ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Sülh prosesi > 2009 > May > 2

Azərbaycan və Ermənistan prezidentləri bu gün Praqada görüşürlər

Qarabağ sülh danışıqlarında «Praqa prosesi»nin beşinci ildönümünə təsadüf edən görüşdən hər kəs nəticə gözləyir

-07.05.2009- Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqların növbəti raundu bu gün, mayın 7-də Çexiyanın paytaxtı Praqada keçirilir. Bu, prezidentlər İlham Əliyev və Serj Sarkisyan arasında sayca 4-cü, 2009-cu ildə isə 2-ci görüşdür. Bundan öncə prezidentlər 2008-ci il iyunun 6-da Sankt-Peterburqda, noyabrın 2-də Moskvada, bu il yanvarın 28-də isə Sürixdə bir araya gəliblər.

Ümumilikdə isə Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsi başlayandan bu yana belə görüşlərin sayı 40-ı ötüb. Təkcə 1999-2002-ci illərdə iki ölkənin prezidentləri arasında 20-dək görüş keçirilmişdi. Təəssüf ki, bütün bu görüşlərdən yadda qalan əsasən elə bu statistik göstəricilər olmuşdur.

Yeri gəlmişkən, Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin nizamlanmasına dair ilk yüksək səviyyəli görüş düz 17 il öncə bugünkü günə təsadüf edib. 1992-ci il mayın 7-də Tehranda Azərbaycan Ali Sovetinin sədri, prezident səlahiyyətlərinin icraçısı Yaqub Məmmədovla Ermənistan prezidenti Levon Ter-Petrosyan arasında İranın vasitəçiliyi ilə keçirilən görüşdə Qarabağ münaqişəsinin sülh yolu ilə sahmanlanmasına dair birgə bəyanat qəbul edilmişdi.

Lakin bu bəyanatın altındakı imzaların mürəkkəbi qurumamış - mayın 8-də erməni silahlı qüvvələri Dağlıq Qarabağdakı sonuncu azərbaycanlı yaşayış məntəqəsini - Şuşa şəhərini işğal etdilər. O vaxtdan bu yana Qarabağ sülh prosesi daima hərb meydanındakı gerçəkliyin bir addım gerisində qalıb, çeşidli vasitəçi dairələrin sülh prosesini irəli götürmək cəhdləri nəticə verməyib.

Azərbaycan və Ermənistan prezidentləri arasında Praqada görüşünə dair bir tarixi ekskurs da beş il öncə Qarabağ nizamlanması ilə bağlı məhz bu şəhərdə start götürən «Praqa prosesi»dir. 2004-cü il aprelində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Praqada keçirilən görüşü sonradan çoxraundlu danışıqlar sürəcinə çevrilməklə «Praqa prosesi» adlanmağa başladı. Sonra bu prosesə digər elementlər əlavə olundu.

«Praqa prosesi»nin ilk mərhələsi 2006-cı ilin fevralında Paris yaxınlığındakı Rambuye qəsrində keçirilən və geniş beynəlxalq ajiotaja rəğmən nəticəsiz qalan danışıqlarla yekunlaşdı. 2007-ci ilin noyabrında, həmsədrlər «Praqa prosesi»nin ilkin nəticəsi kimi Madriddə Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşdə tərəflərə nizamlamanın baza prinsiplərinə dair layihə təqdim etdilər. O vaxtdan danışıqlar prosesi «Madrid prinsipləri» ətrafında gedir. Bu layihəni Qarabağ sülh prosesinin ilkin «yol xəritəsi» də hesab etmək olar. Amma məsələ də ondadır ki, bu dolanbac sülh prosesi dünyanın onlarla şəhərindən keçsə də, hələlik onun üzərində Qarabağa doğru yol görünmür.

Və belə bir şəraitdə beynəlxalq vasitəçilərin, ilk növbədə, Birləşmiş Ştatların himayəsi ilə Praqada Qarabağ danışıqlarının yeni raundu keçirilir. Bugünkü görüşün ilk diqqətçəkən məqamı ona son illərdə olmadığı qədər geniş beynəlxalq diqqətin indekslənməsidir. Bu baxımdan Praqa görüşünü 2006-cı ilin fevralındakı Rambuye görüşü, hətta 2001-ci ilin Ki Vest danışıqları ilə müqayisə etmək olar.

Təsadüfi deyil ki, Praqa görüşü ərəfəsində Qarabağ sülh prosesinin ilk əsas geosiyasi oyunçuları - Rusiya və ABŞ Azərbaycan və Ermənistan tərəfi ilə ard-arda danışıqlar aparıblar. Aprelin 17 və 23-də Azərbaycan və Ermənistan prezidentləri Moskvada rusiyalı həmkarları ilə, mayın 5-də isə Azərbaycan və Ermənistan XİN rəhbərləri Vaşinqtonda amerikalı həmkarları ilə Qarabağ münaqişəsini müzakirə ediblər.

Sözsüz ki, bu prosesə Türkiyənin son dönəmdə Ermənistanla başlatdığı əlamətdar dialoq sürəcini də əlavə etmək lazımdır. Ümumilikdə Türkiyə-Ermənistan dialoqu Qarabağ sülh prosesi ətrafında hazırda ən diqqətçəkən elementdir.

Etiraf etmək lazımdır ki, son aylarda Qarabağ məsələsinin aktiv beynəlxalq gündəmə gəlməsi əsas etibarilə Türkiyənin diplomatik fəallığının bir nəticəsidir. Çünki Türkiyənin Ermənistanla dialoqu və onun doğurduğu proseslər - ABŞ-ın Cənubi Qafqaz regionuna diqqətinin artması, bunun ardınca Rusiyanın aktivləşməsi və nəhayət, Türkiyə-Azərbaycan münasibətlərində yaşanan nisbi sərinliyin geniş beynəlxalq gündəmə oturması - nəticə etibarilə Qarabağ probleminin dünyanın diqqət mərkəzinə gəlməsinə rəvac verdi.

Beləliklə, hazırda Qarabağ münaqişəsi və ümumilikdə Cənubi Qafqaz regionu ətrafındakı əsas geosiyasi oyunçular (Rusiya, ABŞ, Türkiyə) sülh prosesinin içindədirlər. Ən önəmlisi isə odur ki, ayrılıqda hər birinin regionda öz strateji maraqları olan bu qüvvələrin Qarabağ nizamlanmasında müəyyən ortaq məxrəcə gəlməsi, maraqlarını uzlaşdırması üçün kifayət qədər əsaslar vardır.

Bunu həm ABŞ-Rusiya münasibətləri, həm Türkiyə-Rusiya əməkdaşlığı, həm də ABŞ-Türkiyə işbirliyi timsalında görmək olar. Qarabağ məsələsi indi elə bir problem halına gəlib ki, sözügedən güc mərkəzləri onu birgə çözməklə nəticədə hər biri üçün önəmli regional işbirliyinə təkan vermiş olarlar.

ABŞ Qarabağ problemi ilə yeni enerji dəhlizinin yolunu açmaq istəyir

Qarabağ probleminin həllinin regional siyasət baxımdan hansı geniş perspektivlər açacağı Vaşinqton üçün xüsusilə önəmli məsələdir. ABŞ dövlət katibi Hillari Klinton Azərbaycan və Ermənistan rəhbərlərinin Praqa görüşü öncəsi iki ölkənin XİN rəhbərlərini Vaşiqtonda qəbul etməklə bunu bir daha nümayiş etdirib. ABŞ rəhbərliyi yaxşı dərk edir ki, Azərbaycanla Ermənistan və Ermənistanla Türkiyə arasında sülh və əməkdaşlığının yaranması regionun mənzərəsini köklü dəyişməklə çox mühüm iqtisadi layihələrə, o cümlədən yeni enerji dəhlizlərinə zəmin yaradacaq.

Bu halda hazırda geniş müzakirəsi gedən «Nabucco» qaz kəməri də ən qısa və sərfəli yolla - Azərbaycan-Ermənistan-Türkiyə marşurutu ilə inşa olunacaq. Təsadüfi deyil ki, Klintonun Azərbaycan XİN rəhbəri ilə görüşündə Qarabağ və enerji məsələsi əsas müzakirə mövzusu olub.

Azərbaycan xarici işlər naziri ilə görüşdən əvvəl jurnalistlər qarşısında çıxış edən ABŞ dövlət katibi iki ölkə arasında «bir sıra mühüm məsələlər üzrə çox yaxın münasibətlər qurulduğunu» nəzərə çatdırıb. Xanım Klinton qeyd edib ki, Azərbaycanın çox vacib strateji məkanda yerləşməsi regional və qlobal mənada əhəmiyyətlidir: «Ona görə də ölkəmiz bölgəni maraqlandıran vacib məsələlərdə artan məsuliyyəti və liderliyi üzərinə götürməyə qadirdir».

Öz növbəsində Azərbaycan XİN başçısı amerikalı həmkarı ilə görüşün əsas təəssüratı kimi ABŞ administrasiyasının Qarabağ münaqişəsinin tezliklə həllində çox maraqlı olduğunu vurğulayıb. Məmmədyarovun sözlərinə görə, dövlət katibi Klinton ABŞ rəhbərliyinin bu məsələ üzərində ciddi işləmək niyyətini ifadə edib: «Amerika hesab edir ki, münaqişənin həlli istiqamətində nə qədər tez irəliləyiş olsa, bir o qədər yaxşıdır”.

Nazir bildirib ki, Obama administrasiyası Azərbaycan və Ermənistan prezidentləri arasında mayın 7-də Praqada keçirilən görüşdə və sonrakı görüşlərdə, habelə Minsk qrupu həmsədrlərinin regiona səfərləri zamanı irəliləyiş əldə edilməsini istəyir: «Amerikanın dövlət katibi birmənalı olaraq bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi yeni administrasiya üçün mühüm əhəmiyyət kəsb edir».

Görüşdə Türkiyə-Ermənistan «yol xəritəsi»nin müzakirə olunub-olunmaması barədə suala cavab olaraq nazir bildirib ki, bu məsələ Türkiyə ilə Ermənistan arasında olduğu ABŞ-Azərbaycan danışıqlarının bilavasitə predmeti deyil. Bununla belə, nazir Dağlıq Qarabağ münaqişəsinin Türkiyə-Ermənistan yaxınlaşması ilə paralel getdiyini bildirərək, xanım Klintonun Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verdiyini vurğulayıb.

Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Klintonla danışıqlarda qaz və regional məsələlərlə yanaşı, Gürcüstanda ötən gün baş vermiş hərbi qiyamın da diqqət mərkəzində olduğunu qeyd edib. Məmmədyarov sonuncu məsələnin regional təhlükəsizlik mövzusu olduğunu və xanım Klintonda ciddi narahatlıq yaratdığını deyib.

Qeyd edək ki, Azərbaycan XİN başçısı Vaşinqtonda işgüzar səfəri gedişində (4-5 may) həmçinin Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyms Cons, Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Moninqstarla görüşlər keçirmiş, eləcə də Vaşinqtonda Avrasiya regionu ilə məşğul olan tədqiqat mərkəzlərinin təmsilçiləri ilə fikir mübadiləsi aparmışdır.

Onu da qeyd edək ki, bu gün (7 may) ABŞ dövlət katibinin Vaşinqtonda Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşü olacaq. Verilən məlumata görə, Klinton-Lavrov görüşünün əsas mövzusu iki ölkə arasında strateji hücum silahlarına dair yeni sazişin hazırlanması məsələsi olsa da, tərəflər regional məsələlər, Qarabağ münaqişəsinin nizamlanması, habelə Türkiyə-Ermənistan dialoqu ətrafında müzakirələr də aparacaqlar.

Vüqar Orxan, “525-ci qəzet”, 07.05.2009.



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009