ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Analitika > Çağdaşlıq və dünyaya inteqrasiya > Ramiz Mehdiyev

Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik

“Biz indi 10 il əvvəlki ölkə deyilik.

Biz dəyişmişik və özümüzə qarşı münasibəti də dəyişirik”

-30.03.2009-

“İzvestiya” qəzetinin 2009-cu il 19 mart tarixli nömrəsində Azərbaycana həsr edilmiş tematik əlavədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müsahibəsi dərc olunmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi ilə əlaqədar iş qrafikinin gərgin olmasına baxmayaraq, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bizimlə görüşməyə və suallarımıza cavab verməyə razılaşdı.

Oleq Sıqanov ("İzvestiya")

- Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair elə dünən referendum keçirilmişdir. Siz onun hazırlanması və keçirilməsi prosesini necə qiymətləndirirsiniz?

- Elektoratın fəallığını, habelə bütün təşviqat qruplarının səmərəli işini nəzərə alsaq, bütövlükdə bu prosesi çox müsbət qiymətləndirirəm. Ölkə Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi təşəbbüsünü üzvlərinin sayı 500000 nəfərdən çox olan hakim Yeni Azərbaycan Partiyası irəli sürmüşdür. Bu, sanballı elektoratdır və onun rəyi ilə hesablaşmaq lazımdır. Demokratiyanın mahiyyəti məhz bundadır ki, cəmiyyətin bu və ya digər hissəsinə bizim inkişafımız üçün ümdə olan məsələlər barədə öz mövqeyini ifadə etmək imkanı verilsin.

Demokratiya isə cəmiyyətə səsvermə qutularının yanına gəlmək və təklif edilən əlavələrə və dəyişikliklərə “hə” və ya “yox” cavabını vermək üçün imkan yaradır. Bu təkliflərin dövlətin mənafelərinə cavab verib-vermədiyini təkcə iqtidar və əks-elita deyil, bütövlükdə cəmiyyət özü həll etməlidir. Yalnız bu halda biz səmərəli demokratik nəzarət və davamlı inkişaf haqqında danışa bilərik. Azərbaycan parlamenti bu həqiqəti əsas götürərək, referendum keçirilməsi haqqında qərar qəbul etmişdir.

Referendum, ilk növbədə, xalqın öz iradəsini sərbəst ifadə etməsi deməkdir. İqtidar, əks-elita və cəmiyyət bu yolla dövləti inkişaf etdirmək məqsədi ilə qarşılıqlı fəaliyyət göstərir. Mən bu referendumu ölkənin modernləşdirilməsi, demokratik dəyişikliklərin intensivləşdirilməsi və təbii ki, ölkədə sabitliyin qorunub saxlanması istiqamətində irəliyə doğru bir addım kimi qiymətləndirirəm. Qlobal və lokal transformasiyalar, yeni çağırışlar nəzərə alınmaqla Konstitusiyaya dəyişikliklər edilməsi vətəndaşın hüquq və azadlıqlarının müdafiəsini təkmilləşdirməyə, ən başlıcası isə, Azərbaycan dövlətçiliyinin davamlı və səmərəli inkişafını təmin etməyə imkan verir.

- Siz “İnkişaf strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti” monoqrafiyanızda və məqalələrinizdə yazırsınız: “Müstəqillik əldə edilməsi ölkəmizin qarşısında diktaturadan demokratiyaya, komanda iqtisadiyyatından sərbəst bazar iqtisadiyyatına, iki əsrlik işğalçılıq tarixi olan imperiyanın bir hissəsindən milli dövlətə çevrilmək vəzifələrini qoydu”. Azərbaycan üçün bu tranzit başa çatmışdırmı? Siz ölkənin siyasi sisteminin müasir inkişaf səviyyəsini necə səciyyələndirərdiniz?

- Müstəqil milli Azərbaycan dövlətinin qurulması artıq başa çatmışdır. Azərbaycan xalqı özünün bütün çoxəsrlik tarixi boyu mürəkkəb sınaqlardan keçərək, dövlət suverenliyinə nail olmuşdur. İnzibati-amirlik iqtisadi ukladına malik olan sərt diktatura dövrünü yaşamış ən iri fövqəldövlətin dağılması nəticəsində 1991-ci ildə qazanılmış müstəqillik Azərbaycanın inkişafı üçün geniş imkanlar açmışdır. Lakin transformasiyanın mürəkkəbliyi onda idi ki, 1991-ci ilin axırlarından 1993-cü ilin ortalarına qədər ölkəni idarə edən rəhbərlik qlobal sosial gerçəkliyin ən mühüm amillərini nəzərə almırdı. Müstəqilliyin ilk illərində hakimiyyət sükanı arxasında dayananlar yeni dövlət quruculuğu proseslərinin nə qədər mürəkkəb və dərin olmasını başa düşmürdülər. Onlar ölkədə hökm sürən hərc-mərclikdən, nifaq və səbatsızlıq şəraitindən istifadə edərək hakimiyyəti ələ keçirmişdilər, onların dövlətin idarə edilməsinə dair dərk olunmuş və peşəkarlıqla hazırlanmış planı yox idi. Nəticədə dövlətin müstəqilliyi təhlükə qarşısında qaldı.

Yalnız Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra daha böyük sarsıntılardan yaxa qurtarmaq mümkün oldu. Təxirə salınmadan həllini tələb edən birinci dərəcəli məsələlər arasında ölkəni siyasi və iqtisadi tənəzzüldən çıxarmaq vəzifəsi də vardı. Milli sosiomədəni dəyərlərin itirilməsinə son qoymaq, siyasi hərc-mərcliyi cilovlamaq və xarici siyasətdə Dağlıq Qarabağ problemi ilə əlaqədar yaranmış qeyri-tarazlığı aradan qaldırmaq lazım idi.

Sonrakı bir neçə ildə Heydər Əliyev qətiyyətli hərəkət etməli oldu, çünki sabit fəaliyyət göstərən sosial-iqtisadi və ictimai-siyasi strukturun yaradılması, ölkənin anarxiyaya doğru getməsinin qarşısının alınması üçün radikal tədbirlərin bütöv bir kompleksini həyata keçirmək lazım idi. XX əsrin 90-cı illərinin ortalarında həyata keçirilmiş siyasət ölkədə real hakimiyyətsizlik dövrünün – 80-ci illərin axırları – 90-cı illərin əvvəllərində baş vermiş hadisələrin ağır nəticələrini bir qədər aradan qaldırmağa imkan verdi. Nəticədə siyasi həyatın və iqtisadi şəraitin sabitləşməsi istiqamətində sanballı uğurlar qazanmaq mümkün oldu. Aparılan siyasətin əsas məzmunu cəmiyyətin təkamül yolu ilə demokratikləşməsi və iqtisadiyyatın inkişafı üçün şərait yaratmaq idi.

Təbii ki, tranzit hələ başa çatmamışdır, çünki dövlətin inkişafı uzun və çətin prosesdir. 2003-cü ildən sonra daxili inkişafın nəticələri beynəlxalq aləmdə ölkənin milli mənafelərini irəlilətmək üçün, - o cümlədən Dağlıq Qarabağ probleminin həlli məsələsində, - təbii şəkildə daha artıq maliyyə-iqtisadi və siyasi imkanlara çevrilməyə başlamışdır. Əlbəttə, Azərbaycan rəhbərliyi öz fəaliyyətinin daxili və xarici aspektlərində iqtisadi məsələlərə birinci dərəcəli əhəmiyyət verməyə başlamışdır, axı, rəqabətin getdiyi dünya məkanında lazımi yer tutmaq üçün əvvəlcə gərək özünü möhkəmləndirəsən.

Hamıya məlumdur ki, məhz iqtisadi rifah milli demokratik tranzitin mahiyyətini və uğurunu irəlicədən müəyyənləşdirir. Bu tranzit Azərbaycan cəmiyyətində qlobal transformasiyanın tələbləri və şərtləri əsasında islahatlar aparmağa imkan vermişdir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, təmsilçi demokratiyanın əsasını sərbəst bazarın təşəkkülündə ifadə olunmuş iqtisadi demokratiya təşkil edir. Məhz bu səbəblərə görə Prezident İlham Əliyev belə bir məntiqi əsas götürür ki, demokratiyanı möhkəmlətməyin ən yaxşı üsulu sərbəst bazar münasibətlərinin təşviq edilməsidir. Yalnız sərbəst bazar fəaliyyət qabiliyyətli demokratik rejim, ictimai inkişafın bəhsləşməyə və alternativliyə əsaslanmasını şərtləndirən açıq vətəndaş cəmiyyəti və ənənələr formalaşdırmağa imkan verə bilər.

- 1990-cı illər artıq tarix dərsliklərinə düşmüş, bu dərsliklərin səhifələrində məlum tərif verilmişdir. Sizin məqalənizdə həmin tərif belə səslənir: “Müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev idarəetmə proseslərinin mərkəzləşdirilməsinə və milli iqtisadiyyatın durğunluq proseslərinin dayandırılmasına yönəlmiş sosial-siyasi və iqtisadi dəyişikliklər həyata keçirməyə başladı”. Siz deyirsiniz ki, “milli tariximizin bu dövrünü etatist dövr kimi səciyyələndirmək olar”. Bu məntiqdən yanaşsaq, belə çıxır ki, İlham Əliyev atasının işini davam etdirir, dövlət sistemini inkişaf etdirir və onu daim möhkəmləndirir. Lakin belə güman etmək olar ki, indi bu sahədə “incə işlər” görməyin vaxtı çatmışdır. Necə bilirsiniz, Azərbaycan cəmiyyəti siyasi müstəvidə özünün mütərəqqi niyyətlərini həyata keçirməkdən ötrü dövlətdən daha çox hüquq və vəzifələr əldə etmək üçün yetişibmi? Dövlətin nəzarəti azalacaqmı?

- XX əsrin axırları milli transformasiya üçün çıxış nöqtəsi oldu. Azərbaycan yeni minilliyə siyasi-iqtisadi inkişafın elə səviyyəsində qədəm qoymuşdur ki, hazırda həmin səviyyə əvvəlki dövrdə səmərəli dövlətçilik sisteminin qurulması istiqamətində atılmış real və təsirli addımlar haqqında mühakimə yürütməyə imkan verir. Məsələn, həyata keçirilmiş modernləşmə qərarlarının bütöv bir kompleksi Azərbaycanı zəif və tənəzzül edən iqtisadi sistemə, düşkün institusional siyasi quruluşa, marginallaşmış ictimai şüura malik sosiumdan yeni davranış normaları və stereotipləri, davamlı siyasi sistemi, mərhələlər üzrə formalaşmaqda olan demokratik təsisatları, bazar sisteminə xas iqtisadi strukturu olan məkana çevirməyə imkan vermişdir.

Azərbaycanın timsalında dövlətçiliyin güclənməsi vətəndaşın həyat və fəaliyyətinin bütün sahələri üzərində dövlətin total nəzarəti demək deyildir. Etatizm Azərbaycanın qarşısında istər bütövlükdə dövlətin, istərsə də ayrıca bir vətəndaşın fəaliyyət motivlərinin əsas kateqoriyası kimi dayanırdı. Dövlətçilik mövqeyi vətəndaşların şüurunda kök salmalı, görülən tədbirlər də məhz bu məqsədə xidmət etməli idi.

Bu mövqeyin nə dərəcədə düzgün olmasını müasir dövr özü nümayiş etdirdi. Bu gün bizim qarşımızda milli dövlətçiliyi daha da möhkəmlətmək və inkişaf etdirmək vəzifələri dayanır. Qarşıya konkret məsələlər qoyulmuşdu: iqtisadi güc və siyasi sabitlik yaratmaq, yeni dünya nizamı çərçivəsində regional və qlobal proseslərdə ölkənin fəal iştirakını təmin etmək, xarici siyasətdə müdafiə konsepsiyasından hücum konsepsiyasına keçmək, ölkəmizin bir sıra ümdə problemlərinə beynəlxalq təşkilatların biganə münasibətini aradan qaldırmaq lazım idi. Sosial-iqtisadi istiqamətdə iqtisadiyyatı intensiv modernləşdirmək, 600 min insanı iş yerləri ilə təmin etmək, orta sinfin formalaşmasının təməlini qoymaq, bütün ölkənin dinamik inkişafını təmin etmək, habelə milli iqtisadiyyatın liberallaşdırılmasına başlamaq və ölkədə yoxsulluğun səviyyəsini minimuma endirmək zəruri idi.

Regional və beynəlxalq miqyasda əsas vəzifə Azərbaycan cəmiyyəti üçün ən mühüm problem olan Qarabağ probleminin həllinə dair səyləri artırmaqdan ibarət idi. Bu məqsədə nail olmaq üçün xarici siyasi fəaliyyətin xarakterini dəyişmək, ölkənin mənafelərini daim lobbiləşdirmək və diasporu ümummilli əhəmiyyətli məsələlər ətrafında birləşdirmək tələb edilirdi. Son illərdə Milli Ordunun müdafiə qabiliyyəti xeyli artmış, keçən il onun büdcəsi bir milyard iki yüz milyon ABŞ dollarına bərabər olmuşdur. Hələ bu yaxınlaradək ölkə büdcəsini on qat artırmağın mümkünlüyü ilə bağlı tənqidi çıxışlar eşidirdik, lakin indiki reallıq Prezident İlham Əliyevin verdiyi vədlərin əsaslı olduğunu göstərdi.

İndi Azərbaycan özünün yetkinlik imtahanının yeni mərhələsinə yaxınlaşır. Son illərdə təkcə meqapolisin deyil, bölgələrin də siması xeyli dəyişmişdir. İctimai şüur postmodernist meyilləri latent şəkildə transformasiya edir və sonrakı illərdə bu meyillər gələcəyin strategiyasını müəyyən edəcəkdir. Məlumdur ki, davamlı iqtisadi sistem labüd olaraq ictimai şüurun daha çox demokratikləşməsinə doğru aparır. Ona görə də hazırda Azərbaycanın siyasi elitasının prioritet vəzifələrindən biri iqtisadi nailiyyətləri yeni demokratik şüurun formalaşması amilinə çevirməkdir.

- Gəlin demokratiya barədə söhbət edək. Yenə sizin məqalənizdən sitat gətirmək istəyirəm: “Bizi çox vaxt onda günahlandırırlar ki, guya biz azadlığa adət etməmişik və guya bizə daim kənardan nəzarət edilməsinə ehtiyac var. Lakin demokratik transformasiya ilə Qərbin geosiyasi təsiri arasında hədd qoymaq lazımdır. Axı, biz çox vaxt demokratiyanı yalnız nümayəndəliyin və xalq hakimiyyətinin bir forması hesab edir, onu həyata keçirənlərin ideya və vəzifələrini nəzərə almırıq. Artıq xeyli vaxtdır ki, demokratiya yalnız çoxluğun nümayəndəliyinin forması deyildir, çünki biz çox vaxt ancaq azlığın öz qaydalarını diktə etməsinin və bu mövqeyin dəstəklənməyə layiq görülməsinin şahidi oluruq”. Azərbaycan iqtidarının ən yüksək vəzifəli və nüfuzlu nümayəndələrindən biri kimi siz demokratik quruculuğun vəzifələrini necə ifadə edirsiniz və bu vəzifələr milli spesifikaya nə dərəcədə uyğundur. Çox vaxt politoloqlar və Qərbin kütləvi informasiya vasitələri haqlı olaraq bildirirlər ki, RF və Azərbaycan da daxil olmaqla, postsovet ölkələri dəyişikliklər edilməsində ifrat ehtiyatlı mövqelərini “suveren demokratiya”, “inkişaf etməkdə olan demokratiya”, “milli demokratiya” terminləri ilə pərdələyir.

- Müasir Azərbaycan cəmiyyəti demokratikləşməni milli inkişafın ən mühüm sosial amili kimi qəbul edir. Xüsusi vurğulamaq istəyirəm ki, azərbaycanlılar üçün demokratiya təzə anlayış deyil. 1918-ci ildə biz müsəlman Şərqində ilk demokratik dövlət – Azərbaycan Xalq Cümhuriyyəti qurmuşduq, onun parlamentinə o dövrdə ölkədə mövcud olan siyasi qüvvələrin, demək olar ki, hamısının nümayəndələri daxil idi. Tarixə dərindən nəzər salsaq deməliyik ki, Azərbaycan mentalitetinin arxetiplərində bərabərlik və azadlıq idealları ta qədim dövrlərdən mövcud olmuşdur. Hamıya məlumdur ki, Azərbaycan türklərinin qəbilə qurumları olan elatlarda demokratik idarəetmə prinsipi qüvvədə olmuşdur.

Tamamilə aşkardır ki, müasir demokratiya sadəcə dəbdə olan termin deyil. O, siyasi anlayışın hüdudlarından kənara çıxan yeni dünya nizamının formalaşması obrazıdır. Dünya sivilizasiyası liberal dəyərlərə, insanın hüquq və azadlıqlarının prioritetinə, vətəndaş cəmiyyətinə və demokratik şüura əsaslanan model formalaşdırmağa doğru irəliləyir. Lakin indiki minillikdə formalaşmaqda olan dünya nizamı qlobal inkişafdakı fərqləri bütün aktorların özlərinə xas xüsusiyyətlərdə nəzərə alması ilə müasir dövrün geosiyasi reallıqlarını əks etdirməli, inteqrasiya proseslərində və mədəni mübadilədə bərabər hüquqlu iştirakı təmin etməlidir.

Biz açıq və demokratik cəmiyyəti inkişafımızın prioriteti kimi müəyyən etmişik. Bu, bizim strateji seçimimiz, dövlət siyasətinin ən mühüm vektorudur. Lakin yadda saxlamaq lazımdır ki, Azərbaycan bəzi ölkələrin yüzillər boyu keçdiyi yolun başlanğıcındadır. Buna baxmayaraq, o, islahatlar prosesinin uğurlu olmasının fundamental şərtlərindən birinə – daxili siyasi və iqtisadi sabitliyə nail olmuşdur ki, bu da bizim demokratiyaya doğru mərhələlər üzrə irəliləməyimizi təmin edir. Demokratikləşmənin təkamül və suveren xarakteri siyasi sistemin səmərəli inkişafını, rəqabətə davamlı bazar iqtisadiyyatının formalaşdırılmasını və vətəndaş cəmiyyətinin sabit inkişafını təmin etməyə imkan verir.

Bu prosesdə dövlət aparıcı və istiqamətləndirici rol oynayır. Azərbaycanda məhz hakimiyyətin mərkəzləşdirilməsi sayəsində müstəqillik prinsiplərinə əsaslanan milli dövlətçilik yaratmaq mümkün olmuşdur. Dövlət müstəqilliyi də, öz növbəsində, institusional demokratiyanın formalaşması üçün çıxış nöqtəsi idi. Beləliklə, dövlətçiliyin prioritetliyi demokratik transformasiya üçün zəmin yaratmışdır.

Müasir suveren dövlətlərin hər biri müəyyən şərtlər daxilində demokratik idarəetmə forması əldə edə bilər. Lakin demokratiyanın qorunub saxlanması və onun davamlı xarakter alması üçün müvafiq iqtisadi baza olmalıdır. Buna görə də 2003-2008-ci illərdə İlham Əliyevin Prezidentliyinin əsas konsepsiyası modernləşmiş iqtisadiyyatdan konsolidasiyalı demokratiyaya keçidi təmin edən yeni paradiqma yaratmaqdan ibarət idi. Demokratikləşmə azərbaycanlıların sosiomədəni həyatına yeni seqmentlər daxil edir, yeni davranış normaları aşılayır.

Demokratik dəyərlərin universallaşması prosesinin tərs üzü “demokratiyanı müdafiə etmək” bayrağı altında müstəqil ölkələrin daxili işlərinə kobudcasına qarışmaq, onlara siyasi təzyiq göstərmək, dövlətin öz vətəndaşının hüquq və azadlıqlarına riayət etməsinin səviyyəsini qiymətləndirərkən ikili standartlar qəbul etdirmək cəhdləridir. Razılaşın ki, XXI əsrdə demokratiyadan danışarkən ikili standartlar, yəni kiçik ölkələr üçün bir standart, iri dövlətlər üçün başqa standart tətbiq etmək praktikası yolverilməzdir. Əsrlər boyu yaranmış milli ənənələri bir anda məhv etmək mümkün deyil və ümumiyyətlə, xalqın milli xüsusiyyətlərinə məhəl qoymamaq ağılsızlıqdır.

Demokratiyanın kənardan zorla qəbul etdirilməsi cəhdləri isə bu gün İraqda və Əfqanıstanda müşahidə etdiyimiz vəziyyətlərə gətirib çıxarmışdır. Cəmiyyətin demokratikləşməsi sosial, siyasi və iqtisadi prosesdir və hər bir konkret sosium üçün onun özünəməxsus fərqləndirici cəhətləri vardır. Axı, demokratiyanın müxtəlif formaları var və ciddi tədqiqatçıların hamısı bunu qəbul etmişdir.

Bəzən Azərbaycanda demokratiyanı tənqid edirlər, lakin bizim çatışmazlığımızın nədən ibarət olmasını aydın şəkildə izah etmirlər, bəziləri bizi demokratiyanın kifayət qədər mükəmməl olmamasında günahlandırırlar. Lakin tənqidçilər bununla hesablaşmırlar ki, demokratiyanın təkmilləşdirilməsinin hüdudu yoxdur. Bəzən onlar subyektiv dəlillər gətirir, bunu demokratiya prinsiplərindən uzaqlaşmağın əsası kimi təqdim edirlər. Lakin bir məsələ şəksizdir – Azərbaycan yeni dövrə qədəm qoyur və bu dövrdə cəmiyyət sabahkı günün perspektivini haqlı olaraq indiki iqtidara etibar edir.

- Adətən, belə hesab edirlər ki, demokratik cəmiyyətin siyasi, sosial və mədəni həyatının müxtəlif sahələrində elita həyat standartlarını müəyyənləşdirir və cəmiyyətin inkişafının sivilizasiya vektorunu ifadə edir. Lakin vətəndaş fəallığı olmayan yerdə elita yarana və mövcud ola bilməz. Siz bu prosesin daha bir aspektini göstərirsiniz: “Hər hansı ölkə üçün üstün siyasi təsisatların formalaşmasını xeyli dərəcədə məhz iqtisadi inkişafın səviyyəsi müəyyən edir. Sərvət azadlıq üçün əlverişli şərait yaradır? Avropa tarixindən nümunələri yada salaq: iqtisadi inkişaf prosesi, adətən, liberal demokratiyanın uğur qazanması üçün həlledici əhəmiyyəti olan iki elementin yaranmasına gətirib çıxarır. Biz dərk edirik ki, siyasi məkan daim təzələnməlidir və hesab edirik ki, demokratik inkişafımızın daha mükəmməl və davamlı olması üçün irəliyə doğru getməliyik”. Azərbaycan elitası necə və kimlərin hesabına formalaşır, ölkənin siyasətində nə cür iştirak edir?

- Elita hər bir sosiumun ayrılmaz və mühüm tərkib hissəsidir və sosiumun idarə edilməsi funksiyalarını həyata keçirir. Cəmiyyətin baş verən dəyişikliklərə uyğunlaşmaşına, özünüqoruma instinkti yaranmasına, yeni çağırışlara və təhdidlərə cavab verməsinə imkan yaradan yeni davranış modellərinin və stereotiplərin formalaşmasına görə məsuliyyət də elitanın üzərinə düşür.

Elita, ilk növbədə, xüsusi sosial qrup, bu qrupa daxil olan, vahid məqsədlər ətrafında birləşən insanların dərin daxili əlaqələrinə əsaslanan davamlı birlikdir. Onun hakimiyyət və dövlət barədə, ölkənin inkişafı və xarici aləmlə qarşılıqlı münasibətləri, ictimai problemlər, dövlətin idarə edilməsində sosiumun yeri və rolu barədə öz baxışları var. Bu da təbiidir, çünki hər bir cəmiyyətdə hakimiyyət və əks-elitadan başqa, cəmiyyətin inkişafı üçün məsuliyyət daşıyan insanlar qrupu da olmalıdır. Buna görə də elitanın özünəməxsus, bəzən cəmiyyətdəki mövcud baxışlar və əhval-ruhiyyə üçün o qədər də anlaşıqlı olmayan dünyagörüşü var.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkə elitası bolşevik idarəetmə sisteminin, sonra isə kommunist idarəetmə sisteminin prinsiplərinə uyğun olaraq formalaşmağa başlamışdı. Əvvəlki elitanın bir qismi repressiyaya məruz qalmış, bir hissəsi ölkədən mühacirət etmişdi. 1950-ci illərin ortalarına qədər elitanın formalaşması prosesi böyük çətinliklərlə müşayiət olunurdu, çünki totalitar sistemin repressiya maşınının vaxtaşırı həyata keçirdiyi cəza tədbirləri kadrların tərkibini bərpa etməyə imkan vermirdi.

Yalnız keçən yüzilliyin 50-60-cı illərində elitanın formalaşması üçün şərait yaranmışdı. Bunu belə bir fakt da təsdiq edir ki, məhz həmin dövrdə Azərbaycan elm, ədəbiyyat və incəsənət sahəsində dünyaya çoxlu parlaq istedadlar bəxş etmişdir. Bütün bunlara baxmayaraq, elitada bütövlük, mütəşəkkillik, birlik, vəhdət, həmrəylik, yüksək konsolidasiya kimi keyfiyyətlər yox idi. Bunlar olmadıqda isə elita, sadəcə, qeyri-mütəşəkkil qrup olur.

Mənim fikrimcə, Azərbaycan şəraitində elita yalnız milli birlik, həmrəylik, konsensus mövqelərindən çıxış etməli, dövlətin səmərəli inkişafı üçün bazis yaratmalıdır. Siyasi, iqtisadi, intellektual və mədəni elitanın, eləcə də vətənpərvərlik, Vətənə sevgi hisslərini təcəssüm etdirənlərin rolu bundan ibarətdir. Ağına-bozuna baxmadan, yalnız mövcud nöqsanların tənqidi üzərində diqqəti cəmləşdirmək cəmiyyətə heç də həmişə fayda gətirmir. Mən bu gün Azərbaycanın üzləşdiyi bütün amilləri nəzərdə tuturam və elita bunları başa düşməli və nəzərə almalıdır.

Digər tərəfdən, qeyd etmək lazımdır ki, demokratiya elitanın fasiləsiz surətdə formalaşması və yeniləşməsi, ideyaların və qərarların rəqabəti üçün şərait yaradır. Mövcud olan elitanın yüksək keyfiyyətlərinə nail olmaq, habelə daim keyfiyyətli elitanın yetişməsini təmin etmək hər bir cəmiyyətin mühüm vəzifələridir. Eyni zamanda, demokratik cəmiyyətin açıqlığı və transparentliyi (şəffaflığı) ölkənin yeni siyasi məkanının formalaşmasının əsası, ictimai maraqların reallaşması uğrunda rəqabət və bəhsləşmə isə siyasi partiyalar şəklində təmsil olunmuş siyasi qüvvələrin əsas vəzifəsidir.

- Sizin bu cavabınızdan siyasi partiyalar, onların taleyi və parlament sisteminin inkişafı haqqında sual yaranır. Siz yazırsınız ki, “ölkədə vətəndaş cəmiyyəti iqtisadiyyatın modernləşməsi → ictimai həyatın demokratikləşməsi → milli məkanın sistemli liberallaşması paradiqması gerçəkləşdikcə formalaşacaqdır”. Bununla bərabər, Azərbaycanda partiyaların dövlət tərəfindən dəstəklənməsinin mümkünlüyü, onların büdcəsinin bir hissəsinin dövlət xəzinəsindən formalaşması haqqında müzakirələr gedir. Doğrudanmı bu, ölkənin siyasi elitasının, o cümlədən müxalifətçilərin istəklərinə uyğundur?

- Ölkəmizin intensiv iqtisadi inkişafı siyasi modernləşmənin yeni mərhələsinə keçməyə imkan vermişdir. Lakin etiraf etməliyik ki, Azərbaycanın siyasi sistemi hələ təşəkkül və inkişafın bütün mərhələlərindən keçməmişdir. Təbii ki, plüralist cəmiyyətdə partiyaların və siyasi təşkilatların rolu çox yüksəkdir. Axı, partiyaların səmərəli fəaliyyəti siyasi sabitliyin və demokratik dəyişikliklərin ən mühüm amilidir.

Siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsinə gəldikdə isə, bu təşəbbüs partiya sisteminin inkişafı üçün yeni imkanlar açır. Hətta bütün xərclərini ödəməyə imkan verməsə belə, partiyaların sabit maliyyələşdirmə mənbəyinin olması onlara özlərinin birbaşa funksiyalarına - əhali ilə iş, ictimai sorğuların iqtidara çatdırılması, ideologiyanın işlənib hazırlanması, kadrların yetişdirilməsi məsələlərinə daha çox diqqət yetirmək imkanı yaradır. Yəni bu halda partiyalar cəmiyyətdən daha artıq dərəcədə asılı olur, çünki dövlət maliyyələşdirməsi vergi ödəyicilərinin vəsaitləri hesabına maliyyələşdirmə deməkdir.

Partiyaların vergilər və cəmiyyət üzvlərinin məcburi ödəmələri hesabına formalaşan dövlət büdcəsindən maddi asılılığı onların vətəndaşların fərdi elektoral seçimindən asılılığını səmərəli şəkildə tamamlayır. Eyni zamanda, pul axınlarını tənzimləyən normaların tətbiq olunması siyasi partiyaların fəaliyyətində zəruri şəffaflığı təmin edir. Üstəlik, dövlət dəstəyi siyasi rəqabətdə partiyaların imkanlarının qeyri-bərabərliyini azaldır, bu isə bizim Azərbaycanda açıq və demokratik cəmiyyət qurmaq istəyimizin ruhuna uyğundur. Almaniya, Fransa və Rusiyanın nümunəsində dövlət maliyyələşdirməsinin partiyaların fəaliyyətinin səmərəsini necə artırdığını görə bilərik.

Dövlət maliyyələşdirməsi üçün əsas meyar əhalinin dəstəyidir, bu isə partiyaların seçkilərdə topladığı səslərdə özünü göstərir. Adlarını çəkdiyim ölkələrdə partiyaların dövlət maliyyələşdirməsinin həyata keçirilməsi üçün işlənib hazırlanmış sxemlər mövcuddur. Bu sxemlər əsasında seçkilərin nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş minimum səviyyəyə nail olmuş partiyalara büdcə vəsaitləri ayrılır.

Ümumiyyətlə, müasir Azərbaycan şəraitində siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi mütərəqqi və lazımlı addımdır. Lakin partiyalar yalnız dövlətin hesabına yaşamamalıdır. Siyasi partiyaların büdcədən hədsiz maliyyələşdirilməsinin mənfi nəticələri də ola bilər. Məsələn, Almaniyada siyasi partiyaların maliyyələşdirilməsi prosesi partiya aparatlarının hədsiz şişməsinə və bürokratiyanın artmasına gətirib çıxarmışdır.

Eyni zamanda, partiyaların seçki kampaniyalarını israfçılıqla aparması və öz kassalarına büdcədən mümkün qədər çox vəsait almaq istəyi kimi meyillər də müşahidə olunur. Beləliklə, partiyaların əsas vəzifəsi – öz seçicilərinin maraqlarını təmsil və müdafiə etmək vəzifəsi ikinci plana keçir. Bunun da nəticəsində siyasi təsisat kimi partiyalara ümumi etimad azalır, əhalinin xeyli hissəsinin partiyalardan narazılığı və məyusluğu kimi hallar baş verir.

Parlamentdə təmsil olunmuş siyasi partiyaların birbaşa dövlət maliyyələşdirməsi inkişaf etmiş demokratik ölkələrin çoxunda müasir seçki sisteminin mühüm elementidir və Azərbaycanda da belə olmalıdır. Axı, partiyalara pul lazımdır. Onlar təkcə öz fəallarının səyləri və üzvlük haqları hesabına yaşaya bilməz. Dövlət partiyaların birbaşa maliyyələşdirilməsindən imtina etməklə onları maliyyə-sənaye qruplarından və əcnəbi sponsorlardan asılılığa sövq edir. Xüsusən Azərbaycanda öz maraqlarına nail olmağa çalışan əcnəbi sponsorların külli məbləğdə pul müqabilində parlament deputatlarının səslərini qazanmaq istəyi çox şirnikləndiricidir.

- Bəzi ekspertlər ehtiyat edirlər ki, İlham Əliyevin prezidentlik müddətinin artırılması nəticəsində Azərbaycanın ictimai-siyasi həyatında durğunluq yarana bilər. Siz bu fikri necə şərh edərdiniz? Bu məsələdə sizin hansı tutarlı dəlilləriniz var?

- Sizin dediyiniz kimi, bəzi ekspertlərin müasir Azərbaycanda durğunluq barədə təşvişə düşməsi, əlbəttə, əsassızdır. Azərbaycan həm siyasi, həm də iqtisadi sahələrdə sabitliyə nail olmuşdur. Bizim opponentlərimiz permanent böhrana, permanent sarsıntılara, müxtəlif qruplaşmalar arasında bitib-tükənməyən mübarizəyə, sadəcə, adət ediblər. Lakin Azərbaycan başqa yol seçmişdir. Bizdə çoxlu partiya, o cümlədən müxalifət partiyaları fəaliyyət göstərir və müxalifət öz mövqeyini istədiyi yerdə və açıq şəkildə səsləndirə bilər.

Durğunluq anlayışı bizim şüurumuzda dəyişməz reallıqlar kimi kök salmışdır. Durğunluq o deməkdir ki, həyatda heç nə dəyişmir, heç bir irəliləyiş yoxdur. Lakin Azərbaycan dinamik inkişaf edən, sanballı transmilli layihələr, o cümlədən prioritet milli proqramlar həyata keçirən ölkədir. Sadə insanların həyatı sürətlə dəyişir. Razılaşın ki, müasir şəraitdə beynəlxalq iqtisadi və sosiomədəni proseslərə dinamik inteqrasiya edən dövlətdə durğunluq haqqında danışmaq mümkün deyildir.
Sadə insanların ölkədə sabitliyi qoruyub saxlamaq istəyi durğunluqla eyniləşdirilə bilməz. Bu istək ondan irəli gəlir ki, son iyirmi ildə Azərbaycan çoxlu sarsıntılarla, o cümlədən hələ də həll edilməmiş Qarabağ münaqişəsi ilə üzləşmişdir.

Opponentlərimizin fikrinin səhv olmasını təsdiqləyən başqa bir fakt demokratik prosesin ardıcıl şəkildə dərinləşməsi, güclü vətəndaş cəmiyyətinin formalaşması və qanunun aliliyinin təmin edilməsidir. Ona görə də liderin hakimiyyətdə nə qədər – iki və yaxud dörd müddət olması vacib deyil, başlıcası odur ki, iqtidarla cəmiyyətin dialoqu canlı və daimi olsun.

İlham Əliyev isə iqtidarla cəmiyyət arasında dialoqu çox inamla və açıq aparır. Bu, hər şeydən əlavə, özünü onda da göstərir ki, onun qərarları və fərmanları cəmiyyətin tələblərinə cavab verir. Üstəlik, seçkiləri, siyasi rəqabəti və siyasi prosesi heç kim ləğv etmir. Ölkənin hər bir vətəndaşı istənilən seçkili vəzifəyə seçilmək kimi konstitusiya hüququndan azad və sərbəst şəkildə istifadə edə bilər. Demokratiya xalqa imkan verir ki, ölkə prezidenti vəzifəsində kimi görmək istəməsi məsələsini özü həll etsin.

Biz hər bir işə müasirlik baxımından yanaşaraq, tədricən inkişafın yeni vektoruna keçirik. Növbəti onillikdə dünyada ölkəmizin yerini məhz bu inkişaf yolu müəyyən edəcəkdir. Martın 18-dəki referendumda Azərbaycan xalqının seçimi dövlətimizin demokratik təsisatların təkmilləşdirilməsi mərhələsinə keçməsini göstərir.

- Sizin fikrinizcə, qloballaşma şəraitində informasiyanın aşkarlığı, şəffaflığı, cəmiyyətin nəzarətində olması baxımından dövlət aparatının, dövlət orqanlarının işi necə qurulmalıdır? Siz yazırsınız: “Təhsilin beynəlmiləlləşməsi və qlobal rəqabət şəraitində intellektual səviyyənin daim artırılması və xidmətlər sahəsinin prioritet olması üçün zəruri şəraitin yaradılması son dərəcə vacibdir. Gündəlikdə duran məsələləri informasiya-kommunikasiya texnologiyalarının və nanotexnologiyaların diktə etdiyi müasir dünyada Azərbaycanın bu yarışda iştirak etmək üçün lazımi təməl yaratması zəruridir. Təhsil və elm lazımi səviyyədə olmasa, milli inkişafın perspektivləri və Azərbaycan dövlətçiliyinin davamlı inkişafı barədə düşünməyimiz çətin olacaqdır. Bu gün aşkar görünür ki, qarşıdakı illərdə İlham Əliyevin əsas vəzifəsi məhz millətin intellektual bazisinin yeniləşdirilməsi və genişləndirilməsindən ibarət olacaqdır. Bu bazis gələcək üçün inkişaf strategiyasını müəyyən edəcəkdir”. Bu baxımdan yaxın gələcəkdə, İlham Əliyevin ikinci prezidentlik müddətində praktikada nəyin tətbiq edilməsi nəzərdə tutulur?

- Tamamilə haqlısınız, qarşıdakı illərdə bizim prioritet vəzifəmiz Azərbaycan millətini intellektual baxımdan yeniləşdirməkdir. Bir şeyi başa düşməliyik ki, informasiya-kommunikasiya texnologiyaları postmodernist cəmiyyətin rəmzidir, bizim strateji vəzifəmiz isə həmin cəmiyyətə keçməkdir. Deməli, biz cəmiyyətin yaxın gələcəkdə üzləşə biləcəyimiz çağırışlarına cavab vermək barədə fikirləşməliyik.

Ona görə də gələcəkdə ölkəni idarə edə biləcək və idarə etməli olan yeni intellektuallar sinfinin, yeni top-menecerlər qrupunun yaradılması bizim üçün həyati zərurətdir. Bu, çox mühüm təşəbbüsdür, ona görə ki, istər sovet dövründə, istərsə də postsovet dövründə nə Azərbaycanda, nə də qonşu dövlətlərdə belə bir proqram həyata keçirilmişdir. Açığını deyək, biz uzun illər ölkənin və cəmiyyətin inkişafının uzun müddətə hesablanmış strateji mənzərəsinə malik olmamışıq. Belə bir sosial təbəqədə gənclərin və dövlətin rolu strateji əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev artıq elan etmişdir ki, kreativ millətlər birliyinə yol açmaq üçün xammal iqtisadiyyatı intellektual iqtisadiyyata çevrilməlidir. Perspektivdə bizim milli vəzifəmiz məhz intellektual, mənəvi, siyasi və iqtisadi azadlıq resurslarının yaradılmasının səmərəli praktikasına nail olmaqdan ibarətdir. Biz millətin intellektual bazisinin sosial sistemlərin formalaşmasında oynadığı mühüm rolu dərk edirik. Azərbaycan bundan sonra da özünün intellektual resurslarının səviyyəsini təkmilləşdirməli və innovasiya texnologiyaları sahəsində regionda yetərli lider olmalıdır. Gənclərimizin mövcud təhsil və elm potensialı rəqabətədavamlı, yüksək intellektə və biliklərə əsaslanan iqtisadiyyat yaratmağa imkan verir. Bu transformasiyanın təməli artıq qoyulmuşdur.

Prezident İlham Əliyevin 5000 Azərbaycan gəncinin xaricə oxumağa göndərilməsi barədə qərarı ən yeni ixtisaslar üzrə ali təhsil almaq imkanlarını genişləndirir, gənclərin ümumi intellektual səviyyəsini yüksəldir, yeni dünyagörüşü mühiti formalaşdırır. Bu istiqamətdə həyata keçirilən siyasətin əsas vəzifəsi yeni idarəçilər üçün zəruri bazis yaratmaq, ölkəni müasir kateqoriyalarla düşünməyi, dövlətimizin maraqlarını müdafiə etməyi bacaran kadrlarla təmin etməkdir. Bu strateji məqsədin əsasını üç başlıca amil təşkil edir: modernləşmə xəttinin uğurunu təmin etmək, siyasi təsisatları və ənənələri möhkəmləndirmək, intensiv qərbləşmə və qloballaşma şəraitində Azərbaycan xalqının milli özgünlüyünü qoruyub saxlamaq.

Millətin yüksək intellektual bazisinin olması cəmiyyətimizin daxili məsələlərini həll etməyə imkan verməklə yanaşı, ümumən dövlətin xarici problemlərinin həllinə də təsir göstərmək üçün zəmin yaradacaqdır. Son illərdə təcavüzkarın intellektual və informasiya hücumu müstəvisinə getdikcə daha çox transformasiya etməsinin hiss olunduğu Dağlıq Qarabağ probleminin həlli məsələsinə də bu mövqedən yanaşmaq lazımdır.

- Siz konstitusiyaya eyni bir şəxsin qeyri-məhdud sayda prezident vəzifəsində olmasına məhdudiyyətləri götürən dəyişikliklər etməklə Azərbaycanın gələcəyi üçün narahatlıq keçirmirsinizmi? Konstitusiyalara dəyişikliklər tez-tez edilmir, təsəvvür edək ki, iyirmi ildən sonra demokratik seçkilər yolu ilə siyasi cəhətdən natəmiz birisi, yaxud da, ağıllı idarəçilik qabiliyyəti olmayan bir diktator hakimiyyətə gəlir. Ölkə belə adamdan necə yaxa qurtara bilər? Gələcəkdə hakimiyyətin qəsb edilməsi təhlükəsi yoxdur ki?

- Mən sizə bundan da artığını deyərəm. Sizin əvvəlki suallarınıza cavab verərkən dediyimiz səviyyəyə çatmamış ölkələr o qədər də adekvat olmayan seçim edə bilər. Prosesləri aydın başa düşən, inkişafın reallıqlarını və perspektivlərini sayıq qiymətləndirən cəmiyyətlərdə ekstremist qüvvələrin hakimiyyətə gəlməsi mümkün deyildir. Bunu biz Fransanın timsalında müşahidə etmişik, ultramillətçi Li Pen fransız seçicilərinin lazımi miqdarda səsini toplaya bilmədi.

Azərbaycanda gələcək hakimiyyət məsələsi ilə əlaqədar açıq deyə bilərəm ki, Prezident İlham Əliyevin həyata keçirdiyi və əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəklənən islahatların mahiyyəti məhz ölkədə natəmiz siyasətçinin siyasi səhnədə görünməsinə və xüsusən hakimiyyətin qəsb edilməsinə yol verməməyi bacaran inkişaf etmiş və demokratik cəmiyyət qurmaqdan ibarətdir. Prezident İlham Əliyevin sözlərini sitat gətirirəm: “Biz belə hesab edirik ki, regionumuzun gələcəyi cəmiyyətimizin nə dərəcədə uğurla modernləşdirilməsindən asılı olacaqdır”. İqtisadi tərəqqiyə, demokratikləşmə prosesinin möhkəmlənməsinə, hüquqi dövlət quruculuğuna əsaslanan inkişaf etmiş vətəndaş cəmiyyətinin yaradılması, sadəcə, şüarlar və ya niyyətlər deyil, Azərbaycanın inkişafının başlıca şərtidir.

Hazırda Azərbaycanın inkişafı yeni səviyyəyə çıxır. Biz indi 10 il əvvəlki ölkə deyilik, biz dəyişmişik və özümüzə qarşı münasibəti də dəyişirik. Bugünkü Azərbaycan təkcə etibarlı və bərabər hüquqlu tərəfdaş deyil, həm də səmərəli və keyfiyyətli müttəfiq, dost və qonşudur. Bizim qarşılıqlı strateji münasibətlərimiz regionun gündəliyini formalaşdırır. Ona görə də referenduma çıxarılmış məsələlər bizim ümumi inkişafımıza, bütövlükdə qlobal və lokal proseslərə uyğundur, ölkənin uğurla modernləşməsi üçün şərait yaradır. Hazırda qüvvədə olan Konstitusiyanın qəbul edilməsindən keçən 13 ildə çox şey dəyişmişdir – yeni nailiyyətlər qazanılmış və təbii ki, yeni təhdidlər və çağırışlar yaranmışdır. Buna müvafiq olaraq, Konstitusiyaya dəyişikliklər zamanın tələblərini əks etdirir, bizim nail olduğumuz inkişafın mahiyyətini təcəssüm etdirir.

Əminəm ki, gələcəkdə Azərbaycanda modernləşmə müəyyən kompromislərin, güzəşt və kompensasiyaların labüdlüyünün dərk edilməsindən ibarət xəttin davamlılığından asılıdır. Əlbəttə, belə qısa müddətdə və sosial baxımdan yekcinc olmayan cəmiyyətdə bütün problemləri birdən-birə və sürətlə həll etmək mümkün deyildir. Ölkənin modernləşməsi bütün ictimai qüvvələr üçün ağır və çoxşaxəli, bir neçə nəslin görə biləcəyi işdir. Bu işin xarakterini isə yaxın onillik müəyyən edəcəkdir. Modernləşmənin mahiyyəti Azərbaycan cəmiyyətinin total demokratik transformasiyasından ibarətdir. Bu isə ümumən hakimiyyəti nə vaxtsa və kiminsə hansısa şəkildə qəsb etməsinin mümkünlüyünü istisna edir.

AzərTAc, 29.03.2009.

 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009