ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ ədəbiyyatı: xronoqraf > Şifahi xalq ədəbiyyatı

Qarabağda şifahi xalq ədəbiyyatı

(tarix və xüsusiyyətlər)

 

Azərbaycan xalqının şifahi poetik yaradıcılığı kimi mənalandırdığımız folklorun tarixi Azərbaycan ərazisində ilk insan məskənlərinin meydana çıxmasına gedib çatır. Azərbaycan dünyanın ən zəngin folklor sərvətlərindən birinə sahibdir. Azərbaycan ədəbiyyatının qaynağında zəngin və dərin məzmunlu Azərbaycan folkloru durmaqdadır.

Azərbaycan folklorunun özəlliklərindən birini - onun başqa türk xalqlarının folkloru ilə ortaq cəhətlərə malik olması təşkil edir. Bu xalqların şifahi söz sənətində bir çox mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda meydana gəlməsini göstərir. Ortaq türk folkloruna aid olan dastanlar arasında "Oğuznamə"lər xüsusi bir silsilə təşkil edir.

"Köç", "Ergenekon", "Şu", "Qayıdış" kimi dastanlarda isə bütöv şəkildə prototürklərin mühüm problemləri öz bədii-mifoloji əksini tapmışdır. Həmin dastanların çoxu xülasə şəklində XI yüzillikdə yaşayıb-yaratmış türk alimi Kaşğarlı Mahmudun "Divanu lüğət-it-türk" ("Türk dilinin divanı") əsərində öz əksini tapmışdır. Bu dastanlar xalqların böyük hicrəti dövrünün bədii-mifik dünyagörüşünü özündə saxlamaqdadır.

Apaılan tədqiqatlar sübut etmişdir ki, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafında, təkamülündə ölkəmizin ayrılmaz bir hissəsi olan Qarabağ ədəbi mühitinin əvəzsiz, qeyri-adi, böyük rolu olmuşdur. Lakin regional bir ədəbi mühit kimi, təəssüflər olsun ki, hələ də, Qarabağ ədəbi mühitinin tarixi təkamül yolu ayrılıqda öyrənilməmiş, tədqiqatlarda səpələnmiş bir şəkildə qalmaqdadır. Halbuki, bu və ya digər dərəcədə Şirvan, Naxçıvan, Borçalı, Təbriz, Abşeron ədəbi mühitləri Qarabağ ədəbi mühitinə nisbətən daha əhatəli, ayrıca bir qol kimi tədqiqata cəlb edilmişdir.

Qarabağ ədəbi mühitini öyrənmək üçün əvvəlcə bu regionun tarixi ərazilərini, hüdudlarını müəyyənləşdirmək vacibdir. Çünki bunu aydmlaşdırmadan bu hüdudlar arasında baş verən ədəbi-mədəni hadisəni də tam şəkildə təsəvvürə gətirmək mümkün deyil. Qarabağ ərazisi tarixi hadisələrin gedişatından asılı olaraq zaman-zaman dəyişsə də, (genişlənib sıxılsa da) tarixçilərimiz qədim mənbələrdən sübut etmişlər ki, Qarabağ ərazisi Araz və Kür qovuşandan (iki çay arası) Xuan qalasınadək, indiki Qırmızı körpü civarlarında (Borçalı qəzasının əhatə etdiyi torpaqlar da nəzərə alınmaqla) bir tərəfi isə Cermuxa qədər, Göyçə gölü sərhədlərində, o biri yandan isə Sisakan, Gorus, Mehri-Zəngəzur dağ silsiləsi boyunca Qarabağa daxil olmuş, qədim Aran-Arsaq ərazilərini əhatə etmişdir.

Bu ərazi Qarabağın həm aran, həm də dağlıq hissələrini təşkil edir. Tədqiqatçı bu münasibətlə yazır: "Eramızın birinci əsrində Alban çarı Aran Arazdan Xuan qalasınadək Alban ovalığı və dağlarını irsən aldı... Qarabağ, o cümlədən indiki Dağlıq Qarabağ son iki min il ərzində Azərbaycanın tərkib hissəsi olmuşdur. (Bax. Q.Qeybullayev, "Qarabağ - etnik və siyasi tarixinə dair", B., Elm, 1990, s.13; s.107.)

Nəzərə alanda ki, birinci minillikdə Qarabağ ərazisində Gəncə, Bərdə, Şəmkir, Beyləqan, Qarabağ kimi böyük şəhərlər olmuşdur, onda bu şəhər mədəniyyəti və ədəbiyyatının möhtəşəmliyi və qədimliyi təsəvvürə gəlir.Əlbəttə, hər bir yerdə olduğu kimi, Qarabağ ərazisində ilk ədəbi nümunələri el şairləri, elat sinədəftərləri yaratmış və bu öz əksini folklorda tapmışdır. Azərbaycan türk-oğuz folklorunun elə janrları var ki, sırf şəkildə Qarabağ regionu ilə bağlıdır.

Qorqudşünaslar "Dədə Qorqud" dastanında təsvir olunan hadisələrin baş verdiyi ərazilərin təxmini xəritəsini tərtib edərkən görmüşlər ki, bu boylardakı hadisələrin əksər hissələri Qarabağ ərazisində baş vermiş və dastanda adı çəkilən yer adlarınm - toponimlərin bir qismi tarixən də, indinin özündə də, Qarabağda olmuşdur. Dastan belə başlayır: "Rəsul əleyhüssəlam zamanına yaxın Bayat boyundan Qorqud Ata derlər bir ər qopdu. Oğuzun ol kişi tamam bilicisiydi" “...Bəkil Oğuzdan köç elədi, Bərdəyə, Gəncəyə varıb vətəni tutdu".

Qorqudşünaslığın kamil bilicilərindən olan professor Şamil Cəmşidov tədiqqatında "Kitabi-Dədə Qorqud"da adı çəkilən yerlərin cədvəlini düzəltmişdir ki, burada yer adlarının əksəriyyəti - toponimlər, hidro niralər, etnonimlər, oronimlər Qarabağda ya tarixən, ya da indinin özündə də qalmaqdadır. Deməli, bu sübut edr ki, ilahi vergidən yaranmış Dədə Qorqud yaradıcı şəxsiyyətinin Qarabağ ərazisi ilə sıx əlaqəsi olmuşdur. Ağdam və Ağcabədi rayonloarının ərazisində, Beyləqan türk-oğuz kurqanları, Boyat elləri həm arxeoloji, həm də etnoqrafiq dəlillərdir.

Şifahi xalq ədəbiyyatında ədəbi növlər və janrlar 

İstər şifahi xalq ədəbiyyatında, istərsə də yazılı ədəbiyyatda üç ədəbi növ vardır: lirik, epik, dramatik.Folklorun lirik növünün janrları: nəğmələr, mahnılar, bayatılar, ağılar, vəsfi-hallar, laylalar, oxşamalar, yanıltmaclar və s.Folklorun epik növünün janrları: nağıllar, əfsanələr, lətifələr, dastanlar.Folklorun dramatik növünün janrları: xalq oyun-tamaşaları, kukla teatrı tamaşaları.  

Nəğmələr – Lirik növün ən qədim janrlarından biridir. Məzmunca bir neçə növü vardır: əmək nəğmələri, mərasim nəğmələri, mövsüm nəğmələri, qəhrəmanlıq nəğmələri. Əmək nəğmələrinin ilk nümunələri qədim insanların birgə əmək prosesində yaranmışdır. Holavarlar və sayaçı sözləri əmək nəğmələrinə daxildir. Holavarlar cütçülük və əkinçiliklə, sayaçı sözləri isə qoyunçuluqla bağlı yaranan nəğmələrdir.  

Qara kəlim aranda,
Çıxar gün qızaranda.
Xodaq murada çatar,
Kəlindən bar alanda. 
 

(Holavar) 

Nənəm, a ağbaş qoyun,
Qarlı dağlar aş, qoyun.
Yağından plov olar,
Quyruğundan aş, qoyun. 
 

(Sayaçı sözü) 

Mərasim (məişət) nəğmələri insanların məişəti və dünyagörüşü ilə bağlıdır. Toy mərasimlərində oxunan nəğmələr də mərasim nəğmələridir. Mövsüm nəğmələri daha çox qışın bitməsi və Yeni ilin – Novruzun gəlişi ilə bağlıdır. Qəhrəmanlıq nəğmələrinə, əsasən, Koroğlu, Qaçaq Nəbi haqqında yaranan nəğmələr daxildir. 

Mahnılar. Bəzən nəğmələr də adlanan mahnılar nisbətən sonrakı dövrlərdə yaranmışdır. Mahnılar nəğmələrdən fərqli olaraq, musiqi ilə ifa olunur. “Qaragilə”, “Evləri var xana-xana”, “Apardı sellər Saranı”, “Ay bəri bax, bəri bax”, “Küçələrə su səpmişəm”, “Buleyli”, “İrəvanda xal qalmadı”, "Aman nənə", "Ay lolo", "Sona bülbüllər", "Süsən sünbül" və s. ən məşhur xalq mahnılarıdır. 

Bayatı. Bayatıların çoxu məzmunca qəmli, kədərli və həzin olur. Qürbət sıxıntısı, ayrılıq, Vətən məhəbbəti ilə bağlı bayatılar daha çoxdur. Məsələn: 

Əziziyəm, dilən gəz,
Bağda gülü dilən gəz.
Qürbətdə xan olunca,
Vətənində dilən gəz.
 

Məhəbbət mövzusunda olan və ictimai məzmunlu bayatılar da çoxdur. Bayatı dörd misradan ibarət olur: birinci, ikinci və dördüncü misralar qafiyələnir, üçüncü misra isə sərbəst olur. Bayatının qafiyə quruluşu bu şəkildə olur: aaba. Bayatıların ilk misraları, bir qayda olaraq, “Mən aşiq”, “Mən aşiqəm”, “Əzizinəm”, “Eləmi” sözləri ilə başlanır. Bayatının forma növlərindən biri də ilk misrası ancaq qafiyədən ibarət olan növdür. Bu cür bayatılara daha çox Kərkük folklorunda rast gəlinir. Bayatıda adətən birinci və ikinci misralar əsas mənanı ifadə etmək üçün hazırlıq rolunu oynayır. 

Ağılar. Bayatı şəklində olur və yas mərasimində ifa olunur. Ağılarda qəm, kədər hissləri üstünlük təşkil edir. Vəsfi-hal da bayatı şəklində olur. Fala baxdırma, bəxti, taleyi müəyyənləşdirmə ilə bağlı oxunan mərasim nəğməsidir.  

Layla. Ananın və ya nənənin körpə uşağı yatırmaq üçün beşik başında oxuduğu nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqarət hissəsi də əlavə edilir. Məsələn:  

Layla beşiyim, layla,
Evim, eşiyim, layla.
Sən get şirin yuxuya,
Çəkim keşiyin layla.
Balam layla, a layla!
Gülüm layla, a layla! 
 

Oxşamalar. Ananın körpə uşağı yuxudan oyanarkən onu əzizləmək, nazlamaq məqsədilə oxuduğu nəğməyə deyilir. Bu xüsusiyyətinə görə oxşamaya “nazlama” da deyilir. Məsələn: 

Tüstüsüz damlar,
Sarı badamlar,
Tənbəl adamlar,
Bu balama qurban.

Tapmacalar. İnsanın zehni qabiliyyətini, ağlının çevikliyini yoxlamaq məqsədilə yaradılan janrdır. Tapmacada hər hansı bir əşyanın əlaməti üstüörtülü şəkildə verilir və ya başqa bir əşyaya bənzədilir və onun tapılması qarşı tərəfdən tələb olunur. Nəsrlə olan tapmacalar da var. “Mən getdikcə o da gedir”(Kölgə).  

Atalar sözləri və məsəllər. Atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Xalqın uzun əsrlər boyu əldə etdiyi təcrübələrin ümumiləşmiş yekunu, nəticəsi olan atalar sözü və məsəllər türk xalqları arasında geniş yayılmış, bir çox hallarda cəmiyyətdə əxlaq kodeksini əvəz etmişdir. Bu janrın ilk örnəkləri Mahmud Kaşğarinin "Divanu lüğət-it-türk", "Kitabi-Dədə Qorqud" kimi klassik yazılı abidələrdə özünə yer tapmışdır. Oğuz tayfalarının müdrikliyini ifadə edən xüsusi atalar sözü topluları - "Oğuznamə"lər də Azərbaycan folklorunun qiymətli abidələrindəndir.

Məsəllər yığcamlığına və hikmətli məzmununa görə atalar sözlərinə oxşasa da, ondan fərqlənir. Atalar sözlərindən fərqli olaraq, məsəllərdə fikir bitkin olmur və müstəqil işlənə bilmir. Məsəl müəyyən bir hadisə və lətifə ilə bağlı olur və məzmunu yalnız müəyyən izahatdan sonra aydınlaşır. Məsələn: “Sən çaldın”, “Qələt yağ küpəsindədir” məsəlləri Molla Nəsrəddin lətifələri ilə bağlıdır.  

Əfsanələr. Əfsanələri başqa epik janrlardan fərqləndirən başlıca əlamət - onda fantastik element və hadisələrin iştirak etməsidir. Eyni əlamətin daşıyıcısı olan sehirli nağıllardan fərqli olaraq, əfsanələrdə süjet bitkin xarakter daşımayıb, yalnız bir fraqment şəklində olur. Epik növün bu janrı daha çox xalqın tarixini, dünyagörüşünü, xəyal və arzularını özündə əks etdirir. Azərbaycan əfsanələri, əsasən, aşağıdakı mövzulardadır:  

1. Heyvanlar, quşlar haqqında
2. Güllər, çiçəklər, ağaclar haqqında
3. Yer adları haqqında
4. Tayfa, el, xalq, nəsil haqqında
5. Səma cisimləri haqqında
6. Tarixi şəxsiyyətlər haqqında
7. Nizami mövzuları haqqında
8. Ailə-məişət məsələləri və dini baxışlar haqqında. 
 

Azərbaycan ədəbiyyatının qaynağında zəngin və dərin məzmunlu Azərbaycan folkloru durmaqdadır. Mifoloji-bədii dünyagörüşün izləri folklorda və klassik ədəbiyyatda indi də özünü büruzə verməkdədir. Azərbaycan mifologiyası Qədim hind, Qədim yunan mifologiyası qədər sistemli və bütöv xarakter daşımır. Ancaq Azərbaycan folklorunda Azərbaycan mifologiyasının izlərini aşkar etmək mümkündür. Bunlar daha çox kosmoqonik və mövsümi, eləcə də etnoqonik miflərin müəyyən detallarını özündə daşımaqdadır. İnsan cəmiyyətinin ilkin formalaşma dövrünün bədii təfəkkür məhsulları olan bu mifik ünsürlərdə kosmosla xaos, yəni dünya düzəni ilə qarmaqarışıqlıq, nizamsızlıq, dünya düzəninin bu nizamsızlıqdan yaranması və eyni münasibətlərin insan cəmiyyətində əks olunması özünə yer tapmışdır.

Mifik dünyagörüşündə insan cəmiyyətində kosmos, yəni əksər insanlar tərəfindən qəbul edilmiş qayda-qanunlar toplusu əsas etibarilə cəmiyyətin aparıcı nizamını - ailə, məişət, insanla təbiət arasında qarşılıqlı anlaşma proseslərini əhatə edir. Mifoloji dünyagörüşünün ayrı-ayrı ünsürləri indiyə qədər folklorun ovsun, alqış, qarğış, rəvayət, qodu və sayaçı mərasimi ilə ilgili mətnlərdə qorunub saxlanmışdır. Azərbaycan mifoloji mətnlərinin əksəriyyətində qədim türk mifoloji düşüncəsi aparıcı motiv kimi çıxış edir. Bunu istər dünyanın yaranması ilə bağlı olan kosmoqonik miflərdə, istər etnosun mənşəyi ilə bağlı olan etnoqonik miflərdə, istərsə də mövsümi proseslərlə əlaqədar olan təqvim miflərində görmək mümkündür. Mifoloji mətnlərin yaranması və onların folklor mətnlərində ünsürlər şəklində qorunub saxlanması ibtidai insanın təbiətə və təbiət qüvvələrinə baxışı ilə sıx əlaqədardır.  

Nağıllar. Şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və daha çox yayılmış janrıdır. Nağıllarda xalqın həyatı və məişəti dünyagörüşü və inancları, arzu və xəyalları əks olunmuşdur. Nağıllar mövzu və məzmunca iki növə bölünür: əfsanəvi nağıllar və realist nağıllar. Əfsanəvi nağıllarda sehrli qüvvələr – uçan xalça, sehirli papaq, sehrli tütək, divlər, yeddibaşlı əjdahalar, əfsanəvi quşlar və s. iştirak edirlər. Realist nağıllar daha çox inandırıcı, real hadisələrdən bəhs edir və ailə-məişətlə bağlı olur. Nağılların çoxu “biri varmış, biri yoxmuş” sözləri ilə başlanır və rəvayət şəklində söylənilir. Bəzən nağılların əvvəlində gülməli məzmunlu və qaravəlli adlanan giriş hissəsi də olur.  

Lətifələr. Qaravəlli kimi yumoristik, satirik məzmun daşıyır.Lətifələrdə dövrün eybəcərlikləri, ictimai həyatdakı yaramazlıqlar gülüşdoğurucu şəkildə tənqid edilir. Lətifələrdəki gülüş həm incə yumor,həm də acı istehza və kinayə şəklində olur. Lətifələrin çoxu Molla Nəsrəddinin adı ilə bağlıdır. Azərbaycan lətifələrinin bir hissəsi də Bəhlul Danəndə ilə bağlı yaranmışdır. Lətifələr həcmcə qısa olur və adətən, nəsr şəklində söylənilir.  

Dastanlar. Azərbaycan folklorunun özəlliklərindən birini - onun başqa türk xalqlarının folkloru ilə ortaq cəhətlərə malik olması təşkil edir. Bu xalqların şifahi söz sənətində bir çox mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda meydana gəlməsini göstərir. Ortaq türk folkloruna aid olan dastanlar arasında "Oğuznamə"lər xüsusi bir silsilə təşkil edir. "Köç", "Ergenekon", "Şu", "Qayıdış" kimi dastanlarda isə bütöv şəkildə prototürklərin mühüm problemləri öz bədii-mifoloji əksini tapmışdır. Həmin dastanların çoxu xülasə şəklində XI yüzillikdə yaşayıb-yaratmış türk alimi Kaşğarlı Mahmudun "Divanu lüğət-it-türk" ("Türk dilinin divanı") əsərində öz əksini tapmışdır. Bu dastanlar xalqların böyük hicrəti dövrünün bədii-mifik dünyagörüşünü özündə saxlamaqdadır.  

Şifahi xalq ədəbiyyatının həcmcə ən böyük janrıdır. Ədəbiyyatşünaslıqda dastana epos da deyilir. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr,həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şe”r parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bə”zən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları. Qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir.Belə dastanların qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olur. Ən məşhur qəhrəmanlıq dastanları “Kitabi-Dədə Qorqud”, “Koroğlu”,və “Qaçaq Nəbi”dir. Qəhrəmanlıq dastanları, əsasən, xalq qəhrəmanları haqqında olan rəvayət və nəğmələr əsasında yaranır.  

Məhəbbət dastanları sayca qəhrəmanlıq dastanlarından çoxdur. Bu dastanlarda əsas mövzu sevən gənclərin saf və təmiz məhəbbəti, düz ilqarı, vəfa və sədaqətdir. Dastan qəhrəmanları daha çox sazın və sözün gücü ilə qalib gəlirlər. “Qurbani”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Şah İsmayıl” dastanları ən çox yayılmış məhəbbət dastanlarıdır. Məhəbbət dastanları, ən”ənəvi olaraq ustadnamə ilə başlayır və duvaqqapma ilə bitir. Ustadnamə-hikmətli məzmunlu qoşmaya deyilir. Duvaqqapmada isə sevgililərin bir-birinə qovuşması təriflənir. Duvaqqapmalar könül açan, şən məzmun daşıyır və müxəmməs şəklində olur.

Bir sıra xalq dastanları əsasında operalar yazılmışdır: Ü.Hacıbəyov -“Koroğlu”, Z.Hacıbəyov - “Aşıq Qərib”, M.Maqomayev - “Şah İsmayıl” və s. Məhəbbət dastanlarından fərqli olaraq, "Koroğlu" müxtəlif qolların toplusu olmaqla "Dədə Qorqud" dastanlarının ənənəsini davam etdirir və buna görə də epos adlanır. "Koroğlu" eposunun süjetində konkret tarixi hadisə - XVI-XVII yüzilliklərdə Türkiyə və Azərbaycanda baş vermiş Cəlalilər üsyanı dursa da, formalaşma prosesində abidəyə bir sıra əlavə süjetlər artırılmış, bəzi hallarda mifik motivlərdən də istifadə edilmişdir.  

Xalq dramları. Xalqın qədim adət və ənənələri ,mərasim və ayinləri əsasında yaranmış və bayramlarda, el şənliklərində icra edilmişdir. Xalq dramlarına xalq oyun- tamaşaları da deyilir. Ən qədim xalq oyun tamaşalarından biri “Kilimarası”dır. “Kosa-Kosa”, “Qodu-qodu”, “İki qardaş”, “Xəsis”, “Keçəl” oyun-tamaşaları da xalq dramlarıdır. Xalq dramlarında, adətən, nəsr və nəzm hissələri olur. Ailə-məişət mövzusunda da xalq oyun - tamaşaları vardır.  

Aşıq yaradıcılığı. Azərbaycan şifahi xalq ədəbiyyatının ayrıca bir sahəsi-qolu da aşıq yaradıcılığıdır. Qədim dövrlərdə “ozan”, “dədə”, “varsaq”, “yanşaq” adları ilə tanınan aşıq öz yaradıcılığında musiqini, rəqsi və şeri birləşdirən el sənətkarıdır. Aşıq həm də şifahi xalq ədəbiyyatı nümunələrinin ifaçısı, söyləyəni və yayanı kimi tanınır. Özləri şeir qoşub yazdıqları şerləri oxuyan aşıqlar ustad – yaradıcı aşıq adı ilə tanınırlar. Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər belə ustad – yaradıcı aşıqlardır. Ustad aşıqların sənətini ifa edən, yayan aşıqlara isə ifaçı aşıq deyilir.

Azərbaycan folklorunda ilk ustad aşıq kimi Qurbaninin adı çəkilir. Əslən Qarabağın Cəbrayıl bölgəsindən olan aşıq Qurbani Şah İsmayıl Xətaidən (1487-1524) yaşca bir qədər böyük olmuş və onunla müəyyən münasibətləri olmuşdur. Səfəvilərin tarixindən və "Qurbani" dastanından bu xalq sənətkarı haqqında müəyyən məlumatlar almaq mümkündür. Azərbaycan aşıq sənətinin üç yüz illik ənənələri XIX əsrdə Aşıq Ələsgər (1821-1926) kimi qüdrətli xalq sənətkarının yetişməsinə təkan vermişdir. Aşıq Ələsgərin yaradıcılığında lirik motivlə əxlaqi-didaktik motiv üzvi şəkildə bir-birinə qovuşmuşdur. Bu el sənətkarı özündən sonrakı aşıq ədəbiyyatının, eləcə də yazılı şeirin inkişafına böyük təsir göstərmişdir. 105 il ömür sürmüş aşığın yaradıcılığında bu dövrün bir çox tarixi hadisələri və şəxsiyyətləri öz əksini tapmışdır.

Aşıq yaradıcılığında qoşma, gəraylı, təcnis, cığalı təcnis, divani, müxəmməs kimi janrlar daha çox yayılmışdır. Aşıq şerinin əsas mövzuları saf məhəbbət və təbiət mənzərələrinin təsviri və tərənnümüdür. Azərbaycan şifahi xalq yaradıcılığı, xüsusən aşıq sənəti qonşu xalqların ədəbiyyatlarına da dərin təsir göstərmiş, bir sıra gürcü və erməni şairləri türk dilində yazıb-yaratmışlar. XVIII əsr erməni şairi Sayat Nova şeirlərinin əksəriyyətini indi onun nəvələrinin bəyənmədiyi türk (Azərbaycan) dilində qələmə almışdı.  

Azərbaycan folklorunun ilk örnəkləri yazılı şəkildə qədim yunan tarixçisi Herodotun "Tarix" əsərində (e.ə. V əsr) bizə gəlib çatmışdır. Bunlar - qədim Azərbaycan dövləti Midiyanın süqutunun və İran dövləti tərəfindən işğalının səbəbləri haqqında xalq bədii təfəkkürünün məhsullarıdır. Bu əfsanələr "Astiyaq", "Tomris" və başqa adlarla Herodotun əsərində yazıya alınmışdır. İndiki mənada tarix əsəri deyil, həm də bədii əsər qələmə almış Herodot, Azərbaycan əfsanələrini də yüksək bədiiliklə işləmiş və təsirli psixoloji səhnələr yaratmağa müvəffəq olmuşdur. "Tomris" əfsanəsi bu baxımdan daha diqqətəlayiqdir. İşğalçılıq məqsədi ilə Midiyaya hücum edib, ölkəni viran qoyan İran şahını məğlub etmiş Midiya sərkərdəsi - qəhrəman qadın Tomris onun başını kəsib bir qan tuluğuna salır ki, yeriklədiyi qandan "doyunca içsin..."

"Astiaq" əfsanəsində mifoloji qat daha güclüdür. Burada əsas hadisələr yuxugörmə və taleyin əvvəlcədən müəyyən edilməsi üzərində qurulmuşdur. İlahi qüvvələrin təyin etdiyi taleyin dəyişdirilməsində insanın nə qədər gücsüz olduğu - Astiaqın faciəsi örnəyində təqdim edilir. Eyni motivlər qədim dünyanın bir çox ədəbiyyatlarında, o sıradan antik yunan ədəbiyyatında geniş yayılmışdır.  

Xırda «ulduzların» işığında: arxaik əlamətlər  

Qarabağ ağız ədəbiyyatında şifahi xalq yaradıcılığının bütün janrları öz əksini tapmış, bir-biri ilə üzvü surətdə əlaqəli olaraq nəsildən-nəslə keçmiş, əksəriyyəti bugünümüzə kimi gəlib-çatmışdır. İstər şifahi söz yaradıcılığınm bünövrə daşlan hesab edilən kiçik janrlarda, istərsə də epik və lirik üslubda yaradılmış nümımələr regionun coğrafi mənzərəsinə, fauna və ilorasına, orada yaşamış əcdadlanmmn ilkin həyat və məişətinə, inam və etiqadlarına, adət-ənənələrinə güzgü tutur. Bu nümunələrdə etnosun keçib gəldiyi tarixi-ictimai mərhələlərin bədii inikasını görürük.  

Kiçik janrlarda yaranan rəngarəng nümunələri Qarabağ folklor səltənətini bəzəyən xırda ulduzlara bənzətmək olar. M.Hacıyevin qeyd etdiyi kimi, babalarımızın düşüncə tərzinin ibtidadan kamilliyə doğru inkişaf yolunun əvəzsiz sərvəti və ənənəvi xəzinəsi olan belə inanclar, inamlar, fallar, əfsunlar, sehrlər, cadular... da nağıllarımız, bayatılarımız, qoşmalarımız kimi ümumxalq mahnısı olub bu ellərin, obaların iftixarıdır.  

İnam-etiqadlar, sınamalar-yozumlar, ovsunlar, xeyir-dualar, andlar, alqışlar, qarğışlar, yalvarışlar və s. kimi ilkin bədii təxəyyül örnəklərinin ideya-məzmun xüsusiyyətlərində biz ibtidai icma dövrünün izbrini görür, əcdadlarımızın həyata, təbiət hadisələrinə ilkin münasibətinin totemist, animist və naturist dünyagörüş doğurmasımn şahidi oluruq. Təbii ki, mifik səciyyəli görüşləri, ruhlara inam motivlərini əks etdirən həmin rmmunələrdə süjet, məzmun, ideya, obraz xüsusiyyətbri də ilkin poetik təfəkkürün səviyyəsinə uyğundur.  

«Yer haqqı», «Göy haqqı, «Bu Günəşə kor baxım yalan deyirəmsə», «And olsun bu suyun salavatına», «And olsun bu suyun üzünə», «And olsun bu axar suya», «Bu işıq haqqı», «Bərəkətə and olsun», «Çörək haqqı», «Ocaq haqqı», «And olsun anamın (atamın) üz qoyduğu torpağa»., «O işıq gözümü töksün ki», «And olsun səninlə kəsdiyim duz-çörəyə», «Anamın südü haqqı» kimi ümumi səciyyəli andlardan belə məlum olur ki, bu yerlərdə torpaq, od, ocaq, su, göy, işıq, çörək, bərəkət, ana südü tarixən müqəddəs hesab edilnıişdir.  

E.Teylor göstərir ki, qədim etnosların ayrı-ayrı etiqad və inamları mədəniyyətin ilk işartıları kimi daha ilk mərhələdə meydana çıxmışdır. Həm də bunlar etnoslarm yaşayış tərzi, məişət qayğıları, hətta bir sıra hallarda regional şərait və coğrafi rəngarəngliklə bilavasitə bağlı olmuşdur. Bu isə Qarabağda yayılmış inam-etiqadların qədim türk qaynaqlarından süzülüb gəlməsinə dəlalət edir - burada, «Kosmoqonik planda tanrı kainatın ilkin, universal başlanğıcıdır, bir növ ilkin substansiyadır. Kainatda olan hər şey tanrıyla bağlıdır və tanrının üzvü hissəsidir. Lakin bu total bağlılıq orta çağlarda gördüyümüz panteizmdən fərqlidir. Daha doğrusu, tanrı təbiət obyektlərindən kənarda olan bir başlanğıc deyil və təbiət obyektləri də tanrının zərrələri, təzahürləri və ya emanasiyaları deyildir. Kainat bir bütün olaraq tanrıdır. Kainatın ayrı-ayrı parçaları (maddi obyektlər və mənəvi fenomenlər) tanrının parçaları, daha dəqiq desək, fımksiyalarıdır. Türk mifologiyasında sıx-sıx rast gəldiyimiz dağlar, ağaclar, sular... öz-özlüyündə ilahi dəyər daşımaqdadır. Həmin obyektlərlə əlaqələndirilən hami ruhlar da tanrının bu funksiyalarının şəxsləndirilmiş ifadələridir».

«Kitabi Dədə Qorqud»da Qazan xan elini, ailəsini əsirlikdən qurtannaq üçün onların yerini yurddan, sudan, qurddan və köpəkdən soruşur. «Kafirin donuz əti yeməyinə, saman döşəkdə, kərpic yastıqda yatmağına gülən Qazan xan «ağac tanrılı» dediyi kafırin bütə tapınmasına gülür. Ən gərgin anda gülməyindən qalmayan Qazan xan hər gördüyünə «müqəddəs» deyib tapınmır. Onun tapındığı, iman bağladığı «ucalardan uca» Tanrıdır. Bununla yanaşı, Qazan xan mifoloji düşüncə tərzindən ayrılmayan bir epos qəhrəmanı kimi, yurdun, suyun, qurdun və köpəyin onu eşidəcəyinə, eşidib duya biləcəyinə də inanır»1, Qazan xanın yurd, su, qurd və köpəklə sorğu-sualına məhz bu inam əsas verir.  

Qarabağda təbiətlə ülfət, insanın varlığını, yaşanışını təl-min edən dörd ünsür - suya, oda, torpağa, havaya sitayiş qədim əcdadlarımızm Tanrıya tapınmaq, Tanrı dərgahına ucalmaq inam - arzu-istəyinin ifadəsi kimi bu gün də birbaşa və semantik mahiyyətini qoruyub-saxlayır.  

Əfsanə və nağillarda mifik görüşlərin təcəssümü  

Digər etnoslar kimi, Qarabağın köklü əhalisi də bütün tarixi dövr ərzində həyatında baş vermiş mühüm hadisələrə düzüb-qoşduğu əfsanə və rəvayət və nağıllar vasitəsilə münasibət bildirmişdir. Onların mövzu və məzmunu əsasən Tanrı, insan və kainatın sirli sonsuzluğu, varlığın törənişi, yaxşılıqla pisliyin, xeyirlə şərin münasibəti və mübarizəsi ilə bağlıdır ki, bütün bu motivlər də yerli milli özünəməxsusluğun ifadəsinə gətirib çıxarır.

Uzun qış gecələrində isti soba kənarında əyləşib yaşlı əzizlərindən Qarabağın şipşirin nağıllarını dinləyə-dinləyə böyüyən, nəcib arzularla işıqlı gələcəyinə qanadlanan və bir alim, sənət bilicisi kimi dünyada tanınan Xudu Məmmədov deyirdi: «Nağıllarımızda xeyir şərə, həqiqət yalana, müdriklik dayazhğa üstün gəlir. Nağıl ədəbiyyatın «ağsaqqal» janrıdır və insanların Öz varlığını qoruyub saxlamaq üçün kollektiv təfəkkür keçdiyi yol səhv yol ola bilməz...”  

Əlbəttə, xeyir-şər qarşılaşması motivi ümumiyyətlə Azərbaycan şifahi və yazılı ədəbiyyatında geniş yayılmışdır. Həmçinin xeyrin şər üzərində qələbəsi leytmotivi söz sənətimizin başlıca məramına xidmət göstərmişdir. Lakin bu bir faktdır ki, bu mövzuda şifahi hekayətlər yazılı hekayətlər üçün bir növ qida vermiş, yol göstərmiş, bələdçilik etmişdir. Bu baxımdan, XII əsrdə yazıb-yaratmış Nizami Gəncəvinin «Xeyir və şər» mənzum hekayəsindən və ondan da çox-çox əvvəllər mövcud olan yazılı nümunələrdən tııtmuş, XXI əsrdə xalq yazıçısı Anarın yazmış olduğu «Ağ qoç, qara qoç» utopik və antiutopik əsərinə qədər - hamısı xalq nağıllarımızdan, rəvayətlərimizdən bəhrələnmişdir ki, bu da əksliklər arasında ziddiyyət və mübarizənin dünən də, bu gün də olmasının və yazılı ədəbiyyat yaradıcılarımızın öz daxili dünyaları, arzu və idealları ilə qədim folklor yaradıcılarımızın humanist ideallarına sədaqətli qalmasının bir göstəricisidir.

Və buradaca onu da əlavə etməliyik ki, belə bir ənənəviiyin yaranmasında və qorunmasında Qarabağ əfsanələrinin və nağıllarının da özünəməxsus rolu vardır. Təsadüfı deyildir ki, Y.V.Çəmənzəminli, M.H.Təhmasib, M.Seyidov və başqalan folklor süjetlərində mif, əsatir, əfsanəvi rəvayət izləri axtararkən Qarabağla bağlı bir sıra əsatirlə yoğurulmuş əfsanə və rəvayətləri də tədqiq etmişlər.  

Mif nədir? Bu suala cavab vermək istəyən tədqiqatçıların qənaətinə görə, mif, hər şeydən qabaq, ətraf aləmin canlı insan kimi təsəvvür edilməsidir. Y.M.Meletinskinin sözləri ilə desək, mifik əhvalatlar mifık zamanda qurulan «mifik dünya» modelinin «kərpicləri»dir. Mifik zaman əvvəlki», «ilkin», «başlanğıc» zamandır. Bu, əsil zamanın «ərəfəsi»dir, zamana qədərki zamandır, yəni indiki zamanın tarixinin hesablanmağa başlanmasına qədərki zamandır. Bu baxımdan, mifoloji düşüncə tərzinin Qarabağ folklor nümunələrinin canına-qanına hopması təbiidir.

Qarabağ əfsanələrini, nağıllarını məzmun və ideyasına görə üç qrupa bölmək olar:  

1) Sirli-sehrli qüvvələr haqqında.

2) Təbiət hadisələri və möcüzələri haqqında.

3) Insanların məişəti və taleləri haqqında.  

Sirli-sehrli nağıl rəvayətlərdə sehr, əfsun, cadu, cin, tilsim, hal anası, əzrayü, əjdaha, əhrimən və s. kimi mifik obrazlar fantastik qüvvələr özünə yer tapır, onların qəddarlığı və amansızlığı haqqında təsəvvür yaradılır, təmiz və məsum insanlarm onların əlində məhv olması göstərilir. Simurq quşu, dirilik suyu, solmaz çiçəyi, fövqəlqüvvəyə malik nurani kişi və s. kimi mifik obrazlar vasitəsilə, Tanrıya inam motivi ilə isə xeyir qüvvələrin haqqın tərəfində durması, bir təsadüf nəticəsində də olsa, zülmə məruz qalanın müdafıəsinə yetişib onu xilas etməsi ideya-fıkri aşılanır.  

Rəvayətlərdə tarixi və etnoqrafik cizgilər  

Qarabağın tarixi rəvayətlərində uzaq keçmişdə çinar qamətli, dağ gövdəli uzuxların (oğuzların) yaşaması, özü də yüz illərlə ömür sürməsi təsvir edilir. Uzux-oğuz ərənlərinin təmkinli, dəyanətli olmasından, düşmən qarşısında əyilməzliyindən, basılmazlığından bəhs olunur. Onların oda, suya, dağa, havaya ehtiram göstərməsi, səmanı, torpağı yaradanı «yerin-göyün tanrısı» adlandırması aydınlaşır. Bu baxımdan, bu gün də Qarabağda uşaqların qurşaq tutub güləşərkən: «Mən uzux oğluyam, devlər padşahıyam», «Qoç başı, qoyun başı» - deyərək özünü öyməsi, «Oğuz haqqında rəvayət», «Oğuz möhkəm adam deməkdir» adlı bayatı-rəvayət və digər örnəklər Qarabağın çox uzaq keçmişini yada salır.  

Oğuz haqqında əfsanə və rəvayətlərin yaranma tarixinin eramızdan 7-8 əsr əvvəllərinə - Şərqdən Qərbə güclü axınlarla gələn saq-skif tayfa birləşmələrinin tarixi dövrünə təsadüf etdiyi qeyd edilir. Lakin erməni saxtakarları, eləcə də, Azərbaycanda və onun qədim tarixi torpaqlarından olan Qarabağda Azərbaycan türklüyünün köklülüyünə, qədimliyinə qarşı çıxan digər qərəzli qüvvələr saq-skif tayfa birləşmələrinin aşkar türkçülüyünü inkar edirlər.  

R.Qafarlı belələrinə cavab olaraq, arxaik dövrdə formalaşan rəvayət motivlərində uzuxlarla (oğuzlarla) əlaqədar tarixi hadisələrin mif-ritual sintezi qazanında qaynadılaraq yaddaşlarda yaşadıldığmı misal gətirir və əlavə edir ki, oğuz türklərinin Qafqaza XII yüzillikdə gəldiyini və «Dədə Qorqud»u özləri ilə burada o zaman pasportlaşdırdıqlarını deyənlər tarixin dərin qatlarından «uzuxlar»ın izlərini axtarıb tapsaydılar, daha faydalı olardı.  

Nəğməsiz qalmış diyarın nəğməli keçmişindən  

Qarabağ nəğmələri yüksək poetik-estetik dəyər və xüsusiyyətləri ilə ədəbiyyatımızın nəinki şifahi, həm də yazılı örnəkləri sırasında məxsusi yer tutur, müxtəlif ayin, etiqad, görüş və adət-ənənələri, tarixi olayların hiss və həyəcanlarını özündə əks etdirməklə, qədim türk məişət və mədəniyyətinin yaddaş daşıyıcısı kimi böyük maraq doğurur, Qarabağ dialektidə ifa, ləhcə, intonasiya xüsusiyyətləri ilə özünəməxsusluq özəlliklərini və gözəlliklərini artırmış olur.  

Nəğmələr haqqında söhbət açarkən, istər-istəməz, öncə bu folklor nümunələrinin kökü, mənşəyi məsələsi üzərində düşünməli olursan. Bu isə özlüyündə qəribə bir sual doğurur: görəsən, nəğmələr üçün əsas komponentlərdən sayılan söz, yoxsa ritm, ahəng, avaz yaranmışdır? Qədim insanların ilk bəstələri sözün əsasında meydana gəlmişdir, yoxsa ritmə, ahəngə uyğun olaraq sözlər quraşdırılır?  

Adətən Tanrının öncə sözü yaratdığını, sözün hər şeyin fövqündə dayandığını bildirirlər. Belə fikir və münasibətlərə istinad etsək, hər şeyin, o cümlədən ritmin, ahəngin sözdən sonra gəldiyini qəbul etməliyik. Yəni belə fərz etməliyik ki, nəğmə komponentləri sırasında başda söz durur, nəğmə sözün sehrkar qüdrətindən yaranmışdır. Lakin nəzərə alsaq ki, nəğmələrin yaranma prosesi sözsüz nəğmələrdən başlanır, ibtidai insanlar arasında söz anlaşma, dil ünsiyyət vasitəsinə çevrilməmişdən əvvəl onların ruhunun, əhval-ruhiyyəsinin, bir-biri ilə və təbiətlə ünsiyyətinin ifadəçisi həm də ritm, ahəng olmuşdur, onda komponentlər sırasına yenidən baxmaq lazım gəlir.  

Etnosun məzhəkə, lətifə yaradicilığı  

Folklor araşdırıcıları Qarabağ şifahi ədəbi ənənələrinin lətifə, gülməcə, elatdodaqqaçdı yaradıcılığı ilə də zəngin olduğunu, yüksək zövqə, zəngin söz ehtiyatına malik qarabağlıların zərif yumordan, kəsərli satiradan yerli-yerində istifadə etmək məharəti qazandıqlarını bildirirlər.

B.Məmmədov «Qarabağın baməzə adamları» adlı kitabında çox haqlı olaraq yazır: «Sağlam və mənalı gülüş müsbət bir hadisə kimi ta qədimdən Qarabağ əhalisinin həyatına, məişətinə daxil olmuş, ənənə halında davam edərək kamilləşmişdir. Qarabağın adamları bir sıra məhrumiyyətlərə dözüb tab gəlirdikləri kimi, ürəkdən gülməyi, şadlanmağı, zəmanənin mənfiliklərinə tənqidi nəzərlə baxmağı da bacarmışlar. Xalqdan gələn fikir əlvanlığı, məzmun dolğunluğu və ifadə tərzi müdrik, hazırcavab və baməzə şəxsiyyətlərin yaradıcılığına xüsusi təravət və vüsət vermişdir».  

Adı çəkilən tədqiqat əsərinin başlıca məziyyətlərindən biri Qarabağda lətifə, gülməcə yaradıcıhğının formalaşma tarixinə aydınlıq gətirməsidir. Müəllif tarixi keçmişimizlə bağlı mənbələrə və yaddaşdan-yaddaşa köçüb yaşayan xatirələrə istinad edərək göstərir ki, ağır zəhmətdən sonra gülüş, zarafat, əyləncə qarabağlıların istirahətinin məzmununu təşkil etmişdir. Satira yumor zəhmət adamlarında yüksək emosiya, səfərbərlik doğurmuş, ailə üzvlərinə fərəh və nəşə gətirmişdir. Onlar çöl işlərini, ərzaq tədarükünü görüb qurtardıqdan sonra istirahət və əyləncə üçün müvafıq vaxt seçib təyin etmişlər. Adətən qarlı-çovğunlu qış ayları qarabağlılara boş vaxtlarını səmərəli keçirmək baxımından əlverişli sayılmışdır. Qış mövsümündə ayrı-ayrı kənd və şəhərlərdə, evlərdə təşkil edilən yığıncaqlara (buna «siran» da deyilir), məclislərə aşıqlar, xanəndələr və sazəndələr dəvət olunduğu kimi, baməzə adamlar, müdrik ağsaqqallar, zarafatcıllar da çağırılmışdır. Hətta milli bayramlarda, toy-düyünlərdə, şənlik məclislərində məşhur yumoristlərin, hazırcavabların yarışları keçirilmiş, müsabiqədə üstünlük qazananlara başqa yerlərdə yaradılan deyişmələrdə, söz güləşdirmələrində iştirak etmək hüququ verilmişdir.  

Ə.Əsgərov isə ənənəviliyin kökünü daha uzaq keçmişdə axtarır. Onun vaxtilə Kəlbəcər və Laçm rayonlarından topladığı məlumata görə, məzhəkəli oyun-tamaşaların yaşı xeyli qədimdir, onlar əsasən səssiz - mimika və hərəkət vasitəsi ilə nümayiş etdirilsə də, tamaşaçılarda mənalı gülüş doğurmuş, onları əyləndirmişdir. Habelə Novruz şənliklərində «Kosa-kosa», cıdır, gözbağlıca, kəndirbaz, sehrbaz kimi meydan tamaşaları göstərməklə yanaşı, gülməli əhvalatlar söyləmək vasitəsilə insanları sevindirmək zaman-zaman el bayramına xüsusi təravət vermişdir. Novruzda təkcə oyunbazlar, təlxəklər, hoqqabazlar yox, bu və ya digər dərəcədə hamı məzhəkəli oyun-tamaşaların iştirakçısına çevrilir, deyib-gülür, zarafatlaşır. Gündəlik həyatda adamlar arasında mövcud olan rəsmiçilik, ağır davranma bayram şənliklərində aradan götürülür, sevinc, nəşə, sərbəstlik, azadlıq şənliyin ruhuna hakim kəsilir. Əsl bayram ab-havası məhz bu daxili sərbəstlik və azadlığın sayəsində yaranır.

M.Baxtin xalq bayramı gülüşünün mühüm bir xüsusiyyətini qeyd edir: «bu gülüş həm də gülənlərin özünü doğru yönəlir». Karnaval mədəniyyətinə əsaslanan görkəmli tədqiqatçı «hamı gülür, hamıya gülürlər» tezisini irəli sürməklə, söz yox ki, xalq gülüşünün mahiyyətindəki çox mühüm bir cəhəti üzə çıxarır və bu cəhət xalq gülüşünün poetikasım öyrənməyə, onun yazılı ədəbiyyatdakı gülüşdən əsaslı fərqini müəyyənləşdirməyə təkan verib.  

Nərmə-nazik bayatılar  

Bayatılar bədii-estetik zənginliyə, fəlsəfı-hissi dərinliyə, insanın təbiətlə, yurdla, torpaqla ülfət və bağlılığı haqqında bakir poetik mənzərələr yaratmaq qüdrətinə malikdir.  

Qarabağ bayatı yaradıcılığında ənənəvi forma və məzmun vəhdətinin qorunub-saxlanması folklor mühitinin təbii-tarixi xüsusiyyətlərindən biri kimi çıxış edir. M.Elli qeyd edir ki, bayatı yaradıcılığının bütün daxili hərəkəti müəyyən bir ideya-bədii məqsədi izləyir və ona tabe edilir. İdeya-bədii bütövlük isə söz sənətinin başlıca qanunlarından biridir, onun vasitəsilə xalq yaradıcıhğına xas olan bədii sənətkarlıq bacarığı özünü göstərir.  

O görünən Ağdamdı,

Qara damdı, ağ damdı.

Yar yoluna baxmaqdan,

Gözlərimə ağ damdı.  

- bu nümunədən görünür ki, təkrir və təkrarlardan yaranan qafiyələr dilimizin təbii zənginliyini, çalarlığını, oynaqlığını üzə çıxarmaqla yanaşı, bayatıya həzin, həlim, musiqili bir ahəng verir, şerin bədii dəyərini artırır.Hələ XVIII əsrdə M.V.Vidadi dostu M.P.Vaqiflə saz-söz deyişməsində göstərirdi ki, Qarabağın eli-obası məclislərində xoş oxunan, həzin və dərin mənası ilə ox kimi bağrı dələn bayatılarla nəfəs alır:  

Külli Qarabağın abi-həyatı

Nərmü-nazik bayatıdır, bayatı.

Oxunur məclisdə xoş kəlimatı,

Ox kimi bağrını dəlir, ağlarsan...  

Ozan-aşıq diyarı, sazın hanı, sözün hanı?  

Qarabağda şifahi söz sənətini aşıq yaradıcılığından kənarda təsəvvür etmək mümkün deyil: «- Qabaqkı vaxtın da məktəbi var idi. Nağıl deyənlər olardı, aşıqlar vardı. Payız-qış axşamları məhəllə-məhəllə yığışıb nağıl deyərdilər. Aşıqlar söz qoşub oxuyardı. Adamlar da bunları yadda saxlayırdılar. Sabah, yeri düşdükcə, başqalarına, uşağa-böyüyə nəql edərdilər. Bildiyi heç kəsin ürəyində qalmazdı, hamı bir-birinə söyləyirdi, indi müəllimlər uşaqlara danışan kimi...»  

Tədqiqatçı S.Qəniyevin təbirincə desək, aşıq yaradıcılığı ümumiyyətlə, Azərbaycan folklorunda «əlahiddə» hadisədir və o, folklor yaradıcılığının tərkibində olmaqla bərabər, folklorun informasiya yükünün xeyli hissəsini öz çiyinlərində daşıyır.2 Xüsusən də, dastançılıq ənənələrinin davam etdirilməsində aşıq yaradıcılığı əvəzsiz rol oynayır.

Belə sıx bağlılıq və uyarlıq Azərbaycanın qədim torpaqlarmdan olan Qarabağm folklor mühitində də özünü göstərməkdədir: Qarabağ tarixən ozan-qopuz, daha sonralar isə aşıq-saz diyarı kimi də tanınmışdır. Aşıq - saz-söz yaradıcılığı ozan-qopuz yaradıcılıq ənənəsinin davamı və varisidir. «Ozan-aşıq keçidinin əsas mahiyyəti ozan sənətinin tarix səhnəsindən çəkilərək öz yerini aşıq sənətinə buraxmasıdır. Burada söhbət transformasiyadan, yəni bir sənətin öz şəklini, halını dəyişərək başqa bir sənət şəkli almasından (baxmayaraq ki, bir qisim ozanlar aşıqlığın təsiri ilə aşıqlaşmışlar) deyil, bir sənətin (ozan sənətinin) müəyyən tarixi-siyasi və ideoloji səbəblər üzündən başqa bir sənətlə (aşıq sənəti ilə) əvəzlənməsindən gedir».  

Həsən bəy Zərdabi aşıq sənətinin Azərbaycan xalqının öz təbiətindən doğduğunu bildirirdi. Sərrast, duyumlu deyim Qarabağ əyalətinin də aşıq sənətinə doğmahğını ifadə edir. Bu doğmalıq, belə qəlb və ruh birliyi isə neçə əsr əvvəl Sarı Aşıq yaradıcılığında poetikcəsinə ifadə edilmişdir:  

Mən aşıq ağzındayam,

Aləmin ağzındayam,

Əslim Qarabağlıdır,

Məzməzək ağzındayam.  

Aşığın, aşıq sənətinin Zaqafqaziya dövrəsi kəndlərində böyük hörmət və şöhrətə malik olmasını vaxtilə P.Vostrikov da qeyd edirdi.  

Qarabağ mühitində aşıqlığın XVI-XVIII əsrlərdə çiçəkləndiyi, dərin ürfani-estetik köklərə, xüsusən də təriqət ənənəsinə bağlılığı qeyd olunur. Ötən müddətdə burada aşıq məktəbləri formalaşmış, bir çox aşıqlar «haqq aşığı», «ustad aşıq» titulunu qazanmışdır. «Bədahətdən çahb-çağırmaq, sinədəfi söz söyləmək, qaibdən xəbər vermək, tanrı dərgahından soraq gətirmək, müşkül mətləbləri yüngül eləməyə qadir olmaq kəramət sahibinin - «Haqq aşığı»nm əsas əlamətləridir. Haqq aşıqlarının ilham mənbəyi ilahi-qüdsal (müqəddəs) aləm olduğu üçün onları heç kəs bağlaya bilmir».  

“Kitabi - Dədə Qorqud” dastanı  

Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları B.E. XI yüzilliyində "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir.

"Kitabi-Dədə Qorqud"dakı Təpəgöz obrazı Homerin "Odisseya" dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir. İndiyədək "Kitabi-Dədə Qorqud"un iki əlyazması məlumdur. Bunlardan biri - alman şərqşünası F. fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir.  

Ənənəyə görə, dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir. Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: "Dirsə xan oğlu Buğacın boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Bayburanın oğlu Bamsı Beyrək boyu", "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy", "Duxa Qoca oğlu Dəli Domrulun boyu", "Qanlı Qoca oğlu Qanturalı boyu", "Qazılıq Qoca oğlu Yeynəyin boyu", "Basat Təpəgözü öldürdüyü boy", "Bəkil oğlu Əmranın boyu", "Uşun Qoca oğlu Səgrəyin boyu", "Salur Qazan dutsaq olub oğlu Uruz çıxardığı boy", "İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy".  

Dədə Qorqud dastanlarının bir sıra boylarında mifoloji dünyagörüşünün izlərinə rast gəlmək mümkündür. Məsələn, "Dəli Domrul" boyunda ölüm kultunun əski qalıqları və bunun dastanın yazıya alındığı dövrün dini görüşlərinə görə mənalandırılması özünə yer tapmışdır. Buradakı Əzrayıl obrazı, dastanın bir çox başqa boylarında olduğu kimi, əsərə islamın qəbulundan sonra artırılmış və eposun ümumi ruhuna uyğunlaşdırılmışdır. Bu cəhətinə görə həmin boy ölüb-dirilən tanrılar haqqında qədim şumer, babil, misir əfsanə və mifləri ilə səsləşir.  

"Kitabi-Dədəm Qorqud" eposunun bizə gəlib çatmış əlyazma nüsxələrinin köçürülmə tarixi XVI əsr kimi müəyyən edilir. Boylarda orta əsrlər dastanlarımız kimi, nəsr və şeir parçaları növbələşsə də, həmin şeir parçaları orta əsrlərin poetika qanunlarına az uyğun gəlir. Bəzi tədqiqatçıların fikrincə, "Kitabi-Dədə Qorqud"da vaxtilə bəzi digər qədim türk dastanları kimi başdan-başa şeirlə yaradılmış, sonra isə yaddaşlarda yalnız əsas motivləri qaldığından, yazıya köçürülərkən nəsrlə bərpa edilmişdir.  

Dədə Qorqud boylarının əsas mahiyyətini yurdun və xalqın qorunması, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara - şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-didaktik görüşlər təşkil edir. Keçən yüzilliyin 50-ci illərində sovet totalitar rejiminin ideoloji basqısı altında "Dədə Qorqud" eposu milli ədavəti qızışdıran bir ədəbi abidə kimi qadağan edilmiş, yalnız 60-cı illərin əvvəllərində "bəraət" ala bilmişdir.  

"Avesta"dan sonra ümumtürk kontekstində Azərbaycan yazılı ədəbiyyatının örnəkləri E.Ə. 328-ci ildə Çin qaynaqlarında verilmiş bir türkcə atalar sözü və ortaq türk ədəbiyyatları statusunda qələmə alınmış, B.E. VI-VIII əsrlərinə aid olan daş üzərində yazılardır. Bu yazılar hökmdarlara epitafiya-salnamə xarakteri daşısa da, onların bədii məziyyətləri də yüksəkdir və həmin dövrdə türk ədəbi dilinin inkişafı, obrazlar sisteminin formalaşması haqqında müəyyən təsəvvür yaradır.

* * *

Mənbə:

http://karabakh.az



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009