ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Sülh prosesi > Beynəlxalq vasitəçilik > Tarixçə

          Qarabağ sülh prosesi: sonu görünməyən sürəc

 1994-cü ildən bu yana Azərbaycan və Ermənistan rəhbərlərinin 50-dək görüşü olub

Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi (ATƏM) çərçivəsində başlamışdır .

ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 24 mart 1992-ci il tarixli əlavə iclasında Minskdə ATƏM-in himayəsi altında mümkün qədər tez bir vaxt ərzində böhranın ATƏM-in prinsip, öhdəlik və müddəaları əsasında sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair konfrans çağırılması qərara alındı.

Ümumiyyətlə, münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının 822 (30 aprel 1993-cü il), 853 (29 iyul 1993-cü il), 874 (14 oktyabr 1993-cü il) və 884 (10 noyabr 1993-cü il) saylı qətnamələrinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənədləri və qərarlarına əsaslanır.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan ərazilərinin işğalına cavab olaraq qəbul olunmuş qətnamələri Azərbaycan Respublikası və regiondakı digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət olunmasını bir daha təsdiqlədi.

BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi və qaçqın və köçkünlərin geri dönmələrini təmin etməklə, regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpasına çağırdı.

BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səylərini bəyənərək, ATƏT-in Minsk prosesi çərçivəsində münaqişənin həlli yollarının axtarılmasına çağırdı. Bu qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilməmişdir.

12 may 1994-cü il tarixində münaqişədə atəşkəs əldə olundu. 

ATƏM-in dövlət və hökumət başçılarının 1994-cü il 5-6 dekabr tarixlərində Budapeştdə keçirilən sammitində ATƏM çərçivəsində bütün vasitəçilik səylərinin əlaqələndirilməsi üçün Minsk konfransı həmsədrlik institutunun yaradılması barədə qərar qəbul olundu. Budapeşt sammiti ATƏM-in fəaliyyətdə olan sədrinə silahlı münaqişənin dayandırılması üçün siyasi razılaşmanın əldə olunması məqsədilə danışıqlar aparmaq tapşırığı verdi.

Sözügedən siyasi razılaşma münaqişənin nəticələrini aradan qaldırmalı və Minsk konfransının çağırılmasına imkan verməli idi. Sammit həmçinin silahlı münaqişənin dayandırılmasına dair Tərəflər arasında saziş əldə edildikdən sonra ATƏM-in çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi və sülhyaratma əməliyyatlarını hazırlayan Vyana mərkəzli Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) yaradılması ilə bağlı qərar qəbul etdi. YSPQ 1993-cü ilin may ayında yaradılan İlkin Əməliyyat Planlaşdırma Qrupunu (İƏPQ) əvəz etdi.

23 mart 1995-ci il tarixində ATƏT-in fəaliyyətdə olan sədri Minsk prosesinin həmsədrlərinə mandat verdi (DOC.525/95).

2-3 dekabr 1996-cı il tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasını təşkil etməli olan prinsipləri tövsiyə etdi, lakin Ermənistan bu prinsipləri qəbul etmədi və ATƏT-in 54 üzv dövləti arasında bu təklifin əleyhinə səs verən yeganə dövlət oldu.

Nəticədə ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə XİN başçısı Falvio Kotti sözügedən prinsipləri ehtiva edən bəyanatla çıxış etdi.

Həmin prinsiplər aşağıdakılardır:

1. Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazi bütövlüyü;

2. Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququna əsaslanan sazişlə müəyyən olunmuş və ona Azərbaycan daxilində ən yüksək özünüidarəetmə statusu verən hüquqi statusu;

3. Dağlıq Qarabağ və onun bütün əhalisinin təhlükəsizliyinə, o cümlədən nizamlamanın müddəalarını bütün tərəflərin yerinə yetirəcəyi ilə bağlı qarşılıqlı öhdəliklərə dair zəmanət.

Lissabon sammitindən sonra 1997-ci ildə Fransa, Rusiya və ABŞ-dan ibarət həmsədrlik institutu yaradıldı (1992-ci ildən Minsk konfransına İtaliya (1992-1993), İsveç (1994), Rusiya (1995) və Finlandiya (1995-1996) sədrlik etmişlər).

1997-ci ilin aprel ayından etibarən danışıqlar dayandırıldı və həmsədrlərin bölgəyə səfərləri ilə əvəz olundu. 1 iyun 1997-ci il tarixində həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hərtərəfli saziş layihəsini təqdim etdilər.

Həmin layihəyə əsasən, silahlı münaqişə dayandırılmalı və Dağlıq Qarabağın statusuna dair razılaşma əldə edilməli idi. Azərbaycan tərəfinin sözügedən sənədlərin mahiyyəti ilə bağlı konstruktiv məsləhətləşmələrə başlamağa hazır olmasına baxmayaraq, Ermənistan tərəfi təklif olunan yanaşmanı qəti şəkildə rədd etdi.

19-23 sentyabr 1997-ci il tarixlərində həmsədrlər bölgəyə səfərləri zamanı münaqişənin “mərhələli həlli”nə əsaslanan yeni təklif təqdim etdilər.

Bu təkliflər ilk mərhələdə 6 rayonun işğaldan azad olunmasını, ATƏT-in sülhyaratma əməliyyatlarının başlamasını, köçkünlərin azad olunmuş ərazilərə qayıtmasını və münaqişə bölgəsində əsas kommunikasiya vasitələrinin bərpasını nəzərdə tuturdu.

İkinci mərhələdə Laçın və Şuşa məsələləri həll olunmalı, Dağlıq Qarabağın statusunun əsas prinsipləri qəbul olunmalı və nəticədə ATƏT-in Minsk konfransı çağırılmalı idi.

10 oktyabr 1997-ci il tarixində Strasburqda Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanatla çıxış edərək, “həmsədrlərin son təkliflərinin Minsk qrupu çərçivəsində danışıqların bərpa edilməsi üçün ümidverici baza” olduğunu bildirdilər.

Lakin 1998-ci ilin fevral ayında Levon Ter-Petrosyanın istefası və 1998-ci ilin mart ayında Robert Köçəryanın hakimiyyətə gəlişindən sonra həmsədrlərin bölgəyə növbəti səfəri zamanı Ermənistan rəsmi olaraq münaqişənin “mərhələli” həlli təkliflərinə dair razılığını geri götürdü.

9 noyabr 1998-ci il tarixində həmsədrlər “ümumi dövlət” konsepsiyasına əsaslanan yeni təklif irəli sürdülər. Bu konsepsiyaya əsasən, Dağlıq Qarabağ respublika formasında dövlət və ərazi vahidi statusu əldə etməli və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanla birlikdə ümumi dövlət təşkil etməli idi. Azərbaycan bu təklifləri onun suverenliyinə və Lissabon prinsiplərinə zidd olması səbəbindən rədd etdi.

Bundan sonra heç bir yeni təklif irəli sürülmədi və Minsk prosesi çıxılmaz vəziyyətə düşdü. Danışıqlar prosesinə təkan vermək üçün 1999-cu ilin aprel ayından etibarən Azərbaycan və Ermənistan prezidentləri arasında münaqişənin həllinə nail olunması məqsədilə birbaşa görüşlər başladı.

ATƏT-in Minsk qrupunun həmsədrləri 2002-ci ilin mart ayında bölgəyə səfərləri zamanı danışıqlar prosesinin Azərbaycan və Ermənistan prezidentlərinin xüsusi nümayəndələri səviyyəsində davam etdirilməsi təklifini irəli sürdülər. Bu təklif hər iki ölkə başçısı tərəfindən qəbul olundu.

13-15 mart və 29-30 iyul 2002-ci il tarixlərində Praqa yaxınlığında hər iki ölkə başçısının xüsusi nümayəndələrinin iki görüşü oldu.

2004-cü ildən etibarən “Praqa prosesi” çərçivəsində Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında birbaşa danışıqlar başladı. Münaqişənin həlli istiqamətində müsbət işarələr olmasına baxmayaraq, tərəflər heç bir mühüm nəticə əldə edə bilmədilər.

ATƏT-in Minsk qrupu həmsədrləri 22 iyun 2006-cı il tarixində ATƏT-in Daimi Şurasına məruzə təqdim etdilər. Məruzədə həmsədrlərin münaqişənin həlli istiqamətində səylərini artırdıqları və münaqişənin həllinin əsas prinsiplərinə dair hər iki tərəf arasında razılaşmanın əldə edilməsi üçün gərgin işlədikləri bildirilirdi. Onlar bu məqsədlə 2006-cı ildə üç dəfə birlikdə, bir neçə dəfə isə ayrı-ayrılıqda Bakı və Yerevanda səfərdə olmuş, iki dəfə Xarici işlər nazirlərinin görüşünü, iki dəfə də dövlət başçılarının zirvə görüşünü (birincisi fevral ayında Rambuyedə, ikincisi isə iyunun əvvəlində Buxarestdə) təşkil etmişlər.

1997-ci ildə ATƏT-in Minsk qrupunun hazırkı həmsədrlik institutu yaradılan vaxtdan etibarən ilk dəfə olaraq həmsədr ölkələrin Xarici işlər nazirlərinin müavinlərindən ibarət birgə missiya may ayında bölgəyə səfər etdi. Səfərin məqsədi 2006-cı ilin Dağlıq Qarabağa dair razılıq əldə edilməsi üçün mühüm “imkan pəncərəsi” yaratdığını hər iki ölkə prezidentlərinin diqqətinə çatdırmaqdan ibarət idi.

Həmsədrlər bildirdilər ki, prezidentlər Əliyev və Köçəryana əsas prinsiplər təklif olunmuşdur. Onlar məsələyə aydınlıq gətirərək bəyan etdilər ki, yanaşmalarının məqsədi münaqişənin bütün aspektlərinin bir mərhələdə həlli deyildi. Həmsədrlərin sözlərinə görə, qeyd olunan prinsiplərlə mümkün ən yüksək tərəqqiyə nail olmaq, lakin bəzi ən çətin məsələləri sonraya saxlayaraq danışıqlar aparmaq nəzərdə tutulurdu.

Buna baxmayaraq, həmsədrlər bəyan etdilər ki, prezidentlər razılığa gələ bilmədikləri üçün onlar bu prinsiplərin müəyyənləşdirilməsi, ifadə edilməsi və yekunlaşdırılması işində öz yaradıcılıqlarının zirvə nöqtəsinə çatmışlar. Bildirdilər ki, əgər tərəflər irəli sürülmüş prinsiplərə dair razılığa gələ bilmirsə, onda onları qane edə biləcək alternativ razılaşmaya nail olunması məqsədilə birlikdə çalışmalıdırlar.

Həmsədrlər intensiv “məkik diplomatiyası”nın davam etdirilməsinə və prezidentlərin yeni görüşlərinə heç bir zərurət görmədiklərini diqqətə çatdırdılar. Minsk qrupu həmsədrlərinin bəyanatına və danışıqlar prosesi ilə bağlı reallıqları ənənəvi olaraq təhrif etməyə çalışan Ermənistan tərəfinin qeyd olunan bəyanata dair şərhlərinə cavab olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi məsələyə aydınlıq gətirərək onu da bildirdi ki, Azərbaycan ərazilərinin davam edən işğalı və etnik təmizləmə şəraitində Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun hüquqi statusunun müəyyən edilməsi mümkün deyildir. Bunun üçün Azərbaycan əraziləri işğaldan azad edilməli, münaqişə zonası demilitarizasiya olunmalı, müvafiq beynəlxalq təhlükəsizlik zəmanəti təmin edilməli və zorla didərgin salınmış azərbaycanlı əhali öz evinə qayıtmalıdır.

Azərbaycan tərəfi Dağlıq Qarabağa Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində və Konstitusiyasına uyğun olaraq ən yüksək səviyyəli özünüidarə statusu verməyə hazır olduğunu bir daha yenidən bəyan etdi.

Xarici İşlər Nazirliyi həmçinin icmalararası sülh, ahəng və bölgənin statusunun müəyyən edilməsi üçün obyektiv şəraitin yaradılması məqsədilə, eləcə də bölgənin gələcək inkişafını nəzərə alaraq, Azərbaycanın beynəlxalq təcrübədə mövcud olan presidentlərə uyğun olaraq, münaqişədən əvvəlki etnik tərkibin bərpasından sonra Dağlıq Qarabağın əhalisi üçün iqtisadi və digər stimulların yaradılmasını nəzərdən keçirməyə hazır olduğunu bildirdi. Bununla yanaşı, XİN bölgədə ədalətli və daimi sülhün əldə olunması üçün Azərbaycanın danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu bir daha bəyan etdi.

13 iyul 2007-ci il tarixində ATƏT-in Minsk qrupu həmsədrləri 9 iyun 2007-ci il tarixində İlham Əliyev və Robert Köçəryan arasında Sankt-Peterburqda keçirilən görüşdən sonra münaqişənin həlli prosesində yaranmış vəziyyəti qiymətləndirən bəyanat yaydılar. Həmsədrlər bəyan etdilər ki, prezidentlərin görüşü zamanı əsas etibarilə münaqişənin sülh yolu ilə həllinin “əsas prinsiplər”inə dair razılaşma ilə bağlı məhdud sayda əngəllər müzakirə edilmiş və tərəflər mövqe fərqləri səbəbindən razılığa gələ bilməmişlər. Həmsədrlər bəyanatlarında Dağlıq Qarabağ regionuna, eləcə də Yerevan və Bakıya Azərbaycan və Ermənistanın bir qrup ziyalısının birgə səfər təşəbbüsünə toxunaraq, onu bəyəndiklərini və yüksək qiymətləndirdiklərini qeyd edərək, bu təşəbbüsü ilk etimadyaratma addımı adlandırdılar.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi BMT Baş Məclisinin 14 mart 2008-ci il tarixli A/RES/62/244 saylı qətnaməsindən sonra bəyanatla çıxış edərək, ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin sülh yolu ilə həllinin “əsas prinsiplər”inə dair layihə sənədində aydın məqamlardan çox fikir ayrılıqları və həll olunmamış məsələlərin yer aldığını bildirdi.

Nizamlama məsələsi ATƏT-in bütün zirvə və Xarici İşlər Nazirləri Şurasının iclaslarında müntəzəm olaraq müzakirəyə çıxarılır və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə sülh yolu ilə tezliklə həllinə yönəlmiş dialoq və səylərin əhəmiyyəti vurğulanır.

Münaqişə məsələsi Avropa Şurasının da gündəliyində qalmaqdadır. Belə ki, sözügedən məsələnin Avropa Şurası Parlament Assambleyasının 2005-ci ilin qış sessiyasında müzakirəsi nəticəsində 25 dekabr tarixində “ATƏT-in Minsk konfransının məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi” adlı 1416 saylı qətnamə qəbul edildi. Parlament Assambleyası qətnamədə Azərbaycan ərazisinin böyük bir hissəsinin işğal olunduğunu bir daha təsdiq edərək, etnik düşmənçilik və onu müşayiət edən hərbi əməliyyatların çoxlu sayda insanın etnik əsasda qovulmasına və monoetnik ərazilərin yaradılmasına gətirib çıxardığına dair narahatlığını ifadə etdi.

Assambleya Avropa Şurasının üzvü olan bir dövlətin digər dövlətin ərazisini işğal etməsinin həmin dövlətin üzvlük öhdəliklərini kobud şəkildə pozması demək olduğunu açıq şəkildə bəyan edərək, münaqişə zonasından didərgin düşmüş şəxslərin təhlükəsiz və ləyaqətlə geri qayıtması hüququnu bir daha təsdiq etdi. Assambleya həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini xatırladaraq, münaqişə tərəflərini onları yerinə yetirməyə, xüsusilə də işğal olunmuş ərazilərdən hərbi qüvvələri çıxarmağa çağırdı.

2008-ci ildə fevralında Ermənistanda prezident seçkilərinin keçirilməsindən və baş nazir Serj Sarksiyanın prezident seçilməsindən sonra Qarabağ sülh danışıqları prosesində növbəti sürəc başlandı.

Prezidentlər İlham Əliyev və Serj Sarkisyanın ilk görüşü 2008-ci il iyunun 6-da Sankt-Peterburqda beynəlxalq iqtisadi forum çərçivəsində baş tutdu.

Bundan sonra, Azərbaycan və Ermənistan rəhbərləri 2008-ci il noyabrın 2-də Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Moskvada görüşdülər. Görühün nəticəsi olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının ümumi əsasları (sülh yolunun davam etdirilməsi, benəlxalq hüquq normaları əsasında kompromisin axtarılması) barədə Moskva Bəyannaməsi imzalandı.

Prezidentlər İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü 2009-cu il yanvarın 28-də Sürixdə (İsveçrə, Davos İqtisadi Forumu) keçirildi.

Bundan sonra, dövlət başçıları 2009-cu il mayın 7-də Praqada (Avropa Birliyinin «Şərq tərəfdaşlığı» sammiti) görüşdülər.

Bundan bir ay sonra, 2009-cu il iyunun 4-də Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan növbəti görüş keçirildi.

Beləliklə, Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh prosesi başlayandan bu yana belə görüşlərin ümumi sayı 50-yə yaxınlaşır.

Sülhə doğru yol isə hələlik görünmür.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009