ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyətlərarası dialoq

UNESCO-nun baş direktoru Koişiro Matsuura:

“Azərbaycanın milli mənəvi dəyərlərinin qorunması və dünyaya çatdırılmasında böyük işlər görülür” 

Martın 18-dən 25-dək Bakı “Muğam aləmi” Beynəlxalq Festivalına ev sahibliyi etmişdir. Milli mədəniyyətimizin və xalq sənətimizin qorunması və inkişafına yüksək diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın 40-dan cox ölkəsinin muğam ifaçısı Beynəlxalq Muğam Festivalında bir araya gəlmişdir. İslam mədəniyyətinin paytaxtı Bakı bir həftə ərzində dunya mədəniyyətinin şah əsəri adlandırılan muğamın məkanına çevrilmişdir. Şərq dünyasının ən qiymətli incisi sayılan muğam dünya ictimaiyyətinin nəzərlərini bir daha Azərbaycana yönəltmişdir. Festival çərçivəsində muğama həsr olunan müzakirələr, klassik və simfonik muğamların gözəl ifaları, Beynəlxalq muğam müsabiqəsi qaliblərinin unudulmaz çıxışları, məşhur musiqiçilərin konsertləri qədim və həmişəyaşar muğam sənətinin bütün zənginliyini nümayiş etdirərək, festival proqramını həm rəngarəng, həm də yaddaqlan etmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülür. Azərbaycan muğamının UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması da bilavasitə bunun nəticəsidir. UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanımın təşəbbüsü ilə keçirilən Beynəlxalq muğam festivalı da Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması, təbliği və sevilməsi istiqamətində mühüm tədbirlərdən biridir.

Festivalın təşkilatçıları Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqıdır. Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Mədəniyyətinin Dostları Fondu festivala dəstək verir. Beynəlxalq festivalın prezidenti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır. “Muğam aləmi” festivalında Azərbaycan ilə yanaşı, ABŞ, Fransa, İtaliya, Almaniya, Suriya, İraq, Mərakeş, Özbəkistan, İran, Misir, Hindistan və digər ölkələr də təmsil olunub. Festival çərçivəsində elmi simpozium keçirilmişdir.

Festivalın Muğam Mərkəzində keçirilən açılışında Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, UNESCO-nun baş direktoru Koişiro Matsuura iştirak etdilər. Qonaqlar mərkəzdə təşkil edilmiş qədim musiqi alətləri sərgisi ilə də tanış oldular. Burada Beynəlxalq muğam festivalında iştirak edən ölkələrin musiqi alətləri nümayiş etdirilir ki, bu da həmin ölkələrin mədəniyyəti, o cümlədən muğam sənəti barədə geniş təsəvvür yaratmağa imkan verir. Sonra festivalın rəsmi açılış mərasimi oldu. Dövlət başçısı mərasimdə çıxış etdi.     

                Prezident İlham Əliyevin nitqi

İlk növbədə mən sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqına xoşbəxtlik və cansağlığı arzulayıram. Bu gözəl bayram günündə biz Azərbaycanda muğam festivalının açılışında bərabər iştirak edirik. Çox əlamətdar hadisədir, demək olar ki, Azərbaycanda bu günlərdə muğam həftəsi yaşanır. İki gün bundan əvvəl muğam üzrə elmi simpozium öz işinə başlamışdır, bu gün muğam festivalının açılışıdır. Eyni zamanda, Azərbaycanda Beynəlxalq muğam müsabiqəsi də keçiriləcəkdir. Müxtəlif ölkələrdən çoxsaylı qonaqları səmimiyyətlə salamlayıram və əminəm ki, həm elmi simpoziumda, həm də müsabiqədə, festivalda bizim qonaqlarımız öz istedadını, öz məharətini göstərəcəklər.

Bu hadisə bizim üçün çox önəmlidir. Muğam Azərbaycanın milli sərvətidir. Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır. Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir. Bizim görkəmli muğam ustalarımız öz məharətini, öz biliklərini gənc nəslə ötürürlər. Azərbaycanda ənənəvi olaraq keçirilən muğam müsabiqələri də bu işdə çox mühüm rol oynayır. Azərbaycanı muğamsız və muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyildir.

Təsadüfi deyil ki, birinci Beynəlxalq muğam festivalı məhz Azərbaycanda, bu gözəl Muğam Mərkəzində keçirilir. Bu, Muğam Mərkəzində keçirilən ilk beynəlxalq tədbirdir. Bu gözəl bina, bir tərəfdən, müasir standartlara tam cavab verir, digər tərəfdən, milli üslubda tikilibdir və əminəm ki, bundan sonra uzun illər ərzində Muğam Mərkəzi bütün muğamsevərləri sevindirəcək, sözün əsl mənasında, muğam evinə çevriləcək və belə gözəl tədbirlərin keçirilməsi Azərbaycanda gözəl ənənəyə çevriləcəkdir. Eyni zamanda, bu festivalın və Azərbaycanda keçirilən muğam həftəsinin timsalında görürük ki, muğam insanları, xalqları birləşdirir. 17 ölkədən 150-dən çox qonaq bu tədbirlərdə fəal iştirak edəcəkdir.

Muğam məhəbbət sənətidir, muğam dostluq sənətidir, qardaşlıq sənətidir. Ümid edirəm ki, bu günlərdə qoyulan bu gözəl yeni ənənə yaşayacaq və Azərbaycanda muğam festivallarının keçirilməsi ənənəyə çevriləcəkdir. Bu gözəl binanın tarixini siz yaxşı bilirsiniz, Muğam Mərkəzinin yaradılması ilə əlaqədar qərar veriləndə məhz şəhərin ən gözəl yeri seçilməliydi. Dənizkənarı bulvar Bakı şəhərinin ən gözəl yerlərindən biridir və məhz bu gözəl yerdə Muğam Mərkəzi tikilməliydi.

Bu gün bizimlə bərabər bu tədbirdə UNESCO-nun baş direktoru cənab Matsuura iştirak edir. Qeyd etmək istəyirəm ki, məhz cənab Matsuuranın iştirakı ilə 2005-ci ildə bu gözəl binanın təməli qoyulmuşdur və mən o günü çox yaxşı xatırlayıram. O gözəl gündə bizim görkəmli incəsənət xadimlərimiz iştirak edirdi. Biz birlikdə təməl daşını qoyduq və indi bu gözəl tədbirdə iştirak edirik. Ondan sonra, 2008-ci ildə cənab Matsuura Bakıda olarkən tikinti ilə tanış oldu və yenə də biz birlikdə Muğam Mərkəzinin yanında yerləşəcək yeni, müasir Xalça Muzeyinin təməlini qoyduq və artıq tikinti başlanmışdır. Ümid edirəm ki, yaxın zamanlarda Azərbaycanda dünyanın istənilən inkişaf etmiş şəhərinin əlavə yaraşığı ola biləcək müasir Xalça Muzeyi tikilib istifadəyə veriləcəkdir.

Bu gün biz bütün günü birlikdəyik. Cənab Matsuura Azərbaycanda əziz qonaqdır, Azərbaycanın böyük dostudur, UNESCO ilə Azərbaycan arasında əlaqələrin inkişafında onun çox böyük rolu var. Bu gün biz Novruz bayramı şənliklərində bərabər iştirak etmişik. Onu da vurğulamaq istəyirəm ki, bu gün Azərbaycanın mədəni həyatında çox əlamətdar və tarixi hadisə baş vermişdir. Azərbaycanda yeni, çox gözəl Müasir İncəsənət Muzeyi açılmışdır və o muzeydə bizim görkəmli rəssamlarımızın əsərləri nümayiş etdirilir. O əsərlər ki, onlar illərlə hansısa anbarlarda, yaxud da ki, evlərdə, yararsız yerlərdə saxlanılırdı. İndi bu əsərlərə yeni həyat verilib və Müasir İncəsənət Muzeyi də öz zövqlü tərtibatı ilə fərqlənir. Əminəm ki, müasir üslubda, dizaynda yaradılmış, eyni zamanda, böyük milli məna daşıyan muzey Bakı sakinlərinin diqqətini cəlb edəcəkdir.

Muğam Mərkəzi də eyni üslubdadır – müasirlik, yenilik və eyni zamanda, milli dəyərlərə münasibət, milli köklərə bağlılıq. Əslində, bugünkü Azərbaycanı təsvir edən bu ideya artıq hamıya bəllidir və çox aydındır. Biz köklü əsaslar üzərində - tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü, dünyəvi, qüdrətli Azərbaycan qururuq və bu işdə artıq böyük nailiyyətlərə çatmışıq. Azərbaycan inkişaf edir, Azərbaycan çiçəklənir, iqtisadi, siyasi islahatlarla yanaşı, mədəniyyətlə bağlı məsələlərə çox böyük diqqət göstərilir. İndiki böhranlı günlərdə mədəniyyət sahəsinə vəsaitin ayrılması və onun prioritet kimi dövlətin diqqət mərkəzində qalması çox şeyi deyir, çox şey ifadə edir. İlk növbədə, bizim öz mədəni irsimizə, zəngin mədəniyyətimizə, tariximizə, milli ənənələrimizə olan münasibəti göstərir.

Azərbaycan xalqı daim öz milli köklərinə bağlı xalq olmuşdur və bizim gələcək uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz bütün ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün ən önəmlisi, ən əzizi milli dəyərlərimizdir, Azərbaycan dəyərləridir. Bu dəyərlərin qorunub saxlanması üçün, gələcək nəsillərə etibar olunması və inkişaf etdirilməsi üçün, əlbəttə ki, öz potensialımızı biz hərtərəfli gücləndirməliyik. Güclü iqtisadiyyat, güclü sosial siyasət, zəngin tarixi irsimizə bağlılığımız və müasir dünyada ən yüksək standartlara çatmağımız - mən hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bu fikirləri bölüşür. Əminəm ki, Azərbaycanın inkişafı bundan sonra da uğurla davam etdiriləcəkdir. Əziz dostlar, əziz qonaqlar, mən sizi bu gözəl bayramlar münasibətilə bir daha təbrik etmək istəyirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

UNESCO-nun baş direktoru Koişiro Matsuuranın çıxışı

Prezident Əliyev və birinci xanım Əliyeva ilə bərabər sizinlə birlikdə Beynəlxalq muğam festivalının açılış mərasimində iştirak etmək mənim üçün böyük şərəfdir. Bu açılış mərasimi Novruz bayramı ilə üst-üstə düşür. Buraya gələndə mənim xatirimdə əvvəlki səfərim yaşanır. Prezident Əliyev qeyd etdiyi kimi, mən buraya 2005-ci ildə səfər etdim. İndi burada vurğulandı, o vaxt biz Prezident Əliyev və birinci xanım Əliyeva ilə birlikdə Muğam Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak etdik. Ondan sonra mən buraya bir daha səfər etdim, tikinti işləri ilə tanış oldum. O vaxt interyer işləri tamamlanmamışdı. İndi görürəm ki, işlərin hamısı başa çatdırılmışdır.

Azərbaycana səfərlərim zamanı mən bir daha şahid oldum ki, Prezident Əliyev və xanım Əliyeva qeyri-maddi mədəni irsin qorunmasına xüsusi diqqət yetirirlər. Azərbaycan xalqının mənəvi dəyərlərinin yaşanmasına böyük qayğı göstərirlər. Mən buna görə Prezident Əliyevə və birinci xanım Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm. Mən dəfələrlə ölkənizə səfər etdikdə sizin zəngin mədəniyyətinizin şahidi olmuşam, burada musiqinizi dinləmişəm, rəqslərinizi görmüşəm. Bütün bunlar qeyri-maddi mədəni irsin tərkib hissələridir.

2003-cü ildə Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin dəyəri kimi elan edilmiş və ümumi mədəni irs siyahısına salınmışdır. 2006-cı ildə UNESCO qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanı qəbul etdikdən sonra bu sahədə ölkəniz bir çox səylər göstərmişdir. Bu tədbirlərin keçirilməsi bütün Azərbaycan xalqının iradəsini bir daha nümayiş etdirir. Azərbaycanın milli mənəvi dəyərlərinin qorunması və gənc nəslə ötürülməsi və çatdırılmasında böyük, vacib işlər görülür. Bu gün açılışını etdiyimiz Beynəlxalq muğam festivalı gələcək illərdə də daim bizim ürəyimizdə yaşayacaqdır.

Mən çox şadam ki, Azərbaycan özünün zəngin mədəni irsinin qorunması istiqamətində aşıq sənətinin də UNESCO-nun qeyri-maddi mədəni irsin qorunduğu şah əsərlərin siyahısına daxil olunmasını təklif etmişdir. Mən bununla bağlı bildirmək istəyirəm ki, UNESCO-nun qeyri-maddi mədəni irs Komitəsinin 2009-cu ilin sentyabrında Abu-Dabidə keçiriləcək iclasında bu təklifə baxılacaqdır. Ümidvaram ki, Azərbaycan bu sahədə uğura nail olacaqdır. Azərbaycan eyni zamanda, Qırğızıstan, Pakistan, Türkiyə, Hindistan və Özbəkistan kimi Novruz bayramını qeyd edir. Bahar bayramı bu xalqların, ölkələrin mədəniyyətinin vacib bir hissəsi hesab olunur və bu bayram hazırda ekspertlər tərəfindən öyrənilməkdədir.

UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyası bizim bu sahədə gördüyümüz işi özündə əks etdirir. Bildirmək istəyirəm ki, bu cür mühüm Konvensiya UNESCO-ya üzv olan bir çox ölkələr tərəfindən ratifikasiya ediləndən sonra ölkələr arasında bu sahədə dialoqu daha da gücləndirəcək, qeyri-maddi mədəni irsin qorunmasında səyləri birləşdirəcək və sərhədləri siləcəkdir. Ona görə də beynəlxalq ictimaiyyət arzulayır ki, bu sahədə səylər birləşdirilsin və bütün ölkələr davamlı şəkildə birgə işləsinlər. Bütün bəşəri mədəni irsin qorunması, mədəniyyətin müxtəlifliyinin mühafizəsi üçün çalışsınlar. Bu baxımdan bizim təşkilat bu ölkələrin, o cümlədən sizin ölkənizin dəyərli səylərini alqışlayır və istəyir ki, nəinki gənc muğam istedadlarının, o cümlədən digər incəsənət nümayəndələrinin işinin, fəaliyyətinin daha da yaxşı şəkildə təşviq olunması üçün əlavə işlər görülsün. Bu baxımdan təşkilatımız öz yardımını göstərməyə hazırdır.

         

Bakıda beynəlxalq muğam müsabiqəsi başa çatdı

Azərbaycan xanəndəsi Təyyar Bayramov müsabiqənin “Qran-pri” mükafatına layiq görüldü

Bakıda keçirilən “Muğam aləmi” Beynəlxalq festival çərçivəsində muğam müsabiqəsinə martın 24-də yekun vurulmuşdur. Üç gün davam edən müsabiqənin münsiflər heyətinin üzvü, Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi mükafatlandırma mərasimini açaraq demişdir ki, Azərbaycan Novruz bayramı günlərində daha bir təntənəni yaşamışdır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə baş tutan bu möhtəşəm müsabiqə mədəniyyət sahəsində inkişafın yeni mərhələsinin başlandığından xəbər verir.

“Muğam aləmi” Beynəlxalq festivalı çərçivəsində keçirilən silsilə tədbirlər Azərbaycan xalqının musiqisinin, mədəniyyətinin, eləcə də muğamlarımızın təbliği, tədqiqi baxımından olduqca əhəmiyyətlidr. Beynəlxalq muğam müsabiqəsinin münsiflər heyətinin tanınmış üzvləri- Azərbaycanın xalq artistləri Arif Babayev, Ramiz Zöhrabov, UNESCO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq, Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın vitse-prezidenti, niderlandlı Vim Van Zanten, türkiyəli musiqişünas Fikrət Qaraqaya və Beynəlxalq Musiqi Sülh Mükafatı laureatı, almaniyalı Mixael Dreyer olduqca gərgin keçən yarışmanı ədalətli qiymətləndirmişlər. Siz münsiflər heyətinin çıxardığı qərarın obyektivliyinə indi əmin olacaqsınız.

Sonra mükafatlandırma mərasimi keçirilmişdir. Azərbaycan xanəndəsi Təyyar Bayramov münsiflər heyətinin yekdil qərarı ilə müsabiqənin baş mükafatı -“Qran-pri”yə layiq görülmüşdür. Ona fəxri fərman, 20 min avro pul mükafatı və festivalın emblemi təqdim edilmişdir.

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan müsabiqədə Özbəkistan təmsilçisi Yulduz Turdıyeva birinci yeri tutmuş, fəxri fərman, 15 min avro və müsabiqənin emblemi ilə mükafatlandırılmışdır. İkinci yerə İran musiqiçisi Məhəmməd Motamedi, üçüncü yerə isə misirli Mustafa Səid layiq görülmüşlər. Onlara da fəxri fərman, müfafiq olaraq 10 min və 5 min avro pul mükafatı və müsabiqənin emblemi təqdim olunmuşdur.

Müsabiqədə müxtəlif nominasiyalar üzrə fərqlənmiş müsiqiçilər də mükafatlandırılmışlar. Təhsil Naziriliyinin təsis etdiyi “Ən yaxşı müsiqi ifaçısı” mükatatını nazir Misir Mərdanov əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədova, Mədəniyyət və Turizn Nazirliyinin “Qarabağ şikəstəsi”nin ən yaxşı ifaçısı nominasiyası üzrə mükafatını nazir Əbülfəs Qarayev Tacikistanlı Xurşed İbrohimova, Azərbaycan Bəstəkarlar İttifaqının “Ən gənc ifaçı” mükafatını isə ittifaqın sədri, xalq artisti Firəngiz Əlizadə Arzu Əliyevaya təqdim etmişdir. Fərqlənmiş musiqiçilərin hər birinə fəxri fərman və min avro pul verilmişdir.

Müsabiqəyə İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə və Almaniyadan olan 20 ifaçı qatılmışdır. Azərbaycan isə yarışmada beş ifaçı ilə təmsil olunmuşdur. Sonda qaliblər geniş konsert proqramı ilə çıxış etmişlər.

Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 18-də Milli Tarix Muzeyində “Muğam aləmi” Beynəlxalq elmi simpozumu keçirilmişdir. Simpoziumun açılış mərasimində xalqımızın mədəni irsinin keşiyində ləyaqətlə dayanan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış etmişdir. Azərbaycan muğamının UNESCO-nun Dünya İrs Siyahısına da məhz Mehriban xanım Əliyevanın xidməti sayəsində daxil edilmişdir.

“Biz azərbaycanlılar muğamımızla fəxr edirik” deyən Mehriban Əliyeva muğamı gözəlliyin və məhəbbətin rəmzi adlandıraraq qeyd etmişdir ki, bu simpozium muğamın təkcə Azərbaycanda yox, bütün dünyada məşhurluğunun göstəricisidir. Mehriban xanım Əliyeva demişdir: Mən bu gün çox böyük fəxr hissi ilə demək istəyirəm ki, həm Heydər Əliyev Fondu, həm Azərbaycan Mədəniyyətinin Dostları Fondu bu sahədə öz layiqli töhfəsini vermişdir. Bildiyiniz kimi, son illər biz bir sıra irimiqyaslı layihələr həyata keçirmişik: muğam müsabiqələri, “Qarabağ xanəndələri” muzikal albomunun buraxılması, “Muğam” jurnalının nəşri və sair. Bu sırada “Muğam ensiklopediyası”nın nəşri xüsusi yer tutur.

UNESCO təmsilçisi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq “Muğam ümumi bir dil, ümumi bir məqamdır, o, musiqiçilər arasında anlaşma, ünsiyyət vasitəsidir” deyərək Azərbaycan muğamının inkişaf etdiyini, zənginləşdiyini və onun bu istiqamətdə digər ölkələrə yol göstərdiyini vurğulamışdır. Üç gün davam edən elmi simpoziumda Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən gələn muğam tədqiqatçılarının məruzələri dinlənilmişdir. Muğam sənətinin tarixində yeni, mühüm bir mərhələ olan simpozium muğamın qorunması və inkişaf etdirilməsi, onun müsəlman ölkələrinin mədəniyyətləri arasında əlaqələrin möhkəmləndirilməsinə təsiri baxımından yüksək qiymətləndirilmişdir.

Beynəlxalq Muğam Mərkəzində keçirilən festival konsertlərdə Azərbaycanlı ustad ifaçılarla yanaşı, İtaliyanın “Maraği”, Suriyanın “Al Kindi”, İraqın “Anqam Al Rafidain”, Mərakeşin “Nahda”, Özbəkistanın “Çargox”, Misirin “Əl Ədvar”ansambllarının çıxışları anşlaqla keçmişdir. Martın 22-dən 24-dək Dövlət Kukla Teatrında keçirilən Muğam müsabiqəsi isə əsl sənət yarışmasına çevrilmişdir. Müsabiqədə 11 ölkədən 20 ən istedadlı ifaçının çıxışları münsiflər heyətinin işini çətinləşdirsə də, seçimin nəticəsindən hamı - ifaçılar da, münsiflər heyətinin bütün üzvləri də, tamaşaçılar da razı qaldılar. Bakı Caz Mərkəzində keçirilən etno-caz gecələri də festivala bir rəngarənglik gətirmişdir.

Bütövlükdə “Muğam aləmi” Beynəlxalq Festivalı mədəniyyətin, incəsənətin, musiqinin, ən əsası muğamın bayramına çevrilmiş, ayrı-ayrı xalqların nümayəndələrini bir ararya gətirmək baxımından özünü misilsiz bir tədbir kimi təsdiq etmiş, xalqların daha da yaxınlaşmasına mühüm bir töfhə olmuşdur. “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı indiyədək bu istiqamətdə mühüm tədbirlər həyata keçirən Heydər Əliyev Fondunun muğamın qorunub saxlanması, gələcək nəsillərə çatdırılması sahəsində atdığı daha böyük bir addımdır. Bu festival bütün türk dünyasına xas olan muğamın tacının da Azərbaycanda olduğunu sübut etmişdir. Bir həftəlik möhtəşəm muğam bayramından sonra çoxsaylı qonaqlar islam mədəniyyətinin paytaxtı olan, Şərq və Qərb mədəniyyətini özündə sintez edən gözəl Bakıdan festivalın bir daha təkrarlanacağı arzusu ilə ayrılırmışlar.

Martın 25-də Heydər Əliyev Sarayında Beynəlxalq Muğam Festivalının təntənəli bağlanış mərasiminə həsr edilən konsert olmuşdur.

“Bakı müsabiqəsi muğamın dünyada təbliğinə layiqli töhfə verdi”

Azərbaycanda keçirilən Beynəlxalq muğam müsabiqəsində iştirak etməyimdən çox məmnunam. Bakıda türkdilli xalqları təmsil edən musiqiçilərlə yaddaqlan görüşlərim oldu. İstərdim ki, belə musiqi yarışmalarına türkdilli müsiqiçilər daha çox qatılsınlar. Bu sözləri Beynəlxal muğam müsabiqəsində iştirak edən türkiyəli musiqişünas Tansu Altuğ demişdir.

T. Altuğ bildirmişdir ki, belə bir möhtəşəm musiqi bayramının yüksək səviyyədə təşkilinə görə ilk növbədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdaram. Bu müsabiqə muğamın daha geniş meydanda təbliğinə layiqli töhfə verdi. Festival bizə muğamla bağlı çox şey öyrətdi. Azərbaycan muğamları məni heyran etdi. İstərdim ki, belə bir festival Türkiyədə də keçirilsin.

“Beynəlxal muğam müsabiqəsi müxtəlif xalqların bir-birinin musiqisini daha yaxından tanımasına imkan verdi”

Azərbaycanda keçirilən Beynəlxal muğam müsabiqəsi müxtəlif xalqların bir-birinin musiqisini daha yaxından tanımasına imkan verdi. Bu sözləri İranlı musiqiçi Kayvan Farzin demiş və bildirmişdir ki, biz Bakıya 4 musiqi qrupu ilə gəlmişik. Çox yaxşı təşkil edilmiş festival çərçivəsindəki bu müsabiqə hər bir iştirakçının xatirəsində uzun illər qalacaqdır. Azı ona görə ki, festival müxtəlif millətləri təmsil edən ifaçıları bir araya gətirmiş və insanları birliyə, sevgiyə, xeyirxahlığa səsləmişdir. Bu işi görənlərə öz dərin təşəkkürümü çatdırmaq istərdim.

K. Farzin bildirmişdir ki, Azərbaycan ilə İran musiqisi arasında oxşar məqamlar çoxdur. Bizim ölkəmizdə Azərbaycanlı ifaçıları çox böyük həvəslə dinləyirlər. Müsabiqədə İran musiqiçisi Məhəmməd Motamedinin ikinci yeri tutması bizi olduqca sevindirdi. Yarışmada bir-birindən mahir ifaçılar iştirak etdiyi üçün biz bu qələbəyə o qədər də inanmırdıq. Ancaq münsiflər heyəti çox obyektiv qərar qəbul etdi.

“Musiqi güclü və sehrli bir amildir, o insanları bir yerə toplamağı bacarır”

Musiqi çox güclü və sehrli bir amildir. O,müxtəlif millətlərə mənsub olan insanları bir yerəbir auditoriyaya toplamağı bacarır. Bu sözləri Bakıda keçirilən Beynəlxalq muğam müsabiqəsinin münsiflər heyətinin üzvü, Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın vitse-prezidenti, niderlandlı Vim Van Zanten demişdir.

Azərbaycanda musiqiyə və musiqiçilərə dövlət qayğısını yüksək qiymətləndirən Vim Van Zanten demişdir: “Bu müsabiqəni digər yarışmalardan fərqləndirən ən başlıca cəhət, burada bir çox ölkələri təmsil edən müsiqiçilərin iştirakıdır. Bu da coğrafi baxımdan müsabiqənin böyüklüyündən və əhəmiyyətindən xəbər verir. Milli mədəni dəyərlərin himayəçisi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə baş tutan bu möhtəşəm müsabiqə mədəniyyət sahəsində dialoqun inkişafında yeni bir mərhələ olmuşdur. Bu, olduqca önəmli və təqdirəlayiq işdir”.

Qonaq bildirmişdir ki, bir çox ölkələrin xalqları muğamla müəyyən qədər tanışdırlar. Lakin Bakı müsabiqəsi musiqinin bu qədim janrının daha geniş tanınmasına, təbliğinə təkan vermişdir. Festival müxtəlif ölkələrin mədəniyyətinin, musiqisinin təbliğinə də müsbə təsir göstərəcəkdir.

“Azərbaycan musiqiçilərinin çıxışları sözün həqiqi mənasında ustad dərsi idi”

Azərbaycanın ev sahibliyi etdiyi Beynəlxalq muğam müsabiqəsi çox yüksək səviyyədə keçdi. Azərbaycan xanəndələrinin, musiqiçilərinin peşəkarlığı, yüksək ifaçılıq məharəti məndə gözəl təəssürat yaratmışdır. Onların ifaları sözün həqiqi mənasında ustad dərsləri idi. Bu sözləri Özbəkistan musiqişünası Şövkət Mirzaev söyləmiş və demişdir ki, mən Azərbaycan musiqisini, muğamlarını çox sevirəm. Görkəmli xanəndə Xan Şuşinski muğamın atası idi. Əhməd Bakıxanov, Bəhram Mansurov, Hacı Məmmədov kimi ustad tarzənləri çox yaxşı tanıyırdım. Alim Qasımov mənim ən sevimli xanəndələrimdən biridir.

Azərbaycanda musiqiyə, muğama, ümumiyyətlə incəsənətə dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini eşitmişdim. Bakıda bunun şəxsən şahidi oldum. Beynəlxalq Muğam Mərkəzi başqa bir aləmdir, bu binanın özü bir incəsənət əsəridir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın muğamın, folklor musiqisinin qorunması və təbliği sahəsində gördüyü işlər festivalın bütün iştirakçılarını valeh etmişdir. Fikrimcə, bütün türkdilli və farsdilli ölkələrdə belə müsabiqələrin keçirilməsi çox vacibdir. Çünki belə festivallar gənc nəslə gözəl müğənni olmağın sirlərini aşılayır. Özbəkistan müğənnisi Yulduz Turbeyovanın müsabiqədə birinci yeri tutması sevincimizi ikiqat artırmışdır.

 

 

Festival günlərində Bakıda Müasir İncəsənət Muzeyinin də açılışı keçirildi

Martın 20-də Azərbaycan paytaxtında Müasir İncəsənət Muzeyinin açılışı olmuşdur. Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. UNESCO-nun baş direktoru Koişiro Matsuura, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da mərasimdə iştirak edirdilər. Prezident İlham Əliyev, Koişiro Matsuura və Mehriban xanım Əliyeva muzeyin açılışını bildirən rəmzi qırmızı lenti kəsdilər.

Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanmışdır. Buraya gələnlər Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov və Nadir Əbdürrəhmanovun, adları Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olmuş digər rəngkar və heykəltəraşların işləri ilə də tanış ola biləcəklər.

Qərbi Avropa incəsənəti salonunda isə ümummilli lider Heydər Əliyevə, habelə prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya hədiyyə olunmuş əsərlər nümayiş etdirilir. Dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan yeni mədəniyyət məbədində uşaq incəsənəti salonu, kitabxana, videosalon, restoran və art-kafe də fəaliyyət göstərəcəkdir.

AzərTAc, 20-25.03.2009.

 

Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009