ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Sülh prosesi > 2009 > Münxen gorüşü

Qarabağ: sülhlə müharibənin bir addımlığında

Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşü ilə bağlı müxtəlif mənbələrdən fərqli xəbərlər yayılır

-24.11.2009-

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin noyabrın 22-də Almaniyanın Münhen şəhərində keçirilən görüşü, gözlənildiyi kimi, geniş beynəlxalq ajiotaj doğurub.

Qeyd edək ki, bu, prezidentlər İlham Əliyev və Serj Sarkisyan arasında son ilyarımda keçirilən sayca 8-ci, 2009-cu ildə isə üst-üstə 6-cı görüş idi. Görüş öncəsi verilən bəyanatlar bu danışıqların Qarabağ sülh prosesində kritik önəm kəsb etdiyini göstərirdi.

Erməni tərəf görüş ərəfəsində bir daha bəyan etmişdi ki, Dağlıq Qarabağın öz müqəddəratını azad təyinetmə hüququ üzərində isranını davam etdirəcək və bundan geri addım atmayacaq. Azərbaycan prezidenti isə noyabrın 20-də Kəlbəcərdən olan məcburi köçkünlərlə görüşdə daha sərt bəyanat verərək Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına heç vəchlə yol verilməyəcəyini, Münhen görüşünün də nəticəsiz bitəcəyi təqdirdə hərb variantının gündəmə gələcəyini demişdi.

Başqa sözlə, hər iki tərəfdən səslənən sərt bəyanatlar Münhen görüşünün ya irəliyə - sülhə doğru, ya da geriyə - müharibəyə doğru mühüm dönüş nöqtəsi ola biləcəyini düşünməyə əsas verirdi. Görüş başa çatandan sonra yayılan rəsmi və qeyri xəbərlər isə hələlik birmənalı fikir söyləməyi mümkün etmir. Əksinə, çeşidli mənbələrdən yayılan fərqli məlumatlar həm sülhün yaxın olduğunu, həm də hərbə yol göründüyünü nişan verir.

Prezidentlərin Fransanın Münhendəki baş konsulluğunda keçirilən görüşü 4 saat davam edib. Prezidentlər İlham Əliyev və Serj Sarkisyan əvvəlcə iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratke (ABŞ), Bernar Fasie (Fransa), Yuri Merzlyakov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə danışıqlara başlayıblar. Sonra təxminən 2 saat prezidentlərin təkbətək görüşü olub. Sonda görüş yenə nazirlərin və vasitəçilərin iştirakı ilə davam edib.

Görüşdən sonra jurnalistlərə açıqlama verən fransalı həmsədr Bernar Fasye bildirib ki, tərəflər arasında dərin müzakirələr aparılıb. Danışıqların məxfi olduğunu əsas gətirən diplomat bu üzdən onların təfərrüatları ilə bağlı açıqlama verə bilməyəcəyini vurğulayıb.

Prezidentlərin həm yeni, həm də razılaşdırılmamış məsələləri müzakirə etdiklərini deyən fransalı diplomatın sözlərinə görə, «tərəflər münaqişənin nizamlanmasına dair vacib tərəqqiyə nail olublar». Diplomat, bununla belə, danışıqlarda «danışıqlarda bəzi çətinliklərin üzə çıxdığını» da söyləyib. Vasitəçilərin prezidentlərin yeni görüşünü hazırlayacaqlarını qeyd edən Fasye növbəti görüşün yeri və vaxtının hələlik təyin olunmadığını deyib.

Noyabrın 22-si axşam isə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşü ilə bağlı birgə bəyanatı yayılıb.

«Azərbaycan və Ermənistan prezidentləri bu il sayca 6-cı görüşdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklifləri sırasında daha mühüm əhəmiyyət kəsb edən və hələ də razılığa gəlinməyən məsələləri təfsilatı ilə və dərindən müzakirə ediblər. Dörd saat davam edən danışıqlar konstruktiv olub. Eyni zamanda bəzi məsələlər hələ də açıq qalır», - deyə vasitəçilərin birgə bəyanatında deyilir.

Vasitəçilər danışıqların konstruktiv keçdiyini vurğulamaqla yanaşı, münaqişənin sülh yolu ilə nizamlanmasına hər hansı alternativin olmadığını bir daha qeyd ediblər.

Bəyanatda qeyd olunur ki, prezidentlər öz ölkələrinin xarici işlər nazirlərinə bəzi məsələlər üzərində işi davam etdirməyi tapşırıblar. Həmsədrlər növbəti addım kimi ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 1-2-də Afinada keçiriləcək illik toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edəcəklər.

«Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı nə qədər iradə nümayiş etdirildiyi məndə böyük təəssürat doğurdu», - bu fikri isə Münhen görüşündən sonra amerikalı həmsədr Robert Bradtke bəyan edib. Amerikalı vasitəçi nəzərə çatdırıb ki, prezidentlər bir-biri ilə ziddiyyət təşkil edən kifayət qədər mürəkkəb məsələləri müzakirə edirlər: «Bu prosesdə yeni adam kimi mən çox təsirləndim».

Avropa Birliyinin televiziya kanalı «Euronews» isə dünən daha nikbin xəbər yayıb. Televiziyanın adını çəkmədiyi diplomatik mənbələrə istinadən yaydığı xəbərdə vurğulanır ki, Azərbaycan və Ermənistan prezidentləri Münhen görüşündə nizamlamaya dair çərçivə sazişinin imzalanması ilə bağlı ilkin razılığa gəliblər. Lakin tam razılaşmanın əldə olunmadığı vuğlulanır. Məlumata görə, hər iki prezident çərçivə sənədi ilə bağlı olaraq əhəmiyyətli irəliləyiş əldə etsələr də, qəti nəticəyə gəlməyiblər.

Bununla yanaşı, xəbərə görə, prezidentlər Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarından çəkilməsi mövzusunda böyük miqyasda razılığa gəliblər. Razılığa əsasən, Dağlıq Qarabağ ətrafınqdakı 7 rayondan 5-i boşaldılacaq. Dağlıq Qarabağ və bölgəni Ermənistana bağlayan strateji dəhliz olan Laçın rayonunun işğalı isə davam edəcək. Dağlıq Qarabağın son statusunu isə referendum həll edəcək.

Bəzi məlumatlara görə, indi danışıqlar bu məsələlər ətrafında gedir: Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması; Dağlıq Qarabağın təhlükəsizlik və özünüidarəsini təmin edən müvəqqəti statusun müəyyənləşdirilməsi; Ermənistanı Dağlıq Qarabağla birləşdirəcək dəhlizin ayrılması; öz müqəddaratını təyinetmə hüququnun qanuni təminatı yoluyla Dağlıq Qarabağın yekun hüquqi statusu; məcburi köçkünlərin öz yurdlarına qaytarılması haqqının təminatı; bölgədə sülhyaratma qüvvələrinin yerləşdirilməsi.

Bu arada Türkiyənin “haberler.com” portalı da Rusiya XİN-dəki anonim mənbələrə istinadən prezidentlərin görüşündə Kəlbəcərin əsas müzakirə mövzularından biri olduğunu və Ermənistanın guya bu ilin sonuna qədər Kəlbəcərdən çəkilə biləcəyi barədə xəbər yayıb. Lakin ermənilərin Kəlbəcəri nəyin qarşılığında tərk edəcəyi bildirilmir. Məlumdur ki, erməni tərəf daha öncə Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququnun (referendumun) müqabilində əvvəlcə beş rayon (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı), sonra isə Kəlbəcəri boşaldacağını bəyan etmişdi.

“haberler.com” portalının xəbərinə görə, ermənilərin Kəlbəcərdən çəkilməsində məqsəd həm Azərbaycanın statusla bağlı mövqeyini yumşaltmaq, həm də Türkiyə ilə imzalanmış protokolların Türkiyə parlamentində ratifikasiyasına zəmin yaratmaqdır. Portal Rusiya XİN-dəki mənbəyə istinadən yazıb: “Türkiyə Ermənistanla sərhədi 1993-cü ilə erməni qüvvələrinin Kəlbəcəri işğal etməsindən dərhal sonra bağlayıb. Bu gün sərhədi yenidən açmaq üçün ən önəmli şərt də Kəlbəcərin qaytarılmasıdır”.

«Dağlıq Qarabağ günümüzün Şlezviq-Holşteyn məsələsidir» - bu fikir isə noyabrın 23-də ingilis «Daily Telegraph" qəzetində dərc olunan “Qafqazda təhlükə” sərlövhəli məqalədə vurğulanır.

Britaniya qəzeti Dağlğıq Qarabağı vaxtilə Avropada Almaniya ilə Danimarka arasında uzun müharibələrə səbəb olmuş Şlezviq-Holşteyn bölgəsi ilə müqayisə edir: “Lord Palmerston XIX əsrdə deyib ki, bütün Avropada Şlezviq-Qolşteyn məsələsini üç nəfər başa düşürdü: onlardan biri ölüb, ikincisi dəlixanadadır, üçüncü adamın kim olduğunu isə o, özü də unudub”.

«Daily Telegraph" qəzetinin yazdığına görə, “Dağlıq Qarabağ bu günün Şlezviq-Holşteyn məsələsidir. Dağlıq Qarabağ münaqişəsini də Avropada çox az adam başa düşür və xatırlayır, amma bu o demək deyil ki, onun barəsində diplomatlar unudub”.

Qeyd edək ki, hazırda Almaniyanın federal vilayəti olan Şlezviq-Holşteyn (ərazisi 15 min kv. km, yəni Dağlıq Qarabağdan üç dəfədən də böyük - V.O.) vaxtilə Danimarka ərazisi (Şlezviq hersoqluğu) olub. Bu ərazi uğrunda Danimarka və alman krallıqları uzun əsrlər müharibə aparıblar, bölgə gah bir, gah da digər tərəfin nəzarətində olub.

Nəhayət, 1866-cı ildə Prussiya (kansler Otto Bismarkın zamanında) bölgəni birdəfəlik ələ keçirib. Daha doğrusu, Danimarkanın böyük hersoqu Petr Oldenrburq böyük pul miqdarında (1 milyon taler) bu ərazini almanlara güzəştə gedib. 1920-ci ildə Almaniyanın Birinci Dünya müharibəsində uduzmasının nəticəsi olaraq Şlezviqin şimal hissəsi referendum nəticəsində Almaniyadan ayrılaraq Danimarkaya birləşib. Lakin bölgənin əsas hissəsi Almaniya tərkibində qalıb və 1949-cu ildə AFR-in federal vilayəti olub.

«Dailiy Telegraph» Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündən bəhs edərək tarixə qayıdır və xatırladır ki, Şlezviq-Hoşteynin status məsələsi üç müharibəyə səbəb olub: «Dağlıq Qarabağın gələcəyi isə nəinki region üçün vacibdir, həm də, məsələn, Türkiyə, onun Qafqazdakı rolu və Avropa Birliyinə daxil olması üçün ümiddir”.
“Qarabağın gələcəyi Qərbə neft və qaz daşınması və Ermənistanın iqtisadiyyatı üçün də əhəmiyyətlidir. Bu məsələyə həll yolu tapmaq çox çətindir. Amma bu məsələdə ortaya qoyulan pul da çox-çox böyükdür”, - deyə «Daily Telegraph» qəzeti yazır.

Vüqar Orxan, “525-ci qəzet”, 24.11.2009.

 * * *

Mövzuya dair:

Prezidentlərin Münhen görüşündə irəliləyiş əldə edilib

Azərbaycan XİN: “Prezidentlər həll olunmamış məsələlər ətrafında daha dərin müzakirələr aparıblar”



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009