ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Sülh prosesi > Gündəm > 2009 > Aprel > 5

Moskvada Qarabağ və qaz məsələsi müzakirə olundu

Azərbaycan və Rusiya rəhbərləri enerji əməkdaşlığının genişləndirilməsi, Qarabağ probleminin isə beynəlxalq hüquq çərçivəsində həlli barədə ortaq fikir ifadə ediblər

"Rusiya Azərbaycanın dostu, qonşusu, strateji tərəfdaşıdır və biz bu əsasda münasibətlərimizi inkişaf etdirəcəyik" - Azərbaycan prezidenti İlham Əliyev aprelin 17-də Moskvada Rusiya prezidenti Dmitri Medvedevlə görüşdə bu bəyanatla çıxış edib.

Moskvada işgüzar səfərdə (16-17 aprel) olan Azərbaycan rəhbəri rusiyalı həmkarı ilə onun şəhərkənarı “Mayndorf” iqamətgahında görüşüb.

Görüşün əvvəlində iki ölkə rəhbərləri arasında aktiv təmasların davam etməsindən məmnunluq ifadə edən prezident Medvedev bunun ikitərəfli əlaqələrə müsbət təsir göstərdiyini vurğulayıb: "Ölkələrimiz arasında yaxşı münasibətlər formalaşıb. Biz mütəmadi olaraq ünsiyyət qurur, bizi maraqlandıran bütün məsələləri müzakirə edirik".

Son illər ikitərəfli ticarət dövriyyəsinin sürətlə artdığını, 2008-ci ildə 40 faiz artım qeyd alındığını vurğulayan Rusiya prezidenti mövcud qlobal iqtisadi böhran şəraitində bu nəticələrin saxlanılmasının vacibliyini qeyd edib. "Əlbəttə, 2009-cu il bir qədər mürəkkəb olacaq. Bizim vəzifəmiz nail olduğumuz nəticələri qoruyub saxlamaqdır. Hətta iqtisadi böhran şəraitində belə pozitiv iqtisadi dinamikanı saxlamaq üçün səyləri davam etdirəcəyik", - deyə Medvedev bildirib.

Rusiya prezidenti iqtisadi əməkdaşlıqla yanaşı, humanitar sahədə əlaqələrin möhkəmlənməsinin əhəmiyyətini qeyd edib: "Ölkələrimiz arasında mədəni-humanitar sahədə də əlaqələr genişlənir. Bu yaxınlarda Bakıda informasiya mərkəzi və Moskva Dövlət Universitetinin filialı açılıb. Moskvada isə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb ki, bu da əlaqələrimizə daha müsbət təsir göstərir".

Öz növbəsində prezident İlham Əliyev də ikitərəfli münasibətlərin müsbət inkişafında dövlət başçıları arasında şəxsi dostluq münasibətlərinin rolunu vurğulayıb. Prezident nəzərə çatdırıb ki, qlobal maliyyə böhranı iqtisadi münasibətlərin inkişafına bəzi düzəlişlər edib. Bununla belə, Azərbaycan rəhbəri iki ölkənin ticarət dövriyyəsinin 3 milyard dollara yaxınlaşdığını və bu nəticənin əldə olunacağına ümidvar olduğunu bildirib.

Prezident Azərbaycan-Rusiya münasibətlərinin əvvəlkitək strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini vurğulayıb: "Rusiya Azərbaycanın dostu, qonşusu, strateji tərəfdaşıdır. Biz əməkdaşlığımızı strateji tərəfdaşlıq ruhunda davam etdirəcəyimizə ümid bəsləyirik".

Qeyd edək ki, bu ümumi açıqlamalardan sonra görüş mətbuat üçün qapalı davam edib. Görüşdən sonra prezidentlərin birgə mətbuat konfransında verdikləri açıqlamalardan isə bəlli olub ki, tərəflər əsasən iki məsələni - enerji əməkdaşlığı və Qarabağ nizamlanmasını müzakirə ediblər. Bəllidir ki, bu məsələlərdən birinci Rusiya üçün, ikincisi isə Azərbaycan üçün əlahiddə önəm kəsb edir.

Rusiya Xəzər-Mərkəzi Asiya regionundan Avropaya alternativ qaz ixracı layihələrini önləmək üçün Azərbaycan qazını yüksək (Avropa) qiymətə almaq niyyətini bildirib. Azərbaycanla Rusiya arasında bu yöndə danışıqlar 2008-ci ilin yayından gedir, bu il martın 27-də isə "Qazprom"la ARDNŞ arasında ilkin niyyət memorandumu imzalanıb. Bununla belə, Azərbaycan enerji siyasətində çoxşaxəli marşrutlar strategiyasını əsas tutaraq Rusiyanın cəlbedici təklifləri müqabilində Avropaya qaz nəqli planlarından vaz keçmək fikrində deyil.

Yeri gəlmişkən, gələn həftə Sofiyada keçiriləcək enerji sammitinə Azərbaycan da dəvət olunub. Mayın 7-8-də isə Azərbaycan prezidentinin Praqada Avropa Birliyinin "Şərq tərəfdaşlığı" sammitində iştirakı gözlənilir. Praqa sammiti gedişində "Nabucco" qaz kəməri layihəsinə dair ilkin hökumətlərarası sənədin imzalanması nəzərdə tutulur. Digər yandan, Azərbaycanın Rusiya ilə strateji (o cümlədən enerji sahəsində) tərəfdaşlıq müqabilində qarşı tərəfdən Qarabağ nizamlanmasında mühüm gözləntiləri var. Bu məqamlar iki prezidentin dünənki açıqlamalarında da özünü göstərdi.
Rusiya prezidenti Medvedev görüşdə qaz məsələsinin müzakirə edildiyini və tərəflərin anlaşmaya yaxın olduqlarını bildirib. "Rusiya və Azərbaycanın qaz sahəsində tammənalı sazişin imzalaması üçün çox yüksək şanslar var". Medvedev ümidvar olduğunu bildirib ki, tərəflər bu məsələdə "öz dövlət maraqlarını və şirkətlərin kommersiya mənafelərini nəzərə alınmaqla" yekun anlaşma əldə edəcəklər.

Prezident Əliyev isə Rusiyaya qaz satışı məsələsinin "nisbətən yeni mövzu" olduğunu və danışıqlarda artıq yetərli irəliləyiş əldə edildiyini deyib. Dövlət başçısı nəzərə çatdırıb ki, Azərbaycan Rusiya ilə danışıqları qaz tədarüklərinin diversifikasiyasının bir elementi kimi gözdən keçirir: "Təbii ki, bizim üçün tədarüklərin diversifikasiyası və yeni bazarlara çıxış böyük maraq kəsb edir".

Prezident Azərbaycanın dünya bazarına neft ixracında da çoxşaxəli marşrutlara üstünlük verdiyini və Bakı-Novorossiysk kəməri ilə də neft nəql olunduğunu nəzərə çatdırıb: "Bakı-Novorossiysk kəməri uzun illərdir fəaliyyət göstərir və biz bu kəmərlə neft nəqlini artırmağı düşünürük. Ölkələrimiz arasında elektroenergetika sahəsində əməkdaşlıq inkişaf edir və Bakı bu sahədə qarşılıqlı əməkdaşlığa ümid bəsləyir".

"Qarabağ münaqişəsinin həlli genişmiqyaslı regional əməkdaşlığa təkan verəcək"

Görüşdə Dağlıq Qarabağ nizamlanmasının da diqqətə alındığını deyən Azərbaycan prezidenti Rusiyanın davam edən vasitəçilik səylərinə görə prezident Medvedevə təşəkkürünü bildirib. "Ümidvaram ki, Dağlıq Qarabağ münaqişəsi kifayət qədər tez nizamlanacaq. Əlbəttə nəticənin olmaması bizi sevindirmir, lakin danışıqlar prosesində tərəqqinin olduğuna da göz yummaq olmaz. Bu tərəqqi münaqişənin kifayət qədər tez nizamlanacağına aid ümidlərimizi artırır". Prezidentin sözlərinə görə, danışıqlar prosesində tərəflərin mövqeləri müəyyən qədər yaxınlaşıb, əvvəllər çətinlik doğuran bəzi məsələlər artıq razılaşdırılıb: "Bu isə danışıqlar prosesinin davamı üçün yaxşı baza yaradır".

Bununla yanaşı, prezident tərəflərin hələ də razılığa gələ bilmədiyi məsələlərin olduğunu deyib: "Rəsmi Bakının səyləri konstruktiv yanaşmaya, beynəlxalq hüquq və tarixi ədalətin bərpasına əsaslanır. Heç kəsə sirr deyil ki, 20 ildir Azərbaycan torpaqları işğal altındadır və bu fakt beynəlxalq birlik tərəfindən tanınıb. Ümidvarıq ki, yaxın aylarda biz nizamlanma prosesini daha irəli apara biləcək, hər iki xalqın maraqlarına cavab verən, Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən və regionda beynəlxalq norma və prinsipləri təsbit edən həll variantını tapmağa nail olacağıq".

Prezident xüsusi olaraq vurğulayıb ki, Qarabağ münaqişəsinin həlli genişmiqyaslı regional əməkdaşlığa təkan verəcək: "Bundan hamı uduşlu çıxacaq və bu təqdirdə biz Cənubi Qafqaz regionunda genişmiqyaslı regional əməkdaşlıqdan danışa bilərik".

Prezident Medvedev isə Rusiyanın Qarabağ nizamlanmasında beynəlxalq hüquq normalarına, BMT və ATƏT-in qətnamələrinə əsaslanmağın zəruriliyini qeyd edib. "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda maksimum tərəqqi əldə olunmasını arzulayır. Azərbaycan və Ermənistan prezidentləri arasında mütəmadi görüşlər çox vacibdir. Rusiya öz mandatını həyata keçirməyə hazırdır. Biz həmişə bu prosesə dəstək verməyə çalışırıq. Bu kimi təmaslar davam etsə, əminəm ki, hazırlanmış təklifləri göz önünə alaraq münaqişəni hər iki xalqın maraqlarına uyğun nizamlamaq olar. Rusiya bu çətin lakin, həlli mümkün olan münaqişənin nizamlanması üçün özündən asılı olan hər şeyi etməyə hazırdır".

Rusiya rəhbərinin fikrincə, sülhə nail olmaq üçün tərəflər bir-birinin arqumentlərini dinləməlidir: "Əsas odur ki, bu prosesə üçüncü dərəcəli, lakin bəzən çox-çox mürəkkəb olan faktorlar təsir eləməsin ki, tərəflər təmkin nümayiş etdirərək perspektivləri görsünlər".

Qeyd edək ki, Rusiya mediasında yer alan xəbərlərə görə, prezident Medvedev Qarabağ nizamlanmasında şəxsi vasitəçilik səylərinin davam etdirmək və yaxın aylarda Azərbaycan və Ermənistan rəhbərlərini yenidən görüşdürmək niyyətindədir. Xatırladaq ki, 2008-ci il noyabrın 2-də prezident Medvedevin iqamətgahında gerçəkləşən görüşdə üçtərəfli (Azərbaycan, Ermənistan, Rusiya) "Moskva Bəyannaməsi"nin imzalanmışdı.

"Kommersant" qəzetinin məlumatına görə, Azərbaycan və Ermənistan rəhbərləri Rusiya prezidentinin vasitəçiliyi ilə iyun ayında Sankt-Peterburq iqtisadi forumu çərçivəsində görüşə bilərlər. Xatırladaq ki, prezidentlər Əliyev və Sərkisyanın ilk görüşü 2008-ci ilin iyununda məhz Sankt-Peterburqda baş tutmuşdu.

Qeyd edək ki, bunadək Azərbaycan və Ermənistan rəhbərlərinin mayın 7-də Praqada, Avropa Birliyinin "Şərq tərəfdaşlığı" sammiti çərçivəsində görüşəcəyi xəbər verilmişdi. Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza bu görüşə hazırlıq məqsədilə son üç həftədə iki dəfə regiona səfər edib. Gələn həftə isə rusiyalı və fransalı həmsədrlərin bölgəyə səfəri gözlənilir.

"Kommersant" qəzetinin yazdığına görə, Rusiya rəhbəri Azərbaycan prezidentinin ardınca Ermənistan prezidenti Serj Sərkisyanı da aprelin 23-də Moskvaya dəvət edib və onunla da Sankt-Peterburq forumunda iştirak məsələsini müzakirə edəcək. Belə görünür ki, Rusiya təkcə qaz məsələsində deyil, Qarabağ nizamlamasındakı vasitəçilik prosesində də təşəbbüsü ələ almaq istəyir. Bu təşəbbüskarlığın nə qədər uzağa gedəcəyini isə yaxın zaman göstərəcək.
Vüqar Orxan, “525-ci qəzet”, 18.04.2009.

Bax həmçinin:

→“Azərbaycan Dağlıq Qarabağın hüquqi cəhətdən ayrılması mexanizmini nəzərdə tutan proseslərdə heç vaxt iştirak etməyəcək”

→“Rusiya ilə imzalanacaq sazişin əhəmiyyəti ondadır ki, Azərbaycan qazının ixracı üçün yeni istiqamət açılır”

→“Əgər Nabukko boru kəməri tikilsə, təbii ki, biz yaxşı şərtlər daxilində öz qazımızın bir hissəsini bu istiqamətdə də nəql edə bilərik”


  "Qarabağ > Sülh prosesi" bölməsində: 

 

 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009