəfəri 25-40 yaş arasında, 36-sı 41-50 yaş, 40-ı 51-60 yaş arasındadır. 16 deputatın yaşı isə 60-dan çoxdur.

Daha bir maraq doğura biləcək statistika. Yeni parlamentdə ən çox yayılmış soyadı Məmmədov(a) və Əliyev(a) soyadlarıdır - hərəsindən 7 nəfər. Bundan əlavə, parlamentdə 6 deputat Quliyev(a), 5 nəfər isə Əhmədov(a) və Hacıyev(a) soydalarını daşıyırlar. Bundan əlavə, yeni parlamentdə Abbasov, Abdullayev, Qurbanov, Həsənov(li) və Hüseynov soyadlarının hərəsinin 3, Abıyev, Aslanov, Ələsgərov, Kazımov(lı), Muradov, Paşayev, Rzayev, Səmədov(zadə) və Xəlilov soyadlarının hərəsinin 2 təmsilçisi var.

Nəhayət, üçüncü çağırış Milli Məclisə seçkilərlə bağlı 2005-ci ilə aid axırıncı faktı qeyd edək. Dekabrın 9-da prezident İlham Əliyev Konstitusiyasının 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 172-ci maddəsinə uyğun olaraq nəticələri ləğv olunmuş 10 dairədə təkrar seçkilərin keçirilməsi barədə sərəncam imzaladı. Sərəncama əsasən, 9 saylı Binəqədi ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa, 110 saylı Zaqatala, 119 saylı Ağdam kənd seçki dairələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının təkrar seçkiləri 2006-cı il mayın 13-nə təyin edildi.

 

7. Təkrar seçkilərlə tamamlanan parlament

13 may 2006-cı iı təkrar parlament seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsinin 2006-cı il iyunun 5-də elan etdiyi yekun qərar həm də 2005-ci il iyulun 5-də rəsmi start verilmiş parlament seçkiləri yarışına son nöqtəni qoydu.

Xatırladaq ki, 2005-ci il 6 noyabrında seçilmiş 115 deputatın mandatının Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunması və üçüncü çağırış Milli Məclisin fəaliyyətə başlamasından (2 dekabr 2005) sonra prezident İlham Əliyev 2005-ci il dekabrın 9-da nəticələri ləğv edilmiş 10 dairədə təkrar seçkilər keçirilməsi barədə sərəncam imzaladı. Sərəncama əsasən, 9 saylı Binəqədi ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Hizami (Gəncə) ikinci, 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa, 110 saylı Zaqatala və 119 saylı Ağdam kənd seçki dairələrində təkrar seçkilər 2006-cı il mayın 13-nə təyin edildi.

Seçki kampaniyasının ilk mərhələsində (namizədlərin irəli sürülməsi) nəzərəçarpacaq fəallıq yalnız fevralın əvvəlindən özünü göstərməyə başladı. Bu müddət həm də müxalifət düşərgəsində təkrar seçkilərlə bağlı qığzın diskussiyalarla yadda qaldı. 6 noyabr seçkilərində məğlubiyyətə uğramış müxalifət partiyalarının bir qismi həm təkrar seçkiləri, həm də yeni parlamenti boykot etməyə çağırır, seçkilərdə qismən deputat yeri qazanmış qüvvələr isə ötən illərin təcrübəsini əsas gətirərək boykot qərarının səmərəsiz olduğunu bildirirdilər. Boykotun fəal tərəfdarlarından olan Liberal Partiyanın lideri Lalə Şövkət (17 saylı Yasamal üçüncü dairəsindən seçilmişdi) fevralın əvvəlində deputat mandatından rəsmən imtina etdi.

Müxalifətdaxili ziddiyyətlər "Azadlıq" blokunda özünü daha bariz göstərdi. 6 noyabrda blokun əldə etdiyi 6 deputat yerindən 4-ü Müsavat Partiyasının payına düşmüşdü. Odur ki, "Müsavat" boykot taktikasına qarşı çıxdı. Üstəlik beynəlxalq təşkilatlar, o cümlədən Azərbaycanda siyasi prosesləri diqqətlə izləyən Avropa Şurası Parlament Assambleyası da müxalifət qüvvələrini boykotdan vaz keçməyə çağırdı. Nəticədə Xalq Cəbhəsi, Demokrat və Liberal partiyaları boykot yolunu tutsa da, qalan siyasi qüvvələr təkrar seçkilərdə iştirak etmək qərarına gəldilər.

Müsavatçı deputatların yeni parlamentin işinə qoşulması "Azadlıq" blokunun parçalanmasını rəsmiləşdirdi. Onların ardınca 6 noyabr seçkilərində "Azadlıq" blokunun namizədi olaraq qalib gəlmiş Pənah Hüseyn, onun ardınca isə AXCP-nin mandat almış yeganə təmsilçisi Cəmil Həsənli parlamentin işində iştirak etmək qərarına gəldi. 2000-ci il seçkilərindən sonra olduğu kimi (o vaxt deputat mandatından yalnız bir nəfər - Mirmahmud Mirəlioğlu imtina etmişdi), bu dəfə də müxalifətin boykot taktikası uğursuz oldu.

Fevralın ortalarından deputatlığa namizədlərin irəli sürülməsi vüsət götürdü və nəticədə iddiaçıların sayı 6 noyabr seçkilərinin rekord göstəricisini (hər dairə üzrə orta hesabla 18 iddiaçı) üstələdi. Təkrar seçkilərdə 10 dairə üzrə ümumilikdə 218 iddiaçı imza vərəqi götürmüşdü. Martın 3-də namizədlərin irəli sürülməsi mərhələsi başa çatdı. Martın 13-də isə namizədlərin qeydə alınması sona çatdı və MSK seçki kampaniyasının birinci mərhələsinin yekunlarını açıqladı.

İmza vərəqələri götürmüş 218 iddiaçıdan 196-sı zəruri seçici imzalarını (minimum 450) toplayaraq müvafiq dairə seçki komissiyalarına təqdim etmişdi. Öz növbəsində DSK-lar ümumilikdə 22 nəfərin qeydiyyat müraciətinə rədd cavabı vermişdi. Bu göstərici (hər 9 iddiaçıdan biri) 6 noyabr seçkiləri ilə müqayisədə çox idi. MSK-nın məlumatına görə, qeydiyyatda imtina edilən şəxslərdən əksəriyyəti imzaların toplanması və digər zəruri sənədlərin hazırlanmasında qanun pozuntularına yol vermişdilər. Bundan əlavə, imza vərəqələrini təhvil vermiş daha 20 iddiaçı hələ qeydiyyat mərhələsi başa çatmamış seçkidə iştirakdan könüllü imtina etdi.

Martın 14-də start götürən təbliğat mərhələsinə 154 namizəd çıxmışdı. Namizədlərin dairələr üzrə orta nisbəti elə 6 noyabr seçkilərində olduğu kimi (hər dairəyə 16 namizəd) idi. Ən çox namizəd, 6 noyabrda olduğu kimi, yenə 9 saylı Binəqədi ikinci seçki dairəsində (39 iddiaçıdan 22-si qeydə alınmışdı) payına düşmüşdü. Ən az namizəd 106 saylı Tovuz-Qazax-Ağstafa və 110 saylı Zaqatala seçki dairəsində qeydə alınmışdı - 10 nəfər. Diqqətçəkən məqamlardan biri də o idi ki, 103 saylı Gədəbəy seçki dairəsində qeydə alınmış 18 namizəddən 8-i YAP təmsilçisi idi, özü də onların hamısı fərdi qaydada namizədliyini irəli sürmüşdü.

Yeri gəlmişkən, hakim partiya təkrar seçkilərdə 10 dairədən yalnız 6-da rəsmi namizəd irəli sürmüşdü. Daha 17 nəfər YAP-çı fərdi qaydada seçkidə iştirak edirdi. Müsavat Partiyası 7 dairə üzrə rəsmi namizəd irəli sürmüş, partiyanın daha 5 üzvü isə fərdi qaydada seçkiyə qoşulmuşdu. Qeyd edək ki, "Müsavat" rəhbərliyindən yalnız başqan müavini Arif №acıyev (110 saylı Zaqatala dairəsi) təkrar seçkilərdə iştirak edirdi. Digər partiyalardan AMİP 5 namizədlə, BAXCP, "Ədalət", "Ümid" hərəyə 3, AXCP ("klassiklər") 2 namizədlə təmsil olunurdu. Daha 10 partiya təkrar seçkilərə hərəyə bir namizədlə qoşulmuşdu. Təkrar seçkilərdə təmsil olunan partiyaların sayı 6 noyabr seçkilərinə nisbətən iki dəfə az idi.

Hamizədlərin təxminən yarısını (71 nəfər) bitərəflər təşkil edirdi. 12 namizəd isə partiya üzvü olsa da, siyasi mənsubiyyətini göstərməmişdi. Hamizədlərin 27-si (təxminən 17 faiz) qadın idi. 6 noyabr seçkilərində qadın namizədlərin sayı nisbətən az (11 faiz) olmuşdu. Eyni zamanda, o da maraqlıdır ki, təkrar seçkilərdə qadın namizədlərdən heç biri uğur qazanmadı, halbuki 6 noyabr seçkilərində deputat mandatı əldə etmiş 115 nəfərdən 15-i zərif cinsin nümayəndəsi olmuşdu. Təkrar seçkilərdə 6 noyabr seçkilərində iştirak edərək uğur qazana bilməyən iddiaçılar (40-a yaxın) da vardı. O cümlədən ikinci çağırış Milli Məclisin deputatlarından 6-sı bu seçkilərdə qüvvəsini sınamaq qərarına gəlmişdi.

Təkrar seçkilərin bir özəlliyi də ondan ibarət oldu ki, bu dəfə təbliğat kampaniyası, 6 noyabr seçkilərindən fərqli olaraq, sakit və faktiki olaraq qalmaqalsız keçdi. Siyasi partiyaların heç biri paytaxtda, yaxud bölgələrdə kütləvi aksiya keçirmədi. Namizədlərin əksəriyyəti bilavasitə seçicilərlə görüşlərə üstünlük verirdilər. Təbliğat kampaniyasının son həftələrində bir sıra namizədlər televiziya efirindən istifadə etməyə başladılar.

İki aya yaxın (3 mart - 11 may) sürən təbliğat kampaniyası gedişində 30 namizəd seçki yarışını tərk etmişdi. Onların əksəriyyəti bu addımı könüllü olaraq atmış, bəziləri təmsil etdikləri partiyaların çağırışı ilə daha şanslı həmkarlarına güzəştə getmişdilər. Bir neçə namizəd, o cümlədən hakim partiyanın 9 saylı Binəqədi ikinci dairəsindən namizədi Elşad Abdullayev (Beynəlxalq Universitetin rektoru) seçiciləri maddi təşviqlə ələ almaqda ittiham olunaraq Apellyasiya Məhkəməsinin qərarı ilə seçki yarışından kənarlaşdırıldı.

Beləliklə, 13 mayda səsvermə günü 10 dairə üzrə seçki bülletenlərinə 124 namizədin adı salınmışdı. Hamizədlərin sayına görə lider və autsayder dairələr də dəyişməmişdi: 9 saylı Binəqədi ikinci (18 namizəd) və 106 saylı Tovuz-Qazax-Ağstafa (7) və 110 saylı Zaqatala (7). 10 dairə üzrə ümumilikdə 390 minə yaxın seçici qeydə alınmışdı və onların 142,6 mini, yəni 36,5 faizi səsvermədə iştirak etmişdi. Ayrılıqda dairələrə gəldikdə, ən yüksək iştirak 110 saylı Zaqatala dairəsində (59,3 faiz), ən aşağı göstərici isə 9 saylı Binəqədi ikinci dairəsində (19,07 faiz) qeydə alınmışdı.

Səsvermənin gedişini 15 beynəlxalq təşkilatı təmsil edən 165 nəfər xarici və 6,5 minə yaxın yerli müşahidəçi izləmişdi. Səsvermə zamanı ciddi qanun pozuntusu qeydə alınmamış, ayrı-ayrı insidentlərlə bağlı MSK-ya müraciətlərə operativ şəkildə baxılmışdı. 6 noyabr seçkilərində olduğu kimi, təkrar seçkilərdə də bir neçə yerli və xarici təşkilat "exit-poll" keçirmişdi. Onların içərisində ABŞ-ın Respublikaçılar İnstitutu tərəfindən aparılan "exit-poll"un nəticələri xüsusi maraqla gözlənilirdi və əlamətdardır ki, 10 dairə üzrə məlumatlar MSK-nın elan etdiyi nəticələrlə üst-üstə düşdü. Xatırladaq ki, 6 noyabr seçkilərində "exit-poll"un nəticələri MSK-nın rəsmi məlumatları ilə təxminən 85-90 faiz eyni olmuşdu.

Digər əlamətdar məqam o idi ki, bu dəfə ayrı-ayrı beynəlxalq müşahidəçilərin seçkilərlə bağlı qənaəti, 6 noyabra nisbətən daha müsbət olmaqla bərabər, ümumən bir-biri ilə üst-üstə düşmüşdü. O cümlədən Avropa Şurasını və ATƏT-i təmsil edən müşahidəçilər qrupu təkrar seçkilərin daha şəffaf və demokratik keçdiyini elan etdilər. Eyni zamanda, beynəlxalq müşahidəçilər bir sıra irad və tövsiyələrini (o cümlədən seçki komissiyaların tərkibinə yenidən baxılması ilə bağlı) bildirdilər. Ümumilikdə təkrar seçkilərə verilən beynəlxalq qiymət 6 noyabr seçkiləri ilə müqayisədə daha müsbət və məqbul idi.

Bilavasitə seçkinin nəticələrinə gəldikdə isə, 10 dairədən 5-də YAP-ın nümayəndələri, 3 dairədə bitərəf namizədlər, 2 dairədə isə müxalifət təmsilçisi qalib gəldi. Maraqlıdır ki, seçkidə uğur qazanan hər iki müxalifətçi bu düşərgənin mödətil qanadını ("Ədalət" və Vətəndaş Həmrəyliyi partiyaları) təmsil edir. Təkrar seçkilərdə uğur qazanan şəxslərdən 7-si ilk dəfə Milli Məclisə üzv seçiliblər, 3 nəfər (Asəf Hacıyev, Fəzail İbrahimli, Bəxtiyar Sadıqov) isə ikinci çağırış parlamentin deputatı olublar.

Nəhayət, 2006-cı il iyunun 5-də Konstitusiya Məhkəməsinin plenumu təkrar seçkilərin nəticələrinə dair son qərarı açıqladı və MSK-nın 10 dairə üzrə qalib elan etdiyi şəxslərin deputat mandatlarını təsdiqlədi. Bu, həm də ümumilikdə 11 ay davam etmiş parlament seçkilərinin başa çatması demək idi.

Hərçənd yeni parlamentdə hələ bir vakant yer qalmaqdadır (Lalə Şövkətin mandatdan imtinasından sonra 17 saylı Yasamal üçüncü dairəsi üzrə yeni seçki hələ elan olunmayıb), ümumilikdə üçüncü çağırış Milli Məclisinin tam şəkildə formalaşdığını qeyd etmək olar.

O ki qaldı yeni parlamentin tamamlanmış tərkibinə və siyasi spektrinə, 6 noyabr seçkiləri ilə müqayisədə elə bir dəyişiklik baş verməyib. №akim partiyanın deputatlarının sayı 56-dan 61-ə çatıb. Bitərəf deputatlar indi 44 nəfər təşkil edirlər. Parlamentdəki təmsilçilərinin sayına görə, Müsavat Partiyası üçüncüdür. Müsavatçı deputatlara qoşulmuş P.Hüseyni də nəzərə alsaq, bu partiyanın üçüncü çağırış Milli Məclisdə 5 nümayəndəsi var. AXCP sıralarından istefa verərək parlamentin işinə qatılmış C.Həsənli isə hələlik heç bir siyasi qruplaşmaya qoşulmayıb. "Ana Vətən" və VHP-nin parlamentdə hərəyə 2 deputatı var. "Yeni siyasət" blokundan da 2 nəfər deputat seçilsə də, bu blok ləğv olunduğundan indi onlar müstəqil şəkildə fəaliyyət göstərirlər.

Bundan əlavə, daha 7 partiyanın ("Ədalət", "Ümid", Sosial Rifah, Demokratik İslahatlar, BAXCP, Böyük Quruluş və Vətəndaş Birliyi partiyaları) parlamentdə hərəyə bir deputatı var. Ümumilikdə üçüncü çağırış Milli Məclisdə müxalifət düşərgəsini 16 deputat təmsil edər. Deputatlardan 14-ü qadındır. 124 deputatdan 56-sı ikinci çağırış, 20 nəfər isə həmçinin birinci çağırış Milli Məclisin deputatı olub.

Beləliklə, Azərbaycanın müstəqillik tarixində sayca üçüncü Milli Məclis fəaliyyətə başladı. Yeni parlamentin fəaliyyəti Azərbaycanda mövcud qanunvericilik bazasının daha da təkmilləşdirilməsi, onun mütərəqqi dünya standartlarına tam şəkillə uyğunlaşdırılması baxımından böyük önəm kəsb edəcək.

Yeni parlament həmçinin Azərbaycan dövlət quruculuğu və demokratik inkişaf prosesinə layiqli töhfəsini verməli, ölkə rəhbərliyinin apardığı islahatlar kursunun gerçəkləşməsində fəal iştirak etməlidir. Təsadüfi deyil ki, prezident İlham Əliyev də 2005-ci il dekabrın 2-də yeni parlamentin açılışında etdiyi çıxışında bu məqamı xüsusi qeyd edərək yeni parlamentin ölkədəki islahatlar prosesinə ictimai nəzarətin həyata keçirilməsində fəal rol oynamasının zəruriliyini vurğulamışdı.

Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu

 

Qeyd: «Azərbaycanda parlamentarizm: tarix və bu gün» silsiləsindən olan bütün məqalələr 2005-ci ilin may-dekabr və 2006-cı ilin iyun aylarında «525-ci qəzet»də dərc olunub.

Məqalələrdən istifadə zamanı Effektiv Təşəbbüslər Mərkəzinə istinad olunmasını rica edirik.  

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009