ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Sülh prosesi > 2009 > May > 3

Praqa görüşündə sülhə doğru yol göründü

Vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ nizamlanmasının baza prinsiplərini razılaşdırmaq ərəfəsində olduqlarını bildiriblər

-08.05.2009-

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüş mayın 7-də Çexiyanın paytaxtı Praqada keçirildi. ABŞ-ın Çexiyadakı səfirliyində gerçəkləşən görüş Bakı vaxtilə saat 14-də başlanıb və üç saata yaxın davam edib.

Görüşün ilk bölümündə prezidentlərlə yanaşı, iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan, ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brazya (ABŞ), Yuri Merzlyakov (Rusiya) və Bernar Fasie (Fransa), ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.

Görüş başa çatdıqdan sonra Minsk Qrupunun həmsədrləri media nümayəndələrinə nikbin ruhda açıqlamalar veriblər. Vasitəçilər danışıqların konstruktiv şəraitdə keçdiyini və tərəflər münaqişənin həllinə dair baza prinsiplərini razılaşdırmaq ərəfəsində olduqlarını bildiriblər.

«Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair baza prinsiplərinin ideyaları üzrə razılığa gəlirlər», - deyə amerikalı vasitəçi Brayza vurğulayıb. Amerikalı diplomat Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşünün bir neçə həftə sonra - iyunun əvvəlində Sankt-Peterburqda beynəlxalq iqtisadi forum çərçivəsində keçiriləcəyini deyib. Brayza prezidentlərin bu görüşə razılıq verməsini sülh prosesinin irəliləməsi kimi dəyərləndirib.

Fransalı həmsədr Bernar Fasye daha nikbin danışaraq növbəti aylarda Qarabağ danışıqlarında «sıçrayış olacağını» gözlədiklərini deyib.

Rusiyadan olan həmsədr Yuri Merzlayakov isə prezidentlərin Sankt-Peterburq görüşünə qədər vasitəçilərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklərini, prezidentlərin görüşünü hazırlamaq üçün regiona səfər edəcəklərini qeyd edib: «Səfərin tarixi hələ dəqiqləşdirilir».

Merzlyakov «Cənubi Osetiyanın, Abxaziyanın müstəqilliyinin tanıyan Rusiyaya azərbaycanlılar və ermənilər öz talelərini necə etibar edə bilərlər» sualına cavab olaraq «Vəziyyət tamamilə fərqlidir. Dağlıq Qarabağla bağlı nizamlamada vəziyyət adını çəkdiyiniz münaqişələrdən tamamilə fərqlənir» cavabını verib.

Rusiyalı vasitəçi Sankt-Peterburq görüşündə Rusiya prezientinin də iştirakını istisna etməyib. Digər iki həmsədr ölkənin (ABŞ, Fransa) rəhbərlərinin də iştirakı ilə Qarabağ danışıqlarına dair sammitin keçirilməsi ehtimalına gəldikdə isə, Merzlyakov hələlik bunun çətin olduğunu deyib: «Biz bu ideya üzərində çoxdandır ki, işləyirdik. Üç prezidenti bir araya gətirmək çox çətin işdir. Amma hansısa bir görüş çərçivəsində üç həmsədr ölkənin başçısını bir araya gətirmək imkanı yaranarsa, biz bundan mütləq istifadə etməyə çalışacağıq».

Qeyd edək ki, son günlərdə Qarabağ sülh prosesi ətrafında beynəlxalq vasitəçilik səylərinin aktivləşməsi, o cümlədən Rusiya və ABŞ rəhbərlərinin prosesi bilavasitə nəzarətə götürməsi yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında ilkin razılaşmanın - «çərçivə sənədi»nin imzalanacağına dair ehtimalları artırıb. Bəzi mülahizələrə görə, artıq gələn ay Sankt-Peterburqda keçirələcək görüşdə belə bir sənəd imzalana bilər.

Lakin Praqa görüşündən sonra vasitəçilər bu yöndə fikir bildirməkdən yayınıblar. Tərəflərin hansı kompromisə getmələri barədə suala cavab olaraq həmsədrlər bildiriblər ki, «nizamlanmanın bütün bəndləri üzrə razılığa gəlmədən heç kim güzəştə getmək istəmir» (APA).

Bununla belə, amerikalı vasitəçi Brayza hələ görüş öncəsi verdiyi açıqlamada Praqa danışıqlarının sülh prosesinin irəliləməsi üçün böyük önəm kəsb etdiyini, bu yöndə bir təkan ola biləcəyini nəzərə çatdırmışdı. Amerikalı diplomat həmçinin Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ABŞ dövlət katibi ilə görüşünə (5 may) əsasən belə bir qənaətə gəldiyini deyib.

Azərbaycan və Ermənistan rəhbərlərinin dünənki görüşü Qarabağ sülh prosesinə mühüm fon olaraq görünən digər prosesin - Türkiyə-Ermənistan dialoq sürəcinin irəliləməsi üçün də əhəmiyyət kəsb edirdi. Türkiyə təmsilçiləri, eləcə də Ankara-Yerevan dialoquna aktiv dəstək verən Amerika rəsmiləri Qarabağ danışıqları ilə Türkiyə-Ermənistan yaxınlaşmasının bir arada və paralel şəkildə aparılmasının hər iki prosesə xeyir verəcəyini vurğulayırlar. Bu baxımdan Türkiyə prezidenti Abdullah Gülün dünən Praqada Azərbaycan və Ermənistan rəhbərləri ilə keçirdiyi görüşlər də böyük maraq doğururdu.

Qeyd edək ki, Türkiyə prezidenti dünən günün ikinci yarısı (Bakı vaxtı ilə saat 19-da) Praqaya gəlib və ilk görüşünü Azərbaycan prezidenti ilə keçirib. Bundan sonra Çexiya prezidenti Vatslav Klaus adından Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» sammitinə qatılan dövlət başçılarının şərəfinə ziyafətdə Türkiyə rəhbəri azərəbaycanlı və erməni həmkarı ilə bir araya gəlib. Ziyafətdən sonra isə Türkiyə rəhbərinin Ermənistan prezidenti ilə ikili görüşü nəzərdə tutulmuşdu.

Qeyd edək ki, daha öncə bəzi informasiya vasitələrində Türkiyə prezidentinin Azərbaycan və Ermənistan rəhbərləri ilə üçlü görüşünün olacağı barədə xəbərlər yayılsa da, Türkiyə rəhbəri bunu təkzib edib. Praqaya yola düşməzdən öncə hava limanında jurnalistlərə açıqlama verən Gül Çexiya paytaxtında Türkiyə, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü nəzərdə tutulmadığını və hər iki ölkə rəhbəri ilə ayrılıqda görüşlər keçirəcəyini bildirib: «Hər hansı bir üçlü görüş planlaşdırılmayıb».

Bu arada Britaniyanın nüfuzlu «Financial Times» qəzetində dərc olunan məqalədə (6 may) Türkiyə-Ermənistan dialoquna paralel olaraq Ermənistanla Azərbaycan arasındakı Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş gözlənildiyi vurğulanıb. Məqalədə «Türkiyə və Ermənistanın böyük güclərin dəstəyi ilə münasibətləri yenidən qurmaq planlarının» Dağlıq Qarabağ probleminin həlli üçün də müəyyən fürsətlər açdığı bildirilir: «1988-ci ildə başlanan və keçmiş Sovet İttifaqının ilk etnik münaqişəsi olan Qarabağ problemi indiyədək bir çox beynəlxalq vasitəçini pəs etdirib».

«Financial Times» qəzeti Türkiyə və Ermənistan dialoqunu «ortaq keçmişləri daha çox yaralı olan» iki ölkənin bir-birinə qucaq açması kimi qiymətləndirir və əlavə edir ki, «əgər bu iki ölkə bir-birilərini qucaqlayırlarsa, onda ermənilərlə azərbaycanlılar arasında uzlaşma da onların əllərindədir».

Erməni tərəf isə bu fikirlər fonunda Türkiyə-Ermənistan dialoq sürəcinin Qarabağ sülh prosesindən ayrı tutmaq barədə bəyanatlarını davam etdirir. Ermənistan XİN-in sözçüsü Samvel Fərmanyan Qarabağ probleminin Ermənistan-Türkiyə danışıqlarında müzakirə mövzusu olmadığını və erməni tərəfin bu yöndə spekulyasiyaları qəbul etmədiyini bildirib.

Ermənistanın XİN başçısının müavini Şavarş Koçaryan isə Qarabağ nizamlanmasının əsasında millətlərin öz müqəddəratını təyinetmə hüququnun dayandığına dair erməni tərəfin məlum tezisini təkrarlayıb. Onun sözlərinə görə, erməni tərəf münaqişənin yalnız bu əsasda həllini mümkün görür. O, Azərbaycanın danışıqların əsas mövzusu kimi işğal olunmuş ərazilər və köçkünlərin geri qayıtması məsələsini önə çəkməsinin qəbuledilməz olduğunu vurğulayıb.

Başqa sözlə, erməni tərəf Qarabağ danışıqlarında öz prinsipial cizgisindən geri çəkilmədiyini hər vəchlə nəzərə çatldırır. Belə olan halda sülh prosesində irəliləyişə yönəlik vasitəçilərin nikbin bəyanatlarının nəyə əsaslandığı maraq doğurur.

Qeyd edək ki, Azərbaycan və Ermənistan rəhbərlərinini Praqa görüşünün bəzi təfərrüatı bu gün iki ölkə xarici işlər nazirlərinin mümkün açıqlamalarında da üzə çıxa bilər. Onu da əlavə edək ki, Azərbaycan prezidentinin Praqaya səfəri bu gün (8 may) Çexiyanın evsahibliyi ilə keçirilən Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» proqramı üzrə toplantı və Avropa enerji təhlükəsizliyinə dair sammitdə iştirakla davam edəcək.

«Şərq Tərəfdaşlığı» proqramı AB ilə 6 postsovet ölkəsi - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Belarus və Moldova arasında münasibətlərin yeni müstəvidə qurulmasını nəzərdə tutur. Proqrama azad ticarət zonalarının yaradılması, böhranların idarə olunması, birgə treninqlərin keçirilməsi, viza sisteminin sadələşdirilməsi, ətraf mühitin mühafizəsi, energetika sahəsində əməkdaşlıq və s. daxildir.

Vüqar Orxan, “525-ci qəzet”, 08.05.2009.  


 

Mövzuya dair:

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşü ilə bağlı bəyanatla çıxış ediblər

ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa) və Metyu Brayza (ABŞ) Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşündən sonra birgə bəyanat yayıblar.

APA-nın ATƏT-in rəsmi saytına istinadən yaydığı məlumata görə, bəyanatda mayın 7-də, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xarici işlər nazirləri ilə birlikdə ABŞ-ın Praqadakı səfirliyində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etdiyi bildirilir: “Bu, bir ildən də az müddət ərzində prezidentlərin dördüncü görüşüdür.

Həmsədrlər hesab edir ki görüşlərin hər biri tərəfləri irəliləyişə yaxınlaşdırır. Bu mənada mayın 7-də keçirilmiş görüş mühüm irəliləyişin olduğunu göstərir. Prezidentlər həmsədrlərin irəliləyiş üçün vacib olan elementlərin toplanması ilə bağlı məkik diplomatiyasını gücləndirmək planını alqışlayır.

Həmsədrlər regiona növbəti səfərlərini və prezidentlərə iyunda Sankt-Peterbuqrda keçirilməsi təklif olunan növbəti sammiti səbirsizliklə gözləyirlər. Həmsədrlər hesab edir ki, qarşıdakı görüşlər ilin sonunadək təməl prinsipləri ilə bağlı konkret irəliləyiş əldə etməyə imkan verəcək”.

APA, 08.05.2009.

Rusiyanın xarici işlər naziri Serqey Lavrov: “Azərbaycan və Ermənistan arasında əldə olunan son razılaşmalar ümidvericidir”

ABŞ-a səfəri çərçivəsində Rusiyanın xarici işlər naziri Serqey Lavrov Karnegi Fondunda Rusiya ilə məşğul olan amerikalı ekspertlərlə görüşüb. Görüşdə APA-nın müxbirinin sualını cavablandıran S. Lavrov Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşünə dair yaydığı bəyanata münasibət bildirib.

Lavrov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin baza prinsipləri 2007-ci ilin payızında Madriddə tərəflərə təqdim olunub, həmin prinsiplər bu gün də müzakirə masasındadır: “Hər iki tərəf bəziləri istisna olmaqla, qalan prinsipləri qəbul edib. Aparılan sonuncu danışıqların məqsədi qeyd etdiyim məqamlar üzrə son razılıq etməkdən ibarətdir. Tərəflərin konkret hansı məqamlar üzrə razılıq əldə etməsi barədə hesabatı mən hələ almamışam. Lakın ötən ilin noyabrında Moskvada, indi isə Praqada əldə olunan razılıqlar ümidvericidir”.

Azərbaycan və Ermənistan prezidentlərinin bu ilin iyununda Sankt-Peterburqda keçiriləcək iqtisadi foruma qatılmağa razılıq verdiyini qeyd edən S. Lavrov forum çərçivəsində daha bır görüşün təşkilinə imkan yaranacağını söyləyib: “Əldə olunan son razılaşmalar ümidverici olsa da, bu, vaxt tələb edən prosesdir. Prezidentlərin müzakirə etdiyi məsələlərin detallarını açıqlamaq olmaz. Lakın ümumiyyətlə biz Azərbaycan və Ermənistanın razılıq əldə etmək ehtimalına nikbin baxırıq”.

S. Lavrov görüşdə onu da bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsində ikili standartlara yol vermir, münaqişəyə cəlb olunan tərəflərə öz mövqeyini diktə etmir.

APA, 08.05.2009.

Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşü çətin şəraitdə keçib

Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşü çətin şəraitdə keçib. APA-nın diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, görüşdə Ermənistan özünün qeyri-konstruktiv mövqeyini təkrar nümayiş etdirib.

Belə ki, yenidən iki il əvvəl danışıqlarda təklif etdiyi formulu müzakirəyə çıxarmaq istəyən Ermənistanın daha sərt tərzi nəzərə çarpıb.

Diplomatik mənbələr Ermənistanın bu mövqeyini daha çox Türkiyə ilə Ermənistan arasında imzalanmış “Yol xəritəsi”nə bağlayıblar. Ermənistanın məhz bu sənədin qəbulundan sonra mövqeyini sərtləşdirdiyi xüsusilə diqqət çəkir. Bu mövqe isə ümumilikdə danışıqlar prosesinə mənfi təsir göstərir.

Qeyd edək ki, eyni məzmunlu informasiyanı Azərbaycanın ANS televiziyası da öz mənbələrinə istinadən yayıb.

APA, 07.05.2009.

Bax həmçinin:



 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009