Kitabxana > Ədəbiyyat > Poeziya > Şahmar Əkbərzadə
Şahmar Əkbərzadə
(28.12.1941-30.8.2000)
Ölüb-dirilək
Dəli könül yar sinəmi, çıx yeri,
Geri dönmür ötən günün heç biri.
Dur tərpənək lalələnir dan yeri.
Sübhün qız çağında ölüb-dirilək.
Bülbüllərin cəh-cəhini dinləyək,
Turac görsək "düt-düt"ünü dinləyək
İsaq-Musaq quşlarıtək inləyək
Nəğmə qucağında ölüb-dirilək.
Qızıl dan yerindən od-alov içək,
Yanar duyğulara qızıl don biçək.
Ərdəbildən aşıb Təbrizə keçək.
Gülüstan bağında ölüb-dirilək.
Qartal xəyalımız gəlsin tüğyana,
Göylərin qoynunda çıxsın cövlana.
Adlayaq Culfadan Nəqşi-cahana
Qızlar bulağında ölüb-dirilək.
Təpər toplamağa son verək daha,
Savaş meydanına yan verək daha,
Əsir torpaqlara can verək daha.
Vətən torpağında ölüb-dirilək.
* * *
Ayırar bu dünya bizi nə vaxtsa
Burax inadını, ay ömrüm ,günüm
Çəkilər göylərə harayım ,ünüm.
Dolaşar qəfildən ömr düyünüm,
Ayırar bu dünya bizi nə vaxtsa.
Dağlayar qəlbini ,dağlayar dağ-dağ,
Sinəmdə əcəlin çatdığı ocaq.
Tüstüsü gözünü yandırar ancaq,
Üşüdər qəlbini közü nə vaxtsa.
Ha səslən, dağılmaz əbədi yuxum,
Burnunun ucunu göynədər qoxum.
Çarpaz dağlar çəkər sənə yoxluğum,
Çiləyər yarana duzu nə vaxtsa.
Düşər xatirələr yadına bir-bir,
Yanarsan günlərin oduna bir-bir.
Əsər əsim-əsim ,titrəyər tir-tir,
Sınar qürurunun dizi nə vaxtsa.
Bəxtin gözlənilməz günlə rastlaşar,
Odun da, közün də Şahmarsızlaşar,
Dadın da ,duzun da Şahmarsızlaşar,
Ayırar bu dünya bizi nə vaxtsa.
* * *
Apar məni o günlərə
Apar məni o günlərə, o aya,
Göz baxmaqdan, üz yanmaqdan doymaya,
Əllərimi əlin yaxın qoymaya,
Nəfəsim də nəfəsinə yetməsin,
Bu sevdamın ömrü-günü bitməsin!
Apar məni ilk görüşə üşənim,
O görüşün ayağına döşənim.
Bir az gecik, üşüm-üşüm üşünüm,
Qoy ürəyim titim-titim titrəsin,
Bu sevdamın ömrü-günü bitməsin!
Apar məni o bahara, gəl gülüm!
Çiçək olum əllərinlə üzülüm.
Bircə-bircə tellərinə düzülüm!
Xəyalımdan özgə xəyal ötməsin,
Bu sevdamın ömrü-günü bitməsin!
Apar məni o yerlərə, gəzək bir,
Anan səni şişə çəksin, dözək bir,
Bəhanə tap, inciyək bir, küsək bir,
Durub gedim, ayaqlarım getməsin,
Bu sevdamın ömrü-günü bitməsin!
Apar məni o günümə baxım mən,
Qızılları yandırım mən, yaxım mən,
Öz eşqimi barmağına taxım mən,
Bir üzüyə yenə gücüm yetməsin,
Bu sevdamın ömrü-günü bitməsin!
Daş-qaş nədir, sən qüdrətdən süslüsən!
Göydən enməz mələklərin mislisən!
Bu dünyada bir od mənəm, bir od sən,
Alov varmı mənə qibtə etməsin?
Bu sevdamın ömrü-günü bitməsin!
* * *
Beş xətt
Üzeyir bəyin ölməz xatirəsinə
Sənət meydanıdır not sətirləri,
Səslər dərdləşməyə bura yığışır.
Koroğlu nərəsi, Leyli naləsi
Beş xəttin içinə necə sığışır?!
Beş xətt - tərcüməsiz dünya dilidir,
Hisslərə səd çəkən dillər deyilmi?
Beş xətt - bir ürəyi milyard insanın
Qəlbinə calayan tellər deyilmi?
Bəstəkar qəlbinin telidir bu xətt,
Ağ kağız üstünə çözələnibdir.
Beş xəttin içinə sanki not deyil,
Məcnunun ahından köz ələnibdir!
Beş xəttin içində hay-haray yatır,
Tarsız, pianosuz səslər oyanmır.
O notlar Kərəmin fəryadıdırsa,
Kağızlar od tutub bəs niyə yanmır?
Nəğmələr yaşadır not sətirində
Nəğməkar yaranan insan oğlunu.
Fəzada dünyalar axtarırıq biz,
Beş xətdə kəşf edib tapan var onu!
Beş xəttin içində mənim xalqımın
Musiqi dilini tapıb Üzeyir.
Koroğlu döyüşdə çapan
Qıratı Beş xəttin içində çapır Üzeyir.
Beş xəttin başında açarlar durar,
Adi "sol" açan gör nəyə düşür?
Paslı qıfıl üçün yaranmayıb o,
Nəğmə açandır, ürəyə düşür.
Bəzən not sətrinin yükü qəm olur,
Bir elin dərdini ellərə yayır.
Nəğmələr sərhədi pozur hər zaman,
Sərhədçi nəğməyə güllə atmayır.
İçi nəğmə dolu yaraqdır beş xətt,
Nişangahi - ürək, lüləsi-dodaq.
Silahlar içində tək bu silahı
Mən rəva görürəm bəşərə ancaq.