ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Tariximiz > Yaddaş > Soyqırımı və deportasiyalar > Anar İsgəndərov

1918-1920-ci illər türk-müsəlman soyqırımları

Anar İsgəndərov,
tarix elmləri doktoru,
professor

Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə həyata keçirdiyi mühüm tədbirlərdən biri də 1918-ci ildə ermənilərin Azərbaycanda türk-müsəlman əhalisinə qarşı törətdikləri soyqırımı təhqiq etmək oldu. Belə ki, hüquqşünas Ələkbərbəy Xasməmmədovun sədrliyi ilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə təhqiqat komissiyası çox qısa bir zamanda ermənilərin törətdikləri cinayətləri tam üzə çıxartdı.

Lakin Cümhuriyyətin devrilməsi ermənilərin cəzalandırılmasına imkan vermədi. Uzun müddət bu cinayətlər xalqımızdan gizlədilsə də, müstəqillik əldə edildikdən sonra bütün bu hadisələr yenidən obyektiv şəkildə öyrənilmiş və tariximizin faciəli səhifəsi kimi yaddaşlara daxil olmuşdur. Faciənin baş verməsi və nəticələri ilə bağlı bəzi məqamlara diqqət yetirək.

Məlumdur ki, 1917-ci ilin oktyabrında V.İ.Lenin başda olmaqla hakimiyyəti zorla ələ keçirən bolşeviklər fəhlə-kəndli hökuməti qurmaq adı altında əvvəlki imperiyanı bərpa etməyə başladılar. 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində Bakıda daşnak-bolşevik birləşmələrinin milli qüvvələrə qarşı açıq mübarizəsi daha geniş vüsət aldı.

1917-ci ilin dekabrında Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ.Lenin tərəfindən Qafqazın fövqəladə komissarı təyin olunmuş S.Şaumyanın Korqanovun başçılıq etdiyi Hərbi İnqilab Komitəsi ilə birlikdə Tiflisdən Bakıya gəlişi buradakı siyasi vəziyyəti xeyli gərginləşdirdi. Qafqaz cəbhəsindən geri qayıdan rus əsgərləri vətənlərinə getmək əvəzinə Bakıda saxlanıldı. Həmin əsgərlərin Bakıda saxlanılmasında Şaumyan xüsusi fəallıq göstərirdi. Bolşevik-daşnak qüvvələrinin birləşdiyi Bakı Sovetinin ixtiyarında Qırmızı ordu adı altında əksəriyyəti ermənilərdən ibarət olan 20 minlik silahlı qüvvə cəmləndi.

1918-ci ilin martında Bakıda siyasi vəziyyət son dərəcə gərgin idi. Bakı Sovetinə keçirilən seçkilərdə "Müsavat"ın böyük səs çoxluğu ilə qələbə qazanması bolşevikləri və daşnakları ciddi narahat edirdi. Şaumyan başda olmaqla bolşevik qüvvələri, erməni milli şurası və "Daşnaksütyun" rəhbərləri Azərbaycanın milli-demokratik qüvvələrinə qarşı əsl müharibəyə başladılar. Bakıda Azərbaycan milli qüvvələrinin sayca az və zəif silahlanmış olduğunu yaxşı bilən Şaumyan müsəlmanlara "dərs vermək" üçün milli qırğına hazırlaşırdı.

1918-ci il martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan "Evelina" gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərk-silah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Belə ki, 1918-ci il martın 17-də silahla ehtiyatsız davranışdan həlak olmuş H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Lənkərandan Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə saldı. Mərhumu dəfn edən müsəlman dəstəsi "Evelina" gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Gəminin körpüdən aralanmasına az qalmış silahlı bolşeviklər müsəlman dəstəsinin tərk-silah olunmasını tələb etdi. Müsəlman dəstəsinin rədd cavabına tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab verildi. Gəmidəki silahlar bolşeviklər tərəfindən müsadirə olundu.

Martın 31-də səhər tezdən şəhərin müsəlmanlar yaşayan hissəsinə hücumlar başladı. Azğınlaşmış erməni quldur dəstələri dinc azərbaycanlı əhaliyə qarşı ən amansız üsullara əl atırdılar. Fövqəladə təhqiqat komissiyasının üzvü A.Y.Kluge bu komissiyanın sədrinə yazırdı: "Yaxşı silahlanmış və təlim keçmiş erməni əsgərləri çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər... Ermənilər müsəlmanların evlərinə soxulur, evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını qırırdılar".

Təhqiqat komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür. Onların çoxunun meyitləri tapılmamışdır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər.

Müsəlmanları öldürməklə yanaşı, ermənilər onların əmlaklarını da dağıdır, az-çox qiymətli olan əşyalarını isə özləri ilə aparırdılar. Daşnak-bolşevik birləşmələri Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə etmiş, bir çox ziyarətgahları və tarixi abidələri dağıdaraq yerlə-yeksan etmişdilər.

Daşnaklar uzaqvuran toplarla Təzəpir məscidini zədələmiş, Bakıda dünya memarlığının incilərindən sayılan "İsmailiyyə" binasına od vurub yandırmışdılar. Talançılar İsmailiyyə binası ilə yanaşı, "Kaspi" qəzeti redaksiyasını, "Dağıstan" və "İsgəndəriyyə" mehmanxanalarını da yandırmışdılar. "Kaspi" qəzeti redaksiyasında Azərbaycan dilində kitablar nəşr edilirdi. Bina yandırılan vaxt burada Quranın yenicə çap edilmiş 5 min nüsxəsi saxlanılırdı. Onların hamısı yanıb külə dönmüşdü.

Mart qırğınında yaxşı təşkil olunmuş hərbi hissələrlə yanaşı, erməni ziyalıları və gəncləri də iştirak edirdilər. Təhqiqat komissiyasının materiallarında göstərilir ki, "erməni əhalisinin bütün siniflərini təmsil edən nümayəndələr bu "müharibə"də iştirak etməyi özlərinə borc bilirdilər. Burada neftxudalar, mühəndislər, həkimlər, müəllimlər var idi, bir sözlə, erməni əhalisinin bütün təbəqələri öz "vətəndaşlıq borcu"nu yerinə yetirirdi".

1918-ci ilin mart günlərində Azərbaycanın qədim şəhəri Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Şamaxı şəhərində və Şamaxı qəzasında ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdı. S.Lalayan və T.Əmiryanın azğınlaşmış dəstələri müsəlmanları soyub talayır və qırırdılar. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuş, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq - Cümə məscidi yandırılmışdı. Bu məscid müsəlmanlara həm bir qibləgah, həm də qədim abidə kimi əziz idi. Şamaxı qəzasının müsəlmanlar yaşayan təxminən 80 kəndinin taleyi də bu cür olmuşdur. Daşnakların törətdiyi vəhşiliklərin həddi-hüdudu yox idi.

Fövqəladə təhqiqat komissiyasının Şamaxı qəzası üzrə apardığı təhqiqatlarda 53 kənddə tərtib olunmuş yekun aktlarında öldürülənlərin sayı və hər bir kəndə dəymiş ümumi zərərin miqdarı göstərilmişdir. Bu aktlarda olan rəqəmlərə əsasən Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq idi. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339.5 milyon manat olmuşdur.
Təhqiqat komissiyasının sənədlərindən aydın olur ki, təkcə Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla bir milyard manatdan çox olmuşdur.

Əvvəlcədən qurulmuş plana görə, daşnak-bolşevik qüvvələri Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. Xaçmazda yaşayan ermənilər bu barədə xəbərdar edilmiş, onlara xeyli əlavə silah və sursat göndərilmişdi. Sovet rejiminə rəhbərlik edən Şaumyan Cənubi Qafqazda böyük Ermənistan dövləti yaratmaq üçün bütün imkanlardan istifadə edirdi ki, Azərbaycan deyilən dövlət qurumu yaranmasın. Quba qəzasında qırğınlar əvvəlcədən düşünülmüş və buna geniş hazırlıq işləri görülmüşdü. Qırğına başlamaq üçün bəhanə milli münaqişə ola bilərdi. Erməni daşnak qüvvələri dünyanın hər yerinə ermənilərin guya müsəlmanlar tərəfindən sıxışdırıldığı barədə teleqramlar göndərirdilər.

Qubada yaşayan M.Kasparov, H.Hayrapetov, A.Mukanyans və A.Boqdanov tərəfindən göndərilən teleqramda iddia olunurdu ki, guya Qubada müsəlmanlar milli ədavət, qırğın törədir, erməni və rus kəndlərini dağıdır, kilsələrə od vurub yandırırlar. 1918-ci il martın əvvəllərində əmlaklarını sataraq Qubadan tələsik çıxıb gedən varlı ermənilərdən bunun səbəbini soruşduqda demişdilər: "Sizinlə bizim aramızda nə isə gözlənilir, ona görə də komitə bizi geri çağırır".

Fövqəladə təhqiqat komissiyasının sənədlərindən məlum olur ki, top və pulemyotlarla silahlanmış Amazaspın quldur dəstəsi aprelin ortalarında Qubaya daxil olub şəhəri odlamağa başladı. Daşnaklar küçədə qarşılarına çıxan bütün adamları ucdantutma gülləyə tutur, yerə yıxılmış yaralıların bədənlərini tüfənglərin süngüləri ilə deşik-deşik edir, gözlərini oyurdular. Yaxınlıqdakı meşəyə qaça bilməyənlər evlərinə girib qapıları bağlayırdılar. Onları evlərindən zorla çıxarır, yerindəcə güllələyir və yaxud qabaqlarına qatıb meydana aparırdılar. Bir neçə saatın ərzində yüzlərlə insan qətlə yetirildi.

Şahidlərin biri yazır: "Daşnakların son dərəcə azğınlaşdığını görəndə onlarla qeyri-bərabər döyüşə girməli olduq. Bir gün davam edən atışmada 200-dən çox döyüşçünü itirib, 40 nəfərlə Digah kəndinə tərəf geri çəkildik. Amazasp bundan həm hirsləndi, həm də bir qədər ehtiyat etdi. Quba camaatını meydana yığıb bildirdi ki, mən minlərlə türkün başını kəsən Ərzurum ermənisiyəm. 200-dən çox türk kəndini yandırıb xaraba qoymuşam. Uzun müddət türklərlə vuruşmuşam, erməni xalqının mənafeyini müdafiə etmişəm. Buraya da ona görə gəlmişəm. Əgər müqavimət göstərsəniz, hamınızı bir nəfər kimi qıracağam".

Şahidlərdən biri yazır: "Amazasp daşnak dəstəsinə bələdçilik edən qubalı erməni Harun Hayrapetovu yanına çağırdı və ona nəsə dedi. Harun cibindən bir siyahı çıxarıb oxumağa başladı. Həmin siyahıda Qubanın varlılarından 26 nəfərin adı var idi. Amazasp həmin adamların dalınca silahlı əsgərlərindən bir neçə nəfəri göndərdi. Silahlı əsgərlər altı nəfərlə geri qayıdanda daşnak komandiri daha da qızışdı. Gətirilənlərin 4-ü qadın, 2-si yeniyetmə idi. Amazaspın tapşırığı ilə yeniyetmələrin başlarını kəsdilər. Qadınları uşaqlarının qanını içməyə məcbur etdilər. Onlar şivən qoparıb daşnakların üstünə atılanda qarınlarını süngülərlə deşdilər. Sonra qılıncla bədənlərini tən ortadan ikiyə böldülər.

Meydanda ah-nalə yüksələndə Amazasp əsgərləri cərgə ilə düzdürüb əliyalın, günahsız əhaliyə atəş açmağı əmr etdi. Yüzlərlə adam qırıldı. İnanmaq olmurdu ki, insan insana qarşı bu qədər vəhşilik törətsin". "Mən sizin qanınızı içəcəyəm" - deyən Amazasp siyahıda adları çəkilən adamların mülklərini odlayıb külə döndərmək üçün əmr verdi.

Bütün bu hərəkətləri ilə o, son dərəcə qəddar və qaniçən olduğunu sübuta yetirirdi. Amazasp Bakıdan mənfur Şaumyan rejimindən belə bir tapşırıq almışdı: Quba qəzasında bütün müsəlmanları qırıb məhv etmək, onların yaşayış məntəqələrini dağıtmaq. Sonra isə bu qırğını sünni və şiə məzhəbləri arasında toqquşma kimi qələmə vermək.

Təhqiqat materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də Qubaya girən daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən artıq olmuşdur. Ona görə də onlar silahsız dinc əhaliyə azğınlıqla divan tuta bilmiş, iki gün ərzində yalnız Quba şəhərində 4 minədək insanı məhv etmişdilər. Bu, Quba şəhər əhalisinin beşdə biri demək idi.

Qırğının canlı şahidlərindən olan Şahbalı oğlu xatırlayır: "Ermənilər o qədər adam qırmışdılar ki, Qubanın küçələri al-qana boyanmışdı. Əllərinə keçən 2 mindən çox adamı meydana yığıb ucdantutma güllələmək istəyəndə bir nəfər onların başçısına yaxınlaşdı. Deyilənə görə, komissar idi. Bir qədər söhbət etdikdən sonra əsgərlərə təzədən əmr verildi ki, silahları aşağı salsınlar. Qadınlar və uşaqlar ağlayırdılar. Yekəpər bir erməni beş nəfərlə camaata yaxınlaşıb, cavan, gözəgəlimli qadınları seçməyə başladı. Əllidən çox qadını hara isə apardılar. Onlardan birinin qardaşı etirazını bildirəndə yerindəcə güllələdilər. Onun meyitini yerə sərib bıçaqla gözlərini çıxartdılar. Əli qana batmış erməni ovcunda tutduğu gözləri camaatın üstünə tulladı. Kütlədən uğultu qopdu. Daşnaklar ermənicə söyə-söyə qabaqdakıları qundaqla döyməyə başladılar. Sonra irəli çıxmış yaşlı bir kişinin qarnını süngü ilə deşdilər. Bu, göz ilə baxılası müsibət deyildi".

Başqa bir şahid yazır: "Ermənilər dindarları Qubanın mərkəzinə gətirdilər. Bu, döyülən insanlar qəzanın ən hörmətli ağsaqqalları sayılırdılar. Amazasp hamının tanıdığı Quba ermənisi Harunu çağırdı. Harun azərbaycanca dedi ki, sünnilər və şiələr hərəsi bir tərəfə çəkilib üz-üzə dursunlar. Elə o cür də durdular. Araları 20-30 metr olardı. Sonra iki tüfəng gətirib dedilər ki, onsuz da sizin hamınızı qıracağıq. Kim sağ qalmaq istəyirsə, dediyimizə əməl etsin. Sünnilər və şiələr növbə ilə bir-birilərinə güllə atsın. Sağ qalanlarla işimiz olmayacaq.

Birinci iki nəfəri irəli çıxarıb tüfəngləri onlara verdilər. Biri ləzgi Məhəmməd, o birisi isə şiələrin ağsaqqalı Məşədi Mirsadıq idi. Onların heç biri erməni silahını əlinə almaq istəmirdi. Qundaqla başlarını yarıb onları tüfəngləri götürməyə məcbur etdilər. İkisi də tüfənglərini qaldırıb bir-birlərini nişan aldı. Hamı məəttəl qalmışdı. Nisbətən cavan olan Məhəmməd heç kimin gözləmədiyi halda geri döndü və bir daşnakı yerə sərdi. Qarışıqlıqdan istifadə edən Məşədi Mirsadıq da bir ermənini öldürdü. Qaçmaq istəyən yüzlərlə adamı pulemyotlarla qırdılar. Ölənlərin çoxu qadınlar və uşaqlar idi. Əvvəlcə Məhəmmədin qollarını kəsdilər, sonra ayaqlarını. Başını kəsib süngüyə keçirdilər və hamı görsün deyə yuxarı qaldırdılar. Məşədi Mirsadığın gözlərini çıxarıb, qollarını sındırdılar və boynunu qırdılar. Həmin gün daşnaklar məscidi dağıdıb, həm sünnilərdən, həm də şiələrdən 20-dən çox din xadimini qətlə yetirdilər".

A.Novatski qeyd edir ki, müsəlmanların dini heysiyyətınə toxunan daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscid yandırmışdılar.

Amazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü və tat əhalisi öldürülmüşdü. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyil.

Lənkəranda olan "Dikaya diviziya"nı tərk-silah etmək üçün bura dəniz vasitəsilə bolşevik dəstələri göndərilmişdi. Bunların hamısı erməni milli şurasının göstərişi ilə edilirdi. Bolşevik əsgərləri yolda qabaqlarına çıxan müsəlman kəndlərini dağıdıb talayırdılar. Astara bolşevik əsgərləri tərəfindən topa tutularaq darmadağın edildi, əhalinin əksəriyyəti yaşayış yerlərini tərk etməyə məcbur oldu. Xəzər dənizi sahilində Qızılağac ilə Lənkəran arasındakı müsəlman kəndləri "Aleksandr Candar" gəmisindən top atəşinə tutuldu. Yanvarda başlanan bu qırğınlar martda daha da şiddətləndi.

Osmanlı qoşunlarının Bakını azad etməsindən bir az əvvəl Lənkərana iki min nəfərlik erməni dəstəsi gələrək yerli əhaliyə divan tutmağa başladı. Onlar müsəlman yeməkxanalarına girib oradakıları təhqir edir, yediklərinin pulunu vermir, özlərini Osmanlı türklərindən qorumaq üçün onları səngər qazmağa məcbur edirdilər. İş o yerə çatmışdı ki, erməni əsgərləri məhərrəmlik mərasimi verilən məscidlərə girib müsəlmanlara öz təziyələrini keçirməyə mane olurdular. Müsəlman əhalisi dini ayinlərini icra etmək üçün məscidlərə yığışdıqları zaman ermənilər ora soxularaq müsəlmanları qarət edir, məscidi isə yandırmaq istəyirdilər. Ermənilər bu bölgədə yüzlərlə ev dağıtdı və minlərlə günahsız insanın həyatına son qoydular. 1919-cu ilin avqustunda "Molokan qiyamı" yatırılana qədər bu bölgədə erməni və rus birləşmələri tərəfindən 2 min insanın həyatına son qoyulmuşdu.

Göyçay qəzasının Kürdəmir kəndində daşnaklar 56 ev və dükan, 127 malikanə, iki məscid yandırmış, yerli imamın mənzilini talan etmişlər. Mənzildəki "Quran"ın təfsirinə dair zəngin kitabxanadan tonqal düzəldilmiş, "Quran"ın özü isə təhqir olunmuşdur.

1918-1920-ci illərdə erməni vəhşiliklərindən ən çox ziyan çəkən Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olmuşdur. Daşnak qüvvələrinin təcavüzü nəticəsində bu qəzanın Şuşa ilə əlaqələri tamamilə, Cəbrayıl qəzası ilə qismən kəsilmişdi. Qəzanın müsəlman əhalisinin vəziyyəti bir də ona görə ağırlaşmışdı ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı, bu qəzada general Andranikin erməni əsgərlərindən ibarət yaxşı təşkil olunmuş nizami qoşunları da var idi.

Andranik erməni hökumətinin tapşırığı ilə Azərbaycan ərazisinə soxularaq müsəlman əhalisindən tələb edirdi ki, ya Ermənistan hökumətinə tabe olmalı, ya da qəzanın ərazisini tərk etməlidirlər. Guya bu ərazi Ermənistan Respublikasına daxildir. Qəzanın çox zəif silahlanmış müsəlman əhalisi Andranikin bu tələblərini rədd etdiyinə görə ermənilər həmin əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdilər.

Fövqəladə təhqiqat komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzündən silindiyi qeyd olunur. Dağıdılmış bütün kəndlərin adları bu sənədlərdə sadalanır. Zəngəzur qəzasında 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Nəticədə təkcə Zəngəzur qəzasında 10068 nəfər azərbaycanlı öldürülmüş və ya şikəst edilmişdi. Məruzədə deyilirdi ki, bu dəhşətli rəqəmlər hələ erməni vəhşilikləri haqqında tam məlumat vermir. Belə ki, daha çox müsəlman erməni vəhşiliklərinin qurbanı olmuşdur. Ancaq o zamankı dəhşətli qarışıqlıq şəraitində onları tam şəkildə müəyyənləşdirmək mümkün olmamışdır.

Qəzanın Vaqudu kəndində 400-dən yuxarı azərbaycanlı məscidə sığınaraq güman edirlər ki, ermənilər müqəddəs yerə basqın etməzlər. Ancaq məscidi mühasirəyə alan erməni vandalları əvvəlcə bura əl bombaları atır, sonra isə ona od vuraraq adamlarla birlikdə yandırırlar. Şəki kəndinin küçələrində iki yerə şaqqalanmış uşaq meyitləri atılıb qalmışdı. İrmişli kəndini talan edərkən ermənilər südəmər uşaqları süngülərə taxaraq göyə qaldırır, meyitləri tikə-tikə doğrayırdılar. Aqudi kəndində ermənilər müsəlmanlardan xristianlığı qəbul etməyi tələb edir, bundan imtina edən qadınlara qarşı ən amansız cəza tədbirlərini həyata keçirirdilər.

Ermənilər Çullu kəndində yorğan-döşəkdə xəstə yatan 9 müsəlmanı qılıncla doğramışlar. Bağıbəyli kəndində 7 nəfər azərbaycanlını bir evə yığıb evlə birlikdə diri-diri yandırmışlar. Müsəlman meyitlərin əli, ayağı, başı kəsilmiş və o qədər eybəcər hala salınmışdılar ki, həmin əzaların hansı meyitə məxsus olduğunu bilmək olmurdu. Zəngəzur qəzasında 1918-ci il yayın axırları və payızında baş verən bu hadisələr bilavasitə cəllad Andranikin rəhbərliyi altında həyata keçirilmişdi.

Zəngəzur qəzasının 100-dən çox müsəlman kəndi dağıdılmış, əhalisinə isə 1 milyard manata yaxın maddi ziyan vurulmuşdu. Erməni millətçilərinin azərbaycanlılara qarşı Zəngəzurdakı vəhşiliklləri 1920-ci ilin əvvəllərində daha amansız şəkil aldı. 1920-ci ilin yanvarından Zəngəzurda baş verən bütün hadisələrin bilavasitə təşkilatçısı məhz Ararat Respublikasının özü idi. Əsas məqsəd Zəngəzur qəzasını tamamilə müsəlmanlardan təmizləyərək Paris sülh konfransı dövlətlərinin əli ilə buranı Ermənistanın tərkibinə daxil etmək idi.

Həmin təmizləmə əməliyyatlarında erməni quldur dəstələri ilə yanaşı, Ararat respublikasının on mindən yuxarı nizami qoşun dəstələri iştirak edirdi. Ermənilərin irimiqyaslı hücumları ilə əlaqədar 1920-ci ilin yanvarından Azərbaycan Respublikasının parlamentinə, hökumətinə müxtəlif partiya fraksiyalarının rəhbərlərinə Zəngəzurdan çoxlu həyəcanlı xəbər daxil olurdu.

1920-ci il yanvarın 21-də Azərbaycan Respublikasının parlamentinin üzvü Cəlil Sultanov tərəfindən Azərbaycan parlamentinə göndərilimiş teleqramda deyilirdi: "Dörd gündür ki, erməni quldur dəstələri nizami ordu ilə birlikdə top və pulemyotların atəşi altında Zəngəzura hücumları davam edir... İtkilər olduqca çoxdur. Əhali vahimə içərisində qaçır və kömək umur... Qəzanın bədbəxt əhalisi adından yalvarıram, kağız üzərindəki etirazlardan fəal hərəkətə keçin. Azərbaycanın ən gözəl guşələrindən birini tamamilə məhv olmaqdan xilas edin. Zəngəzurun ardınca növbə Qarabağındır. Bütün bunların itirilməsi üçün siz Azərbaycan xalqı və Azərbaycan qarşısında cavab verəcəksiniz".

Yanvarın 22-də isə Cəbrayıl məktəbinin müəllimi H.Axundzadə Azərbaycan parlamentinə göndərdiyi teleqramda yazırdı: "Yanvarın 19-da səhərdən erməni silahlı qüvvələri Zəngəzurda Xocahandan Qaladərəsinə kimi ərazidə bütün cəbhə boyu toplardan və pulemyotlardan müsəlman kəndlərini atəşə tuturlar. Altı kənd tamam dağılmışdır, doqquz kənd isə od içərisində yanır. Ermənilər qadınlara və uşaqlara belə rəhm etmədən qəddarlıqla müsəlmanları qırır, kəndləri dağıdırlar. Müqavimət göstərməyə heç bir qüvvələri olmayan müsəlmanlar bütün əmlaklarını ermənilərə qoyaraq yalnız qaçmaqla canlarını qurtarırlar".

Erməni millətçilərinin Zəngəzurdakı dəhşətli cinayətləri və onlara layiqli cavab verilməməsi - azərbaycanlı əhali arasında ümidsizlik doğururdu.

1920-ci il yanvar ayının 23-də Cəbrayıldan müəllim Hüseyn Axundzadənin vurduğu təkrar teleqramda deyilirdi: "Zəngəzur müsəlmanları tərəfindən başınız sağ olsun. Nə qədər zəngəzurlular ağladılarsa da, nalələri Zəngəzur dağları, dərələri və obalarından kənara çıxmadı. Qarı arvadların namusu təhqir olunmuş, məsum balaların başsız bədənləri qırmızı qanlarına bulaşmış çöllərdə qalıblar. Qızlar və gəlinlər ermənilərin əlinə keçmiş, onların namuslarına təcavüz edilmişdir. Zəngəzurda düşmənə müqavimət göstərən çox az kişi qalıb. Lakin onlar da tam ümidsiz vəziyyətdədirlər. Üzümüzü Azərbaycan dindarlarına çevirir, onları Zəngəzurdakı qardaşlarımızın, bacılarımızın, məsum balalarımızın məlumanə şəkildə şəhid olmalarına qarşı kömək, kömək deyə yalvarışlarına cavab verməyə çağırırıq".

1918-ci ilin avqustunda İgdir və Eçmiədzin qəzalarında azərbaycanlıların qırğını Dronun rəhbərliyi altında həyata keçirilirdi. Onun göstərişi ilə bu regionda azərbaycanlıların 60-dan çox kəndi dağıdılmış, yandırılmış, əhalisinə qarşı ən sərt tədbirlər görülmüşdü. Çəmbərəkənd (Krasnoselo) rayonunun Ağbulaq, Ardanış, Bəriyabad, Qaraqaya, Əmirxeyir, Yanıqtəpə, Gölkənd (Qaraqoyunlu), Toğluca, Çaykənd, Cıvıxlı, Cil, Şorca və başqa kəndlərinə hücum etmiş Andranikin quldur dəstəsi əhalini qırmış, kəndləri dağıtmış, xalqın var-dövlətini talan edib aparmış, əhalinin bir qisminə ağır işgəncələr vermiş, qaça bilməyənləri, qocaları, qadın və uşaqları vəhşicəsinə qılıncdan keçirmişdir.

1918-ci ildə Eçmiədzin rayonunda azərbaycanlılar sayca üstunluk təşkil etsələr də, bu rayonun əksər kəndi ermənilərin vəhşiliyinə, işgəncələrinə məruz qalmışdır. Rayonun Ayarlı kəndi 1918-ci ildə bütünlüklə soyqırıma məruz qalmışdır. Bu kənddə həmin vaxt 700-dən çox azərbaycanlı yaşayırdı. Onların əksəriyyəti işgəncələrlə öldürülmüş, salamat qalanlar didərgin düşmüş, dağlarda-daşlarda tələf olmuşdur.

İri azərbaycanlı kəndi olan Qarğabazarın 800 nəfərdən çox əhalisi erməni quldur dəstələri tərəfindən işgəncələrlə qətlə yetirilmişdir. Bu kənd talan edilmiş, dağıdılmış, binaları yandırılmışdır. Qəmərli kəndinin də başına eyni müsibətlər gətirilmişdir. Bu kənddə yaşayan 500 nəfərə yaxın azərbaycanlı əhali erməni silahlı dəstələri tərəfindən məhv edilmiş, bir qismi isə doğma yurd-yuvasını tərk etməyə məcbur olmuşdur.

1918-ci ilin martında İrəvan qəzasının 199 azərbaycanlı kəndi, 1919-cu ilin sentyabr ayına qədər isə Eçmiədzin qəzasına məxsus 62 azərbaycanlı kəndi bütünlüklə yerlə yeksan edilmişdir. 1919-cu ilin axırında Zəngibasarın bir neçə kəndi istisna olunmaqla, İrəvan qəzasının, o cümlədən Vedibasarın bütün kəndləri məhv edilmiş, əhalisi vəhşicəsinə öldürülmüş, sağ qalanlar canlarını xilas edərək başqa yerlərə qaçmışlar. Əhali İran, Osmanlı və Azərbaycana pənah gətirmişdir.

1918-ci ildə İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış, yandırılmış və talan edilmişdi. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində (İrəvan) və onun çevrəsində 88 kənd dağıldılmış, 1920 ev yandırılmış, 132 min azərbyacanlı məhv edilmişdir.

Erməni cəza dəstələrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə yürüdülən "türksüz Ermənistan" siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə enmişdir. Andranikin quldur qoşununun və daşnakların 1918-1920-ci illərdə azərbaycanlılara qarşı apardıqları soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə qırılmış, yaxud öz dədə-baba torpaqlarından qovulmuş, didərgin salınmışdır.

1920-ci ilin aprelində "Azərbaycan" qəzeti yazırdı: "Artıq Göyçə mahalında müsəlman qalmayıb. Hazırda Yeni Bəyazid qəzasında 84 müsəlman kəndi dağıdılmışdır, onlardan 22 kənd apreldə dağıdılmışdır. Otuz kəndin 15 mindən artıq evi olan əhalisi bütün malı, dövləti başlı-başına buraxıb qaçmışdır. Bütün bu var-dövlət hazırda ermənilərə qalıb, qarət edilmiş əmlak bir neçə milyon və hətta milyardlar qədərdir".

1920-ci il aprelin 27-də rus ordusu tərəfindən Azərbaycanın işğal edilməsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü tədbirləri başa çatdırmağa imkan vermədi, sovetləşən Zəngəzur qəzası sovet Ermənistanına bağışlandı.

Beləliklə, 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən qətllər və kütləvi insan qırğını təsadüfi hadisə deyil, "Daşnaksütyun" partiyasının "böyük Ermənistan" yaratmaq planını reallaşdırmaq yolunda atılan addım və soyqırım siyasəti olmuşdur.

“Azərbaycan”, 31.03.2009.



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009