ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Sülh prosesi > 2009 > İyun > 1

      Neva sahilində Qarabağ danışıqları

Üç saat sürən danışıqlardan sonra tərəflər sülh prosesində hələ də bir irəliləyiş olmadığını bəyan ediblər

Görüşdən sonra Azərbaycan və Ermənistan rəhbərləri Rusiya prezidenti ilə Neva çayında gəzintiyə çıxaraq üçlükdə şam ediblər

-05.06.2009-

Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüş iyunun 4-də Sankt-Peterburqda keçirildi. Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edən prezidentlərin görüşü Bakı vaxtilə saat 16 radələrində «Baltiyskaya zvezda» mehmanxanasında başlanıb .

Görüşün ilk bölümündə prezidentlərlə yanaşı, iki ölkənin xarici işlər nazirləri və Qarabağ nizamlanmasına vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakov (Rusiya) iştirak ediblər. Sonra görüş vasitəçilərin iştirakı olmadan davam etdirilib.

Görüşdən sonra vasitəçilər tərəfindən mətbuata ənənəvi birgə açıqlama verilməyib. İki ölkə rəsmilərinə gəldikdə isə, öncə Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbəri Azər Qasımov yalnız onu bildirib ki, həm təkbətək, həm də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən görüş 3 saat davam edib.

Bundan sonra Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan jurnalistlərin qarşısına çıxaraq qısa açıqlamalar veriblər.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan prezidentlərin görüşünün konstruktiv keçdiyini bildirib: “Bu gün hansısa ciddi irəliləyişdən danışmaq mümkün olmasa da, tərəflər irəliyə doğru addımlayır və danışıqları davam etdirmək qərarına gəliblər. Prezidentlər xarici işlər nazirlərinə həmsədrlərlə birlikdə müvafiq hazırlıq işləri aparmaq və mövqeləri razılaşdırmaq üçün danışıqları davam etdirmək təlimatı verdilər”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə bəyan edib ki, sonuncu görüş digərlərindən fərqli tərzdə keçib: “Müəyyən tərpəniş var, ancaq razıyam ki, görüşün irəliyə doğru ciddi addım olduğunu söyləmək olmaz. Lakin əvvəlkindən daha çox qarşılıqlı anlayış, bir-birinin mövqeyini anlama və irəliyə doğru hərəkət etməyə, bu məsələni çözməyə dair ümumi razılıq var və bu da sevindiricidir”.

E. Məmmədyarov son 5 il ərzində Praqa prosesi olaraq başlayıb Madrid təklifləri şəklində ortaya çıxan işlənib hazırlanmış prinsiplərin mövcud olduğunu söyləyib: “Bu prinsiplərin bir hissəsi üzrə qarşılıqlı anlayış mövcuddur, prezidentlər səviyyəsində müzakirə olunan bəziləri üzrə razılığın isə konturları var”.

Qeyd edək ki, dünənki görüş son bir ildə prezidentlər Əliyev və Sarkisyan arasında keçirilən sayca 5-ci danışıqlar raundudur. Yeri gəlmişkən, onların ilk görüşü 2008-ci il iyunun 6-da məhz Neva sahilindəki beynəlxalq iqtisadi forum çərçivəsində baş tutmuşdu.

Bundan sonra, Azərbaycan və Ermənistan rəhbərləri 2008-ci il noyabrın 2-də Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Moskvada, 2009-cu il yanvarın 28-də Sürixdə (İsveçrə, Davos İqtisadi Forumu), nəhayət, mayın 7-də Praqada (Avropa Birliyinin «Şərq tərəfdaşlığı» sammiti) görüşüblər.

Beləliklə, Azərbaycan və Ermənistan rəhbərləri öncəki görüşdən cəmi dörd həftə sonra yenidən danışıqlar masası arxasına əyləşiblər. Bu faktın özü sülh prosesində müəyyən irəliləyişin, yaxud buna ciddi cəhdlərin olduğuna işarədir.

Digər tərəfdən, Azərbaycan və Ermənistan prezidentləri arasında son 5 görüşdən 3-nün Rusiyanın evsahibliyi ilə baş tutması bu ölkənin Qarabağ nizalanmasında təşəbbüsü ələ almaq niyyətinin göstəricisidir. Bu görüşün ABŞ-ın təşəbbüskarlığı ilə gerçəkləşən Praqa görüşündən sonraya təsadüf etməsi xüsusilə diqqət çəkir. Praqa görüşü ərəfəsində ABŞ dövlət katibi Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları ilə müzakirələr aparmış, görüşün özü Amerikanın Çexiyadakı səfirliyinin iqamətgahında keçirilmişdi.

Bununla yanaşı, onu da xatırladaq ki, Sankt-Peterburq görüşünün keçirilməsi hələ Praqa danışıqlarından da öncə, aprelin 17-si və 23-də Rusiya prezidenti Medvedevin Moskvada Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşlərində razılaşdırılmışdı.

Qeyd edək ki, Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra Rusiya rəhbəri onlarla ayrı-ayrılıqda bir araya gəlib.

İkitərəfli görüşlərdən sonra Rusiya prezidenti Dmitri Medvedyev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli görüş başlayıb. Prezidentlər katerlə Neva çayına gəzintiyə çıxıblar.

“İTAR-TASS”-ın verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Natalya Timakova görüşün qeyri-rəsmi şam yeməyində keçirildiyini bildirib. Onun sözlərinə görə, liderlər Qafqazdakı vəziyyəti və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə edəcəklər.

Kremldə isə üçtərəfli görüşdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində ciddi irəliləyiş olacağını gözləmirlər. Rusiya prezidentinin köməkçisi Sergey Prixodko bir qədər əvvəl verdiyi açıqlamada prosesdə ciddi sıçrayış gözləmədiklərini bildirib: “Biz Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa təmaslarına imkan verən formatı dəstəkləyirik”.

Rusiya rəsmiləri isə dünənki görüşü 2008-ci il noyabrın 2-də «Moskva bəyannaməsi»nin imzalanması ilə yekunlaşan görüşlə müqayisə edirlər.

Hərçənd Rusiya prezidentinin köməkçisi Sergey Prixodko jurnalistlərə açıqlamasında onu da nəzərə çatdırıb ki, Sankt-Peterburqda Qarabağ nizamlanmasına dair yeni bir razılaşma hədəfdə olmayıb. Onun sözlərinə görə, Sankt-Peterburqda üçtərəfli görüş də nəzərdə tutulmayıb: «Biz qarşımıza hələlik belə məqsəd qoymamışıq. Sadəcə, Minsk Qruppu çərçivəsində intensiv dialoq gedir».

Sankt-Peterburq görüşünün nəticələrinə gəldikdə isə, vasitəçilərin bundan öncəki Praqa danışıqları ilə müqayisədə susqunluğu diqqət çəkir. O vaxt həmsədrlər nikbin bəyanatlar verərək prezidentlərin baza prinsiplərində ziddiyyət doğuran məsələləri razılaşdırmaq ərəfəsində olduqlarını demişdilər.

Həmsədrlərin açıqlamalarından belə çıxırdı ki, Ermənistan Laçın istisna olmaqla 6 rayonu qaytarmağa, Azərbaycanın isə Dağlıq Qarabağın yekun statusu ilə bağlı müzakirələrə başlamağa prinsip olaraq razılıq verib. Amerikalı vasitəçi Brayza bundan sonrakı mərhələdə əsas müzakirələrin Laçın dəhlizi ətrafında gedəcəyini bildirmişdi. Fransalı həmsədr Fasye isə növbəti aylarda Qarabağ danışıqlarında «sıçrayış olacağını» vuğrulamışdı.

Lakin bunun ardınca Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Praqa danışıqlarında heç bir irəliləyişin və anlaşma meylinin olmadığını, Ermənistanın qeyri-konstruktiv mövqedən geri çəkilmədiyini bildirdi. Bakı həmçinin vasitəçiləri əsassız cəmiyyətdə Qarabağ danışıqları ilə bağlı əsassız nikbinlik yaratmaqda ittiham etmişdi.

Bunun ardınca regiiona gələn (28-30 may) həmsədrlər nisbətən ehtiyatlı açıqlamalarla diqqətə çəkdilər. Hərçənd yenə Sankt-Peterburq görüşündə tərəflərin prosesdə daha irəli gedəcəklərinə ümid bəslədiklərini bildirmişdilər.

«Sankt-Peterburq görüşündə hər hansı sənədin imzalanacağını gözləmirəm. Lakin ümid edirəm ki, prezidentlər baza prinsipləri ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq üçün birgə işləməyə razı olacaqlar. Əgər prezidentlər razılığa gəlsələr, o zaman başqa məsələlərin müzakirəsinə başlamaq olar. Hər şey hələ hazırlanma mərhələsindədir», - deyə amerikalı vasitəçi Brayza bildirmişdi.

Azərbaycan tərəfi isə hələ görüş öncəsi Sankt-Peterburq danışıqlarından elə bir nəticə gözləmədiyini nəzərə çatdırmışdı. «Hələlik Ermənistanla danışıqlarda heç bir nəticə yoxdur. Ümid edirik ki, Sankt-Peterburq görüşündə Ermənistan konstruktiv mövqe nümayiş etdirəcək», - deyə XİN başçısı Məmmədyarov qeyd etmişdi. Azərbaycan XİN başçısının sözlərinə görə, yalnız Ermənistanın mərhələli həllə razılıq verəcəyi təqdirdə prosesdə irəliləyişdən danışmaq olar.

Erməni tərəfin Azərbaycanın gözlədiyi konstruktivliyi göstərmək niyyətində olmadığını isə dünən bu ölkənin xarici işlər nazirinin müavini Şavarş Koçaryan nəzərə çatdırıb.

Ermənistan XİN başçısının müavini bildirib ki, erməni tərəf Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququndan geri çəkilməyəcək. Koçaryanın iddiasına görə, Dağlıq Qarabağ öz müstəqilliyini 1991-ci ildə, özü də Azərbaycandan əvvəl elan edib: «Bu o vaxtkı SSRİ Konstitusiyasına və beynəlxalq hüquq normalarına uyğun olaraq baş verib. Odur ki, Bakı bu məsələni yaddan çıxarmamalıdır».

Qeyd edək ki, Koçaryan Qarabağ ermənilərinin «müstəqqilik elanı» dedikdə 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin (səlahiyyət müddəti hələ 1988-ci ildə başa çatmış və yeni seçki keçirilmədiyi üçün qeyri-legitim bir qurum - red.) erməni deputatları adından qəbul edilmiş qərarı nəzərdə tutur. Həmin qərara əsasən, «Dağlıq Qarabağ Respublikası»nın yarandığı elan edilmişdi.

Koçaryanın sözlərinə görə, Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi aktı de-fakto gerçəkləşib: «İndi əsas məsələ bunun rəsmiləşdirilməsidir». «Əgər Azərbaycan münaqişənin həllini istəyirsə, onda Dağlıq Qarabağın tərəf kimi sülh danışıqlarında iştirakına razılıq verməlidir», - deyə Koçaryan bildirib.

Vüqar Orxan, www.azerbaycanli.orq, “525-ci qəzet”. 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009