ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Elektron xronoqraf > 1994-cü il

Qarabağ tarixinin salnaməsi

(1994-cü il)

Ermənistan-Azərbaycan müharibəsində atəşkəs.
 Sülhyaratma sürəcinin başlanması.

6 yanvar 1994 - Qarabağda Ermənistan işğalçı qoşunları ilə müharibədə əks-hücuma keçən Azərbaycan Milli Ordusunun birləşmələri 1993-cü ilin ağır məğlubiyyətlərindən sonra ilk hərbi uğurunu qazanıb.

Azərbaycan Silahlı Qüvvələrinin hissələri Füzuli rayonunun Aşağı Yağlıvənd, Kərimbəyli və Şükürbəyli kəndlərini erməni işğalından azad edib, bölgədə strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsi nəzarət altına alınıb.

* * *

17 yanvar 1994 - Azərbaycan Milli Ordusunun birləşmələri Qarabağ cəbhəsinin Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin yenidən hücuma keçmək cəhdinin qarşısını alıblar.

Bundan öncə Azərbaycan Silahli Qüvvələrinin hissələri Füzuli rayonunun bir sıra Arazboyu yaşayış məntəqələrini işğaldan azad etmişdilər. Ermənilər bu əraziləri yenidən ələ keçirmək üçün aramsız hücumlara keçsələr də, böyük itkilər verərək geri çəkilməli oldular.

Əlavə bax:

http://www.milaz.info/news.php?id=3888

http://library.aliyev-heritage.org/print.php?lang=az&page=1573511

* * *

1 fevral 1994 - Bakı dəmir yolu vağzalında Kislovodsk-Bakı sərnişin qatarında partlayış baş verib.

Erməni terrorunun izi olan növbəti partlayış nəticəsində 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdı.

* * *

24 fevral 1994 - Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul edib.

Qərarda hər il fevralın 26-nın Xocalı soyqırımı günü kimi qeyd edilməsi, bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi nəzərdə tutulmuşdu.

* * *

6-8 mart 1994 - Prezident Heydər Əliyev Çin Xalq Respublikasına rəsmi səfərə gedib. Səfər gedişində ikitərəfli sazişlər imzalandı, Çin rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi.

* * *

18 mart 1994 - Erməni silahlı dəstələri Xankəndi səmasında İranın "Herkules" təyyarəsini raketlə vurublar. Təyyarədə olan 34 iranlı diplomat və ailə üzvləri həlak olublar.

* * *

19 mart 1994 - Erməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakı metropoliteninin "20 Yanvar" stansiyasında terror aktı törədilib.

Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb.

Terror aktının Ermənistan xüsusi xidmət orqanlarında təlimlər keçmiş separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyi müəyyən edilib, qrupun üzvləri cinayət məsuliyyətinə cəlb edilib.

* * *

25 mart 1994 - Ermənistan silahlı qüvvələri Qazax rayonunun Bağanıs Ayrım kəndinə basqın edərək bir neçə kənd sakinini qətlə yetirib, kəndə isə od vuraraq yandırıblar.

* * *

1 aprel 1994 - Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının nümayəndə heyəti Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsə nail olmaq təşəbbüsü ilə Bakıya gəlib.

Qırğızıstan parlamentinin spikeri M.Şerimkulovun başçılıq etdiyi heyətin Azərbaycan və Ermənistanda apardığı müzakirələrin nəticəsində tərəflərin uzunmüddətli atəşkəs rejimi barədə ilkin razılığı əldə olundu.

* * *

9 aprel 1994 - Ermənistan silahlı qüvvələri Goranboy, Ağdam və Ağdərə istiqamətində növbəti hücuma başlayıblar.

Qanlı döyüşlərdə Azərbaycan Ordusu çoxlu itkilər versə də, düşmənin hücumunun qarşısı alınıb. Cəbhə bölgəsinə gedən prezident Heydər Əliyev hərbi əməliyyatlara bilavasitə rəhbərlik edib.

* * *

13 aprel 1994 - Erməni terrorizmi Azərbaycana qarşı daha bir qanlı aksiya həyata keçirib.

Moskva-Bakı sərnişin qatarının Dağıstan ərazisində partladılması nəticəsində 6 nəfər həlak olub.

* * *

17 aprel 1994 - Cəbhədə yaranmış kritik vəziyyətlə bağlı prezident Heydər Əliyevin sədrliyi ilə fövqəladə ümumrespublika müşavirəsi keçirilib.

Prezident MDB-nin Moskva sammitində (14-15 aprel) Ermənistan rəhbəri L.Ter-Petrosyanla görüş barədə məlumat verib, atəşkəsin əldə olunması üçün danışıqların davam etdiyini bildirib.

* * *

4 may 1994 - Bişkekdə MDB Parlamentlərarası Assambleyasının iclası çərçivəsində Qarabağ münaqişəsində atəşkəslə bağlı danışıqlar başlanıb.

Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda Azərbaycanı vitse-spiker Afiyəddin Cəlilov, Ermənistanı parlamentin sədri Babken Ararksyan təmsil edirdi.

Rusiya tərəfindən (Minsk qrupunda nümayəndə Vladimir Kazimirov) hazırlanmış atəşkəs sənədində Dağlıq Qarabağın erməni icmasının ayrıca tərəf kimi yer almasına etiraz edən Azərbaycan tərəfi onu imzalamaqdan imtina edib.

* * *

8 may 1994 - Rusiyanın ATƏT-in Minsk qrupundakı təmsilçisi V.Kazimirovun Bakıya gətirdiyi "Bişkek protokolu" Azərbaycan tərəfindən imzalanıb.

Sənədə Ali Sovetin sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşa rayonu İcra Hakimiyyətinin başçısı Nizami Bəhmənov, erməni tərəfdən Ermənistan parlamentinin sədri Babken Ararksyan və "DQR parlamentinin sədri" Karen Baburyan imza atmışdı.

* * *

12 may 1994 - Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş - "Bişkek protokolu" qüvvəyə minib.

Sənədə Ermənistan və Azərbaycanın parlament sədrləri, həmçinin Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının rəhbərləri imza atmışdılar.

Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atmışdı.

Protokolun 5-ci abzasında "tutulmuş ərazilər" sözü "işğal olunmuş ərazilər"lə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə "beynəlxalq müşahidəçilər missiyası" olması qeyd olunmuşdu.

Sənədə əsasən, tərəflər tezliklə beynəlxalq vasitəçilik sayəsində "Böyük sülh sazişi" imzalamalı idilər.

* * *

18 may 1994 - Milli Məclis Ermənistanla əldə olunmuş atəşkəs sazişi (12 may 1994) ilə bağlı cəmiyyətdə səslənən müxtəlif fikirləri nəzərə alaraq Azərbaycan xalqına müraciət edib.

Müraciətdə "Bişkek protokolu"nun məğlubiyyət aktı olması barədə iddiaların əsassız olduğu, Azərbaycan rəhbərliyinin Qarabağ məsələsində hər hansı təslimçi addım atmayacağı vurğulanırdı.

* * *

11 iyun 1994 - Rusiyanın müdafiə naziri Pavel Qraçov Dağlıq Qarabağda və Ermənistan-Azərbaycan cəbhə xətti boyunca rus sülhməramlı qoşunlarının yerləşdirilməsi imkanlarını müzakirə etmək üçün Bakıya səfərə gəlib.

Azərbaycan rəhbərliyi Rusiya tərəfin bu təklifini rədd etdi.

* * *

29 iyun 1994 - Prezident Heydər Əliyev İran İslam Respublikasına ilk rəsmi səfərə gedib. Səfər Bakı-Tehran münasibətlərində 1992-1993-cü illərdə yaranmış soyuqluğun aradan qaldırılması üçün əhəmiyyətli hadisə olub. İki ölkə arasında əməkdaşlıq sazişləri imzalanıb.

İran prezidenti Əli Əkbər Haşimi Rəfsəncani Azərbaycan prezidenti ilə imzaladığı birgə bəyanatda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyib.

* * *

3 iyul 1994 - Erməni terrorizmi Azərbaycana qarşı növbəti cinayətini həyata keçirib.

Bakı metrosunun "28 May" və "Gənclik" stansiyaları arasında qatarda törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.

Terror aktı Azərbaycan vətəndaşı, Qarabağ müharibəsində əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş Azər Aslanov tərəfindən törədilib. O, aksiyanı Ermənistan xüsusi xidmət orqanlarının təlimatı ilə həyata keçirdiyini etiraf edib.

* * *

9 iyul 1994 - Prezident Heydər Əliyev Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib. Səfər gedişində Azərbaycan prezidenti kral Fəhd ibn Əziz əl-Səudla, Səudiyyədə fəaliyyət göstərən yerli və beynəlxalq biznes dairələri ilə görüşlər keçirib, ikitərəfli sənədlər imzalanıb.

Səudiyyə rəhbərliyi Ermənistanın Azərbaycana qarşı işğalını pisləyən birgə bəyanata imza atıb.

* * *

2 sentyabr 1994 - ABŞ-ın BMT-dəki daimi nümayəndəsi səfir Madlen Olbrayt prezident Bill Klintonun şəxsi təmsilçisi sifətilə Bakıya gəlib.

Xanım Olbraytın prezident Heydər Əliyevlə görüşündə Azərbaycanın xarici neft şirkətləri ilə imzalayacağı kontrakt ("Əsrin müqaviləsi", 20 sentyabr 1994), Qarabağ münaqişəsinin nizamlanması müzakirə olunub.

* * *

27 sentyabr 1994 - BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan prezident Heydər Əliyev ABŞ prezidenti Bill Klintonla görüşüb. Klinton "Əsrin müqaviləsi"nin imzalanması münasibətilə Azərbaycan prezidentini təbrik edib.

Azərbaycan rəhbəri ilk dəfə olaraq ABŞ rəhbərinə Qarabağ problemi barədə müfəssəl məlumat verib.

Həmin gün Nyu-Yorkda ABŞ-ın BMT-dəki nümayəndəliyinin başçısı Madlen Olbraytın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş olub.

* * *

29 sentyabr 1994 - Azərbaycan prezidenti Heydər Əliyev ilk dəfə BMT Baş Assambleyasında çıxış edib.

Prezident Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi barədə dünya birliyinə məlumat verərək BMT-ni bu işğalçılığı dayandırmağa çağırıb.

* * *

29 oktyabr 1994 - BMT-nin baş katibi Butros Butros Qali Azərbaycan Prezidenti Heydər Əliyevin dəvətilə Bakıya səfərə gəlib.

Səfər gedişində BMT baş katibi Azərbaycan prezidenti ilə danışıqlar aparmış, Milli Məclisdə çıxış etmiş, məcburi köçkünlərlə görüşmüşdü.

* * *

10 noyabr 1994 - Avropa Şurası Parlament Assambleyası Azərbaycan Ermənistan cəbhəsində atəşkəsin davam etməsi ilə bağlı məmnunluq ifadə edən 1047 saylı qətnamə qəbul etmişdir.

* * *

5 dekabr 1994 - Budapeştdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) iştirakçısı olan ölkələrin dövlət başçılarının sammiti işə başlayıb.

Sammitdə (5-6 dekabr) Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində ATƏT-in fəaliyyətinin gücləndirilməsi barədə qərar qəbul olunub.

Sənəddə münaqişənin iki mərhələdə həlli əksini tapmışdı:

birinci mərhələ - işğal olunmuş ərazilərin boşaldılması və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının təmin olunması;

ikinci mərhələ - münaqişənin tam və hərtərəfli həlli üçün Minsk konfransının çağırılması.

Sammitdə həmçinin siyasi razılığın həyata keçirilməsindən sonra münaqişə bölgəsinə beynəlxalq sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edilib. Qərara əsasən, sülhməramlı kontingentdə bir ölkə 30 faizdən artıq təmsilçiliyə malik ola bilməzdi.

Sammitdə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Levon Ter-Petrosyan arasında növbəti görüş keçirilib.

Budapeşt sammitinin yekunu olaraq ATƏM-in ATƏT adlandırılması barədə qərar qəbul olunub.

* * *

15 dekabr 1994 - Prezident Heydər Əliyev İslam Konfransı Təşkilatının Kasablankada (Mərakeş) keçirilən zirvə toplantısında çıxış edərək müsəlman ölkələrini Ermənistanın Azərbaycana hərbi təcavüzünə qarşı daha təsirli mövqe tutmağa çağırıb.

Sammitin yekun sənədləri sırasında Ermənistanın Azərbaycana təcavüzünü pisləyən qətnamə qəbul edilib.

* * *

20 dekabr 1994 - ATƏT-in Budapeşt sammitinin (5-6 dekabr 1994) nəticələrinə əsasən, Vyanada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə təşkilatın Yüksək Səviyyəli Planlaşdırma Qrupu təsis olunub.

ATƏT-ə üzv ölkələrin təyin etdiyi hərbi nümayəndələrdən ibarət olan bu təsisat Ermənistan-Azərbaycan münaqişəsi regionunda atəşkəsə riayət olunmasına nəzarət edir.

 

 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009