ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Tariximiz > Yaddaş > Soyqırımı və deportasiyalar > Rauf Rzayev

Tariximizin qanla yazılmış səhifələri

Rus-İran müharibəsi başa çatdıqdan və 1828-ci il fevralın 10-da Təbriz yaxınlığında Türkmənçay kəndində sülh müqaviləsi bağlandıqdan sonra İran Rusiyanın sahiblik hüququnu qəbul edərək, Şimali Azərbaycana öz iddialarından əl çəkdi.

Bu andan həmin əraziyə İrandan və Türkiyədən ermənilərin kütləvi surətdə köçürülməsinə başlandı. Çarizm erməniləri bu torpaqlara köçürməklə imperiyanın cənub sərhədlərində özünə etnik-dini dayaq yaratmaq məqsədi güdürdü.

Zaqafqaziyada çar hakimiyyətinin davam etdiyi uzun illər ərzində ermənilər Rusiyaya münasibətdə loyallığı saxlamış, onu özlərinin xilaskarı saymışlar. Azərbaycanda erməni əhalisi Rusiyanın qanadı altında müsəlmanlara nisbətən imtiyazlar qazanaraq, sürətlə inkişaf etmişdi.

Rus tədqiqatçısı N.İ.Şavrovun hesablamalarına görə, təkcə 1826-1828-ci illərdə Zaqafqaziyada Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı torpaqlarına İrandan 40000 nəfərdən artıq, Türkiyədən 84600 nəfər erməni köçürülmüşdür (/Şavrov N. Novaya uqroza russkomu delu v Zakavkazye: predstoyaşaya rasprodaja Muqani inorodtsam. Sankt-Peterburq, 1911, s. 59)/.

Azərbaycan torpağına ermənilərin köçürülməsi bütün XIX əsr ərzində və XX əsrin əvvəlində davam etmişdir. 1878-1879-cu illər rus-türk müharibəsi dövründə bu proses güclənmişdir. Amerika tarixçisi T.Svietoxovski qeyd etmişdir ki, neftli sahələrin icarəsi üzrə 1872-ci il hərracında tatarlar (azərbaycanlılar) tərəfindən alınan pay cəmi 5 faiz təşkil etmişdir, halbuki erməni sahibkarlar demək olar ki, 10 dəfə çox pay almışlar...

1900-cü ildə Bakı quberniyasının ərazisində fəaliyyət göstərən 115 sənaye şirkətinin 29 faizi ermənilərə və yalnız 18 faizi tatarlara məxsus olmuşdur. Şərabçılıq, balıq emalı və tütünçülük kimi bəzi sahələr rəqabətdə azərbaycanlıları üstələyən ermənilərin əlinə keçmişdi. /Svietoxovskiy T. Russkiy Azerbaydjan 1905-1920. Xazar 1990. s. 84/. 1911-ci ildə N.İ.Şavrov yazırdı: "İndi Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyondan çoxu bu yerin köklü sakini deyil və bizim tərəfimizdən köçürülmüşdür (Şavrov N. Novaya uqroza russkomu delu v Zakavkazye: predstoyaşaya prodaja Muqani inorodtsam. Sankt-Peterburq, 1911, s. 61)."

Çar hakimiyyəti erməniləri kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürməklə kifayətlənməyərək, müsəlmanlarla ermənilər arasında ədavət yaradır, "parçala, hökm sür" siyasətinə uyğun olaraq, imperiyanın mənafeyinə xidmət edən erməniləri yerli əhalinin maraqları ilə hesablaşmamağa sövq edirdi. 1905-1907-ci illər birinci rus inqilabı dövründə Azərbaycanda fəhlələrin və kəndlilərin çıxışları geniş vüsət almışdı. Azərbaycanda inqilabi hərəkatın güclənməsindən narahat olan çar hökuməti fəhlələri və kəndliləri inqilabi çıxışlardan yayındırmaq üçün erməni-müsəlman ədavətini daha da qızışdırırdı.

Belə bir siyasətin nəticəsi olaraq, birinci erməni-müsəlman toqquşması 1905-ci il fevralın 6-da Bakıda baş verdi. Buna bəhanə azərbaycanlı sakinin daşnaklar tərəfindən öldürülməsi idi. Polisin və ordunun tam fəaliyyətsizliyi ilə Bakıda 3 gün davam edən qırğın Azərbaycanın başqa regionlarına keçdi. Münaqişə nəticəsində "128 erməni və 158 azərbaycanlı kəndi dağıdıldı. Müxtəlif hesablamalara görə, həlak olanların sayı 3100 nəfərdən 10000 nəfərə qədər olmuşdur" (Svietoxovskiy T. Russkiy Azerbaydjan 1905-1920. Xazar. 1990, s. 86).

Münaqişənin birinci mərhələsinin başa çatması ilə çar hökumətinin "müsəlmanpərəst" mövqeyi dəyişdi. Müsəlmanlara qarşı yeni hücum kampaniyası başlandı. Çarın Qafqazdakı yeni canişini Vorontsov-Daşkov ermənilərlə dostluğun Zaqafqaziyada Rusiyanın hakimiyyətinin əsası olması kimi köhnə ənənəni dirçəltmək və həyata keçirmək üçün gərgin işə başladı. Qafqazın canişini yazırdı: "Mənim siyasətimin mənafeyi naminə qanuna əsasən erməniləri məhkəmə vəzifələrinə təyin etmək, hər bir halda erməni icmasını qıcıqlandırmamaq, Rusiyaya qarşı düşmənçiliyi gücləndirməmək lazımdır". /(Prizvannıe oteçestvom. Rossiyskie prokurorı. 1722-1917, Moskva 1996, s. 586)./

Onun ilk tədbirlərindən biri Qriqoryan kilsəsinin əmlakının müsadirəsi haqqında 1903-cü il fərmanının ləğv olunmasını çar II Nikolaydan xahiş etmək olmuşdur. Müsəlmanlar üzərində nəzarəti saxlamaq üçün o, ermənilərə silah paylamışdır. Çar hakimiyyəti ilə daşnaklar arasında əməkdaşlığın nümunələri heç kim üçün sirr deyildi və hətta baş nazir P.A.Stolıpin ermənilərə rəğbət bəsləməsini Vorontsov-Daşkova irad tutmuşdu (Zeynalov İ.M., Sadıxov D.Ş., İstoriya Azerbaydjana, Baku, 1994, s. 39).

Bu vəziyyətdə özlərini qorumaq üçün müxtəlif müsəlman qrupları öz fəaliyyətlərini əlaqələndirməyə çalışırdılar. Azərbaycanda ermənilərə qarşı mübarizə üçün siyasi partiyalar yaradılmağa başlamışdı: Azərbaycan sosial-federalistlərinin "Qeyrət" partiyası (1905), "Difai" (müdafiə) milli partiyası (1906), "Müdafiə" təşkilatı (1907) və sair. 1905-1907-ci illər rus inqilabının məğlubiyyətindən sonra Rusiyada irtica dövrü başlandı.

Rusiyada 1917-ci il oktyabr çevrilişi və onun ardınca baş verən qanlı hadisələr Azərbaycan əhalisinin böyük hissəsinin rus inqilabının demokratik xarakterinə inamını sarsıtdı. Noyabrın 2-də Bakı Sovetinin geniş konfransında bolşeviklər sovet hakimiyyətinin elan edilməsinə nail oldular. Bakı Sovetinin İcraiyyə Komitəsinin tərkibi seçildi. Onun tərkibinə M.V.Basin, N.P.Vatsek, P.A.Caparidze, İ.T.Fioletov, M.Ə.Əzizbəyov və başqaları daxil idilər. S.G.Şaumyan Bakı Soveti İcraiyyə Komitəsinin sədri seçildi. Tədricən bolşeviklər şəhərdə hakimiyyəti öz əllərinə almağa başladılar. Bolşeviklərin ən güclü siyasi opponenti müsəlman əhalisinin əsas kütləsini öz ətrafında birləşdirən "Müsavat" (bərabərlik) partiyası oldu.

Müsəlman əhalisinin muxtariyyəti və dirçəlişi uğrunda müsavatçıların mübarizəsi bu partiyanın gücünü aydın başa düşən, onun sıralarının tədricən möhkəmlənməsi və birləşməsi meylini görən Bakı Soveti rəhbərlərini ciddi narahat edirdi. S.Şaumyan yazırdı: "Lap əvvəldən Zaqafqaziyada ən zəif siyasi partiya olan, bu inqilab zamanı təşkilatlanan, heç bir təşkilati, heç bir partiya ənənəsi, heç bir hakimiyyəti olmayan, inqilabın əvvəlində heç bir rol oynamayan "Müsavat" ikinci ilin başlanğıcında Zaqafqaziyada ən güclü siyasi partiyaya çevrildi" (Şaumyan S.G., İzbrannıe proizvedeniye, M., 1958, t.2, s. 257).

Azərbaycan Demokratik Hərəkatının liderləri belə bir bəyanatla çıxış etdilər ki, rus hakimiyyətinin ən zərərli nəticələrindən biri çarizmin müsəlmanları orduya çağırışdan azad etmək siyasəti idi. Monarxiyanın devrildiyi ilk gündən Rusiya müsəlmanları onlara vəziyyətlərini qonşuları-xristianlarla bərabərləşdirmək üçün zəruri olan öz hərbi birləşmələrini yaratmaq hüququnun verilməsi xahişi ilə müraciətlər edirdilər. A.F.Kerenskinin başçılığı ilə müvəqqəti hökumət bu məsələnin həllini hər vasitə ilə ləngidirdi, hətta sonradan razılıq versə də, silahlandırmaqdan boyun qaçırmışdı. Birinci Dünya müharibəsindən sonra tərxis edilmiş ordunun silahının və geyiminin xeyli hissəsi erməni və gürcü hərbi birləşmələrinə, Bakı bolşeviklərinə verildi, eyni zamanda, azərbaycanlılara əvvəlki kimi silah çatmadı, həm Qafqaz cəbhəsinin komandanlığı, həm də Bakı Soveti silah verməkdən imtina etdi (Svietoxovskiy T. Russkiy Azerbaydjan, 1905-1920, Xazar, 1990, s. 86).

Osmanlı imperiyası (Türkiyə) ilə Rusiya imperiyası arasındakı müharibə 1914-cü il oktyabrın 29-da başlanmış (rəsmən noyabrın 11-də elan edilmişdir) və 1918-ci il martın 3-də Osmanlı imperiyası ilə RSFSR arasında Brest-Litva sülh müqaviləsinin bağlanması ilə başa çatmışdı. Brest-Litva müqaviləsinin imzalanması və Rusiyanın Qafqaz cəbhəsinin dağılması rus komandanlığını milli əsasda yeni hərbi birləşmələrin yaradılmasına imkan verməyə məcbur etdi. 1918-ci il yanvarın 13-də "Pravda" qəzeti Lenin və Stalin tərəfindən imzalanmış 13 nömrəli fərmanı dərc etdi. Bu fərman "Qafqaz işləri üzrə komissar S.Şaumyanın" müşahidəsi altında müvəqqəti erməni hökumətinin yaradılması məsələsinə aid idi.

Fərmanın mənası aydın idi: ruslar Brest-Litva müqaviləsində nəzərdə tutulduğu kimi, öz qoşunlarını qədim türk şəhərlərindən - Qarsdan və Batumdan çıxarılması ərəfəsində erməniləri silahlandırmaq istəyirdilər. Ermənilər 1915-ci ildə törətdikləri qırğına görə türklərin intiqam alacağından qorxaraq öz ordu birləşmələrini yaratdılar. Bu işdə onlara ingilis, fransız və amerikan konsul və hərbi nümayəndələri böyük kömək göstərdilər. Onlar ilk növbədə rus cəbhəsində olan türk ordusunu Mesopotamiyada İngiltərəyə qarşı çıxış etməkdən yayındırmaq istəyirdilər.

"Antanta"nın (İngiltərənin, Fransanın və çar Rusiyasının 1904-1907-ci illərdə yaratdığı hərbi blok. Sonralar Antantaya İtaliya (1915) və ABŞ da (1917) daxil olmuşdu) Qafqaz cəbhəsində hərbi döyüş fəaliyyətinin canlandırılması planlarına Türkiyəyə qarşı mübarizə üçün müsəlman birləşmələrindən istifadə olunması daxil deyildi. Lakin T.Svietoxovskinin qeyd etdiyi kimi, "...ermənilər türk qoşunlarının Zaqafqaziyaya daxil olmasından qorxduqları kimi, azərbaycanlılar da ermənilərin silahlanmasından və millətlərarası münasibətlərin kəskinləşməsindən ehtiyat etməyə başladılar" (Svietoxovskiy T. Russkiy Azerbaydjan 1905-1920, Xazar, 1990. s. 87).

Həmin dövrdə Bakıda vəziyyət kəskinləşməyə başladı. Şəhərdə hər cür şayiələr baş alıb gedirdi, ərzaq təchizatı praktik olaraq kəsilmişdi, aclıq labüd idi, əhali qorxu içərisində yaşayırdı. Belə şəraitdə erməni bolşeviklərlə müsəlman əhali arasında münaqişə Bakıda baş verdi. Bu, qarşı duran tərəflər üçün şəhərin əhəmiyyətini şərtləndirən bir sıra amillərlə bağlı idi. Birincisi, bolşeviklər bütün Zaqafqaziyada öz hakimiyyətlərini möhkəmlətmək üçün Bakıya "dayaq məntəqəsi" kimi baxırdılar və onlar Bakının itirilməsinə heç cür yol verə bilməzdilər.

İkincisi, Rusiyanın bütün fabrik, zavod sənayesi və nəqliyyatı Bakı nefti ilə işləyirdi (İzvestiya Bakinskoqo Soveta, 1918, 21 maya). Nəhayət, üçüncüsü, "Bakı türk milli hərəkatının mərkəzi idi və bolşeviklər bu mərkəzi ləğv etmək istəyirdilər (Rasulzade M. Azerbaydjanskaya Respublika, Baku, 1990, s.33). Zaqafqaziyada bolşevik hakimiyyətinin qalıb-qalmaması məsələsi əsas etibarı ilə məhz Bakıda həll edilirdi.

"Bu dövrdə Bakıda böyük sayda silahlı dəstələr toplanmışdı:

1) bolşeviklər tərəfindən yaradılan 3500 nəfərlik Qırmızı Qvardiya;

2) "Daşnaksütyun" partiyasına tabe olan 4500 piyada və süvari əsgərlərdən ibarət erməni milli qvardiyası hissələri;

3) ruslardan və slavyanlardan ibarət olan beynəlmiləl alayın hissələri;

4) hərbi donanma dənizçilərinin ayrı-ayrı qruplarının tabe olduqları menşeviklərin və eserlərin silahlı dəstələri" Suleymanov M., Dni minuvşie... Baku-1990, s. 207.

Nəticədə 1918-ci il martın əvvəlində Bakı Sovetinin sərəncamında 20 min nəfərlik hərbi qruplaşma toplanmışdı (İsmaylov G., Qasanov Dj., Qafarov T., İstoriya Azerbaydjana. Baku - 1998, s. 8).

Mart hadisələri ərəfəsində Bakıda və onun ətrafında azərbaycanlıların heç bir iri hərbi birləşməsi yox idi. Bu faktı Y.Ratqauzer təsdiq edirdi: "Şəhərdə hadisələrin əvvəlində Müsavat partiyasının daimi hərbi hissələri yox idi. Rayonlarda olan Müsavat qüvvələri vaxtında şəhərə gətirilməmişdi. Belə hesab etmək olardı ki, Müsavat partiyasının rəhbərliyi martın 30-da döyüşün başlanmasını gözləmirdi" (/Ratqauzer Y., Revolyutsiya i qrajdanskaya voyna v Baku, Baku - 1927, s. 145)/.

Tarixi sənədlər və baş vermiş hadisələrin mahiyyəti sübut edir ki, məhz bolşeviklər ermənilərin yaxından iştirakı ilə mart hadisələrinin təşəbbüskarı və təşkilatçısı olmuşlar. P.A.Caparidze martın 26-da öz çıxışında demişdi: "Bizim bütün əvvəlki siyasətimiz vaxtı udmaqdan ibarət olmuşdur. Biz bilirdik ki, əks-inqilabi qüvvələrlə döyüşə girməli olacağıq və buna hazırlaşırdıq". (Ratqauzer Y., Revolyutsiya i qrajdanskaya voyna v Baku. Baku - 1927, s. 141-142.)

Öz növbəsində S.Şaumyan martın 15-də Bakı Sovetinin iclasında "Cənubi Qafqazda işlərin vəziyyəti" haqqındakı məruzəsində Azərbaycan millətinin qırğınına başlanmasına mahiyyətcə öz "xeyir-duasını" vermiş, sonrakı gün isə İ.V.Stalinə məktubunda RSFSR Xalq Komissarları Sovetindən xahiş etmişdi ki, "Qafqaz ordusunun hərbi inqilabi komitəsinin ehtiyacları üçün 10 milyon rubl pul ayrılsın" (Şaumyan S., İzbrannıe proizvedeniya, t.II, c.265).

Fevralın 24-də Bakıya general Talışınskinin başçılığı ilə müsəlman diviziyasının qərargahı gəldi. General-mayor Mirkazım xan Talışinski rus-yapon müharibəsində Port-Arturun qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuşdu. Sovet hakimiyyətinin qələbəsindən sonra könüllü surətdə inqilabın tərəfinə keçmişdi. S.Şaumyanın göstərişi ilə qərargah üzvləri birbaşa Bakı vağzalında həbs edildi. Bu, təkcə Bakıda deyil, Azərbaycanın başqa regionlarında da müsəlmanların kəskin narazılığına səbəb oldu. Azərbaycan ziyalılarının nümayəndələri ağır nəticələri qabaqcadan görərək, keçirilən mitinqlərdə və yığıncaqlarda əhalini sakitliyə, təzyiq və zorakılıq faktlarına qarşı dözümlü olmağa çağırırdılar.

Lakin Bakı Soveti ilə şəhərin müsəlman əhalisi arasında kəskinləşən ziddiyyət silahlı qarşıdurmaya çevrilə bilən təhlükəli vəziyyət yaratmışdı. Və belə bir fürsət bolşeviklər tərəfindən tapıldı. Belə ki, keçmişdə gənc zabitlər tez-tez bir-birilərinin qarşısında cəsarətləri ilə lovğalanırdılar: onlar revolverin barabanında bir güllə saxlayaraq, silahı gicgahlarına tuşlayıb tətiyi çəkir və talelərini sınaqdan keçirirdilər.

Hacı Zeynalabdin Tağıyevin "Vəhşi diviziya"da (rus ordusunun keçmiş Qafqaz süvari diviziyasının tatar alayı) xidmət edən oğlu Məmmədtağı da öz taleyini bu cür sınaqdan keçirmək istəmişdi. Revolver boşa çıxmamış və güllə 18 yaşlı gəncin həyatına son qoymuşdu. Bununla bağlı, martın 24-də müsəlman diviziyasının 200 nəfər zabit və əsgəri "Evelina" gəmisi ilə Bakıya öz döyüşçü yoldaşlarının dəfnində iştirak etməyə gəldi (/Suleymanov M., Dni minuvşie..., Baku-1990, s. 207/).

Şəhərdə çoxminli erməni hissələrinin olmasına göz yuman bolşeviklər martın 29-da gəmi ilə Lənkərana qayıtmaq üçün toplaşan müsəlman zabit və əsgərlərini S.Şaumyanın əmri ilə tərksilah etdilər. Bu hadisəyə cavab olaraq müsəlman əhalisi müsadirə olunmuş silahların qaytarılmasını tələb etdi. Elə bu da, müsəlmanlara qarşı əsl müharibəyə başlamaq üçün əvvəlcədən düşünülmüş bəhanə oldu.

Bakı komissarlarının tarixi oçerklərindəki qeydlər təsdiq edir ki, S.Şaumyan və xüsusilə, onun ermənilərdən ibarət yaxın ətrafı şəhərin müsəlman hissəsinə hücum etmək üçün təkcə bəhanə gözləmirdi, həm də bu təxribatın təşkilatçısı idi. Qeydlərin birində deyilir: "Evelina" gəmisinə "Müsavat"ın Lənkəran şəhərinə göndərmək istədiyi silah yüklənmişdi. Bu, Bakı Soveti tərəfindən qabaqcadan nəzərdə tutulmuşdu. Yunkerlər silahlı qüvvələr tərəfindən tərksilah edildilər. Yunkerlərin tərksilah edilməsindən sonra "Müsavat" alınmış silahların qaytarılması barədə Bakı Sovetinə ultimatum verdi" (/ÜQAPPOD Azerb. Resp. f.276, op.2, d.155, l.8)/.

Başqa qeyddə deyilir: "Müsavatçılar alınmış silahın qaytarılması haqqında inqilabi komitəyə ultimatum verdilər və bu məqsədlə öz nümayəndə heyətlərini göndərdilər. Gərgin vəziyyət yarandı. Mağazalar bağlandı. Şəhərin müsəlman hissələrində silahlı xalq kütlələri toplaşdı. Təxribat baş tutdu və bu, vətəndaş müharibəsinin başlanması üçün siqnal oldu (/Azərbaycan Mərkəzi Dövlət Arxivi, f.276, s.2, i.155, v.8/).

Martın 30-da səhər şəhərin müxtəlif rayonlarında azərbaycanlıların alınmış silahların qaytarılması tələbi ilə mitinqləri başlandı. Səhər tezdən şəhərin müsəlman hissəsinə hücumlar başlandı. Bu zaman ermənilərə inanıb sakitləşən müsəlmanlar hələ yatmışdılar. Hücumları sırf erməni əsgərləri həyata keçirirdilər və müsəlmanlar baş verənləri əvvəlcə başa düşə bilmədilər. Hərbi gəmilər şəhərin müsəlman hissəsini mərmi atəşinə tutmuşdular. Bu, rus matroslarını müsəlmanların rus əhalisini qırdığına inandıran ermənilərin təxribatı nəticəsində olmuşdu (Azərbaycan Mərkəzi Dövlət Arxivi, f.276, s. 2, i. 155, v. 8).

Şəhərdə gərginliyin daha da güclənməsinin qarşısını almaq üçün saat 14-də N.Nərimanovun mənzilində M.Ə.Rəsulzadənin iştirakı ilə təcili müşavirə toplanmış və buraya S.Şaumyan da dəvət edilmişdi. Danışıqlar nəticəsində müsəlman diviziyasından alınmış silahların "Hümmət" bolşevik təşkilatı vasitəsilə qaytarılması barədə razılıq əldə edildi (/Q.Sultanov., İz proşloqo Baku - 1924, s.18/).

Müşavirədən sonra N.Nərimanov xalqı sakitləşdirmək və qəbul olunmuş qərarı bildirmək üçün Təzə Pir məscidində çıxış etdi: "Mənim müsəlman qardaşlarım, aldanmayın, araqarışdıranların təxribatına inanmayın. Sovet hakimiyyəti kim olur-olsun, onun cavabını verməyə kifayət qədər güclüdür. Onun topları var, onun çoxlu silahı və əsgəri var, onun hərbi gəmiləri və döyüş sursatı var. Bəs sizin nəyiniz var? Ən çoxu 5-10 dənə paslı tüfənginiz, 30-40-a qədər köhnə sınıq tapançanız var. Siz heç atəş aça da bilmirsiniz. Nə intizam var, nə qayda. Bir qədər dözün, hər şey yoluna düşər (/M.Suleymanov. Dni minuvşie... 1990, s. 208/).

Mart hadisələri bolşevik məqsədlərini güdən "Hümmət" partiyasını narahat edirdi. Onun mətbuat orqanı olan "Hümmət" qəzeti bu barədə qəzəbli məktub dərc etmişdi. Məktubda deyilirdi: "Əvvəl siyasi xarakter daşıyan mübarizə sonradan milli xarakter aldı... Biz bolşevik kimi qalaraq, eyni zamanda, imkan vermərik ki, müsəlman yoxsullarının günahsız axan qanları nəticəsiz qalsın. Biz var qüvvəmizlə müsəlmanlara qarşı törədilən bütün bu nanəcibliyi aşkar etməyə çalışacağıq ("Hümmət", 1918).

Lakin sonrakı hadisələr göstərdi ki, N.Nərimanov və M.Ə.Rəsulzadə S.Şaumyan tərəfindən aldadılmışlar və S.Şaumyan heç də öz vədini yerinə yetirməyə hazırlaşmırmış. Bolşeviklər şəhərdə özünü ali hərbi siyasi orqan elan edən Bakı şəhəri və onun rayonlarının inqilabi müdafiə komitəsini təşkil etdilər. Onun tərkibinə S.Şaumyan, P.Caparidze, Q.Karqanov (Karqanyan), sol eser İ.Suxartsev, sağ eserlərin lideri S.Saakyan və "Daşnaksütyun" partiyasının Bakı təşkilatının rəhbəri S.Melik-Yeolqyan daxil idilər (/İzvestiya Bakinskoqo Soveta, 1918, 11 aprel, s.7)/.

Həmin vaxtda şəhərdə vəziyyət hər dəqiqə gərginləşirdi. Bu şəraitdə Qırmızı Ordunun süvari dəstələrinə kim tərəfindən atıldığı məlum olmayan təxribatçı atəşlərindən istifadə edən bolşeviklər Bakının dinc azərbaycanlı əhalisinə qarşı genişmiqyaslı hərbi əməliyyata başladılar.

S.Şaumyanın öz sözləri təsdiq edir ki, bolşeviklərə yalnız bəhanə lazım idi: "Biz süvari dəstələrimizə ilk silahlı hücum cəhdindən istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Bizim artıq 6 min nəfərlik silahlı qüvvəmiz, "Daşnaksütyun"un da 3-4 min nəfərə yaxın milli birləşməsi var idi və onlar bizim ixtiyarımızda idi. Onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verirdi. Lakin bunsuz mümkün deyildi. Biz buna şüurlu surətdə gedirdik. Əgər onlar Bakı şəhərində üstünlük əldə etsəydilər, şəhər Azərbaycanın paytaxtı elan edilərdi (/S.G.Şaumyan, Seçilmiş əsərləri, c.II, s.265)/.

Bakıda azərbaycanlıların qırğını 3 gün davam etdi. Bu müddətdə şəhərdə görünməmiş dəhşətlər törədildi. S.Şaumyan özü etiraf etməyə məcbur oldu ki, "...vətəndaş müharibəsi nəticəsində yoxsul kütlə və günahsız müsəlmanlar ziyan çəkdilər, belə ki, biz erməni alayının köməyinə əl atmağa məcbur olduq və biz onların xidmətindən imtina edə bilmədik". Bunun ardınca qeyd edir ki, "...qələbə elə böyükdür ki, bu, həqiqətin üstünə az kölgə salmır" (/S.G.Şaumyan, Seçilmiş əsərləri, c.II, s.249-250)/.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir.
1918-ci il iyulun 15-də Azərbaycanın xarici işlər naziri M.H.Hacınski Nazirlər Şurasının sədri F.X.Xoyskiyə ərznamə ilə müraciət edərək müsəlmanlara qarşı zorakılıqları təhqiq etmək üçün komissiya yaradılmasının zəruri olduğunu yazmışdı:

"Artıq dörd aydır ki, Azərbaycan ərazisinin müxtəlif hissələri bolşevik adı altında fəaliyyət göstərən və dinc müsəlman əhalisinin həyatı və əmlakı ilə vəhşicəsinə rəftar edən quldur dəstələri, məsuliyyətsiz erməni silahlı birləşmələri tərəfindən viran olunur. Eyni zamanda, bu quldur dəstələrinin təşkilatçıları tərəfindən göndərilən səhv informasiya sayəsində Avropada tamamilə əks ictimai rəy yaranır. Əhalinin zərərçəkən qruplarının mənafeyi naminə elə bir təşkilat yaratmaq lazımdır ki, bütün zorakılıq hallarını və bu zorakılıqların törədildiyi şəraiti dəqiq qeydə alsın, günahkarları və onların vurduqları ziyanın məbləğini müəyyən etsin.

Bu təşkilat fövqəladə istintaq komissiyası xarakteri daşımalıdır, özü də bu komissiyanın məlumatları Avropanın başlıca dillərində (rus, fransız, alman və türk dillərində) bəyan olunmalı və geniş yayılmalıdır. Bu komissiyanın yaradılmasına dərhal başlamaq lazımdır, çünki hadisələrin izi ilə isti-isti istintaq aparmaq, fotoşəkillər çəkmək, digər maddi sübutlar əldə etmək mənasında bir çox işləri indi asanlıqla görmək mümkündürsə, sonralar bu iş çətin və hətta qeyri-mümkün olacaq" (Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1 s, iş 95, vərəq 1).

* * *

Birinci dünya müharibəsinin əvvəlindən bəri bütün Cənubi Qafqaz hüdudlarında müsəlmanların özlərinə və əmlakına qarşı törədilmiş zorakılıqları təhqiq etmək məqsədilə Azərbaycan hökumətinin 1918-ci il 15 iyul tarixli qərarı ilə Fövqəladə İstintaq Komissiyası (FİK) təşkil olunmuşdu.

Ələkbər bəy Xasməmmədov onun sədri, Gəncə dairə məhkəməsinin üzvləri İsmayıl bəy Şahmalıyev və Andrey Fomiç Novatski, Gəncə mahal məhkəməsi prokurorunun müavini Nəsrəddin bəy Səfikürdski, Gəncə məskunlaşma idarəsinin üzvü Nikolay Mixayloviç Mixaylov, barışdırıcı hakimlər qurultayının keçmiş sədri, həqiqi mülki müşavir V.Qudvil və müəllim Mirzə Cavad Axundzadə komissiyanın üzvləri təyin edilmişdilər (Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1001, siyahı 1s, iş 103, vərəq 2).

Komissiyaya cinayət məhkəmə icraatı nizamnaməsinə uyğun olaraq məhkəmə-istintaq hakimiyyətinə məxsus səlahiyyət və hüquqlar verilmişdi.

Ələkbər bəy Xasməmmədov mülkədar idi, Yelizavetpol mahal məhkəməsində andlı müvəkkil, AXC dövründə Gəncə şəhərinin başçısı olmuşdu, türk sosial-federalist inqilabçılarının "Qeyrət" partiyasını yaradanlardan (1905-ci il) biri Xəlil bəy Xasməmmədovun qardaşı idi.

Azərbaycanın müxtəlif regionlarında öz həyatını və sağlamlığını risk altında qoyaraq çalışan FİK üzvlərinin gərgin və vicdanlı əməyi sayəsində müxtəlif erməni silahlı təşkilatlarının azərbaycanlıları məhv etmək üçün məqsədyönlü şəkildə həyata keçirdikləri zorakılıqlara dair qiymətli materiallar toplanıb rəsmiləşdirildi. Bu materialların əhəmiyyəti və dəyəri bundadır ki, onlar ciddi peşəkar iş nəticəsində hazırlanmış rəsmi sənədlərdir.

1918-ci il noyabrın 22-də FİK-in sədri Ələkbər bəy Xasməmmədov respublikanın ədliyyə naziri F.X.Xoyskiyə "Bakı şəhərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair" məruzə təqdim etmişdi. Ə.Xasməmmədov öz məruzəsində qeyd etmişdi ki, yaxşı silahlanmış və hərbi təlim keçmiş ermənilər şəhərin müsəlmanların sıx yaşadığı məhəllələrində kütləvi qırğınlar törətmişlər:

"Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini öldürür, qılınc və xəncərlə onları kəsib-doğrayır, süngüyə keçirir, evlərə od vurub yandırır, uşaqları oda atıb yandırır, üç-dörd günlük uşaqları havaya tullayıb süngüyə keçirirdilər. Evdə qalan, demək olar, bütün südəmər uşaqları öldürür, onların valideynlərinin dalınca qaçıb küçədə qətlə yetirirdilər. Şəhərin elə bir məhəlləsi yoxdur ki, orada ermənilər müsəlmanları qırmasınlar, çox az sayda adam öz həyatını xilas edə bilmişdirE Ermənilər müsəlmanları öldürməklə yanaşı, onların əmlakını məhv edir, ən dəyərlilərini özləri ilə aparırdılar. Müsəlmanları öldürüb izi itirmək üçün basdırırdılar. Təkcə bir yerdə torpağın altından qulağı, burnu kəsilmiş, qarınları cırılmış 57 müsəlman meyiti tapılmışdıE" (Azərbaycan Respublikasının SPİH Dövlət Arxivi, fond 277, siyahı 2, iş 16, vərəq 16).

Komissiya üzvləri öz hesabatlarında şahidlərin və zərərçəkmişlərin ifadələri əsasında müəyyənləşdirmişdilər ki, Bakının müsəlman əhalisinə qarşı törədilmiş cinayətlərin başlıca qızışdırıcısı və iştirakçısı qismində S.Lalayevin istisnasız olaraq ermənilərdən ibarət dəstəsi çıxış etmişdir.

Bakıda baş vermiş faciəli hadisələrin istintaqını bilavasitə aparmış komissiya üzvlərindən biri A.Y.Kluqe öz protokollarında göstərirdi ki, "Bakı hadisələri zamanı 11.000-dək müsəlman qətlə yetirilmişdir" (Azərbaycan Respublikasının SPİH Dövlət Arxivi, fond 277, siyahı 2, iş 27, vərəq 18).

Bakıda törədilmiş vəhşiliklərdən sonra heç bir müqavimətə rast gəlməyən və bu uğurlarından ruhlanan ermənilər öz çirkin niyyətlərini və vəhşi planlarını Azərbaycanın qəzalarında daha arxayınlıq və həyasızlıqla həyata keçirməyə başlamışdılar. Erməni millətçilərinin qanlı cinayətləri sırasında Şamaxı hadisələri xüsusi yer tutur. S.Şaumyanın əmri ilə guya sovet hakimiyyətinin rəsmiləşdirilməsi üçün oraya göndərilmiş və əksəriyyəti ermənilərdən ibarət olan silahlı quldur dəstələri Şamaxını bütünlüklə talan və darmadağın etmişdilər.

Bu hadisələri təhqiq etmiş Gəncə dairə məhkəməsinin, həmçinin Fövqəladə İstintaq Komissiyasının üzvü A.F.Novatski öz hesabatlarında təəccüblə yazırdı: "...Ermənilər 1918-ci ilin 18 (31) martında səhər erkən Şamaxı şəhərinə hücum çəkmişlər. Şamaxı cənubdan ermənilər, şimal-şərq tərəfdən malakanlar tərəfindən mühasirəyə alınmışdır. Bu dəstələr Şamaxının müsəlmanlar yaşayan aşağı hissəsini bombardman etmişlər. Bu zaman şəhərin yuxarı hissəsində yaşayan ermənilər odlu silahlardan müsəlmanları atəşə tutmuşlar. Şəhərə girməyə nail olmuş erməni və malakanlar müsəlmanları məhv etməyə başlamışlar. Onlar irəlilədikcə evləri yandırmış, qarət etmiş, dinc əhalini qırmışlar" (Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1s, iş 99, vərəq 6).

A.Novatskinin məlumatına əsasən, yanğın şəhərin bütün müsəlman hissəsinə yayılmış və ertəsi gün bunun yerində yalnız xarabazarlıq qalmışdır. Kişi, qadın, uşaq olmasına baxmayaraq, sakinlər küçələrdə gülləbaran edilmiş, onlara olmazın əzab-əziyyətlər və işgəncələr verilmişdir: "Küçələr zorlanmış, döşləri kəsilmiş, qarınları yarılmış, təhqirlərə məruz qalmış qadın cəsədləri ilə dolu idi, hətta nizələrlə torpağa saplanmış uşaq meyitlərinə də rast gəlmək olurdu" (Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1s, iş 106, vərəq 6).

FİK üzvünün hesabatında belə bir fikir əsas götürülür ki, ermənilər insanları yalnız onların müsəlman olduqlarına görə qırmışlar. Onlar müsəlmanların dini hisslərinə toxunmuş, məscidləri, müqəddəs yerləri təhqir etmişlər. "Küçələr, həyətlər, məscidlər insan cəsədləri ilə dolu idi. Bütün əmlak qarət edilərək erməni və malakan kəndlərinə aparılmışdı. Bütün məscidlər, o cümlədən 13 məhəllə məscidi və "Cümə məscidi", buradakı müqəddəs ziyarətgahlar yandırılmışdı" (Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1s, iş 108, vərəq 6).

Ermənilər tərəfindən törədilmiş, kütləvi və məqsədyönlü xarakter daşıyan çirkin əməllərə Şamaxı qəzasının bütün kəndlərində də yol verilmişdi. A.Novatskinin əldə etdiyi məlumatlara əsasən, Navahı kəndində "ermənilər kəndə soxularaq əhalini vəhşicəsinə döymüş, qaçanları güllələmiş, əllərinə keçənləri süngüdən keçirmiş, xəncərlə doğramış, uşaqları valideynlərinin gözləri qarşısında süngülərə taxmış, qadınları zorlamış, döşlərini kəsmiş və nəticədə 555 kişini, 260 qadını, 140 uşağı məhv etmişlər" (Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1s, iş 110, vərəq 14).

Tarixi mənbələrdən gətirilmiş misallardan da göründüyü kimi, Şamaxıda və qəzanın müsəlman kəndlərində müsəlmanlara kütləvi şəkildə divan tutulması, S.Şaumyanın həyasızcasına bildirdiyi kimi sovet hakimiyyətinin qurulması məqsədi deyil, millətçilik və dini qisasçılıq məqsədi daşıyırdı.

Şamaxı hadisələrinə dair ədliyyə nazirinin adına hazırladığı məruzəsində komissiyanın sədri Ə.Xasməmmədov yazırdı: "Stepan Lalayevin Samson Əmirov və Saatsazbekovla birlikdə erməni əsgərlərindən təşkil olunmuş böyük bir silahlı dəstənin başında Şamaxıya gəlişindən az sonra şəhərin bütün müsəlman hissəsi məhv edildi. Lalayevin əmri ilə əsgərlər gənc müsəlman qızlarını tutur, onları Şamaxıdakı evlərinə aparır, soyundurur, güclə içirir, zurnada çalınan musiqi altında rəqs etməyə məcbur edir, zorlayır, sonra isə bəzilərini yerindəcə öldürür, bəzilərini isə hündür eyvanlardan küçəyə atırdılar" (Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1s, iş 99, vərəq 6).

Müsəlman əhalisinə Şamaxıda ermənilər tərəfindən divan tutulması 1918-ci ilin sentyabrına qədər davam etmişdi. Yalnız türk qoşun hissələrinin köməyə gəlməsi erməniləri insanlığa zidd olan bu vəhşi əməllərdən əl çəkməyə məcbur etmişdi.
O günlərdə "Azərbaycan" qəzeti yazırdı: "S.Lalayevin Şamaxı müsəlmanlarına tutduğu divan bizim bu müharibə dövründə üzləşdiyimiz bütün dəhşətləri geridə qoyur" ("Azərbaycan" qəzeti, 21 (8) oktyabr, 1918, ¹ 19, vərəq 2).

Ermənilərin vəhşilikləri o qədər dəhşətli idi ki, bunları xalqdan gizli saxlamaq mümkün deyildi. Şamaxı dəhşətləri bütün ölkədə əks-səda vermişdi. Bolşeviklər də öz mətbu orqanlarında Şamaxı faciəsinə dair hesabat dərc etməyə məcbur olmuşdular, lakin burada Lalayevin törətdiyi vəhşiliyə yalnız bir ifadə ilə toxunulurdu: "... və dinc əhaliyə münasibətdə ədalətsizliyə yol verilmişdir" (Azərbaycan SSR EA-nın xəbərləri, ¹ 2, 1989, səh. 123).

İctimai rəyi sakitləşdirmək məqsədilə bolşeviklər Kojemyakonun başçılığı altında Fövqəladə Hərbi-İstintaq Komissiyası yaratmışdılar. Komissiyanın fəaliyyəti nəticəsində S.Lalayevə qarşı dinc əhalinin məhv edilməsi və şəhərin yandırılması ittihamı irəli sürülmüşdü. Bu cinayətkarı həbs etmək lazım gəlirdi. Kojemyako S.Lalayevi komissiyaya dəvət edib onun həbs edildiyini bildirəndə Lalayev ona əhəmiyyət vermədən Şaumyana zəng vurmuşdu. Şaumyan isə Kojemyakonu aparata çağıraraq bunları bildirmişdi: "Bu nə şıltaqlıqdır?! Lalayevi həbs etmək düzgün deyil".

Beləliklə, "demokratiyanın ideya rəhbəri" bütün bu qətl və soyqırımının əsas günahkarı olan cinayətkarı himayə etmiş, Lalayev isə heç nə olmayıbmış kimi "Daşnaksütyun" bürosu tərəfindən ona ayrılmış cangüdənlərinin əhatəsində Velikoknyajevsk küçəsi ilə sərbəst gəzməyə başlamışdı. 3-4 gündən sonra isə qəzetlərdə Fövqəladə Hərbi-İstintaq Komissiyasının buraxılması haqqında xəbər dərc olunmuşdu (Azərbaycan tarixi sənədlər və mətbuat materiallarında. Bakı, 1990, səh. 278-279).

Başda S.Şaumyan olmaqla qaniçən niyyətlərindən əl çəkməyən ermənilər sovet hakimiyyətinin qurulması bayrağı altında öz səlib yürüşlərini Quba qəzasında davam etdirmişdilər. 1918-ci il mayın 1-də daşnak Amazaspın rəhbərlik etdiyi ermənilərdən təşkil olunmuş quldur dəstəsi Quba şəhərini mühasirəyə alaraq toplardan, pulemyotlardan və başqa silahlardan atəşə tutmuşdular. Az sonra şəhərə daxil olan ermənilər qarşılarına keçən hər kəsi, kişiyə-qadına, qocaya-uşağa baxmadan amansızcasına qırmış, evlərə soxularaq yerlə yeksan etmiş, bütöv ailələri - hətta südəmər uşaqları belə güllədən keçirmişdilər.

Bolşeviklərin nümayəndəsi, Quba qəzasının komissarı David Qelovani sonradan verdiyi ifadəsində bildirmişdi ki, "Amazaspın dəstəsi Quba şəhərinə cəza məqsədilə, yalnız komissar Şaumyanın arzusu ilə - o biri komissarların xəbəri olmadan göndərilmişdi. Bu dəstəyə əsgərlərin seçilməsi o vaxtkı hərbi komissar Korqanov tərəfindən həyata keçirilmişdi. Dəstə "Daşnaksütyun" partiyasına mənsub olan təqribən 2 min nəfər ermənidən ibarət idi, dəstəyə rəhbərlik məşhur daşnak Amazaspa, komissarlıq isə Venunu adlı bir erməniyə tapşırılmışdı, buna "cəza dəstəsi" adı verilmişdi və onun qarşısında heç bir siyasi məqsəd qoyulmamışdı" (Azərbaycan SSR EA-nın xəbərləri, 1989, ¹ 4, səh. 134-135).

Quba sakinləri qarşısında çıxışlarından birində Amazasp demişdi: "Mən erməni xalqının qəhrəmanıyam və onun maraqlarını qoruyuram. Mən bura iki həftə əvvəl öldürülmüş ermənilərin qanını almaq üçün cəza dəstəsi ilə göndərilmişəm. Mən qayda-qanun yaratmaq, sovet hakimiyyətini qurmaqdan ötrü gəlməmişəm, gəlmişəm ki, sizdən öldürülmüş ermənilərin qisasını alım. Mənə əmr edilib ki, Xəzər dənizindən Şahdağa qədər bütün müsəlmanları qırım, evlərinizi yerlə yeksan edim" (Balayev A. 1917-1918-ci illər Azərbaycan milli hərəkatı. Bakı, 1998, səh. 174-175). Amazaspın Qubada keçirdiyi cəza aksiyası nəticəsində 2000 dinc azərbaycanlı qətlə yetirilmiş, 122 müsəlman kəndi yandırılmışdı.

Komissiyanın üzvləri N.Mixaylovun və V.Klossovskinin sənədlərində ermənilərin Naxçıvan və Ərəş qəzalarının müsəlman əhalisinə qarşı ağlasığmaz (vəhşi) cinayətlərinə dair məlumat vardır. Ağdamdan Qutqaşenə (Qəbələ) gedən yolun üstündə yerləşən Axtala ərazisində ermənilər tərəfindən diri-diri dərisi soyulmuş bir neçə müsəlman meyiti tapılmışdı. Bağır dərəsində bədənləri süngü ilə tamamilə deşik-deşik edilmiş 5 müsəlman tapılmışdı. Çomaxlı stansiyasının yaxınlığındakı yolun üstündə ermənilər tərəfindən gözləri çıxarılmış 21 arabaçı qətlə yetirilmişdi (Azərbaycan Respublikasının SPİH Dövlət Arxivi, f.277, s.2, i.16, v.6).

Sənədlərdə qeyd olunur ki, ermənilər Naxçıvan və Ərəş mahallarının müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirərək onların bütün evlərini, tikililərini və təsərrüfatlarını dağıdaraq qarət etmişlər.

1918-ci ilin iyul ayında erməni başkəsənləri Göyçay qəzasının Kürdəmir kəndinə basqın etmişlər. "Bolşeviklər kəndə daxil olmağa başladılar. Ermənilər qabaqda gedirdilər və kəndə birinci soxuldular. Onlar müsəlmanları, kişiləri, qadınları və uşaqları rəhmsizcəsinə qırmağa başladılar" (Azərbaycan Respublikasının SPİH Dövlət Arxivi, f.277, s.2, i.16, v.1).

Ermənilərin ağlasığmaz vəhşilikləri hətta bolşevik rus əsgərlərini dəhşətə saldığından onları ermənilərə qarşı çıxış etməyə məcbur etmişdi. "Rus bolşevikləri ermənilərin ən millətçi məqsədlərini güdmələrinin əyani şahidi oldular. Bu zorakılıqlara qarşı etiraz etməyə başladılar. Buna görə onlarla ermənilər arasında silahlı toqquşma da oldu. Nəhayət, onlar erməniləri burada qoyub bir çox müsəlmanları özləri ilə Bakıya apararaq xilas etdilər" (Azərbaycan Respublikasının SPİH Dövlət Arxivi, f.277, s.2, i.16, v.2).

Gəncə quberniyasının Zəngəzur mahalında ermənilərin müsəlmanlara qarşı özbaşınalığının həddi-hüdudu yox idi. Bu da əsasən erməni-daşnak generalı Andranikin rəhbərlik etdiyi çoxsaylı hərbi hissələrin orada yerləşməsi ilə bağlı idi. Bu ərazidə 115 müsəlman kəndi dağıdılmışdı. "Erməni dəstələrinin əsgərlərinə paylanmış Bahud kəndinin 15 qızı fiziki və mənəvi iztirablara, namuslarının tapdalanmasına tab gətirməyib intihar etmiş, elə həmin kəndin 400 müsəlmanı həyatlarını xilas etmək üçün məsciddə sığınacaq tapdıqda binanın bütün çıxışları ermənilər tərəfindən qapadılaraq məscid yandırılmış, bir doğranmış müsəlman qadınının döşünü kəsib onun ölmüş körpəsinin ağzına salmışdılar". Ahud kəndində bir müsəlman kişinin qol-qıçını diri ikən baltaladıqdan sonra tüfənglərin süngüləri ilə və qamçılarla onu ölənə qədər getməyə məcbur etmişlər (Azərbaycan Respublikasının Dövlət Arxivi, f.970, s.1, i.161, v.8).

"Beləliklə, ancaq Zəngəzur mahalında 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, müvafiq olaraq 1061 kişi, 797 qadın və 485 uşaq isə yaralanmışdı. Öldürülmüş və şikəst olmuş müsəlmanların ümumi sayı 10.068 nəfərə çatmışdı" (Azərbaycan Respublikasının Dövlət Arxivi, f.970, s.1, i.161, v.17).

Müsəlman əhaliyə qarşı soyqırımı Naxçıvanda, Lənkəranda və Azərbaycanın digər ərazilərində davam etdirilmişdi.
Qeyd olunan faktlar tam aydınlığı ilə göstərir ki, bu hadisələr sinfi deyil, millətçi mübarizənin təzahürü idi. Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti də hərəkatını sinfi deyil, milli zəmində quraraq öz mübarizəsində əsas zərbəsini dinc azərbaycanlı əhaliyə qarşı yönəltmişdi.

Rauf Rzayev, tarix elmləri namizədi


Azərbaycan”, 31 mart - 1 aprel 2009-cu il.



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009