ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Tariximiz > Azərbaycanın sovet tarixi > 1920

Səssiz işğal

1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi

1920-ci il aprelin 28-də Azərbaycan bolşevik Rusiyası tərəfindən ilhaq edilib və milli dövlətimizin - Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son qoyulub.

İndi ibtidai sinif şagirdinə də bəlli olan bu fakt ilk dəfə olaraq rəcmən 1991-ci ilin 30 avqustunda o vaxtkı parlamentin - Ali Sovetin qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi haqqında Bəyannamə"də rəsmən təsbit edilmişdi.

Onilliklər boyu bizim xalq və ictimai toplum olaraq xəbərsiz olduğumuz, daha dəqiq desək, sovet rejiminin bizə qadağan etdiyi gerçək tarix arxivlərdə, üzümüzə bağlı qapıların o tayında qalıb. Lakin, necə i ilə desək, tarix həmişə hər şeyi öz yerinə qoyur və Azərbaycan tarixinin gerçək səhifələri də artıq yerbəyer olub.

28 aprel işğalının növbəti ildönümündə bu tarixə qayıtmağımızın səbəbi isə sadədir. Zənnimizcə, XX əsrin əvvəlində Azərbaycanda milli dövlətçiliyinin bərqərar olması və süqutunun tarixini incələmək XXI əsrin əvvəlində də aktualdır. Düzdür, 1920-ci ildən fərqli olaraq, bu gün Azərbaycanın müstəqilliyinin itirilməci təhlükəsi yoxdur. 

Bununla belə, tariximizin hər səhifəsinə dönərək nəzər salmaq həm bu gün, həm də sabahımız üçün müstəsna önəm kəsb edir. Çünki tarixi olduğu kimi dərk etmək və qiymətləndirmək azdır, ondan həm də ibrət götürmək lazımdır.

...Azərbaycanda bolşevik təbliğatı və sovetləşmənin təşviqi Xalq Cümhüriyyətinin ilk günlərindən aparılsa da, 1919-cu ilin sonuna doğru bu proses özünü aşkar şəkildə büruzə verməyə başlamışdı. Bunun isə bir sıra səbəbləri vardı.

Başlıca səbəb isə o dövrün beynəlxalq-geosiyasi mənzərəsi idi: I Dünya müharibəsindən sonra Qərbin böyük dövlətləri daha çox öz başlarının hayına qalmışdılar və belə bir şəraitdə onların çar Rusiyasının ərazisində meydana gələn milli dövlətlərə yetərli dəstək verməsi real deyildi.

Qərb bu xüsusda yalnız üç Baltikyanı respublikaya (o da 1940-cı ilədək - red.) sahib çıxa bildi. Belə bir dəstək olmadan isə milli dövlətlərin bolşevik Rusiyasının populist şüarları (kəndliyə torpaq, fəhləyə zavod, xalqlara sülh) ilə maskalanmış hərbi anneksiyasına və neoimperialist iştahasına müqavimət göstərməsi mümkünsüz idi.

Digər mühüm səbəb isə bilavasitə milli dövlətlərin daxili vəziyyətilə bağlı idi. 4 illik dünya müharibəsindən sonra keçmiş imperiyanın hər yerində aclıq, səfalət hökm sürürdü. Kütlə üçün isə bir qarın çörək hər şeydən - o cümlədən üfiqdə güclə sezilən milli dövlətçiliyin rifah və istiqrar vəd etməsindən üstün idi. Belə bir ağır mirasa sahib çıxmış milli hökumətlərin uğur qazanması isə, sadəcə, fantastik görünürdü.

İllah da, milli hökumətlərin daxilində ciddi çəkişmə və siyasi mübarizə meydanı olduqda. Təkcə onu xatırlatmaq yetər ki, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə 5 dəfə hökumət dəyişmişdi.

Bolşeviklər isə belə vəziyyətdə özlərini suda balıq kimi hiss edirdilər. Leninin məşhur "nə qədər pis olsa, o qədər yaxşıdır" prinsipini əldə rəhbər tutan bolşeviklər milli hökuməti sabotaj etmək üçün bütün imkanlardan istifadə edirdilər.

Hələ 1918-ci ilin dekabrında bolşeviklər Bakıda ümumi siyasi tətil keçirməyə nail olmuşdular. 1919-cu il aprelin 25-də isə Azərbaycanın cənub bölgəsində bolşeviklər tərəfindən qızışdırılan rus əhalisinin milli hökumətə qarşı qiyamı başlandı. Qiyamçılar bölgəni "Muğan Sovet Respublikası" elan etdilər. Avqustun əvvəlində qiyam hökumət qüvvələri tərəfindən yatırıldı. Milli hökumətin torpaq islahatını yubatmasından da bolşeviklər məharətlə istifadə edirdilər. 1919-cu ilin əvvəllərində bir sıra qəzalarda bolşeviklərin rəhbərliyi ilə kəndli çıxışları oldu. Belə iğtişaşlardan ən güclüsü Gəncədə baş verdi və 1919-cu ilin sentyabrında yatırıldı.

1919-cu ilin yayında Azərbaycandakı ingilis qoşunlarının ölkəni tərk etdi. İngilislərin Azərbaycanda öz maraqları (ilk növbədə isə Bakı neftinə nəzarət) olsa da, Britaniya hərbi kontingenti Türkiyə qoşunlarından sonra milli hökumətə müəyyən dərəcədə dəstək olan ikinci faktor idi. Azərbaycanın dövlət müstəqilliyi əldə etməsində müstəsna xidmətləri olmuş və bu yolda 4 min şəhid vermiş qardaş ölkənin Qafqaz-İslam ordusu hələ 1918-ci il ilin 30 oktyabrında bağlanmış Mudros müqaviləsinin (I Dünya müharibəsində Osmanlının məğlubiyyətini təsbitləyən sənəd) tələblərinə əsasən, Azərbaycanı tərk etmiş, onları ingilis qoşunları əvəz etmişdi.

Lakin I Dünya müharibəsinin yekunları ilə bağlı keçirilən Paris sülh konfransı ingilis qoşunlarının da Qafqazı tərk etməsi barədə qərar çıxardı. Qərb dövlətləri Cənubi Qafqazı faktiki olaraq Rusiyanın iştahasına qurban vermişdilər.

Bakı uğrunda mübarizəni təkcə Rusiyanın bolşevik hökuməti deyil, həm də "qırmızılar"la ölüm-dirim müharibəsində olan "ağlar" da aparırdı. "Ağlar"ın Şimali Qafqazdakı qüvvələrinə başçılıq edən general Denikinin qoşunları hələ 1919-cu ilin yazında Dağıstanı, o cümlədən Azərbaycanla bilavasitə sərhəddə olan Dərbəndi işğal etmişdi. Bolşeviklər Azərbaycanın şimal sərhədləri yaxınlığında Denikinlə vuruşurdular. 

Azərbaycanın beynəlxalq aləmdə tanınmasına (1920-ci il yanvarın 11-də Paris sülh konfransında Azərbaycan Xalq Cümhuriyyəti rəsmən tanınmışdı) baxmayaraq ölkənin şimal sərhədləri yaxınlığındakı bu vəziyyət milli hökuməti narahat etməyə bilməzdi. Bolşeviklər Denikinlə müharibədə Xalq Cümhuriyyətini özlərinə müttəfiq etmək istəyirdilər. 1920-ci ilin yanvarında sovet Rusiyasının xarici işlər komissarı G.Çiçerin Azərbaycan hökumətinə göndərdiyi notada Denikin əleyhinə hərbi ittifaq bağlamağı təklif edirdi. Azərbaycan rəhbərliyi başa düşürdü ki, sovet hökumətinin əsas məqsədi bu gənc respublikanı Denikinlə qeyri-bərabər hərbi münaqişəyə cəlb edib zəiflətmək, sonra isə onun istiqlaliyyətinə son qoymaqdır.

Bu notaya cavab olaraq Xalq Cümhuriyyətinin XİH başçısı Fətəli xan Xoyski bəyan etdi ki, Denikinlə mübarizə sovet Rusiyasının daxili işidir və Azərbaycan buna qarışmaq fikrində deyil. Öz növbəsində milli hökumət Rusiyanın Xalq Cümhuriyyətini tanımasını istəyirdi. Lakin Bakı ilə getdikcə daha sərt tonda danışan Moskva bu niyyətdə deyildi. Çiçerin yanvarın 23-də Bakıya göndərdiyi ikinci və martın 7-də göndərdiyi üçüncü notada Azərbaycanın müstəqilliyinə münasibətini bildirməkdən yan keçir və milli hökuməti Denikinə qarşı mübarizədən imtina etməkdə günahlandırırdı.

Getdikcə aydın olurdu ki, Rusiyanın bu hərəkətləri, sadəcə, Azərbaycana qarşı hazırlanan hərbi müdaxiləni pərdələmək və Azərbaycan hökumətinin sayıqlığını azaltmaq və udmaq məqsədi güdür. Sovet Rusiyasının Azərbaycana gerçək münasibətini isə Leninin 1920-ci il martın 17-də Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasının üzvləri Smilqa və Orconikidzeyə göndərdiyi teleqram bariz şəkildə əks etdirirdi: "Bakını zəbt etmək bizə olduqca və olduqca zəruridir, bütün səylərinizi buna verin".

Bolşeviklərin ölkə daxilində təxribatçılıq fəaliyyəti isə gündən-günə genişlənirdi. 1920-ci ilin 11-12 fevralında Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının təsis qurultayında qəbul olunan proqramda milli hökuməti yıxmaq üçün silahlı üsyan xətti irəli sürüldü. AK(b)P-nin faktiki rəhbəri isə Azərbaycan xalqının qatı düşməni, erməni millətçisi Anastas Mikoyan idi.

Böhranı kəskinləşdirən amillərdən biri də Azərbaycanda, xüsusən, Bakıda olan Türkiyə kommunistləri və ittihadçılarının xalq arasında geniş nüfuzlarından istifadə edərək, rus ordusunun gələcək yürüşü xeyrinə təbliğat aparmaları idi. Onlar iddia edirdilər ki, guya sovet Rusiyasının ordu hissələri Türkiyəyə, Mustafa Kamal hərəkatına köməyə tələsir, Azərbaycanın milli hökuməti isə bu qoşunları öz ərazisindən buraxmamaqla qardaş Türkiyəni darda qoyur.

Sovet Rusiyası Ermənistanın Azərbaycana qarşı düşmənçiliyindən də bacarıqla istifadə edirdi. 1920-ci ilin əvvəllərində erməni nümayəndələri Moskvaya gedərək Azərbaycan qoparacaqları ərazilər müqabilində Xalq Cümhuriyyətini devirmək planlarını bolşeviklərə təklif etdilər. Qarabağda və Gəncəbasarda erməni əhalisinin qiyamı və Azərbaycana qarşı Ermənistanın geniş müharibəyə başlaması da bu planın tərkib hissəsi idi. Azərbaycan ordusunun, demək olar ki, hamısı 1920-ci ilin martında Qarabağ istiqamətində erməni qiyamçılarına qarşı vuruşurdu, ölkənin şimal sərhədləri isə müdafiəsiz qalmışdı.

Həmin günlər Xalq Cümhuriyyətinin rəhbərliyində dərin siyasi böhran yaşanırdı. Sovet Rusiyasına münasibətdə Azərbaycan hökumətində yekdil fikir yox idi: xarici işlər naziri Fətəli xan Xoyski Rusiyaya münasibətdə sərt xəttin, daxili işlər naziri Məmməd Həsən Hacınski isə Azərbaycan bolşevikləri ilə danışığa girib onlara güzəştə getməyin tərəfdarı idi. Hacınskiyə görə, sovet Rusiyasına geniş güzəştlər verməklə Azərbaycanın istiqlalını qorumaq mümkün idi. 1920-ci ilin martında hökumətin keçirdiyi konfransda onun tərəfdarları qalib gəldilər, martın 30-da Həsib bəy Yusifbəylinin başçılıq etdiyi sayca beşinci kabinet istefa verdi.

Yeni hökumətin təşkili Hacınskiyə taşırıldı. Lakin Hacınski hökumətin təşkilinə tələsmirdi, az sonra isə o, AK(b)P-yə daxil oldu. Yeni hökumətin təşkilinin yubadılması onsuz da gərgin olan vəziyyəti bir qədər də çətinləşdirdi. Parlamentdə müxtəlif partiyalar arasında gedən mübarizə son həddə çatdı. Xalq Cümhuriyyətinin rəhbərliyində dərinləşən çəkişmə ölkə əhalisi arasında rusların gəlişinə müsbət əhval gücləndi.

Bolşeviklər yaranmış vəziyyətdən bacarıqla spekulyasiya edərək kommunist hökumətinin ölkə daxilində sabitlik, rifah və ən əsası, ermənilərlə müharibəyə son qoyacağını vəd edirdilər. Bolşeviklər ölkədə qayda-qanun yaratmaq naminə hərbi yardım üçün Rusiyaya müraciət etməyə çağırırdılar.

1920-ci ilin aprelində Denikinin qoşunlarını məğlub edən bolşeviklərin XI ordusu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Aprelin 15-də Xoyski Çiçerinə göndərdiyi notada Rusiya ordusunun Azərbaycan sərhədində toplanmasının səbəbləri barədə məlumat verilməsini tələb etdi. Lakin Çiçerin bu notaya əhəmiyyət vermədi. Bu arada Mikoyan başda olmaqla Bakı bolşevikləri Azərbaycan xalqı adından XI ordunu Azərbaycana dəvət etdilər.

Qabaqcadan razılaşdırılmış plana görə, XI ordu Bakıda bolşevik qiyamının başlanmasından 1-2 gün sonra Azərbaycana soxulmalı idi. Bununla da dünya ictimaiyyətində belə bir rəy yaradılacaqdı ki, Azərbaycan hökuməti xarici hərbi müdaxilənin deyil, daxili qiyamın qurbanı olmuşdur. Lakin Bakıda qiyam başlanmamış - aprelin 26-dan 27-nə keçən gecə XI ordu hissələri Azərbaycan ərazisinə daxil olaraq Bakıya doğru irəliləməyə başladılar. Sərhəd qüvvələrindən ibarət azsaylı Azərbaycan ordu hissələri düşmənə müqavimət göstərə bilmədi.

XI ordunun Azərbaycana hücumu ilə eyni vaxtda aprelin 27-də gündüz saat 12-də AK(b)P MK və RK(b)P Qafqaz Diyar Komitəsinin Bakı bürosu adından hakimiyyəti təhvil vermək haqqında Azərbaycan parlamentinə ultimatum verildi. Azərbaycan parlamentinin fəaliyyəti həmin gün saat 23.45-də başa çatdı. Parlament aşağıdakı şərtlərlə hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi barədə qərar qəbul etdi:

1. Bolşevik Rusiyasının qoşunları Bakıya daxil olmadan dəmir yolu ilə birbaşa Türkiyəyə gedəcək;

2. Azərbaycan istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və ilhaqdan qorunacaq;

3. Azərbaycanın Milli Ordusu olduğu kimi saxlanacaq;

4. Azərbaycanın siyasi partiyaları üçün fəaliyyət azadlığı təmin olunacaq;

5. Keçmiş dövlət xadimləri, hökumət üzvləri və millət vəkilləri təqib olunmayacaq, dövlət idarələri qulluqçularının iş yerləri saxlanacaq, yalnız rəhbər vəzifəli şəxslər dəyişdiriləcək;

6. Azad şəraitdə toplaşacaq şuralar hakimiyyətin idarəçilik formalarını təyin edəcək.

Beləcə, Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətindən sonra süqut etdi. Bakıda milli hökumət faktiki olaraq səs-səmirsiz təslim olmuşdu. Çünki milli hökumət üzvləri bolşeviklərin verdikləri vədə əməl edəcəklərinə sadəlövhcəsinə inanırdılar. Aprelin 28-də Azərbaycan parlamentinin bu qərarı bolşeviklər üçün adi kağız parçası dəyərində idi. Yalnız bundan sonra milli hökumətin yerlərdəki qüvvələri "qırmızı ordu"ya silahlı müqavimət göstərməyə başladılar. Amma artıq gec idi.

Mayın ilk günlərində XI ordu Milli Ordu hissələrinin müqavimətini qıraraq Gəncəni, ardınca Qazax, Şamaxı, Şəki, Zaqatala və Balakəni ələ keçirdi. Mayın 3-də bolşevik Rusiyasının hərbi-dəniz donanması Lənkəran və Astaraya desant çıxardı. İyunda bolşeviklər Qarabağda ermənilərlə döyüşən Milli Ordunun son hissələrini də tərksilah etdi. Azərbaycan sovetləşdi...

Vüqar Orxan, www.azerbaycanli.org

Məqalədə professor Anar İsgəndərovun "Azərbaycan Xalq Cümhuriyyəti" kitabındakı faktlardan istifadə olunub.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009