ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ ədəbiyyatı: xronoqraf > Qədim dövr > Dəvdək

Dəvdək

(VII əsr)

 

V əsrdən etibarən Azərbaycanın Şimal hissəsi olan Albaniyanın ictimai, iqtisadi və mədəni həyatında çox mühüm tərəqqi nəzəri cəlb edir. Azərbaycan mədəniyyətinin həmin dövrdə yaranmış bəzi yadigarları bizim günlərə qədər gəlib çatmışdır. Onlardan biri də VII əsrdə yaşamış Azərbaycan (Qafqaz Albaniyası) şairi Dəvdəkin alban hökmdarı Cavanşir Mehraninin ölümünə həsr etdiyi elegiyadır (mərsiyyə). Dəvdəkin “Şərq ölkəsinin kədəri” adlı mərsiyyəsi onun dövrümüzə gəlib çatan yeganə əsəridir.

Dəvdəkin doğum yeri və tarixi dəqiq bəlli olmasa da, bəzi ehtimallara görə, o, Qarabağın qədim mərkəzi olan Bərdədə yaşayıb. Dəvdək Azərbaycan xalqının istiqlaliyyətini qoruyan, Sasanilərə və xəzərlilərə qarşı müqavimət göstərən alban hökmdarı Cavanşirin müasiri, dostu və məsləhətçisi olmuş, onun xəlifə Müaviyyə ilə görüşlərində iştirak etmişdir.

681-ci ildə “Cavanşir Bizanspərəst əhval-ruhiyyəli Aran knyazlarının gizli qəsdi nəticəsində öldürüldükdə” (Ziya Bünyadov) Dəvdək sərkərdənin tabutu önündə mərsiyyə-poema oxumuşdur. Bu əsərində o, böyük vətənpərvər kimi xalqın dərin kədərini ifadə etmişdir.

Mərsiyyə-poemadan bir parçanı təqdim edirik:

Mənim şərq ölkəmi bürüdü kədər,

Yayılmış cahana bu qara xəbər,

Qoy ellər eşitsin səsimi mənim,

Səsimə səs verib ağı desinlər!

Sakit həyatımız matəmlə doldu,

Bizə soyğunçular həp yağı oldu

Misilsiz bir dövlət çökdü kökündən,

O, parlaq şüası saraldı, soldu.

Cəsurdur, sanki bir heybətli aslan,

Susardı önündə düşmən hər zaman

Başçılar, işxanlar tabedir ona,

Sonsuz məhəbbətdən, həm də qorxudan.

Şöhrəti çatmışdı uzaq ellərə,

Adı yayılmışdır bütün ellərə,

Dünya heyrət ilə əhsən deyərdi,

Ondakı zəkaya, elmə, hünərə.

İşıqdı dünyada bizə hökmdar,

Əmrinə tabedir dağlar, dalğalar,

Tamam ram etmişdi böyük Cavanşir,

Dünyada nə qədər istilaçı var.

Qürurun məlumdur bütün cahana,

Min yara vurardın asi düşmana,

Noldu günəşimiz azdı yolunu,

Qulların övladı əl açdı Sana?

Ona qıymış olan məlum bədniyyət,

Ona vermiş olan əzab-əziyyət,

Görüm min lənətə gəlsin o xain,

Gəzsin Qabil kimi, olmasın rahat.

Qara tikan bassın onun yolunu,

Bayquşlar bürüsün sağ və solunu,

Düzlərdə qarğalar qonsun başına

Yırtıcı heyvanlar izləsin onu.

Olsun sığnacağı onun tikanlar,

Daraşsın canına əfi ilanlar,

Tökülsün üstünə zəhərlə acı,

Şişsin və partlasın görüm o murdar.

Cavanşir, Cavanşir, ey ulu igid,

Sənə dağ və dəniz heyrandı gerçək,

Əmrinə tabedir ən azğın külək,

Sənin həsrətinlə cuşa gələnlər

Qıracaq düşmanı nar çubuğu tək.

Bu sətirləri şair Mikayıl Rzaquluzadə, əsərin bütöv mətnini isə Xəlil Rza tərcümə etmişdir.

* * *

Onu da qeyd edək ki, Qarabağdakı qədim Azərbaycan mədəni irsini zaman-zaman özününküləşdirməyə çalışan ermənilər şair Dəvdəkə də “sahib çıxmağa” cəhdlər ediblər.

Dəvdəkin hökmdar Cavanşirin ölümünə yazdığı elegiya alban tarixçisi Musa (Moisey) Kalankatlının "Alban ölkəsinin tarixi" əsərində yer alıb. "Alban ölkəsinin tarixi" isə dövrümüzə qədim erməni dilində (tərcümədə) gəlib çatdığı üçün, erməni alimləri orada şeiri yer alan Dəvdəki də erməni şairi kimi qələmə verirlər. Şair Davdək özündən sonra, erməni alimlərinin dili ilə desək, "qanı qanından olmayan alban hökmdarının" şərəfinə "akroşlir üslubunda" yazılan ağıdan başqa heç bir əsər qoymamışdır.

Lakin tədqiqatlar nəticəsində aydınlaşdırılıb ki, mətnin alban redaktəsində olan əlyazmalarında həmin elegiya erməni əlifbasının ilk 19 hərfinə uyğun, hər biri dörd sətirlik 19 bənddən ibarətdir. Mətnin erməni redaktələrində olan başqa əlyazmalarında isə bəndlərin sayı erməni əlifbasındakı bütün hərflərlə uyğunlaşdırılaraq 36-ya çatdırılır.

Əgər 1-19-cu bəndlərdə şeirin ahəngində, ölçüsündə bir tarazlıq və səlislik müşahidə edilirsə, 19-cu hərfdən sonra həm şeirin ölçüsündə, həm də formasında birinci hissədən fərqli cəhətlər yaranır (dörd sətirlik bəndlər iki və ya üç sətirlik bəndlərlə əvəz edilir). Sözsüz ki, burada sünilik, zorluq hiss olunur.

Məlumdur ki, belə şeirlərdə heç də həmişə əlifbanın bütün hərfləri əhatə edilmir. Dəvdək də öz şerində 52 hərflik alban əlifbasının yalnız 19 hərfini əhatə edə bilərdi. Erməni dilinə tərcümə prosesində alban əlifbası tərcümə edilən dilin, yəni erməni dilinin əlifbası ilə əvəz edilmiş, eləcə də şairlik məharəti nümayiş etdirilmişdir.

Onu da qeyd edək ki, Dəvdəkin Cavanşirin ölümünə həsr etdiyi mərsiyənin Azərbaycan variantı bu gün də yaslarda oxunur. Məzmununa, ifadə tərzinə görə Davdəkin elegiyası Ermənistandan Albaniyaya gəlmiş yadelli şair tərəfindən sifarişlə yazıla bilməzdi. Elegiya - çarəsizlik, öz yaxınını itirən şairin dərin kədəri, bütün doğma alban ölkəsinin nisgili idi:

Ey ilahi kəlamları xəlq eləyən ulu Tanrı,

Özün nəğmə - ağı söylə, yad et bizim hökmdarı.

Elə nəğmə - ağı qoş ki, bu əvəzsiz itki üçün

Gözümüzdən gecə-gündüz axsın odlu göz yaşları.

Şair bir neçə dəfə Cavanşir şəxsiyyətinin böyüklüyünü ("Onun şöhrəti bütün torpaqlara yayılmış, adı dünyanın hər tərəfinə çatmışdı") qeyd edir, bu itkinin öz ölkəsi - Albaniya üçün əhəmiyyətini oxucularına da çatdırmağa çalışır.

Musa Kalankaytuklu yazır: “Dəvdək dövrünün bütün elmlərinə bələd müdrik bir filosof, gözəl natiq və ustad şair idi. Cavanşirin ölüm xəbərini eşidən şair hökmdarın cənazəsi önünə gəlib, ona həsr etdiyi ağı - himnini əlifba sırası ilə oxumağa başladı”. Otuz iki bənddən ibarət olan bu ağının məzmunundan görünür ki, əsər janr etibarilə qədim yunan, formaca isə akrostixlə (müşəvvəş) yazılmışdır; orijinalda onun birinci bəndi “a” hərfi ilə başlanır, sonrakı bəndlərdə isə hərf ardıcıllığına riayət olunur.

Dərin bədii ehtirasla yazılmış bu əsər müəllifin daha bir çox bədii əsərlər yazmış olduğunu bildirir.

Dəvdək Cavanşirin ölümündən sonra Bərdədə vəfat etmişdir.

* * *

Mənbə:

Hacıyev Q.Ə. Bərdə şəhəri. Coğrafi, siyasi və mədəni tarixi. – Bakı, Uni-Print, 2008. – 250 s.

“Bərdə və bərdəlilər” (Bibliоqrafik məlumat kitabı, tərtib edəni Xuraman Ismayılоva) – Bakı, «Nərgiz» nəşriyyatı, 2010, – 448 səh.

* * *

Böyük hökmdar Cavanşir üçün ağı

(Xəlil Rza Ulutürkün tərcüməsində)

 

Ey ilahi kəlamları xəlq eyləyən ulu Tanrı,

Özün nəğmə - ağı söylə, yad et bizim hökmdarı.

Elə nəğmə - ağı qoş ki, bu əvəzsiz itki üçün

Gözümüzdən gecə-gündüz axsın odlu göz yaşları.

 

Çox böyükdür bu gündoğan ölkəmizi tutan kədər.

Yer üzünü başdan-başa bürümüşdür hönkürtülər.

Zülüm-zülüm qoy ağlasın mənimlə bir bütün bəşər.

Fəryadıma fəryad ilə haray versin qəbilələr.

 

Özülündən qopub getdi dağ gövdəli bir sal qaya.

Yıxıldı bir lay divar ki, adı divar, özü dünya.

Qüllələri göyə dayaq bir imarət sarsıldı, ah,

Dağıldı bir möhkəm qala, göz yaşımız döndü çaya.

 

Qara gəldi ağ günümüz, ələm, kədər dövran sürür.

Üstümüzə alay çəkir basqınçılar sürü-sürü.

Heyrət saçan bir dövləti xarabaya döndərdilər,

Möcüzə bir səltənətin çırağını söndürdülər.

 

Bizim yurda gələn bəla hansı bəla, hansı rüzgar?

İsayya* da qorxudaraq car çəkmişdi bir zamanlar.

Bayramımız yasa döndü*, kölgə düşdü qızıl xaça.

Şadlığımız göz yaşından batıb getdi, ey insanlar!

 

Geri dönməz itki üçün qazdırdılar dərin məzar.

Şərafətli bir keşişi qəbrə qoyub basdırdılar.

Dəfn etdilər fitnə-fəsad izlərini, cinayəti.

Arifləri azdırmaqçın qabıq qoydu o azğınlar.

 

Arslan kimi qüdrətliydi, o öz arslan yatağında,

Düşmənləri zağ-zağ əsər, donardılar qabağında.

Zəhmi ağır... ürəklərdə məhəbbəti dərya qədər.

Qüdrətinə baş əyərdi ağsaqqallar, başbilənlər.

 

Uzaq-uzaq ellərəcən yayılmışdı şan-şöhrəti,

Dünyalara ün salmışdı ləyaqəti, mərifəti.

Bütün cahan vəsf edirdi qüdrətini, əməlini.

Qaranlığa işıq salan ağıl, kamal məşəlini.

 

Tələsirdi Rum qeysəri, bir də Cənub hökmdarı,

Gələrdilər görmək üçün bizim ulu tacidarı.

Şərafətlə, səxavətlə, ən bahalı zər-zinətlə,

Qarşılardı, salamlardı onlar bizim bayraqları.

 

Bizi lapdan yaxaladı bu fəlakət, bu qan-qada.

Maymaq olmaq, aciz qalmaq nə yamanmış bu dünyada.

Axı neçin ölgünləşdik? Ulu Tanrı qəzəbləndi.

Böyük, şanlı bir dövləti “uf” demədən məhv elədi.

 

Hökmdarı sədaqətlə hifz eləyən sadiq mələk

Elə bil ki, küsdü getdi, qəfildən üz döndərərək

Bu qanlı, bu uğursuz gün uzaqlaşdı ulu Yəzdan.

Hiyləgərin caynağında böyük insan tək qaldı, tək.

 

Öz satqınlıq kamanını düşmən çəkdi gecəyarı.

Fitnə-fəsad qılıncları parıldadı parıl-parıl.

Sanki qalxan bir günəşi yönəltdilər başqa səmtə,

Kimlər? Onun qullarının alçaq, rəzil balaları.

 

Aldatdılar, apardılar xəlvət yerə, uzaqlara.

Açdılar, tunc sinəsində neçə şırım, neçə yara.

Gecə gizli öldürülən mobidlər tək qətl olundu,

Görün kimlər qaldırdı əl o bahadır tacidara!

 

Atasından xəbərsiz, bic... zatıqırıq, özü gürzə.

Sürüm-sürüm qoy sürünsün, həsrət qalsın xoş bir üzə.

Qarğışlara, nifrətlərə, lənətlərə dözə-dözə,

Qoy sülənsin bü dünyada, Qabil kimi əsə-əsə.

 

Qaçmağa yol, riz tapmasın. Rüzgar qırsın inadını.

Başı üstə vəhşi quşlar şaqqıldatsın qanadını.

Dərələrin qarğaları cəmdəyinə daraşsın qoy,

Ağzı qanlı yırtıcılar udsun onun fəryadını.

 

Cəhənnəm tək od püskürsün qoy İroda* - dəhşətli çar.

Əmr etsin ki, ürəyində yuva salsın soxulcanlar.

Yandıraraq, söndürərək, öldürərək, dirildərək,

Didim-didim didsin onu kor əqrəblər, ac ilanlar.

 

Sınsın çürük ağac kimi sərkərdəyə qıyan alçaq.

İflic olsun o mərd üzü tapdalayan murdar ayaq.

Zəqqum, zərdab qanını qoy ac güvələr gəlib içsin,

Gəbərsin qoy, vəbalara, cüzamlara rast olaraq.

 

Bir gavalı ağacının seçmiş olsa kölgəsini,

İlan, əqrəb, çayan, hünü bürüsün dörd dövrəsini.

Qart qurbağa zigil atsın, qoca şahmar ağı töksün,

Şiş bürüsün əndamını, xərçəng kəssin nəfəsini.

 

Bizim üçün qaranlıqda o yeganə mayaq idi,

Tufanları ram eləyən bir sükançı, bir dağ idi.

Yatırardı qiyamını əsarətçi zalımların,

Elə ayıq, sayıqdı ki, yatarkən də oyaq idi.

 

Bəli mürgü vurarkən də bu dünyanı görərdi o.

Aresin* cəng arabasın ulduzlara sürərdi o.

Qollarına yığsa belə min pəhləvan qüvvətini,

Çiçəkləri asta üzər, gülü ehmal dərərdi o.

 

Danışarkən göz qalardı o kəlamda, o xoş səsdə.

Əxlaqı saf, ruhu yüksək, könlü odlu bir həvəsdə.

Yuxusundan ayrılarkən qaplan kimi sıçrayardı,

Bölüb isti çörəkləri, paylayardı süfrə üstə.

 

Həzrət İsa peyğəmbərin qabırğası arasından

Onun dərya ürəyinə damla-damla axmışdı qan.

Ən müqəddəs dualarla Tanrısına tanışdı o,

Ölümsüzlük tapmışdı o, güc alıb öz zəkasından.

 

Mənim ağlım nə qu quşu, nə də pəri nəğməsidir.

Qatarından ayrı düşən bir durnanın naləsidir.

Yetim qaldı böyük şəhər, başsız qaldı polad qala.

Ömür boyu görməmişdik bu cür matəm, bu cür bəla!

 

Ey dost, nə cür tapdı səni o qara əl, qanlı bıçaq?

Kaş bataqlıq qurdu kimi quruyaydı o qurumsaq.

Qan qusaydı, gəbərəydi,

Neçin bizi tale əydi?

 

Sən ki, qızıl günəş kimi nur saçırdın sərin-sərin,

Qürub etdin... qərq olmuşuq zülmətinə gecələrin.

Aramıza bulud girdi, ayrı düşdük günəşdən biz.

Sənin çinar qamətinə həsrət qaldı gözlərimiz.

 

İllər boyu qan-yaş töküb, ürəyimi didəcəyəm.

Sənsiz yetim qalan təxti kədərlə seyr edəcəyəm.

Sevinc yolu kip bağlanıb. Gözüm, könlüm ah-amanlı.

Sifətimə yaş süzülür bulaq-bulaq, ey qəhrəman.

 

Bu gün sənə həsrət çəkən doğmaların halı yaman.

Yaddan çıxmaz bu məhəbbət heç bir zaman, heç bir zaman

Kaş ki, bizim sözlərimiz ətir saçan buxur kimi

Alışaydı məzarında, yanaydı son damlayacan.

 

Başımızın tacı düşdü,

Taxtımız da, baxtımız da yetim qaldı.

Gücümüzün şan-şöhrəti

Səninlə bir basdırıldı.

 

Fəxr elərdi adın ilə Tiber gölü, Livan dağı.

Dayanardı səni görcək şimal yeli, azğın yağı.

İndi yurdu sənsiz görüb hunlar qapır baltasını,

Solacaqmı təpiklərdə nar cənnəti, nərgiz bağı.

 

Hanı, hanı qızıl tacın daş-qaşları, ulduzları.

Soldurubdur gəlinləri qəm tozları, dərd tozları.

Balasını itirmiş tək yaxa yırtır, yaş tökürlər.

Solub gedən bənizlərin nə yamandır bu qübarı.

 

Tac əhli də anlayır ki, tac əbədi bəzək deyil.

Üzərindən atmaq istər ləkələnmiş şöhrəti, bil,

Nələr deyir bu müsibət? Yatma, deyir, ayıl, qəfil!

O ömrün ki, sonu budur, həyat bizə gərək deyil.

 

Xoşdur mənə bu sözləri deyib yatmaq, susub yanmaq.

Ancaq daha xoş olardı səninlə bir dəfn olunmaq!

* * *

Qeyd:

* İroda - İudey çarıdır, eramızdan əvvəl 40-cı illərdə Roma quldarlıq cəmiyyətinin başçılarından olmuşdur. “İroda odladı” dedikdə müəllif cəhənnəm odunu nəzərdə tutur. İroda İncildə “allahsız, xəsis” adlandırılır.

* Ares - yunan əsatirində hərb tanrısıdır.

* İsayya - “Tövrat”da adı çəkilən peyğəmbərlərdən biridir, Xristosdan xeyli öncə yaşamışdır.

* Bayramımız yasa döndü” deyirkən müəllif sentyabrın 6-da keçirilən müqəddəs xaç bayramını nəzərdə tutur. Cavanşir həmin gün öldürülüb.

* * *

Mənbə:

Azərbaycan klassik ədəbiyyatından seçmələr. VII-XII əsrlər Azərbaycan şeiri. Üç cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005, 424 səh.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009